- Hedisde qadin - Islamda qadinlar - Islam Qadini - IslamQadini «Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Bazar, 2016-12-04, 1:16 PM
Main » Files » Islamda qadinlar » Hedisde qadin

2010-05-28, 2:58 PM
 
Qadının evdə oturması
 

Qadının evdə oturmasına dair bəzi hədislərdə qadının evdə oturub yoldaşının qayğısına qalması onun vəzifəsi kimi qeyd olunmuşdur. Buna əsasən onun ictimai və siyasi məsələlərdə iştirak etmə hüququ da yoxdur. Bu barədə bir neçə hədisi qeyd edirik: «Qadınlardan – azan, iqamə demək, cümə və camaat namazında iştirak etmək, xəstələrin görüşünə getmək, dəfn mərasimində iştirak etmək, ləbbeyki uca səslə söyləmək, Səfa və Mərva arasında qaçaraq səy etmək, Kəbəyə daxil olmaq, başını qırxmaq və Həcərul-Əsvədə əl sürtmək – hökmləri götürülmüşdür». (Səduq, «Xisal», cüz 2, hədis 12, həmin kitab, cild 4, «Babun-nəvadir», hədis 5762, səh.364)
«Qadınlar örtülü saxlanılmalıdır, onları evlərində saxlayın». (Məclisi, cild 100, səh.250, Kuleyni cild 5, səh.535)
«Qadının Allaha ən yaxın olan vəziyyəti evdə olduğu vaxtdır». (Məclisi, cild 43, səh.92)
«Qadınlarınızın ən yaxşı məscidi evləridir». (Hürr Amuli, cild 3, səh.510)
Araşdırma və tənqid
Bir çox ayə və hədislərə, həmçinin Peyğəmbərin (s) və İmamların (ə) rəftarlarına diqqət yetirsək, görərik ki, bu hədislər heç bir şəkildə qəbul oluna bilməz. Çünki qadınlar da kişilər kimi öz zamanına xas olan siyasi və ictimai məsələlərə məsuldurlar. Buna əsasən cəmiyyətə fayda verməli və fəal olmalıdırlar. Bu önəmli fəaliyyətlərdən biri də əmr be məruf və nəhy əz munkərdir.
Əmr be məruf və nəhy əz munkər fərdi və ictimai işlər sayəsində yüksək önəm kəsb edən vaciblərdən olub, yalnız kişilərə məxsus deyil. Qurani-Kərimdə buyurulur: «Mömin kişilərlə mömin qadınlar bir-birinə dost, hayandırlar. Onlar (insanlara) yaxşı işlər görməyi əmr edər, pis işləri yasaq edər, namaz qılıb zəkat verər, Allaha və Peyğəmbərinə itaət edərlər. Allah əlbəttə ki, onlara rəhm edəcəkdir. Allah həqiqətən, yenilməz qüvvət və hikmət sahibidir». («Tövbə» surəsi, ayə: 71)
Qadının İslam hakimi ilə beyət etməsi Peyğəmbərin (s) yaşadığı dövrün işlərindəndir. Bundan anlaşılır ki, o dövrdə Peyğəmbərə (s), İmamlara (ə) edilən beyətdə olduğu kimi müasir dövrdə də cəmiyyətin ictimai, siyasi sahədə seçkilərdə iştirakı, təkcə kişilərə deyil, qadınlara da aiddir.
Fəqihlərin nəzərinə əsasən özünü müdafiə etmək üçün cihad etmək yalnız kişilərə aid deyil, bütün insanlara – həm kişiyə, həm də qadına - orada iştirak etmək vacibdir. Əlbəttə, ibtidai cihad hökmü qadınların üzərindən götürülsə də, ilk növbədə bunu bilməliyik ki, İslam şəriətində vurğulanan məsələ qadının ibtidai cihadda silahlı şəkildə vuruşmasının vacib olmamasına dəlalət edir, nəinki qadının cihadda iştirak edə bilməməsinə. Aydındır ki, bu hökm qadınları haqdan məhrum etmək yox onlara edilən güzəşt və işlərini asanlaşdırmaqdan ötrüdür. Digər tərəfdən qadının üzərindən götürülən hökm onun silahlı şəkildə müharibədə iştirak etməməsinə işarədir. Amma cəbhələrin onlara ehtiyacı olduğu təqdirdə və yaxud İslam hakimi məsləhət bildikdə xəstə və yaralıları müalicə etmək, aşbazlıq, onlar üçün geyim hazırlamaq kimi işlərdə qadınların döyüşçülərlə birlikdə xidmət etmələri onların vəzifə borcudur.
Cümə və camaat namazında iştirak etməyə gəldikdə isə Peyğəmbər (s) zamanında mömin qadınların kişilər kimi ümumi yığıncaqlarda (məs: cümə və camaat namazlarında) iştirak etmələrinə dair çoxlu hədislər mövcuddur. Həmçinin, o dövrdə Məscidun-Nəbinin giriş və çıxış qapısı kişilər və qadınlar üçün eyni idi. Peyğəmbər (s) bir neçə müddətdən sonra qadınlar üçün ayrıca qapı açılmasını tapşırıq verdi. O qapının adı «babun-nisa»dır və hal-hazırda da bu adla tanınır. Buna əsasən qadınların cümə və camaat namazlarında iştirakının qadağan olmasını bildirən hədislər Peyğəmbərin (s) davranışı ilə uyğun gəlmir. Hətta, bu hədislərin doğru olduğunu qəbul etsək belə, söylənilənlərdən bunu nəticə almaq olar ki, kişilərdən gözlənilən və onlara nisbətən zəruri olan bu əməllər qadınların üzərindən götürülmüşdür. Amma bu o demək deyil ki, yuxarıda qeyd olunan əməllər qadınlara haramdır. Belə ki, İslam şəriətində qadınların cümə namazında iştirakına dair qeyd olunan məsələ bu əməlin vacibliyini yox caizliyini bildirir. Yəni kişilərin dəfn mərasimində iştirak etmələri və yaxud xəstənin görüşünə getmələri kimi hüquqi və əxlaqi məsələlərdə istənilən və zəruri olan şey qadınlardan istənilmir. Bu hökmlərin onların üzərindən götürülməsi eynilə ibtidai cihad hökmünün onlardan götürülməsi kimidir. Bu hökmlərin onların üzərindən götürülməsi isə yenə də qadınlara qarşı bir növ mülayimlik və yumşaqlıqdan irəli gəlir, nəinki onları ictimai hüquqlardan məhrum edilməsi. Başqa ifadə ilə desək, yuxarıdakı hökmlər vəzifə və məsuliyyətli əməl olduğundan qadınların üzərindən götürülmüşdür. Yəni qadınların üzərindən ata-ananın qəza namaz və oruclarını yerinə yetirmək, həmçinin özünün və başqalarının xərclərini təmin etmək və buna oxşar başqa hökmlər götürüldüyü kimi yuxarıda qeyd olunan hökmlər də onların üzərindən götürülmüşdür. Qadının əxlaqi xüsusiyyətlərə riayət edərək cümə və camaat namazlarında iştirak etməsi və yaxud xəstənin görüşünə getməsi müstəhəb əməl deyilmi? Yaxud qadının bütün qayda-qanunlara riayət etdiyi təqdirdə Həcərul-əsvədə əl sürtməsini və ya Kəbəyə daxil olmasını tövsiyə olunmayan bir əməl kimi qeyd etmək olarmı? Əgər qadının evdən çıxıb ibadət etmək üçün cümə və camaat namazında iştirak etməsi məzəmmət edilib və qadağan olunubsa, hansı dəlilə əsasən İslam şəriətində həcc və ümrə ziyarəti yalnız kişilərə vacib və müstəhəb olmayıb?
İslam şəriəti qadınlara təkcə dünya səviyyəsində keçirilən həcc ziyarətində iştirak etməyə icazə vermir, imkanı olduğu təqdirdə bu ziyarəti onlara vacib bilir.
Həmçinin, qadının həccə getməsi üçün bütün şərtlər toplandıqda onun iştirak etməsinə kişinin mane olması üçün heç bir haqq və icazə verilməmişdir. Təəccüblü burasıdır ki, Allah-Taala, toplu ilə birlikdə olmasına baxmayaraq, həcc və ümrə əməllərinin (təvaf, səy, daş atmaq və s.) hamıya müstəhəb və vacib olduğunu qeyd etmişdir.
Daha təəccüblüsü budur ki, Allah-Taala həcc və ümrə zamanı qadın və kişilərin bir yerə cəm olduğunu, kişilərin ehram libası geyinməklə bədənlərinin tam örtünmədiyini və qadınlara da üzlərini niqabla örtməyin qadağan olduğunu bilir. Daha aydın ifadə ilə desək, Allah-Taala kişi və qadına elə bir əməli vacib və yaxud müstəhəb qərar vermişdir ki, o əməl toplu və cəm şəkildə yerinə yetirilir.
Qadınların elm öyrənməsinə dair bir çox hədislər mövcuddur. Qadınlar şəriət hökmlərinə və həmçinin başqa maarif məsələlərinə dair suallar vermək üçün Peyğəmbərin (s) yanına gəlib heç bir qorxu və nigarançılıq keçirmədən öz suallarını verirdilər. Peyğəmbər (s) də geniş şəkildə onların suallarını cavablandırırdı və onların evdən çıxmalarını qadağan etmirdi. Qadının evdə oturmasını və bunun gözəl əməl olmasını söyləyən hədislərdən asanlıqla başa düşmək olar ki, bu növ hədislər aşağıdakı ayədə qeyd olunan mənanı çatdırır: «Evlərinizdə qərar tutun. İlkin cahiliyyət dövründəki kimi açıq-saçıq olmayın...». («Əzhab» surəsi, ayə 33) Şübhəsiz ki, bu ayə Peyğəmbərin (s) qadınlarına evi zindan etmək mənasında deyil, çünki İslam tarixi buna açıq-aşkar sübutdur ki, Peyğəmbər (s) öz xanımlarını səfərə aparırdı və onlara evdən çölə çıxmağı qadağan etmirdi. Əksinə bu ayədə məqsəd budur ki, onlar özlərini başqalarına göstərmək məqsədiylə evdən bayıra çıxmasınlar. Şəhid Mütəhərri bu növ hədislər haqqında belə deyib: «Kafi» kitabında belə məzmunlu hədislər nəql olunmuşdur: «Kişinin diqqəti yerədir, qadının diqqəti isə kişiyədir». Buna görə də qadınları evin içində saxlayın. «Kafi» kitabının müəllifi (Kuleyni) özü bu hədisdə qadınların daha tez evləndirilməsinin nəzərdə tutulduğuna etiqad bəsləyir. Lakin bir sıra rəvayətlər mövcuddur ki, burada kişilərə qadınlarla münasibətdə əxlaqi tövsiyələr edilir ki, onlarla münasibət qurarkən yalnışlıqlardan xəbərdar olsunlar. «Vəsail» kitabının müəllifi bu kimi hədislərin müstəhəb mənasında olduğunu düşünür. Bizim fikrimizə görə yuxarıdakı hədislərdə qeyd olunan ifadələrdən, əxlaqi tövsiyədən daha üstün bir şey nəzərdə tutulur. Amma fəqihlərin bu məzmunda fətva verməmələri ayə, hədis və Məsumların (ə) davranışlarında olan qəti dəlillərə söykənir. Qadınları bəzi işlərdən çəkindirmək yuxarıda qeyd olunanların əksinədir və fiqhi deyil, əxlaqi xarakterə malikdir. İslamın ən azı əxlaqi göstəriş formasında tövsiyə etdikləri, mədəni cəmiyyətin imkan həddində qarışıqlıqdan qorunması üçündür. Dəyərli hədisçi olan mərhum Hürr Amuli bu İslami hədislərə diqqət yetirməklə buyurub: «Bu hədislər toplusundan anlaşılır ki, qadınlara əzadarlıq məclislərində, xalqın haqlarına riayət etməkdə və ya dəfn mərasimində evdən çıxıb iştirak etmələrinin eybi yoxdur. Necə ki, Həzrət Fatimə (ə) və digər İmamların (ə) həyat yoldaşları bu kimi yerlərdə iştirak etmişlər. Nəticədə bütün hədislər toplusunda qadınlara edilən qadağalar kərahət anlamında qəbul edilməlidir. 

  WWW.KOVSER.AZ

Category: Hedisde qadin | Added by: IslamQadini
Views: 579 | Downloads: 0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]