«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Çərşənbə axşamı, 2024-04-23, 1:14 PM
Main » Files » İslamda nümunəvi qadınlar – Fatimə (ə) » AİLƏ ƏXLAQI

2011-02-03, 8:20 AM
1-Dərin sevgi
Əvvəldə qeyd etdik ki, ailənin iki mənəvi əsasından biri məhəbbət, digəri bağışlamaqdır. Evlənmənin üç hədəfi o zaman ödənilir ki, bu iki əsas möhkəm olsun. Ailədə məhəbbət və güzəştə getmək varsa, sakitlik və rahatlıq da olacaq. Onun sayəsində övlad tərbiyəsi də mümkün olur. Çünki sakitlik məhəbbət və güzəştə getmədən başlayır. Nəticəsi sakitlik olan evlənmənin hədəfinin bəyanından sonra dərhal məhəbbət və güzəştə getmədən danışılır. Çünki məhəbbətsiz, güzəştsiz ailədə sakitlik də ola bilməz. Söz-söhbət, qalmaqal olan ailədə övlad tərbiyəsi mümkün deyil.
Ona görə də Quran və rəvayətlər dəri sevgini təkid edir. Səy göstərilir ki, ər-arvad arasında mümkün qədər səmimi münasibətlər qurulsun və ixtilaf yaradan amillərdən çəkinilsin.
Qurani-kərim məhəbbəti qarşılıqlı bilir. Qadın kişini, kişi də qadını sevməlidir. Quran buyurur ki, məhəbbət iki tərəfin arasında qərarlaşıb. Rəvayətlərdə də kişinin qadına, qadının kişiyə məhəbbəti təkid edilib. Həyat yoldaşına məhəbbət nişanəsi, imanın böyüklüyüdür. İmam Sadiq (ə) buyurur: «İmanın artımı ailəyə məhəbbəti yüksəldir». Başqa bir rəvayətdə nəql olunur ki, ailəyə dərin sevgi peyğəmbərlərin əxlaq üsullarındandır. ("Bihar" 100)
Layiqli həyat yoldaşının xüsusiyyətlərindən biri də ərə dərin məhəbbətdir. («Vəsail» cild 14). Qadınların ən yaxşısı doğumlu, ərini sevən, pak qadınlardır.
Məhz əhəmiyyətli olduğu üçün ər-arvadın məhəbbəti ilahi nişanələrdən hesab olunur. Bu məhəbbət o qədər dərin və özünəməxsusdur ki, onu heç nə əvəz edə bilməz. Həzrət Peyğəmbərdən (s) nəql olunub: "Ər məhəbbətini heç nə əvəz edə bilməz». («Nurus-səqəleyn» cild 4). Əlbəttə, kişi üçün də yoldaşı ilə münasibət əvəz olunmazdır. Məhəbbətin əhəmiyyətli roluna görə onu dərinləşdirən amillər – məhəbbətin izharı, qarşılıqlı ehtiram, gözəl ünsiyyətə rəğbətləndirilir, onu zəiflədən amillərdən çəkindirilir. Bu iki qaydaya əməl etdikdə məhəbbət qorunur.

Məhəbbətin izharı
Bəli, məhəbbət ailə bünövrəsini mökəmləndirir. Amma onu dərinləşdirməkdən ötrü məhəbbətli olmaqdan əlavə bu məhəbbəti dil ilə izhar etmək lazımdır. Həyat yoldaşını sevdiyi halda bunu dilinə gətirməyənlər çoxdur. Hansı ki, rəvayətlərdə bizə göstəriş verilib ki, məhəbbəti dərinləşdirməkdən ötrü onu izhar edin. Həzrət Peyğəmbərdən (s) belə bir nurani hədis nəql olunub: «Ər öz arvadına izhar edərsə ki, mən səni sevirəm, bu heç vaxt onun xatirəsindən silinməz». ("Vəsail" c. 14) Bu ərin öz zövcəsi üçün ən gözəl cümləsidir. Diqqət edin, son Peyğəmbər (s) məhəbbəti artırmaq üçün nə yol göstərir! əlbəttə, bu qarşılıqlı olmalıdır. Qadın da öz məhəbbətini izhar etməlidir.

Qarşılıqlı hörmət
İnsan böyük şəxsiyyətə məxsusdur və öz insani kəramətinə bağlıdır. Buna görə də cəmiyyətdə alçalmaq, təhqir olunmaq istəmir. Başqalarının da təhqir olunması ona xoş gəlməməlidir.
Ailə kiçik bir cəmiyyətdir və ər-arvad müxtəlif şəraitlərdə bir-birinin hörmətini saxlamalıdırlar. Qarşılıqlı hörmət razılıq və məhəbbət yaradır, ailə mühitinə səmimiyyət bağışlayır.
İnsan övladlarının, qohumlarının, qonşularının hüzurunda öz həyat yoldaşı ilə ədəblə davranmalı, acı sözlərdən çəkinməlidir. Adam arasında həyat yoldaşının şəxsiyyəti qorunmalıdır. Həyat yoldaşını cəmiyyət içində yüngül tutmaq onun zehnində silinməz xatirələr qoyur. Quran bu barədə qısaca buyurur: «Həyat yoldaşınızla mərifətlə dolanın». ("Bəqərə" 228) İmam Baqir (ə) buyurmuşdur ki, həyat yoldaşı seçən adam onu əziz tutmalıdır. ("Bəhar" c. 100) Digər bir rəvayətdə isə həzrət Peyğəmbər (s) buyurur ki, həyat yoldaşını incidən şəxs həyat sevincini əldən verəcək. Layiqli qızlar üçün kamal və ədəb imtiyaz sayılır.

Xoşrəftarlıq
Xoşrəftarlıq başqalarının diqqətini cəlb edir, müvəffəqiyyətə səbəb olur. Əli (ə) buyurmuşdur ki, əlaqə və nüfuz yolu xoş rəftardır. ("Bəhar" 17)Xoş rəftar həyatı sakitlik, aramlıq, şadlıqla doludur. Əksinə pis əxlaq, tünd xasiyyət bədbinlik gətirir, ailə mühitini cəhənnəmə çevirir.
Dini əsərlərdə xoşrəftarlı olmaq dəfələrlə tapşırılmışdır. Qurani-kərim buyurur: «İnsanlarla xoş danışın». ("Bəqərə" 83)Həzrət Peyğəmbərdən rəvayət olunub: «Din qardaşınla xoş rəftar et». ("Kafi" c. 3) Yenə də buyurur ki, xoş rəftar kin-küdurəti aradan qaldırar. ("Kafi" c. 2)
Müsəlman müsəlmanla xoşrəftarlı olmalı, əxlaq qaydalarına riayət etməlidir. Heç zaman nəfs istəklərinin əxlaq ölçülərini üstələməsinə yol verməməlidir.

Xoşrəftarlıq meyarı
Rəvayətlərdə zikr olunmuş xoşrəftarlıq meyarlarından bəzilərini yada salırıq. İmam Sadiqdən (ə) sual olundu ki, xoşrəftarın həddi nədir? Həzrət buyurdu: «Xoşrəftarlığın həddi budur ki, səninlə əlaqədə olanlarla xoş davranıb, sərt olmayasan. Danışığın pak olsun. İstehza, təhqir, acı sözə yol verməyəsən. Başqaları ilə açıq üzlə davranasan». Diqqət edin qarşılıqlı münasibətdə üç mühüm meyar qeyd edilir.
Qarşılıqlı etimad və məhəbbət də xoşrəftarlığın əhəmiyyəti baxımından ər-arvad öz ünsiyyətlərində ehtiyatlı olmalı, bir-birləri ilə xoş rəftar etməlidirlər.
İki həyat yoldaşı ev və çöl çətinliklərinə dözməli, dolanışıq problemləri onları əxlaqi dəyərlərdən uzaqlaşdırmamalıdır. İnsanların kimliyi ictimai hadisələr zamanı aşkarlanır. Əgər ər-arvad həyat çətinliklərini xoş üzlə qarşılayarlarsa, bütün çətinliklər həll olar. Bu şəraitdə övlad tərbiyəsi də asanlaşar. Yox əgər çətinliklər dözümlə qarşılanmasa, yeni-yeni problemlər yaranacaq.
Buna görə də ər-arvada ailədə xoşrəftarlı, gözəl əxlaqlı olmaq təkidlə tapşırılır. Qurani-kərim buyurur: «Həyat yoldaşınızla mərifətlə dolanın». ("Bəqərə" 228) Eləcə də pis əxlaqlı şəxslə ailə qurmaq pislənir.

Kişinin ailədə cihadı
Qeyd etdik ki, kişinin öhdəsinə düşən böyük məsuliyyətlərdən biri də özünün, ailəsinin, övladlarının maddi təminat məsələsidir. Bu məsuliyyətin kişinin öhdəsinə düşməsinin səbəbi onun fərqli xüsusiyyətlərə malik olmasıdır. Kişi səy göstərib halal yolla öz həyatını təmin etməli, başqalarına möhtac olmamalıdır. Zəhmət çəkib işləməklə ailəni təmin etmək insanın, onun ailəsinin və cəmiyyətin fəxridir. Ona görə də islamda quruculuq işinə yüksək əhəmiyyət verilib və işsizlik, qarınqululuq, tənbəllik pislənir.
Peyğəmbər və İmamlar (ə) hər biri halal zəhmətlə məşğul olmuşlar. Əlbəttə halal ruzi qazanmaqla ehtiyacları təmin etmək asan iş deyil. Bəlkə də çox-çox çalışmaq lazım gəlir. Kimsəyə müftə ruzi yetirməyən Allah buyurur: «Yeri sizin üçün ram edən Odur. Onun qoynunda gəzin, Allahın ruzisindən yeyin. Axır dönüş də Onadır». ("Mülk" 15)Ruzi çalışmaqla qazanılar, müftə yox. Abadlıq, məhsuldarlıq, faydalı qazıntılar, düşünmə və çalışmaqla əldə edilir.
Kişi min bir əziyyətlə qazandığı ruzini açıq ürəklə, səxavətlə xərcləməlidir. Bu məsələdə ailəyə minnət qoymaq olmaz. Xəsislik kimi pis xüsusiyyətlərdən çəkinin. Ailəni təmin edib, ona minnət qoymaq insanın kiçikliyidir. Bunun nəticəsində ailədə məhəbbət əskilər, çəkilən zəhmətlər hədər gedər. Çünki kişi öz qazancından o vaxt faydalana bilər ki, açıq ürək, geniş qəlblə ailəyə məhəbbət hədiyyə etsin. yalnız bu şərtlər daxilində ruzi qazanmaq Allah yolunda cihadla yanaşı dayanar. ("Vəsail" c. 12)
Bəli, məhəbbət hədiyyə edən zəhmət cihadla yanaşıdır. Əksinə, çalışıla, zəhmət çəkilə, ehtiyaclar ödənə, amma bununla yanaşı pis əxlaqla davranıla – zəhmət hədərdir!
Əgər kişi ailəni təmin edərkən səxavətli, açıq qəlbli olarsa, ailənin sevincini artırar, məhəbbət dərinləşər, ailə bünövrəsi möhkəmlənər. Bu sayaq müsibət ehsan mərtəbəsindədir. Həzrət Peyğəmbər (s) buyurmuşdur: «Sizin ən yaxşınız qadınına, övladına, ailəsinə ehsan edəninizdir». ("Vəsail" c. 14) Başqa rəvayətdə: «Sizin ən yaxşınız həyat yoldaşı üçün ən yaxşı olanınızdır». Mən həyat yoldaşım üçün ən yaxşıyam. Ehtiyacların bu sayaq təmini ailə haqqında kişinin cihadıdır. Buna müqabilində qadının cihadı – ərə qayğı dayanır.

Ərə qayğı və ya qadının cihadı
Evdarlıq, yəni təmizlik, səliqə, evin bəzənməsi, övladlara diqqət, mətbəx səliqəsi bir ev sahibəsinin bacarığıdır ki, o, bu işlərlə ev mühitinə səfa verir, ərinin, övladlarının məhəbbətini qazanır. Amma öz şəxsi səliqəsinə, geyiminə, bəzək-düzəyinə məşğul olmaq qadının ər qarşısındakı məsuliyyətlərindəndir.

Qadının ərə qayğısında iki əsas
İslamda bu məsələyə lazımınca diqqət yetirilib. Qadın uyğun iki əsasa əməl etməklə ərin iffətinin və cəmiyyətin sağlamlığının qorunmasında mühüm rol oynayır.
Bir tərəfdən əri üçün münasib geyimlər geyinmək, özünü bəzəməklə ərinin diqqətini cəlb edir, onun nəfs istəklərini qanuni yolla ödəyir. Əri başqalarından gözünü çəkib, təkcə onu sevir. Bu əsasa riayət olunması bir məsuliyyət kimi təkid edilir. Hədisə əsasən həzrət Peyğəmbər (s) buyurur: «Qadın ən gözəl ətirlərlə ətirlənməli, ən gözəl üsulda bəzənməli, ən gözəl geyimlərini geyinməli və əri üçün hazırlanmalıdır». ("Vəsail" c. 14)
Bir nöqtəyə diqqət edilməlidir: Kişinin hüququ kimi bəyan edilən hazırlanmaq, ətirlənmək təkcə qadına aid deyil. Bu müştərək vəzifədir. Ər-arvadın iffətinin hifz olunmasında bu qaydanın mühüm rolu vardır. Rəvayətdə buyurulur: «Kişinin bu vəzifəyə əməl etməməsi qadının iffətinə zərbə vurulmasına səbəb olur». ("Vəsail" c. 14)
Yenə də buyurulur ki, təmiz, səliqəli, ətirli olmaq peyğəmbərlərin əxlaqındandır. Başqa bir rəvayətdə qadının ərindən başqasına görə bəzənməsinin qarşısı alınır.
Ziynətlərini göstərib, özünü tamaşaya qoymağa qadının haqqı yoxdur. Başqalarının diqqətini cəlb edəsi qeyri-münasib geyimlərlə qadın evdən bayıra çıxa bilməz. Belə hərəkət cəmiyyətin hisslərini qızışdırır, əxlaqsızlığa səbəb olur. Allah-təala buyurur: «Öz-özlüyündə görünən istisna olmaqla ziynətlərini başqalarına göstərməsinlər». ("Nur" 31)Hamıya aid olmaqla Peyğəmbərin (s) zövcələrinə buyurulur: «İlkin cəmiyyət dövründəki kimi açıq-saçıq olmayın». ("Əhzab" 33) Rəvayətlərdə də bu xoşagəlməz hal qadağan olunur. Hətta buyurulur: «Ərindən başqası üçün bəzənən qadının ibadəti və namazı qəbul deyil, özünü bu çirkinlikdən təmizləyənə qədər!» ("Vəsail" c. 14)
Peyğəmbərdən (s) rəvayət olunub ki, bir qadın ətirlənib evdən çıxarsa, evə qayıdanadək lənətlənər.
Bu qadının ərə qayğı məsələsində diqqət edəcəyi ikinci əsasdır. Başqa bir rəvayətdə bu iki əsas – özünü ər üçün hazırlamaq və başqalarının diqqətini cəlb etməmək qadının cihadı kimi qeyd edilir. Peyğəmbər (s) çox dəqiq və gözəl şəkildə bu xüsusiyyətləri qadının cihadı bilir.

Bu günümüzə sual
Doğrudanmı, bu iki əsasa əməl etmək cihad deyil?
Bu iki əsasa əməl etmək ərə qayğı deyil?
Bu iki əsasa əməl etməklə xanımlar özünün, ərinin, cəmiyyətin iffətini hifz etmirmi?
Bu Quranın həmin pak qadınlara etdiyi sitayiş deyilmi? «Əməli-saleh qadınlar itaət edib, Allahın himayəsi sayəsində gizli şeyləri qoruyub saxlayırlar». ("Nisa" 34)
Məgər cəmiyyətin əksər qadınaları bu əsaslara zidd hərəkət etmirmi?!
Azdırmı evdə pinti görkəmdə qalıb, bayıra çıxarkən saatlarla güzgü qabağında dayanan qadınlar?!
Budurmu ərə qayğı?
Bu sayaq rəftar əri evdən soyudub, çöldə günaha salmazmı?!
Bu sayaq rəftarlar cəmiyyəti günaha, hisslərin alovlanmasına sürükləmirmi?!

Ərə qayğı nə zaman cihaddır?
Bəli, ərə qayğı asan məsələ deyil və qadın ona heç də asanlıqla nail ola bilməz. Əgər Peyğəmbər (s) buyurursa ki, qadının ərə lazımınca qayğısı cihaddır, kişinin bütün həcc və cihad kimi əməlləri ilə yanaşıdır, demək bu sadə iş deyil. Ləyaqətli işlər kişi üçün necə çətinliklə ələ gəlirsə, qadın üçün də belədir. Əgər qadın böyük cihada-nəfsi susdurmağa nail olmayıbsa, bu mühüm işə də müvəffəq olmayacaqdır. Əslində ər qayğısı qadın üçün elə böüyk cihaddır və bunun yerinə yetirməklə qadın bütün fəzilət məqamlarında kişi ilə çiyin-çiyinə dayanır.
Ümid edirik ki, bu kiçik izahat uyğun şərif hədisin mənasını aşkarlayacaq və həzrət Peyğəmbərin (s) qısa bir buyruğunun dərin hikməti aydın olacaq.

Bura qədər deyilənlər
Bura qədər «ailə əxlaqı» adı altında ailə məhəbbəti, onun bünövrəsini möhkəmləndirən bəzi amillərdən danışıldı. Bu hissənin mövzularını belə ümumiləşdirə bilərik: İslam ailədə ünsiyyəti, ülfəti, məhəbbəti yaşadacaq bütün amillərə rəğbətləndirir. Qadın və kişi ailə mühitində qarşılıqlı anlaşmaya, sakitliyə çalışmalıdırlar. Ehtiyatlı olub, bir-birinin məhəbbətini qazanmalıdırlar.
Həyat yoldaşları bir-birinin zəhmətini qiymətləndirməlidirlər. Əgər kişi ailəni təmin etməyə məsuldursa, min bir əziyyətlə bu məsuliyyəti yerinə yetirirsə, öz qazancını minnət qoymadan, səxavətlə dolanışığa xərcləyirsə, qadın onun zəhmətini qiymətləndirib, açıq-qəlblə təşəkkür etməlidir.
Əgər qadın müxtəlif üsullarla ailə və evin təmiz saxlanması zəhmətinə dözməklə, ərə qayğı məsuliyyətini yerinə yetirməklə vəzifəsini layiqincə icra edirsə, ailəyə səfa və məhəbbət hədiyyə edir. Kişi də onun zəhmətini lazımınca qiymətləndirib, təşəkkür etməlidir.
Qadın və kişi istər ev, istərsə də evdən kənar işlərdə yekdil olub, bir-birinə yardım göstərməlidir. Kişi elə təsəvvür etməlidir ki, ev işlərinin ona dəxli yoxdur və bu məsuliyyət yalnız qadına aiddir.
Ər-arvad ev və ailə məsələlərində bir-birinə məsləhətçi olmalıdır. Məsləhətləşmə yalnız bir-birinin təcrübəsindən istifadə etmək üçün deyil. Bu yolla ailədə qarşılıqlı hörmət yaranır və ailə sevgisi dərinləşir.
Eləcə də ər-arvad səmimi olmalı, etimadsızlıq yaradan bütün şeylərdən çəkinməlidirlər.

Soyuqluq yaranmasından çəkinmək
Digər tərəfdən inamsızlıq yaradan bütün işlərdən ciddi şəkildə çəkinmək lazımdır. İki həyat yoldaşı soyuq münasibət, ədəbsiz danışmaqdan uzaq olmalı, bir-birlərini incitməməlidirlər. Ailədə ehtiramsızlıqdan, diqqətsizlikdən, dost-tanışa qarşı hörmətsizlikdən, ailə işlərinə laqeyidlikdən çəkinmək vacibdir.

Ailə işlərinə diqqət
Evdən kənarda işləyən kişi evə gəliş-gediş vaxtını tənzimləməlidir. Üzürsüz səbəbdən evə gəliş vaxtını dəyişməməlidir. Eləcə də qadın evdən kənarda işləyirsə, öz gəliş-gediş vaxtının tənzimlənməsinə kifayət qədər diqqətli olmalıdır.
Kişi işdən sonra ailə ağuşunda istirahəti özünə vacib etməlidir. Evdən kənarda istirahətlərdən, qayıtma vaxtına diqqətsizlikdən çəkinməlidir. İmam Sadiqdən (ə) nəql olunub: «Ailəsinin yaşadığı şəhərdə kişinin başqa yerdə istirahət etməsi düzgün deyil». ("Vəsail" c .14) Bəli, qadın və kişi soyuqluq yaradan bütün işlərdən uzaq olmalıdırlar. Ailənin ən mühüm əsası olan səmimiyyət və məhəbbətə bais olan bəzi əxlaqi məsələlərdən danışıldı.

2-Əfv və güzəştə getmək
Ailə bünövrəsinin ikinci əsası əfv etmək, güzəştə getməkdir. Cəmiyyətdə daim büdrəmələr, hüquq pozğuntuları olur. Bəziləri buna mübtəladır. İctimai münasibətlərdə büdrəməyən, kiminsə haqqını tapdalamayan adam azdır. Dinin ilk göstərişi başqalarının hüququnu gözləməkdirsə də, insan həyatı büdrəmələrsiz ötüşmür. Səhvlərdən ixtilaf, dava-dalaş yaranmaması üçün əfv etmək, güzəştə getmək əmr olunub. Bu xüsusiyyət insanın böyüklüyünə dəlalət edir. Dini əsərlərdə bu əməl təkid olunur, çünki güzəştə getmək düşmənçiliyi aradan qaldırır.
Bu insanın səhvini bağışlamaq düşmənçiliyin dostluğa çevrilməsinə səbəb olur. Mömin insanlar arasında düşmənçiliyi aradan qaldırmaq hünərdir.
Əfv və güzəştə getmənin ümdə rolu düşmənçiliyin aradan qaldırılması və onun dostluğa çevrilməsidir. Quran buyurur: «Yaxşılıqla pislik eyni ola bilməz! Sən pisliyi yaxşılıqla dəf et. Belə olduqda aranızda düşmən olan şəxsi sanki bir dost görərsən». ("Fussilət" 34)
Kiçik cəmiyyət olan ailədə də, güzəştə getmək eyni funksiyanı daşıyır. Müştərək həyatda bəzi büdrəmə baş verir və tərəflər bir-birlərinin hüquqlarını tapdalayırlar. Hansı ki, birinci göstəriş hüquqlara riayət etməkdir.

Səhv olubsa, nə etməli?
Əgər səhv olubsa, nə etməli? Səhvin ardınca düşüb, kiçiyi böyütmək, dava-dalaş salmaqmı? Yoxsa səhvi bağışlayıb səmimiyyətə, məhəbbətə yol açmaqmı? Quran və Əhli-beyt ikinci yolu göstərir.
İslam ailə əsaslarını möhkəmləndirmək üçün məhəbbətin qorunmasında səy göstərdiyi kimi, büdrəmələr zamanı da çalışır ki, güzəştə getməklə ixtilaflar aradan qalxsın.
Qurani-kərim ailənin bir əsasını məhəbbət, digərini əfv və güzəşt kimi bəyan etməklə buyurur: «Ər arvad arasında həm məhəbbət, həm də güzəşt qərar verildi ki, bir-birinin səhvini bağışlamaqla məhəbbəti möhkəmlətsinlər». Məhəbbət güzəştə, güzəşt isə daha böyük məhəbbətə səbəb olur.
Rəvayətlərdə də bu nöqtəyə işarə olunub ki, ailə münasibətlərində səhvlərə göz yumulsun. Belə olsa, həyat şirin və səmimi olar. İmam Sadiq (ə) buyurur: «Həyat yoldaşının təminatına, geyiminə diqqətli ol, onun səhvlərini bağışla». ("Vəsail" c. 14)

Eybi örtmək
İslamda mal və can kimi xalqın abır-isməti də möhtərəmdir. Kimsənin xalqın abır-ismətinə toxunmaq hüququ yoxdur. Başqalarının sirrini öyrənmək üçün axtarış, casusluq olmaz. Casusluq haramdır və bu Quran əmridir. ("Hücurat" c. 12)
Əgər biri təsadüfən digərinin sirrindən xəbərdar olmuşsa, onu yaymamalıdır. Sirrin qorunması hər bir müsəlman üçün vəzifədir.

Sirrin qorunması
Sirrin qorunması bir vəzifədir və ailə daxilində bu vəzifəyə əməl olunmalıdır. Ailə sirlərin açıldığı yerdir. Az adam öz sirrini həyat yoldaşından gizlədə bilər. Yaxın münasibət batini zahirə çıxarır. Ailə daxilində sirr saxlamağa imkan yoxdur. Bu sirr ailəyə məlum oludqda isə onun kənara çıxmasına yol verməməlidir. Ailə sirrinin açılması ailə əsaslarına zərbə vurur, onun adına nöqsan gətirir.
Qurani-kərim bu mühüm əsası kiçik bir cümlədən bəyan edib, ər-arvad haqqında buyurulur: «Onlar sizin, siz də onların libasısınız». Libas insanın eyblərini örtdüyü kimi, qadın və kişi də bir-birlərinin eyblərini örtüb, sirrlərini açmamalı, bir-birlərinin şəxsiyyətinin alçalmasına yol verməməlidirlər.
İki mehvərdə qələmə alınanlardan bəzisi əhəmiyyətli ailə əxlaqı əsaslarındandır. Növbəti hissədə zikr ediləcək məsələlər evlənmənin məqsədlərinə, layiqli övlad tərbiyəsinə nail olmaq üçün şərait hazırlayır.

Tərbiyə üsulu: Uşağın tərbiyə qəbulu
Uşaqlıq dövrü insanın formalaşdığı, tərbiyə qəbul etdiyi ən həssas dövrlərdəndir. Uşağın xoşbəxtlik və ya bədbəxtlik vədə edən şəraitdə doğulmasına baxmayaraq, onun tərbiyə qəbulunda həssaslığı hər şeyi dəyişə bilər. Uşaq xoşbəxtlik vəd edən şəraitdə doğulub, tərbiyə üsulunun pozulması ucbatından yolunu aza da bilər. Hər şey əksinə də ola bilər – şərait bədbəxtlik vəd edər, tərbiyə xoşbəxtliyə aparar.
«Vəsail»də uşaqlıq dövrü haqqında buyurulur: «Uşaq qəlbi hər toxumu qəbul edən torpaq kimidir». Təkid olunur ki, insanın tərbiyəsinə uşaqlıq dövründə əhəmiyyət verilməlidir. Əgər boş qəlb sahibi olub, ona toxum səpsən, sahibi də sənsən. Yubansan başqaları onu öz ixtiyarına alacaq. Uyğun bir misal: Ölü torpağın sahibi onu dirildəndir.
İmam Sadiq (ə) buyurmuşdur ki, azğın güruhlar sizin uşaqlarınızı və cavanlarınızı ələ keçirməmiş özünüz onlara sahib olub, ilahi maariflərlə tanış edin. ("Vəsail" 15)Digər bir rəvayətdə isə buyurulur ki, uşaqları, gəncləri ələ alın, onlar xeyr və səadətə yaxındırlar və tərbiyəni asan qəbul edirlər.
Əgər bu dövrdə düzgünlük və ya azğınlıq şəraiti yaranarsa, onu aradan qaldırmaq çox çətindir. Çünki rəvayətlərdə xəbərdarlıq olunub ki, uşaqlıq dövründəki bir təhrikedici səhnə həmişəlik qalacaq. ("Vəsail" 14) Ər-arvadın yaxınlıq etdiyi otaqda uşaq oyaqdırsa və ya onları görürsə, nəfəslərini eşidirsə, o uşaq heç zaman doğru yolda olmayacaq. Tərbiyə məsələlərində səhlənkarlıq, hətta bir əsasa əməl etmək qarşısıalınmaz nəticələrə gətirir. İslam tərbiyəyə o qədər əhəmiyyət verir ki, hətta uşağın hüzurunda təhrikedici səhnəni də qadağan edir.
Uşağın asan tərbiyə götürdüyünü nəzərə almaqla tərbiyə üsuluna diqqət edilməlidir. Bu işdə səhlənkarlıq rəva deyil. Bu böyük ilahi bir məsuliyyətdir. Heç bir iş Allah yardımı olmadan həyata keçmir və bu işdə də Ondan lazımınca yardım diləmək lazımdır. İmam Səccad (ə) bu işdə Allahdan yardım istəyərək ərz edir: «Xudaya, bizə övlad tərbiyəsində onlara ədəbdə və yaxşılıqda yardım et». ("Səifeyi-Səccadiyyə")
Allah-təala inkişafın müxtəlif mərhələsində pillə-pillə bizə yollar göstərir. Ümid var ki, Onun köməyi ilə bu üsulu öyrənib, tətbiq etməyə müvəffəq olaq. İndi uşağın müxtəlif inkişaf mərhələləri üçün tərbiyə üsullarının bəzilərini bəyan etdirik.

İnsan və təbii ehtiyaclar
İnsan bütün təbii istəklərdə – yemək, içmək, yatmaq, cinsi ehtiyacın təminində heyvanlarla müştərək olsa da, din insanın bütün bu istəklərinə ilahi rəng verir. Bütün hallarda insanın diqqətini Allaha yönəldir ki, insan heç vaxt öz Allahından qəflətdə olmasın.
Məsələn, göstəriş verilir ki, yeməyə Allahın adı ilə başlanılsın və Onun adı ilə yemək tamamlansın. ("Vəsail" c. 16)
Yatmaq barədə buyurulur ki, ilahi bir insan dəstəmaz alıb, üzü qibləyə yatmalı və «Ayətəl-kürsü», «Ayeyi-şəhidəllah», «Tövhid» və «Kafirun» surələrini oxumalı, Zəhra təsbihatını zirk etməli, tövbə etməli, Peyğəmbər (s) və Əhli-beytə salavat göndərməlidir. Qısası, öz nəfsini yuxu halında ruhları çıxaran Allaha tapşırmalıdır. «Allah canlarını onlar öldüyü zaman, ölməyənlərin canını isə yuxuda alar». ("Zumər" 42) Oyandıqdan sonra isə təşəkkür və həmdlə yanaşı dualar oxunmalıdır. Bütün şəraitlərdə, hətta təmizlik zamanı (çölə gedəndə) Allah xatırlanmalı, dildə Onun adı zikr edilməlidir. ("Bəhar" c. 1)

Yaxınlığın ədəbi
Cinsi ehtiyacların təminində məqsəd təkcə heyvani şəhvətin söndürlməsi olmamalıdır. Bu işdə də ilahi rəng vardır. Ona görə də müəyyən olunmuş qaydalara əməl etmək lazımdır. Yaxınlıq zamanı dəstəmazlı olmaq, üzü və ya arxası qibləyə dayanmamaq lazımdır. Allah xatırlanmalı, Ondan saleh övlad istənilməlidir. Yaxınlıqdan əvvəl iki rəkət namaz qılınmalıdır. Səhv düşüncələrdən, xəyaldan uzaq olmaq lazımdır. ("Vəsail" c. 14) Bütün iztirablı hallar uzaqlaşdırılmalıdır. ("Bəhar" c. 57)
Beləcə, cinsi istəklərin təminində, evlənmənin müqəddəs hədəfinə çatmaqda, layiqli övlad tərbiyəsində bu göstərişlərə əməl olunmalıdır. İnsanı heyvandan fərqləndirən bu qaydalara əməl etmək övladın talehində təsirlidir və tərbiyə üçün şərait yaradır.

Hamiləlik dövrü
İndi isə müxtəlif mərhələlərə aid dini göstərişlər: Haqqında danışdığımız ailə seçiminə, ailə əxlaqına və yaxınlıq qaydalarına əməl etməklə uşağın nütfəsi (mayası) Allahın xatırlanması ilə layiqli kişidən layiqli qadın bətininə köçür. Lakin uşağın formalaşdığı hamiləlik dövründə o, ananın bədənindən, ruhiyyəsindən qidalanır. Uşağın xoşbəxtliyi və ya bədbəxtliyinin müəyyənləşməsində başlıca rolu ana ifa edir. Pak bir bətn, ilahi düşüncəli təqvalı bir ana övladın səadəti üçün təminatdır. Əgər hamiləlik dövründə ana halal-harama baxmadan nə gəldi yeyirsə, bədbinlik, araqarışdırmaq, qeybət, böhtan, kin, yalan kimi günahlara batırsa, övladını azğınlıq və bədbəxtliyə aparır. Qısası, insanın formalaşmasında hamiləlik dövrü xüsusi əhəmiyyət kəsb edir. Həzrət Peyğəmbər (s) buyurur: «Hər bir insanın xoşbəxtlik və ya bədbəxtliyi ana bətnində müəyyənləşir». ("Bəhar" c. 5)
Bu dövrün əhəmiyyətini nəzərə alaraq, girami analar üçün vacibdir ki, hamiləlik dövründə qidalarına, düşüncələrinə diqqət etsinlər.

Uşaq doğulandan sonra
Uşağın tez təsirlənməsi nöqteyi-nəzərindən islam dini göstəriş verir ki, uşaq tohid nidası və ilahi maariflə tanış edilsin. Bu uzaq görənliyin səbəbi insanın həyata Allah adı ilə başlamasıdır. Bəziləri güman edə bilər ki, doğulan uşağın şüarı yoxdur və o yaxşını pisdən ayıra bilməz. Əslində isə belə deyil. İnsan dərkinin çox mərhələləri təbii və özündən xəbərsiz halda formalaşır. İnsan hələ kəşf olunmamış, sirli bir məxluqdur və onun daxili aləminə varmaq üçün xeyli tədqiqatlar lazımdır. İnsan dərkinin necəliyi aydın deyilsə, bu o demək deyil ki, insanın dərki yoxdur. Bir sözlə, uşaq şüurunun əsası elə doğulan ana aiddir. Ona görə də Allah-təala göstəriş verir ki, doğum halında uşağın qulağına tohid nidası deməklə uşaq ilahi maariflə tanış edilsin. Həzrət Peyğmbər (s) buyurur ki, uşaq anadan olanda onun sağ qulağına əzan, sol qulağına iqamə deyin. Bu uşağın Şeytandan qorunmasına səbəb olar. Əzan və iqamə ilahi maarif üsulunu əks etdirir. ("Vəsail" c. 5)

Südəmərlik dövrü
Əsrimizdə ana südünün körpənin inkişafına, fiziki və mənəvi sağlamlığına təsiri aşkardır. Əgər bu günkü elm aləmi ana südünün təsirini illərlə təcrübədən sonra dərk etmişsə, Peyğəmbər və onun Əhli-beyti (s) əsrlərcə əvvəl ana südünün əhəmiyyətini xatırlamışlar. Həzrət Peyğəmbər (s) buyurur: «Körpə üçün ən yaxşı qida ana südüdür». ("Bəhar. c. 100) Həzrət Əli (ə) buyurmuşdur ki, övlad üçün heç bir şey ana südü tək bərəkətli deyil. ("Vəsail" c. 15)
Bu gün elmin uşaq qidalanması ilə məşğul olan bölməsi ana südü olmadan sağlamlığı qeyri-mümkün hesab edir. Beləcə islamın fiqhi hökmlərinin əhəmiyyəti üzə çıxır. Şəhidi-əvvəl kimi şiə fəqihləri övladına doğuş südü verməyə onlara vacib buyururlar.
Ana südü qida maddələri ilə zəngin bir nemət olmaqla yanaşı ananın fiziki və mənəvi keyfiyyətlərini övlada ötürür. Bu təkcə uşağın öz anasına aid deyil. Ümumiyyətlə söhbət uşağa süd verən qadından gedir. Ananın döşündə süd olmaması və ya digər səbəbdən uşağa süd vermək üçün dayə də tutula bilər. İslam dayənin xüsusiyyətlərini bəyan edir. Övladınız üçün ləyaqətli, pak, ağıllı dayə seçin. Çünki südün rolu o qədər böyükdür ki, xarakteri dəyişə bilər. ("Vəsail" c. 15)
Həzrət Əlidən (ə) nəql olunur ki, övladlarınıza kimin süd verdiyinə diqqət edin. Çünki uşaq südlə inkişaf edir. ("Vəsail" c. 15)
Buna görə də süd verən qadın öz ruhi vəziyyətinə və yeməklərinə nəzarət etməlidir. Pak ruh, pak niyyət, günah xatirlərdən uzaq, imkan olsa dəstəmazlı halda süd verilməlidir. Uşaq süd yeyərkən yaxşı olar ki, ana Allahı zikr etsin, Quran oxusun. Ana şübhəli, haram yeməklərdən çəkinməlidir. Haram tikə ana ruhiyyəsində, övlad tərbiyəsində pozuculuq işi aparır. Ona görə də qadın hamiləlik dövründə pis fikirlərdən, haram qidalardan ciddi şəkildə pəhriz etməlidir. Ananın hər növ nöqsanlardan çəkinməsi övlad tərbiyəsində böyük rola malikdir. Məlumdur ki, ilahi göstərişlərə etinasızlıq uşağa mənfi təsir göstərəcək və cəmiyyətin nifrətinə səbəb olacaq.
Category: AİLƏ ƏXLAQI | Added by: IslamQadini
Views: 1941 | Downloads: 0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]