«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə axşamı, 2024-03-28, 9:13 PM
Main » Files » Islamda qadinlar » Xanimlar ucun (

2010-06-15, 4:56 AM
BƏZƏK ƏŞYALARI

Zərgərlik qiymətli (qızıl, gümüş, platin) və bəzi digər əlvan metallardan hazırlanmış, həmçinin bir çox hallarda qiymətli daşlar, mirvari, şüşə, kəhrəba, sümük, sədəflə və s. bəzədəlmiş incə məmulatların hazırlanması sənətidir.
İnsanın xəyalında zərgərlik sənəti ilk növbədə şəxsi bəzək əşyaları ilə əlaqələndirilir. Lakin bu bədii sənət sahəsi təkcə qolbaq, üzük və s. bəzək əşyaları ilə tamamlanmır. Buraya həmçinin interyerin tərtibat əşyaları, xırda plastika, qab-qacaq, silah, suvenirlər və s. daxildir.
İncəsənətin əsas məqsədlərindən biri zəmanənin vacib dönüş nöqtələrini əks etdirməkdir. Zərgərlik sənəti də həmçinin istisna təşkil etmir. Bəzək əşyaları dövrün arzu və tələblərini, ümidlərini, qələbə və məğlubiyyətlərini əks etdirir.
Zərgərlik sənəti barəsində yüzlərcə maraqlı əsərlər yazılıb, lakin bu hələ demək deyil ki, bu sənətin bütün sirləri aşkar olunub. Alimlərin zərgərlik sənətinin yaşı barəsindəki fikirləri yekdil deyil.
İlk növbədə onu qeyd etmək lazımdır ki, qədim insanlar üçün zərgərlik əşyaları müasir düynamızdakı əhəmiyyəti kəsb etmirdi. Bu insanlar inanırdılar ki, qiymətli daşlar müəyyən sehrli bir qüvvə daşıyır və onları ağır cadular, qəm-qüssə və hətta fiziki təzyiqdən belə müdafiə edə bilir. Bu ənənə müəyyən dərəcədə bəzi yerlərdə indiyə kimi qalmaqdadır.
Lakin qədim insanlar, xüsusilə də misirlilər, qiymətli daşların təbiət qüvvələri ilə əlaqəli olduğunu və qiymətli əşyaları taxan insanlara kömək edə bildiyini daha aydın hiss edirdilər. Yəni qiymətli daşlardan sadəcə bəzək əşyaları kimi istifadə olunmurdu.
Ən qədim "zərgər" bəzək əşyaları
Tarixdə ən qədim "zərgər" bəzək əşyaları Afrikada aşkar edilib. Bu, qitənin cənubundakı "Blombos” mağarasında tapılan, balıqqulağından düzəldilmiş muncuqlardı. Alimlərin hesablamalarına görə, onların 75 min ildən çox yaşı var. Balıqqulağıların hamısının qabığında eyni deşiklər açılıb, beləliklə də onları çox rahatlıqla sapın üstündə qolbaq və boyunbağı kimi taxmaq olardı. Balıqqulağılarına keçirilmiş dəri və yaxud ip onlarda çox aydın iz qoyub. Bundan əlavə, qolbaq və ya boyunbağını təşkil edən balıqqulağılarının bir-birinə sürtünməyi nəticəsində onların sürtünən hissəsində yastı izlər qalıb. Adi balıqqulağılarında belə yastı izlər görmək mümkün deyil.
"Britannika" ensiklopediyası isə zərgərlik dövrünü b.e.ə III minillikdən başladığında israrlıdır. İlk qiymətli tapıntıları da məhz bu dövrə aid edirlər.
Beləliklə, insanlar lap qədim zamanlardan sehrli əşyalar sırasında həm diri, həm də ölü insanları müdafiə etməyə qadir olan bəzək əşyalarını yaradırdılar. Elə bu səbəbdən də, Misirdə zərgərlik əşyaları forma cəhətdən adətən misirlilərin tapındıqları "allahları" əks etdirirdilər. Ən yayılmış bəzək əşyası Kefer böcəyi idi. Ümumiyyətlə, Misirdə saysız-hesabsız bəzək əşyaları mövcud idi və qədim misirlilər onları bədənin müxtəlif hissələrinə taxırdılar. Məsələn, sinə müqəddəs bir bədən hissəsi sayılırdı. Onların fikrincə, sinənin üstündə daşınan tilsim və zərgərlik əşyaları həmişə qəlbi qoruyurdu. Qədim misirlilər inanırdılar ki, ürək beyindən daha əhəmiyyətlidir və o, həyatın mənbəyi, hər şeyin mənbəyidir. "Ölülər Kitabı"nda (bu kitab heç vaxt belə adlanmayıb, sadəcə olaraq, mumiyaların yanında tapıldıqları üçün bu mətnlərə belə ad verilib) deyilir: "Mənim qəlbim - mənim anamdır, mənim qəlbim - mənim atamdır". Ürək nahiyəsinə ya ürəyin özünün simvolunu, ya da dirçəlişi ifadə edən təsvirləri əks etdirən bəzək əşyaları taxılırdı. Böcək təsviri daha geniş yayılmışdır. Bu böcək həyat qüvvəsinin, dirçəlişin, irəliləmənin nişanəsi idi: böcəklər qumun üzərində çox böyük sürətlə qaçdığından dinamiklik, cəldlik simvolu hesab olunurdu. Bundan əlavə, böcəklərin yalnız üst qanadları görünür, alt qanadları isə içəriyə yığılıb. Qədim insanlar deyirdilər ki, insan belə qanadları - mənəviyyat qanadlarını, qüvvə qanadlarını öz qəlbində yarada bilər. Öz vücudunun daxilində, yəni ət və qandan ibarət olan futlyarda o, öz qanadlarını əldə edə və onları aça bilər.
Zərgərlik məmulatlarından ibarət ən möhtəşəm arxeoloji kəşf də məhz məşhur Misir fironu Tutanxamonun türbəsindən tapılmış xəzinə oldu. Bu cavan fironu əbədi məşhur edən gözəl əməlləri deyil, onunla birgə qəbrə gömülmüş saysız-hesabsız sərvəti oldu. Bu gün də Tutanxamonun xəzinəsi dünyanın ən möhtəşəm bəzək əşyaları kolleksiyası hesab edilir. Qahirənin "Misir” muzeyini ziyarət etdikdə ilk növbədə yüksək keyfiyyətli möhtəşəm diademalar, boyunbağılar, asma bəzək əşyaları, qolbaqlar, üzüklər, sırğalar diqqəti cəlb edir.
Ümumiyyətlə isə, mütəxəssislər bəzək əşyalarını əsasən geyim, baş və saç bəzək əşyalarına bölürlər. Kiçik flakonlar, qutucuqlar, mücrülər və s. də həmçinin buraya aid edilirlər. O ki qaldı bəzək sancaqları, asma bəzək əşyaları, nişan üzüklərinə!
Üzük. İlk dəfə üzüklər fərqlənmə nişanı və ya sahibkarlıq damğası kimi yaranmışdı. Təsadüfi deyil ki, ən qədim üzüklər (bu barədə qeydləri XI əsr qədim hind eposunda tapmaq olar) ictimai və mülki təbəqələşmə mövcud olan cəmiyyətlərdə müşahidə edilmişdi. O zamanlar üzüklər irsin ötürülməsinin nişanı olaraq hədiyyə olunurdu.
Avropa barbarları orta əsrlərin əvvələrində artıq üzüklərə daha yüngül yanaşırdılar. Onları eyni həvəslə həm qadınlar, həm kişilər, həm də uşaqlar taxırdı.
Orta əsrlərin sonlarında gözmuncuqlu üzüklər geniş yayılmağa başlamışdı. XIV əsrdə müasir nişan üzüklərinin prototipləri meydana çıxdı.
XVI əsrdə isə üzüklər artıq müxtəlif formalar aldı. Tədricən onların forma və hazırlanma texnologiyası dəyişirdi. Üzüklərə olan müasir romantik münasibət əsasən XVIII-XIX əsrlərdə formalaşdı. Məhz o zaman yalnız nişan deyil, həmçinin yadigar və matəm üzükləri də geniş yayıldı.
Bəzək sancağı. Digər bəzək əşyalarından fərqli olaraq sancaqlar yaxalıqları, donların büzmələrini saxlamaq üçün istifadə edilirdi. Bəzək sancaqlarının ən məşhur formaları qiymətli daşların, həmçinin brilliantların parıltısı ilə bərq vuran "gül dəstəsi" və "fəvvarə"lər idi. XVI əsrin sonlarında bəzək sancaqları nisbətən sadələşdi, XIX əsrdə isə onlar adətən yadigar medalyonlarını (orada əsasən sevdiklərinin və uşaqlarının kiçik şəkillərini və ya saçlarını saxlayırdılar) təkrar edirdi. Müasir dünyada bəzək sancaqları ən dəbdə olan aksessuar hesab olunur.
Sırğalar. Sırğaların tarixi o qədər qədimdir ki, yaşına görə ancaq qolbaq və asma göz muncuqları onlarla yarışa bilər. Təbii ki, hələ lap qədimdə sırğalar heç də hər yerdə dəbdə deyildi. Məsələn, orta əsrlərdə onları Bizansın təsiri altında olan Şərqi Avropada çox sevirdilər, lakin Qərbi Avropada bu müşahidə olunmurdu. İtalyan Renessansının gətirdiyi dəb böyük qaşlı və armudvari mirvari sırğaların yeni tipini təqdim etdi. Az bir zamanda bu yeni sırğalar bütün Avropada yayıldı. Həmən dövrdə sırğalar praktik olaraq qadın bəzək əşyasına çevrildi.
Daha təmtəraqlı, parıltılı asma sırğalar isə XIV Lüdovikin sarayında geniş yayılmağa başlamışdı. Onu da qeyd etmək lazımdır ki, sırğaları təkcə qadınlar deyil, həm də kişilər taxırdılar. Bunlar yalnız bəzək əşyası kimi deyil, həmçinin "göz”dən, bədnəzərdən qorunmaq üçün istifadə edilirdi.
Qədim Yunanıstan və İtaliya bəzək əşyaları özündə assur və yunan ənənələrini təcəssüm etdirir. Yunan və italyan zərgərlərinin əl işlərində əsasən göyərçinlər pərvaz edir, həmçinin məşhur əsatir səhnəcikləri də əks olunurdu.
Elə bəzək əşyaları da var idi ki, onlar sevgi və dostluq simvolu kimi taxılır və böyük əhəmiyyət kəsb edirdi. Belə əşyalar sırasında yaxın və əziz olan bir insanın saçından düzəldilən qolbaqlar və üzüklər, həmçinin üzərində əl sıxma və s. təsvirlər həkk olunmuş məmulatlar var idi.
Ümumiyyətlə, qeyd etmək lazımdır ki, hər dövrün özünəməxsus bəzək əşyaları mövcud idi. Bu, həmçinin diktatorun şəxsiyyətindən də asılı ola bilərdi. Bəzi dövrlərdə daha sadə, daha quru bəzək əşyaları dəbdə olmuş, Napaleonun dövründə isə, məsələn, təmtaraqlı bəzək əşyaları geniş yayılmışdır.
Geyimdə dəbin dəyişilməsi də bəzək əşyaların istifadəsinə təsir edirdi. Məsələn, hündür, dik yaxalıqların meydana çıxması ilə boyunbağı taxmaq mümkün olmadı, barmaqlara qədər uzanan paltarların qolları isə qolbaq taxmağa imkan vermirdi.
Orta əsrlərdə bəzək əşyaları əsasən imperator və kilsə emalatxanalarında istehsal olunurdu. Lakin XIII əsrdən etibarən Avropa paytaxtlarında qızıl işilə məşğul olan ustaların birlikləri yaranmağa başladı. Napaleon Bonopart daş üzərində oyma naxışlar salmağı öyrədən xüsusi bir məktəb yaratmışdı. Burada əsasən kor və karlar çalışırdılar.
Buna baxmayaraq, həmin dövrdə bəzək əşyaları cəmiyyətin yüksək təbəqəsinin üstünlüyünün bir nişanəsinə çevrilmişdi.
Renessans dövrünün bəzək əşyaları kalorit zənginliyilə, möhtəşəm dizayn və yüksək ustalığı ilə fərqlənirdi.
XVI əsrdə artıq insanlar özlərini daha az bəzəməyə üstünlük verirdilər. XIV Lüdovik özünü başdan-ayağa bəzəyən sonuncu monarx olmuşdur. Zərgərlik məmulatlarının sayı azaldı, lakin zərgərlərin ustalıq keyfiyyəti çox yüksəldi. Xüsusilə də, qadın bəzək əşyalarının forma zənginliyi insanı valeh edirdi.
XIX əsr sənaye əsri idi. Zərgərlik sənətində bu dönəmdə yeni texnologiyalar yaranırdı və "Faberje" (Rusiya), "Tiffani" (ABŞ), "Kartye" (Fransa) və s. kimi iri zərgərlik şirkətləri meydana çıxdı. İncəsənətin bir qolu olan zərgərlik sənəti həm də yavaş-yavaş bir sənayeyə çevrilirdi…
Müasir Avropa ölkələrində isə çoxsaylı bəzək əşyaları taxmaq dəbdə deyil. Bu qeyri-müasirlik, insanı narahat edən amil kimi dəyərləndirilir. Rusiya və Şərq ölkələri barəsində isə bunu demək olmaz. Ona görə də, Avropa zərgərləri bu ölkələrə həvəslə baxırlar, çünki buradakı qadınlar hər zamankı kimi bəzək əşyalarını çox sevirlər. Avropa qadınları ilə isə biznes qurmaq olmur, indi burada sadəlik dəbdədir. Buna baxmayaraq, etiraf etmək lazımdır ki, qiymətli daşların hədiyyəsi qadın qəlbinin fəthində tutarlı bir dəlildir. Əlbəttə ki, məsələ heç də bəşəriyyətin zərif məxluqunun tamahkarlığında, mənfəət güdməsində deyil. Əsl səbəb zinət əşyalarının cazibəsinin qadının həssas duyğularına olan təsirindədir.
Gəlin unutmayaq ki, insanı gözəlləşdirən onun zahiri görünüşü, libası və yaxud da bəzək əşyaları deyil, insanı gözəlləşdirən onun mənəviyyatı, daxili aləmi və təmizliyidir!
SÜRƏYYA
Category: Xanimlar ucun ( | Added by: IslamQadini
Views: 2573 | Downloads: 0 | Comments: 2
Total comments: 2
0  
2 IslamQadini   (2010-06-30 4:06 PM) [Daxil ol]
AYISE Salam aleykum xosh geldiniz. Teklifiniz nezere alinar. Cat soz verilmesede insheallah Forum mehz xanimlar ucun acilacaq ve size lazim olan butun bilgileri forumdan oyrene bileceksiz. smile

0  
1 AYISE   (2010-06-30 2:15 PM) [Daxil ol]
SALAM MEN ISTIRDIM ADMINISTRATORA YAZIM AMA YAZA BILMEDIM MESAJ YOLLANMADI HMM NEYSE RICAM BUDURKI BU SAYTINIZDA DINI FORUM VE YA DINI CHAT YARADASIZ KI QIZLAR BURA GIRIB DINI BILIKLERI ILE BOLUSSUNLER smile

Only registered users can add comments.
[ Registration | Login ]