«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Çərşənbə günü, 2024-04-24, 5:31 AM
Main » Articles » Dualar » Şəban ayının fəzilət və əməlləri

Dualar
 
Şəban ayının fəzilət və əməlləri
 
Şəban ayının fəziləti barədə Peyğəmbər (s)-dan belə nəql olunub ki, buyurur: «Şəban ayı mənim ayımdır». O Həzrət (s) bu ayı axıra kimi oruc tutar və arada fasilə olmadan mübarək Ramazan ayının orucunu tutmağa başlayardı. Həmçinin, Allahın Rəsulu (s) Şəban ayında oruc tutmağın fəziləti barədə belə buyurub: «Hər kəs bu ayın bir gününü oruc tutsa, behişt ona vacib olar».
Şəban ayının bütün günlərində yerinə yetirilməsi çox tövsiyə olunan bəzi əməlləri nəzərinizə çatdırırıq:
1. Hər gün aşağıdakı zikri 70 dəfə demək:
«Əstəğfirullahə və əsəluhut-təubə»
2. Bu ayın ən yaxşı dua və zikrləri «istiğfar»dır. Bu ayın hər günündə 70 dəfə istiğfar edən şəxs, başqa aylarda 70 min dəfə istiğfar edən şəxs kimidir.
3. Bütün ay boyu 1000 dəfə «Lə iləhə illəllahu və lə nəbudu illə iyyəhu muxlisinə ləhuddinə və ləv kərihəl muşrikun» – deyən şəxsin əməl dəftərində 1000 ilin ibadəti yazılır.
4. Şəban ayının hər cümə axşamında 2 rəkət namaz qılmaq. Namazın hər rəkətində «Həmd»dən sonra 100 dəfə «İxlas» surəsi, salamdan sonra isə 100 dəfə «salavat» deyilməlidir. Bu namazı qılan şəxsin Allah-Taala bütün (dini və dünyəvi) hacətlərini yerinə yetirər.
Həmçinin, həmin günlərdə oruc tutmağın da fəziləti vardır.
Rəvayət olunub ki, mələklər Allah-Taaladan, Şəban ayının cümə axşamında oruc tutan şəxsin bağışlanmasını və dualarının müstəcəb olmasını istəyirlər.
Nəbəvi xəbərə əsasən, Şəban ayının bazar ertəsində və cümə axşamında oruc tutan şəxsin Allah-Taala 20 dünya və 20 axirət hacətini yerinə yetirər.
5. Bu ayda çoxlu salavat göndərmək və s.

Şəban ayının ilk gecəsi
«İqbal» kitabında bu gecə üçün çoxlu namazlar zikr olunmuşdur. Biz onlardan yalnız birini sizin nəzərinizə çatdırırıq: Bu namaz on iki rəkətdir. Onun hər rəkətində «Həmd»dən sonra on bir dəfə «İxlas» surəsi deyilməlidir.
Şəban ayının birinci günü
Seyyid ibn Tavus Allahın Rəsulundan (s) nəql etmişdir: «Şəban ayının ilk üç gününü oruc tutmağın və gecələrində 2 rəkət namaz qılmağın (hər rəkətdə «Həmd»dən sonra 11 dəfə «İxlas» surəsi deyilməlidir) çoxlu savabı vardır».
Həmçinin, bu günün orucunun da böyük fəziləti vardır. İmam Sadiq (ə) buyurmuşdur: «Şəban ayının ilk gününü oruc tutan şəxsə, behişt vacib olar».

Şəban ayının on beşinci gecəsi
Şəban ayının on beşinci gecəsi çox mübarək gecədir.
Bu gecə barəsində Peyğəmbər (s) Aişəyə belə buyurub:
«… Bu gecə ruzilərin bölündüyü, əcəllərin yazıldığı və Həccə gedəcək insanların siyahısının müəyyənləşdiyi gecədir...»
İmam Baqir (ə)-dan bu gecənin fəziləti haqqında soruşulduqda o Həzrət (ə) belə buyurub: Bu gecə qədr gecələrindən sonra ən fəzilətli gecədir. Allah-Taala bu gecədə bəndələrinə fəzl (və bərəkət) əta edir və onların günahlarını öz kəraməti ilə bağışlayır. Belə isə Allaha yaxınlaşma üçün çalışın. Allah-Taala öz müqəddəs Zatına and içib ki, bu gecə heç bir əli nə qədər ki, günah tələb etməyib, öz dərgahından boş qaytarmayacaqdır.
Bu gecənin bərəkətlərindən biri də, əsrin Sultanının Həzrət Məhdi (ə)-ın bu gecədə dünyaya gəlməsidir. Həzrət (ə) 255 hicri qəməri ilinin Şəban ayının on beşinci günü, səhərə yaxın Samirra şəhərində dünyaya göz açmışdır.
Şəban ayının on beşinci gecəsinin bir neçə əməli vardır. Biz onların bəzisini sizin nəzərinizə çatdırırıq:
1. Qüsl etmək. Bu gecə qüsl etmək günahların yüngülləşməsinə səbəb olar.
2. Bu gecəni namaz qılmaqla, dua və istiğfar etməklə əhya saxlamaq.
3. İmam Hüseyn (ə)-ın ziyarəti.
Bu gecənin əməllərinin içində ən fəzilətli əməl, İmam Hüseyn (ə)-ın ziyarətidir. Bu əməl günahların bağışlanmasına səbəb olar.
O Həzrəti ziyarət etmək üçün dama çıxıb, sağ və sol tərəfə baxdıqdan sonra, başı göyə tərəf tutub bu kəlmələrlə o Həzrəti (ə) ziyarət etmək lazımdır:
«Əssəlamu ələykə yə Əba Əbdillah. Əssəlamu ələykə və rəhmətullahi və bərəkatuh».
Harada olmağından asılı olmayaraq, hər kim bu qayda ilə Həzrəti (ə) ziyarət etsə, onun üçün Həcc və ümrənin savabı yazılar.
4. Zaval vaxtı oxunan salavatı oxumaq.
5. Kumeyl duasını oxumaq.
6. Aşağıdakı zikrlərin hər birini yüz dəfə demək:
«Subhənəllah», «Əlhəmdulilləh», «Əllahu əkbər», «Lə iləhə illəllah».
7. Cəfər Təyyarın namazını qılmaq.

«Cəfər Təyyar» namazı
Cənab Cəfər Təyyarın (ə) namazı çox fəzilətli namazlardan biridir. Bu namaz günahların (müharibə və cihaddan fərarilik kimi) bağışlanması və mühüm bir hacətin yerinə yetməsi üçün qılınar. Bu namazı Peyğəmbər (s) Cəfər Təyyara öyrətmişdir.
Bu namaz 4 rəkətdir (2 dənə 2 rəkət), onun 1-ci rəkətində Həmddən sonra «Zəlzələ» surəsi, 2-ci rəkətində Həmddən sonra «Adiyat» surəsi, 3-ci rəkətində Həmddən sonra «Nəsr» surəsi, 4-cü rəkətində isə Həmddən sonra «İxlas» surəsi deyilir. Həmçinin, aşağıdakı zikr (təsbihati-ərbəə) 15 dəfə hər rəkətin qiraətindən sonra, 10 dəfə rukuda, 10 dəfə rukudan sonra, 10 dəfə 1-ci səcdədə, 10 dəfə 1-ci səcdədən sonra, 10 dəfə 2-ci səcdədə, 10 dəfə 2-ci səcdədən sonra deyilməlidir (Bu təsbihat cəmi 300 dəfədir və hər 4 rəkətdə deyilməlidir). Bu namazın cümə günündə qılınmasının çox fəzilətli olması nəql olunmuşdur.
Qeyd: Şəban ayının 15-ci gecəsində qeyd olunanlardan əlavə bir sıra dualar da vardır. Daha geniş məlumat üçün «Məfatihul-Cinan» kitabına müraciət edə bilərsiniz.

Şəban ayının on beşinci günü
Bu gün on ikinci İmamın, mövlamız Həzrət Höccət Sahibəz-zəmanın (ə) mövlud günüdür.
O Həzrəti (ə) istənilən məkan və zamanda ziyarət etmək, zühuru üçün dua etmək müstəhəbdir. O Həzrəti (ə) Samirra şəhərində, sərdabədə ziyarət etmək təkid olunmuş müstəhəb əməllərdəndir.
Category: Şəban ayının fəzilət və əməlləri | Added by: IslamQadini (2010-06-01)
Views: 1784 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]