- Qanunvericilikdə - Qadın hüququ - Islam Qadini - IslamQadini «Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Bazar ertəsi, 2016-12-05, 5:26 PM
Main » Files » Qadın hüququ » Qanunvericilikdə

2009-09-11, 5:50 PM
 
Azərbaycan dövlət qanunvericiliyində qadın hüququ silsiləsindən (3)
Nikahın pozulması və övladların taleyi

Təəssüflə qeyd etməliyik ki, Azərbaycanda boşanma (hüquqi dildə: nikahın pozulması) halları gündən-günə artmaqdadır və adətən, müsəlman xanımlar şəriətlə Azərbaycan qanunvericiliyini uzlaşdırmaq dilemması ilə üz-üzə qalırlar. Bu məqalədə, Azərbaycan qanunvericiliyində boşanma proseduru, boşanma zamanı ümumi uşaqların kimin himayəsində qalması və alimentin ödənilməsi məsələləri işıqlandırılacaqdır. «Ər-arvadın ümumi uşağı» – dedikdə, hər hansı bir tərəfin əvvəlki nikahdan olan və ya özünün övladlığa götürdüyü uşaq deyil, yalnız həmin ər və arvadın uşaqları nəzərdə tutulur.
     Azərbaycan ailə qanunvericiliyi boşanmanın səbəblərini müəyyən etmir. Bu səbəbləri tərəflər müəyyən etdiyinə görə, onlar müxtəlif ola bilərlər (xasiyyət uyğunsuzluğundan tutmuş ailənin maliyyə problemləri ilə əlaqədar anlaşılmazlıqlara qədər). Ümumiyyətlə, qanunvericilikdə boşanmanın səbəblərinin müəyyən edilməməsi sovet ailə qanunvericiliyindən qalmışdır və bir sıra post-sovet ölkələrində hələ də bu durum qalmaqdadır. Lakin qərb ailə qanunvericiliyi xristianlığın təsiri altında olduğundan və mümkün qədər ailənin qorunması məqsədini güddüyündən, boşanma prosesini daha çətinləşdirir, məsələn, boşanma səbəblərini müəyyən edir. Misal üçün ABŞ-ın Oqayo ştatında məhkəmə, ailənin dağılmasında tərəflərin günahını müəyyən edərək, nikahı pozur. Tərəfin günahı – xəyanət, bir ildən az olmayaraq ərin (ya arvadın) qəsdən öz evindən getməsi, ərin (ya arvadın) xüsusi amansızlıqla öz yoldaşı ilə davranması, ərin (ya arvadın) sistematik olaraq spirtli içkilərin qəbulu və sair faktlar əsasında müəyyən edilir.
     Beləliklə, əgər boşanma barədə ər və arvad razılığa gəlmişlərsə və onların 18 yaşına çatmamış ümumi uşaqları yoxdursa, onlar VVADQ (Vətəndaşlıq Vəziyyəti Aktlarının Dövlət Qeydiyyatı) orqanına və ya Azərbaycandan kənardadırlarsa, konsulluq idarəsinə boşanma barədə birgə ərizə yazaraq müraciət etməlidirlər. Əgər hər hansı bir tərəf ağır xəstədirsə, ya uzun müddətli ezamiyyətdədirsə və ya digər səbəbdən VVADQ orqanına gələ bilmirsə, onda ər və arvad ayrı-ayrılıqda boşanma barədə ərizə tərtib etməli, notariusda onu təsdiq etdirməli və VVADQ orqanına gəlmək iqtidarında olan tərəf ərizələri ora təqdim etməlidir. Boşama haqqında ərizə ər və arvadın (və ya onlardan birinin) yaşadığı yerin və ya nikahın dövlət qeydiyyatının aparıldığı yerin VVADQ orqanına və ya konsulluq idarəsinə verilir. Nikahın pozulması və bu barədə şəhadətnamənin verilməsi, ərizə verildiyi gündən 1 ay keçdikdən sonra VVADQ orqanı (konsulluq idarəsi) tərəfindən həyata keçirilir.
     Gündəmdə olan problemlərdən biri də azərbaycan xanımlarının ərləri tərəfindən atılıb, Rusiya və digər post-sovet ölkələrinə getməsi və illər boyu özü barədə heç bir səs-sorağ verməməsidir. Xanımlarımız ya gözləməli olurlar, ya da yoldaşları ilə boşanmaq niyyətinə düşürlər. İkinci halda, siz yoldaşınızın itkin düşmüş hesab edilməsi barədə məhkəməyə iddia irəli sürməli, sonradan isə VVADQ orqanına (konsulluq idarəsinə) ərizə ilə müraciət etməlisiniz. Mülki Məcəllənin 40-cı maddəsinə müvafiq olaraq:
     - Fiziki şəxsin (bu halda ərin) olduğu yer məlum deyilsə və 2 il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin (bu halda arvadın) ərizəsinə əsasən, məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər.
     - İtkin düşmə haqqında son məlumatların alındığı günü müəyyən etmək mümkün olmadıqda, xəbərsiz itkin düşmüş sayılma üçün müddətin hesablanması, itkin düşmüş haqqında son məlumatların alındığı aydan sonrakı ayın birinci günündən, həmin ayı müəyyənləşdirmək mümkün olmadıqda isə növbəti ilin yanvar ayının 1-dən başlanır.
     - Ərin (ya arvadın) xəbərsiz itkin düşmüş hesab olunması əsasları üzrə qarşı tərəf yalnız xəbərsiz itkin düşmə barədə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra boşanmaq üçün müraciət edə bilər.
     Ailə Məcəlləsinin 17-ci maddəsinə əsasən, 18 yaşına çatmayan ümumi uşaqlar olsa belə, ərin (ya arvadın) ərizəsi əsasında nikaha xitam verilməsi aşağıdakı hallarda VVADQ orqanında və ya konsulluq idarəsində aparılır:
     - ər (ya arvad) məhkəmə qaydasında itkin düşmüş hesab edildikdə;
     - ər (ya arvad) məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə;
     - ər (ya arvad) cinayət törətməyə görə ən azı 3 il müddətinə azadlıqdan məhrum olunduqda.
     Qeyd etmək lazımdır ki, sadalanan hallarda nikah VVADQ orqanında pozulsa da, tərəflər arasında yaranan mübahisələr, yalnız məhkəmədə həll edilir. Həmin mübahisələrin predmeti qanunvericilikdə dəqiq göstərilmişdir:
     • uşaqların himayəsi və onlarla əlaqədar bütün məsələlər;
     • ər-arvadın birgə mülkiyyətinin bölünməsi;
     • ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (ya arvadın) saxlanması üçün vəsaitin ödənilməsi.
     Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən əri (və ya arvadı), məhkəmə fəaliyyət qabiliyyəti olmayan saya bilər. Bu qətnamə əsasında fəaliyyət qabiliyyəti olmayan ərin (və ya arvadın) qəyyumu, VVADQ orqanına boşanma ərizəsi ilə müraciət edə bilər.
     Beləliklə, biz VVADQ orqanında (və ya konsulluq idarəsində) nikahın pozulması qaydasını müəyyən qədər açıqladıq. Bundan əlavə nikah, qanunvericilikdə müəyyən edilmiş hallar irəli çıxdıqda, məhkəmə vasitəsi ilə də, pozula bilər.
     Ailə qanunvericiliyinə əsasən üç halda boşanmaq, yalnız məhkəmə yolu ilə mümkündür:
     • ər-arvadın 18 yaşına çatmayan ümumi uşaqlarının olması;
     • ər-arvadın uşaqları olmasa da, birinin boşanmağa razı olmaması;
     • ər və arvad əvvəlcədən boşanmaq istəyini bildirsə də, sonradan VVADQ orqanında nikahın pozulmasından yayınması.
     Boşanmaq niyyətində olan arvad (və ya ər) iddia ərizəsi ilə məhkəməyə müraciət etməlidir. İddia ərizəsinə nikah haqqında şəhadətnamənin əsli, uşaqların doğum haqqında şəhadətnamələrin notariusda təsdiq edilmiş surətləri, aliment tələbi verildiyi halda, ər-arvadın maaşının və ya başqa gəlirlərinin məbləğini təsdiq edən sənəd, yaşayış yerindən arayış və dövlət rüsumunun ödənilməsi haqqında qəbz əlavə edilməlidir.
     Tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə, ər-arvadın barışması üçün, 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Ər-arvadın barışdırılması məqsədilə çıxarılmış həmin qərardaddan apellyasiya şikayəti verilə bilməz (mənbə: Mülki-Prosessual Məcəllə, m.267).
     Ər-arvad arasında barışıq olmadıqda və ya onlar (ya onlardan biri) nikahın pozulmasında təkid etdikdə, nikah pozulur. Gördüyünüz kimi, qanunvericilikdə olan barışıq üçün hakim tərəfindən təyin edilən 3 aylıq müddət, şəriətdə talaq oxunduğu zaman iddə müddətilə həm məna, həm də nəticə etibarı ilə üst-üstə düşür. Hakim, barışmaq üçün 3 aylıq müddəti, həmçinin tərəflərdən biri boşanmaq istəmədiyini ifadələrində bildirmədikdə belə, təyin edə bilər. Belə ki, hakim, tərəflərin davranışını, boşanma səbəblərinin mahiyyətini və ailənin qorunmasının mümkünlüyünü nəzərdən keçirib, qiymətləndirir.
     Məhkəmə, nikahın pozulması barədə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən (yəni, 1 ay keçdikdən sonra), 3 gün müddətində bu qətnamədən çıxarışı VVADQ orqanına göndərməyə borcludur, çünki nikahın pozulması, məhz həmin orqanda qeydiyyata alınır. Nikahın pozulmasının qeydiyyatı ər-arvadın iştirakı ilə həyata keçirilir. Məhkəmənin qətnaməsində nikahın pozulması üçün rüsumun kim tərəfindən ödəniləcəyi, adətən göstərilir. Əgər məhkəmənin qətnaməsində həmin məsələ işıqlandırılmayıbsa, qeydiyyat üçün birinci müraciət etmiş arvad (ya ər) dövlət rüsumunun ödənilməsi barədə qəbzi məhkəmə çıxarışına əlavə etməlidir.
     Ər (ya arvad) nikahın pozulması haqqında şəhadətnaməni alana qədər yenidən nikaha daxil ola bilməz.
     Qanunvericilikdə, ərin nikahın pozulmasını tələb etmək hüququnun məhdudlaşdırılması halı müəyyən edilmişdir. Belə ki, arvadın hamiləliyi dövründə və ya uşağın doğulmasından sonra 1 il müddətində, arvadın razılığı olmadan ər nikaha xitam verilməsi barədə məhkəmədə iddia qaldıra bilməz. Bu məhdudiyyət, yalnız ərə aiddir, xanımlar göstərilən hallarda boşanmaq istəsələr, boşana bilərlər.
     Nikah məhkəmə yolu ilə pozularkən, ər-arvad məhkəməyə aşağıda göstərilən məsələlər üzrə saziş təqdim edə bilərlər:
     - 18 yaşına çatmayan uşaqlarının kiminlə qalması;
     - uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (ya arvadın) saxlanılması üçün vəsaitin ödənilmə qaydası;
     - bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsi.
     Ailə Məcəlləsinin 22-ci maddəsinə əsasən, göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə:
     - boşanmadan sonra yetkinlik yaşına (yəni 18 yaşına) çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməli;
     - uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməli;
     - ər-arvadın (ya onlardan birinin) tələbi ilə onların birgə mülkiyyətində olan əmlakın bölgüsünü aparmalı;
     - ərindən (ya arvadından) saxlanılması üçün vəsait almaq hüququna malik olan arvadın (ya ərin) tələbi ilə, ərdən (ya arvaddan) tutulmalı olan vəsaitin miqdarını müəyyən etməlidir.
     Beləliklə, Azərbaycan ailə qanunvericiliyi uşaqların hansı valideynlə mütləq qalmasını göstərmədən, hər iki valideynin bərabər hüquqlu olduğunu müəyyən edir və uşağın ana və ya ata ilə qalması məsələsini tərəflərin öz ixtiyarına buraxır, bir şərtlə ki, bu saziş uşaqların mənafelərinə zidd olmasın. Məsələn, sazişdə uşağın bir valideynlə daha çox ünsiyyətdə olması, digər valideynin isə əsassız olaraq uşaqla ünsiyyətdə olmasının məhdudlaşdırılması uşağın mənafelərinə ziddir, çünki onun həm ananın, həm də atanın diqqətinə, qayğısına ehtiyacı vardır. Azərbaycan məhkəmə təcrübəsindən göründüyü kimi, uşağın kimin himayəsində qalacağı məsələsində analara daha çox üstünlük verilir. Məsələn, yeganə uşağın kiminlə qalacağını məhkəmə müəyyən edəndə, əksər hallarda ana ilə qalacağı bəlli olur. İstisna yalnız o halda baş verir ki, qadın öz analıq vəzifələrini lazımınca yerinə yetirmir və ya əxlaqsız həyat tərzi keçirir. Çoxsaylı uşağa malik olan ata-ana ayrıldıqda isə, məhkəmə, uşaqları faktiki olaraq bölüşdürərək, bir hissəsini ata ilə, digər hissəsini ana ilə qoyulmasını qərara alır. Bu növ işlərdə məhkəmə ailə şəraitni, hər iki valideynin uşaqların tərbiyəsində, mənəvi və maddi təminatında iştirakını, uşaqların ana və ataya ayrı-ayrılıqda münasibətini təhlil edərək, qərar çıxarır.
     Uşağın maddi təminatını ödəmək üçün ər-arvad alimentin miqdarı və ödənilmə qaydasını sazişdə göstərməklə müəyyən edirlər. Aliment ödənilməsi barədə razılıq olmadıqda, uşaqlar üçün onların valideynlərindən, məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur:
     1 uşağa görə – qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi;
     2 uşağa görə – qazancın (və ya başqa gəlirlərin) üçdə bir hissəsi;
     3 və daha çox uşağa görə – qazancın (və ya başqa gəlirlərin) yarısı.
     Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar, nəzərə alınmaqla azaldıla və ya artırıla bilər.
     Uşaqların bir hissəsi ana, digər hissəsi isə ata ilə qaldıqda, imkanlı valideyndən, az təminatlı digər valideynin xeyrinə, hər ay tutulan alimentin miqdarı məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir.
     Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 may 2001-ci il tarixli 98 saylı qərarı ilə müəyyən olunur. Bu zaman əmək müqaviləsi üzrə işləyən işçilərin əvəzçilik qaydasında aldıqları əmək haqqı, pul və natura ilə əmək haqqına olan əlavələr, müvəqqəti əvəz etməyə görə ödəmələr; əmək müqaviləsinin ləğvi ilə əlaqədar işçiyə istifadə edilməmiş əmək məzuniyyətinə görə pul və natura ilə ödənilən əvəz; il ərzində işin yekunlarına görə işçiyə pul və natura ilə verilən mükafat və s. nəzərə alınır. Aliment, həmçinin aşağıdakılardan tutulur:
     • istehsalatda əmək xəsarəti ilə əlaqədar əmək qabiliyyətini itirmiş şəxslərə ödənilən ödənişlərdən;
     • ali və orta ixtisas məktəblərində və ya kurslarda oxuyan müddətdə əldə olunan təqaüddən;
     • həyətyanı sahədən və yardımçı təsərrüfatdan əldə edilən gəlirdən;
     • işsizlik müavinətindən.
     Aliment, qazancdan müvafiq vergilər tutulandan sonra, yerdə qalan məbləğdən ödənilir.
     Qeyd etmək lazımdır ki, elə gəlirlər var ki, onlardan aliment tutulmur. Məsələn, yarış, baxış və müsabiqə qaliblərinə verilən pul mükafaları və ya elm, ədəbiyyat və incəsənət sahəsində mühüm işlərə görə verilən mükafatlardan aliment tutulmur.
     Aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
     Beləliklə, əziz xanımlar, bu məqalə vasitəsilə nikahın pozulması məsələsində öz mövqenizi düzgün, hüquqi cəhətdən səlist qurmağınız üçün sizi, az da olsa, məlumatlandırdıq.
     Duamız budur ki, Allah ailənizi qorusun və heç zaman boşanmaq niyyətinə düşməyəsiniz!
     Belə qərara gəldikdə isə, ailə ocağınızı var gücünüzlə qorumağa çalışın, çünki ocağı söndürmək asandır, yenisini yandırmaq isə çətin....
     Məqalədə istifadə etdiyimiz hüquqi ədəbiyyat Ailə Məcəlləsi, Mülki Məcəlləsi, Mülki Prosessual Məcəlləsi və Ailə Məcəlləsinin Yozumundan ibarətdir.
    
Hazırladı: Günay Şirəliyeva,
Ekspert hüquqşünas

Category: Qanunvericilikdə | Added by: IslamQadini
Views: 925 | Downloads: 0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]