- Qur'anda qadin - Islamda qadinlar - Islam Qadini - IslamQadini «Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Bazar ertəsi, 2016-12-05, 5:31 PM
Main » Files » Islamda qadinlar » Qur'anda qadin

2009-09-12, 12:30 PM
 
Quranda iman və nifaq
Tövbə surəsinin 67-72-ci ayələrinin təfsiri
(«Təfsiri Nümunə»dən tərcümə)
Tövbə surəsi, ayə 67

    
الْمُنَافِقُونَ وَالْمُنَافِقَاتُ بَعْضُهُمْ مِنْ بَعْضٍ يَأْمُرُونَ بِالْمُنْكَرِ وَيَنْهَوْنَ عَنِ الْمَعْرُوفِ وَيَقْبِضُونَ أَيْدِيَهُمْ نَسُوا اللَّهَ فَنَسِيَهُمْ إِنَّ الْمُنَافِقِينَ هُمُ الْفَاسِقُونَ

     «Münafiq kişilərlə münafiq qadınlar bir-birinin eynidirlər. Pis işlər görməyi əmr edər, yaxşı işləri qadağan edər və əllərini bağlayarlar (xəsislik edərlər). Onlar Allahı unutdular, Allah da onları unutdu. Həqiqətən, münafiqlər fasiqlərdir».
     Ayə 68:
    
وَعَدَ اللَّهُ الْمُنَافِقِينَ وَالْمُنَافِقَاتِ وَالْكُفَّارَ نَارَ جَهَنَّمَ خَالِدِينَ فِيهَا هِيَ حَسْبُهُمْ وَلَعَنَهُمُ اللَّهُ وَلَهُمْ عَذَابٌ مُقِيمٌ

     «Allah münafiq kişilərə, münafiq qadınlara və kafirlərə içində əbədi qalacaqları cəhənnəm atəşi vəd etmişdir. O atəş, onlara kifayətdir və Allah onlara lənət etmişdir və onlar üçün əbədi bir əzab vardır».
     Ayə 69:
    
كَالَّذِينَ مِنْ قَبْلِكُمْ كَانُوا أَشَدَّ مِنْكُمْ قُوَّةً وَأَكْثَرَ أَمْوَالا وَأَوْلادًا فَاسْتَمْتَعُوا بِخَلاقِهِمْ فَاسْتَمْتَعْتُمْ بِخَلاقِكُمْ كَمَا اسْتَمْتَعَ الَّذِينَ مِنْ قَبْلِكُمْ بِخَلاقِهِمْ وَخُضْتُمْ كَالَّذِي خَاضُوا أُولَئِكَ حَبِطَتْ أَعْمَالُهُمْ فِي الدُّنْيَا وَالآخِرَةِ وَأُولَئِكَ هُمُ الْخَاسِرُونَ

     «(Ey kafir və münafiqlər!) Siz özünüzdən əvvəlkilər kimisiniz. Hətta onlar sizdən daha qüdrətli, mal-dövlət və övlad baxımından daha üstün idilər. Beləliklə onlar, (dünyadakı) qismətlərindən bəhrələndilər. Sizdən qabaqkılar öz qismətlərindən bəhrələndikləri kimi siz də öz qismətinizdən bəhrələndiniz. Və siz də onlar kimi (günah və nəfsi istəklər uçurumuna) yuvarlandınız. Onların əməlləri dünyada və axirətdə puç və əbəs oldu. Onlardır ziyana uğrayanlar!»
     Ayə 70:
    
أَلَمْ يَأْتِهِمْ نَبَأُ الَّذِينَ مِنْ قَبْلِهِمْ قَوْمِ نُوحٍ وَعَادٍ وَثَمُودَ وَقَوْمِ إِبْرَاهِيمَ وَأَصْحَابِ مَدْيَنَ وَالْمُؤْتَفِكَاتِ أَتَتْهُمْ رُسُلُهُمْ بِالْبَيِّنَاتِ فَمَا كَانَ اللَّهُ لِيَظْلِمَهُمْ وَلَكِنْ كَانُوا أَنْفُسَهُمْ يَظْلِمُونَ

     «Məgər onlara özlərindən əvvəlki, Nuh, Ad, Səmud, İbrahim qövmünün, Mədyən əhalisinin və Mötəfikilərin (şəhərləri alt-üst olmuş Lut tayfasının) xəbərləri gəlib çatmayıb? Peyğəmbərləri onlara aydın dəlillərlə gəlmişdilər. Allah onlara zülm etmək istəmirdi, amma onlar özləri-özlərinə zülm etdilər».
     Ayə 71:
    
وَالْمُؤْمِنُونَ وَالْمُؤْمِنَاتُ بَعْضُهُمْ أَوْلِيَاءُ بَعْضٍ يَأْمُرُونَ بِالْمَعْرُوفِ وَيَنْهَوْنَ عَنِ الْمُنْكَرِ وَيُقِيمُونَ الصَّلاةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَيُطِيعُونَ اللَّهَ وَرَسُولَهُ أُولَئِكَ سَيَرْحَمُهُمُ اللَّهُ إِنَّ اللَّهَ عَزِيزٌ حَكِيمٌ

     «Mömin kişilərlə möminə qadınlar bir-birinə dost, hayandılar. Onlar yaxşı işlər görməyi əmr edir, pis işlərdən çəkindirir, namazı qılır, zəkat verir, Allah və Onun Peyğəmbərinə itaət edirlər, Allah tezliklə onları öz rəhminə qovuşduracaqdır. Həqiqətən Allah, yenilməz qüdrət sahibi və hikmətlidir!»
     Ayə 72:
    
وَعَدَ اللَّهُ الْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ جَنَّاتٍ تَجْرِي مِنْ تَحْتِهَا الأنْهَارُ خَالِدِينَ فِيهَا وَمَسَاكِنَ طَيِّبَةً فِي جَنَّاتِ عَدْنٍ وَرِضْوَانٌ مِنَ اللَّهِ أَكْبَرُ ذَلِكَ هُوَ الْفَوْزُ الْعَظِيمُ

     «Allah mömin kişilərə və möminə qadınlara (ağacları) altından çaylar axan və əbədi qalacaqları cənnətlər və Ədn cənnətlərində pak məskənlər vəd etmişdir. Allah tərəfindən olan razılıq isə (bütün bunlardan) daha böyükdür. Budur ən böyük qurtuluş və uğur».

     Münafiqlərin xüsusiyyətləri

     Bu ayələrdə münafiqlərin rəftar və xüsusiyyətləri barəsində söhbət açılır. Birinci ayədə nifaq barəsində ümumi bir qayda xüsusilə qeyd olunur. O da bundan ibarətdir ki, nifaq müxtəlif simalarda və şəkillərdə zahir ola bilər. Mümkündür ki, bu xüsusiyyət, yəni nifaq, ilk baxışda diqqəti cəlb etməsi - xüsusilə də «kişi» və «qadın»da ayrı-ayrı simalarda zahir olduqda onu sezmək olmasın. Amma münafiqlərin bu dəyişkən simalarına aldanmayın; bir qədər diqqətli olmaq yetər. Onların hamısı bir sıra müştərək xüsusiyyətlərə malikdirlər. Elə buna görə deyilir ki, münafiq qadın və kişilər bir «bezin qırağıdırlar».
     Sonra bu ayədə münafiqlərin beş xüsusiyyəti açıqlanmışdır:
     Birinci: Onlar insanları «münkərat»a (pis işlərə) həvəsləndirərlər.
     İkinci: Onlar insanları «yaxşı» işlərdən çəkindirirlər. Yəni «yaxşılıqlara doğru əmr etmək və pis işlərdən çəkindirmək» («əmr be məruf və nəhy-əz münkər») prinsipi ilə daim cəmiyyəti çirkinlikdən və fəsaddan islah etməyə çalışan həqiqi möminlərin tam əksinə olaraq münafiqlər hər zaman səy göstərirlər ki, fəsad, hər yeri bürüsün, cəmiyyətdə yaxşılıqların kökü kəsilsin ki, onlar belə bir çirkin mühitdə öz mənfur məqsədlərinə daha tez yetişsinlər.
     Üçüncü: Onlar səxavətli deyillər, başqa sözlə desək «əllərini bağlayırlar». Onlar Allah yolunda infaq etmir, məhrumların imdadına yetişmir, qohumlara və tanışlara heç bir yardım göstərmirlər. Aydındır ki, münafiqlərin axirətə, infaqın savab və səmərəsinə imanları olmadığı üçün mal-dövlətlərindən xərcləyib, səxavət göstərməkdə çox xəsisdirlər. Lakin onlar öz qərəzli məqsədlərinə yetişmək üçün böyük xərclərə qatlanır, riyakarlıq məqsədilə bəxşiş verirlər. Yəni onların əməlləri əsla ixlas ilə və Allah xatirinə deyildir.
     Dördüncü: Onların bütün danışıq, əməl və rəftarları bunu göstərir ki, onlar Allahı unudublar, Allah da onları öz bərəkət və nemətlərini əta etməkdə unudubdur. Onların həyat tərzində də bu qarşılıqlı unutqanlıq öz təzahürünü tapmışdır.
     Aydındır ki, Allaha nisbətdə işlədilmiş «nisyan» yəni «unutqanlıq» sözü həqiqi mənada olan bir unutqanlığı ifadə etmir. Bir növ Allah-Taala, onu unudanla unutqan bir şəxs kimi rəftar edir. Yəni Allah öz rəhmət və tofiqindən onlara heç bir pay ayırmır. Bu növ ifadələr gündəlik danışıqda da istifadə olunur. Məsələn deyirik: «Sən öz vəzifəni unutduğun üçün, biz də mükafat verilən zaman səni unudacağıq», yəni sənə heç bir əmək haqqı və mükafat verməyəcəyik.
     Bu məzmunla Əhli-Beyt (ə) rəvayətlərində dəfələrlə rastlaşırıq. («Nurus-səqəleyn» təfsiri, 2-ci cild, səh. 239 və 240-a müraciət edə bilərsiniz.)
     Bu ayədə diqqətə layiq məqam budur ki, Allahın unutqanlığı (cümlə quruluşuna görə) «fai-təfri» (xüsusi önşəkilçi olan «f»-dır ki, müəyyən səbəbdən doğan nəticənin əvvəlində gəlir) vasitəsilə münafiqlərin unutqanlığına bağlanıb, yəni Allahın onları öz nemətlərindən məhrum etməsi, onların öz əməllərinin nəticəsidir. Çünki, Allahın varlığını və buyruqlarını unutmaq yalnız belə bir nəticə doğura bilər.
     Beşinci: «Onlar fasiqdirlər və Allahın itaətındən çıxıblar».
     Yuxarıdakı ayədə qeyd olunan münafiq insanların sifətləri hər bir əsr və zamanda müşahidə olunur. Dövrümüzün münafiqləri daha yeni simalara bürünsələr də müştərək xüsusiyyətlərdə elə özlərindən əvvəlki münafiqlər kimidirlər; həm fəsada həvəsləndirər, həm yaxşı işin qarşısını alarlar. Həm xəsisdirlər, həm həyatlarında hər bir cəhətdən Allahı unudublar, həm də ilahi qanunlara itaətsizlik edən və fasiqdirlər. Təəccüblü burasıdır ki, bütün bunlarla yanaşı hələ Allaha iman, möhkəm əqidə və İslam dininin hökmlərinə tabe olduqlarını iddia edirlər.
     Sonrakı ayədə onları gözləyən şiddətli və əzablı cəza qısa cümlədə açıqlanmışdır: «Allah münafiq kişilərə, münafiq qadınlara və bütün kafirlərə cəhənnəm atəşi vəd etmişdir». Elə bir yandırıb-yaxan atəş ki, «əbədi olaraq orada qalacaqlar» və «bütün ağrılı əzabları və cəzaları əhatə edən həmin bu cəza, onlara kifayətdir». Başqa sözlə desək, artıq onlar üçün heç bir başqa cəzaya ehtiyac qalmır, çünkü cəhənnəmdə bütün növ ruhi və cismi cəzalar mövcuddur. Və ayənin sonunda əlavə olunur: «Allah onları öz rəhmətindən uzaqlaşdırıb, əbədi əzaba düçar etmişdir».
     Bəlkə də Allahdan uzaq olmağın özü onlar üçün ən böyük əzab, ən ağrılı cəza hesab olunur.

     Tarixin təkrarlanması və ibrət dərsi.

     Sonrakı ayə müxatəbi olan bu dəstə münafiqləri ayıltmaq üçün onlara tarixdə baş verən hadisələri xatırlayır və keçmiş dövrlərin nifaq əhli ilə onların həyatını müqayisə edərək ibrət dərsi verir və buyurur: «Siz özünüzdən öncəki münafiqlər kimisiniz; eyni yolu, eyni hədəfi izləyirsiniz. Üstəlik o münafiqlər qüdrət cəhətdən sizdən daha güclü, mal və övlad cəhətdən sizdən daha üstun idilər. Onlar dünyadakı qismətlərini nəfsi istəklər, çirkinliklər, günah və fəsad yolunda istifadə etdilər. Ey bu ümmətin münafiqləri, siz də öncəkilər kimi öz nəsibinizi bu yolda istifadə etməklə onlarla şərik oldunuz!
     «Xulq» kökündən alınan «xəlaq» sözü lüğətdə «nəsib və bəhrə» (mənfəət, fayda) mənasındadır.
     Ayə belə davam edir: «Siz də onlar kimi küfr və nifaqa, möminləri rişxənd və istehza etməyə aludə oldunuz».
     Sonunda öncəki münafiqlərin aqibətini xatırlayaraq Peyğəmbərin (s) müasirləri olan münafiqlərə, ümumiyyətlə dünyadakı bütün münafiqlərə, bu iki cümlədə xəbərdarlıq verir:
     Birinci: «Onların bütün əməlləri dünya və axirətdə bada gedib və gedəcək, onlar heç bir bəhrəyə və savaba nail olmayacaqlar».
     İkinci: «Onlar həqiqi ziyanakarlardır».
     Ola bilər ki, onlar öz ikiüzlülük və münafiqliklərindən «müvəqqəti və məhdud faydalar» əldə etsinlər, lakin bir qədər diqqət yetirdikdə görürük ki, nə bu dünyada bir yerə çatırlar, nə də ki, axirət üçün azuqələri var. Necə ki, keçmiş qövmlərin tarixi bu həqiqəti bir daha nümayiş etdirir və nifaq üzündən onların nələrə düçar olduqlarını və zavala sürükləndiklərini açıqlayır. Onların bu dünyadakı bədbəxt aqibətləri isə axirətdəki talelərinin tərənnümüdür. Bilin ki, onlar, bu qədər mal-dövlət, övlad və s. imkanlarla bir yerə çatmadılarsa, əməlləri, puç və əbəs oldusa, şübhəsiz ki, qüdrət və var-dövlət baxımından onlardan aşağı səviyyədə olduğunuz üçün, siz də onların bədbəxt talelərinə düçar olacaqsınız.
     Sonra Peyğəmbərə (s) xitabən, bu sualla müraciət edir: «Məgər bu münafiqlər özlərindən öncəki Nuh, Ad, Səmud, İbrahim qövmünün, Mədyən əhalisinin (Şüeyb qövmünün) və Lut qövmünün viran olmuş şəhərlərinin aqibətini eşitməyiblər?
     Bir zamanlar bu qövmlər, geniş ərazilərdə həyat sürürdülər, lakin hər biri tüğyan edib, haqq-ədalətdən boyun qaçırmaqla və hər növ zülm və fəsada əl atmaqla Allahın qəzəbinə və əzabına düçar oldular. Nuhun qövmü tufan və qərqedici dalğalarla, Ad (Hud peyğəmbərin qövmü) qövmü güclü və viranedici küləklər vasitəsilə, Səmud qövmü (Saleh peyğəmbərin qövmü) zəlzələ vasitəsilə, İbrahimin qövmü növbənöv nemətlərdən məhrum olmaqla, Mədyən əhalisi (Şüeyb peyğəmbərinin qövmü) od yağdıran buludla və Lut qövmü şəhərlərinin alt-üst olmasıyla həlak oldular. Onlardan qalan nişanə və əsər-əlamət isə yalnız torpaq altında və ya su dalğaları arasında qalan cansız cisimləri və ovulmuş sümükləridir.
     Bunlar, təkanverici hadisələrdir ki, hər bir ayıq insanı düşüncəyə vadar edir. Halbuki Allah-Taala onları öz lütfündən məhrum etməmişdi: «Peyğəmbərləri onları hidayət etmək üçün açıq-aşkar dəlillərlə gəlmişdi, lakin onlar bu ilahi insanların heç birinin öyüd-nəsihətinə qulaq asmadılar və insanları hidayət etmək üçün onların çəkdikləri zəhmətlərə dəyər vermədilər».
     Odur ki, Allah onlara zülm etmədi, onlar özləri-özlərinə zülmü rəva gördülər.

     Həqiqi möminlərin əlamətləri

     Ötən üç ayədə münafiq kişi və qadınların bu beş xüsusiyyəti sadalandı: «yaramaz əməllərə həvəsləndirmək», «yaxşılıqlardan çəkindirmək», «xəsislik və həsəd», «Allahı unutmaq», «ilahi göstərişlərə qarşı müxalifətçilik». 71 və 72-ci ayələrdə isə mömin kişi və qadınların beş xüsusiyyəti bəyan olunur ki, tamamilə münafiqlərin sifətlərinin əksidir. Ayə belə başlanır: «Mömin kişilərlə möminə qadınlar bir-birinə dost, hayandırlar».
     Diqqətə layiq məqam budur ki, «vəli» sözü münafiqlər barəsində işlədilməyib. Onların barəsində «bir-birilərinin eynidirlər» (bəzuhum min bəzin) cümləsi işlədilib ki, onların eyni hədəf, xüsusiyyət və əmələ malik olduğunu bildirir. Lakin müxtəlif münafiq dəstələr hədəf və əməldə müştərək olsalar da, onlar arasında məhəbbət və dostluq ruhiyyəsi yoxdur! Şəxsi mənafeləri uğrunda hətta öz dostlarına belə xəyanət edərlər. Buna görə də Həşr surəsinin 14-cü ayəsində belə buyurulur:
     «Onları vahid sanarsan, halbuki qəlbləri pərakəndədir».
     Möminlər barədə bu ümumi qanunu, yəni dostluq və məhəbbət qanununu bəyan etdikdən sonra onların digər əlamətləri belə izah olunur:
     1. «Onlar insanları yaxşılıqlara dəvət edərlər».
     2. «İnsanları alçaq, pis işlərdən çəkindirərlər».

     3. Allahı unutmuş nifaq əhlinin əksinə olaraq onlar «namaz qılarlar». Hər an Allahı zikr edir və xatırlayırlar və bu yolla qəlblərini saf, ağıllarını ayıq saxlayırlar.
     4. Xəsis və paxıl münafiqlərin əksinə olaraq onlar öz mallarının bir hissəsini Allah yolunda, Allah bəndələrinin himayəsinə, cəmiyyətin islah olunması üçün bağışlayır «və mallarının zəkatını verərlər».
     5.Qeyd olunduğu kimi münafiqlər fasiq, məğrur və Allahın itaətindən çıxıblar. Amma möminlər, «Allah və Onun Peyğəmbərinə itaət edərlər».
     Bu ayənin sonunda möminlərin ilk mükafatı belə bəyan olunur: «Allah tezliklə onları öz rəhmətinə qovuşduracaqdır».
     Burada işlədilən «rəhmət» kəlməsi geniş məna daşıyır və həm bu dünyanın, həm axirət aləminin hər növ xeyir, bərəkət və səadətini əhatə edir. Möminlərin vəziyyəti Allahın öz rəhmətindən məhrum edib, özündən uzaqlaşdırdığı münafiqlərin vəziyyətinin tam əksidir, yəni möminlər hərtərəfli ilahi inayətə nail olacaqlar.
     Şübhə yoxdur ki, Allahın möminlərə vəd etdiyi bu rəhmət qətidir «çünki O, həm qüdrətlidir, həm də hikmət sahibidir». O, nə səbəbsiz olaraq vədə verir, nə də verdiyi vədəni yerinə yetirməkdə acizdir.
     Sonrakı ayədə imanlı şəxslərə şamil olan bu geniş ilahi rəhmət iki cəhətdən, yəni maddi və mənəvi cəhətlərdən şərh olunur.
     Öncə buyurulur: «Allah mömin kişilərə və möminə qadınlara ağacları altından çaylar axan cənnətlər vəd etmişdir». Bu böyük nemətin xüsusiyyəti isə onun zavala və məhvə uğramaması, habelə fəna və ayrılığın ondan kənar olmasıdır: «Onlar əbədi olaraq orada qalacaqlar».
     İlahi bəxşişin digər nümunəsi isə budur ki, Allah möminlərə «Ədn» cənnətində məskənlər və ali mənzillər vermişdir.
     «Ədn» sözünün lüğətdəki mənası «müəyyən bir yerdə məskunlaşmaq, daimi orada qalmaq» deməkdir. «Mədən» sözü də bu sözün kökündən alınıbdır və müəyyən maddələrin daimi yerinə deyilir. Ədn sözünün «əbədilik» sözü ilə oxşarlığı vardır. Lakin əvvəlki ayədə əbədilik mövzusuna toxunulduğu üçün bu qənaətə gəlmək olar ki, «Ədn» cənnətləri Allahın cənnətində xüsusi bir məkandır (yerdir) ki, cənnətin digər bağlarından daha üstündür.
     İslami hədislərdə və təfsirçilərin rəylərində bu üstünlük, müxtəlif şəkillərdə bəyan olunub. Həzrət Peyğəmbərdən (s) rəvayət olunan bir hədisdə oxuyuruq: «Ədn, Allahın elə bir evidir ki, onu heç bir göz görməyib və heç bir bəşər övladının zehnindən keçməyib. Orada yalnız insanlardan üç dəstə sakin olacaq: peyğəmbərlər, siddiqlər (peyğəmbərləri təsdiqləyib və onlara himayədarlıq edənlər) və şəhidlər».
     «Xisal» kitabında Allah peyğəmbərindən belə nəql olunur:
     «Kim mənim kimi yaşamaq, mənim kimi ölmək, Allahın mənə vəd etdiyi ədn cənnətində sakin olmaq istəyirsə Əli ibn Əbu Talibə (ə) və onun övladlarına məhəbbət bəsləsin» («Nurus-səqəleyn» təfsiri, 2-ci cild).
     Bu hədisdən belə aydın olur ki, «Ədn cənnətləri» behiştin elə bağlarıdır ki, Peyğəmbər (s) və onun xüsusi ardıcılları orada məskunlaşacaqlar.
     Bu məzmunda başqa bir hədis Həzrət Əli (ə)-dan nəql olunmuşdur və o Həzrət buyurur ki, «Ədn cənnətləri» İslam Peyğəmbərinin məkanıdır.
     Daha sonra möminlərin mənəvi mükafat və nemətlərinə işarə olunur və buyurulur: «Həqiqi möminlərə nəsib olan bu İlahi razılıq hər şeydən üstün və böyukdür».
     Allahın razılığı sayəsində insanda yaranan bu mənəvi haləti heç kəs vəsf edə bilməz! Bəzi təfsir alimlərinin nəzərincə bu mənəvi ləzzətin bir damlası belə behişt, və onun sonsuz və rəngarəng nemətlərindən daha üstündür.
     Əlbəttə, biz bu dar dünya və onun məhdud həyatında axirət dünyasının heç bir nemətini təsəvvür edə bilmərik, o ki qaldı bu böyük mənəvi razılığı (Allah razılığı)! Təbii ki, bu dünyada maddi və mənəvi nemətlərin fərqlərini zəif bir şəkildə təsəvvürümüzdə canlandıra bilirik, məsələn: uzun ayrılıqdan sonra çox səmimi və mehriban bir dostumuzla görüşdükdə duyduğumuz ləzzət hissi, yaxud illərlə, aylarla dərk edə bilmədiyimiz çətin bir elmi məsələni həll etdiyimiz an duyduğumuz xüsusi mənəvi ləzzət və ya xalis ibadət və hüzur dolu qəlblə edilən münacatdan aldığımız həzz, yemək, içmək və bu kimi maddi nemətlərdən aldığımız ləzzətlərlə müqayisə oluna bilməz. Quranda «mömin və saleh əməl sahiblərinin savabı və mükafatı yalnız maddi nemətlərdən ibarətdir və heç bir mənəvi nemət onlar üçün nəzərdə tutulmayıb» deyənlərin yanıldıqları bu ayədən aşkarcasına görünür. Çünki Allahın razılığı cənnətin bütün maddi nemətlərindən daha üstün sayılmışdır. Bu isə mənəvi mükafatın dəyərini və üstünlüyünü bildirir. Əlbəttə bu üstünlüyün səbəbi də aydındır; çünki həqiqətdə ruh bir «gövhər» cisim isə ruhun «sədəf»idir. Əsas hədəf ruhun kamalıdır, cismin təkamülü isə bir vasitədir. Odur ki, ruhun əhatə dairəsi cisimdən daha genişdir. Nə mənəvi ləzzətlər cismi ləzzətlərlə müqayisə oluna bilər, nə də mənəvi əzablar cismani əzablarla.
     Və ayənin sonunda bütün bu maddi və mənəvi nemətlərə işarə olunaraq buyurulur: «Budur ən böyük qurtuluş və uğur!»
Category: Qur'anda qadin | Added by: IslamQadini
Views: 387 | Downloads: 0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]