«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Şənbə günü, 2024-04-20, 1:25 PM
Main » Articles » Ehli-Beyt (e) » İMAM MƏHDİ (Ə)-IN HÖKUMƏTİNİN PROQRAMLARI

İMAM MƏHDİ (Ə)-IN HÖKUMƏTİNİN PROQRAMLARI
 
İMAM MƏHDİ (Ə)-IN HÖKUMƏTİNİN PROQRAMLARI

Hökumətin hədəfləri ilə tanış olduqdan sonra gərək qeyd olunan məqsədlərə çatmaq üçün hökumətin nəzərdə tutduğu proqramları araşdıraq ki, gözəl zühur dövranının fəaliyyət yolunu tanımaqdan əlavə, zühurdan əvvəlki dövrlər üçün münasib bir ülgü nəzərdə canlansın, aləmin böyük xilaskarının intizarında olanlar İmam Zaman (ə)-ın böyük hökumət üslubu və icra olunacaq proqramları ilə tanış olsunlar, özlərini və cəmiyyətlərini belə bir yolu qət etməyə hazırlasınlar.

İmam Məhdi (ə)-ın hökumət dövranı ilə əlaqədar nəql olunan çoxlu rəvayətlərdən istifadə etməklə o hökumətin ən ümdə proqramları aşağıdakılardan ibarət olacaqdır: Mədəni-maarif proqramları, ictimai və iqtisadi proqramlar, başqa sözlə desək, Qur`anın saf tə`limlərindən, din rəhbərlərinin gözəl üslublarından ayrılaraq mədəni-maarif cəhətdən tənəzzülə uğrayan bəşər cəmiyyətləri gərək böyük mədəni inqilab sayəsində Qur`an, Peyğəmbər və Əhli-beytinin göstərişlərinə qaytarılsın.

Həmçinin, hərtərəfli ictimai bir proqramın lüzumu buna görə zəruridir ki, cəmiyyətin köksünə endirilən cürbəcür yaralara mərhəm bağışlasın, cəmiyyətin həqiqi həyatına zəmanət verən, onun ilahi və insani hüquqlarının bərpa olunmasına şərait yaradan düzgün proqramlar, zalımcasına cəmiyyəti hərc-mərcliyə, fəsada, puçluğa çəkən və zəiflərin hüquqlarının aradan getməsinə səbəb olan zalımcasına üslubların yerinə keçirilib və icra olunsun.

Yüksək mədəni-maarif zəminələrinin yaradılması.

İctimai inkişaf üçün iqtisadi proqramlar da zəruridir ki, onun sayəsində yer üzərində mövcud olan bütün maddi imkanlar ədalətli şəkildə və münasib səviyyədə istifadəyə verilsin. Başqa sözlə desək, təbii ne`mətlərdən istifadə etməklə iqtisadi inkişaf və məişətin təmin olunması bütün təbəqələr üçün müyəssər və bütün mühitlərdə mümkün olsun.

İmam Zaman (ə)-ın hökumət proqramları ilə qısa şəkildə tanış olduqdan sonra bütün imamlardan nəql olunan rəvayətlərə əsasən onun təfsilatını araşdıracağıq. İmam Zəman (ə)-ın proqramlarının ən mühümünü bu bölmədə qeyd edirik.
A) Mədəni-maarif proqramları

İmam Məhdi (ə)-ın dünya səviyyəli hökumətində bütün mədəni-maarif fəaliyyətləri insanların elmi və əməli yüksəlişinə və inkişafına nəzər yetirəcəkdir, cəhalət və nadanlıqla bütün zəminlərdə mübarizə aparılacaqdır. Haqq hökumətin mədəni-məarif cihadlarının əsas mehvərləri aşağıdakılardan ibarətdir:
1. Allahın kitabı və Peyğəmbər sünnəsinin dirçəldilməsi

Bütün əsrlərdə Qur`anın qürbətdə qalmasından, həyatın haşiyəsinə sürüklənib unudulmasından sonra axırıncı ilahi höccətin hökuməti dövranında Qur`anın həyat bəxş edən proqramları bəşər həyatının bütün sahələrinə daxil olacaqdır. Din rəhbərlərinin kəlamları və əməli rəftarlarından ibarət olan sünnə də bütün yönlərdə insanlar üçün ən gözəl nümunə kimi irəli çəkiləcək, hamının əməl və rəftarları Qur`an və Əhli-beytin gözəl me`yarları ilə uyğunlaşdırılacaqdır.

İmam Əli (ə) imam Məhdi (ə)-ın Qur`an hökumətini gözəl bir kəlamla belə vəsf etmişdir: «Həvayi-nəfsin hökumət etdiyi zaman (İmam Məhdi (ə) zühur edəcək) hidayət və qurtuluşu həvayi-nəfsin yerinə keçirəcəkdir. O, şəxsi rə`y və nəzərlərin Qur`anın hökmlərindən irəli keçrildiyi bir dövrdə bütün fikirləri Qur`ana yönəldəcək və onu cəmiyyətə hakim edəcəkdir.»[1]

O həzrət başqa bir kəlamda Qur`anın zahir olaraq bəşər həyatının bütün yönlərində hazır olacağı belə işarə edir:

«Sanki indi öz şiələrimi görürəm ki, Kufə məscidində xeymələr qurmuşlar və Qur`anı, nazil olduğu şəkildə camaata öyrədirlər.»[2]

Qur`anın öyrənilməsi və öyrədilməsi Qur`an mədəniyyətinin, hakimiyyətinin və onun hökmlərinin bütün fərdi və ictimai hövzələrdə yayılmasının başlanğıc nöqtəsidir
2. Mərifət və əxlaqın genişləndirilməsi

Qur`ani-Kərim və Əhli-beyt tə`limləri bəşəriyyətin əxlaqi və mə`nəvi inkişafına ən çox təkid edir. Çünki insanın xilqətin yüksək hədəflərinə doğru inkişaf ən mühüm amili gözəl əxlaqdan ibarətdir. Peyğəmbəri Əkrəm (s) öz nübüvətinin hədəfini də gözəl əxlaqların təkmilləşdirilməsi kimi bəyan etmiş,.[3] Qur`an da o həzrəti bütün insanlar üçün ən gözəl rəftar və əxlaq nümunəsi kimi təqdim etmişdir[4]. Lakin çox təəssüflə qeyd etmək lazımdır ki, insanların Qur`anın və Əhli-beytin hidayətçi bəyanlarından uzaqlaşdığına görə, bütün yönlərdə əxlaqi cəhətdən tənəzzülə uğramışlar və xüsüsilə müsəlman cəmiyyətlərində bu məsələ daha çox hiss olunur. Bu azğınçılıqlar əxlaqi dəyərlərdən azmalar da insanların həqiqi mə`nadakı fərdi və ictimai həyatının puça çıxarılmasının əsas amilidir.

İmam Məhdi (ə)-ın ilahi dəyərlərin və ilahi hökumətin dünyada bərqərar olunmasından ibarət olan hökuməti əxlaqi dəyərlərin yayılmasını öz proqramlarının sərlövhəsi qərar verəcəkdir.

İmam Baqir (ə) buyurmuşdur:

اِذاقامَ قائمُنا وَضَعَ يَدَهُ عَلى رُؤُوسِ الْعِبادِ فَجَمَعَ بِهِ عُقُولُهُمْ وَاَكْمَلَ بِهِ اَخْلاقُهُم

«Bizim Qaimimiz qiyam edən zaman öz əlini bəndələrin başına qoyacaq, onların əql qüvvələrini toplayacaq və əxlaqlarını kamal həddinə çatdıracaqdır.»[5]

Bu gözəl və incə tə`birdən aydın olur ki, imam Məhdi (ə)-ın əxlaq və mənəviyyatdan ibarət olan hökuməti sayəsində insanların əqli və əxlaqi kamallarına münasib şərait yaranacaqdır, çünki əxlaqsızlıq və əxlaq normalarından uzaqlaşmaq əqli nöqsan sayıldığı kimi, əqlin kamala yetməsi də insanlarda gözəl əxlaqın büruz etməsinə səbəb olacaqdır.

Digər tərəfdən, Qur`an və ilahi sünnələrin hidayəti ilə dolu olan bir mühit insanı yaxşılıqlara doğru sövq edəcəkdir. Buna əsasən, həm daxildən, həm də xaricdən bütün maraqlar gözəlliklərə və fəzilətlərə doğru yönələcəkdir. Məhz bu yollar da ilahi və insani dəyərlər aləmin hər yerini əhatə edəcəkdir.
3. Elmi hərəkat və canlanma

İmam Məhdi (ə)-ın hökumətinin mədəni-maarif proqramlarından biri də (o həzrətin özü də elmlərin mənbəyi və öz dövrünün alimlərinin ən qabaqcılıdır)[6] elmi hərəkatdır ki, o dövrdə bəşərin elmi nəzərə çarpacaq və misilsiz dərəcədə inkişaf edəcəkdir.

Peyğəmbəri Əkrəm (s) Məhdi (ə)-ın gəlişini müjdə verən zaman o həzrətin bu tədbirlərinə işarə edərək buyurur:

«(İmam Hüseynin övladlarından olan) 9-cu imam onların Qaimidir ki, Allah Taala onun əli ilə bütün yer üzünü uzun müddətli zülmətlərə düçar olduqdan sonra işıqlandıracaq. Yer üzünü, haqqsızlıq və zülm ilə dolduqdan sonra haqq və ədalətlə dolduracaqdır, aləmi cəhalət və nadanlığa kiriftar olduqdan sonra başdan-başa elm və biliklə bəhrələndirəcəkdir [7].

Bu elmi və ideoloji canlanma və hərəkat cəmiyyətin bütün təbəqələri üçün olacaq və bu fikri və elmi intibahdan kişi ilə qadın arasında heç bir fərq olmayacaqdır; qadınlar da yüksək elmi və din şünaslıq məqamlarına çatacaqlar.

İmam Baqir (ə) buyurur: «İmam Məhdinin dövründə sizə hikmət (və elm) veriləcəkdir, hətta qadın da öz evində Allahın kitabı və Peyğəmbərin sünnəsi əsasında qəzavət edəcəkdir (mühakimə yürüdəcəkdir).»[8]

Bu da Qur`an ayələri və Əhli beyt rəvayətləri barəsində dərin mə`rifətin mövcud olacağından hekayət edir, çünki qəzavət işi çox çətin və ağır bir məsələdir.
4. Bid`ətlərlə mübarizə

Sünnənin müqabilində olan bid`ət, din də olmayan bir şeyi dinə daxil etməkdən ibarətdir, dinə və dindarlığa öz şəxsi nəzərlər əsasında əməl etməkdir.

İmam Əli (ə) bid`ətin tə`rifində buyurur: «Bid`ət yaradanlar o kəslərdir ki, Allahın fərmanı, Onun kitabı və Peyğəmbərinin fərmanı ilə müxalifət və özlərinin şəxsi rə`y və həvayi-nəfəslərinə əsasən əməl edirlər, hərçənd siz onlardan çox olsanız da belə.»[9]

Buna əsasən, bid`ət Allahın, Qur`anın və Peyğəmbərin hökümü ilə müxalifət, nəfsani istəkləri hakim etmək və şəxsi meyllər əsasında əməl etməkdən ibarətdir.

Bu da Allahın kitabı və Peyğəmbər sünnəsindən ilham kimi alınan və ilahi meyarlar əsasında olan yeni təhlilin təqdim edilməsindən tamamilə ayrıdır. Bid`ət Allahın qoyduğu qayda-qanunları və Peyğəmbərin sünnəsini məhv edib aradan aparır. Din üçün heç bir bəla bu qədər məhvedici deyildir. İmam Əli (ə) buyurur:

ماهَدَمَ الدّينَ مِثْلُ البِدَعِ

«Heç bir şey bid`ətlər kimi dini məhv etmir.»[10]

Məhz buna görə də bid`ət qoyanların qarşısında sünnəni özlərinə me`yar götürənlər qiyam etməli, onların məkrli və hiyləgərlik proqramlarını ifşa etməli, onların düzgün olmayan yollarını insanlara göstərməli və beləliklə də Allah bəndələrinin azğınlığa düşməsinin qarşısını almalıdırlar.

Peyğəmbəri Əkrəm (s) buyurmuşdur: «Hər vaxt ümmətin arasında bid`ətlər aşkar olarsa, alimlərə vacibdir ki, öz elm və biliklərini aşkar etsinlər. Hər kəs belə etməsə, Allahın lə`nəti ona olsun!»[11]

Çox təəssüflə qeyd etmək lazımdır ki, Peyğəmbərin vəfatından sonra onun gətirdiyi şəriət və üslubda çoxlu bid`ətlər yaratdılar, dindarlıq yolu üzərində çoxlu əyinti və inhiraflar əmələ gətirdilər və insanların üzünə çoxlu azğınlıq qapıları açdılar! Beləliklə də dinin həqiqi çöhrəsini tərsinə cilvələndirdilər, İslam dininin parlaq simasını özlərinin həvayi-nəfsi və şəxsi istək hicabları vasitəsilə örtdülər. Mə`sum imamlar və onların ardınca da həqiqi din alimləri nə qədər çalışsalar da belə, yenə də bid`ətçilik və Peyğəmbər sünnəsinin məhv edilməsi davam etdi, və qeybət dövründə də genişlənməkdədir.

İndi bütün bəşəriyyət intizar çəkib gözləyir ki, məktəbin əsl sahibi, bəşəriyyətin xilaskarı və Qur`anın və`dəsi verdiyi şəxs gələrək öz hökuməti sayəsində Peyğəmbərin sünnəsini dirçəlt, bid`ətlərin hamısına son qoysun.

Şübhəsiz, o həzrətin islahatçılıq proqramlarının başında bid`ət və azğınçılıqlarla mübarizə məsələsi dayanır ki, bu da bəşəriyyətin həqiqi inkişafı ilə düz yola yönəlməsinə zəminə yaradacaqdır.

İmam Baqir (ə) o həzrətin zühur dövrünü vəsf edərkən uzun bir kəlamda buyurmuşdur:...

...ولايَتْرُكُ بِدْعَةً الّااَزالَها وَلاسُنَّةً اِلاّ اَقامَها...

«Elə bir bid`ət qalmayacaqdır ki, (İmam Məhdi) onun kökünü kəsməsin; elə bir sünnə olmayacaqdır ki, onu bərqərar etməmiş olsun.»[12]
B) İqtisadi proqramlar

Sağlam cəmiyyətin göstəricilərindən biri də sağlam iqtisadiyyata malik olmaqdır. Əgər cəmiyyətdə təbii sərvətlərdən düzgün şəkildə istifadə olunsa, istehsal və istehlak imkanları bir ovuc adamın ixtiyarında olmazsa, hökumət bütün siniflərdən olan insanlara diqqət yetirsə və onların hamısının bu sərmayələrdən istifadə etməsinə şərait yaransa, onda elə bir cəmiyyət yaranacaqdır ki, onların mə`nəvi inkişafı üçün imkanlar da daha artıq olacaqdır. Qur`ani Kərim də və mə`sum imamların rəvayətlərində də insanların məişət vəziyyətlərinə və iqtisadi imkanlarına diqqət yetirilmişdir. Buna əsasən, Həzrəti Məhdi (ə)-ın Qur`an hökmləri əsasında qurulan hökumətində dünya iqtisadiyyat üçün münasib bir proqram töküləcək və onun əsasında əvvəla, istehsal işləri qaydasına düşəcək, təbii mənbələrdən, Allahın verdiyi yeraltı və yerüstü ne`mətlərdən bəhrələnəcəklər, əldə olunan sərvət ədalətli şəkildə, bütün cəmiyyət sinifləri arasında bölüşdürüləcəkdir.

Yaxşı olar ki, hədislərdə qeyd oluduğu kimi, həzrətin hakimiyyəti dövründə iqtisadi vəziyyətə bir nəzər salaq:
1-Təbbi mənbələrdən istifadə edilməsi

Müasir iqtisadiyyatın əsaslı problemlərindən biri də ilahi ne`mətlərdən yerində və səhih itifadə edilməməsidir. Nə torpağın bütün tutumundan istifadə olunur, nə də sudan yerin dirçəldilməsi istiqamətində istifadə edilir. İmam Məhdi (ə)-ın hakimiyyəti dövründə və onun haqq hökumətinin bərəkəti ilə asiman öz ne`mətlərini səxavətlə yer üzünə nazil edəcək, yer də bütün bitkiləri cücərməkdə heç nəyi əsirgəməyəcəkdir.

İmam Əli (ə) buyurur:

...وَلَوْ قَدْ قامَ قائِمُما لَاَنْزَلَتِ السَّماءُ قَطْرَها وَلَاَخْرَجَتِ الَْاَرْضُ نَباتَها...

«Bizim Qaimimiz qiyam edən zaman asimandan bol-bol yağışlar yağacaq, yer bütün bitkiləri cücərdəcəkdir.»[13]

Allahın axırıncı höccətinin hakimiyyəti dövründə bütün yer üzü və onun maddi imkanları imamın ixtiyarında qərar veriləcəkdir ki, genişmiqyaslı sərmayələrdən istifadə edərək sağlam iqtisadiyyatın əsasını qursun. İmam Baqir (ə) buyurur:

...تُطْوى لَهُ الْاَرْضُ وَتَظْهَرُ لَهُ الْكُنُوزُ...

«Yer onun ayaqları altından keçəcək (bir anda yerin bir məntəqəsindən başqa bir məntəqəsinə gedəcək) və yerin bütün xəzinələri o həzrət üçün aşkar olacaqdır.»[14]
2-Sərvətin ədalətli şəkildə bölünməsi

Bəşər cəmiyyətin də iqtisadiyyatının xəstəliyin ən mühüm amillərindən biri də mal-dövlət və sərvətin xüsusi bir qrupların əlində toplanmasıdır. Həmişə belə olmuşdur ki, hər hansı dəlillərə görə özləri üçün müəyyən imtiyazlar nəzərdə tutan fərdlər, yaxud cəmiyyətlər ümumi sərvət anbarlarını əllərinə keçirmiş və onu özlərinin şəxsi mənafeyi, yaxud məxsus olduğu qrupun mənafeyinə işlətmişlər. İmam Məhdi (ə) bu bərabərsizliklə tam şiddətlə mübarizə aparacaq, ümumi əmlakı və sərvəti hamının ixtiyarına qoyacaq, Əli (ə)-a məxsus olan ədaləti bütün insanlara göstərəcəkdir.

İmam Baqir (ə) buyurmuşdur:

اِذاقامَ قائمُ اَهْلِ الْبَيْتِ قَسَّمَ بِالسَّويَّة وَعَدَلَ فِى الرَّعِيَّةِ...

«Peyğəmbər Əhli-beytinin Qaimi qiyam edən zaman (mal-dövləti) bərabər şəkildə bölüşdürəcək və məxluqat arasında ədalətlə rəftar edəcəkdir»[15]

O həzrətin dövründə cəmiyyətdə bərabərlik və müsavat prinsipi icra olunacaq, hər kəs özünün insani və ilahi hüquqlarından bəhrələnəcəkdir.

Peyğəmbəri Əkrəm (s) buyurmuşdur:

«Sizə Məhdini müjdə verirəm ki, mənim ümmətimdən seçiləcəkdir... O, mal dövləti düzgün şəkildə bölüşdürəcəkdir.» Bir nəfər soruşdu: «Məqsəd nədir?» Həzrət buyurdu: «Yə`ni camaatın arasında müsavat və bərabərliyi icra edəcəkdir.»[16]

Cəmiyyət səviyyəsində icra edilən bu müsavatın nəticələrindən biri budur ki, cəmiyyət də yoxsulluq və fəqirliyin kökü kəsiləcək, sinfi təbəqələr arasında olan fərqlər və bərabərsizliklər aradan qalxacaqdır.

İmam Baqir (ə) buyurur: «İmam Məhdi (ə) camaat arasında müsavat əsasında rəftar edəcək. Hətta iş o yerə çatacaqdır ki, zəkata ehtiyaclı olan bir nəfər belə, qalmayacaqdır.»[17]
3-Abadlıq işləri

Bəşər hökumətlərində insanların həyat mühitlərinin o yönləri abadlaşdırılır ki, hakimlər, onların ətrafındakılar və həmfikirləri, yaxud ə`yan-əşrəf, zadəganlar və sair nüfuz sahibləri ilə əlaqədar olsun, bundan savayı, yerdə qalan təbəqələr isə unudulur. Lakin İmam Məhdi (ə)-ın istehsal və paylaşdırma işlərinin düzgün şəkildə sahmana salındığı hökumətində insanlar hər bir yerdə ne`mət və abadlığa nail olacaqlar.

İmam Baqir (ə) İmam Məhdi (ə)-ın dövranını vəsf edərkən buyurur:

...فَلا يَبْقى فِي الْاَرْضِ خَرابُ الاّعُمِّرَ...

«Yer üzündə abadlaşdırılmamış heç bir viranə qalmayacaqdır.»[18]
V) İctimai proqramlar

Bəşər cəmiyyətinin quruluşunda islaha ehtiyacı olan  yönlərdən biri də ictimai proqramların bərqərar edilməsidir. Aləmin böyük ədalət hökumətində cəmiyyətin işlərini sahmana salmaq üçün Qur`an göstərişləri və Əhli-beyt sünnəsi əsasında olan proqramlar nəzərdə tutulmuşdur ki, onların icra edilməsi nəticəsində həyat mühiti insanların mə`nəvi və maddi təkamülü üçün hazır bir şəraitə malik olacaqdır. İlahi hakimiyyətin qurulduğu bir dünyada yaxşılıqlar yayılacaq, pisliklərin qarşısı alınacaq, pis əməl sahibləri ilə qanuni şəkildə rəftar ediləcək, ayrı-ayrı insanların ictimai hüquqları bərabər şəkildə tə`min olunacaq və ictimai ədalət özünün həqiqi mə`nasında bərqərar ediləcəkdir.

Yaxşı olardı ki, rəvayətlərdə yaxşılıq və gözəlliklər dünyasının cilvəsini nəzərdən keçirək:
1-Əmr be mə`ruf və nəhy əz münkər vacibinin dirçəldilməsi və yayılması

İmam Məhdi (ə)-ın dünya səviyyəli hökumətində böyük vəzifələrdən biri olan əmr be mə`ruf və nəhy əz münkər fərizəsi geniş bir səviyyədə icra olunacaqdır. Həmin vacib əməl ki, Qur`an ona çoxlu tə`kidlər etmiş və onu, ümmətlər arasında seçilmiş bir ümmət olan islam ümmətinin xüsusiyyətlərindən biri kimi təqdim etmişdir.[19] Belə ki, onun səbəbi ilə bütün ilahi vaciblər cəmiyyətdə bərqərar edilir[20] və onun barəsində güzəştə gedilməsi, ona qarşı səhlənkarlıq edilməsi isə yaxşılıqların məhv edilməsinə, cəmiyyətin həlakətə doğru sürüklənməsinə, və cəmiyyətdə pis əməllərin və xoşagəlməz halların yayılmasına səbəb olur.

Əmr be mə`ruf və nəhy əz münkər əməlinin ən bariz və gözəl nümunələrindən biri də budur ki, hökumətin rəisi və onun işçiləri rəiyyəti yaxşı işlərə də`vət edib, pis işlərdən çəkindirsinlər.

İmam Baqir (ə) buyurur:

اَلْمَهْدى وَاصْحابُهُ... يَأْمُرُونَ بِالْمَعْرُوفِ وَيَنْهَوْنَ عَنِ الْمُنْكَرِ

«Məhdi və onun köməkçiləri...

Əmr be məruf və nəhy əz münkər işini yerinə yetirər.»[21]
2-Fitnə-fəsad və əxlaqi rəzalətlərlə mübarizə

İlahi hökumət göstəricilərindən olan nəhy əz münkər məsələsi təkcə dildə yerinə yetirilməyəcək; əksinə yaramaz işlərlə çirkinliklərlə əməli olaraq mübarizə aparılacaq, cəmiyyətdə fəsada, rəzalətlərə artıq heç bir yer qalmayacaq, həyat mühiti çirkinliklərdən büsbütün təmizlənəcəkdir.

Qeybdə olan imamdan ayrılıq və fəraq ahəngi sezilən «Nüdbə» duasında belə oxuyuruq:

أَيْنَ قاطِعُ حَبائلَ الْكِذْبِ وَالْاِفْتِراءِ اَيْنَ طامِسُ آثارَ الزَّيْغِ وَالْأَهْواءِ

«Hardadır yalanın, iftiranın kökünü kəsən?! Hardadır azğınlığın və həvayi-nəfslərin əsərlərini məhv edən?!»[22]
3-İlahi cəza tədbirlərinin icra olunması

Fitnə-fəsad, yaramaz işlər və  pozğunluqlarla məşğul olanlarla mübarizə aparmağın müxtəlif növləri vardır. İmam Məhdi (ə)-ın hökuməti dövründə bir tərəfdən mədəni-marifləndirmə, əqaid və imanın möhkəmləndirilməsi yolu ilə fasidləri və günahkarları islahata və doğru yola qaytaracaqlar, digər tərəfdən də həyatın qanuni ehtiyaclarını tə`min etmək və ictimai ədaləti bərqərar etməklə fəsad və pozğunçuların yolu bağlanacaqdır. Lakin bütün bunlarla yanaşı, təcavüzkarlar, başqalarının hüquqlarını tapdalayanlar, ilahi hökmlərə qarşı laqeyd yanaşanlar, və qayda-qanunu qəbul etməyənlərlə şiddətli şəkildə mübarizə aparılacaq ki, həm onların qarşısı alınsın, həm də cəmiyyətdə başqalarının vasitəsi ilə fəsad yayılmasının qarşısı alınsın. Bu da fəsad əhli barəsində ilahi cəza qanunlarının icra edilməsindən ibarətdir ki, onun həddi-hüdudu İslamın cəza qanunları məcəlləsində bəyan edilmişdir.

Mühüm bir hədisdə Peyğəmbəri Əkrəm (onu İmam Cəvad (ə) nəql etmişdir( İmam Məhdi (ə)-ın xüsusiyyətlərini bəyan edərkən buyurmuşdur: «O, İlahi hüdudları (cəza qanunlarını) bərqərar edəcəkdir.»[23]
4-Məhkəmə qanunlarında ədalət

İmam Məhdi (ə)-ın hökumət proqramlarının başında ədalətin bütün yönlərdə bərqərar edilməsidir. O bütün aləmi haqq-ədalətlə dolduracaqdır, necə ki, zülm və haqsızlıqla dolmuşdur. Ədalətin icra olunma dairəsinin ən mühümü məhkəmə qanunlarıdır. Müasir dövrdə və qeyri-ilahi hakimiyyətlərdə zülmlərin və haqsızlıqların çoxu məhz məhkəmədə rəva görülür. Mal-dövlət nahaq yerə müsadirə olunur nahaq qanlar axıdılır, günahsız insanların abır-heysiyyəti təhlükəyə düşür! Dünyanın məhkəmə sistemlərində ən çox zülm əsasən, zəif saxlanmış şəxslərə qarşı rəva görülür, onların tərəfindən verilən hökmlər qüdrət sahiblərinin və zalım hakimlərin nüfuzu nəticəsində çoxlu insanların və qrupların mal-dövlətini və canlarını nahaq yerə məhv edir. Dünyaya aşiq olan qazilər də özlərinin və onlara bağlı olanların mənafeyini qorumaq üçün çoxlu hansı hökmlər vermişdir. Bir sözlə, nə çox günahsız insanlar olub ki, nahaq yerə dara asılmış və nə çox günahkar və müqəssirlər olmuşdur ki, onların barəsində ilahi qanunlar icra edilməmişdir!

İmam Məhdi (ə)-ın ədalət əsasında olanhakimiyyəti bütün zülmlərə və haqsızlıqlara son qoyacaqdır. İlahi ədalətin cilvəgahı olan İmam Məhdi (ə) ədalət məhkəmələrini icad edəcək, bu işə səlahiyyətli qaziləri, Allahdan qorxan və öz işlərində dəqiq olan icraçıları tə`yin edəcəkdir ki, dünyanın heç bir nöqtəsində, heç bir şəxsə qarşı zülm rəva görülməsin.

İmam Riza (ə) uzun bir hədisdə İmam Məhdi (ə)-ı və onun zühurunun gözəl dövranını bəyan edərkən buyurmuşdur:

فَاِذا خَرَجَ اَشْرَقَتِ الْاَرْضُ بِنُورِ رَبِّها وَوَضَعَ ميزانَ الْعَدْلِ بَيْنَ النّاسِ فَلايَظْلِمُ اَحَدُ اَحْداً

«O, qiyam edən zaman yer Allahın nuru ilə işıqlanacaq, o həzrət ədalət tərəzisini insanların arasında qoyacaq, (ədaləti elə şəkildə icra edəcəkdir ki), nəticədə heç kəs başqasına zülm və haqsızlığı rəva görməsin.»[24]

Bu rəvayətdən aydın olur ki, o həzrətin məhkəmə ədaləti o qədər geniş səviyyəli və dəqiq olacaqdır ki, zalımların və mənfəətpərəstlərin yolunu bağlayacaq, zülm və haqsızlığın təkrar edilməsinin və başqalarının hüquqlarına təcavüz etməyin adiləşməsinin qarşısını alacaqdır.
 
-----------------------------------------------------------------------------------------------------


[1] Nəhcül-Bəlağə, 138-ci xütbə

[2] Qeybəti-Nömani, 21-ci bab, 3-cü hədis, səh. 333

[3] Peyğəmbəri Əkrəm (s) buyurmuşdur: «Həqiqətən mən əxlaqi gözəllikləri təkmilləşdirmək üçün (nübüvvətə) seçilmişəm.» «Mizanul-hikmət»-in tərcüməsi 4-cü cild səh 1530

[4] «Sizin üçün Peyğəmbəri Əkrəmdə gözəl nümunələr vardır». Əhzab surəsi, 21-ci ayəyə işarədir.

[5] Biharul-ənvar, 52-ci cild, səh 336

[6] İmam Əli (ə) həzrəti Məhdi (ə)-ı vəsf edərək deyir: «Onun elmi sizin hamınızın elmindən artıqdır» Qeybəti Nömani, 13 bab, hədis 1.

[7] Bihrul-ənvar, 36-cı cild, səh 253, Kəmalud din, birinci cild, 24 bab, 5-ci hədis, səh 487

[8] Qeybəti Nömani, səh. 239, Biharul-ənvar, 52-ci cild, səh. 352

[9] Mizanul-hikmət, hədis 1632

[10] Biharul-ənvar, 78-ci cild, səh. 91

[11] Mizanul-hikmət, hədis 1649

[12] Biharul-ənvar, 58-ci cild, hədis 11, səh. 11

[13] Biharul-ənvar, 10-ci cild, səh. 104; Xisal, səh 626

[14] Kamalud din, birinci cild, bab 32, hədis 16, səh. 603

[15] Qeybəti Nömani, 13 bab, hədis 26, səh. 242

[16] Biharul-ənvar, 51-ci cild, səh. 81

[17] Yenə orada, səh. 390

[18] Kamalud din, 1-ci cild 32-ci bab, hədis 16, səh. 603

[19] Ali-İmran surəsi, 110-cu ayə

[20] Bu vacib əməl barəsində imam Baqir (ə) buyurur

«Əmr be mə`ruf və nəhy əz münkər elə bir vacib əməldir ki, onun vasitəsilə bütün vacibatlar bərqərar edilir.» Mizanul-hikmət, tərcüməsi, 8-ci cild, səh. 3704

[21] Biharul-ənvar, 51-ci cild, səh. 47

[22] Məfatihul-cinan, Nüdbə duası

[23] Biharul-ənvar, 52-ci cild, bab 27, hədis 4

[24] Biharul-ənvar 52-ci cild səh 321

Category: İMAM MƏHDİ (Ə)-IN HÖKUMƏTİNİN PROQRAMLARI | Added by: IslamQadini (2009-10-02)
Views: 1312 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]