- Aktual - Aktual - Islam Qadini - IslamQadini «Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Bazar ertəsi, 2016-12-05, 5:32 PM
Main » Files » Aktual » Aktual

2012-11-13, 10:03 AM
Düşünürəm

Düşünürəm, zamanın bir anında, məkanın bir nöqtəsində, ömrümün bir çağında bir özümə, bir dünyaya baxıb düşünürəm. Niyə axtarmırıq? Niyə soruşmuruq? Niyə maraqlanmır, niyə tənqid etmirik? Başa düşmürəm vacib olan nədir? Həyatın mənası nədir? Niyə yaradıldıq? Kim daim bizimlə maraqlanır? Əl, göz, qulaq, ağıl, qəlb, ana, ata, budaqda qoparılmağı gözləyən alma, dünyanı işıqlandıran günəş və başqaları niyə mövcuddur? Bu necə nizamdır? Bu min bir çarxlı saatı Kim işlədir? Kamil bir sistem daim var. Yaxşı, bəs nə üçün var? Niyə hər şey bizə xidmət etməyə tələsir? Bu qədər hədiyyə hardandır? Mərhəmət və sevgini əks etdirən bir güzgüyə bənzəyir hər biri. Yaxşı, işıqların qaynağı kimdir? Bu qədər təlaş nə üçündür?
Düşünürəm, cavabı yaradılışın məqsədini göstərəcək olan bu kimi suallar görəsən neçə nəfərin beynində və könlündə yer tutur? Həm də bu yer nə böyüklükdədir? Niyə çoxumuz bu suallarla maraqlanmırıq? Həyatın yeknəsəkliyində işdən evə, evdən işə gedib-gəlmək; yalnız bumu? Dünyamızı dolduran siyasət, futbol, «Sənətkar»ların həyatları və yemək davası… vəssəlam? Başqa bir şey yoxdurmu bu çərçivənin xaricində? Sanki ruhlarımız cisimlərimizə həbs olub və müəyyən bir qəlibin içində sıxışıb qalmışıq.
Soruşulmayan sualları dünyamızdan atmışıqmı? Günü başa vurmaqdırmı məqsəd? Ətrafımız ora-bura qaçan insanlarla doludur. Ora-bura qaçan yalnız bədənlərdirmi? Xeyr, ruhlar da eyni cür təlaşdadır. Bizlər isə okeanları unutmuş, kiçik damlalarla başımızı qatmışıq. Batıb gedən ruhlara, silinib yox olanlara baxıb düşünürəm. Düşünürəm, niyə düşünən insanlar azdır və niyə düşünmədən yaşayan insanlar bu qədər çoxdur? Televizorun və qazetlərin saxta işıqlarından keyləşən beynimizin bundan daha artıq düşünə bilmədiyindədirmi məsələ? Getdikcə zəifləyən ailə münasibətlərindədirmi problem? Yoxsa narahat edilmə qorxusu ilə qapılarımızı qonşulara bərk-bərk bağlamağımızdadır səbəb? Bəlkə nəfsimizi hər şeydən çox sevirik, ona görə? Verməklə kasıblaşacağımızdan qorxub əllərimizi möhtaclara uzatmadığımız üçünmü qəlblərimiz paslanır? Uşaqlarımıza sevgi və mərhəməti öyrətməyi unutduğumuz üçün «manqurt» kimi böyüyürlər? Bizlərlə belə davrandılarmı? Mərhəmət və sevgini paylaşmağı heç öyrətmədilərmi bizə? Ağlayanlara qarşı laqeydliyimiz bundan qaynaqlanırmı?
Düşünürəm, niyə səhv yerə aparan yollar bu qədər asan, bəzəkli və göz qamaşdırıcıdır? Düz yola çatmaq üçün isə mütləq enişli-yoxuşlu yollarla, çətinliklərə qatlaşaraq getmək lazımdırmı? Düşünürəm, ölümün haqq olduğu bu dünyada (özümüz də daxil olmaqla) insanları düşünməyə sövq etmənin, sonsuz xilası qazanmaq üçün çalışmağın ən böyük nemət olduğunu xatırlatmağın şirinliyini həyatımızın cəmi neçə anında hiss etmişik? Və niyə bu anlar bu qədər azdır? Beyinlərimiz, ruhlarımız, qəlblərimiz bəzəkli oyunlarla doludur. Onlardırmı günahkar? Onlara doğru əllərimiz necə? Seçən biz deyilikmi? Məsuliyyətimiz yoxdurmu? Elə isə …

Düşünürəm, varlığın boynuna kəmənd atıb minlərlə dərəcə istiliklə qaynayan, fəzanın qaranlığında gündə 2,5 milyon kilometr yol açaraq uçan bir atın üzərində dördnalla çaparkən sonsuzluğu və sonsuzluğa hökm edəni. Düşünürəm, bütün insanlığın ortasında bir insan, bütün varlığın ortasında bir könül. Düşünməyə, axtarmağa və sevməyə çalışan bir insan. Düşünürəm…


kovser.az


Category: Aktual | Added by: IslamQadini
Views: 353 | Downloads: 0 | Comments: 1
Total comments: 1
0   Spam
1 KubraZ   (2013-04-29 8:04 PM)
cox sagolun :D

Only registered users can add comments.
[ Registration | Login ]