«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə axşamı, 2024-04-25, 1:17 PM
Main » Files » İslamda nümunəvi qadınlar – Fatimə (ə) » BİRİNCİ FƏSİL HƏZRƏT FATİMEYİ-ZƏHRANIN (S.Ə.) HƏYATINA BİR BAXIŞ

2011-02-03, 6:44 AM
Fatimə (s) dünyaya gəlməmişdən
İnsan talehində, onun səadət və bədbəxtliyində əbi-əcdadın, xüsusi ilə ata və ananın necəliyi təsirli amillərdəndir. Övladın talehində ata-ananın iki rolu vardır. Bunun biri genetik (vərasət) amilidir. Valideynin cismi və ruhi xüsusiyyətləri gen yolu ilə övlada ötürülür. İkinci amil isə övladın formalaşmasında ata-ananın birbaşa təmas yoludur.
Övladın talehində ananın rolu hamıya aydındır. Çünki hamiləlik dövründə körpənin mayası (cənin) ananın bir üzvü kimi qida və ana ruhiyyəsindən faydalanır. Uşaqlıq dövrü də ardıcıl şəkildə ananın himayəsində keçir. Buna görə də dini yazılarda ananın əhəmiyyətli rolu gözəl və dəqiq ibarələrlə vurğulanır.
Həzrət Peyğəmbərdən (s) nəql olunmuşdur: «Hər kəsin səadət və xoşbəxtliyi ana bətnində müəyyənləşir.» ("Bəhar" c. 5)Yenə buyurulur: «Övladın dünya və axirət səadətinin müəyyənləşməsində öz tərbiyəvi rolunu ifadə edən anadır.» ("Vəsail" c. 15)
Ananın diqqətsizliyi övladın azğınlığı və bədbəxtliyi ilə nəticələnir. Dini yazılarda valideynin əhəmiyyətli roluna əsasən göstərişlər verilir və haram tikənin təhlükəsi qeyd edilir. Yaxınlıq, hamiləlik, çağalıq, hətta nütfənin formalaşması dövrünə aid göstərişlər vardır ki, övlad cismən və ruhən sağlam doğulsun, cəmiyyətə düzgün tərbiyə ilə qədəm qoysun.

Fatimənin (s) atası
Fatimənin (s) atası bəşəriyyətin ən şərəflisi, rəhbəri və müəllimi, hətta ülul-əzm peyğəmbərlərin üstünüdür.
İlk yaranmış o həzrətdir. ("Bəhar" c. 15) Varlıq aləmi ona xatir xəlq edilmişdir. ("Bəhar" c. 15) Bütün insanlar, hətta peyğəmbərlər onun rəhmət və kamal bayrağı altındadır. ("Bəhar" c. 39) Həzrət ilk və son peyğəmbərdir. ("Bəhar" c. 16)
Fatimənin (s) atası o şəxsdir ki, adı və fəziləti aləmi bürümüşdür. Həmin şəxsdir ki, xarkteri sübhan Allah tərəfindən imzalanmışdır. Həmin şəxsdir ki, yaranmış üçün mümkün olan son yaxınlıq dərəcəsinə yüksəlmişdir. Bu həmin məqamdır ki, müqərrəb vəhy mələyi Cəbrəil (ə) onunla yoldaşlığa dözmür və «bir az da yaxınlaşsam qanadların gül olar» deyə etiraf edir. ("Bəhar" c. 18)

Fatimənin anası
Fatimənin anası qaranlıq cahiliyyət şəraitində islam Peyğəmbərinə iman gətirmiş ilk müsəlman qadın idi. O, bütün sərvətini islamın genişlənməsi üçün Peyğəmbərin (s) ixtiyarında qoydu. Həmin bu pak və düşüncəli qadın bütün insanların həqiqətlə vuruşduğu cəhalət və xurafat dövründə risalətə, vəhyə, Qurana iman gətirdi. Bu qadının haqqında həzrət Peyğəmbər (s) buyururdu: «Xədicənin misli harada tapılar! O məni elə bir vaxtda təsdiq etdi ki, hamı təkzib edirdi.» («Səfinətül-bihar» cild 1). Həmin bu qadındır ki, dünya qadınlarının nümunəvi və böyük xanımlarından biri və Allahın seçilmişi. «Bəhar»-ın 43-cü cildində deyilir: «Sübhan Allah qadınlar arasından dördünü (Məryəm, Asya, Xədicə, Fatimə) seçdi.

Fatimənin (s) vücuda gəldiyi zaman
Məhəmməd (s) kimi ata, Xədicə (s) kimi anadan, Peyğəmbərin (s) həssas nübuvvəti dövründə, yəni qırx gün ev və ailədən uzaqlıqdan, ibadətə vardıqdan, qeybi feyzlərdən faydalandıqdan, meracda behişt meyvələrini daddıqdan sonra Zəhra (s) nütfəsi yoğruldu. Bəli, Zəhra (s) behişt meyvələrindən bir şirədir ki, yer aləminə qədəm qoymuşdur.
Həzrət Peyğəmbər (s) buyurur: «Meraca getdiyim zaman Cəbrail (ə) məni behiştə daxil edəndə behişt xurmalarından daddım. Meyvələr nütfəyə döndü. Yerə qayıtdıqdan sonra Xədicə ilə yaxınlıq etdim və Fatimənin nütfəsi yoğruldu. Fatimə insan simasında bir huridir. Behişt qoxusu arzulayanda onu Fatimədən alıram».
Bəli, Fatimə (s) behişt meyvələrinin şirəsidir. Orada meyvələrin qəbulu, burada Fatimənin yaranışı! Həzrət Peyğəmbərin (s) qeybi və ilahi elm və maarifə vardığı həssas bir dövrdə Zəhranın (s) nütfəsi yoğrulur. Bu xüsusiyyətlər dünya qadınlarının tacı olan fərdin tərbiyəsinə şərait yaradır. Bu Fatimə vücudunun özünəməxsusluğudur ki, məna aləminə bir belə bağlıdır. Amma Fatimə (ə) xilqətinin həqiqəti və nuru zaman, məkan tanımır.

Fatimənin (s) anadan olması və ya əbədi günəşin doğması
Besətdən (peyğəmbərliyə çatandan) beş il sonra Cəmadiüs-sani ayının iyirmisində qeybi ruzilərin bəhrəsi yer üzündə təcəlli etdi, Zəhra ulduzu doğuldu. Məhəmməd (s) və Xədicə (s) evi Fatimənin mələkuti nuru ilə işıqlandı. Pak və oxşarsız atadan, pakizə bir anadan bir körpə dünyaya gəldi ki, aləmi sahilsiz kamillik dəryasında qərq etdi. Qısa və bərəkətli ömründə bəşəriyyəti təəccüb və heyrətə gətirdi. Əgər mələklər insan xilqətinin əsrarından xəbərdar olsaydılar, bilsəydilər ki, Adəm nəslindən belə bir əxlaqi fəzilətli, ilahi sifətli insan ərsəyə gələcək, ilahi məhzərdə «Adəmi nə üçün yaratdın?» deyə sual verməzdilər. («Bəqərə» surəsi, ayə 30). Çünki mələklər insan deyildikdə yalnız günahkar və fəsad törədən adamları təsəvvür edirdilər. Onlar insanın Fatimə sayaq uca məqamından xəbərsiz idilər. Qarşısında səcdə qıldıqları Zəhra (s) indi də mələklərin sevimlisidir.
Bu gün söhbət Məhəmməd (s) «kövsərinin» cari olmasından, sahilsiz kamal dəryasının sədasından, nəhayətsiz mələkut rəhmətindən, daim yaşıl qol-budaqlı, dərin kök atmış paklıq şəcərəsinin (ağacının) yüksəlməsindən gedir. «Xoş bir söz kökü yerdə möhkəm olub, budaqları səmaya ucalan gözəl bir ağac kimidir». ("İbrahim" 24) Bütün bəşəriyyət onun səmərəsindən faydalanır.
Zəhranın (s) doğum günü kamil insan simasının parladığı, islamın nümunəvi xanımının doğulduğu gündür. İmamətin on bir parlaq ulduzunun anası odur. Bəzi rəvayətlərə görə Zəhra Qədr gecəsidir. Ustadların təbirincə, axı necə də Qədr gecəsi olmasın, məgər on bir natiq, danışan Quran bu gecədə (Fatimədə) nazil olmadımı!
Bu gün söhbət fəzilətlər anasının, dünya qadınlarının tacı, Məhəmmədin (s) gözünün nuru, yarı canı, qəlb meyvəsi Zəhranın viladətindən gedir. Həzrət onun haqqında buyurub: «Atan sənə fəda olsun». Bu gün söhbət əbədi parlaq fəzilət günəşindən, imamət ulduzlarının mehvərindəndir. Zəhra nuru zaman və məkana sığmadığından bu doğulmuş hansı il, hansı günə düşdüyünü araşdırmağa ehtiyac görmürük. Bu tarixçilərin işidir. Buna görə də bu viladətlə bağlı yalnız bəzi nöqtələri xatırlayırıq.

Fatimə necə doğuldu?
İmam Sadiqdən (ə) nəql olunub: Xədicə (s) həzrət Məhəmmədə (s) ərə gedəndə Məkkənin varlı qadınları tərəfindən məzəmmət olundu. Çünki cahiliyyət ənənələrinə görə Xədicə kimi varlı bir qadın Məhəmməd (s) kimi kasıb bir şəxsə uyğun deyildi. Bu səbəbdən də Xədicə (s) tənha qaldı.
Xədicə (s) Fatiməyə hamilə oldu. Fatimə ansının bətndə olan vaxtlarda, anası ilə danışardı, onu səbirli olmağa ruhlandırardı. Xədicə bu məsələni həzrət Məhəmməddən gizlətsə də, bir gün həzrət otağa daxil olanda Xədicənin kiminləsə danışdığını gördü. Peyğəmbərin sualı qarşısında Xədicə məsələni açdı. Həzrət (s) buyurdu: «Cəbrail mənə xəbər verib ki, bu körpə qızdır və mənim nəslim onun vasitəsi ilə davam edəcək. O, imamların, mənim canişinlərimin anası olacaq».
Hamiləlik dövrü başa çatdıqdan sonra doğum məqamı yaxınlaşdıqda Xədicə bəzi Qureyş qadınlarından kömək istədi. Amma müsbət cavab almadı. Bu onu kədərləndirdi. Bu vaxt Xədicə dörd qadın müşahidə etdi. Onlardan biri dedi: «Biz sənin bacılarınıq – Sarə, Asya, Məryəm, Gülsüm (Musanın (ə) bacısı). Allah bizi sənə yardım üçün göndərib». Bəli, dünyanın ən pak qadınları Xədicəyə yardıma gəldi. ("Bəhar")
Fatimə (s) doğulanda Məkkənin, eləcə də dünyanın bütün evlərində nuranilik vardı. Zəhra nurunun saçılmadığı guşə yox idi. Əlində teştlər, kovsər dolu qablar on huri otağa daxil oldu. Fatiməni (s) kovsər suyunda çimirib, ağ və ətirli parçalara bürüdülər. Zəhra dilə gəlib, şəhadət kəlmələrini dedi: «Şəhadət verirəm ki, bir Allahdan başqa məbud yoxdur və atam onun peyğəmbəridir».
Fatimə (s) belə doğuldu. Bir günəş doğdu ki, bütün dünyanı nura boyadı və heç zaman qürub etməyəcək.

Fatiməyə ad qoyulması
İmam Sadiqdən (ə) nəql olunub ki, Allah yanında Fatimənin doqquz adı vardır: «Fatimə, Siddiqə, Mübarəkə, Tahirə, Zəkiyyə, Raziyyə, Rəziyyə, Muhəddəsə, Zəhra.»
İmam Rza (ə)-dan nəql olunub ki, Allah-təala onu Fatimə adlandırdı. Bəli, ilahi insanların bütün şəni, hətta adları da ilahidir. Necə ki, həzrət Məhəmməd (s), həzrət Yəhya (s), həzrət Məsihin (s) adları Allah tərəfindən buyuruldu. Rəvayətlərdə həzrət Fatimə (ə) üçün başqa adlar da nəql olunmuşdur. O cümlədən Bətul, Hisan, Hürrə, Səyyidə, Üzra, Hura, Ünsiyyə, Məryəm, Kübra, Səmaviyyə, Ümmül Hüseyn, Ümmül Möhsin və s. Ən gözəli isə, Fatimə «Ümmül-fəzail»dir.

Nə üçün Fatimə adlanıb?
Bunun səbəbi müxtəlif cür izah edilib. İmam Sadiqə (ə) görə, xalq onu tanımaqda aciz olduğu üçün Fatimə adlanıb.
Əli (ə) həzrət Peyğəmbərdən nəql edir ki, Fatimənin belə adlanmasının səbəbi onun və övladlarının təkallahçı olması, mənə nazil olana iman gətirməsinə görə oddan amanda qalmasıdır.
Yenə o həzrətdən nəql olunur: «Qızım ona görə Fatimə adlanıb ki, Allah onu və onu sevənləri atəşdən ayırıb».
İmam Sadiqdən (ə) nəql olunur ki, bunun bir səbəbi onun şərdən ayrılmasıdır. «Zəhra sevənlər müvəhhid olsalar, Cəhənnəm əzabından amandadırlar» təbiri Zəhranın şəfaət məqamına işarədir. Bu şəfaət ona şərait yaradanlara şamildir.

Nə üçün «Tahirə» adlanıb?
İmam Baqirdən (ə) rəvayət olunub ki, Fatiməni Tahirə də adlandırıblar. Çünki o, bütün nöqsan və çirkinliklərdən uzaq idi. Fatimə (ə) heç zaman heyz və nifas qanı görməmişdi.

Nə üçün «Mühəddəsə» adlanıb?
Fatimə Mühəddəsə də adlanmışdır. Çünki mələklər Məryəmə (s) nazil olduqları kimi Fatiməyə də nazil olub, onunla danışmışlar.

Nə üçün «Bətul» adlanıb?
Fatimə (ə) oxşarsız olduğu üçün «Bətul» da adlandırılıb. Bu onun mübarək və məna dolu adlarındandır.
Qızlarımıza Zəhranın (ə) adlarını qoyaq. Zəhranın adlarını daşıyan qızlarla kobudluq etmək, onları sıxıntıya salmaq olmaz. Bu Fatimə ilə eyni adda olmağın bərəkətidir.

Fatimənin (s) tərbiyəsində səy
əvvəldə qeyd olundu ki, övlad tərbiyəsində ata-ananın vərasət (gen), ünsiyyət yolu ilə mühüm rolu vardır. Uşağın formalaşmasında başqa amillər də vardır. Məsələn, uşaqların ünsiyyətdə olduğu başqa bir ailə üzvləri, mədrəsə mühiti, müəllimlər, cəmiyyətə hakim quruluş. Amma ən təsirli amil ata və xüsusi ilə anadır. Valideyn o zaman müvəffəqiyyət qazanır ki, ailə məsələləri, tərbiyə üsulu ilə tanış olsun, əməli nümunələr göstərsin. Çünki əməlin təsiri sözün təsirindən daha çoxdur. Tərbiyəçinin sözü ilə əməli uyğun gəlməlidir.
əgər maarif, elm və tərbiyə üsulu ilə tanışlıq nəzərindən bəşəriyyətə müəllim, tərbiyəçi olan islam Peyğəmbəri (s) atadırsa (onun əməl və rəftarı nümunədirsə), nümunə və möminə Xədicə anadırsa, onların qoynunda layiq bir qız yetişər. Bu övlad uca, ilahi, insani kamilliklər və əxlaqi fəzilətlərdən faydalanmış olacaq. Xüsusilə, o zaman ki, ata bu qızı adi bir fərd kimi görmür. Onda kamal və ləyaqət əsərləri əvvəlcədən aşkardır. Ona görə də Peyğəmbər (s) Zəhranın (s) tərbiyəsində çox səy göstərər, daima ondan muğayat olardı. Hər gün Zəhranın üzünə elm və fəzilətindən yeni bir qapı açılırdı. Həzrət Peyğəmbər (s) onun qeyb elmi, islami maarif, Quranla daha yaxından tanış olması üçün hər bir fürsətdən istifadə edirdi. Fatimə (s) atasının yanına gəlib ev işlərində kömək üçün xidmətçi götürməyə icazə istəyəndə həzrət onun bu istəyi müqabilində ona yeni bir fəzilət - «Təsbiahti Zəhra» adı ilə məşhur olan bir zikr öyrədir. Bu ata tərəfdən qızına ən yaxşı hədiyyə idi. ("Kafi" c. 3)
Bu təsbihatdan gözəl hədiyyə olsaydı, həzrət onu Fatiməyə təqdim edərdi. Həzrət (s) qızının tərbiyəsindən heç zaman ayrılmaz, onunla ünsiyyəti qənimət bilərdi. Səfərə çıxarkən sonuncu ayrıldığı, səfərdən qayıdarkən ilkin görüşdüyü kəs Fatimə olardı.
Həzrətin (s) Fatiməylə görüşmədiyi bir gecə yox idi. ("Bəhar" c. 43)
Fatimə (s) Peyğəmbərin ən əziz, ən sevimli yaxını idi. ("Bəhar" c. 43)
Fatimə Peyğəmbərin gözünün nuru, qəlb meyvəsi idi. ("Bəhar" c. 43)
Peyğəmbərin (s) başqa övladları da vardı. Amma onların haqqında bu sözlər deyilməmişdi – deyilənlər Fatiməyə aid idi.

Müəllif: Həbibullah Əhmədi 

Category: BİRİNCİ FƏSİL HƏZRƏT FATİMEYİ-ZƏHRANIN (S.Ə.) HƏYATINA BİR BAXIŞ | Added by: IslamQadini
Views: 1045 | Downloads: 0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]