«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə günü, 2024-04-26, 0:11 AM
Main » Files » TARIXDƏ QADIN » HƏZRƏT ƏLİNİN (Ə) QADIN SƏHABƏLƏRİ

2010-05-28, 6:24 PM
 
HƏZRƏT ƏLİNİN (Ə) QADIN SƏHABƏLƏRİ
Omeys Xəşəmiyyənin qızı Əsma

Omeys ibn Məbdin qızı olan Əsma Xəşəm qəbiləsindən idi. Şəxsiyyətli və zəkalı bir qadın olan anası – Ovf ibn Zəhifin qızı Hind – böyük və cah-cəlallı bir ailədə tərbiyə almışdı. Əsma Məkkədə Ərqəmin evində Peyğəmbərə (s) beyət edib müsəlman olmuşdu. O, həmçinin Allahın Rəsulunun (s) sədaqətli səhabələrindən, risalət ailəsinin sirlərinə məhrəm və səmimi dostlarından biri idi. Həyat yoldaşı Cəfər Təyyarın vəfatından sonra Əsma Əbu Bəkrin, ondan sonra isə Əmirəl-mömininin arvadı olub. O, Cəfərdən Abdullah, Muhəmməd və Ovn, Əbu Bəkrdən Muhəmməd və Əli ibn Əbu Talibdən (ə) isə Yəhya kimi alicənab və şəxsiyyətli övladlar dünyaya gətirmişdir.
Əsmanın Həbəşəyə və Mədinəyə mühacirəti
Əsma enişli-yoxuşlu bir həyat yaşayıb. O, həmin müsəlman qadınlardan idi ki, həyat yoldaşı Cəfər ibn Əbu Taliblə («Cəfər Təyyar» kimi məşhurdur) Həbəşəyə mühacirət etmişdi və orada qaldığı müddətdə üç övlad dünyaya gətirmişdi: Abdullah, Muhəmməd və Ovn. (Abdullah Əli (ə)-ın qızı həzrət Zeynəbin həyat yoldaşı olub.)
Əsmanın Əbu Bəkr və Əmirəl-mömininlə (ə) izdivacı
Cəfər Təyyar Mutə müharibəsində (hicrətin 8-ci ili) şəhadətə yetişəndən sonra Əsma Əbu Bəkrlə evləndi və ondan Muhəmməd adlı bir oğlan dünyaya gətirdi. Muhəmməd Əbu Bəkrin oğlu olduğuna baxmayaraq, Əli (ə)-ı çox sevirdi və onu özünə ata hesab edirdi. Eyni zamanda Əli (ə)-ın da ona məhəbbəti vardı. Hətta bəzən deyirdi: «Muhəmməd Əbu Bəkrin sülbündən olsa da, mənim oğlumdur».
Əbu Bəkr Əsmaya çox etimad edirdi. Hətta vəfat edərkən vəsiyyət etmişdi ki, ona Əsma qüsl versin. Əsma da onun vəsiyyətinə əməl etmişdi. Əsma Əbu Bəkrin vəfatından sonra Əli (ə) ilə evlənmək şərəfinə nail oldu və ondan «Yəhya» adlı bir oğul dünyaya gətirdi. (İbn Əbil Hədidin şərhində gəlmişdir ki, Əsmanın həzrət Əli (ə)-dan 2 oğlu olub: Yəhya və Ovn. Bu şərhə əsasən Əsmanın 6 oğlu olmuşdur.)
Əsmanın zəkası və fərasəti
Bəzən Əsmanın övladları arasında münaqişə yaranırdı və Əsma böyük bir düşüncə ilə onların mübahisəsinə, küsülülüyünə son qoyurdu. Belə ki, Əli (ə) ilə evliliyi dövründə Əbu Bəkrin oğlu Muhəmmədlə Cəfərin oğlu Muhəmməd arasında mübahisə yaranmışdı. Onlar bir-birinə deyirdilər ki, mən səndən, atam da atandan yaxşıdır.
Bu zaman həzrət Əli (ə) Əsmaya dedi: «Bu iki oğlan arasında hökm ver». Əsma dedi: «Mən ərəblərin arasında Cəfərdən yaxşı cavan, Əbu Bəkrdən yaxşı qoca görməmişəm». O, bu cümlə ilə hər iki övladının ürəyini ələ aldı və onların incikliyinə son qoydu. Əli (ə) ondan soruşdu: « Bəs mənim hansı yaxşı cəhətim var?»
Əsma belə dedi: «Allaha and olsun, həyat yoldaşlarım arasında mənimlə evlənməkdən ən az sən xeyir götürdün (Əsmanın yaşı çox idi), amma sən hamıdan üstünsən».
Təbir olunan (yozulan) yuxu
İbn Əbil Hədid nəql edir: Allahın Rəsulunun (s) zamanında Əbu Bəkr müharibələrin birində iştirak etmək üçün Mədinədən çıxmışdı. Həmin günlərdə həyat yoldaşı Əsma bint Omeys yuxuda gördü ki, Əbu Bəkr əyninə ağ paltar geyib, saçlarına və saqqalına həna qoyub. O, yuxusunu Aişəyə danışanda, Aişə dedi: «Əgər yuxun düzdürsə, atam öldürülmüşdür». Bunu deyib ağlamağa başladı. Bu zaman Peyğəmbər (s) daxil oldu və soruşdu: «Aişənin ağlamağına səbəb nədir?» Dedilər: «Ey Allahın Rəsulu, Əsma Əbu Bəkr barəsində yuxu görüb və Aişənin təbiri onun şəhadətini göstərir».
Həzrət (s) buyurdu: «Yuxunun yozumu Aişənin təbiri kimi deyil. Əksinə Əbu Bəkr sağ-salamat qayıdacaq və Əsmadan bir oğlu olacaq. Adını Muhəmməd qoy. Allah onu kafirlərin və münafiqlərin hiddətinə səbəb edəcək».
Ravi deyir: «Necə ki, Peyğəmbər (s) xəbər vermişdi, elə də oldu. Çünki Muhəmməd böyüyəndə Həzrət Əli (ə)-ın vəfalı dostlarından oldu və Siffeyndə o Həzrətin (ə) arxasında vuruşdu və axırda münafiqlərin əli ilə şəhadətə yetişdi».

Fatimeyi-Zəhranın (s) Əsmaya vəsiyyətləri
Əsma Əbu Bəkrin arvadı olduğuna baxmayaraq, həm Peyğəmbər (s) rehlət etdiyi vaxt, həm də Fatimeyi-Zəhra (ə) şəhadətə yetişən zaman Əlinin (ə) evinə gedib-gələrdi və bu pak ailənin sirlərinə məhrəm idi. Ona görə də o, xanım Fatimənin (ə) gizli və gecə keçirilmiş dəfn mərasimində iştirak etdi və hətta o müqəddəs xanım can verərkən yanında oldu.
Tarixçilərin nəql etdiyinə görə, Fatimənin (ə) bərəkət dolu ömrünün axır günlərində Əsmaya vəsiyyətləri olub, o cümlədən ona deyib: «Qadınların dəfn mərasimində onların üzərinə elə bir parça atırlar ki, hər kəs baxsa, əndamı aydın görür».
Əsma deyir: «Ərz etdim ki, Həbəşədə tabut düzəldirlər və cənazəni onun üzərinə qoyurlar, ölənin cəsədi görünmür».
Həzrət (ə) dərhal adam göndərdi, xurma ağacından təzə çubuqlar gətirdilər və Əsmanın Həbəşədə gördüyü kimi bir tabut düzəltdilər. O vaxt buyurdu: « Bu tabut nə gözəldir. Daha cənazənin kişi, yaxud qadın olduğu məlum olmur».
Fatimə (ə) dünyasını dəyişəndən sonra, Aişə gəlib evə daxil olmaq istədi. Əsma ona mane oldu. Aişə atasının yanına getdi və Əsmanın onunla rəftarından və Fatimənin (ə) tabutunun gəlin otağı kimi düzəldilməsindən gileyləndi. Əbu Bəkr dərhal Fatimənin (ə) evinin qabağına gəldi və Əsmadan soruşdu: «Ey Əsma, nə üçün Peyğəmbərin (s) qadınlarının daxil olmasına mane olursan? Nə üçün Fatimənin tabutu gəlin kəcavəsi kimidir?» Əsma cavab verdi: «Fatimə (ə) mənə buyurub ki, heç kəsi onun otağına daxil olmağa qoymayım və o, sağlığında mənə buyurmuşdu ki, tabutu bu cür düzəltdirim». Əbu Bəkr: «Necə ki, Fatimə (ə) göstəriş vermişdi, elə də əməl et» ¬– deyib çıxıb getdi.
Əmirəl-möminin (ə) və Əsma Fatimənin (ə) pak bədəninə qüsl verdilər və onu torpağa gizli tapşırdılar.

Həzrət Fatimə (ə) dünyadan gedəndə Əsma onun yanında olub
Əsma yenə nəql edir: «Həzrət Zəhra (ə) can verərkən mənə sifariş etdi ki, Cəbrailin atam üçün gətirdiyi kafuru (Peyğəmbər (s) onu 3 hissəyə bölmüşdü: bir hissəni özü üçün, bir hissəni Əli (ə) üçün və bir hissəni Fatimə üçün qoymuşdu) və atamın hənutundan artıq qalan hissəni gətir və başımın yanında qoy». Sonra o, libasını üzünə çəkdi və buyurdu: «Ey Əsma, bir az gözlə, sonra məni çağır. Əgər sənə cavab verməsəm, bil ki, atamın yanına getmişəm».
Əsma deyir: «Bir qədər səbr etdim və onu çağırdım, o cavab vermədi. Parçanı kənara atdım, gördüm Fatimə (ə) dünyadan gedib. Özümü onun üstünə atıb, onu öpdüm və dedim: «Əgər atanın hüzurundasansa, Əsma bint Omeysdən ona salam yetir».
Əsmanın vəfatı
Əsma tərbiyəli, saleh və imanlı övladlar tərbiyə etdi və onlarla birlikdə daima Peyğəmbərin (s) ailəsinin xidmətində oldu. O, heç vaxt ən yaxşı adət-ənənələrdən geri qalmazdı. Enişli-yoxuşlu və çətinliklərlə dolu həyatı, onun iman və etiqadına az da olsa təsir qoymadı və sonda o, möhkəm bir imanla fani dünyaya vida etdi. (Tarix kitablarında onun ölüm tarixi qeyd olunmamışdır.)

Category: HƏZRƏT ƏLİNİN (Ə) QADIN SƏHABƏLƏRİ | Added by: IslamQadini
Views: 1128 | Downloads: 0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]