Elmin həqiqəti (2) - Elmin həqiqəti (2) - Nurlu kelamlar - Muxtelif meseleler - IslamQadini «Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Çərşənbə günü, 2016-12-07, 5:24 PM
Main » Articles » Nurlu kelamlar » Elmin həqiqəti (2)

Elmin həqiqəti (2)
Elmin həqiqəti (2)


İKİNCİ BÖLMƏ: HİKMƏT
Birinci fəsil: Hikmətin mənası

Çevirən:

ƏLƏDDİN MƏLİKOV



Quran

"Allah istədiyi şəxsə hikmət (elm, mərifət, müdriklik) bəxş edər. Kimə hikmət bəxş edilmişsə, ona çoxlu xeyir (əbədi səadət) verilmişdir. Bunu ancaq ağıllı adamlar dərk edərlər!"

Hədis

İmam Əli (ə): Hikmətin əvvəli ləzzətləri tərk etməklə və axırı müvəqqəti şeylərə nifrət bəsləmklədir.[1]

Imam Sadiq (ə): Allahın bu- hər kəsə hikmət verilsə, ona böyük bir xeyir verilibdir- ayəsinin barəsində belə buyurur: Məqsəd Allaha itaət etmək və İmamı tanımaqdır[2].

İmam Kazım bu ayənin- Loğmana hikmət verdik- təfsirində belə buyurur: (hikmətdən) məqsəd düşüncə və ağıldır.[3]
Hikmətin mənası və onun qisimləri barəsində tədqiqat

Hikmət kəlməsi iyirmi dəfə Quranı- kərimdə təkrar olmuş, Mütəal Allah özünü bu sifətlə vəsf etmiş və bu səmavi kitabda ondan doxsan bir dəfə təmcid etmişdir.

Lüğət alimləri hikmət kəlməsi üçün iki əsas məna qeyd etmişlər: Birinci maneə: hikmət nadanlığın qarşısını aldığı üçün və mənfi rəftarlara mane olduğu üçün, Maneə mənasını daşıyır. İkinci məna: Möhkəmlik; Hikmət elmə söykəndiyi üçün və hər hansı bir çatışmamazlıqdan uzaq olduğu üçün, möhkəmlik mənasını ifadə edir. Elə buna görədir ki, ağıla söykənən məlumatlar yalnış olmur.

Biz hədislərdən və müxtəlif təsirlərdən istifadə edərək, belə qənaətə gəlirik ki, hikmət, insanların uca hədəflərə və yüksək məqsədlərə nail olması üçün, elmi, əməli və ruhu müqəddimədir. Hikmət barəsində gələn təfsirlər məhz bu mənanın nümunələridir.

Yuxarıdakı tərifə əsasən hikməti üç hissəyə bölmək olar: Teori hikmət, əməli hikmət və həqiqi hikmət

Qeyd olunan bu üç hissə möhkəm bir nərdiban pillələri kimi insanın kamil insan məqamına ucalmasının zəminini yaradır, hətta onu mütləq kamala- Allaha- yaxınlaşdırır.

Peyğəmbərlər bu nərdibanın birinci pilləsini qurdular, ikinci pillənin tikilməsi insanların boynunadır. Amma üçüncü pillənin yaradılması Allahın ixtiyarındadır.
Nəzəri hikmət

Teori hikmət insanlığın ən üstün hədəfinə yetişmək üçün elmi müqəddimədir. Bu hikmətin xususiyyətlərindən biri də onun təlim edilə bilməsidir. Bu hikmət Quranı- kərimin müxtəlif ayələrində peyğəmbərlərin göndərilməsinin əsas səbəblərindən biri kimi vurğulanmışdır:

"Onlar yenə dedilər: "Ey Rəbbimiz! Onların (nəslimizin) içərisindən özlərinə elə bir peyğəmbər göndər ki, Sənin ayələrini (hökmlərini) onlara oxusun, (Sən göndərən) Kitabı (Quranı) və (oradakı) hikməti onlara öyrətsin, onları (günahlardan) təmizləsin! Həqiqətən, Sən yenilməz qüvvət, hikmət sahibisən".[4]

"Həmçinin (nemətimizi tamamlamaq məqsədilə) sizə ayələrimizi oxumaq, sizi (günahlardan) təmizləmək, Kitabı (Quranı), hikməti (şəriəti, halalla haramı) və bilmədiklərinizi öyrətmək üçün sizə öz içərinizdən bir peyğəmbər göndərdik.[5]

"Əksəriyyəti yazıb-oxumaq bilməyən) ümmi ərəblərə özlərindən peyğəmbər göndərən odur. (Bu Peyğəmbər) əvvəllər haqq yoldan açıq-aşkar azsalar da, onlara (Allahın) ayələrini oxuyar, onları (günahlardan, şirk və küfr çirkabından) təmizləyər, onlara Kitabı və hikməti (Quranı və şəriəti) öyrədər.[6]

"Allah möminlərə lütf etdi. Çünki onların öz içərisindən özlərinə (Allahın) ayələrini oxuyan, onları (pis əməllərdən) təmizləyən, onlara Kitabı (Quranı) və hikməti öyrədən bir peyğəmbər göndərdi. Halbuki bundan əvvəl onlar açıq- aydın zəlalət içərisində idilər.[7]

Quran baxımından nəzəri hikmət etiqadı (ideoloji) əxlaqi və əməli maariflərin hamısına şamil olur. Bu hikmət insanı pak yaşayışa sövq edir və onu öz yaradılış məqsədinə yaxınlaşdırır. Elə buna görədə Quranı- kərim ediqadi, əxlaqi və əməli sahələrdə müxtəlif ideologiya, hökm rəftar və məsələləri bəyan etdikdən sonra onları hikmət adlandıraraq belə buyurmuşdur:

"(Ya Rəsulum!) Bunlar Rəbbinin sənə vəhy etdiyi hikmətlərdəndir."[8]
Əməli hikmət

Əməli hikmət kamil insan mərtəbəsinə yetişmək üçün əməli müqəddimə sayılır. Bu hikmət hər hansı bir şəxsdə cilvələnərsə, insanın inkişafına səbəb olan və onu kamala və yaradılış məqsədinə yaxınlaşdıran bütün əməllər, insanda yaranır. Hikməti Allah- taalaya itaət etməyə, xalq ilə münasib rəftara, günah və hiyləgərlikdən uzaq olmağa təfsir edən hədislər hikmətin bu növünə işarə edir.[9]
Həqiqi hikmət

Teori hikmət əməli hikmətin müqəddiməsi, əməli hikmət isə həqiqi hikmətin başlanğıcıdır. İnsan hikmətin bu dərəcəsinə (həqiqi hikmətə) yetişməyincə, həkim sözünün həqiqi məfhumu ona şamil olmayacaqdır, hətta əgər bütün elmlərdə ustad da olsa belə.

Həqiqi hikmət həqiqətdə elmin cövhəri və maarifin həqiqətidir, elə buna görə də həqiqi elmin xüsusiyyətləri həqiqi hikmət sahiblərinə verilir. Quranı- kərim baxımından onun ən mühüm xüsusiyyəti Allahdan qorxmaqdır.

Mütəal Allah Quranı- kərimdə buyurmuşdur:

"Allahdan Öz bəndələri içərisində ancaq alimlər qorxar. (Onlar elm sahibi olduqları üçün Allahın vəhdaniyyətini, heybət və əzəmətini daha yaxşı başa düşür və Ondan daha çox qorxurlar). Həqiqətən, Allah yenilməz qüvvət sahibidir, (möminləri) bağışlayandır!"[10]

Hikmətin bu xüsusiyyəti və təsiri (yəni Allahdan qorxmaq) Allahın rəsulunun kəlamında da hikmət adlandırılmışdır:

"Allahdan qorxmaq hər bir hikmətin binövrəsidir."[11]

Həqiqi hikmət elə bir nurdur ki, Allah onu teori hikmətə əməl etməyin nəticəsində insana bəxş edir. Bu nuraniyyət necə ki, İmam Sadiq (ə)- ın hikməti təfsir etməyindən istifadə olunur, həva və həvəslə (heyvani istəkləri) ziddir və hər nə qədər insanın qəlbi o nurla işıqlanarsa, bir o qədər həva və həvəs ondan uzaqlaşar və şəhvəti zəifləyər, belə ki, özü ölər və ağlı dirilər. Belə olan halda artıq insanda çirkin əməllərə qovuşmaq zəmini aradan gedər. Hikmətin belə bir nəticəsində ismətli olar və nəhayətdə həkim və həqiqi alim xüsusiyyətləri onda müşahidə edilər. Bu şəxs insanılığın zirvəsinə yiyələnər, öz nəfsinə və tanrısına arif olar. İnsaniyyətin belə bir məqamı "Liqaullah" adlanır.

Belə bir məqamda qəlb hər bir fani və müvəqqəti şeydən ayrılır və əbədiyyət aləminə qovuşur.

İmam Əli (ə) bu barədə belə buyurur: "Hikmətin başlanğıcı ləzzətləri tərk etməkdir. Onun sonu fani şeylərə nifrət etməkdir." [12]

Həmçinin buyurur: "Hikmət müvəqqəti aləmdən üz döndərmək və əbədi aləmə rəğbət göstərməkdir."[13]

Qeyd etdiyimiz izahlarla məlum olur ki, nə üçün Allah hikməti "çoxlu xeyir" deyərək adlandırılmışdır və buyurmuşdur:

"Allah istədiyi şəxsə hikmət (elm, mərifət, müdriklik) bəxş edər. Kimə hikmət bəxş edilmişsə, ona çoxlu xeyir (əbədi səadət) verilmişdir. Bunu ancaq ağıllı adamlar dərk edərlər!"[14]
İkinci fəsil: Hikmətin fəziləti

Peyğəmbəri əkrəm (s): Həkimlik məqamı Peyğəmbərlik məqamına yaxındır.[15]

Peyğəmbəri əkrəm (s): Hikmət böyük və şəxsiyyətli insanların məqamını artırır və qulu padşah məclisinədək yuxarı çəkir.[16]

Peyğəmbəri əkrəm (s): Müsəlman şəxsin öz (müsəlman) qardaşına olan ən böyük hədiyyəsi, Allahın onu hidayət edən və məhv olmaqdan nicat verən, hikmətli sözüdür.[17]

İmam Əli (ə): Hər kəs hikmətlə məşhur olarsa, xalq ona vüqarlı və əzəmətli bir şəxs kimi baxar.

İmam Əli (ə): Ağıllı şəxsin gücü hikmətində, izzəti isə onun qane olmağındadır.[18] 


Üçüncü fəsil: Hikmətin təsirləri
Şəhvətin az olması

İmam Əli (ə): Hər nə qədər hikmət qüvvətlənərsə, bir o qədər şəhvət zəifləyər.[19]
Pislikdən qorumaq

İmam Əli (ə): Canlar pis xüsusiyyətlərə malikdir, hikmətdir ki, insanı onlardan qoruyur.[20]
İsmət

İmam Əli (ə): Hikmət ismətlə birgədir.[21]
Ürəyin işıqlanması

İsa (ə): Hikmət hər bir ürəyin işığıdır.[22]

İmam Kazım (ə): Allah möminlərin ürəyini bağlı və hikmətlə bükülmüş halda yaratmışdır, hər zaman onu işıqlandırmaq istəsə, ona hikmət suyu səpər, onda elm əkər və onu becərər.[23]
Hidayət

İmam Əli (ə): Elm kömək edir, hikmət yol göstərir.[24]
Bilik

İmam Əli (ə): Elm, hikmətin meyvəsidir və düzlük onun şaxələrindəndir.[25]

Özünü tanımaq

İmam Əli (ə): (insan) hikmətin səbəbinə özünü tanıyır.[26]


Dördüncü fəsil: Hikmətin kökü

İmam Əli (ə): Dini saxlamaq, mərifətin səmərəsi və hikmətin köküdür.[27]

İmam Əli (ə): Hikmətin kökü haqla birgə olmaq və haqq sahibindən itaət etməkdir.[28]

İmam Əli (ə): Hikmətin kökü xalqla keçinməkdir.[29]

İmam Əli (ə): Hikmətin kökü hiylədən uzaq qalmaqdır.[30]

İmam Əli (ə): İlahi təqva hər bir hikmətin köküdür.[31]


Beşinci fəsil: Böyük hikmətlər

İmam Əli (ə) öz oğlu İmam Həsənə (ə) tövsiyəsində belə buyurmuşdur: Ən böyük hikmətli söz odur ki, özüvə rəva bildiyin hər şeyi başqalarına da məsləhət görəsən və özüvə rəva bilmədiyini başqalarına da rəva bilməyəsən.[32]

İmam Rza (ə): Şübhəsiz Quranı-kərimdə dünya və axirətə aid olan elə xeyirli və hikmətli kəlmələr mövcuddur ki, onun kimisinə heç bir yerdə rast gəlmək olmaz.[33]

Həkim Loğman öz oğluna tövsiyəsində belə buyurmuşdur: Yeddimin hikmət öyrəndim, Sən onlardan dördünü məndən öyrən və behiştdə mənimlə ol: Gəmini möhkəm düzəlt, dəniz dərindir. Yükünü yüngül et, yollar yorucudur. Çoxlu azuqə götür, səfər uzundur. Əməlini xalis et, imtahan alan diqqətlidir.[34]


Altıncı fəsil: Həkimlərin xüsusiyyətləri
Hikmətli insanlarda olan xüsusiyyətlər

Peyğəmbəri- əkrəm (s): Hər zaman mömini sakit gördünüz ona yaxınlaşın, çünki (onda sizə) hikmət yetişər.[35]

İmam Həsən Əsgəri (ə): Axmağın ürəyi ağızında, həkimin isə ağızı ürəyindədir.[36]

İmam Əli (ə): Həkim o şəxsdir ki, pisliyə yaxşılıqla cavab verər.[37]

İmam Əli (ə): Hər kəs özünü öz ixtiyarına alarsa, həkimdir.[38]

İmam Əli (ə): Həkimlər xalq arasında ən şərəfli, ən dözümlü, ən güzəşt edən və ən xoşəxlaq şəxslərdir.[39]

Həkim Loğman: Həkimin on xisləti var: Təqva, ədalət, düşüncə, güzəşt, yaxşılıq, ayığlıq, özünə yiyələnmək (özüylə bacarmaq), xəbərdarlıq (etmək), ağıllı (olmaq), yaxşı əxlaq və həddi aşmamaq.[40]
Hikmətli insanlarda olmayan xüsusiyyətlər

İmam Əli (ə): Hər kəs imkanlı olduğu halda yaxınlarını başqalarına kömək etməkdə ifrat etsə, həkim deyil.[41]

İmam Əli (ə): Əgər bir şəxsin onun güzəştinə ehtiyacı olan halda, ona güzəşt etməsə, həkim deyil.[42]

İmam Əli (ə): Ey camaat! Bilin və agah olun, hər kəs onun barəsində yalan söyləyərkən hövsələdən çıxa ağıllı deyil və hər kəs, nadanlar onu tərifləyərkən sevinə həkim deyil.[43]

İmam Əli (ə): Öz səviyyəndə və öz çəkində olanla çəkişmək (mübahisə etmək, baş- başa qoymaq) iki xoruzdan biri- birinə dolaşmalı və iki itin biri- birilə dalaşmasına bənzər, belə ki, biri- birini yaralamayınca və biri- birini rüsva etməyincə ayrılmazlar. Bu nə həkimlərin işidir və nə ağıllıların. Bəlkə o səndən səbirli olacaq və nəticədə səndən daha ağır və daha da böyük olcaq, sən isə daha da kiçilib məzəmmət ediləcəksən.[44]

İmam Əli (ə): Çox danışmaq nəinki sürüşdürər və səbrini sarsıdar, bəs çox danışma- cana gətirərsən və çox laqeyd olma, xar olarsan.[45]

ÜÇÜNCÜ BÖLMƏ: KÖKLƏR VƏ ƏSASLAR
Birinci fəsil: Elm və hikmətin mənşələri
Hissiyyat


Quran

"Allah sizi analarınızın bətnlərindən heç bir şey bilmədiyiniz (dərk etmədiyiniz) halda çıxartdı. Sonra sizə qulaq, göz və qəlb verdi ki, (Allahın əmrlərini eşidib, qüdrətini və əzəmətini görüb, vəhdaniyyətini duyub) şükür edəsiniz!"[46]

Hədis

İmam Əli (ə): Ürək hikmətin çeşməsi (bulağı) və qulaq onun qapısıdır.[47]

İmam Əli (ə): Gözlər ürəklərin qoruyucusudur.[48]
Ağıl

Quran

"Elə olduqda Biz: "(Kəsilmiş inəyin) bir parçasını ona (qatili bilinməyən ölüyə) vurun!"- dedik. (Onlar da vurdular və ölü dirildi). Allah (bütün) ölüləri bu qaydada dirildər və sizə Öz möcüzələrini göstərər ki, ağla gəlib (bunu) dərk edəsiniz."[49]

"Ey kitab əhli, nə üçün İbrahim barəsində höcətləşirsiniz? Tövrat da, İncil də ancaq ondan sonra nazil edilmişdir, məgər başa düşmürsünüz?"[50]

"O gün (qiyamət günü) onların hamısını (bir yerə) toplayacaq, sonra (Allaha) şərik qoşanlara deyəcəyik: "(Tanrı olduqlarını) iddia etdiyiniz şərikləriniz (bütləriniz) haradadır?!"[51]

"(Ya Rəsulum!) De: "Gəlin Rəbbinizin sizə nələri haram etdiyini deyim: Ona heç bir şərik qoşmayın; ata-anaya yaxşılıq edin; kasıblıq üzündən uşaqlarınızı öldürməyin. Sizin də, onların da ruzisini Biz veririk. Açıq və gizlin pis işlərə yaxın düşməyin. Allahın (qətlini) haram buyurduğu cana qıymayın (müsəlman və ya əhli-zimməni haqsız yerə öldürməyin). (Allah) bunları sizə tövsiyə etmişdir ki, bəlkə, düşünüb anlayasınız!"[52]

"Onlardan sonra yerlərinə kitaba (Tövrata) sahib olan xələflər keçdilər. Onlar fani dünya malını alıb deyirdilər: "Biz (Allah tərəfindən) bağışlanacağıq!" Onlara bunun misli qədər (kimi) daha bir haram gəlsəydi, onu da alardılar. Məgər Allaha dair yalnız haqqı demək barədə kitabda (Tövratda) onlardan əhd alınmamışdımı?! Halbuki orada (kitabda) olanları oxuyub öyrənmişdilər. Axirət evi Allahdan qorxanlar üçün daha xeyirlidir. Məgər dərk etmirsiniz?"[53]

"De: "Əgər Allah istəsəydi, mən onu sizə oxutmazdım və Allah da onu sizə bildirməzdi. Mən ondan (Quran nazil ediləndən) qabaq sizin aranızda (qırx il) ömür sürmüşəm. ( Bu müddət ərzində məni doğru danışan bir adam kimi tanıyırsınız. Qırx yaşından sonra mən sizə necə yalan deyə bilərəm?) Məgər (Quranın mənim sözlərim deyil, məhz Allah kəlamı olduğunu) dərk etmirsinizmi?"[54]

"Heç kəs Allahın izni olmadan iman gətirə bilməz (buna görə də əbəs yerə özünü yorma). Allah (Özünün öyüd-nəsihətlərini, hökmlərini) anlamayanları əzaba (kəsafətə) düçar edər."[55]

"Ey camaatım! Mən buna (peyğəmbərliyi təbliğ etməyə) görə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım yalnız məni yaradana aiddir. Məgər dərk etmirsiniz?"[56]

"(Ey Məkkə əhli!) Biz onu ərəbcə bir Quran olaraq nazil etdik ki, (mənasını) anlayasınız."[57]

"Səndən əvvəl də (səhra əhlindən deyil) ancaq şəhər əhlindən olub özlərinə vəhy etdiyimiz neçə-neçə kişilər (qadın, mələk yox, məhz kişi peyğəmbərlər) göndərdik. Məgər (bu müşriklər) yer üzündə gəzib dolaşmırlarmı ki, özlərindən əvvəl gəlib-gedənlərin (məhv olmuş xalqların, tayfaların) aqibətinin necə olduğunu görsünlər? Həqiqətən, axirət yurdu Allahdan qorxub pis əməllərdən çəkinənlər üçün daha xeyirlidir. Məgər dərk etmirsiniz?"[58]

"Yer üzündə bir-birinə yaxın (qonşu) qitələr (münbit, qeyri-münbit, şirin-şoran, dağlıq-aran yerlər, müxtəlif iqlimli torpaq sahələri), eyni su ilə sulanan üzüm bağları, əkinlər, şaxəli-şaxəsiz xurma ağacları vardır. Halbuki Biz yemək baxımından onların birini digərindən üstün tuturuq. Şübhəsiz ki, bunda da anlayıb dərk edən insanlar üçün (Allahın qüdrətinə və vəhdaniyyətinə dəlalət edən) əlamətlər vardır." [59]

"O, gecəni və gündüzü, Günəşi və Ayı sizə ram etdi (sizin xidmətinizə verdi). Ulduzlar da Onun əmrinə boyun əymişdir. Doğrudan da, bunda ağılla düşünənlər üçün ibrətlər vardır!"[60]

"Siz xurma ağaclarının meyvəsindən və üzümlərdən şərab (yaxud sirkə) və gözəl ruzi (kişmiş, mövüc, bəhməz, quru xurma və s.) düzəldirsiniz. Şübhəsiz ki, bunda da ağılla düşünənlər üçün bir ibrət vardır."[61]

"Tfu sizə də, Allahdan başqa ibadət etdiyiniz bütlərə də! Əcaba, (etdiyiniz əməllərin qəbahətini) anlamırsınız?"[62]

"Dirildən də, öldürən də Odur. Gecə və gündüzü bir-birinin ardınca gedib-gəlməsi də Onun əmrilədir. Məgər (Allahın qüdrətini, ibadətə bütlərin deyil, məhz Onun layiq olduğunu) dərk etmirsiniz?"[63]

"Sizə verilən hər hansı bir şey (dövlət, övlad, xoş güzəran) ancaq bu fani dünyanın malı və bərbəzəyidir. Allah yanında olan (nemətlər) isə daha yaxşı və daha baqidir (əbədidir). Məgər ağıla gəlməzsiniz?! (Fani dünya malını axirətin əbədi nemətlərindən üstün tutursunuz!)"[64]

"Həqiqətən, Biz dərindən düşünən bir qövm üçün (baxıb ibrət aslsınlar deyə) o məmləkətdən açıq-aydın bir nişanə (xarabalıq) qoyduq."[65]

"Sizə həm qorxu, həm də ümid verən (sizi vurmasından qorxduğunuz, dalınca isə yağış yağmasına ümid bəslədiyiniz) ildırımı göstərməsi, göydən yağmur endirib öləndən sonra (onunla) torpağı diriltməsi də Onun qüdrət əlamətlərindəndir. Şübhəsiz ki, bunda ağılla düşünən bir qövm üçün ibrətlər vardır."[66]

"Həqiqətən, (Şeytan) içərinizdən çoxlarını yoldan çıxartdı. Məgər ağlınız kəsmirdi?"[67]

"Hər kəsə uzun ömür versək, onu xilqətcə dəyişib tərsinə çevirərik, başqa şəklə salarıq (qüvvəsini alar, gözünün nurunu aparar, hafizəsini zəiflədib bildiklərini unutdurar, özünü də uşaq kimi edərik). Məgər (kafirlər bütün bunları gördükdən sonra Allahın hər şeyə qadir olduğunu) dərk etməzlərmi?[68]"

"Eləcə də axşam vaxtı. Məgər bir düşünüb-daşınmırsınız?[69]"

"Sizi (atanız Adəmi) torpaqdan, sonra nütfədən, sonra laxtalanmış qandan yaradan, sonra (analarınızın bətnindən) uşaq olaraq çıxardan, sonra kamillik çağına çatasınız, daha sonra qocalasınız deyə yaşadan Odur. İçərinizdə daha əvvəl (gənclik, ahıllıq, qocalıq çağlarına yetişmədən) öldürülənlər də var. (Bütün bunlar) müəyyən bir vaxta (ömrünüzün sonuna) yetişəsiniz və bəlkə, (Allahın vəhdaniyyətini) düşünüb anlayasınız deyə edilir."[70]

"Biz onu, anlaya biləsiniz deyə, ərəbcə Quran etdik."[71]

"(Ey insanlar!) Bilin ki, Allah torpağa öldükdən sonra təzədən can verir. Biz ayələri sizə belə müfəssəl izah etdik ki, bəlkə, ağlınız başınıza gəlsin!"[72]

"Gecə və gündüzün bir-birinin ardınca gəlib-getməsində, Allahın ruzi vermək üçün göydən yağış yağdırmasında, onun vasitəsilə yeri ölümündən (quruduqdan) sonra diriltməsində və küləkləri (müxtəlif tərəflərə) yönəltməsində ağılla düşünənlər üçün (Allahın hər şeyə qadir olmasını sübut edən) dəlillər vardır."[73]

Hədis

İmam Əli (ə): Ağıl elmin əsası və mənşəyidir. Elmi dərk etmək onun vasitəsi ilədir.[74]

İmam Əli (ə): fikirləşmək, gözlə görmək kimi deyil, çünki gözlər bəzən sahibini aldadır, amma ağıl ondan nəsihət istəyənə hiylə qurmaz.[75]

İmam Əli (ə):

Ağıllar fikirlərin rəhbəri, fikirlər ürəklərin rəhbəri, ürəklər hissiyyatların rəhbəri və hissiyyatlar isə bədən üzvlərinin rəhbəridir.[76]


Ürək

Quran


"Onu Cəbrail (Ruhul- əmin) endirdi:[77] (Günahkarları Allahın əzabı ilə) qorxudan (xəbərdar edən) peyğəmbərlərdən olasan deyə, sənin qəlbinə (nazil etdi)".[78]

Hədis

Peyğəmbəri- əkrəm (s): Hər bir bəndənin dünyəvi işlərini görmək üçün iki zahiri gözü olduğu kimi, axirət işləri üçün də ürəyində iki gözü vardır. Hər zaman Allah öz bəndəsinin xeyrini istəyərsə onun qəlbində olan iki gözünü açar və o, iki göz ilə İlahinin qeybi vədələrini görər və onlara iman gətirər.[79]

Peyğəbməri- əkrəm (s): Əgər şeytanlar Adəm övladlarının ətrafında fırlanmasaydılar (onları vəsvəsə ilə günahlara aludə etməsəydilər) onlar mələkut aləmini (qeyb aləmini) görərdilər.[80]

İmam Sadiq (ə): Elə bir qəlb yoxdur ki, onun iki qulağı olmasın; Onun birinin vasitəsilə mələk insanı hidayət edir və onu xeyrə dəvət edir, o biri ilə isə şeytan vəsvəsə edir və onu xeyirdən uzaqlaşdırır. Mələk xeyirli əməllərə əmr edir, şeytan onun qarşısını alır. Şeytan pis əməllərə əmr edir, mələk onu o əməldən qaytarır. Bu Allahın o kəlamıdır ki, buyurur: "Sağ və sol tərəfində oturublar. (İnsan) hər bir sözü dilinə gətirən kimi, bir qaravul onun yanında hazır olur (və onu qoruyur).[81]
Bütün dərklərin əsil mənbəyi

İmam Əli (ə): Qəlb, təfəkkürün dəftəridir.[82]

İmam Əli (ə): Ürək, hikmətin çeşməsidir.[83]
Elm və hikmətin mənşəyi və əsasları barəsində açıqlama

Bu fəsildə qeyd olunan ayə və rəvayətlərdən məlum olur ki, insanda mərifət və agahlıq üçün üç mənşə və əsas mövcuddur, belə ki, bütün agahlıqlar ona bağlıdır:
Hissiyyat

Zahiri hissedicilər ibtidai tanışlıq və agahlıq üçün vasitələrdir. Əgər bu vasitələrin hər hansı biri qüvvədən düşərsə ona aid olan agahlıq insandan alınır, necə ki, deyilibdir:«من فقد حسا فقد علماً» ًhər kəs bir hissiyyatı əldən verərsə bir elmi də əldən verər.
Ağıl

Ağıl şüur və dərk mərkəzidir, onun vəzifəsi zahiri hissiyyatlar vasitəsi ilə ona ötürülən məlumatları təhlil etməkdir.
Ürək (qəlb)

Ürək kəlməsi dörd müxtəlif və fərqli mənalara malikdir.

1.Qan pompası[84], 2.ağıl[85] 3.Şühud maarifini (qeybi dərk etmək) mərkəzi[86], 4. Ruh.[87]

Qnosenologiya bəhslərində qəlb ağlın kənarında mərifət mənşəələrindən biri olaraq qeyd edildikdə, qəlb üçüncü mənanı daşıyır, yəni çühud maarifinin mərkəzi nəzərdə tutulur.

Bu fəslin dördüncü hissəsində diqqət mərkəzində olan mühüm mətləb budur ki, insanın hiss və dərklərinin əsil mənşə və məsdəri onun ruhu və maarifin əsasları və mənşələri olan, hiss, ağıl və qəlbdir. Qeyd olduğu kimi bu üç əsas və mənşə (hiss, ağıl və qəlb) ruhun varlıq aləmi ilə əlaqədə olmağı üçün vasitələrdir. Elə buna görə də hər vaxt "qəlb" kəlməsi ikinci və ya üçüncü mənada işlədilərsə, həqiqətdə öz cəhətlərindən və öz mərtəbələrindən birində işlədilmişdir.[88]




[1] - Ğürərul- hikəm, hədis 3052

[2] - Kafi, cild 1, səh 85, hədis 11

[3] - Kafi, cild1, səh 16, hədis 12

[4] - Bəqərə surəsi, ayə 129

[5] - Bəqərə surəsi, ayə 151

[6] - Cümə surəsi, ayə 2

[7] - Ali İmran surəsi, ayə 164

[8] - İsra surəsi, ayə 39

[9] - Dördüncü bölməyə bax, hikmətin kökü

[10] - Fatir surəsi, ayə 28

[11] - Hilyətul- əvliya, cild 2, səh 386

[12] - Ğürərul- hikəm, hədis 3052

[13] - Ğürərul- hikəm, hədis 4900

[14] - Bəqərə surəsi, ayə 269

[15] - Kənzul- ummal, cild 16, səh 117, hədis 44123

[16] - Hilyətul- övliya, cild 6, səh 173

[17] - Şuəbul- iman, cild2, səh 280, hədis 1764

[18] - Ğürərul- hikəm, hədis 6422

[19] - Ğürərul- hikəm, hədis 2705

[20] - Ğürərul- hikəm, hədis 7341

[21] - Ğürərul- hikəm, hədis 6712

[22] - Tuhəful- uqul, 512

[23] - Kafi, cild 2, səh 421, hədis 3

[24] - Ğürərul- hikəm, hədis 5

[25] - Ğürərul- hikəm, hədis 1752

[26] - Nuzhətun- nazir, səh 45, hədis 9

[27] - Ğürərul- hikəm, hədis 4903

[28] - Ğürərul- hikəm, hədis 5258

[29] - Ğürərul- hikəm, hədis 5252

[30] - Ğürərul- hikəm, hədis 5249

[31] - Əlfirdovs, cild 2, səh 71, hədis 2403

[32] - Tohəful- uqul, səh 81

[33] - Əl- fəqih, cild 1, səh 310, hədis 926

[34] - Əl- ixtisas, səh 341

[35] - Tuhəful- uqul, səh 397

[36] - Tuhəful- uqul, səh 489

[37] - Ğürərul- hikəm, hədis 1698

[38] - Ğürərul- hikəm, hədis 8282

[39] - Ğürərul- hikəm, hədis 2107

[40] - Mədənul- cəvahir, səh 72

[41] - Ğürərul- hikəm, hədis 7498

[42] - Tuhəful- uqul, səh 218

[43] - Kafi, cild 1, səh 50, hədis 4

[44] - Ğürərul- hikəm, hədis 5647

[45] - Ğürərul- hikəm, hədis 2009

[46] - Nəhl surəsi, ayə 78

[47] - Ğürərul- hikəm, hədis 2046

[48] - Ğürərul- hikəm, hədis 405

[49] - Bəqərə surəsi, ayə 73. Həmçini bax: Bəqərə surəsi, ayə 44 və 76

[50] - Ali- İmran surəsi, ayə 65

[51] - Ənam surəsi, ayə 22

[52] - Ənam surəsi, ayə 151

[53] - Əraf surəsi, ayə 169

[54] - Yunus surəsi, ayə 16

[55] - Yunus surəsi, ayə 100

[56] - Hud surəsi, ayə 51

[57] - Yusif surəsi Ayə 2

[58] - Yusif surəsi, ayə 109

[59] - Rəd surəsi? ayə 4

[60] - Nəhl surəsi, ayə 12

[61] - Nəhl surəsi, ayə 67

[62] - Ənbiya surəsi, ayə 67

[63] - Möminin surəsi, ayə 80

[64] - Qisas surəsi, ayə 60

[65] - Ənkəbut surəsi, ayə 35

[66] - Rum surəsi, ayə 24

[67] - Yasin surəsi, ayə 62

[68] - Yasin surəsi, ayə 68

[69] - Saffat surəsi, ayə 138

[70] - Ğafir surəsi, ayə 67

[71] - Zoxrof surəsi, ayə 3

[72] - Hədid surəsi, ayə 17

[73] - Casiyə surəsi, ayə 5

[74] - Ğürərul- hikəm, hədis 1959

[75] - Nəhcul- bəlağə, hikmət 281

[76] - Kənzul- fəvaid, cild 1, səh 200

[77] - Şüəra surəsi, ayə 193

[78] - Şüəra surəsi, ayə 194

[79] - Əlfirdövs, cild 4, səh 14, hədis 6040

[80] - Biharul- Ənvar, cild 70, səh 59, hədis 39

[81] - Kafi, cild 2, səh 266, hədis 1

[82] - Ğürərul- hikəm, hədis 1087

[83] - Ğürərul- hikəm, hədis 2046

[84] - Nəhcül- bəlağə, hikmət 108

[85] - Kafi, cild 1, səh 16, hədis 12

[86] - Kafi, cild 8, səh 21, hədis 2 və Nəhcül- bəlağə, hikmət 108, həmçinin bax: bu kitaba, elm və hikmətin mənşə və əsasları fəsli, ürək (qəlb)

[87] - Bəqərə surəsi, ayə 225 və 283, Qaf surəsi, ayə 33, Şüəra surəsi, ayə 89, həmçinin bax: bu kitaba, elm və hikmətin mənşə və əsasları fəsli, bütün ürəklərin əsil mənşəyi.

[88] - Əlavə məlumat üçün Müəllifin "mənabeye şenaxt" kitabına bax.

Category: Elmin həqiqəti (2) | Added by: IslamQadini (2012-10-13)
Views: 810 | Comments: 1 | Rating: 0.0/0
Total comments: 1
0   Spam
1 14MehsuM   (2013-10-12 8:16 AM)
Twk edirem bu goel mlumatlar ucun

Only registered users can add comments.
[ Registration | Login ]