«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Çərşənbə axşamı, 2024-04-23, 1:07 PM
Main » Files » Qadın hüququ » Digər dinlərdə

2010-05-28, 6:01 PM
 
Qadın buddizm, zərdüşt, yəhudi, xristian və İslam dinində

Əslində qadın bütün tarix boyu – diri-diri basdırılmaqdan allahlaşdılmağa qədər – həyatın sonsuz eniş-yoxuşlarına dözmüşdür. Qadını olduğu kimi tanımaq və tanıtdırmaq üçün onun müxtəlif incəlikləri və gözəllikləri kəşf və aşkar edilməlidir.
İslamda qadın müqəddəslik və paklıq rəmzi, xeyir-bərəkət sahibi kimi tanındığı üçün misilsiz qiymət və hörmətə layiq görülür. Hər hansı bir qadının dəyəri, həmin cəmiyyətin dəyəri deməkdir. Əslində qadına, onun saysız-hesabsız xidmətlərinə və kamalına dəyər vermək, cəmiyyətin bütün təbəqələrini qiymətləndirməkdir. Biz təkcə İslam dinində deyil, digər səmavi dinlərdə də qadının əzəmətli şəkildə xatırlanmasının şahidi olmuşuq. Ən gözəl nümunə kimi həzrət Məryəmi (ə) misal göstərmək olar. Həzrət Məryəm (ə) ən böyük səmavi möcüzələrin bariz nümunələrindən biridir. İsanın (ə) dünyaya gəlməsini bu müqəddəs qadının mənəvi təkamülünün bəhrəsi hesab etmək olar. Həzrət Məryəm (ə) təqvalı və dindar olduğu üçün bir an belə Allahı unutmurdu. Elə buna görə də, onun qucağı İsanın (ə) tərbiyə ocağına çevrildi.
Tarix boyunca qadının bir çox hadisələrdə ifa etdiyi rollara nəzər salsaq, görərik ki, qadın canını və ruhunu paklaşdırarsa, ruhunu mənəvi aləmlərə yönəldərsə, özünü ədabazlıq və riyakarlıqdan təmizləyərsə, onda o, bir millətin taleyi ondan asılı ola biləcək bir qüdrətə sahib ola bilər.
Buna görə də, qadın bəşəriyyətin tərbiyəçisi və bilavasitə ailənin də tərbiyə ocağıdır. Cəmiyyət, bu ləyaqətli tərbiyəçi olmadan, səadətin nə olduğunu bilməyəcəkdir. Ailə isə hər şeyə cavabdeh, fərasətli və bacarıqlı olan ananın varlığını tələb edir. Bu rol protokol və yaxud müqavilə ola bilməz. Uca Yaradan qadını bu gözəl və hikmətli yaranış sistemində belə bir mövqedə yerləşdirib. Qadın varlığın mərkəzi, ailənin eşq və məhəbbət bazası, səfa, səmimiyyət, bəxşiş və bütün məxluqata ülfət və mehribanlıq məktəbidir.
Bu məqalədə keçmiş dinlərdə, o cümlədən İslamda qadının məqamı, ləyaqəti və heysiyyəti baradə nəzəriyyələr müxtəsər şəkildə araşdırılaraq izah edilir.

Buddizimdə qadının məqamı
Bu əqidədə qadın zahirdə mələk olsa da, onun qəlbinin dərinliklərində şeytani ruh, şeytanın təhlükəli tələsi qurulmuş və gizlənmişdir. Buna görə də, bir müddət heç bir qadını öz dinlərinə qəbul etməyərək belə deyirdilər: «Ey Yaradan! Bizi şeytanın, nəfsani istəklərin və qadının şərrindən qoru!» Onların belə bir şüarı da var idi ki, «qadınla ünsiyyət quraraq (əlaqədən) səadət əldə etmək mümkün deyil!»
Buna baxmayaraq, buddizimdə qadınlar iki şərtlə tərki-dünyalığa qəbul edilir.
1. Qadınların davranışı (seyri-süluk) tamamilə rahib kişilərin nəzarəti altında olmalıdır.
2. Mütləq hər on beş gündən bir özləri və işləri haqqında rahib kişilərə məruzə etməlidirlər.
Buddizmin ən hörmətli ardıcıllarından biri olan Ananda «Niyə qadınlar məhrumdurlar?» deyə soruşduqda, ona belə cavab veriblər: «Ananda, ümumiyyətlə, qadından ehtiyatlı ol (uzaqlaş)! Qadınlar zərərli, qısqanc, paxıl, simic və alçaqdırlar. Ağıl qadınlara yaddır». Ananda yenidən soruşur ki, birdən zəruriyyət üzündən qadınla rastlaşsam, nə etməliyəm? «Tamamilə ayıq-sayıq ol! Onlar yaşlıdırsa, anan kimi rəftar et. Yox əgər cavandırlarsa, onları bacın hesab et. Çünki qadın çayda pusqu qurub öz ovunu gözləyən, onu yemək istəyən timsah və akula kimi qorxulu və qaniçəndir». ("Dünya dinləri və məzhəbləri”, Nəbi Huseyni, Muhəmmədsadiq, səh. 1186-1187)

Atəşpərəstlikdə qadın
Avestanın «Yasna» və ya «Qatlar» adlanan məşhur hissəsinin 46-cı «Qat»ında deyilir: «Ahuraməzdanın ruh verdiyi Zərdüşt mənəm. Mən ilk dəfə səni misili-bərabəri olmayan bir Məzda (zərdüştlərin allahı) olaraq tanıdım. Sən özünlə insanlar arasında məni düzgün yolun davamçısı və gözəl əxlaq sahibi kimi vasitəçi elan etdin ki, onlar (yer əhli) heyvanların ardınca deyil, həqiqətə doğru getsinlər. Belə şəxslər, yəni dinin hökmlərinə riayət etmiş kişi və qadınlar azad olunacaqlar. Onlar Əhura adlı əbədi aləmə layiq olduqları mükafatla daxil olacaqlar. Mən xilas olmuş dindarlarla birgə Çinvət (Sirat körpüsü) körpüsündən nəğmə oxuya-oxuya, şad halda keçəcəyəm». Bu frazada bəzi qadın və kişilər xatırlanır. Bu dini qəbul etmiş və onun qanunlarına əməl edən hər bir şəxs kamillik yolunda irəliləyəcəkdir. Yəni, bu dinin təmsilçisi olan hər bir kişi və qadın arasında dindarlıq və ardıcıllıq baxımından heç bir fərq olmayıb, onlar müştərək hüquqlara malikdirlər. Lakin 53-cü «Qat»da daha çox qadın və kişilərin ictimai mövqeyi göstərilir. Bu frazada gəlmişdi: «Ey evli qızlar və ailə münasibətləri qurmuş gənclər, indi siz mənim sözlərimi yaxşı yadda saxlayın! Dini təlimlərlə gözəl əxlaq yolunu seçin. Sizlərdən hər biriniz məhəbbət və müdrikliklə mehribançılıq, paklıq, dürüstlük və zahidlikdə başqalarından üstün olun. Bu, həyatda müvəffəqiyyət əldə etmək üçün ən yaxşı yoldur». Avestanın mətnində qadın və kişi barədə bütün fikirlər bu iki frazadan ibarətdir. Həmin iki əsas mətndə qadınla kişi arasındakı bərabərlik və oxşarlıq hüququ nəzərdə tutulmuşdur. Zərdüştlərin digər mətnlərində də qadınla kişi barəsində çoxlu təhqiramiz mövzulara rast gəlinir. Kristian Partolemenin «Min prokurorlu Madikan» kitabında qadın hüquqi şəxsiyyəti olmayan, əşya olan bir varlıq kimi müzakirə olunur. Zərdüştlərin əqidəsinə əsasən, oğlu olmayan qadının işi çətin olacaq. Çünki Qiyamət günü behiştlə birləşən körpüdən keçmək üçün yeganə yol oğlan uşağına sahib olmaqdır.

Yəhudi dinində qadının mövqeyi
Yəhudi rəvayətlərində Həvvanın azmış (aldanmış) kimi təsəvvür olunması qadınlara qarşı son dərəcə mənfi fikirlərin yaranması ilə nəticələnmişdir: bütün qadınlara günah, hiylə və yalan anaları Həvvadan keçmişdir. Bütün qadınlar onun varisləri kimi tanınırlar. Belə nəticə çıxartmaq olar ki, onların hamısı nadürüst, əxlaqi baxımdan alçaq və günahkardırlar. Həvvanın varislərinin son dərəcə mənfi rolunu aydınlaşdırmaq üçün «Süleymanın nəsihətləri» adlı nitqini xatırladaq: «Qadını tələ, ürəyi tor, əlləri kəmənd olan biri kimi tanıdım. O, ölümdən də acıdır. Allah dərgahında bəyənilmiş ondan (qadından) xilas olacaq, amma günahkarlar onun əsarətinə düşəcək. Beləliklə, xətib deyir: "Hesab-kitabın necə aparıldığını bircə-bircə sadaladıqdan sonra, analdım ki, cismim indiyə qədər onu axtarsa da, tapmır. Min insanın arasından bir kişi tapsam da, onların arasından bir qadın belə tapmadım"». ("Süleymanın nəsihətləri”, fəsil 7, ayə 26-28) Katolik İncilində (Müqəddəs kitablardan biri olan "Əhdi Ətiqin” III bölümündəndir. "Əhdi Ətiqin”də, (Katolik İncili) Süleyman və Mərainin avazları arasında baş vermişdi. Xristian ingilis tərcüməçilər onu Süleymanın surud və avazları arasında yerləşdirmişlər.) yəhudi dilli ədəbiyyatın başqa bir hissəsində bu mətnə rast gəlir və oxuyuruq: «Dünyanın heç bir yerində qadının şərrinə çata biləcək başqa bir zərər yoxdur. İlk dəfə günah bir qadınla başlamış və məhz onun əməli sayəsində hamımız ölümə məhkumuq». Yəhudi xaxamları qadınların tənəzzülə uğradığına görə lənətləndiyini və zorla onların boynuna qoyulmuş vəzifələri sadalayırlar.
1. Hamiləliyə dözmək;
2. Doğuş sancılarını çəkmək;
3. Övladı böyütməyə hövsələ;
4. Şahid kimi qəbul olunmamaları;
5. Bütün bunlardan sonra isə mükafatları ölümdür; ("Yəhudizmdə qadın”, Leonard, C. Suidler, 1976, səh. 115)Yəhudi xaxamları nəsli çoxaltmanın mənbəyi olmağı kişilər üçün bir vəzifə hesab edir və açıq-aşkar oğlan uşaqlarının üstünlüyünü gizlətmirlər. «Ailələrində oğlan uşağı olanlar şad, qız uşağı olanlar isə narazıdır. Oğlan uşağı dünyaya gələrkən sevinir, qız doğularkən qəmlənirdilər. Oğlan dünyaya göz açarkən cahana sülh gətirir, qız isə heç nə gətirmir (yəni qızın dünyaya gəlməsi faydasızdır)». ("Yəhudizmdə qadın”, Suidler, səh. 140)
Yəhudilərin ürəyi Tövratdır. Tövrat isə qanun deməkdir. Lakin Telmuda (Telmud: Həzrət Musanın (ə) qayda-qanunlarını izah və təfsir edən xaxam adətlərinin (sünnət) məcmuəsi) (yəhudilərin dini kitabı) əsasən, qadınlar Tövratı mütaliə etməkdən məhrumdurlar. Bəzi yəhudi xaxamları bu fikrin qatı tərəfdarıdırlar ki, «qadınların Tövratın kəlmələrindan faydalanmasındansa, onun (Tövratın) yanması daha yaxşıdır. Qızına Tövratı öyrədən elə bil ki, ona (Tövrata) ədəbsizlik və hörmətsizlik etmişdir». ("Yəhudizm”, Denis L. Karmudi, səh. 197)
Qədim yəhudi cəmiyyətində qadınlara şahidlik etməyə icazə verilmirdi və xaxamlar deyirdi: «Qadınlara aid olunmuş lənətlərə görə, şahidlik etməyə haqqları yoxdur. Hal-hazırkı İsraildə hələ də qadınların xaxamların məhkəməsi qarşısında şahidlik etməyə haqqları yoxdur». ("İsrailli qadınlar”, "Təsəvvürlər arxasında həqiqət”, Lesli) Yəhudi dinində atanın öz qızını kontrol (nəzarət) etməsi o dərəcədə vacibdir ki, hətta istəsə, qızını sata da bilər. Xaxamların yazılarında bu mövzuya toxunulmuşdur. «Kişi qızını həm sata, həm də nişanlaya bilər, amma qadın yox». ("Yəhudizmdə qadın”, Suidler, səh. 141)
Yəhudi xaxamları qadının var-dövlətinə kişinin öz malının bir hissəsi kimi malik olduğunu hesab edirlər. Kimsə qadının sahibi olarsa, onun var-dövlətinə də malik olmurmu? O, qadını ələ keçirirsə, onun var-dövlətini də ələ keçirmirmi? ("Yəhudizmdə qadın”, Suidler, səh. 164, 165)Telmud qadının iqtisadi və sərvət nöqteyi-nəzərindən vəziyyətini belə izah edir: «Qadın həyat yoldaşının malı olduğu halda, necə özünün bir şeyi ola bilər? Hər şey həyat yoldaşındadı, onun üçündür. Qadınla olan hər şey ərinindir... Qazancı, çöldə əldə etdiyi hər şey ərinindir. Evdəki mal, əşya, hətta stolun üstündəki çörək qırıntıları belə onundur (ərin). Qadın evə bir qonaq dəvət edərsə, ona yemək verərsə, həyat yoldaşından oğurluq etmişdir». ("Telmud”, Git 62)Yəhudi dini heç bir səbəb olmadan boşanmanı düzgün hesab edir. Qədim zamanlarda, hətta, kişiyə həyat yoldaşını sevmədiyi təqdirdə boşamaq haqqı verilirdi. «Şəmayi məktəbinin (Şəmayi bütü tərəfindən yaradılmış yəhudilərin frassisi məktəblərindən idi.) (nəzəriyyəsinin) nümayəndələri deyirlər ki, kişi qadınından "cinsi xəyanət" (namusuna xəyanət) kimi bir günah görməyənə qədər onu boşamamalıdır. Hillel məktəbi (Frassisi yəhidi məktəblərindən bir və eyni zamanda təriqət məsələlərində Şəmayi məktəbinə nisbətən mülayim olan Hillel məktəbi) isə belə deyir: O, açıq-aşkar şəkildə həyat yoldaşını yeməyini xarab etdiyinə görə boşaya bilər. Əxiba xaxamı (Əxiba ibn Yusif, Həkim Yəhudi (135-140 m.) yəhudi xaxamlarının əsas banisi) deyir ki, əgər kişi öz həyat yoldaşından daha gözəl başqa bir qadın görsə, onu boşaya bilər». ("Telmud”, Git 9)
Müasir dövürdə yəhudilər qanuni baxımdan Hilləl və Əxiba xaxamlarının yolunu davam etdirsələr belə, Şəmayilərin nəzəriyyəsini qəbul edirlər. ("Yəhudizmdə evlilik”, Epestin, səh. 196)

Xristian dinində qadının yeri
Bütün xristianların imanında Həvvanın günahının mühüm rolu var. Çünki xristianların təsəvvürünə görə, İsa Məsihin Yer üzərinə ezamiyyətinin səbəbi Həvvanın itaətsizliyi, tabe olmamasıdır. O, günah etmiş, sonra öz istəyini qəbul etdirmək üçün onu azdırmışdı. Buna görə də, Allah-Taala onların hər ikisini göydən (onlara görə lənətlənmiş) yerə endirmişdi. Onların hər ikisi Allah tərəfindən bağışlanmamış günahlarını bütün nəsillərə ötürmüşlər. Buna görə də, bütün insanlar doğulur. İnsanı ilk günahdan paklaşdırmaq üçün isə Allah öz oğlunun yerinə İsa Məsihi xaça qurban etməyə məcbur idi.
«Qadın sakitlik və kamalla itaət etməli, kişinin nəzarəti altında olmadan onu öyrətməyə icazə vermirik. Hətta sükutu seçsin! Adəm və Həvva yaradıldı. Adəm deyil, əksinə qadın aldandı və həddini aşdı». ("Pulsun Timu Tesyuna I məktubu”, bab 2, ayə 11-14)
Martin Lüter (Protestant dininin banisi, 1483-1546) qadının heç bir yönünə baxmadan, ondan hamilə olmaqdan və imkan daxilində övlad dünyaya gətirməkdən başqa bir fayda görmür.
«Onlar əldən düşsələr, hətta ölsələr belə problem deyil. Qoy, məhz doğuş zamanı ölsünlər, ən azı bu onların burda olmasına bir sübutdur».
Katoliklərin İncilində deyilir: «Qız doğmaq bir ziyandır». ("Katolik İncili”, fəsil 3, ayə22)
Qız ağrılı, incidici, atası üçün abırsızlığın sonuncu mənbəyi kimi hesab olunurmuş.
«Qız itaətsizlik içindədir. Düşmənlərinin gülüşünə səbəb olmamaq, dillərinə düşməmək, camaatın dedi-qodusuna tuş gəlməmək və camaat arasında abrının tökülməməsi üçün ciddi şəkildə ondan (qızdan) ehtiyatlı ol!» ("Katolik İncili”, fəsil 26, ayə 10, 11)
Bir kişi öz həyat yoldaşını iffətsizlikdə ittiham edərsə, qətiyyən o qadının şahidliyinə baxılmayacaq. İttiham olunmuş qadının günahkar və ya məsum olduğunu müəyyənləşdirmək üçün o, çətin bir mühakimə ilə üzləşməlidir.
İncilə görə, bir kişi Allahla əhd, peyman bağlayarsa, ona kamil şəkildə əməl etməli və əhdini pozmamalı, vəfasızlq etməməlidir. Qadının nəzir etməsi subaydırsa atasının, evlidirsə həyat yoldaşının razılığı ilə olmalıdır. Atası, yaxud həyat yoldaşı onun nəzirini bihudə, mənasız hesab edərsə, qadın tərəfindən yerinə yetirilmiş hər cür zəmanət boş və mənasız olacaq. ("Nom”, fəsil 5, ayə 11-31)
«Atası onun nəzirini eşitdiyi gündən mane olarsa, bütün nəzirləri və özü üçün qoyduğu məhdudiyyətlər təsbit olunmayacaq. Həyat yoldaşı eşitdiyi gündən nəzirlərini pozmuşsa, qadının dilindən çıxan bütün nəzirlər və özünü məhrum etdikləri mənasız və əhəmiyyətsiz olcaqdır. Bunun başlıca səbəbi isə kişinin həyat yoldaşının nəzirlərini qəbul etməyərək pozmasıdır». ("Sefre ədad” (Tövratın 5 hissəsindən biri), fəsil 30, ayə 2-15)Ümumiyyətlə, xristianlıq dini boşanmaya nifrət və ikrah edir. Müasir dövürdə isə əbədi və həllolunmaz evliliklərin açıq-aşkar şəkildə tərəfdarıdır. Bunu İsa (ə) ilə əlaqələndirirlər. O buyurmuşdur: «Evlilikdəki inamsızlıq şərti istisna olmaqla, kimsə öz həyat yoldaşını boşayarsa, o, dindən uzaqlaşmışdır. İstənilən şəxs boşanmış qadınla evlənərsə, o da dindən uzaqlaşmaqda müqəssirdir». ("Mətanin İncili”, fəsil 5,ayə 32)
Bir-birindən ayrılmış cütlükləri birlikdə qalmağa məcbur etmək, heç də ağıllı və təsirli metod sayılmır. Buna görə də, xristian aləminin icbari kilsə talağına üz tutması təəccüblü deyil.
Telmud bir çox cüzi və kiçik işləri müzakirə etməklə kişiləri qadınlarını boşamağa məcbur etmişdir.
«Küçədə yemək yeyərsə, həmçinin nəyisə içməyi uzun çəkərsə, övladına süd verərsə, bütün bu hallarda Mir adlı xaxam (Rəbbi ibn Barux (1215-1293) Telmudun qonaqlarından biridir.) deyir: Həmin qadın öz həyat yoldaşını tərk etməlidir». ("Telmud”, Git 89)
«On il ərzində doğmayan qadınlar haqda xaxamlar bizə belə nəsihət verir: istənilən kişi bir qadınla evlənə və on il müddətində yaşaya, amma övladı olmazsa, kişi onu boşamalıdır». ("Telmud”, Yeb 64)
«Sizin nəzərinizə çatdırmaq istərdim ki, hər bir kişinin başında Məsih və hər bir qadının da başında bir kişi dayanır. Qadınlar Məsihin himayəsindən məhrumdurlar».
«Kişi Allahın cəlalı (əzəməti) olduğu üçün başını örtməməlidir. Amma qadın kişinin əzəmətidir. Yalnız kişilər Allahın cəlalı ola bilərlər».
«Məsih kilsənin başçısı olduğu kimi, kişi də qadının başçısıdır».
«Ey qadınlar! Allaha itaət etdiyiniz kimi, öz həyat yoldaşınıza da itaət edin».
«Kilsə Məsihin qarşısında itaətkar olduğu kimi, qadınlar da öz həyat yoldaşlarının hər bir əmrləri müqabilində itaətli olmalı və boyun əyməlidirlər».
«Həmçinin kişi qadın üçün deyil, bəlkə də əksinə qadın kişi üçün yaradılmışdır».
Qədim zamanlarda sadalanan əhkamlardan biri də qızların kəniz adıyla satılmasıdır. Onun üçün qanun-qayda təyin etmişlər. Xristianlar hesab edirlər ki, bu əhkam Allah tərəfindən müəyyənləşdirilmişdir.
«Müqəddəs kitaba əsasən, qadın on dəfə boşandıqdan sonra artıq pak deyil».

Müqəddəs İslam dinində qadının məqamı
İslam dini qadın barədə yeni bir nəzəriyyə verdi və qadını olduğu kimi tanıtdırdı. Belə ki, insan dünyaya qədəm qoyduğu gündən indiyə qədər qadın barədə belə bir təfəkkür yox idi. İslam dini cəmiyyətin qadın barədə əqidə və nəzərlərini, həmçinin ona qarşı olan rəftarı etibarsız edərək, onun üzərindən xətt çəkdi.
"Ey Adəm! Sən zövcənlə birlikdə Cənnətdə sakin ol. Hər ikiniz istədiyiniz yerdən (cənnət meyvələrini dərib) yeyin, ancaq bu ağaca (buğdaya və ya üzüm tənəyinə) yaxınlaşmayın, yoxsa özünüzə zülm edənlərdən olarsınız!
Şeytan Adəmin və Həvvanın örtülü ayıb (övrət) yerlərini özlərinə göstərmək məqsədilə pıçıldayıb dedi: «Rəbbiniz sizə bu ağacı yalnız mələk olmamağınız və ya (Cənnətdə) əbədi qalmamağınız üçün qadağan etmişdir. Həm də onlara: «Mən, əlbəttə, sizin xeyirxah məsləhətçilərinizdənəm», – deyə and içdi. Beləliklə, Şeytan onları batil sözlərlə aldatdı (onları aldadaraq uca yerlərdən, yüksək mərtəbələrdən aşağı endirdi). Adəm və Həvva ağacın meyvəsindən daddıqda ayıb yerləri (gözlərinə) göründü. Onlar Cənnət (ağaclarının) yarpaqlarından (dərib) ayıb yerlərinin üstünü örtməyə başladılar. Rəbbi onlara müraciət edib buyurdu: «Məgər sizə bu ağaca (yaxınlaşmağı) qadağan etməmişdimmi? Şeytan sizin aşkar düşməninizdir, deməmişdimmi?» Adəm və Həvva: «Ey Rəbbimiz! Biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan və mərhəmət etməsən, biz, şübhəsiz ki, ziyana uğrayanlardan olarıq!» – dedilər». ("Əraf” surəsi, ayə 19-23)Allah-Taala Qurani-Kərimin bir çox ayələrində açıq-aşkar şəkildə buyurur ki, qadınları kişilərin cinsindən, təbiətlərini onlara oxşar təbiətdən yaratmışam. Qurani-Kərim Adəm barədə belə deyir: «Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun!» ("Nisə” surəsi, ayə 1) Bütün Adəm övladları barədə isə deyir: «Allah sizin üçün özünüzdən (Adəm və Həvvadan, yaxud öz cinsinizdən) zövcələr yaratdı, zövcələrinizdən də sizin üçün oğullar, nəvələr əmələ gətirdi...» ("Nəhl” surəsi, ayə 72)
Quranın qadınlara olan baxışı, kişilərə olan baxışından heç də fərqli deyil. Hər ikisi Xaliqin məxluqatı, yəni yaratdıqlarıdır. Onların hər ikisinin Yer üzərindəki ən uca hədəfi Allaha ibadət, saleh əməlli olmaq, şeytan və pisliklərdən çəkinməkdir. Hər ikisi əməllərinin əsasında mükafatlandırılacaq. Quran əsla demir ki, qadın şeytanın qapısıdır, zatən, təbiətən azğın və yalançıdır, kişilər Allahın bənzəridir. Quran baxımından onların hər ikisi Allahın yaratdıqlarıdır. Yer üzərində qadının vəzifəsi, ancaq övlad dünyaya gətirmək deyil. O da, kişilərin yerinə yetirməli olduğu bütün yaxşı əməlləri etməlidir. Quran qətiyyən demir ki, vicdanlı və ədalətli bir qadın yoxdur. Əksinə bütün möminləri istər qadın, istərsə də kişiləri Həzrət Məryəm (ə) və Fironun həyat yoldaşı Asiyə kimi qadınlara tabe olmağa, bənzəməyə yönəldir. «Allah iman gətirənlərə Fironun zövcəsini (Asiyə bint Məzahimi) məsəl çəkir. O zaman o: «Ey Rəbbim! Mənim üçün öz dərgahında-Cənnətdə bir ev tik. Məni Firondan və onun əməlindən qurtar. Məni zalim qövmdən xilas et!» - demişdi. Allah (mömin qadınlara) həmçinin namusunu, ismətini möhkəm qoruyub saxlamış İmranın qızı Məryəmi də məsəl çəkir. Biz (Cəbrail vasitəsilə) libasının yaxasından ona Öz ruhumuzdan (Öz yaratdığımız ruhdan) üfürdük. Məryəm Rəbbinin sözlərini (şəriətini, dini hökmlərini), kitablarını təsdiq etdi və (Allaha) itaət edənlərdən oldu». ("Təhrim” surəsi, ayə 11-12)
«Rəbbi də onların dualarını qəbul edərək cavab verdi: «İstər kişi, istərsə də qadın olsun, Mən heç birinizin əməlini puça çıxarmaram. Siz (hamınız) bir-birinizdənsiniz (dində kişi, qadın eynidir)...» ("Ali-İmran” surəsi, ayə 195)
«Mömin olub yaxşı işlər görən (Allaha itaət edən) kişi və qadına (dünyada və axirətdə) xoş həyat nəsib edəcək və etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik. (Və ya gördükləri yaxşı işlərin müqabilində onlara daha yaxşı mükafat verəcəyik!)» ("Nəhl” surəsi, ayə 97)
«Mömin kişilərlə mömin qadınlar bir-birinə dost, hayandırlar. Onlar (insanlara) yaxşı işlər görməyi əmr edər, pis işləri yasaq edər, namaz qılıb zəkat verər, Allaha və Peyğəmbərinə itaət edərlər. Allah, əlbəttə ki, onlara rəhm edəcəkdir. Allah, həqiqətən, yenilməz qüvvət və hikmət sahibidir!» ("Tövbə” surəsi, ayə71)
İslam dini oğlanla qız arasında heç bir fərq qoymur, hətta, qızın dünyaya gəlişini Allahın əta etdiyi hədiyyə hesab edir. Bu, oğlanın da doğulmasına aiddir. Hətta, Qurani-Kərimdə qızın doğuluşu bir hədiyyə kimi qeyd olunmuşdur.
«Göylərin və yerin hökmü Allahın əlindədir. O, istədiyini yaradır, istədiyinə ancaq qız, istədiyinə də ancaq oğlan verir». ("Şura” surəsi,ayə 49)
«Qız övladlarını böyüdüb, onlarla yaxşı rəftar edənlər üçün qızları Cəhənnəm atəşinin müqabilində sədd olacaq və valideynlərini qoruyacaqlar». ("Kənzul-ummal”, cild 16, səh. 452)
İslam dinində hər bir müsəlmanın, istər qadın, istərsə də kişinin etdiyi nəzir, bağladığı əhd-peyman, yaxud içdiyi and ona vacib olur. Öz əhdinə vəfalı olmadığı, nəzrini yerinə yetirmədiyi təqdirdə kəffarə vermək onların hər birinə (istər qadın, istərsə də kişiyə) vacib olur.
Quranda bu haqda buyurulur:
«Allah sizi bilmədən (səhvən) içdiyiniz andlarınıza görə cəzalandırmaz, lakin (bilə-bilə və ya qəsdən) içdiyiniz andları (pozmağa) görə cəzalandırar. Belə bir andı pozmağın kəffarəsi ailənizə yedirtdiyinizin orta hesabından on yoxsulu yedirdib doyurmaq, yaxud geyindirmək, yaxud da bir kölə azad etməkdir...» ("Maidə surəsi”, ayə 89)
İslam dini qadının müstəqil şəxsiyyətinə təminat vermişdir. Onun tam razılıq, könül xoşluğuyla və heç bir təzyiqə məruz qalmadan ərinə verdiyi sərvətdən qeyri heç nədə həyat yoldaşının heç bir payı yoxdur. ("Fiqhus-sunnə”, Seyyid Sabiq Qahir, 1996, səh. 218-229)
«Qadınlarınızın mehrlərini könül xoşluğuyla verin! Əgər onlar qəlbən, öz razılıqları ilə bundan sizə bir şey bağışlasalar, onu halal olaraq, nuşcanlıqla yeyin!» ("Nisə” surəsi, ayə 4)
Ər və arvad bir-birinin varisidir və biri o birinə irs qoyur. Bunlardan əlavə, İslam dinində subay qadın (qız) şəxsi, hüquqi müstəqilliyi ilə bərabər ad və familyasını da qoruyub saxlayır. ("İslam dinində qadın”, Leyla Bədavi, London,1994, səh. 102)
İslam dini boşanmaq mövzusunda da onların hər ikisi üçün məxsusi hüquqlar müəyyənləşdirmişdir. İslam dini boşanmaq hüququnu kişilərə versə də, qadınlara da müəyyən yollar və üsullarla evliliyi ləğv etməyə haqq, hüquq verilir. ("Toranto ulduzu”, səh. 318-329)
«Əgər bir arvadın yerinə başqa bir arvad almaq istəsəniz, onlardan birinə (birinciyə) çoxlu mal vermiş olsanız da, ondan heç bir şey geri almayın! Məgər bu malı böhtan atmaq və aşkar bir günah iş görməklə geri alacaqsınız?!» ("Nisə” surəsi, ayə 20)Bəzi məqamlarda müsəlman qadın evliliyini qorumağa çalışır. Amma ya ərin zülmü, ya vəfasızlığı, ya da yersiz tərk etməsi, ya da ki, evlilik (yaxınlıq) məsələsində gücsüzlüyü ucbatından qadın boşanmanı tələb etmək məcburiyyətində qalır. İslami məhkəmə də bu cür məqamlarda həmin evlilikləri ləğv edir. ("Toranto ulduzu”, səh. 313-318)
Deyilənlərə əsasən, sübut olur ki, iki müxtəlif fərd olan kişi və qadın bir növdən, bir cövhərdəndir. Çünki insaniyyətin bütün sifətləri kişi sinfində göründüyü kimi, qadın sinfində də müşahidə olunur. Kişidə səxavət, şücaət, elm, fədakarlıq və s. kimi fəzilətlər görünmüşsə, bütün bunların hamısı, heç bir fərq olmadan, qadınlarda da görünmüşdür. Bu da həqiqətdir ki, onlar güc, qüvvət baxımından bir-birindən fərqlidirlər. Lakin kamalın istənilən bir səviyyəsinə çatmaq kişi sinfinə müyəssər olduğu kimi, qadın sinfi üçün də mümkündür.

Nəticə
Deyildiyi kimi həm tövhid, həm də qeyri-tövhid dinlərində qadının mövqeyi və məqamı müxtəlifdir. Buddizmdə qadın, şikarını ovlamaq üçün pusquda oturan qorxunc timsah və akulaya bənzədilir. Təhrif olunmuş yəhudi dinində qadın heç bir şəxsiyyət və məqam sahibi deyil. Əlbəttə, sübhəsiz bütün Peyğəmbərlər (ə) qadının dəyər və məqamının müdafiəçiləri və onlara qarşı törədilən zülmün isə əleyhinə olmuşlar. Lakin müqəddəs kitabların təhrif olunmuş qanunlarına əsasən, yəhudi dinində də qadın, qız abırsızlıq və rüsvayçılıq mənbəyi hesab olunur. Atəşpərəstlik dinində isə qadın insan yox, əşya hesab olunur. Qadın o qədər dəyərsiz idi ki, hətta danışmaqda, fikirləşməkdə və hərəkətlərində belə heç bir ixtiyar sahibi deyildi. Xristianlıq başdan-başa rəhmət və mehribanlıq dini olsa da, qadınla ehtiram və nəzakətlə rəftar etmək tapşırılsa da, bu din də təhrif olunduqdan sonra qadına verilən dəyər həddən artıq azalıb. Qadın zəruri şərr, təbiətən azmışdır. Qadın Adəmi yuxarıdakı Cənnətdən məhrum edən, hələ də şeytanın əlindəki silah olan Həvvanın təmsili, təcəssümüdür.
Amma İslam dininin zühuru ilə qadına münasibət dəyişildi. İslam dinində qadına xüsusi bir dəyər əta olundu.
İslam Peyğəmbəri (s) qadınlara hörmət etməklə, xüsusilə də qızı Fatiməyə (ə) ehtiram göstərməklə cahiliyyət dövrünün xurafi adət-ənənələrini məhv etmişdir. Peyğəmbər (s) buyurur: «Öz qızlarınızı yaramaz (xoşa gəlməz) saymayın! Həqiqətən, qızlar insanın ən gözəl və qiymətli ünsiyyət simvoludur».
İslamın əziz Peyğəmbəri (s) qızı Fatiməyə (ə) ehtiram etməklə başqalarına nümunə olmuşdur. O, başqa bir yerdə də buyurur: «Övladlarınıza hədiyyə verərkən ədalətə riayət edin! Oğlanlara, yaxud qızlara hədiyyə verməkdə tərəddüd edərsinizsə, bu zaman qızları tərcih edin!» ("Kənzul-ummal”, hədis 43546)
Qadını əşya hesab edən və ona heç bir dəyər verməyənlərin əksinə olaraq, əziz Peyğəmbərimiz (s) belə buyurub: «Sizlərdən ən üstününüz həyat yoldaşına və qızına mehriban olanınızdır». ("Mustədərəkul-vəsail”, Muhəddis Nuri, cild 14, səh. 55)
Peyğəmbərdən (s) sonra onun canişinləri olan məsum İmamlar (ə) da qadına ehtiram göstərməkdə və onu dəyərləndirməkdə xüsusi təkid nümayiş etmişlər. İmam Sadiq (ə) buyurub: «Qadınların ən yaxşısı nemətlərin qarşısında şükür edən, kasıbçılıq zamanı isə buna dözənlərdir». O həmçinin buyurur: «Qadınlara daha artıq ehtiram edən kişinin imanı da çox olar». ("Vəsailuş-şiə”, cild 12, səh. 9)
Bu qadına verilən şəxsi və insani dəyərin ən yüksək zirvəsidir.
Müqəddəs İslam dininin peyğəmbəri Həzrət Muhəmməd (s) özünəməxsus rəftarı ilə kişilər kimi, qadınlara da dəyər vermişdir. Belə ki, beyət məsələsində kişilərlə birlikdə qadınlar da iştirak edib və səs vermək hüququna malik olublar. Bəzi rəvayətlərə əsasən, dünya xilaskarının zühürü və qiyamında kişilərlə birlikdə 50 nəfərə yaxın qadın da İmamla (ə.f) çiyin-çiyinə döyüşəcək. Qurani-Kərimdə dəfələrlə qadınların kişilərlə bərabər hüquqlu olduğu xatırladılır. Quranda buyrulur: «Həqiqətən, Allah məhz müsəlman kişilər və qadınlar, mömin kişilər və qadınlar, (Allaha) müti kişilər və qadınlar, doğrudanışan kişilər və qadınlar, səbirli kişilər və qadınlar, təvazökar (yalnız Allah qarşısında kiçilən) kişilər və qadınlar, sədəqə verən, oruc tutan kişilər və qadınlar, ayıb yerlərini (zinadan) qoruyub saxlayan kişilər və qadınlar və Allahı çox zikr edən kişilər və qadınlar üçün (axirətdə) məğfirət (bağışlanma) və böyük bir mükafat (Cənnət) hazırlamışdır!» ("Əhzab” surəsi, ayə 35)
Qısa olaraq bunu deyə bilərik ki, müqəddəs İslam dinində qadınlarla kişilər arasında olan bütün xüsusiyyətlər, üstünlüklər, o cümlədən səbr, təvazökarlıq, iman və sədaqət kimi sifətlər də bərabərhüquqludur. Bu isə qadınların da İlahi məqam və kamillik dərəcəsinə çatmaqda qüdrət və istedad sahibi olduğunun göstəricisidir.

İstifadə olunmuş ədəbyyat
– E. Luis, Yəhudizmdə evlilik, Nyu-York, 1973
– İsanın İncili, Müasir dövrün təfsir tərcüməsi, Tehran, h.q 1357
– Bedavi Leyla, İslam dinində qadın, London, 1994
– Telmud: Həzrət Musanın (ə) qayda-qanunlarını izah və təfsir edən xaxam adətlərinin (sünnət) məcmuəsi
– Muhəmmədhəsən Hürr Amoli, Vəsailiş-şiə..., Beyrut, 1983
– Suidler, Yəhudizmdə qadın
– Turanto ulduzu, 1995
– Sabiq, Seyyid, Fiqhus-sünne, h.q 1387
– Qurani-Kərim
– Karmudi, Denis, Yəhudiyyət
– Müttəqi, Əli ibn Hesabuddin, Kənzul-ummam fi sunənil-əqval vəl əfal, Beyrut: Müəsser-resale, 1401=1981
– Məclisi, Baqir ibn Muhəmmədtəqi, Biharul-ənvar
– Məvaizi Süleyman (Süleymanın nəsihətləri)
– Nuri, Huseyn ibn Muhəmmədtəqi, Mustədrəkul-vəsail və mustəmbikul-məsail, Mirzə Nuri Təbərsi, Qum: Müəssiseye Alul-beyt (ə) əlihyaut-turas, 1412=1991
– Nəbi Huseyni, Muhəmmədsadiq, Dünya dinləri və məzhəbləri
– Haziltun, Lesli, İsrail qadınları

Category: Digər dinlərdə | Added by: IslamQadini
Views: 1782 | Downloads: 0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]