- İslam fiqhində - Qadın hüququ - Islam Qadini - IslamQadini «Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Bazar, 2016-12-04, 1:16 PM
Main » Files » Qadın hüququ » İslam fiqhində

2009-09-12, 6:16 AM
 
«Mehriyyə» (nikah hədiyyəsi) və «nəfəqə» (ailənin yaşayış xərci)

Ailədaxili münasibətlərdə mövcud olan qədim ənənələrdən biri, evləndiyi zaman kişinin öz əmlakından gələcək həyat yoldaşına və ya qayınatasına bağışladığı «mehriyyə» adlı hədiyyə olmuşdur. Bundan əlavə, kişinin öhdəsinə düşən digər ən mühüm vəzifələrdən biri də ailənin yaşayış xərcini təmin etmək idi.
     Görəsən, bu adət nəyə əsaslanır? Hansı amillər onun yaranmasına səbəb olmuşdur? Əgər qadın və kişi hər biri öz təbii hüquqlarını əldə ediblərsə, aralarında humanist münasibət qurulubsa və qadına olan baxış insani dəyərlərə söykənibsə, kişinin qadına «mehriyyə» verməsinə və ya ailənin yaşayış xərcini təmin etməsinə ehtiyac varmı? Uzun bir zamanı əhatə edib, bizim dövrə kimi gəlib çıxan «mehriyyə» və ailənin yaşayiş xərcinin təmini sizcə qadının kişiyə qul olduğu dövrlərin yadigarı deyilmi? Halbuki 20-ci əsrin aktual məsələsi olan «İnsan hüquqlarının bərabərliyi» iqtisadi məsuliyyətin yalnız kişi tərəfindən deyil, həm də qadın tərəfindən öhdəçiliyini tələb edir.
    
Mehriyyənin qısa tarixi

     Alimlərin nəzərinə əsasən, hələ tarixdən öncə insanlar qəbilə və tayfa şəklində yaşadıqları zaman məlum olmayan səbəblər üzündən qan qohumları ilə evliliyə yol verilməzdi. Buna görə də evlənmək yaşına çatan qəbilə cavanları ailə qurmaq üçün qızı başqa qəbilələrdən seçmək məcburiyyətində qalardılar. Bu dövrlərdə kişi, nəsli davam etdirməkdə ifa etdiyi rolundan xəbərsiz idi. Baxmayaraq ki, ata uşaqların ona oxşarlığını görür, amma bunun səbəbini dərk edə bilmirdi və uşaqların dünyaya gəlməsindəki rolundan xəbərsiz olduğu üçün onları yalnız ananın övladı hesab edirdi. Digər tərəfdən təbii ki, uşaqlar da özlərini ananın övladları hesab edirdilər. Beləcə soy, kişi tərəfindən deyil, qadın tərəfindən tanınar, kişilərə isə sonsuz bir varlıq kimi baxılardı. Kişi, evləndikdən sonra tüfeyli bir varlıq kimi qadının tayfası arasında ömür sürərdi. Qadın, kişinin yalnız qol gücündən və bəzən də cinsi ehtirasının təminçisi kimi ondan bəhrələnərdi. Bütün hüquqlara ancaq qadınların malik olduğu bu dövr, tarixdə «Matriarxat» dövr kimi adlandırılıb.
     Çox keçmir ki, kişi, uşaqların dünyaya gəlməsindəki rolunu anlayaraq özünü onların əsas sahibi kimi tanıyır. Bu vaxtdan etibarən qadını tamamilə özünə tabe edib, ailənin başçılığını öz ixtiyarına alır. Bu ikinci mərhələ isə tarixdə «Patriarxat» dövrü adlanır.
     Birinci mərhələdə olduğu kimi, bu mərhələdə də qan qohumları ilə evliliyə icazə verilmirdi. Odur ki, oğlanlar qızı başqa qəbilədən seçib, öz qəbilələrinə gətirərdilər. Amma qəbilələr arasında daim baş verən döyüşlər üzündən oğlanlar gələcək həyat yoldaşını qaçırmaq məcburiyyətində qalırdılar. Tədricən, qəbilələr arasında sülh bərqərar olur və qəbilələr dinc həyat tərzini sınaqdan keçirirlər. Bu dövürdə qızqaçırma adəti aradan qalxır. Lakin digər tərəfdən başqa qəbilənin qızı ilə evlənmək istəyən şəxs üçün yeni bir öhdəçilik üzə çıxır: o, bir müddət qızın atasına muzdurluq etməli idi! Məhz bu müddət başa çatıqdan sonra ata qızını oğlan evinə yola salardı.
     Bu adət, ictimai rifahın yüksəldiyi dövrə qədər sürür.Bu məqamda kişi anlayır ki, uzun illər qızın atasına muzdurluq etməkdənsə, ona münasib bir hədiyyə verib, qızı öz evinə aparsın. Beləcə bu əməl, mehriyyənin yaranmasına səbəb olur.
     Patriarxat dövrünün matriarxat dövrünü əvəz etməsi, kişinin qadın üzərində tam ixtiyar sahibinə çevrilməsi və ondan cinsi ehtirasının təminçisi kimi istifadə etməsi qadının ictimai və iqtisadi məsuliyyətinin əlindən alınması ilə nəticələnir. O, öz hüquqlarından o dərəcədə məhrum olur ki, əldə etdiyi zəhmət haqqına belə ya əri, ya da atası yiyələnir. Əslində isə kişinin mehriyyə olaraq qayınatasına verdiyi pul və ya ailədə ödədiyi yaşayış xərci, birgə ailə həyatında bir növ qadının iqtisadi istismarına xidmət edirdi.
    
İslam hüququ baxımından mehriyyə

     Lakin bəşər tarixində sosiloqların toxumadığı başqa bir mərhələ də mövcuddur. Bu mərhələdə kişi evləndiyi vaxt, mehriyyəni (nikah hədiyyəsi) şəxsən qadının özünə təqdim edir və heç kim, o cümlədən qızın valideynləri həmin hədiyyəyə şərik deyildirlər. Bu mərhələnin digər mühüm xüsusiyyəti də ondan ibarətdir ki, qadın, ona verilən hədiyyənin sahibi kimi tanımaqdan əlavə, onun ictimai və iqtisadi hüquqları da qorunur. İlk öncə o, atası və ya qardaşının istəyi ilə deyil, şəxsən özü gələcək həyat yoldaşını seçir. İkincisi, istər ata evində, istərsə də ər evində heç bir şəxsin onu istismar edib, qazancını əlindən almağa ixtiyari yoxdur. Üçüncüsü, onun hüquqi müamilələrində ərin qəyyumluğuna ehtiyac duyulmur və s.
     Bu mərhələdə habelə, qadınla intim əlaqə yalnız evlilik çərçivəsində məhdudlaşır və mehriyyədən əlavə, kişi, evlilik müddəti boyunca ailənin yaşayış xərcini də təmin edir.
     Bu mərhələ, İslam dininin qəbul etdiyi və həmin şərtləri evlilik üçün təyin etdiyi bir mərhələdir. Qeyd olunan şərtlər haqqında İslamın əsas mənbəyi olan müqəddəs kitabımız Qurani-Kərimdə çoxlu ayələr və eyni zamanda məsumlarımızdan rəvayət olunan hədislərimiz vardır.
     Məhz bu mərhələdədir ki, qadının «mehriyyə» və yaşayış xərcinin təmini məsələsi barədə anlaşılmazlıq yaranır. Belə ki, öncəki mərhələlərdə mehriyyə, qızın atasına verilir, qız isə ər evinə aparılaraq bir qul kimi istismar olunurdu. Bu halda mehriyyənin fəlsəfəsi, qızın atadan pulla alınmasından, yaşayış xərcinin fəlsəfəsi isə hər bir sahibkarın öz qulu üçün ödədiyi zəruri xərclərdən ibarət olurdu. Əgər qızın atasına müəyyən məbləğ verib, qızını almırlarsa, ərin qadını istismar etmək hüququ yoxdursa və qadın iqtisadi və hüquqi baxımdan tam azaddırsa, hətta həyat yoldaşının qəyyumluğuna belə ehtiyacı yoxdursa onda mehriyyə və yaşayış xərcinin zəruriliyi nədən ibarətdir?
    
Mehriyyənin həqiqi fəlsəfəsi

     Bizim nəzərimizcə mehriyyə, qadın və kişi münasibətlərini tarazlaşdırmaq və onları bir-birinə qovuşdurmaq üçün atılan ən münasib addımlardan biridir. Sevgi, duyğu məsələsində təbiət etibarı ilə qadın məşuqə, kişi isə aşiq rolunu ifa edir. Ariflər eşq və aşiq-məşuq qanununun bütün kainatda hökm sürdüyünü bildirirlər. Təbii ki, hər bir varlığın özünəxas vəzifəsi vardır. Sanki xaliq, gözəlliyi, qüruru, zərifliyi, zahiri ehtiyacsızlığı qadına, aşiqliyi və ehtiyacı isə kişiyə bəxş etmişdir. Beləliklə, qadının fizioloji gücsüzlüyü, kişinin güc-qüvvətinin müqabilində belə bir şəkildə tarazlaşmışdır. Elə bu fərqlərə əsasən də həmişə – həm matriarxat və həm də patriarxat dövrlərdə – kişi qadına elçilik etmiş və onun razılığını qazanmaq üçün ona hədiyyə bağışlamışdır.
     Nə üçün həmişə kişilər hansısa bir qadına sahib çıxmaq üçün bir-biri ilə rəqabət aparırlar? Halbuki, belə bir hallara qadınlar arasında ya heç rast gəlinmir, ya da çox azdır. Beləcə bütün bu misallar, bizə qadın xarakterindəki həya və ismətdən xəbər verir. Mehriyyə də qadın təbiətinə – onun həya və ismətinə söykənir. Yəni qadın, öz təbiətindən ilham alaraq dərk etmişdir ki, o, öz izzət və qürurunu qorumalı və özünü ucuz tutmamalıdır.
     Qarşılıqlı münasibətlərdə də qadının kişiyə qoyduğu təsir, kişinin qadına qoyduğu təsirdən daha çoxdur. Kişi, igidlik, qəhrəmanlıq, alicənablıq, dahilik və s. bu kimi bir çox müsbət keyfiyyətlərin onda formalaşmasında məhz qadına – onun ismət və həyasına – borcludur. Bir sözlə həqiqət bundan ibarətdir ki, kişini, ümumiyyətlə, cəmiyyəti «yaradan» və formalaşdıran qadındır! Əgər qadın, bu mühüm xasiyyətini, yəni ismət və həyasını istərsə, ilk öncə o, qadınlığını itirmiş olur. Sonra isə kişi, tədricən öz kişilik məsuliyyətini unudur və nəhayət ,cəmiyyətin özülü uçulub, aradan gedir.
    
Qurani-Kərimdə mehriyyə

     Müqəddəs kitabımız Qurani-Kərimdə də mehriyyə məsələsinə toxunulubdur. Nisa surəsinin 4-cü ayəsində xüsusi bir incəlik və dəqiqliklə buyurulur:
    
وَآتُوا النِّسَاءَ صَدُقَاتِهِنَّ نِحْلَةً...

     «Və qadınların mehriyyələrini onlara könül xoşluğu ilə və bir hədiyyə kimi verin...»
     Qurani-Kərim bu ayədə 3 əsas məsələyə toxunur:
      – ilk öncə mehriyyəni «səduqə» adı ilə xatırlayır. «Səduqə» sözünün kökü «sidq», yəni doğruluq və düzgünlük deməkdir. Bəs mehriyyə bir növ kişinin məhəbbət və duyğularının doğruluğunun göstəricisi və simvoludur.
     – «səduqə» sözünə «hunnə» şəkilçisini artırmaqla, mehriyyənin yalnız qadının özünə aid olduğunu bildirir.
     – ayədə gətirilən «nihlə» sözü mehriyyənin «hədiyyə»dən savayı bir şey olmadığını açıqcasına bildirir.
    
Qeyri qanuni və qeyri şəri evliliklərdə hədiyyə

     Qeyd etdiklərimizə bunu da əlavə etmək mümkündür ki, yalnız qanuni və şəri evliliklərdə deyil, hətta qeyri-qanuni evliliklərdə, dırnaqarası azad sevgilərdə də kişi qadına müəyyən hədiyyələr bağışlayır. Məsələn, kişi, öz sövqi-təbiiliyi ilə anlayır ki, qadınla birgə əyləşib yedikləri yeməyin, içdikləri çayın xərcini məhz o ödəməlidir. Deməli, kişinin əylənməsi üçün əsas şərt, pul və maddi imkanın olmasıdır. Bu isə qadının növbənöv hədiyyələrə sahib olması deməkdir. Göründüyü kimi hədiyyə bağışlamaq həm qanuni, həm də qeyri-qanuni evliliklərdə mövcuddur. Bu da qadın və kişinin müxtəlif xarakterlərə malik olduğunu göstərir.
     Müasir dünyada «İnsan hüquqlarının bərabərliyi» şuarı altında ailə üzvlərinin hüquqları da özünün təbii axarından çıxarılıbdır. Belə ki, təbiət qanunun əksinə olaraq iki müxtəlif yaranışlı cinsi, yəni qadın və kişini, eyni və oxşar vəzifələrlə yükləməyə çalışırlar. Bundan əlavə rəsmi nikahlarda «mehriyyə» ünvanında qadın üçün heç bir hədiyyə nəzərdə tutulmur və yaşayış xərcini təmin etməkdə qadın da məsuliyyət daşıyır.
     Son olaraq bunu qeyd edə bilərik ki, mehriyyə, qadın və kişinin fərqli təbiətlərə sahib olmasının göstərcisidir.

Category: İslam fiqhində | Added by: IslamQadini
Views: 513 | Downloads: 0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]