- İslamın gözəl xanımları - TARIXDƏ QADIN - Islam Qadini - IslamQadini «Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Bazar, 2016-12-11, 2:53 PM
Main » Files » TARIXDƏ QADIN » İslamın gözəl xanımları

2009-09-12, 7:37 AM
 
Ummul-Bənin

O gecə əsən soyuq külək nuru sönmüş münəvvər şəhərin küçələrini bir-bir dolaşırdı. Sanki külək də baş verənlərdən heç cür ovunmur, bir yerdə qərar tuta bilmirdi. Hey küçələri gəzir, qapı-pəncərələrə çırpınırdı. Mədinə evlərinin birində zəif işıq yanırdı. O evdə sakitləşmək bilməyən balaca qızcığaz ağlayaraq, elə hey «anamı istəyirəm, anamçün darıxmışam» deyir, atasının qucağında o tərəf bu tərəfə çönürdü. Onun səsinə evin o biri uşaqları da oyanmışdı. Onların da simasını kədər bürümüşdü. İki qardaş bir-birinə sarılaraq durmuşdular. Atası balalarının solmuş yanaqlarını öpüb dördünü də başına topladı. O, göz yaşlarını gizlicə silib, mehriban səslə babaları Peyğəmbərin (s) anlatdığı Quran qissələrini söyləməyə başladı. Eşitdiklərindən təsəlli tapan balalar sakitləşdilər və yenidən yuxuya getdilər. Bu qərib düşmüş ocaq, bu soyuq görünən ev Həzrət Əlinin (ə) evi idi. Peyğəmbərdən (s) sonra haqqı tapdalanmış, çiçəyi solmuş, Zəhrası getmiş imamət evi idi bu ev. Az zamanda çox müsibətlərə düçar olmuş Əhli-beyt evi idi bu ev. Nadanların zoruyla, cahillərin sükutuyla nuru söndürülmüş, təravəti soldurulmuş, səadəti şəhid düşmüş xanəydi bu ev!
     Əli (ə) Fatimənin (ə) vəfatından sonra mərhəmətli, əsil-nəcabətli, kiçik yaşlı uşaqları ilə bir ana kimi rəftar edəcək bir qadına ehtiyac duydu. Belə bir qadını tapmaq isə çox çətin idi. Əlinin (ə) qardaşı Əqil ərəblərin nəsil şəcərəsinin bilicisi olduğu üçün o, qardaşına müraciət etməli oldu. Əqil ona Ummul-Bənin ilə evlənməyi məsləhət bildi.
     Beləcə Kilab qəbiləsindən olan Hizam qızı Fatimə (Ummul-Bənin) Həzrət Əlinin (ə) ailəsinə qədəm qoydu. O qadın bu ocağa yeni bir nəfəs gətirdi. Tarix Fatimənin mənəvi yüksəkliyə necə yetişməsini öz qaranlıq qoynunda gizlədib. Lakin bir şey qəti məlumdur ki, o Peyğəmbər xanədanına dərin və ülvi məhəbbətlə bağlanmışdı. Onun izdivacdan öncə kamal pillələrindən bir neçəsinə yetişməsində də bu sevginin böyük rolu olmuşdu. Belə ki, Ummul-Bənin imam Əlinin (ə) evinə gələndə imam Həsən və imam Hüseyn xəstə idilər. O xanım ailə həyatının ilk günlərini xəstələnmiş Həsən və Hüseynə (ə) həsr etmiş və «babalarım sağalmayınca ailə səadətini duya bilmərəm» söyləyərək onların xidmətində durmuşdu. Belə rəftar nəfsinə əsir olan və qısqanclıq pəncələrində sıxılan adi qadından təzahür etməz. Bəli, həm körpələr Ummul-Bənini böyük məhəbbətlə sevdilər, həm də Ummul-Bənin onları. İllər keçdi. Ummul-Bəninin öz oğlu dünyaya göz açdı. Körpəni ilk dəfə görüb nəvaziş edən Əlinin (ə) gözləri yaşla doldu. Ummul-Bənin bunun səbəbini soruşduqda, Əli (ə) ona Abbasının əllərinin kəsiləcəyi və şəhid düşəcəyi xəbərini müjdə verdi. Kim bilir təzə ana olmuş o qadın, körpəsinə baxaraq nə hissləri yaşamışdır?! Sonra ardıcıl olaraq daha 3 oğlu dünyaya göz açdı: Abdullah, Cəfər və Osman. Ummul-Bənin irfan yolunu sadəcə özü keçmiş qəhrəman bir qadın deyil, övladlarını da bu yolda inkişaf etdirmiş qəhrəman bir anadır! Hüseyni sevməyi, Hüseyni imam kimi tanımağı, Hüseynə hər şeyi fəda etməyi Abbasa öyrədən məhz o olub! Vəfa və mehr çeşməsi onun qəlbindən coşub, oğlanlarının ruhunda selə dönmüşdü. Çünki insan etiqadları üzrə yaşayarsa, kamilləşər və əbədiyyətə qovuşar.
     Ummul-Bənin Kərbəla karvanında yox idi. Bəşir ibn Cüzləm onun yanına Abbasın şəhadət xəbəriylə gəldikdə o xanım öncə: «Oğlum Hüseyndən nə xəbər var?» soruşdu. Qasid Abbasın (ə) şəhid düşdüyünü deyib başsağlığı bildirdi. Ummul-Bənin yenə də Hüseyni soruşdu. Bəşir onun da şəhid olduğunu deyərkən, ana fəryad etdi: «Ey Bəşir, qəlbimi parçaladın! Canım Hüseynə bağlıdır, o mənim İmamımdır. Balalarım, Yer üzündə və göylərdə olanların hamısı Hüseynə fəda olsun!» Bəli, yalnız belə bir imana malik olan qəlbin sahibəsi Abbasları yetişdirə və tarixi çevirən bir hərəkatın bünövrəsini möhkəmləndirə bilərdi. Qığılcımlar saçan Aşura hərəkatının təməlində böyük qəlblərin kamil etiqadları dururdu. Təəssüf ki, tarix o xanımın həyatının bütün anlarını həkk etməyib. Lakin qoruduğu o bir neçə məqamla belə bu Fatimənin – oğullar anasının, cəngavərlər bəsləyənin necə böyük bir insan, eşq və mərifət dolu bir şəxsiyyət, ülviyyət dolu qadın timsalı olduğunu anlamaq olar. Allah hər bir müsəlman qadına irfan pillələrini keçməyi və mərifətlə ucalaraq dünyanı üzüağ tərk etməyi nəsib etsin. Amin!
    
Emruzə Kərimova

Category: İslamın gözəl xanımları | Added by: IslamQadini
Views: 408 | Downloads: 0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]