«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə günü, 2024-03-29, 7:46 AM
Main » Articles » Destemaz-Namaz » Iki namazı birlikdə qılmaq olarmı?

Iki namazı birlikdə qılmaq olarmı?
 
Iki namazı birlikdə qılmaq olarmı?
Namaz- bədənin Allaha rabitə yolu, ən böyük tərbiyə proqramı, insan nəfsinin və ruhunun saflaşdırılması, əxlaqsız münkər (pis) işlərdən çəkindirilməsi və Allah dərgahına yaxınlaşma səbəbidir; camaatla qılınan namaz müsəlmanların qüdrət, qüvvə və vəhdət simvolu, islam cəmiyyətinin iftixar səbəbidir.

Namaz hər gecə-gündüz ərzində beş dəfə qılınır, insanın qəlbi və ruhu müdavim olaraq bu ilahi feyzin zülal çeşməsi ilə yuyulur. Peyğəmbəri-Əkrəm (s) namazı öz gözünün nuru adlandırır -"Qurrətu əyni fis-səlat" -deyə buyurmuş, onu pəhrizkar və təqvalı insanların Allah dərgahına yaxınlaşma vasitəsi kimi təqdim etmişdir: "Əssəlatu qurbanu kulli təqiyy"

Belə bir sual yaranır: Bu namazların ayrı-ayrı beş vaxtda qılınması vacib bir hökmdürmü ki, bu olmadıqda namaz batil sayılsın (namazın, öz vaxtından əvvəl qılınması kimi), yoxsa beş namazı üç vaxtda da (zöhrlə əsri, məğriblə işanı birlikdə) qılmaq olar?!

Şiə alimləri Əhli-beyt (ə) məktəbinə tabe olaraq ümumi şəkildə bu fikirdədirlər ki, namazı üç vaxtda qılmaq caizdir, amma beş vaxtda qılınsa, daha fəzilətli və üstündür. Lakin sünnü alimlərinin əksəriyyəti- az sayı istisna olmaqla-namazın beş vaxtda qılınmasını vacib bilmişlər. (Yalnız Ərəfə günündə-Ərəfatda zöhrlə əsri və Qurban bayramı gecəsində məğriblə işanı Məşərul həramda bir yerdə qılmağı caiz bilirlər. Onların çoxu da səfərdə, yaxud məscidə gediş gəlişin çətin olduğu yağışlı günlərdə camaat namazı təşkil etmək üçün iki namazı bir yerdə qılmağı caiz bilmişlər.) Qeyd etdiyimiz kimi, şiə fəqihləri namazın beş vaxtda, bir-birindən ayrı şəkildə qılınmasının fəzilətli olmasını təkid etməklə yanaşı, onların üç vaxtda qılınmasına da icazə vermişlər. Bunu da Allah tərəfindən, namazın müəyyən qədər yüngülləşdirilməsi və camaata daha geniş imkanlar verilməsi üçün "ilahi bir əta, ənam" adlandırmışlar ki, Islamın buyurduğu "asan və yüngül olan şəriətlə" uyğundur. Təcrübələr göstərir ki, namazın beş vaxtda qılınmasının vacibliyinə təkid, bəzən namazın ümumiyyətlə unudulmasına və bəzilərinin namazı tərk etməsinə səbəb olur. Namaz beş vaxtda qılınmasına israr etməyin Islam cəmiyyətinə qoyduğu təsirlər: Nə üçün Islam dini Ərəfatda zöhrlə əsri, Məşər gecəsi isə məğriblə işa namazlarını birlikdə qılmağa icazə vermişdir?!

Nə üçün sünnü alimlərinin çoxu Nəbəvi rəvayətlərinə uyğun olaraq, səfərdə və yağış yağan zaman iki namazı bir yerdə qılmağı caiz bilmişlər?! Şübhəsiz, bu iş ümmətin işinə asanlıq bağışlamaq məqsədi daşıyır. Bu tələb edir ki, digər çətinliklərdə də - istər keçmişdə, istərsədə hal-hazırda iki namazın bir yerdə qılınmasına icazə verilsin. Bizim əsrimizdə insanların məişət və yaşayışı özünə tamamilə başqa bir vəziyyət almışdır: zavod, fabrik və karxanalardakı fəhlələrin çoxu, dövlət müəssisələrindəki işçilər və idarələrdəki qulluqçular, təhsillə məşğul olan tələbələr dərs otaqlarında beş dəfə namaz qılmağa vaxt tapmırlar və yəni beş dəfə namaz qılınması onların işini çətinləşdirir.

Əgər əziz Peyğəmbərimizdən (s) və Əhli-beyt imamlarımızdan (ə) nəql olunan rəvayətlərə uyğun olaraq, iki namazın birlikdə qılınmasına icazə verilsə, camaatın namaz ilə əlaqədar işləri asanlaşacaq və onların çətinlikləri həll ediləcəkdir. Əks halda isə, namazın tərk olunması halları çoxalacaq, namazı tərk edənlərin sayı artmağa başlayacaqdır. Bəlkə də həmin səbəbə görə, xəbər verildiyi kimi, sünnü cavanlarının çoxu namazı tərk etmişlər, halbuki, şiə cavanlarının arasında namazı tərk edənlərin sayı çox azdır.

Həqiqət budur ki, gərək Peyğəmbərdən (s) nəql olunan "mən asan bir şəriət üçün məbus olunmuşam" hədisi, eləcədə çoxlu hədislərin məzmununa əsasən, namazın beş vaxtda, özü də camaatla qılınmasının fəzilətinə təkid edilməklə yanaşı, camaatın öz namazlarının üç vaxtda qılınmasına da icazə verilsin, hətta bəzən onu füradə (fərdi) surətdə əncam versinlər ki, onların məişət çətinlikləri namazın tərk olunmasına gətirib çıxarmasın.

Indi Qurani-məcidə və Rəsuli-Əkrəmin (s) rəvayətlərinə müraciət edir, bu məsələni tam bitərəf şəkildə təəssübsüz araşdırırıq.

Iki namazın birlikdə qılınmasını göstərən rəvayətlər
Sünnülərin məşhur mənbələri, o cümlədən "Səhihi-Buxari", "Səhihi-Müslüm", "Sünəni-Tirmizi", "Müvəttəi-Malik", "Müsnədi-Əhməd", "Sünəni-Nəsayə", "Müsənnəfi-Əbdür-Rəzzaq" və digər kitablarında mövcud olan təqribən otuz rəvayət səfər və yağış qorxusu olmadan, zöhrlə əsr, məğriblə işa namazlarının bir yerdə qılınmasının caizliyini göstərir. Bu rəvayətlər əsas etibarı ilə beş məşhur rəvayətə qayıdır:

1-Ibni Abbas; 2-Cabir ibni Əbdullah Ənsari; 3-Əbu Əyyub Ənsari; 4-Əbdullah ibni Ömər; 5-Əbu Hüreyrə. Indi onların bir qismini əziz oxucuların diqqətinə çatdırırıq:

1-Əbu Zübeyr, Səd ibni Cübeyrdən, o da ibni Abbasdan belə nəql edir: "Rəsulullah (s) zöhürlə əsr, məğriblə işa namazlarını birlikdə qıldı, halbuki nə qorxu var idi, nə də səfərdə idi."

Əbu Zübeyr deyir ki, Səid ibni Cübeyrdən soruşdum: "Peyğəmbər (s) nə üçün belə bir iş gördü?" Səid dedi: "Mən də həmin sualı ibni Abbasdan soruşmuşdum, o isə cavabında: "Həzrətin məqsədi bu idi ki, ümmətindən heç biri zəhmətə və məşəqqətə düşməsin"-deyə cavab vermişdi.

" 2.Digər bir hədisdə Ibn Abbasdan belə nəql olunur: "Peyğəmbəri Əkrəm(s) Mədinədə zöhürlə əsr, məğriblə işa namazlarını heç bir qorxu və yağış olmadan birlikdə qıldı.

" 3-Əbdullah ibni Şəqiq deyir: "Bir gün ibni Abbas bizim üçün axşam çağından gün batana qədər xütbə söylədi, nəhayət ulduzlar göründü. Camaat "namaz-namaz" deyə səsləndi. Bəni təmim tayfasından bir nəfər gəlib "namaz-namaz!-dedi. Ibni Abbas dedi: "Sən mənə Peyğəmbərin (s) sünnəsini öyrətmək istəyirsən ey köksüz?! Rəsulullahın (s) zöhürlə əsr, (həmçinin) məğriblə işa namazlarını bir yerdə qıldığını görmüşdüm."

Əbdullah ibni Şəqiq deyir: "Mənim qəlbimdə şəkk yarandı, Əbu Hüreyrənin yanına gəlib ondan soruşdum. O da ibni Abbasın sözünü təsdiqlədi."

4- Cabir ibni Zeyd nəql edir ki, Ibni Abbas belə deyirdi: Peyğəmbər (s) yeddi rəkət namazı (məğriblə işanı) və səkkiz rəkət namazı (zöhürlə əsri) birlikdə qıldı."

5-Səid ibni Cübeyr ibni Abbasdan belə nəql edir: "Rəsulullah (s) mədinədə zöhürlə əsr, məğriblə işa namazlarını birlikdə qıldı, halbuki nə (düşməndən) qorxu, nə də yağış yox idi. Ibni Abbasdan soruşdular ki, "bu işdən Peyğəmbərin (s) məqsədi nə idi?" O dedi: "Peyğəmbər istəyirdi ki, ümməti çətinliyə düşməsin."

6-Əhməd ibni Hənbəl bu mənanın oxşarını özünün "Müsnəd" kitabında Ibni Abbasdan nəql etmişdir.

7-Sünnülərin məşhur imamı Malik özünün "Müvəttə" kitabında "Mədinə" sözünü qeyd etmədən Ibni Abbasdan belə nəql edir: "Rəsulullah (s) zöhürlə əsr, məğriblə işa namazlarını birlikdə qıldı, halbuki nə (düşməndən) qorxu, nə də yağış var idi."

8-Əbdür Rəzzaqın "Müsənnəf" kitabında qeyd olunur ki, Əbdullah ibni Ömər belə deyirmiş: "

Rəsulullah (s) səfərdə qalmadığı halda (bizimlə) zöhürlə əsr, məğriblə işa namazlarını birlikdə qıldı." Bir nəfər ibni Ömərdən soruşdu: "Səncə Peyğəmbər (s) belə bir işi nə üçün gördü?" O dedi: "ona görə ki, ummətdən heç kəs iki namazı birlikdə qılarsa, zəhmətə düşməsin (irada məruz qalmasın)."

9-Cabir ibn Əbdullah deyir: "Rəsulullah zöhürlə əsr, məğriblə işa namazlarını Mədinədə bir yerdə qıldı ki, hətta xovf və başqa bir müşkülü olmayan yerlərdə belə, ümməti üçün bir icazə olsun."

10-Əbu Hüreyrə də belə deyir: "Rəsulullah (s) Mədinədə, (düşməndən) qorxu olmadan iki namazı birlikdə qıldı."

11- Əbdullah ibni Məsud da belə nəql edir: "Rəsulullah (s) Mədinədə zöhürlə əsr, məğriblə işa namazlarını birlikdə qıldı."

Burada aşağıdakı iki məsələ irəli çəkilir:
1-Yuxarıdakı hədislərin xülasəsi
Yuxarıdakı sünnülərin birinci dərəcəli, ümdə və məşhur kitablarında qeyd olunan, sənədi səhabə böyüklərinə çatan hədislərin hamısında təqribən iki mühüm məsələyə təkid edilmişdir: Birinci budur ki, Peyğəmbəri-Əkrəm (s) iki namazı elə bir halda birlikdə qılırdı ki, xüsusi bir çətinlik, o cümlədən yağış, səfər, düşməndən qorxu və s. yox idi.

Digəri də budur ki, o həzrət bu işlə öz ümmətinə imkan yaratmış, çətinlik, əzab-əziyyəti aradan qaldırmışdır. Bununla belə bəzilərinin irad tutaraq "bu namazların birlikdə qılınması iztirar və çıxılmaz vəziyyətlərə aiddir!"- deməsi rəvadırmı?! Nə üçün həqiqətlər qarşısında gözlərini yumur və əziz Peyğəmbərimizin (s) sözlərinə etina etmədən şəxsi mühakimələrini yürüdürlər?! Allah və onun Rəsulu (s) bu işə icazə verir, lakin ümmətin təəssübkeşləri icazə vermirlər! Axı nə üçün?!

Nə üçün cavan müsəlmanların hər bir halda və hər bir yerdə Islam ölkələrində və xaricdə, institutlarda və ali təhsil ocaqlarında, idarə, zavod və fabriklərdə ən mühüm ilahi vəzifəni (gündəlik namazlarını) yerinə yetirmələrinə icazə vermirlər?! Bizim əqidəmizcə, Islam dini dünyanın sonuna qədər hər bir zaman və hər bir məkanda hərtərəfli proqram tökmüşdür.

Şübhəsiz, Rəsuli-Əkrəm (s) özünün geniş nəzərləri ilə bütün dövrlərdə və əsrlərdəki bütün dünya müsəlmanlarını görür və bilirdi ki, əgər hamını 5 dəfə namaz qılmağa vadar etsə, bəziləri namazı tərk edəcəklər (hal-hazırda mbvcud olan vəziyyət kimi). Buna görədə öz ümmətinə minnət qoyaraq onların imkanlarını artırmışdır ki, hamı gündəlik namazları hər bir zamanda və hər bir məkanda asanlıqla qıla bilsin. Quran buyurur: "Allah dində sizin üçün heç bir çətinlik qərar verməyibdir."

2-Quranda üç namaz vaxtı
Maraqlıdır ki, Qurani-Məcid iki ayədə namazın vaxtı üçün söz açarkən gündəlik namazlar üçün yalnız üç vaxt zikir etmişdir. Bununla belə, təəccüblüdür ki, nə üçün bu qardaşların bəziləri namahzın beş vaxta qılınmasını vacib hesab edirlər?! Gündəlik namazları beş vaxta qılmağın fəzilətli olması inkarolunası deyildir. Biz də tovfiq tapdığımız hər zaman namazı beş vaxta qılmağa səy göstəririk. Amma əsas məsələ onun vacib olub olmamasındadır.

Birinci ayə "Hud" surəsindədir: "Günün iki tərəfində və gecənin bir qismində namazı bərqərar et."

"Tərəfəyin-nəhar" (günün iki tərəfi) dedikdə əvvəla sübh namazına işarə edir ki, günün əvvəlində qılınmalıdır. Ikincisi isə, zöhr və əsr namazlarının vaxtının günəşin qürub etməsinə qədər olması da bu ayədən aşkar şəkildə məlum olur.

Amma "zülfən- minəl-ləyl" kəlməsinə gəldikdə isə "Muxtari sihah" da və Rağibin "Müfrədat" kitablarında dediklərinə əsasən, "zülf" "zülfə"nin cəmidir, o da "gecənin əvvəllərinin müəyyən hissələri" mənasındadır. Bununla da məğrib və işa namazlarına işarə edilir.

Deməli, əgər Rəsuli-Əkrəm (s), adətən, namazı beş vaxtda qılırdısa, şübhəsiz, onun fəzilət vaxtına riayət etmişdir ki, bizim hamımız ona inanırıq. Amma görəsən, nə üçün Quran ayəsinin zahirini nəzərə almamalı və digər yozumların ardınca getməliyik?! Ikinci ayə "Isra" surəsindədir: "Namazı günəşin zəvalından gecə qaranlığına qədər bərqərar et, həmçinin Qurani-fəcri (sübh namazını).

" Bu ayədəki "duluk" kəlməsi "təmayül etmək" deməkdir və günəşin nisfun-nəhardan keçməsi, yəni zəvali zöhr nəzərdə tutulur.

"Fəsəqul-ləyl" də "gecənin qaranlığı" mənasındadır ki, bəziləri onu gecənin əvvəlləri, bəziləri gecə yarısı kimi təsfir etmişlər. ×ünki Rağibin "Müfrədat" da qeyd etdiyi kimi, "ğəsəq" şiddətli gecə qaranlığına deyilir ki, bu da gecə yarısıdır.

Deməli, "Dulukuş-Şəms" zöhür namazının vaxtının başlanması, "ğəsəqul-ləyl" məğriblə işa namazlarının vaxtının sona çatması, Qurani fəcr də sübh namazına işarədir.

Hər bir halda, yuxarıdakı şərif ayədə gündəlik namazlar üçün beş vaxt deyilir, yalnız üç vaxt təyin edilmişdir. Bu da namazların üç vaxtda qılınmasının caiz olmasına dəlalət edir.

Fəxr-Razi bu ayənin təfsirində maraqlı bir bəyan irəli sürmüşdür, o da bundan ibarətdir:

"Əgər "fəsəq"i gecənin başlanğıcındakı ilk qaranlığın zahir olması mənasına götürsək-Ibni Abbas, Əta və Nəzir ibni Şəmil də buna inanırlar-fəsəq məğribin əvvəl vaxtı olacaqdır. Ayədə qeyd olunanlara əsasən, üç vaxt təyin olunur: Zəval vaxtı məğribin əvvəl vaxtı və fəcr vaxtı." (Sonra əlavə edir:) " Bu da onu tələb edir ki, zəval, zöhürlə əsr namazlarının vaxtı olsun. Deməli, bu vaxt iki namazın arasında müştərək vaxtdır. Həmçinin, məğribin əvvəli də məğriblə işa nazlarının vaxtıdır.
Category: Iki namazı birlikdə qılmaq olarmı? | Added by: IslamQadini (2010-05-31)
Views: 8269 | Rating: 3.0/6
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]