«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Şənbə günü, 2024-05-04, 10:03 AM
Main » Files » Qadın hüququ » Qanunvericilikdə

2010-05-28, 6:36 PM
 
Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu


Bu Qanun valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, habelə onların arasından 23 yaşınadək olan şəxslərin sosial müdafiəsi üzrə dövlət tə`minatının məzmununu, tədbirlərini müəyyən edir, həmin tə`minatın verilməsi və həyata keçirilməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyir.

Maddə 1. Əsas anlayışlar
Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mə`naları ifadə edir:
* valideynlərini itirmiş uşaqlar - hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan şəxslərdir;
* valideyn himayəsindən məhrum olmuş uşaqlar - hər iki valideyni:
* mə`lum olmayan;
* valideynlik hüquqlarından məhrum edilən və ya valideynlik hüquqları məhdudlaşdırılan;
* xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan (fəaliyyət qabiliyyəti məhdudlaşdırılan) hesab edilən, ölmüş e`lan edilən;
* azadlıqdan məhrum edilmə yerlərində cəzasını çəkən;
* uşaqlarının tərbiyə edilməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina edən;
* uşaqlarını tərbiyə, müalicə, əhalinin sosial müdafiəsi və digər analoji müəssisələrdən götürməkdən imtina edən;
* qanunla nəzərdə tutulmuş qaydada digər hallarda valideyn himayəsindən məhrum hesab edilən 18 yaşınadək şəxslərdir.
Bir valideyni vəfat etmiş və o biri valideyni I və II qrup əlil olan 18 yaşınadək şəxslər də valideyn himayəsindən məhrum olmuş uşaqlar hesab edilirlər.
* valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslər - 18 yaşınadək hər iki valideynini itirmiş, habelə hər iki valideyninin himayəsindən məhrum olmuş ali və orta peşə-ixtisas təhsili müəssisələrində əyani formada təhsil alan 23 yaşınadək olan şəxslərdir;
* valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələr - valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların saxlanıldığı, təhsil və (və ya) tərbiyə aldığı təhsil müəssisələri;
* ailə tipli uşaq evləri;
* əhalinin sosial müdafiəsi müəssisələri (uşaq evləri; əqli geriliyi və fiziki çatışmazlığı olan əlil uşaqlar üçün internatlar, sosial-reabilitasiya yardım mərkəzləri, sosial sığınacaqlar);
* səhiyyə sistemi müəssisələri və qanunvericiliklə müəyyən edilmiş qaydada yaradılan digər dövlət və qeyri-dövlət müəssisələrdir;
* qəyyumluq və himayə - valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların saxlanılması, tərbiyə olunması və təhsili, habelə hüquq və mənafelərinin müdafiəsi məqsədilə onların yerləşdirilməsi formasıdır. Qəyyumluq 15 yaşınadək olan uşaqlara, himayə 15 yaşından 18 yaşınadək olan uşaqlara müəyyən edilir.
* övladlığa götürən şəxs - qanunvericiliklə müəyyən edilmiş qaydada valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqları övladlığa götürən ər-arvad və ya ayrı-ayrı şəxslərdir;
* valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların tam dövlət tə`minatı - valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara müvafiq dövlət və ya bələdiyyə müəssisəsində, qəyyumun (himayəçinin) ailəsində olduqları müddətdə pulsuz yemək, paltar və ayaqqabı dəsti verilməsi, yaşaması, təhsil alması və tibbi xidmət göstərilməsi və ya onların tam dəyərinin dövlət büdcəsi hesabına ödənilməsidir.

Maddə 2. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi sahəsində qanunvericilik
Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi sahəsində qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, digər normativ-hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdən ibarətdir.

Maddə 3. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi üzrə tədbirlər
Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, habelə onların arasından olan şəxslərin sosial müdafiəsi mövcud qanunvericiliyə uyğun olaraq dövlət tərəfindən tə`min olunur və qorunur.
Müvafiq icra hakimiyyəti orqanları valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların və onların arasından olan şəxslərin sosial müdafiəsi üzrə məqsədli proqramları hazırlayır və həyata keçirir, onlar üçün mərkəzləşmiş xüsusi yaşayış yerləri, habelə təhsil, sosial xidmət və digər müəssisələrin bazasında sosial uyğunlaşma və reabilitasiya üzrə dövlət müəssisələri yaradırlar.
Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, habelə onların arasından olan şəxslərin sosial müdafiəsi üzrə maliyyə xərcləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən minimum dövlət sosial standartlarına əsaslanır.
Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan qaydada və məbləğdə valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün qəyyumlara (himayəçilərə) aylıq müavinətlər verilir.
Azərbaycan Respublikasının qanunvericiliyi ilə valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasından olan şəxslərə digər sosial müdafiə tədbirləri də müəyyən edilə bilər.

Maddə 4. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi üzrə tədbirlərin maliyyələşdirilməsi
Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi üzrə tədbirlərin maliyyələşdirilməsi dövlət büdcəsi, dövlət və qeyri-dövlət fondları, qrantlar və qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına həyata keçirilir.

Maddə 5. Təhsil üzrə tə`minatlar
Bütün tipdən olan dövlət təhsil müəssisələrində təhsil alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər həmin təhsil müəssisəsini bitirənədək tam dövlət tə`minatına götürülürlər.
Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasından olan şəxslərə tam dövlət tə`minatından əlavə, həmin təhsil müəssisəsində müəyyən edilmiş təqaüdün iki mislindən az olmayan miqdarda təqaüd verilir, habelə istehsalat təhsili və istehsalat təcrübəsi dövründə yüz faiz əmək haqqı verilir.
Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar arasından olan şəxslərə ali və orta peşə-ixtisas təhsili müəssisələrində təhsil aldıqları müddət ərzində dərslik və dərs ləvazimatları alınması üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada və miqdarda müavinət verilir.
Ali və orta peşə-ixtisas təhsili müəssisələrində təhsil alarkən tibbi göstərişlər üzrə akademik möhlət verilən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar arasından olan şəxslərə həmin müddət ərzində tam dövlət tə`minatı saxlanılır, təqaüdlər verilir. Həmin müəssisələr onların müalicəsinin təşkilinə kömək edirlər.
Valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş uşaqlar və onların arasından olan şəxslər şəhər, şəhərətrafı, kənd yerlərində daxili nəqliyyatda (taksidən başqa), habelə tə`til müddətində təhsil müəssisələrindən yaşadıqları yerə və geriyə gedib-gələrkən gediş haqqından azad olunurlar.
Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər orta, orta peşə-ixtisas və ali peşə-ixtisas təhsil müəssisələrini bitirdikləri zaman müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi qaydada mövsümi paltar və ayaqqabı, habelə respublika üzrə orta əmək haqqının iki mislindən az olmamaqla birdəfəlik pul vəsaiti ilə tə`min olunurlar.

Maddə 6. Tibbi xidmət üzrə tə`minatlar
Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasından olan şəxslərə dövlət büdcəsinin vəsaitləri hesabına bütün dövlət müalicə-profilaktika müəssisələrində tibbi xidmət göstərilir və onlar mütəmadi tibbi müayinədən keçirilir.
Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasından olan şəxslərə şagird və tələbə əmək və istirahət idman-sağlamlıq düşərgələrinə (bazalarına), tibbi göstərişlər olduqda sanatoriya-kurort müəssisələrinə dövlət büdcəsi, dövlət və qeyri-dövlət fondları və qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına putyovkalar verilir, istirahət və müalicə yerlərinə və geriyə gedib-gəlmələri üçün yol pulu ilə tə`min olunurlar.

Maddə 7. Əmlak və yaşayış sahəsi üzrə tə`minatlar
Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər və qəyyumluqda (himayədə) olan uşaqlar bütün tipdən olan təhsil müəssisələrində təhsil aldıqları, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sıralarında xidmət etdikləri, əhaliyə sosial xidmət və habelə azadlıqdan məhrum edilmə müəssisələrində olduqları bütün müddət ərzində qanunvericiliklə müəyyən olunmuş qaydada valideynlərinə və ya özlərinə məxsus olan, yaxud əvvəllər yaşamış olduqları mənzil sahələrinə hüquqlarını saxlayırlar. Bu mənzilə köçmək mümkün olmadıqda, onlar həmin yaşayış sahəsinə bərabər olan mənzillə növbədənkənar tə`min edilirlər.
Əvvəllər mənzil sahəsi olmayan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə qəyyumluqda (himayədə) olan uşaqlar bütün tipdən olan təhsil müəssisələrini bitirməyə, əhaliyə sosial xidmət müəssisələrindən və Azərbaycan Respublikasının Silahlı Qüvvələri sıralarından buraxılmağa, azadlıqdan məhrum edilmə müəssisələrindən azad olunmağa üç ay qalmış müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən olunmuş sosial normalardan az olmayan yaşayış yeri ilə növbədənkənar tə`min olunurlar.
Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qeydiyyatı həm yaşayış yeri, həm də müvəqqəti olduqları yer (valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələr, yataqxanalar, qəyyumun (himayəçinin), övladlığa götürən şəxsin yaşayış yeri) üzrə aparılır.
Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların yaşayış yeri və ya olduğu yer üzrə qeydiyyatdan çıxarılması yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı ilə mümkündür.
Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların mülkiyyətində olan özəlləşdirilmiş mənzil sahələri, habelə həmin uşaqların müvəqqəti yaşamadıqları, lakin özəlləşdirilmə zamanı müvafiq yaşayış sahəsinə mülkiyyətçi və ya icarəçi ilə bərabər hüququ olduğu yaşayış sahəsi barəsində əqdlər yerinə yetirilərkən müvafiq icra hakimiyyəti orqanının əvvəlcədən razılığı olmalıdır.
Valideynlər vəfat etdikdə, yaxud valideynlik hüquqlarından məhrum edilmiş valideynlərin yaşayış sahəsi məcburi dəyişdirildikdə müvafiq icra hakimiyyəti orqanı, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələrin rəhbərləri, qəyyumlar (himayəçilər), övladlığa götürən şəxslər valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların hüququ olduğu yaşayış sahəsini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq özəlləşdirməli və həmin yaşayış sahəsi məcburi dəyişdirildiyi halda valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların mülkiyyətinə keçməsi barədə müqavilə bağlamalıdırlar.

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər və qəyyumluqda (himayədə) olan uşaqlar mülki-hüquqi əqdlərin bağlanması zamanı, habelə mənzil (fərdi ev) alarkən və ya dəyişdirərkən dövlət rüsumunu ödəməkdən azad olunurlar.
Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, habelə onların arasından olan şəxslərin yaşayış sahəsi ilə tə`min olunması üçün dövlət büdcəsi və qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına xüsusi mənzil fondları yaradıla bilər.
Qanunvericiliklə müəyyən olunmuş qaydada valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasından olan şəxslərə fərdi ev tikintisi üçün torpaq sahələri ayrılır və məqsədli qaytarılmayan ssuda verilir.
Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər onların valideynlərinin mülkiyyətində olmuş əmlakın, torpağın və dövlət əmlakının özəlləşdirilməsi zamanı aldıqları paylar üzərində ümumi qaydada vərəsəlik hüququna malikdirlər.

Maddə 8. Əmək hüququ üzrə tə`minatlar
15 yaşından 18 yaşınadək olan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar müraciət etdikdə müvafiq icra hakimiyyəti orqanı onlarla peşə yönümü barədə iş aparır və səhhəti nəzərə alınmaqla onların peşə yararlığının diaqnostikasını tə`min edirlər.
Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər üçün xüsusi iş yerləri yaratmış işəgötürənlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq vergi güzəştlərindən istifadə edirlər.
Müvafiq icra hakimiyyəti orqanı valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, habelə onların arasından olan şəxslərin peşə hazırlığını və peşə fəaliyyətini tə`min edirlər. Onlar üçün sosial xidmət müəssisələrində xüsusiləşdirilmiş iş yerləri yaradıla bilər.
Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ilk dəfə işə düzələn zaman müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş normalara uyğun paltar, ayaqqabı, yumşaq ləvazimat və avadanlıqla, habelə orta əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətlə tə`min olunurlar. Onların arzusu ilə həmin ləvazimat və avadanlıqların əvəzinə pul kompensasiyaları verilir və ya həmin kompensasiyalar müvafiq banklarda həmin şəxslərin adına açılan hesablara köçürülür.
İlk dəfə iş axtaran və müvafiq icra hakimiyyəti orqanında işsiz statusunda qeydə alınmış valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasından olan şəxslərə mövcud qanunvericiliyə uyğun olaraq işsizliyə görə orta əmək haqqı miqdarında müavinət verilir. Müvafiq icra hakimiyyəti orqanı bu müddət ərzində həmin kateqoriyadan olan şəxslərin peşə yönümünü, peşə hazırlığını və işə düzəldilməsini həyata keçirir.
İşəgötürənlər (onların hüquqi varisləri) iş yerlərinin ixtisarı ilə əlaqədar işdən azad olmuş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaq, habelə onların arasından olan şəxs hesab edilən işçiləri sonradan həmin müəssisədə və ya digər müəssisədə işə düzəltmək üçün öz vəsaiti hesabına zəruri yeni peşə hazırlığına cəlb edirlər.
Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan işəgötürənlər mövcud olan hər əlli iş yerindən birini valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər üçün nəzərdə tutmalıdırlar. Buna əməl edilmədikdə işəgötürən hər iş yeri üçün (işlə tə`min olunmayan aylar üzrə) respublika üzrə müəyyən edilmiş orta aylıq əmək haqqının üç misli məbləğində cərimə ödəyirlər.

Maddə 9. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların hüquqlarının müdafiəsi
Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, habelə onların arasından olan şəxslərin hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsini onların özləri, qanuni nümayəndələri, qəyyumları (himayəçiləri), müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər və həmkarlar ittifaqı təşkilatları Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada həyata keçirirlər.

Maddə 10. Qanunun tələblərinin pozulmasına görə məs`uliyyət
Bu Qanunun tələblərinin pozulmasına görə vəzifəli şəxslər və vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada müvafiq məs`uliyyət daşıyırlar.

Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV.
Bakı şəhəri, 22 iyun 1999-cu il.
№ 693-IQ.

Category: Qanunvericilikdə | Added by: IslamQadini
Views: 1651 | Downloads: 0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]