«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə günü, 2024-03-29, 9:15 AM
Main » Files » İslamda nümunəvi qadınlar – Fatimə (ə) » AİLƏ ƏXLAQI (ardı)

2011-02-03, 8:48 AM
Uşağa məhəbbət
Əvvəlki hissələrdə qeyd edildi ki, ailə bünövrəsinin əsasını məhəbbət təşkil edir. İslam məhəbbəti möhkəmlədəcək bütün amilləri alqışlayır və əksinə soyuqluq yaradan səbəbləri pisləyir. Ailə uşaq üçün o zaman münasib olur ki, dərin sevgi ilə əhatələnsin. Ər və arvad bir-birinə sevgili olduqları kimi övladlarına da məhəbbət göstərməlidirlər.
Uşağa məhəbbət sakitlik, istedadların inkişafı, onun şəxsiyyətinin hifzi səbəbidir. Bu məhəbbət onun ruhi sağlamlığını təmin edir.
Bütün insanlarda, bəlkə də heyvanlarda da övlad sevgisi var. Lakin bu sevgini dərinləşdirmək, tərbiyə əsaslarını möhkəmləndirmək üçün ciddi göstərişlər verilmişdir. Övlada məhəbbət ata və ananın mənəvi dərəcəsinin yüksəlməsidir. İmam Sadiqdən (ə) rəvayət olunub ki, hər öpüş müqabilində behiştdən bir dərəcə nəsibiniz olacaq. ("Vəsail" c. 15) Başqa bir rəvayətə görə övladı öpmək ata və ana üçün savab gətirir. ("Vəsail" c. 15)

Məhəbbətdə ifrat, həddi aşma
Məhəbbət həddi aşıb ifrata varmamalıdır. Uşağa biganəlik (təfrit) onun tərbiyəsinə mənfi təsir göstərdiyi kimi, ifrat məhəbbət də uşağı ata-anaya sıx bağlayır və bir müddət sonra uşağ sərbəst, azad yaşamaqda çətinliyə düçar olur. İfrat məhəbbət uşağı inkişafdan saxlayır, onun ruhuna dağıdıcı təsir göstərir, nəhayət, onu puça çıxarır.
Məhəbbət o zaman müsbət hesab olunur ki, orta həddə olsun.


Uşağa ehtiram
Uşağın şəxsiyyətini qaldırmaq üçün ona ehtiramla yanaşılmalıdır. Uşaq zərif ruhuna görə öz kəramətinin izharına meyllidir. Ona ehtiram göstəriləndə diqqət cəlb olunur, daxili istəklər ödənir.
Dini tərbiyə üsulunda uşağın təhqiri, sərtliklə danlanması pislənir. Çünki danlamaq nəinki uşağı islah etmir, həddi aşanda onu sırtıqlaşdırır. Həzrət Əlidən (ə) nəql olunub: əgər uşaq səhv etmişsə, onun səhvini sadə və məntiqi bir dillə anlatmaq gərəkdir. Səhvə görə danlaq onun istedadını məhv edir və bundan çəkinmək lazımdır.
Əksinə uşağı tərif etmək, ona hörmətlə yanaşmaq istedadları çiçəkləndirir. Ona görə də dini göstərişlərdə bu nöqtəyə əhəmiyyət verilir və bizə buyurulur: «Övladlarınıza ehtiram göstərin. İmam Sadiq (ə) buyurur ki, övladlarınıza ehtiram göstərin, onları yaxşı tərbiyə edin ki, sizin mükafatlanma və bağışlanmanıza səbəb olsun». ("Bəhar" c. 101)
Həzrət Peyğəmbər (s) uşaqlara ehtiram göstərərdi. Rəvayət olunur ki, Həzrət (s) məhəllənin uşaqlarına salam verərdi. Aydındır ki, Peyğəmbər (s) kimi bir şəxsiyyətin uşaqlara və cavanlara salam verməsi onlarda necə müsbət bir təsir qoyurdu. Bu əməl onların şəxsiyyətini ucaldırdı. Onu da qeyd edək ki, Peyğəmbərin (s) salam verməsi təsadüfi olmayıb, bir-başa onun xarakteri ilə bağlıydı. Nəql olunur ki, Peyğəmbər (s) buyurub: «Mən beş şeyi heç vaxt unutmuram ki, məndən sonra qayda olsun – onlardan biri uşaqlara salam verməkdir». ("Bəhar" c. 16)

Özünü uşaqla eyni tutmaq
Uşağın diqqətini cəlb etmək, onun şəxsiyyətini ucaltmaq üçün doğru tərbiyə üsullarından biri özünü uşaqla eyni tutmaqdır. Ata-ana, tərbiyəçi özünü uşaqdan yuxarı tutanda və onunla ünsiyyətdən qaçanda qarşılıqlı olaraq uşaq da bu etinasızlığı hiss edib, onlardan uzaqlaşır. Beləcə, uşaq ehtiyac duyduğu ünsiyyətdən məhrum olur.
Uşaqda məhəbbət və ünsiyyət azlığının qarşısını almaq üçün ata-ana, tərbiyəçi özünü uşaqla eyni səviyyədə tutmalı, onunla uşaq dilində danışmalıdır. Hətta onlarla birgə oynamaq da lazımdır. Bu əməl uşağın fövqəladə sevincinə bais olacaq və onların məhəbbəti qat-qat artacaq.
Özünü uşaqla həmyaşıd kimi aparmaq onun şəxsiyyətli olmasına gətirib çıxarır. Əgər bir şəxs özünü uşaqla eyni tutub oynadığı vaxt uşaq səhv edirsə, bu vaxt onun islah edilməsi üçün əlverişli şərait yaranır. Onun şəxsiyyətinə hörmətlə yanaşıldığı bir vaxt həmişəkindən daha asan tərbiyə etmək mümkündür.
Bir sözlə, övlad tərbiyəsində dini göstərişlərdən biri özünü uşaqla eyni tutmaqdır. Peyğəmbərdən (s) nəql olunub ki, yanında uşaq olan şəxs özünü onunla eyni tutub, uşaq dilində danışmalıdır. ("Vəsail" c. 15)
Həzrət Əlidən (ə) nəql olunmuşdur: «Uşağı olan şəxs onunla uşaq kimi davranmalıdır».
Böyük islam Peyğəmbəri (s) və İmamlar (ə) da uşaqlarla mehriban, səmimi olub, özlərini onlarla eyni tutmuşlar. Peyğəmbər (s) Həsən və Hüseynlə (ə) oynayar, onlar Həzrətin kürəyinə minərkən O, deyərdi: Nə yaxşı atınız var! ("Bəhar" c. 43)

Danışıqda, rəftarda uyğunluq
Uşağın qəlbi və ruhu güzgü kimi əks götürür. Nəinki söhbətdən nümunə götürür, hətta ətrafındakıların rəftar və əməlləri də onda təsir qoyur.
Buna görə də istər ata-ana, istərsə də tərbiyəçi layiqli övlad tərbiyə etmək istəyirsə, onun təqvaya, paklığa çağırmaq arzusundadırsa, əvvəlcə özü təqvalı, pak olub, əməllərinə nəzarət etməlidir. Belə ki, onda kiçik də olmuş olsa, nöqsan müşahidə edilməməlidir. Çünki uşaq ata-anada nöqsan, yalan, etibarsızlıq, vədə xilaflıq görəndə özü də əxlaqa zidd addımlar atır. Bundan sonra saatlarla nəsihətin heç bir təsiri olmur.
Bu səbəbdən də övladını fəzilətə çağıran valideyn özü fəzilət nümunəsi olmalıdır. Dedikləri ilə əməlləri arasında uyğunluq hökm sürməlidir. Güc çatmayan şeyə uşağa vədə verməmək, vədə verdikdə onu yerinə yetirmək lazımdır. Peyğəmbər (s) buyurur: «Övladlarınızı sevin, onlarla mehriban davranın, onlara vədə verəndə yerinə yetirin. Onlar sizi özlərinə qəyyum bilmirlər, sizə göz dikmişlər». ("Vəsail" c. 15)

Danışıq və rəftarda ədalət
Hər bir insanın, xüsusilə uşaqların fitrəti meyarları tapdayan nahaq ayrıseçkilikdən narazıdır. Fəzilət və kəramət istəyən hər bir adam danışıq və rəftarlarındakı ədalətsizliklərdən əzab çəkir. Uşaq lətif ruha malik olduğundan ədalətsizlik onu daha çox incidir. Xüsusilə ata-ana və ya tərbiyəçinin ədalətsizliyi uşağın sınmasına, təhqirinə, istedadlarının ölməsinə gətiriö çıxarır.
Buna görə də uşaqlar arasında ədalətə riayət olunması düzgün tərbiyəvi və dini üsullardandır. Ata-ana geyim, yemək, oyuncaqla təminatda, hətta baxmaqda, öpməkdə belə övladlar arasında fərq qoymamalıdırlar.
Müəllim və ya tərbiyəçi də uşaqlara məsuldur. O da öz rəftarında meyarları gözləməli, elmdən kənar bir şeyə görə uşaqları fərqləndirməməlidir.
Bundan əlavə uşaq nümunə götürəndir. O, müəllimin yaxşı xüsusiyyətləri ilə birgə pis xüsusiyyətlərini də ölçü götürür. Uşaq valideynlərindən və ya müəllimlərindən ədalətsizlik görəndə özü də ədalətə, meyarlara etinasız olur.
İmam Sadiqdən (ə) nəql olunub ki, övladlarınıza yaxşılıq edərkən ədalətə riayət edin. Necə ki, öz aranızda ədalətin bərqərar olmasını istəyirsiniz. ("Bəhar" 101)
Nəql olunur ki, bir şəxs övladlarını öpərkən fərq qoydu. Həzrət Peyğəmbər (s) etiraz etdi ki, nə üçün fərq qoyursan! ("Vəsail" c. 15)

Uşaqlar arasında təşviq və rəqabət
İnsan fitrəti kamillik və fəzilət sorağındadır. İslam da kamillik və fəzilət dini olduğundan bəşəriyyətin fitrətinə uyğundur. İslam uşağın tərbiyəsində, onun kamillik və fəzilətə dəvətində tənbeh və zora yol vermir. Uşağı öz dilində başa salmaqla, təşviq etməklə onun istedadları kamilliyə yönəldilir. Əgər bir uşaq bilməzlikdən səhv etmişsə, onu dərhal tənbeh etmək olmaz. Onu pis işlərin nəticəsi ilə tanış etməklə, kamilliyə həvəsləndirməklə səhvlərdən çəkindirmək lazımdır.
Əgər bu işlər cavanı pis işlərdən çəkindirməkdə təsirsiz olarsa, islam heç vəchlə günahla razılaşmadığından son tədbir kimi tənbehdən istifadə etmək olar. Ona görə də islami hökumət, hakim göstəriş verir ki, günahkar şəxs yetkinlik yaşına çatmasa da tənbeh olunsun. İmam Sadiqdən (ə) belə nəql olunur ki, yetkinlik yaşına çatmamış günahkar tənbeh olunsun. ("Vəsail" c. 18) Əlbəttə ki, burada tənbeh hakimdən və həmin gəncin tərbiyəsinə məsul olan şəxsdən aslıdır.
Amma islamın üsulu, tərbiyə yolu təşviqdir. İstər fəzilətə dəvətdə, istərsə də günahdan çəkindirməkdə təşviqin rolu böyükdür. Təşviq yalnız sözdə məhdudlaşmır. Kamilliyə yiyələnmək üçün uşaqlar arasında rəqabət yaratmaq, onlara özlərini aşkarlamaq üçün imkan vermək lazımdır. Onlara lütf və məhəbbət göstərmək, kamillik və hünərə görə fərqləndirmək məqsədəuyğundur. Qabiliyyətə görə fərqləndirmə özü bir ədalətli tərbiyə üsuludur. Sənət öyrədilməsi bəhsində deyiləcək ki, üstünlük göstərən uşaqlara hədiyyə verilməsi necə də zəruridir. Peyğəmbər (s) və imamların həyatında da bu qaydanı müşahidə edə bilərsiniz. Mənəviyyat və fəzilətcə başqalarından fərqlənənlərə daha artıq məhəbbət göstərilməsi mənfi fərqləndirmə deyil. Quranda həzrət Yəqubun (s) övladları haqqında buyurulur: Bir zaman belə demişdilər: «Biz bir dəstə olduğumuz halda Yusif və onun qardaşı atamıza daha əzizdirlər». Quran bu fikri inkar etmədiyindən məlum olur ki, malik olduqları ləyaqətlərə görə Yəqub bu iki övladını daha artıq sevmiş və düzgün ölçülərlə onları fərqləndirmişdir. Yəqub (ə) məsum peyğəmbərlərdəndir və günahdan uzaqdır. Onun mövqeyini, yolunu Quran təsdiq edir.
İmam Sadiqin (ə) həyatından nəql olunur ki, İmam (ə) oğlu Abdullahı nəsihət edəndə Abdullah ərz etdi: «Məgər Musa ilə mən eyni kökdən deyilikmi?! Atamız və əslimiz birdir. Bəs nə üçün Musaya daha çox diqqət yetirilir?»
Abdullahın bu sualı Yusifin qardaşlarının mövqeyinə uyğundur. İmam Sadiq (ə) Musaya daha çox diqqət yetirməsinin səbəbini belə izah edir: «Musa mənim canımdır, amma sən mənim övladlarımdan birisən». İmam (ə) bu cümlə ilə Musanın ləyaqətini bildirir.
Bu həqiqət imam Museyi Kazimin (ə) (Musanın) öz dilindən də nəql olunmuşdur. Ondan soruşulanda ki, övladlar arasıda fərq qoyula bilərmi? Belə buyurub: «Bəli, atam mənimlə qardaşım Abdullah arasında fərq qoyardı». Bu qayda başqa imamların haqqında da nəql olunub. ("Vəsail" c. 15)
Beləliklə, ilahi meyarlara, ləyaqətlərə görə uşaqları fərqləndirmək peyğəmbərlər məktəbinin təkididir. Əgər qardaşları Yusifi sevimli olmasına dözməyib, günah etdilərsə, bu onların öz səhvləridir. Əgər onlar öz fitrətlərinin, vicdanlarının səsinə qulaq assaydılar, həmin mövqedə dayanmazdılar. Çünki hər bir insanın vicdanı düzgün ölçülərlə fərqi qəbul edir. Uşaqlar arasında biri öz bacarığına görə fərqləndirilirsə, bu diqqət o biri uşaqları naharat etmir. Əksinə, onlar da daha çox məhəbbət qazanmaq, fərqlənmək üçün həvəslənir, səy göstərirlər. Uşaqlara və cavanlara əzab verən haqsız, yersiz fərqləndirmədir.
Buna görə də tərbiyə üsullarından biri uşaqları kamillik və fəzilətə həvəsləndirmək, müsabiqələr keçirmək, düzgün ölçülər əsasında onları fərqləndirməkdir.

Uşağı azad buraxmaq
Uşağa nəzarət etmək, onu nöqsanlı işlərdən çəkindirmək ata və ananın vəzifələrindəndir. Amma bu nəzarətdə ifrata varıb, uşağın oyunlarına məhdudiyyət qoymaq olmaz. Uşaq azad buraxılmalıdır ki, öz meyli istədiyi zaman oyuncaqlarla və ya uşaqlarla oynasın. Yəni hansı oyunu seçmək onun öz ixtiyarında olmalıdır. Bu azadlıq onun istedadını inkişaf etdirər, şəxsiyyətini ucaldar. Uşaqlarda oyuna böyük meyl var və onları azad buraxarkən razı qalırlar. Dini göstərişlərdən biri də uşağı yeddi yaşınadək azad buraxmaqdır. İmam Sadiq (ə) buyurur ki, övladlarınızı yeddi yaşınadək azad buraxın, oynasınlar.("Vəsail" c. 15)

Dost tapmaq
Dost və ya yoldaşın insana, xüsusi ilə uşaqlara böyük təsiri vardır. Uşaq öz yoldaşından daha tez qəbul edir, rəng götürür.
Dostun təsirinin nəzərə alaraq, islam ləyaqətsiz adamlarla yoldaşlıqdan çəkindirir və mərifətli adamlarla yoldaşlığı tövsiyə edir. Yoldaşlığın mənfi və ya müsbət təsirindən, xüsusi ilə bu yoldaşlıq uzun sürdükdə, insan öz əqidəsini dəyişə bilər. Axirət dünyasında həqiqətlər üzə çıxarkən dostların azğınlığa çəkdiyi adamlar əzaba düçar olar və arzu edərlər ki, kaş günahkarlarla yoldaşlıq etməyəydilər. «Vay halıma, kaş filankəsi özümə yoldaş etməyəydim». ("Furqan" 28) Həzrət Peyğəmbərdən (s) nəql olunub ki, insan öz dost və yoldaşlarının dinində, məsləkindədir. ("Vəsail" c. 8)
Qeyd edildiyi kimi uşaqların və gənclərin mənəviyyatında dostların rolu böyükdür. Onların ruhu lətif olduğundan təsir altına tez düşür. Ona görə də uşağın dostlarına diqqət yetirilməlidir. Küçəyə, məktəbə yola salınan uşağa başa salınmalıdır ki, ləyaqətsiz adamlarla yoldaşlıq etmək olmaz. Dini tərbiyə üsullardan xəbərdar ailədə böyümüş uşaq və gənc cəmiyyətə çıxıb, pozğun adamlarla əlaqədə olduqda bütün dəyərləri unudub, günaha rəğbətlənir.
Bəli, uşaqlar və cavanlar daim bu təhlükə ilə üzbəüzdürlər. Bu sahədə valideynlərin vəzifəsi çox ağırdır. Uşağın yoldaşları təhqiq olunmalı, dini və əxlaqi cəhətdən müsbət uşaqlarla yoldaşlığa icazə verilməlidir. Övladlar pusquda dayanmış «Şəyyad» tələsindən qorunmalıdırlar.

Ötən ənənələri gənclərə qəbul etdirməmək
Bütün hadisələr kimi cəmiyyət də daim dəyişikliklərə məruzdur. Adət-ənənələr, münasibətlər, mədəniyyətlər, sənət, texnika daim hərəkətdədirlər. Bu dəyişiklər sürətlə həyata keçir. Təqribən otuz ildən bir nəsil dəyişiklikləri ilə yanaşı adət-ənənələr, ictimai münasibətlər də sürətlə dəyişir. Növbəti nəsildən əvvəlki nəslin mədəniyyətini gözləmək olmaz və bu mədəniyyət yeni nəslə zorla qəbul etdirilməməlidir. Ona görə də ata-ana övladlarından öz uşaqlıq dövrələrinin adət-ənənəsini gözləməməlidir. Çünki artıq bir nəsil dəyişilmiş və yeni mühit yaranmışdır.
Gözləmək olmaz ki, övladlar valideynlər kimi geyinsin, onlar kimi bəzənsin, onlarla eyni ictimai münsibətdə olsunlar. Hər kəsin öz səliqəsi vardır. Valideynlər və tərbiyəçilər diqqətli olmalıdırlar ki, keçmişin mədəniyyətini gənclərə zorla qəbul etdirmək olmaz.
Bu məsələdə sübuta ehtiyac olmasa da, Əlidən (ə) bir rəvayətə müraciət edirik: «Ataların adət-ənənəsini övladlara qəbul etdirməyin. Çünki onlar sizinkindən fərqli bir dövr üçün yaradılmışdır.

Din təlimi
Dinin öyrədilməsi diqqətediləsi tərbiyə məsuliyyətlərindəndir. Əvvəlki hissələrdə deyildi ki, anadan olan uşağın sağ qulağına azan, sol qulağına iqamə deyilsin. Bu uşağı səthi də olsa, ilahi maariflə tanış etmək, qəlbində Allah eşqini cücərtmək üçündür.
Bu qayda uşağın inkişaf mərhələlərinə uyğun olaraq davam etməlidir. İnsan fiziki və mənəvi cəhətdən inkişaf etdikcə pillə-pillə ilahi hökmlərlə tanış olmalıdır. İmam Sadiqdən (ə) belə nəql olunur: «Uşaq üç yaşına çatdıqda ilahi maariflə tanış etdirilməlidir. Dörd yaşa yaxınlaşanda peyğəmbərlik maarifi ilə tanış olmalı, beş yaşa çatanda sağ əli soldan ayıra biləndə üzü qibləyə dayanıb səcdə etməli, altı yaşda namaz qılıb, rüku və səcdəni yerinə yetirməlidir. Yeddi yaşa çatmış uşağa dəstəmazın bəzi qaydaları öyrədiləməli, xülasə, doqquz yaşda dəstəmaz və namaz tam təlim olunmalıdır». ("Vəsail" c. 15)
Diqqət edirsinizmi ki, rəvayətdə dinin öyrədilməsinə necə əhəmiyyət verilir? əlbəttə ki, bu iş ehtiyatla, tədricən, uşağı dindən soyutmadan həyata keçməlidir. Həvəsləndirməklə, asta-asta dini məfhumlar anladılmalıdır.
Digər bir rəvayətə görə yeddi il oyun, yeddi il Quran öyrədilməsi, yeddi il də halal və haramın tanıtdırılmasıdır. ("Vəsail" c. 15)
Əlbəttə, rəvayət bu işdə vaxt qoymur, sadəcə işin tədricliyini nəzərə çatdırır. Məsələn, ilk yeddi ildə mümkündür ki, uşaq oynamaqla yanaşı dini biliklərə də yiyələnsin. İkinci yeddi ildə Quranı üzünə oxumaqla yanaşı dini elmlərdən də faydalanmaq olar. Qısası bu prosesin tədricən, pillə-pillə inkişafı nəzərdə tutulur.
Belə ki, Peyğəmbərdən (s) bir rəvayətdə buyurulur: «Övladını öpən şəxsə bir savab yazılar, övladını sevindirən şəxsi Allah-təala qiyamət günü sevindirər, övladına Quran öyrədən şəxsin qiyamətdə ata-anası çağırılar, onlara elə libaslar hədiyyə olunar ki, behişt əhlinin çöhrəsi işıqlanar». ("Vəsail" c. 15)
Başqa bir rəvayətə görə Peyğəmbər (s) buyurub ki, övladlarınızı yeddi yaşında ikən namaza vadar edin. ("Bəhar" c. 101)
Bu nöqtə həzrət Fatimənin (s) həyatından xatırlanılır ki, həzrət (s) öz övladlarının tərbiyəsində onların dini elmlərlə tanış olmasına nə qədər əhəmiyyət verib, hətta Qədr gecəsi uşaqları sübhədək oyaq saxlamağa çalışırdı.
Uşaqlara və gənclərə din öyrədilməsi olduqca əhəmiyyətlidir. İlahi maarifi hamıdan asan onlar qəbul edirlər. Ona görə də bu nəsil üçün büdrəmə qorxusu çoxdur. Bunun qarşısını almaq üçün təkid olunub ki, öz uşaqlarınıza və gənclərinizə sahib olun, nə qədər ki, azğınlar onların sorağına gəlməyib. ("Vəsail" c. 15) Bunun səbəbini imam Əli (ə) belə bəyan edib: «Uşağın və cavanın qəlbi boş torpaq kimidir». ("Vəsail" c. 15)
Boş torpağı dirildən onun sahibidir. Çalışın ki, uşaqlarınızın qəlbini dini elmlərlə dirildin, onların iman nurunu və fitrətini çiçəkləndirin. Belə olsa, günahdan qorunar, azğınların toruna düşməz.

Nur surəsi və ailənin qorunması
Qurani-kərim ardıcıl olaraq ailə məsələləri, ailə əsasları, ailə hökmləri və əxlaqı haqqında söhbət açır. «Nur» surəsində paklıqdan, evlənmədən əvvəlki qorunmalardan danışılır. Ailə qurmaq göstərişi də bu surədə buyurulub. Eləcə də qadın və kişi baxışlarının naməhrəmdən qorunmasından söhbət gedir. Xanımların biganə nəzərlərdən çəkinməsindən danışılır. Ailə və cəmiyyətin iffətinə təcavüz edən günahkarların tənbehi qeyd edilir. İftira deməklə ailə hörmətini ləkələyənlərdən söhbət açılır. Qısası, bu surədə uşağın psixoloji sağlamlığının qorunması, ən kiçik qıcıqlandırıcı hallardan pəhriz olunması tapşırılır. Ona görə də demək olar ki, «Nur» surəsi ailənin qurulmasını nəzərdə tutur. Ailəyə toxunulmazlıq verən bu mövzu ilahi ayətlərdən bilinir. Surənin əvvəlində bu nöqtəyə işarə olunur ki, bunlar ilahi dəlillər və insanın tənbeh olma səbəbləridir.

Quran və uşağın psixoloji sağlamlığı
Mübarək «Nur» surəsi ailə haqqında bir çox məsələlərə toxunub. Bunların bir hissəsi birbaşa tərbiyə üsulu haqqındadır. Buna görə də surənin 57-ci ayəsi ətrafında bir neçə mühüm tərbiyəvi məsələyə toxunuruq.

Müqayisə
Tarixin təfsir etdiyi «dünənki» və bizim şahid olduğumuz «bu günkü» cəmiyyət insanı hörmətdən salmış, həya pərdəsini yırtmış, zahirən insani həyat, əslində isə heyvani bir həyat olmuşdur.
Dünənin abırsızlığı o yerə gedib çatmışdır ki, Allahdan xəbərsiz insan çılpaq şəkildə bayıra çıxır, hətta bu şəkildə Allah evinin təvafına gedirdi!
Bu günsə mədəni adlanan bir cəmiyyətdə həmin cahil mədəniyyət qiyafəsini dəyişərək üzə çıxmış, bəşəriyyətin əxlaq və hissiyatı məhv olmaq təhlükəsi ilə üzləşmişdir.
Bu gün elmi-texniki tərəqqinin nailiyyətləri sayəsində bütün cəmiyyətlər rabitə və mədəniyyət nöqteyi-nəzərindən bir ailə formasını almışdır. Allahdan, vəhydən xəbərsiz əxlaqsızlıq mədəniyyəti ciddi bir təhlükə olmuşdur. İlahi dəyərlər unudulmuş, onların yerini azğınlıq tutmuşdur.
Pozğun qərb mədəniyyəti nəzərincə hansı qəzet və jurnal əxlaqsızlığa daha çox yer verirsə, o qəzet, o jurnal ən böyük tirajla çap olunmalıdır. Hansı televiziya şəbəkəsi əxlaqsızlığı daha aşkar nümayiş etdirirsə, ətrafına daha çox tamaşaçı toplayacaq.
Bu gün peyk antenələri bir qüvvələrin ixtiyarındadır ki, insani dəyərləri nəzərə almadan ən qısa zamanda istədikləri filmi, səhnəni bütün cəmiyyətlərə nümayiş etdirirlər. Təhrikedici səhnələr əxlaqa zidd məsələni açıq-aşkar təlim edir. Bu həyasızlıq bir həddə çatıb ki, Allahın and içdiyi qələm bunları yazmağa xəcalət çəkir.
Siz əziz oxucular bu «mədəniyyəti» Quran və Əhli-beyt mədəniyyəti ilə müqayisə edin. Bir mədəniyyət ki, uşağın hüzurunda qızışdırıcı səhnələrə, əxlaqa zidd hərəkətlərə yol verilir, bu mədəniyyəti müqayisə edin. Qoy, islamla bu günkü mədəniyyətin fərqi aydınlaşsın. Əslində onlar müqayisə ediləsi deyil.
Hər halda bu məqsədlə mübarək «Nur» surəsindən qısaca zikr edək: «Ey iman gətirənlər, göstəriş verin ki, qulam və kənizləriniz, eləcə də yetkinlik yaşına çatmış övladlarınız gündə üç dəfə otağınıza daxil olmaq istəyəndə icazə alsınlar – biri sübh namazından əvvəl, ikincisi günorta, üçüncüsü şam namazından sonra. Çünki bu üç vaxt sizin istirahət vaxtınızdır və yataq paltarında olursunuz».

Yataq otağı
Bu üç vaxtda elə bir haldasınız ki, kimsənin bu halda sizi görməyi xoşagəlməzdir. İcazə alınmalıdır. Aydındır ki, bu üç vaxtın xüsusiyyəti yoxdur. Yəni istənilən vaxt sizin istirahət vaxtınız ola bilər və övladlarınız otağa icazəsiz daxil ola bilməzlər.

Evdə geyim
Bütün hallarda ata və ana yataq paltarı ilə övladlarına görünməməlidirlər. Qeyri-münasib geyimdə övladların hüzuruna çıxmaqdan ata da, ana da çəkinməlidirlər. Onların hüzurunda ən kiçik qızışdırıcı səhnəyə də icazə verilmir. İmam Sadiq (ə) buyurur: «Bu üç vaxt sizin istirahət vaxtınız olduğundan icazə alınmalıdır». ("Vəsail" c. 14)
Qurani-kərim tərbiyə üsuluna o qədər əhəmiyyət verir ki, Quran ağuşunda böyüyən uşaqlar mənəviyyatca sağlam tərbiyə olunurlar. Quran psixoloji sağlamlığa diqqət olunmasını vacib bildirir.
Növbəti ayədə yetkin cavanlar haqqında buyurulur: «Onlar da sair yetkinlik yaşındakılar kimi daxil olanda icazə almalıdırlar». ("Nur" 59) Qurani-kərimin ciddi əhəmiyyət verdiyi bu mühüm tərbiyə qaydası Quran bilicisi Əhli-beyt tərəfindən daha ətraflı şərh olunmuşdur. Onların bəzilərini qeyd edirik.

Uşaq və təhrikedici səhnələr
İslamın ciddi göstərişlərindən, tərbiyə üsullarından biri budur ki, uşaq olan otaqda qadın və kişi yaxınlıq etməməlidirlər. Bu hərəkət uşağın talehini təhlükəyə salır. Olsun ki, bu əməl uşağı çaşqınlığa salar və heç zaman zehnindən silinməz. Diqqət edin: İmam Sadiqdən (ə) nəql olunur: «Heç kəsin haqqı yoxdur ki, uşaq olan otaqda yaxınlıq etsin. Çünki bu əməl uşağı azdırıb, günah və zinaya səbəb olar». ("Vəsail" c. 14)
Yenə də həzrət Peyğəmbərdən (s) nəql olunur: «Bir şəxs uşağın oyaq olduğu otaqda yoldaşı ilə yaxınlıq etsə, uşaq onları görüb, nəfəslərini eşitsə, heç zaman doğru yol tutmaz. İstər bu uşaq oğlan olsun, istərsə də qız fərqi yoxdur». ("Vəsail" c. 14)
Bu barədə rəvayət çox olsa da, onlardan yalnız ikisi ilə kifayətlənirik. Çünki bu tərbiyə üsulunun əhəmiyyəti həmin iki rəvayətdən yaxşıca anlanılır. Ən əsası budur ki, cəmiyyət bu dəyərli üsula bağlanıb, ona riayət etsin.

Növcəvanın yatağı
Bu mövzuda digər əhəmiyytli bir məsələ cavan şəxsin yatması və oyanmasına diqqət etməkdir. Hətta həddi-büluğa (yetkinlik) çatmış, cinsi istəklər oyanmamış oğlanların və ya qızların çarpayısını ayırmaq göstərişi verilmişdir. On yaşından etibarən yataqlar ayrılmalıdır. Həzrət Peyğəmbərdən (s) belə nəql olunub: «Oğlanların, oğlan və qızın, eləcə də qızların yatağı on yaşından ayrılmalıdır». ("Vəsail" c. 15)
İmam Sadiqdən (ə) digər bir rəvayətdə nəql olunub: «On yaşından etibarən uşaqların yatağı ayrılmalı, onlar bir yerdə yatmamalıdırlar». ("Vəsail" c. 15)
Bu qayda böyüklərə də aiddir. Ata altı yaşından yuxarı qızı ilə bir çarpayıda yata bilməz. Ana isə on yaşdan yuxarı oğlu ilə birgə yatmamalıdır. İmam Sadiqdən (ə) altı yaşlı qız barədə soruşulanda buyurub: «O kişi çarpayısında yatmamalı, kişi onu öpməməlidir». ("Bəhar" c.101)
Yenə də həzrət (ə) buyurub ki, on yaşından etibarən oğlanlar və qadınlar ayrı olmalıdır. ("Vəsail" c. 15)

Digər bir əsas
Rəvayətdə bəyan edilmiş digər bir əsas atanın altı yaşlı qızı ilə təmasını pisləyir. Qız altı yaşına çatdıqda heç bir kişi ilə təmasda olmamalıdır. İmam Sadiqdən (ə) rəvayət olunur ki, qız altı yaşına çatdıqda heç bir kişi, hətta atası onu öpməməlidir. ("Vəsail" c. 14) Oğlan uşağı yeddi yaşından etibarən heç bir qız və qadınla təmasda olmamalıdır. ("Vəsail" c. 14)
Deyilənlər Peyğəmbər (s) Əhli-beytindən nəql olunmuş xüsusi diqqət haqqında göstərişlərdir. Əlbəttə ki, tərbiyə üsulu bu qədər yığcam deyil və biz bəzi məqamlara toxuna bildik. Bu mövzunu tam əhatə etmək ayrıca bir tədqiqat işidir.

Deyilənlərin xülasəsi
Bu hissədə deyilənlər: Həyat yoldaşı seçiləndə meyarlar, evlənmədən məqsəd, ailə əxlaqı, ailə bünövrəsi, ər-arvad münasibətləri, doğulanadək və anadan olandan sonrakı tərbiyə üsulu. Bu hissədə evlənənin, ailə əxlaqının, tərbiyə üsulunun, əhəmiyyəti barəsində imkan qədərində danışıldı. Sevimli oxucular islam dininin ailə və övlad tərbiyəsinə nə qədər əhəmiyyət verdiyinə şahid oldular. Övlad tərbiyəsinə necə başlamağı öyrəndilər. Dini və əxlaqi məsələlərin necə pillə-pillə öyrədilməsi valideyn və tərbiyəçilərin nəzərinə çatdırıldı.
Bu hissədə sizə aydın oldu ki, islam uşaqların paklığına, psixoloji sağlamlığına nə qədər diqqət yetirir, hansı proqramları təqdim edir və necə təkid edir.

Mədəni təcavüzlərə qarşı
İndi özünüz fikirləşin, bütün bu deyilənlərə əməl olunarsa, uşaqlar və gənclər düşmən «mədəniyyətlərin» təsiri altına düşərlərmi? Bu qaydalara əməl etmək biganələrin «mədəni» hücumları ilə mübarizə aparmaq deyilmi? Bu üsullara əməl olunması ailələri, övladları və cəmiyyəti təhlükələrdən qorumurmu?
Əgər doğrudan da dini göstərişlərə əməl olunması cəmiyyəti təhlükədən qurtarırsa, gəlin, bu göstərişlərə bağlanaq. Gəlin, evlənmə, ailə təşkili, ailə əxlaqını islami meyarlar əsasında quraq. Gəlin, düşmənin hücumlarına qarşı cihad edək və bu cihad həmin qaydalara əməl etdikdə bəhrə verir. Gəlin, cəmiyyətimizi əxlaqsızlığa sürükləyən qərb və şərq mədəniyyətlərinə göz dikməyək.

Gənclərin evlənməsi
Əgər uşaqlar yetkinlik yaşına çatanadək bu qaydalara əməl etsək, münasib fürsətdə evlənmə və ailə təşkilinin başlanğıc şərtlərini onlar üçün hazırlayırıq. Evlənmənin ilkin şərtlərini övlad üçün hazırlamaq valideynin və tərbiyəçinin vəzifəsidir. İmam Sadiq (ə) buyurur ki, atanın öhdəsində olan övlad hüquqlarından biri də onu yetkinlik yaşında evləndirməsidir. ("Vəsail" c. 15)
Evlənmənin xərclərini azaltmaqla cəmiyyətimizin gənclərini yerbəyer edib, onları biganələrin mədəniyyət tələsindən qurtara bilərik. Gənclərin pozulmasının səbəbi uyğun məsələlərə biganəlik, tərbiyə gedişindəki səhlənkarlıqları-mızdır. Bəzilərimiz övladlarımızı öz başına buraxır, onlara istədiyi kimi boy atan bitki kimi yanaşırıq. Sanki bunun bizim üçün heç bir fərqi yoxdur. Uşağın geyiminə, ayaqqabısına, papağına onun tərbiyəsindən daha çox diqqət yetiririk.
Hər halda bu zəruri üsul tanıtdırıldı. Mövzudan kənara çıxsaq da imkan daxilində ailə və tərbiyə məsələlərindən danışıldı. Ümid edirik ki, alimlər, qələm sahibləri, bu barədə məsuliyyət hiss edən əzizlər daha yaxşı və daha artıq çalışacaq və bu mövzunun əhəmiyyəti cəmiyyətimiz üçün aydınlaşacaq. Bu gün və gələcəkdə cəmiyyətimizin başlıca məsuliyyəti tərbiyə üsulları ilə tanışlıq və ona əməl olunmasıdır. Təəssüf ki, cəmiyyətimizin müxtəlif təbəqələri üçün bu mövzuda ədəbiyyatlar çox azdır. Ümid edirik ki, bu sahədə daha çox diqqət yetiriləcək.
İndi isə əsas söhbətimizə, kamillik nümunəsi olan bir xanımın – Fatimənin (s) həyatının bəyanına qayıdaq.

Müəllif: Həbibullah Əhmədi  

Category: AİLƏ ƏXLAQI (ardı) | Added by: IslamQadini
Views: 1123 | Downloads: 0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]