«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Şənbə günü, 2024-05-04, 2:04 PM
Main » Articles » Mu'te » Allahın halal etdiyini kim haram edə bilər

Allahın halal etdiyini kim haram edə bilər
 
Allahın halal etdiyini kim haram edə bilər
 
Ailə həyatı qurmaq hər bir gəncin arzusudur. Bu, ailə quran cütlük üçün əhəmiyyətli olmaqla bərabər, bütövlükdə bəşəriyyət üçün də əhəmiyyətlidir. İslam dinində də ailə həyatının qurulmasına dair çoxlu məsləhətlər, tövsiyələr var. Dinimiz həm də bu münasibətləri tənzimləyən qayda-qanunlar irəli sürmüşdür. Amma bu da bir həqiqətdir ki, şərait bir çox hallarda həddi-büluğa yetişənlərə ailə qurmalarını əngəlləyir. Belə olduqda, hisslərinlə nə edəsən? Bunun bir çıxış yolu varmı? Sən demə, var!..

Ümumilikdə, İslama görə iki növ nikah mövcuddur. Bunlardan biri daimi, digəri isə müvəqqəti nikahdır. Bu yazımız da elə müvəqqəti nikaha həsr olunub. Dini termin olaraq «mütə nikahı» adlanan müvəqqəti evlənməyə el arasında «siğə» də deyirlər. «Mütə» sözü ərəbcədən tərcümədə faydalanma deməkdir. «Siğə”nin daimi nikahla başlıca fərqi budur ki, bəribaşdan evliliyin konkret müddəti müəyyən olunur və kəbin kəsildikdə göstərilir. Kişi ilə qadın yalnız həmin müddət ərzində bir-birindən «faydalanır». Müvəqqəti nikahda müəyyən olunmuş müddət sona çatdıqdan sonra, evlilik qurtarır və qadınla kişinin ayrılması üçün talaq verməyə də lüzum qalmır. Kişi ilə qadın mütə nikahından ayrıldıqdan sonra, daimi nikahda olduğu kimi, qadın müəyyən müddət «iddə» saxlamalıdır, yəni başqa birisinə ərə getməməlidir.

Peyğəmbər zamanında «siğə»

Müvəqqəti evlənmə ənənəsi hələ qədim dövrlərdən mövcud olub. Sevimli Peyğəmbərimiz Həzrət Məhəmmədin (s.ə.s) də zamanında səhabələrin «siğə» etmələri haqqında çoxlu doğru-düzgün hədislər var. Qeyd edək ki, «Mütə» nikahı Quran ayəsi ilə halal buyurulmuşdur. Buxarinin «Səhih» əsərində İmran ibn Hüseyn adlı səhabədən bunlar nəql edilir: «Mütə» ayəsi Allahın Kitabında nazil olub. Ona görə də biz onu Allahın rəsulu zamanında yerinə yetirirdik. Quranda onu qadağan edəcək heç nə nazil olmayıb. Peyğəmbərin özü də vəfat edənədək bunu qadağan etməyib…» ("Səhih əl-Buxari", c.6, hədis 43). Sözü gedən ayə «Nisa» surəsinin 24-cü ayəsidir:
«Mütə etdiyiniz qadınların mehrlərini lazımi qaydada verin! Mehr müəyyən edildikdən sonra, aranızda razılaşdığınız şeydən ötrü sizə heç bir günah yazılmaz! Allah (hər şeyi) biləndir, hikmət sahibidir!».
Fəxrəddin Razi, Cəlaləddin Süyuti və sair kimi böyük Quran təfsirçiləri bu ayənin məhz müvəqqəti evlənmə haqqında nazil olduğunu göstərmişlər.

Allahın halal etdiyini kim haram edə bilər?

Ayədəki «mütə» ifadəsinin məhz müvəqqəti evlənməyə aid olması Peyğəmbərimizdən rəvayət edilən bir çox hədislərdə açıqlanır. Məsələn, Müslimin «Səhih» əsərindəki ("Kitab ən-nikah", c.2, hədis 3246) hədisdə oxuyuruq: «Cabir və Sələmə ibn Əkvə demişlər: Allahın Rəsulu bizim yanımıza gəlib buyurdu: "Peyğəmbər sizə mütə etməyə, yəni müvəqqəti nikaha izn verdi». Həmin kitabda səhabə Cabir ibn Abdullahdan nəql edilir ki, «Biz Peyğəmbərin, Əbu Bəkr və Ömərin zamanında mütə edərdik...» («Kitab ən-nikah», hədis 2496). Lakin mənbələrdə göstərilir ki, xəlifə Ömərin zamanında Mütə nikahından bəzi insanlar sui-istifadə edir və xəlifə bu növ nikahı qadağan edir. Günümüzdə bir sıra müsəlmanlar bu qadağanı əsas götürərək, «siğə”ni haram sayır. Hətta bəzən bunun Peyğəmbərin özü tərəfindən haram edildiyinə dair rəvayətlər də söyləyirlər. Halbuki aydın məsələdir ki, ortada Mütə nikahına izn verən Quran ayəsi var ikən, heç bir rəvayət onu qüvvədən sala bilməz! Əgər «siğə» haram edilmiş olsaydı, onda bunu Peyğəmbərin adından söylənilən rəvayət yox, elə Allahın Özü Quranda buyurardı. Quran ayəsi isə Mütə nikahına dair açıqca deyir ki, «Sizə heç bir günah yazılmaz!». Üstəlik, hədislərin birində («Səhih Müslim», c.2, hədis 3243) Mütə nikahı haqda soruşulduqda, Peyğəmbər buna icazə verir və "Maidə” surəsinin 87-ci ayəsini xatırladır: «Ey iman gətirənlər! Allahın sizə halal buyurduğu pak nemətləri (özünüzə) haram etməyin və həddi aşmayın. Doğrudan da Allah həddi aşanları sevməz!».

Mütə - Allahın mərhəməti!

Məşhur sünni alimi İbn Həzm «Mühəlla» əsərində nikah haqqında söz açdıqda, sevimli Peyğəmbərimizin vəfatından sonra da Mütə nikahının halal olduğunu qəbul edən səhabələrin adlarını göstərir: İmam Əli (ə), Əbu Zərr, Cabir ibn Abdulla, İbn Abbas, Abdulla ibn Məsud, Abdulla ibn Ömər, Zübeyr, Übeyy ibn Kəb, Əbu Səid əl-Xudri, İmran ibn Hüseyn, Rəbiə ibn Ümeyyə, Kətadə, Müctəhid, əs-Suddi, İmam Həsən və b.
Əhməd ibn Hənbəl «Müsnəd» əsərində (c.1, s.52) xəlifə Ömərin öz dilindən nəql edir ki, Peyğəmbər zamanında Mütə halal idi, mən isə onu sizə haram edirəm. İbn Əbdülbirr «əl-İsabə» əsərində (c. 2, s.61) Ömərin «siğə”ni qadağan etməsinin səbəbi barəsində bunları yazır: "Ömərin xilafəti zamanında Səlumə ibn Ümeyyə ibn Xələf Cümhi, Həkim ibn Uməyyə ibn Auqəs Əsləminin kənizi olmuş Sülma ilə mütə etmişdi və ondan bir uşağı olmuşdu. Lakin Səlumə uşağı inkar edirdi. Bu xəbər Ömərə çatanda, o çox əsəbiləşir və mütəni haram edir».
Fəxrəddin Razi, İbn Kəsir, Cəlaləddin Süyuti və s. təfsirçilər Ömərin sözügedən qadağasına dair İmam Əlinin (ə) bunları söylədiyini nəql edirlər: "Mütə - Allahın Öz bəndələrinə olan bir mərhəmətidir. Əgər Ömər müvəqqəti evliliyi qadağan etməsəydi, indi ən əxlaqsız şəxslərdən başqa, heç kəs özünü zinaya bulaşdırmazdı!» ("Təfsir əl-Kəbir". Fəxrəddin ər-Razi, c.3, s.200).

Sevimli Peyğəmbərimizin əziz ailəsi - Əhli-Beytindən (ə) mütənin halal olmasına dair çoxlu hədis var. Əhli-Beyt imamlarımız (ə) bu nikahın qayda-qanunlarını da hərtərəfli şəkildə izah etmişlər.

«Siğə» edin!..

Bəzi müsəlmanlar mütə nikahının mahiyyətinə varmadan, yanlış məlumatlar əsasında onu əxlaqsızlıq kimi qələmə verir. Halbuki bütün müsəlmanların səhih qəbul etdiyi bir çox hədislər var ki, sevimli Peyğəmbərimiz öz səhabələrinə mütənin nəinki halal olduğunu bildirir, hətta onlara əmr buyurur ki, «siğə» etsinlər. Bu, adətən, elə bir şəraitdə olur ki, səhabələr uzaq səfərə yollanır və xanımları yanlarında olmur. Günaha düşə biləcəklərindən ehtiyat edib, Peyğəmbərdən məsləhət istəyirlər. Aləmlərə mərhəmət olan Peyğəmbərimiz isə onlara buyurur ki, mütə etsinlər! Məkkənin fəthi zamanı belə bir hadisə baş vermişdir: «Əbdül Malik ibn Rəbi ibn Səbra əl-Cühənni öz babasından rəvayət edir: Allahın rəsulu Fəth ilində, biz Məkkəyə daxil olduqda, bizə mütə etməyi əmr buyurdu...» ("Səhih Müslim", "kitab ən-nikah", c.2, hədis 3257). Görəsən, mütə etmək əxlaqsızlıqdırsa, niyə Peyğəmbərimiz öz səhabələrini əxlaqsızlığa məcbur edirdi? Heç Peyğəmbər də əxlaqsızlıq yayar? Kimlərinsə mütədən sui-istifadə etməsi əsla və əsla onun əxlaqsızlıq olmasına dəlalət edə bilməz! Sevimli Peyğəmbərimiz ən yaxın səhabələrinə "Mütə edin!" buyurursa, bir müsəlman kimi biz bu əməli necə neqativ hesab edə bilərik?..

O olmasın, bu olsun!

Evlənməyə imkanı olmayan bir çox gənc mütə nikahından xəbərsiz olduğundan günaha - zinaya üz tutur. Halbuki Mərhəmətli Allah günaha düşməmək üçün olduqca əlverişli çıxış yolu qoyub. İmam Əlinin (ə) söylədiyi kimi, belə bir ilahi mərhəmətdən istifadə edilərsə, hansı normal insan əxlaqsızlıq edib zinaya üz tutar?
Əlbəttə, bəribaşdan qeyd edək ki, bu, zərurət yarandıqda, günaha düşməmək üçün atılmış bir addımdır. Məsələn, birisi uzunmüddətlik xarici səfərə yollanıb, yaxud daimi evlənməyə şəraiti yoxdur və s. Elə də ola bilər ki, ailəlidir, amma xanımında müəyyən problemlər olduğundan, uşaqları olmur. O isə bir tərəfdən öz varisinin dünyaya gəlməsini istəyir, digər tərəfdən, xanımından ayrılmaq istəmir. Xanımı da başqa qadından övladı olmasına etiraz etmir. Belə olduqda heç kəsi aldatmadan, heç kəsin namusuna göz dikmədən, tərəflərin qarşılıqlı razılığıyla müvəqqəti evlilik min cür dərdə dərman ola bilər! Axı İslam insanların təbiəti ilə uzlaşan, onun normal həyatını ən mükəmməl şəkildə tənzimləyən, hər dövr və şərait üçün müasir olan bir dindir. Bu din əxlaqsızlığı inkar etdiyi kimi, asketizmi - tərki-dünyalığı, təbiətinə zidd həyat sürməyi də rədd edir! Bununla bərabər, mütə, ondan sui-istifadə edib pozğun qadınlarla əylənmək vasitəsinə çevrilməməlidir. Bu növ nikah, adətən, dul qadınlarla bağlanır. Müsəlman qadınlarla mütə edildiyi kimi, kitab əhlindən olan (xristian, yəhudi, zərdüşt kimi səmavi kitaba inanan) qadınlarla da müvəqqəti evlənmək olar. Qadının əri olmadığı kimi, heç bir "kişisi" də olmamalıdır. Tövbə edib düz yola qayıtmayınca, fahişə ilə nə daimi, nə də müvəqqəti nikaha girmək olmaz! Nikahboyu o, gərək yalnız sənin olsun!

Kəsin «siğə» kəbinimi!

Ailə həyatına «əli çatmayan» gənc, «halal südəmmiş» birisi ilə tanış olur. Hər ikisi də şəraitlərindən çıxış edərək, müvəqqəti evlənməyə qərar verir. Əvvəlcə tərəflər müvəqqəti evliliyin müddətini müəyyən edir. Bununla bərabər, ayədə göstərildiyi kimi, bu nikahın bağlanmasıyla kişi tərəfindən qadına ödəniləcək «mehriyyə» razılaşdırılır. Mehriyyə, nikahın bağlanmasıyla kişinin qadına verəcəyi pul, zinət əşyası, paltar, daşınar və ya daşınmaz əmlak və ya istənilən bir şeydir. Məsələn, kişi ilə qadın arasında 6 aylıq mütə nikahı bağlanılır və mehriyyə məbləği 1000 manat müəyyən edilir. Nikah bağlandıqda həmin məbləğ artıq qadınınkı sayılır və kişi tərəfindən qadına ödənilməlidir. Amma qadın istəyərsə, onu kişiyə bağışlaya da bilər.

Müddət və mehriyyə razılaşdırıldıqdan sonra, artıq molla yanına gedib kəbin kəsdirmək olar! Üç manat pul, bir kəllə qənd, vəssalam, şüdtamam! Allah xoşbəxt eləsin!

Tayını tap!

Bir məqama da diqqət yetirək. Mütə nikahı bağlandıqda tərəflərin ictimai statusu, cəmiyyətdəki mövqeyi, eləcə də toplumun mədəniyyəti, adət-ənənələri kimi amillər mütləq nəzərə alınmalıdır. Ola bilsin, bir cəmiyyətdə və ya ailədə müvəqqəti evlilik müsbət qarşılanmasın. Amma başqa bir çevrədə, yaxud başqa ailədə bu normal qəbul edilsin. «Mütə halaldır!» o demək deyil ki, hər kəsi buna yaxşı baxmağa məcbur edəsən. Tualet təmizləmək də, yer süpürmək də, xəstəyə qulluq etmək də bir iş kimi, halaldır, amma bu o demək deyil ki, istənilən ailənin qapısını açıb, oradakıları bu işləri görməyə məcbur edəsən. Məsələn, birinə deyəsən ki, ailənizdən bir xanım gəlib evimin hamam-tualetini təmizləsin. Çünki bu işi görmək haram deyil. Neçə-neçə ailənin qapısı ən yaxşı halda, üzünüzə qapanacaq. Amma bu işləri görəcək insanlar da yox deyil cəmiyyətdə...

Bütün bunlar toplumun mentalitetindən, bu və ya başqa ailənin sosial-psixoloji şəraitindən və s. asılıdır. Mümkündür ki, bir azərbaycanlı ailədə mütə nikahı normal qəbul edilməsin. Amma başqa bir ailə üçün bu problem olmasın. Əksinə, çətin şəraitdə yaşayan dul bir qadınla mütə nikahı həmin qadını müsibətlərdən, olmazın çətinliklərindən xilas etmiş olsun. Yaxud, məsələn, rusiyalı, ukraynalı, fransalı, britaniyalı və s. ailələr üçün mütə nikahı olduqca optimal bir layihə kimi qəbul edilər. Dinimiz isə həmin ailələrin qızlarıyla «siğə» etməyə izn verir. Belə olduqda, tərəf-müqabil seçimində diqqətli olmaq lazımdır. Ən əsası elə etmək lazımdır ki, hər şey yerli-yerində olsun!
 
Category: Allahın halal etdiyini kim haram edə bilər | Added by: IslamQadini (2009-09-19)
Views: 2232 | Rating: 5.0/2
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]