«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə günü, 2024-03-29, 5:30 AM
Main » Files » Islamda qadinlar » Qur'anda qadin

2009-09-15, 10:11 AM
Öz ailənizi Cəhənnəm atəşindən xilas edin
«Təhrim» surəsinin, 6-8-ci ayələrinin təfsiri
(«Təfsiri-nümunə»dən tərcümə)

Ayələrin tərcüməsi:
    
بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ
     يَا أَيُّهَا الَّذِينَ آمَنُوا قُوا أَنْفُسَكُمْ وَأَهْلِيكُمْ نَارًا وَقُودُهَا النَّاسُ وَالْحِجَارَةُ عَلَيْهَا مَلائِكَةٌ غِلاظٌ شِدَادٌ لا يَعْصُونَ اللَّهَ مَا أَمَرَهُمْ وَيَفْعَلُونَ مَا يُؤْمَرُونَ

     6. Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı elə bir oddan qoruyun ki, onun yanacağı insanlar və daşlar, xidmətçiləri isə Allahın onlara verdiyi əmrlərə asi olmayan, buyurulduqlarını yerinə yetirən daş qəlbli və çox sərt təbiətli mələklərdir.
    

يَا أَيُّهَا الَّذِينَ كَفَرُوا لا تَعْتَذِرُوا الْيَوْمَ إِنَّمَا تُجْزَوْنَ مَا كُنْتُمْ تَعْمَلُونَ

     7. (Kafirlər Cəhənnəm oduna atıldıqları zaman onlara belə deyiləcəkdir): «Ey kafir olanlar! Bu gün heç bir üzrxahlıq etməyin. Siz ancaq (dünyada) törətdiyiniz əməllərin cəzasını çəkəcəksiniz!»
    

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا تُوبُوا إِلَى اللَّهِ تَوْبَةً نَصُوحًا عَسَى رَبُّكُمْ أَنْ يُكَفِّرَ عَنْكُمْ سَيِّئَاتِكُمْ وَيُدْخِلَكُمْ جَنَّاتٍ تَجْرِي مِنْ تَحْتِهَا الأنْهَارُ يَوْمَ لا يُخْزِي اللَّهُ النَّبِيَّ وَالَّذِينَ آمَنُوا مَعَهُ نُورُهُمْ يَسْعَى بَيْنَ أَيْدِيهِمْ وَبِأَيْمَانِهِمْ يَقُولُونَ رَبَّنَا أَتْمِمْ لَنَا نُورَنَا وَاغْفِرْ لَنَا إِنَّكَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ

    8. Ey iman gətirənlər! Allaha səmimi-qəlbdən tövbə edin. Ola bilsin ki, Rəbbiniz günahlarınızın üstünü örtsün və sizi (ağacları) altından çaylar axan Cənnətlərə daxil etsin. O gün Allah öz Peyğəmbərini və onunla birlikdə iman gətirənləri xəcil etməz. Onların (iman) nuru (qıl körpüsü üstündə onlara yol göstərmək üçün) önlərindən və sağ tərəflərindən axıb şölə saçarkən onlar belə deyəcəklər: «Ey Rəbbimiz! Bizim nurumuzu tamam-kamal et və bizi bağışla. Həqiqətən, Sən hər şeyə qadirsən».
     Peyğəmbərin (s) bəzi zövcələrinin məzəmmətindən sonra Allah-Taala bütün möminlərə xitab edərək ailənin təlim-tərbiyəsi haqqında bir sıra göstərişlər verir:

     
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا قُوا أَنْفُسَكُمْ وَأَهْلِيكُمْ نَارًا وَقُودُهَا النَّاسُ وَالْحِجَارَةُ عَلَيْهَا

     «Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı elə bir oddan qoruyun ki, onun yanacağı insanlar və daşlardır».
     İnsan günah işlərdən çəkinməklə və şəhvətin haram istəklərinə təslim olmamaqla özünü bu atəşdən qoruya bilər. Ailəni belə atəşdən qorumaq isə təlim-tərbiyə, əmr be məruf, nəhy əz munkər və ailədə fəsaddan uzaq, pak bir mühit yaratmaq ilə mümkündür. Bu elə bir proqramdır ki, evliliyin ilk günlərindən – ailənin bünövrəsi qoyulan zamandan və övlad dünyaya gələn andan icra edilməli və proqramın hər mərhələsinə düzgün və dəqiq əməl olunmalıdır. Kişinin arvad və övladı qarşısında olan vəzifəsi, yalnız evin maddi xərclərini ödəməklə bitmir. Bundan daha önəmlisi onların ruhlarının düzgün qidalandırılması və təlim-tərbiyə olunmasıdır.
     Ayədəki «قوا» (qoruyun) felinin mənası budur ki, əgər ailə özbaşına buraxılarsa, istər-istəməz Cəhənnəm atəşinə tərəf gedər. Siz onları bu atəşə düşmədən qorumalısınız.
     «وقود» - «od götürən alət» (کبود vəznində), yəni odun kimi alovlana bilən maddə mənasındadır. (Bu, kibrit kimi yandıran maddə mənasında deyil, çünki ərəblər yandıran maddəni «زنان» adlandırırlar). Cəhənnəm atəşi dünyadakı atəş kimi deyil. Onun şölələri insanın və daşların daxilindən alovlanır. Bəzi müfəssirlər ayədəki «daş» kəlməsinin, yalnız kükürd daşlarına aid olduğunu hesab etmişlər. Ancaq ayədəki bu kəlmə, ümumi şəkildə işləndiyinə görə, hər növ daşlara şamil edilə bilər. Elm isbat etmişdir ki, daşın hər zərrəsi milyardlarla atom dənəsindən ibarətdir. Əgər onlar açılarsa, gözqamaşdırıcı atəş yaranar.
     Bəzi müfəssirlər «حجاره» kəlməsini müşriklərin pərəstiş etdiyi «daşdan düzəldilmiş bütlər» kimi mənalandırmışlar.
     Ayənin sonunda buyurulur: «... (Cəhənnəmin) xidmətçiləri Allahın onlara verdiyi əmrlərə asi olmayan, buyurduqlarını yerinə yetirən daş qəlbli (heç kəsə zərrəcə rəhm etməyən) və çox sərt təbiətli mələklərdir».
     Beləliklə, orada nə ağlama, nə yalvarış, nə qəm-qüssə, nə inilti fayda verəcək, nə də oradan qaçmaq mümkün olacaqdır.
     Hər hansı bir vəzifəyə təyin olunan kəs, işini düzgün yerinə yetirmək üçün həmin ruhda yaradılmalıdır. Əzab vermək üçün yaradılan mələklər də, kobud təbiətli olmalıdırlar. Çünki Cəhənnəm rəhmət yeri deyil, İlahi əzab məkanıdır. Eyni zamanda, əzab mələkləri ədalətdən kənar işlər də görmür və Allahın fərmanını artırıb-azaltmadan, olduğu kimi icra edirlər.
     Bir çox müfəssirlər belə bir sual ətrafında müzakirələr aparmışlar: ayədəki «üsyansızlıq» məsələsi ilə Qiyamətdə «vəzifənin olmaması» məsələsi necə uyğunlaşa bilər?
     Cavab budur ki, mələklərin itaəti təşrii itaət deyil, təkvini itaətdir. Yəni onlar elə yaradılıblar ki, Allahın göstərişlərinə heç bir etiraz etmədən, onu böyük meyl və rəğbətlə yerinə yetirirlər.
     Sonrakı ayədə kafirlərin Cəhənnəmdəki vəziyyəti açıqlanaraq, onlara belə xitab olunur:

    

يَا أَيُّهَا الَّذِينَ كَفَرُوا لا تَعْتَذِرُوا الْيَوْمَ إِنَّمَا تُجْزَوْنَ مَا كُنْتُمْ تَعْمَلُونَ

     «Ey kafirlər! Bu gün heç bir üzrxahlıq etməyin. Siz ancaq (dünyada) törətdiyiniz əməllərin cəzasını çəkəcəksiniz».
     Bu ayə özündən əvvəlki ayədən sonra ona görə nazil olub ki, əgər möminlər də öz qadınlarına, övlad və ailələrinə diqqət etməsələr, elə bir səviyyəyə enə bilərlər ki, onlara da yuxarıda zikr olunduğu kimi xitab olunar.
     «Siz ancaq (dünyada) törətdiyiniz əməllərin cəzasını çəkəcəksiniz» – cümləsi bir daha bunu təsdiq edir ki, Qiyamətdəki cəzalar insanların öz etdiyi günahlara görədir. Əvvəlki ayədəki «Cəhənnəm odunun insanın daxilindən alovlanması» – bəhsi də həmin bu mənadadır.
     Ayədəki «üzrxahlıq və etirazın qəbul olunmaması» – buna görədir ki, üzrxahlıq tövbənin bir növüdür və tövbə, o dünyada Cəhənnəmə daxil olduqdan sonra deyil, yalnız bu dünyada qəbul olunur.
     Səkkizinci ayədə Cəhənnəm atəşindən xilas olma yolu açıqlanaraq buyurulur:

    

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا تُوبُوا إِلَى اللَّهِ تَوْبَةً نَصُوحًا

     «Ey iman gətirənlər! Allaha səmimi qəlbdən (əminlik, möhkəmlik və ixlasla) tövbə edin».
     Bəli, atəşdən xilas olmağın birinci yolu tövbədir. Lakin bu tövbə günahın dünyəvi və ictimai nəticələrindən qorxaraq yox, İlahi fərman əsasında, hər cəhətdən xalis olan və həmin günaha qayıtmaq ehtimalı olmayan bir tövbə olmalıdır.
     «Həqiqi tövbə» – edilən günaha peşman olub gələcəkdə bir daha bu işi təkrar etməmək deməkdir. Əgər tövbə edilərkən həmin əməlin əvəzi hər hansı bir şeylə ödənilməlidirsə, buna mütləq əməl olunmalıdır. «İstiğfar» söyləmək də bunun bir növüdür.
     Beləliklə, tövbə beş şeydən ibarətdir: günahın tərki, peşman olmaq, gələcəkdə bu əməli təkrar etməməyə qərar vermək, tapdalanan haqqın əvəzini ödəmək, istiğfar söyləmək.
     «نصوح» (nəsuh) kəlməsi «نصح» (nush) kökündə (صلح vəznində) «xeyirxahlıq və ixlas» mənasındadır. Ərəb dilində «ناصح» (nasih) «xalis bal»a, «نصاح» (nisah) (کتاب vəznində) isə «zahirdə möhkəm görünənlər»ə deyilir. Əsl xeyirxahlıq möhkəmliklə və əminliklə olduğundan, «نصح» kəlməsi bəzən «xeyirxahlıq» mənasında da işlənir.
     Beləliklə, «نصح» (nush) sözünün hər iki mənası olan «xalis olmaq və möhkəm olmaq» mənaları tövbədə də olmalıdır və buna görə də ayələrdə tövbə «نصوح» (nəsuh) kimi işlənmişdir (Bəziləri «نصوح» kəlməsinin xüsusi bir şəxsin adı olduğunu güman etmiş və onun barəsində dastanlar nəql etmişlər. Ancaq bir neçə belə dastan olmasına baxmayaraq, «نصوح» şəxs adı deyil, vəsf mənasındadır).
     «نصوح» tövbənin necəliyi haqqında iyirmi üçdən çox təfsir zikr olunmuşdur («Qirtibi», c.10, səh.766). Ancaq bütün bu təfsirlər təxminən eyni mənaya qayıdır.
     Bəziləri «نصوح» tövbədə dörd şərtin olduğunu söyləmişlər ki, biri qəlbdə peşman olmaq, digəri dildə istiğfar demək, günahı tərk etmək və gələcəkdə bir daha bu işi görməməyi qərara almaqdır.
     Bəziləri «نصوح» tövbədə üç şərtin olduğunu söyləmişlər ki, biri tövbənin qəbul olmaması üçün qorxmaq, ikincisi tövbənin qəbul olmasına ümid etmək, üçüncüsü daim Allaha itaət etməkdir.
     Bəziləri «نصوح» tövbəni belə tərif etmişlər: «edilən günahı hər zaman göz önünə gətirib bunun üçün xəcalət çəkmək», bəziləri «edilən zülmlərin və tapdanılan haqqın əvəzini sahiblərinə ödəyərək halallıq istəmək və Allaha itaət etmək», bəziləri isə «günahdan bezən qəlb və ağlar göz...» kimi tərif etmişlər. Bunların hamısı xalis və kamil tövbə olaraq, eyni həqiqətin qol-budaqlarına bənzəyir.
     Məaz ibni Cəbəl Peyğəmbərdən «نصوح» tövbə haqqında soruşduqda, Həzrət (s) ona belə cavab verib: «نصوح» tövbə budur ki, süd döşə heç vaxt qayıtmadığı kimi, tövbə edən şəxs də həmin günaha bir daha qayıtmasın («Məcməul-bəyan», c.10, səh.318).
     Bu zərif ifadədən məlum olur ki, «نصوح» tövbə, insanda elə bir inqilab yaratmalıdır ki, keçmişə qayıtmaq yolu həmişəlik bağlansın. Yuxarıdakı qeyd edilən hədisdə «نصوح» tövbənin ən yüksək dərəcəsi bəyan olunmuşdur. Çünki tövbənin aşağı dərəcələrində tövbə edildikdən sonra yenidən bu əmələ qayıtmaq ehtimalı vardır. Amma bu qayıdış müvəqqəti olsa da, tədricən daimiləşə bilər.
     Nəhayət, ayədə «نصوح» tövbənin aqibətinə işarə olunaraq buyurulur:

     
عَسَى رَبُّكُمْ أَنْ يُكَفِّرَ عَنْكُمْ سَيِّئَاتِكُمْ وَيُدْخِلَكُمْ جَنَّاتٍ تَجْرِي مِنْ تَحْتِهَا الأنْهَارُ يَوْمَ لا يُخْزِي اللَّهُ النَّبِيَّ وَالَّذِينَ آمَنُوا مَعَهُ نُورُهُمْ يَسْعَى بَيْنَ أَيْدِيهِمْ وَبِأَيْمَانِهِمْ يَقُولُونَ رَبَّنَا أَتْمِمْ لَنَا نُورَنَا وَاغْفِرْ لَنَا إِنَّكَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ

     «Ola bilsin ki, Rəbbiniz günahlarınızın üstünü örtsün və sizi (ağacları) altından çaylar axan Cənnətlərə daxil etsin. O gün Allah öz Peyğəmbərini və onunla birlikdə iman gətirənləri xəcil etməz. Onların (iman) nuru (qıl körpüsü üstündə onlara yol göstərmək üçün) önlərindən və sağ tərəflərindən axıb şölə saçarkən, onlar belə deyəcəklər: Ey Rəbbimiz! Bizim nurumuzu tamam-kamal et və bizi bağışla. Həqiqətən, Sən hər şeyə qadirsən».
     «نصوح» tövbənin beş böyük nəticəsi vardır:
     Birincisi günahların bağışlanması;
     İkincisi nemətlə dolu olan behiştə daxil olmaq;
     Üçüncüsü həqiqətlərin aşkar olacağı zaman, pərdələrin kənara çəkiləcəyi vaxt, yalançıların, cinayətkarların zəlil olacağı bir vaxtda tövbə edənlərin rüsvayçılıqdan uzaq olması;
     Dördüncüsü Qiyamətdə onların iman və əməl nurunun ön və sağ tərəflərində hərəkət edərək behişt yolunu işıqlandırması (bəzi müfəssirlər bu nuru «əməl nuru» adlandırmışlar);
     Beşincisi Allahın bu şəxsə olan diqqətinin daha da artmasıdır (Çünki onlar Allah dərgahına gətirilərək onlar üçün nurlarının artması və bütün günahlarının bağışlanması istənilər.).
     Ailənin təlim-tərbiyəsi
     Əmr be məruf və nəhy əz munkər (yəni yaxşılığa əmr və pisliklərdən çəkindirmək) hökmü bütün müsəlmanlar üçün bir-birinin boynunda olan ümumi bir göstərişdir. Ancaq ayə və rəvayətlərdən belə məlum olur ki, hər bir insan öz ailəsi üçün daha ağır məsuliyyət daşıyır və onların təkcə maddi ehtiyaclarını təmin etməyə deyil, həm də təlim-tərbiyəsinə, onları günahdan çəkindirməyə, yaxşılığa dəvət etməyə görə vəzifəlidir.
     Böyük cəmiyyətimiz kiçik ailələrdən təşkil olunub.
     Ailələr islah olunarsa, bütün cəmiyyət islah olar və bunun məsuliyyəti ilk növbədə ata və ananın öhdəsinə düşür. Xüsusilə, fəsadın hökm sürdüyü belə bir mühitdə tərbiyə verərkən, daha diqqətli və dəqiq olmaq lazımdır və hər kəs öz ailəsini hər iki dünyanın əzabından qorumalıdır.
     «Təhrim» surəsinin 6-cı ayəsi nazil olduqdan sonra Peyğəmbər (s)-ın səhabələrindən biri o Həzrətdən (s) soruşdu: «Öz ailəmi Cəhənnəm atəşindən necə qoruyum?»
     Həzrət (s) buyurdu: «Onlara əmr be məruf və nəhy əz munkər et. Sənin sözünü qəbul etsələr, deməli, onları Cəhənnəm atəşindən qorumusan. Əgər qəbul etməsələr, öz vəzifəni yerinə yetirmisən» («Nuris-səqəleyn», c.5, səh.372).
     Başqa bir hədisdə Peyğəmbər (s) buyurur: «Bilin ki, siz hamınız gözətçisiniz və gözətçilik etdiyiniz hər kəs qarşısında məsuliyyət daşıyırsınız. İslam dininin rəhbərləri insanların gözətçisi və onların məsulu olduğu kimi, kişi də öz ailəsinin gözətçisi və onların məsuludur» («Məcmueye vərram», c.1, səh.6).
     Bu bəhsi Həzrət Əlinin (ə) kəlamı ilə sona çatdırırıq. «Təhrim» surəsi 6-cı ayənin təfsirində Həzrət (ə) buyurub: Ayədə məqsəd budur ki, yaxşılıq etməyi öz ailənizə öyrədərək, onları ədəbli edin («Durrul-mənsur», c.6, səh.244).
     Tövbə – Allahın rəhmətinə açılan qapıdır. Haqq yolda addımlamaq istəyən insanın xəta etməsi ehtimalı daha çoxdur. Əgər onun tövbə yolu olmasa, naümid olub birdəfəlik haqq yoldan üz döndərər. Bu səbəbdən də bütün günahkarların islahı üçün tövbə, İslam dininin ən əsas tərbiyə növü hesab olunur.
     İmam Əli ibni Hüseyn (ə) «Taibin» münacatında Allah dərgahına üz tutaraq buyurur: «Ey mənim Allahım! Sən elə bir varlıqsan ki, tövbə adlandırdığın əfv qapısını bəndələrinin üzünə açaraq buyurmusan: İxlasla tövbə edərək, Allaha tərəf qayıdın. Bu qapı açıldıqdan sonra ona daxil olmayanların üzrü nədir?» («Biharul-ənvar», c.94, səh.142)
     Tövbə məsələsinə hədislərdə də çox təkid olunmuşdur. İmam Baqir (ə)-dan olan bir hədisdə belə buyurulur: «Gecənin qaranlığında səhrada, öz minik və ailəsini itirəndən sonra onu tapan zaman insan necə sevinirsə, bəndə tövbə edən zaman Allah ondan daha çox sevinər» («Usuli-kafi», c.2, hədis 8).
     Tövbə – təkcə dildə «əstəğfirullah» demək deyil. Tövbənin izahında qeyd edildiyi kimi tövbənin bir çox şərtləri vardır. Bu şərtlərə əməl olunarsa, insanın günahı və mənəvi ziyanları məhv olar. İmam Baqir (ə) buyurur: «Tövbə edən şəxs, heç vaxt günah etməyən şəxs kimidir. İstiğfar söyləyərək günah edən şəxs isə məsxərə edən şəxs kimidir» («Usuli-kafi», c.2, hədis 10).

    

Category: Qur'anda qadin | Added by: IslamQadini
Views: 904 | Downloads: 0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]