«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə axşamı, 2024-04-18, 9:53 AM
Main » Files » Islamda qadinlar » Xanimlar ucun (

2012-10-08, 6:27 PM
Qadının cəmiyyətdəki rolu


Bütün insanlar yalnız bir hədəf üzrə yaradılmışlar və bu hədəf kamala çatmaqdır. Hər bir insan öz aləmində kamalı bir cür görür və bu hədəfə çatmaq üçün ömrü boyu çalışır. 
Bəs, İslam kamalı nədə görür? 
Hər bir müsəlman kişi və qadının kamalı, onun Allah yolunda son enerjisinədək çalışmağındadır. Bu fəaliyyət həm ailə daxilində, həm də cəmiyyətdə mümkündür. Müsəlman qadın bunlardan hansını seçməlidir? İslam qadını ailədə, yoxsa cəmiyyətdə görmək istəyir? 
Qərbə nəzər yetirdikdə qadının sırf cəmiyyətə, müsəlman ailəsində isə qadının sırf ailəyə bağlı olduğu müşahidə olunur. Amma həqiqətdə İslam qadından nə gözləyir? Həm zərif, kövrək ürəkli, qayğıkeş, məhəbbətlə dolu və eyni zamanda şücaətli, şir ürəkli, fədakar olan qadın, bunlardan hansına daha çox yer verməlidir? 
Bu suallara cavab tapmaq üçün, bütün dünya qadınlarına misilsiz bir ideal olan, Fatimeyi Zəhranın (ə) həyat yoluna nəzər salaq. O hər cəhətdən qadın nümunəsi yaratmışdır. Fatimə (ə) «ataya necə qız, ərə necə həyat yoldaşı, övladlara necə ana və Allaha necə bəndə olmalı?» – suallarını cavablayaraq bizə necə yaşamağı öyrədir. Hələ qızcığaz ikən azadlıq mübarizəsinə qalxmış Fatimə (ə), üç illik mühasirədə öz səbri, Peyğəmbər (s) tənha olduğu vaxt «ataya analığı», Mədinədə böyük mücahid Əli (ə)-a qayğıkeş həyat yoldaşlığı ilə bizə işıqlı həyat yolunu öyrədir. Həmin qadın sadəcə nümunəvi övlad, ana, həyat yoldaşı olmaqla yanaşı ictimai həyatda da qadın üçün normalar yaratmışdır. O ailədə, cəmiyyətdə, millətin taleyində özünü məsuliyyətli hesab edən bir qadın idi. 
Cəmiyyətimiz ailələrdən təşkil olunduğuna görə ailə mövzusuna bir qədər işarə etmək yerinə düşərdi. 
Ailə cəmiyyətin bünövrəsi olduğundan, onun sağlamlığı cəmiyyətin sağlamlığıdır. Bütün insanlar qadın qucağında tərbiyə olunduğundan, qadın cəmiyyətin tərbiyə edicisi rolunu daşıyır. Kişi qadın tərbiyəsi alaraq meraca gedir. Qadın öz düzgün tərbiyəsi ilə insanlar yetişdirir, ölkələr abad edir. 
Bir şeyi də qeyd etməyim yerinə düşərdi ki, bütün İmamlarımızın anaları böyük hörmətə layiq olan xüsusi seçilmiş qadınlar olub. Necə ki, İmam Məhdinin (ə.c) anası Həzrət Nərgiz Allahın əmri ilə İmam Əsgəri (ə) üçün zövcə olaraq seçilmişdi və Rumdan İmamın (ə) hüzuruna gətirilmişdi. Bunun da səbəbi ananın övlada qoyduğu fövqəladi təsirdir. Əgər İmamların qardaşlarından hansısa günahkar olsaydı, onun başqa anasından olan qardaşı olardı. Bu da ona dəlalətdir ki, ana istəsə övladını imam kimi, istəsə cinayətkar kimi yetişdirər. Qadın yeganə varlıqdır ki, cəmiyyətə elə insanlar təhvil verə bilər ki, onların bərəkəti sayəsində nəinki bir cəmiyyət, hətta bir şox cəmiyyətlər düzgün istiqamətlənib böyük insani dəyərlərə malik olarlar. 
Fatimeyi-Zəhra (ə) bütün bu ailə vəzifələri ilə yanaşı İslamın təbliğində, cəmiyyətin hidayətində, ümmətin rəhbərliyində, siyasi məsələlərdə öz atası və həyat yoldaşı ilə həmkarlıq edərək köməyini əsirgəmirdi. Fatimə (ə) Əli (ə) ilə birgə Səqifə və Fədək hadisələrindən sonra, mühacir və ənsarilərin evlərində keçirilən iclaslarda iştirak edir, böyük şücaətlə həqiqəti camaata çatdırmaqdan çəkinmirdi. İslam mücahidlərinin susduğu bir zamanda da Fatimə (ə) ədalətsizlik qarşısında susmur, səhabələrin evlərinə gedir, ən mühüm adamlarla qarşı-qarşıya durub həqiqəti bəyan edirdi. 
Bəs, bizim cəmiyyətdə çox sürətlə dəyişməkdə olan qadın necə olmalıdır? Bu hər bir agah qadını maraqlandıran bir sualdır: «necə olmalıyam?»
Dövrümüzdə Fatimə (ə) hicabını geyinmiş bizlər, özümüzü onun davamçısı kimi təqdim edərək, ondan qalan irsin bir varisi kimi, cəmiyyətdəki vəzifəmizi bilməliyik. Bunu bilmək üçün isə əvvəl Fatimə (ə) şəxsiyyətinin bəşər həyatı üçün örnək alası nöqtələrini araşdırmalıyıq. 
Bəziləri Fatimə (ə) məktəbini düzgün dərk etməyərək, «Qadının məscidi evdir», «Xoşbəxt qadın odur ki, nə naməhrəm onu görsün, nə o naməhrəmi» kimi hədislərin mahiyyətini anlamayaraq, İslam adı altında qadının savadlanmasına qarşı çıxır, qadını cəmiyyətdən, dərs ocaqlarından, kitabxanalardan məhrum edir. Halbuki, İslam belə bir şüar vermişdir: «Elm hər bir müsəlman kişi və qadına vacibdir» Məgər müsəlman qadının idealı olan Fatimə (ə) belə idi? Məgər öz dövrünün diktatoruna amansız tənqidlər yağdıran Zeynəb (ə) belə idi? Bütün əzizlərini, o cümlədən, iki oğlunu şəhid vermiş Zeynəb (ə) qatil qarşısında sınmır, tipik müsəlman qadını tək üzülmür. O, öz şəhidləri ilə fəxr edərək Kərbəla səhnəsini gözəllik adlandırır. Fatimə (ə) və Zeynəb (ə) kimi xanımlar, qadınların idealları olmalı idi. Lakin qadın, İslami dəyərlərdən məhrum olduğu kimi, bu xanımları da olduğu kimi tanımaqdan məhrum qaldı və nəticədə «qərbləşərək» İslamdan uzaqlaşdı. Amma İslamın yox, öz xurafatları ilə saxta İslam yaratmaq istəyənlərin qəfəsindən, qadının savadlanmasını, cəmiyyətdə özünə yer tutmasını İslama müxalif bilən dar fikirlilərdən qaçdı. Ən dəhşətlisi də budur ki, qadın üçün qıfıllanmış qəfəs İslamın adına yazıldı. O İslamın ki, ilk dəfə qadına hüquq verərək onun üçün Fatimə, Zeynəb məqamı müəyyələşdirdi. 
Deyirlər qadın yalnız evdə oturub övlad tərbiyə etməlidir. Maraqlıdır, elmdən xəbərsiz bir qadın cəmiyyət üçün yararlı uşaq tərbiyə edə bilərmi? Bir millətin gələcəyini savadsız qadına etibar etmək olarmı? Cəmiyyətin yarısından çoxunu təşkil edən savadsızlaşdırılmış qadına, bütöv bir nəsli həvalə etsək, o gələcəkdən nə gözləyə bilərik? Fəsadla dolu dünyamızda zülmün ədaləti əvəz etməsi, dəyərsizliyin qiymətləndirilməsi də elə bu səbəbdəndir. Dini bu cür anlayan və dindarlıq bəhanəsi ilə qadını savadsız saxlamaq böyük qəbahətdir. İslam tarixini oxusaq, İslamda qadınların ictihada çatdıqlarının, təhsillə məşğul olub qiymətli əsərlər yazdıqlarının şahidi olarıq. 
İslam dini qadınların müəyyən hədd-hüdudları gözləməklə ictimai işlərdə iştirakının əleyhinə deyil. Müqəddəs qanunlarımız yalnız qadınlarla kişilərin bir-birinə qarışması ilə müxalifdir. Qadın nə həbs olunmalı, nə də tam azad şəkildə kişilərlə qaynayıb-qarışmalıdır. Nəzərdə tutulan əsas və mühüm məsələ onların arasında olan hədd-hüdudun qorunmasıdır. Allahın Rəsulunun (s) dövründən indiyə qədər müəyyən çərçivə və hədd-hüduda riayət olunmaqla qadınlar heç vaxt ümumi məclislərdə, ictimai yerlərdə iştirak etməkdən məhrum olmamışlar. 
Qadının ictimai işlərində hicabı bir maneə hesab edən, hicabı istedadi fəaliyyətlərin qüvvədən düşməsinə, əmək qabiliyyətlərinin itirilməsinə səbəb bilənlər də var. Qadın da kişi kimi zövq, fikir, düşüncə, zəka və iş görmə qabiliyyətinə malikdir. Allahın onlara bəxş etdiyi bu istedadlar əbəs yerə yaradılmayıb və onlar hökmən öz bacarıq və qüdrətlərini nümayiş etdirməlidirlər. Əgər yaradılışda hər hansı bir varlığa müəyyən bir iş görmək qabiliyyəti verilirsə, bu onların öz istedadlarını çiçəkləndirməyə haqqı olduğunu göstərir və bunun qarşısının alınması bir növ zülmdür. Qadının yaradılışının ona imkan verdiyi fəaliyyət növlərindən məhrum edilməsi təkcə ona qarşı olan zülm deyil, həm də cəmiyyətə qarşı olan böyük bir xəyanətdir. Allahın insana bəxş etdiyi təbii qüvvələrdən istifadə olunmasının qarşısını alan hər bir şey cəmiyyətin ziyanınadır. 
İnsan cəmiyyətin ən böyük sərmayəsidir. Qadın da insandır və cəmiyyət bu amilin fəaliyyətlərindən, onun istehsal qüvvələrindən bəhrələnməlidir. Bu amilin iflic vəziyyətə salınması və qüvvələrin korlanması, başqa sözlə, bir cəmiyyətin tən yarısının qüvvələrinin sıradan çıxarılması cəmiyyətin təbii hüquqlarının əksinədir.
İslamın geyim qanunu da heç vaxt qadınların evdə həbs olmalarına və onların istedadlarının çiçəklənməsinin qarşısının alınmasına səbəb olmur. Əksinə, islami hicab, qadın enerjisinin hədər getməməsinə səbəb olur. İslamda hicabın bünövrəsi cinsi ləzzətlərin ailə mühitində və qanuni həyat yoldaşında məhdudlaşması əsasındadır. İctimai mühit isə iş və fəaliyyət üçün nəzərdə tutulmalıdır. Bu səbəbdən hicab nəinki qadın qüvvəsini iflic vəziyyətə salmır, üstəlik cəmiyyətin iş qüvvəsinin artmasına da səbəb olur. 
Bəziləri də bunu irad tuturlar ki, İslamda qadın azad deyil, iqtisadiyyatla məşğul ola bilmir, öz maddi ehtiyaclarını təmin edə bilmir. 
İslam qadının iqtisadiyyatla məşğul olmasına müxalif deyil. Necə ki, Həzrət Fatimənin (ə) anası Həzrət Xədicə (ə) ona qalan irsi artırmağa çalışırdı. Əslində ailənin maddi ehtiyaclarının təmin edilməsinin qadının boynundan götürülməsi nöqsan yox, qadına verilən bir dəyər və qiymətdir və qadının üstünlüyü də elə bundadır. Bu vəzifə qadının öhdəsindən götürülməklə ona daha müqəddəs bir vəzifə verilmişdir: övlad tərbiyə edərək insan yetişdirmək. Qadında mövcud olan məhəbbət hissi ona övlad tərbiyəsinin həvalə edilməsinə səbəb olub. Əbəs yerə deməyiblər ki, anada olan məhəbbət, Allahda olan məhəbbətin bir cilvəsidir. Qadınla kişi arasında olan bu vəzifələri müqayisə etmiş olsaq, hansı daha dəyərli olar: işləyib evi təmin etmək vəzifəsi, yoxsa insan yetişdirmək? Düzdür ki, hərəsinin ayrı-ayrılıqda öz üstünlüyü var. Ancaq qadına verilən vəzifə müqabilində tutulan iradların necə əsassız olduğu göz önündədir. 
Qızların diri-diri basdırıldığı zaman, İslam qadına hüquq verərək bu əməlin qarşısını aldı. Qadını hətta öz şəxsi həyatına müdaxilə etmək haqqı olmadığı halda, İslam ona nəinki öz şəxsi həyatına, hətta bütün dini, siyasi, ictimai məsələlərdə belə öz rəyini söyləmək hüququnu verdi. Necə ki, tarixdə Həzrət Fatimənin (ə) ailə qurmasında atası, Allahın Rəsulunun (s) şəxsən qızından bu işə nəzər bildirməsini istəyərək, Peyğəmbərin (s) nə qədər qadın fikrinə əhəmiyyət verdiyinin, yaxud Peyğəmbərin Həzrət Əli (ə)-ı canişin təyin edərkən müsəlmanlardan aldığı beyət zamanı kişilərlə bərabər qadınları da şəxsi rəylərini bildirməkdən məhrum etmədiyinin şahidi oluruq. O bir qab suya Həzrət Əli (ə)-ın əlini salmasını əmr etdi. Sonra beyət əlaməti olaraq, qadınların da bir-bir o suya əllərini salaraq öz dini, ictimai, siyasi rəhbər seçimində iştirak etmələrinə fürsət yaratdı. 
İslamın qadını bu qədər əzizləyib ona dəyər verdiyini gördüyümüz halda, İslama «qadını məhdudlaşdıran», «çərçivəyə salan» kimi məntiqsiz iradlar tutaraq, böhtanlar atılır. 
İslamın ən dahi alimi, dünyada ilk İslam və Əhli-beyt inqilabı yaradan müdrik şəxsiyyət – Ayətullah Xomeyni (r), qadınların ictimai və siyasi fəaliyyəti barədə belə buyurmuşdur: «Qadınların aləmdə xüsusi yeri vardır. Bir cəmiyyətin səlah və fəsadı, o cəmiyyətdə yaşayan qadınların səlah və fəsadından aslıdır. Qadınların da kişilər kimi İslami cəmiyyətin qurulmasında iştirak etmək, rəy vermək və rəy almaq hüquqları vardır. Necə ki, ruhanilərin siyasətə müdaxilə etmək vəzifələri var, eləcə də qadınların da siyasətlə məşğul olmaq hüquqları vardır və bu onlara bir təklif və vəzifədir. Ümüdvaram qadınlar qarətçilər tərəfindən onlara təlqin olunmuş bu süni yuxudan, qəflətdən ayılıb, hamılıqla çiyin-çiyinə o biri aldanmışların harayına yetişəcək və qadınları öz ali məqamlarına hidayət edəcək. Ümüdvaram ki, müsəlman qadınlar başqa İslam ölkələrinin qadınlarının İslam inqilabı nəticəsində ecazkar dəyişikliklərini görüb ibrət alacaq və öz cəmiyyətlərini islah etməklə onları azadlıq və istiqlala çatdırmağa çalışacaqlar». 
Dövrümüzün vilayəti fəqihi – Ayətullah Xamenei belə buyurur: «Bizim etiqadımıza görə qadınlar hər cəmiyyətdə fürsət taparaq elmi və ictimai inkişafda, dünyanın idarəçiliyini öhdəliklərinə götürməkdə məsuldurlar. Bu cəhətdən qadın və kişi arasında fərq yoxdur. Bütün insanların yaradılmasında məqsəd kamala çatmaqdır. Bu səbəbdən də İslam insanın hər cəhətdən: elmi, fikri, ictimai, siyasi, ailəvi, mənəvi və s. cəhətlərdən kamala çatmasını tələb edir. İslam qadını dini, siyasi, ictimai, elmi, mədəni fəaliyyətlərdən məhrum etmir. Əksinə, İslam hicaba, islami həddə riayət etmək şərtilə bu işlərə rəğbətləndirir. Qadın qızlarımızı təhsildən uzaqlaşdırmamalıyıq. Onlara şərait yaradaraq elmləndirməliyik ki, bəsirət və agahlıq tapsınlar».
Fəsadların qarşısını almaq üçün xalqa «filan müğənniyə pərəstiş etməyin», «filan verlişə baxmayın», «filankəsi özünüzə ideal seçməyin», «bunlar insanı yoldan azdıran şeytanlardır» və s. demək lazım deyil. Xalqın böyük əksəriyyəti mütərəqqi və insani dəyərləri inkar etmir. Əgər Əhli-beyt olduğu kimi, təhrif olunmadan bəşəriyyətə təqdim edilərsə, yeganə münasibət – etiraf və təsdiq olacaqdır. Əgər bəşəriyyətə Fatimə (ə) siması düzgün təqdim olunarsa, onun necə düşündüyü, məsciddəki rolu, şəhərdəki fəaliyyəti, ailədəki çalışqanlığı, övladlarının tərbiyə üsulu, ərinə qayğısı, ictimai funksiyaları olduğu kimi işıqlandırılarsa, təkcə müsəlman yox, bütün həqiqət sevərlər onu ideal seçərlər. Xalq bu müqayisə olunmaz şəxsiyyətləri tanısa, qərb qadınını ideal bilməz. Axı qərbə, Avropaya vurğun bir qıza Fatiməni, Zeynəbi ideal göstərməyin faydası nədir? Artıq onun üçün televiziyada gördüyü müğənnilər, aktrisalar bütə çevrilmişdir. Bu bütü sındırmadan qadının diqqətini dini dəyərlərə yönəltmək mümkün olan iş deyil. Əvvəla qadın üçün müqayisə imkanı yaradılmalıdır. Onun təssəvüründə Fatimə (ə) surəti, Zeynəb (ə) qəhrəmanlığı canlandırılarsa, bütlər, ideallar onun üçün cılız və iyrənc görünər. 
Zeynəb (ə) Kərbəla inqilabının başlandığını gördüyü vaxt meydana atılır. Onu bu hərəkətə vadar edən qardaşı Hüseynə tərəfdarlıq hissi yox, Allah qarşısındakı məsuliyyət hissidir. O, bəşəri dəyərlər uğrunda mübarizə aparmağı öz insanlıq vəzifəsi bilir. O, şəhadət məqamınadək Hüseynlə oldu və Hüseynin şəhadətindən sonra cihad bayrağını öz əlinə aldı. Hüseynin öz qanı ilə yazdığı həqiqətləri, Zeynəb alovlu sözləri ilə davam etdi və əsirlikdə belə bir an da olsun susmadı. Zeynəb zalım hökümət qarşısında duraraq xütbə oxudu. O öz sözünü elə bir cəlladın qarşısında dedi ki, kişilər belə onun qarşısında nəfəslərini çəkməyə cürət etməzdilər. Amma o qorxmadı və Yəzidi məhkum edərək buyurdu: «Yəzid sən adam deyilsən, sən insan deyilsən....?» Onun dünyada yayılmış ədalət və azadlıq harayı, hətta qeyri-şiələrdə, qeyri-müsəlmanlarda belə, Əhli-beyt məktəbinə qarşı sevgi oyadır. Xilafət səltənəti dağıldıqdan sonra əsrlər ötüb. Amma ideal mübariz qadın obrazı, Zeynəbi (ə) tanıyanların qəlbində bu gün də yaşamaqdadır. Bu kimi qadınlar – günün, əsrin yox – günümüzün, əsrimizin idealıdır. 
Fatimənin (ə) haqqının müdafiəsinə gəldikdə isə, ondan hansı dərsləri alırıq? Fatimə (ə) ondan alınmış bağı qaytarmaq üçün mübarizə aparır. Amma bu sadəcə bağ mübarizəsi deyil. Əslində bu ədalətsizliyə, zülmə qarşı olan bir mübarizədir. Çünki bir kiçik bağdan ötrü bu qədər əziyyət çəkmək Fatimənin (ə) əzəmətli şəxsiyyəti ilə uyğunlaşmır. Fatimə (ə) Fədək uğrunda apardığı mübarizə ilə mövcud hakimiyyətin ədalətsizliyini sübuta yetirməyə çalışır. Əgər Fatimə (ə) daimi olaraq saxta xəlifə seçkisinə qarşı çıxırdısa, bu mövzunu bir nöqtədə məhdudlaşdırmamalıyıq. 
Əbu Bəkr və Ömər, mühacir və ənsarilərlə birlikdə «Peyğəmbər məscid»ində ciddi bir iclas təşkil etdiyi vaxt, gözlənilmədən İslamın əzəmətli qadınının məscidə daxil olması hamını dəhşətə saldı. O haqqı müdafiə etməkdən qorxmur, öz iti sözləri ilə düşmənin boynunu vururdu. O bu rəftarı ilə Mədinə şəhərini lərzəyə gətirdi. Camaat onun sözlərindən həyacanlanır, nalə-şivən səsləri ucalırdı. Budur İslam qadını! Şücaət dolu, izzət dolu, başıuca, zülm önündə sarsılmayan, haqqı deməkdən yorulmayan, cürəti ilə hamını heyrətləndirən, öz vəzifəsindən agah, böyük ruhlu, Qüdrətli Allaha söykənən, geniş dünya görünüşünə malik, dəyərli hədəflərlə yaşayan qadın! 
Belə qadınlara İslam tarixində çox rast gəlmək olar. 
Peyğəmbərin (s) dövründəki qadınların müharibə zamanı işi xəstələri müalicə etmə, yaralılara su paylama idi. Ancaq ehtiyac olarkən kişilərlə birlikdə müharibə səhnəsində iştirak edən qadınlar da çox olub. Onlardan ən mühümü «Nəsibə Ənsari»dir ki, Ühüd, Hüdeybiyyə, Xeybər, Hüneyn və başqa döyüşlərdə Peyğəmbərlə (s) çiyin-çiyinə döyüşmüşdür. Peyğəmbər (s) bu qadının şücaətindən heyrətlənərək buyurmuşdur: «Ühüd döyüşündə sağıma-soluma baxarkən Nəsibənin məni müdafiə edərək döyüşdüyünü gördüm». 
Müqəddəs İslam yolunda çalışaraq canından keçən ilk şəhid qadın Əmmar Yasirin anası, Süməyyə olmuşdur. O bu addımı ilə bütün müsəlman kişi və qadınlarına şəhidlik dərsi öyrətmişdir. 
Ühüd döyüşündə «Ümmü Əymən» ləqəbli bir qadın, müşrüklərin Peyğəmbəri (s) oxla nişan aldıqlarını gördükdə, Peyğəmbərin (s) müdafiəsi üçün özünü Həzrətə tərəf atıb boynundan yaralanmışdır. 
Döyüşlərdə qəhrəmanlıq göstərənlərin boynundan xüsusi boyunbağı asıldığı zaman, Xeybər döyüşündə Peyğəmbər (s) «Üməyyə Qəffari» adlı bir qadını da bu iftixara layiq görmüşdür. 
Peyğəmbərdən (s) sonra da İslam qadınlarının fədakarlıqları bitmək bilmirdi.
İbni Cəbəlin əmisi qızı Əsma döyüşdə öz çadırının dirəyi ilə doqquz rumlunu öldürmüşdür. 
Bu nümunələrdən biri də «Ümmi Həram»dır. O Allah yolunda cihad üçün dəniz səfərinə çıxmış və orada şəhid olmuşdur. 
Tarixdə iz qoymuş bu kimi qadınları çox nümunə göstərmək olar. Bunlara tarixin ötəri hadisələri kimi baxmaq olmaz. Bu mövzular hər zaman, həmçinin bu gündə aktualdır və təkrarlanmaqdadır. Sizdə belə bir sual yarana bilər: axı indi İslamı müdafiə edən bir müharibə yoxdur. Bəs, bu tarixi qadınları sadalamaqda məqsəd nədir? Məqsədimiz sizələrin əlinizə silah alaraq müharibə etməyiniz deyil. Əslində bu qadınlar bizlərə müharibə etməyi yox, haqq uğrunda və zülmə qarşı mübarizəni öyrədirlər. Onlar biz qadınlara öz imkanımız daxilində ya bir kəlmə sözlə, ya qələmimizlə həqiqəti yaymağı öyrədirlər. Budur Fatimə (ə) məktəbinin davamçıları. 
Fatimə (ə) öz dünyasını dəyişdikdən sonra da, həqiqət sevərlik, ədalət, fədakarlıq rəmzi olaraq qalır. O, bu günkü müsəlman qadına necə ana olmağı, Həsən, Hüseyn və Zeynəb kimi övladları necə tərbiyə etməyi öyrədir. O, sədaqətli həyat yoldaşı, ictimai xadim kimi aktual qadın nümunəsidir. 
Fatimə (ə) ölümü ilə də dərs verir: «Əli məni gizli dəfn et, qoy ətrafımda dövrə vurub əzadarlıq etməklə öz hakimiyyətlərinə dini don geyindirməsinlər». Hətta ölümü də vasitə bilib mübarizə aparan qadın. 
Gənclərimizin, xüsusilə xanımlarımızın, İslamın onlara verdiyi qiyməti, dəyərləri dərk etmələri ümüdü ilə sözümü tamamlamaq istəyirəm.
Rəvayətə görə, Qiyamət günü insanlar iki dəstəyə bölünəcəklər: kafirlər və möminlər dəstəsi və hər iki dəstə peşmanlıq içində olacaq. Kafirlər dəstəsinin hansı səbəbdən peşmanlıq içində olması məlumdur. Bəs, möminlər niyə peşman olacaqlar? Onlar: «Kaş dünyada daha çox xeyir işlər görərdik» – deyə peşman olarlar. 
Buna görə də Allahın bizə verdiyi bu ömür nemətinin qədrini bilərək, ondan minimum yox, maksimum istifadə etmək imkanını Uca Allahdan diləyək və Fatimə (ə) şəxsiyyətini, Fatimə (ə) məktəbini layiqincə dərk edərək başqalarına da çatdırmağı unutmayaq. 

Nərminə Zeynalova

kovser.az

Category: Xanimlar ucun ( | Added by: IslamQadini
Views: 1097 | Downloads: 0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]