- Fərqlər - İslamda nümunəvi qadınlar – Fatimə (ə) - Islam Qadini - IslamQadini «Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Bazar, 2016-12-04, 1:16 PM
Main » Files » İslamda nümunəvi qadınlar – Fatimə (ə) » Fərqlər

2009-10-28, 4:58 PM
 
Fərqlər
Başqa bir sual da verilə bilər: Axı qadın və kişi arasında aşkar fərqlər olduğu halda bu iki fərd həqiqətinin eyni olma iddiası nə dərəcədə doğrudur? Bu iddia həm də uyğun fərqi aşkar bəyan edən Quran ayələrinə ziddir. «Nisa» surəsində buyurulur: «Kişilər qadınlar üzərində ixtiyar sahibidirlər.» Yəni qadınlara rəhbərlik kişilərin öhdəsindədir. Çünki həm fiziki, həm də iqtisadi cəhətdən kişilər üstündür. «Kişilər onlardan bir dərəcə üstündürlər.» Bu ayələri oxuyaraq necə demək olar ki, bu iki cins eyni bir həqiqətdəndir?!
İkinci hissəni bu suala cavab verməklə başlayırıq: Qadın və kişi yaranış, insani həqiqət, təkamül yolunu keçməkdə eyni olsalar da, bədən və ruhiyyəcə açıq-aşkar fərqlənirlər. Qadın bədəncə zərif, ruhiyyəcə lətif, hissiyyatlı, məhəbbətli məxluqdur. Qadın söz qəbul edən, təsirlənəndir. Bəlkə də ayədə elə buna işarə olunub: «Bər-bəzək içində böyüdülüb, mübahisə zamanı dəlil gətirə bilməyən qızlar». Kişi möhkəm bədən, böyük ruha malikdir. Məhz ağır, çətin siyasi və ictimai vəzifələrdən danışılanda ruhun və cismin qüvvəsi əsasdır. «Allah sizdən ötrü onu seçmiş, elm və bədəncə ona üstünlük vermişdir». Beləcə, qadının ruh və bədən incəliyinə münasib olaraq, vəzifələr təyin olunmuşdur. Qadında zərif və gözəl işlərə, məsələn, gül hazırlamaq, tikiş, toxuma sənətinə meyl var. Əksinə, kişilərdə qüvvə tələb edən işlərə maraq çoxdur. Bu sayaq mövcud fərqlərin sirri aydınlaşır. Cəmiyyətdəki vəzifələr heç zaman eyni cür, zərif və ya çətin olmur. Evdə və ya bayırda həm zərif, həm də çətin işlərlə qarşılaşırıq. Evin zərif işləri sənət və övlad tərbiyəsi, çətin işləri əkinçilik, faydalı qazıntıların çıxarılması, düşmənlə döyüş, digər həyat zərurətləridir. Cəmiyyətdəki bu fərqləri nəzərə alaraq ağıl necə hökmə edər ki, bəzi vəzifələr icraçısız qalsın?! Qüvvəli ruh və cism tələb edən bir iş zərif ruhlu və bədənli bir fərdin öhdəsinə düşə bilərmi?! Heç şübhəsiz, yaranış nizamına uyğun gələn üçüncü yoldur. Belə bir nöqtə də aydınlaşır ki, qadın-kişi rabitələrində, qadının fərdi və ictimai hüquqlarında istər ifrata varmaq, istərsə də üzdən getmək (təfrit) səhvdir. Çünki bədən və ruhiyyədəki fərqlər vəzifə seçimində fərq tələb edir. Bu yönümdə bərabərlik tələbi yaranış nizamındakı həqiqətlərin inkarıdır.
Çox vaxt hüquqlarda fərq qoyulması inkişaf nizamından doğur. Çünki vəzifə seçimində qadın və kişiyə fərq qoyulmaması bu iki fərdin ruhi və cismi tənasübünə ziddir. Beləcə, kişilərə uyğun olan ağır vəzifələri qadınların öhdəsinə qoymaq məntiqi deyildir.
Burada müəyyən sualların, o cümlədən nə üçün bütün peyğəmbərlər kişi olub, nə üçün qadınlar cəmiyyətdə rəhbərlik vəzifəsindən məhrumdurlar, nə üçün qadın və kişinin «irs» kimi bəzi iqtisadi hüquqları fərqlidir, suallarının cavabı məlum olur. Bu fərqlər qadın və kişinin bədən və ruhundankı fərqlərə əsaslanır.
Əgər bəzən irsdən qadının payı az olarsa, qadın rəhbərlik vəzifəsindən məhrum edilirsə, cihadda iştirak etmirsə, səbəb onun bədən və ruhunun ağır vəzifələrə uyğun olmamasıdır. Qadının az irs alması ailədə bütün xərclərin, eləcə də qadının öz xərclərinin kişinin öhdəsinə düşməsidir. Əslində qadının aldığı az miqdar irsin xərclənməsi nəzərdə tutulmur. Amma çox miqdar irsə sahib olan kişi bütün ailə xərclərini ödəməyə borcludur.

Keçək cəza qanunlarına. Cəzaların insan şəxsiyyəti, ruhuna aidiyyatı yoxdur. Cəza bədən üzvünə aiddir. Əgər kişiyə ikiqat artıq cəza təyin edilirsə, bu qadının kişidən ikiqat əskik olması deyildir. Bu məsələdə Peyğəmbər (s) və İmamlar (ə) da adi müsəlmanlarla eyni hüquqa malikdirlər. Əgər burada ruh nəzərə alınsaydı, Peyğəmbərlə sadə müsəlmanın hüququ fərqli olardı.


Fərq üstünlük deyil
Bu fərqlər üstünlük, imtiyaz hesab olunmur. İnsanın üstünlüyü onun tutduğu vəzifəyə görə yox, təqva (pəhrizkarlıq) və fəzilətinə görə qiymətləndirilir. Mümkündür ki, evdar və pak bir qadının işi bir rəhbərin işi qədər dəyərli olsun. İlahi insan tərbiyə edən, ərinin və cəmiyyətin adını uca tutan tərbiyəçi bir xanım işinin dəyəri sinəsini düşmən gülləsinə sipər etmiş bir kişinin cihadı ilə bərabər ola bilər. Həzrət Peyğəmbərin (s) əsmaya cavabını yada salın. Nə çox öz vəzifəsini məsuliyyətlə yerinə yetirib, behişt əldə edən qadınlar və ağır ictimai-siyasi vəzifələri icra etməklə o məqama yüksəlməyən kişilər!
Beləcə, döyüş meydanında kişi üçün müəyyən edilmiş dərəcələr qadına da vəd olunmuşdur. Bir qadın həzrət Peyğəmbərdən (s) soruşdu ki, cihaddan qadına nə pay (savab) düşür? Həzrət buyurdu: «Qadın üçün hamilə olandan azad olanadək Allah yanında mücahidin savabı qədər savabı var. Əgər bu aralıqda dünyadan köçsə, şəhid məqamında gedər».
Digər bir rəvayətdə imam Sadiqdən (ə) rəvayət olunub ki, azad olarkən (doğuş zamanı) dünyadan köçən qadın üçün qiyamətdə hesab kitabı açılmaz. Bu növ üstünlüklər digər iki ayədə də bəyan olunur. Üstünlük qadın və kişi arasında yox, ailə çərçivəsində nəzərdə tutulur. Kişi bədən və ruhiyyəcə qüvvəli olduğu üçün evin müdiriyyəti, iqtisadi məsələlərin həlli onun öhdəsinə düşür. Qadın da öz qüvvəsinə uyğun vəzifələr daşıyır. Beləliklə, bu qəbildən olan fərqlər ailə həyatı, bəşərin ictimai nizamından doğur və ilkin iki əsasa nöqsan gətirmir.


Fərqlərin olması zəruridir
Qadın və kişi arasında bu növ fərqlər eynən kişilər arasında və qadınlar arsındakı istedad fərqi kimidir. Bu şəraitlərin bəzilərində bərabərliyə hökm etmək yaranış nizamını saymamaq, zülmdür. Eləcə də, qadın və kişi arasındakı fərqləri təsdiq etmək yaranış, ailə, cəmiyyət nizamına uyğundur. İnsanların ictimai həyatının davamı üçün düşüncələr və istedadlar müxtəlifdir. Kimisində sənət, kimisində təbabət, kimisində əkinçilik istedadı vardır. İctimai həyatda həkim əkinçinin bəhrəsindən, əkinçi həkimin elmindən, sənətkar hər ikisinin bacarığından faydalanır. «Zuxruf» surəsinin 32-ci ayəsində buyurulur: «Məgər sənin Rəbbinin mərhəmətini onlarmı paylaşdırırlar?! Dünyada onların dolanacaqlarını aralarında biz bölürük. Biri o birinə iş gördürsün deyə, birinin dərəcəsini digərindən üstün etdik. Rəbbinin mərhəməti onların yığdıqları dünya malından daha yaxşıdır».
İstedadların fərqi bir tərəfli deyil, qarşılıqlıdır. Hamı bir-birindən faydalanır və nəticədə həyat tarazlanır. Bu fərqlər və vəzifələr kimsəyə üstünlük verməmişdir. Kimsə öz sərvətinə və kimsə də öz sənətinə görə məğrur olmamalıdır. Həkim öz elm və biliyinə görə başqalarına minnət qoymamalıdır. Çünki bu bacarıq üstünlük yox, ilahi bir imtahandır. Allah-təala buyurur: «Verdiyi nemətlərlə sınamaq üçün sizi yer üzünün varisləri təyin edən, dərəcələrə görə birinizi digərinizdən üstün edən Odur.» 
Qadın və kişi arasında mövcud olan bütün insanlar arasında olan fərq onların insani həqiqətləri arasında fərq yaratmırsa, qadın və kişi arasında olan fərq də onların həqiqətinin eyniliyinə mane olmaz. Əksinə, mövcud fərqlər ictimai həyatın davamı üçün zəruridir.


Nəticə
Yuxarıdakı söhbətlərdən altı nəticə əldə edirik:
1-Qadın və kişi yaranış baxımından eyni bir həqiqətdəndirlər;
2-Təkamül, yüksəliş yolu kişi və qadın üçün eyni dərəcədə hamardır;
3-Qadın və kişi arsında mövcud olan fərqlər onların insani həqiqətinə aid deyil;
4-Qadın və kişinin vəzifələrində mövcud olan fərq onların bədənində, ruhiyyəsində olan fərqlərdən doğur. Bu fərqlər fəzilət, üstünlük deyil. Üstünlük yalnız iman, saleh əməl, təqvaya görədir;
5-Heç bir kamal və mənəvi fəzilətdə kişi olmaq şərt deyil, eləcə də qadın heç bir fəzilətdən məhrum deyil. Fəzilət əldə etməkdə qadın da kişi kimi azaddır;
6-Nə qadın, nə də kişi fəsad törətməkdə, günaha batmaqda azad deyil;
Bu nöqtələr qarşıda bir daha aydınlaşacaqdır. Çünki növbəti hissələrdə fəzilətdən danışarkən söhbət islamın nümunəvi xanımı Fatimeyi Zəhra (s)-dən gedəcək. Söhbətimiz kamal meydanında böyük ilahi kişilərlə çiyin-çiyinə irəliləmiş, ülul-əzm Peyğəmbərlə tay, bəlkə onlardan da üstün bir qadından, Fatimədəndir (s).
Əgər bu müqəddimə olmasaydı, kimsə qadının kişilərlə çiyin-çiyinə fəzilətə çatmasına şübhə edə bilərdi. Amma təkamül yolunda qadın və kişi arasında heç bir fərq olmaması sübuta yetdikdən sonra, bu yolu adlamış nümunəvi bir qadının haqqında danışmaq asan olacaq.
Əlbəttə, etiraf etməliyəm ki, mənim (müəllif) qələmim islamın nümunəvi olan kamil bir qadınının fəzilətlərini yazmaqda acizdir. Çünki yer əhlinin mələkut əhlinin əzəmətinə yolu yoxdur. Həqiqət budur ki, Zəhranın (s) nurlu çöhrəsini işıqlandıran kimsənin qələmi deyil, Quran vəhyidir. Zəhra (s) səmavi bir həqiqətdir. Vəhydən başqa heç nə onun əzəmətinə vara bilməz, fəzilətini qələmə almaz. Elə bu səbəbdən də o yüksək və ilahi şəxsiyyət Fatimə adlanmışdır.

Həbibullah Əhmədi  

Category: Fərqlər | Added by: IslamQadini
Views: 467 | Downloads: 0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]