«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə axşamı, 2024-05-02, 7:07 AM
Main » Articles » Mu'te » Müvəqqəti nikah

Müvəqqəti nikah
 
Müvəqqəti nikah

İslam hökmlərindən tam agahlığı olmayan bəzi nadan insanlar müvəqqəti nikah barəsində çox çirkin bir mənzərə yaratmışlar və indi də yaratmaqdadırlar. Belə adamlar onu cinsi azadlıq, cinsi məsələlərə laqeydlik, fəhşa və münkərin rəsmiyyətlə tanınması kimi işlərlə bir səviyyədə qələmə verirlər!
     O səbəbdən bu kiçik məqalədə müvəqqəti nikahın şərtlərini və onun daimi nikahla olan fərqlərini aşkar, eyni zamanda qısa şəkildə izah etməyə məcburuq ki, höccət hamı üçün tamam olsun.
     Müvəqqəti nikah nədir? Qadın kişiyə iki vasitə ilə halal olur: daimi və qeyri-daimi əqd ilə. Qeyi-daimi əqdə «müvəqqəti nikah», «mutə» və «siyğə» də deyilir. Bütün İslam alimləri inanırlar ki, müvəqqəti nikah Peyğəmbərin (s) mübarək ömrünün bütün dövrlərində qanuni və şəri bir iş olmuşdur. Bəziləri müvəqqəti nikahın ikinci xəlifənin dövründə də mövcud olduğunu və onun tərəfindən qadağan edildiyini, digərləri isə Peyğəmbərin (s) sağlığında və onun öz tərəfindən haram edildiyini söyləyirlər. Əhli-beyt ardıcılları isə bu hökmün heç vaxt qadağan edilmədiyinə və həmişə öz qüvvəsində qaldığına (əlbəttə, müəyyən şəraitlər daxilində) inanırlar. (Bu barədə daha geniş məlumat əldə etmək istəyənlər kitablara müraciət edə bilərlər.)
    
وَمَا آتَاكُمُ الرَّسُولُ فَخُذُوهُ وَمَا نَهَاكُمْ عَنْهُ فَانْتَهُوا وَاتَّقُوا اللَّهَ إِنَّ اللَّهَ شَدِيدُ الْعِقَابِ

     «Peyğəmbər sizə nə verirsə, onu götürün və nəyi qadağan edirsə, ondan əl çəkin! Allahdan qorxun. Həqiqətən, Allahın cəzası çox şiddətlidir». («Həşr surəsi», ayə 7)
     Qeyd etdiyimiz kimi, müsəlmanların üləmalarının hamılıqla dediklərinə əsasən, mutə nikahı İslam dininin ilk çağlarında Qurani-Kərim və Muhəmməd (s) peyğəmbərin mötəbər sünnəsi tərəfindən isbat olunmuşdur. Buna görə də mütə nikahını hansısa bir qrup insanın rədd etdiyinə və ya kimlərinsə təriqət təlimləri ilə üst-üstə düşmədiyinə görə kənara qoymaq doğru deyildir. Çünki bu halda biz Müqəddəs İslam dininə bidət gətirmiş və Allah-Taalanın hökmünü təhrif etmiş oluruq.

    
Mutənin qısa tarixi
     Ərəbistan yarımadasında mövcud çoxsaylı adət və ənənələrin əksəri müqəddəs İslam dini meydana çıxandan sonra aradan qalxsa da, bu arada İslam dini tərəfindən müsbət keyfiyyətlərə malik olan dəb və qaydalarla digər xoşagəlməz adətlər arasında fərq qoyuldu. Bu səbəbdən də İslam meydana gəlməzdən qabaq fitri və ağlabatan bir adət kimi mövcud olan daimi nikahı müqəddəs İslam imzalayaraq təsdiqlədi. Yaxud cahiliyyət zamanı ərəb camaatının dörd ay müharibəni haram bilmələri, yaxşı adət sayılaraq İslam dini tərəfindən də təsdiqləndi. Müvəqqəti nikah da bəzi kitabların yazdığına görə İslam meydana çıxmamışdan öncə mövcud idi. Sonralar İslam dini, "Nisə” surəsinin 24-cü ayəsinin hökmü ilə onu xüsusi şərtlər və qaydalarla qəbul etdi. Beləliklə, müvəqqəti nikah İslamdan qabaq camaat arasında olmuş və İslamın zühurundan sonra bu din tərəfindən qəbul olunmuş adət-ənənələrdən biridir. 

    
«Mutə» lüğət və termin baxımından
     «Mətəə» sözündən olan «mutə» lüğətşünasların fikrincə, «bəhrə götürmək» və ya «faydalanmaq» mənasındadır. Qurandakı «mətəə», «təməttəə» və «istəmtəə» sözləri də eyni leksik mənanı daşıyır.
     «Mütə» dini termin baxımından ağıllı və azad bir qadının özünü təyin olunmuş müddətdə, müəyyən bir mehriyyə müqabilində, məhrəmlik (nəsəbi-səbəbi) kimi maneələr olmamaq şərti ilə bir kişinin kəbininə keçməsi mənasındadır. Belə evlənmə tərzi iki tərəfin razılığı, kişi tərəfinin qadına mehriyyə ödəməsi, habelə evlilik müddətinin müəyyən olunması ilə baş verir.
     Şeyx Tusi yazır: «Mutə nikahı halal və mübahdır. Mutənin əsl mahiyyəti budur ki, kişi bir qadınla konkret müddətə və müəyyən olunmuş mehriyyə müqabilində evlənir».
     Şiə alimləri ilə yanaşı əhli-sünnə alimləri də mutənin bu şəkildə ifadə etmişlər. Qurtubi öz təfsirində yazır: «İbn Ətiyyə demişdir ki, mutə nikahında iki şəxsin şahidliyi və qadının vəlisinin izni ilə müvəqqəti nikah bağlanır və arada irs olmayacağı barədə sövdələşmə olur».
     Beləcə hər iki məzhəb alimləri mutə sözünün terminoloji mənası baxımından təxminən yaxın rəyə malikdirlər. Göründüyü kimi, adı çəkilən alimlər öz təriflərində tərəflər arasında irs olmamasını, talaqsız ayrılmanı və evliliyin müvəqqəti olmasını aydıncasına qeyd etmişlər.

    
Müvəqqəti nikahın hökm və şərtləri
     Müvəqqəti nikahın hökm və şərtlərinin əksəriyyəti eynilə daimi nikahdakı kimidir:
     1. Qadın və kişi tam razılıq və ixtiyarla, heç bir icbar (məcburiyyət) olmadan bir-birini həyat yoldaşlığına seçməlidirlər.
     2. Əqd siğəsi «izdivac», yaxud «nikah», yaxud da «mutə» kəlmələri ilə icra olunmalıdır, digər kəlmələrlə caiz deyildir.
     3. Əgər qadın bakirədirsə, onun vəlisinin icazəsi lazımdır, bundan qeyri surətlərdə isə lazım deyildir.
     4. Əqdin müddəti və mehriyyənin miqdarı dəqiq şəkildə təyin edilməlidir. Əgər müddətin zikr olunması unudularsa, fəqihlərin çoxunun fətvasına əsasən, bu, daimi əqdə çevriləcəkdir. (Bunun özü də hər iki nikahın mahiyyətcə bir olmasına və təkcə müddətin zikr olunub-olunmamasında bir-birilə fərqləndiyini göstərir.)
     5. Müddətin qurtarması təlaq hökmündədir və əgər yaxınlıq baş veribsə, müddət qurtaran kimi, qadın iddə saxlamalıdır.
     6. Daimi əqddə olan qadının iddəsi üç dəfə adət görməklədir, üçüncü dəfəni görməklə iddə tamam olur, lakin müvəqqəti əqddə iki dəfədən artıq deyildir.
     7. Müvəqqəti nikahdan dünyaya gələn övladlar qanuni və şəri övladlar sayılır. Daimi əqddən dünyaya gələn övladların hökmünün hamısı istisnasız olaraq buna da şamildir. Onlar ata, ana, bacı, qardaş və s. yaxın adamlardan irs aparırlar, sair hüquqlarda da bu iki övlad arasında heç bir fərq yoxdur. Müvəqqəti əqddən əmələ gələn övlad ata-ananın himayəsi altında olmalıdır, onların nəfəqələri və bütün xərcləri, daimi əqddən dünyaya gələn övladlar kimi, ata tərəfindən verilməlidir.
     Amma bu iki növ əqddə ər və arvad baxımından müəyyən fərqlər də mövcuddur. Ümumiyyətlə, onların bir-birinə verdikləri iltizamlar daimi əqddə olan iltizamlardan çox azdır. Çünki müvəqqəti nikahda əsas məqsəd bu işin yüngülləşdirilməsi, problem və əlavə xərclər yaradan qanunların olmamasıdır. O cümlədən:
     1. Müvəqqəti əqddə qadının nəfəqə və irs haqqı yoxdur. (Lakin fəqihlərin çoxu demişlər ki, bu, o haldadır ki, müvəqqəti əqddə nəfəqə və irsi şərt etməsinlər, amma əgər şərt edərlərsə, ona uyğun əməl edilməlidir.)
     2. Müvəqqəti əqddə qadın, ərinin haqqı aradan getməyincə evdən xaricdəki hər bir işi görməkdə azaddır və ərin icazəsi şərt deyildir, lakin daimi əqddə razılaşma olmadan bu iş caiz deyildir.
     3. Kişinin gecələr özünün müvəqqəti qadınının yanında olması vacib deyildir.

    
Müvəqqəti nikaha olan zərurət və ehtiyaclar
     Camaatın çoxu, xüsusilə cavanlar daimi əqdlə evlənə bilmirlər. Çünki daimi nikah müəyyən müqəddimələrə, xərclərə və müxtəlif məsuliyyətin qəbul edilməsinə bağlıdır və onun üçün hazırlıq işləri müəyyən qruplar üçün müyəssər deyildir. O cümlədən:
     • Cavanların çoxu, xüsusilə bizim əsrimizdə təhsil dövrünü keçirməkdə olan cavanlar daimi nikahla evlənməyə qadir deyildirlər. Çünki nə onların işi peşəsi vardır, nə münasib məskəni, nə də sair xərcləri. Onlar nikah mərasimlərini nə qədər sadə bərqərar etməyə çalışsalar belə, yenə də lazımi vəsaitləri tədarük görə bilmirlər.
     • Müəyyən şəxslər evlənirlər, lakin xarici ölkələrə səfərə çıxdıqda və səfər uzun müddət davam etdikdə müəyyən cinsi məhrumiyyətlərə düçar olurlar: nə həyat yoldaşlarını özləri ilə apara, nə də yenidən həmin ölkədə daimi evlənə bilirlər.
     • Bəzi qadınlar müxtəlif xəstəlik və sair problemlər üzündən öz həyat yoldaşlarının cinsi ehtiyaclarını təmin etməyə qadir deyildirlər.
     • Əsgəri xidmət, sərhədlərin qorunması və s. üçün kimi uzunmüddətli məmuriyyətdə olan, nəticədə öz ailələrindən uzaq düşənlər cinsi problemlərlə qarşılaşırlar. Məlum olduğu ki, Peyğəmbərin (s) dövründə də İslam əsgərləri üçün bu kimi problemlər qarşıya çıxmışdı və bunun da nəticəsində müvəqqəti nikah qanun şəklinə salınmışdır.
     • Bəzən qadın hamiləlik dövründə olur və onun da xüsusi şəraitləri olduğundan, kişi öz hamilə qadını ilə cinsi əlaqəyə girə bilmir və bir çox hallarda cavan olduğuna görə məhrumiyyət müşkülləri qabağa çıxır.
     Bu kimi ictimai problem və zərurətlər daim olmuş və olacaqdır, heç də Peyğəmbərin (s) dövrünə məxsus deyildir. Elə bizim əsrimizdə də cinsi təhrikin müxtəlif amillərinə diqqət yetirməklə, bu problemlər daha da şiddətlənmişdir.
     Bu kimi hallarda kişilər iki yol ayrıcında qərar tuturlar: ya Allah eləməmiş, zina kimi çirkin və iffətə zidd olan əməllərə qurşanmaq, ya da sadə nikah yolu olan müvəqqəti nikahdan istifadə etmək. (Belə ki, daimi nikahın çətinlikləri onda yoxdur və insanın cinsi ehtiyaclarını müvəqqəti olaraq təmin edə bilir.)
     Zahidlik yolunu seçərək hər ikisindən göz yummaq da yaxşı təklifdir, lakin bu yol çoxları üçün əməldə qeyri-mümkün və xəyali bir işdir.

    
Misyar nikahı
     Qəribədir ki, hətta müvəqqəti nikahı inkar edənlər (yəni sünnü qardaşlarımızın əksəriyyəti) belə cavanların və digər məhrum siniflərin təsiri altında olduqları zaman, tədrici olaraq müvəqqəti nikaha oxşar olan bir nikaha razılıq verir və onu «misyar nikahı» adlandırırlar. Onun adını «müvəqqəti nikah» qoymasalar da, əməldə bu ikisi arasında heç bir fərq yoxdur. O da belədir ki, nikaha ehtiyacı olan bir şəxsin müəyyən bir qadınla daimi əqd bağlamasına icazə verir, halbuki məqsədi qısa müddətdən sonra ona təlaq verməkdir. Əvvəlcədən də şərtləşirlər ki, qadının nə nəfəqə haqqı olsun, nə gecə bir yerdə yatmaq haqqı (daimi əqddə bu, vacib bir haqdır), nə də irs aparmaq haqqı! Yəni dəqiq şəkildə müvəqqəti nikah kimidir, yalnız bir fərqlə ki, burada bir-birindən təlaqla ayrılırlar, müvəqqəti nikahda isə müddətin bağışlanması və ya sona çatması ilə. Hər ikisində də əvvəlcədən məhdud və müəyyən müddət ərzində nikah bağlayacaqlarını nəzərdə tutmuş olurlar.
     Onlar müvəqqəti nikahı inkar edir, lakin misyar nikahına üz gətirirlər, mütənin adını dilə gətirmədən özünə əməl edirlər!
     Müvəqqəti nikahla müxalifətə israr edənlər ya bilərəkdən, ya da bilməyə-bilməyə fahişəlik üçün yol açırlar.
     Məhz həmin səbəbə görə Əhli-beyt (ə) rəvayətlərində qeyd olunur ki, əgər İslamdakı müvəqqəti nikah ilə müxalifət etməsəydilər, heç kəs zinaya aludə olmazdı. İmam Sadiq (ə) buyurur: «Əgər Ömər mutəni qadağan etməsəydi, bədbəxtlərdən başqa heç kəs zina etməzdi». («Vəsailuş-şiə, cild 14, səh.440, hədis. 24») Sünnilərin hədis kitablarında da Əlinin (ə) belə buyurduğu qeyd olunur: «Əgər Ömər mutəni qadağan etməsəydi, bədbəxtlərdən başqa heç kəs zina etməzdi». («Təfsiri Təbəri», cild 5, səh.119, «Ən-Durrul-Mənsur» təfsiri, cild 2, səh.140; «Təfsiri Qurtəbi», cild 5, səh. 130)

    
Müvəqqəti nikahdan sui-istifadələr
     Çox təəssüflə qeyd etmək lazımdır ki, əyyaşlıq, eyş-işrət və həvəsbazlıqla məşğul olanlar əslində zərurətlərin düyünlərini açan, mühüm ictimai problemləri həll edən bir prinsipi – müvəqqəti nikahı oyun-oyuncağa çevirmiş, onu nadan və xəbərsizlərin nəzərində tam başqa cür cilvələndirmiş və beləliklə də, hikmət əsasında olan bu hökmü tənqid atəşinə tutan müxaliflərin əlinə bəhanə vermişdir.
     Amma sual yaranır ki, görəsən, ləyaqətsiz insanlar hansısa bir dövrdə hər hansı bir qanundan sui-istifadə etməmiş, hansı nəfis sərmayədən əyri yolda istifadə etməmişlər?! Əgər bir gün Quranları nizə başına keçirib yalandan zalımcasına və həyasızcasına olan hökümətlərinə bəraət qazanırdılarsa, onun məfhumu Quranı kənara qoymaqdırmı?!
     Etiraf etməliyik ki, bəziləri İslamın hesab-kitab üzündən olan bu dəqiq hökmündən sui-istifadə etmişlər. Sui-istifadə yolunu əyyaşların üzünə bağlamaqdan ötrü müvəqqəti nikah üçün düzgün proqramlar tökmək lazımdır.
     Bunu da qeyd etməliyik ki, müvəqqəti evlənmə əsla şəhvətpərəstlik əsasında olmamalı və daimi arvadın haqqı tapdalanmamalıdır.
     İmam Kazım (ə) buyurub: «Bu iş yalnız bir yoldaşa sahib olmayan, Allah-Taalanın onu bu ehtiyacdan qurtarmadığı kimsələr üçün rəvandır. Ailə qurub bir yoldaşa sahib olanlara gəldikdə, belələri, yalnız yoldaşlarına çata bilməyinin mümkün olmadığı zamanlarda bu yoldan istifadə edə bilərlər». (Şəhid Mütəhhəri «İslamda qadın haqqları», səh.70)
     Nəticədə, mutə nikahı qadına ehtiyacı olan, yəni subay və ailəli olduqda isə xanımından ayrı düşmüş kişilər üçün rəvandır.
     İnsanın fitrəti ilə tam müvafiq olan, insanların həqiqi ehtiyaclarının hamısını nəzərdə tutan İslam dininin müvəqqəti nikahı öz həyati proqramlarında yerləşdirməməsi qeyri-mümkündür. Müvəqqəti nikahın hökmü həm Qurani-Kərimdə, həm də Peyğəmbər (s) rəvayətlərində gəlmiş və səhabələrin bir qrupu da ona əməl etmişdir.
     Məhrumların gerçək ehtiyaclarını təmin etmək kimi zərurətlər üçün nəzərdə tutulmuş olan müvəqqəti nikahdan sui-istifadə edən, onu nəzərlərdə çirkin cilvələndirən, onları şəhvətpərəstlik vasitəsi hesab edənlər həqiqətdə İslam cəmiyyətinin zinaya qurşanması üçün yol açmışlar.
    
Ayətullah əl-uzma Şeyx Nasir Məkarim Şirazinin «On mühüm məsələ barəsində İslam alimlərinin nəzəri» və Zülfüqar Mikayılın «İslamda Mutə nikahı» kitablarından istifadə olunmuşdur.
 
Category: Müvəqqəti nikah | Added by: IslamQadini (2009-09-20)
Views: 2632 | Comments: 3 | Rating: 0.0/0
Total comments: 1
0  
1 Muzaffer55   (2010-12-03 5:52 PM) [Daxil ol]
Salam yazınızı oxudum
Lakin Azərbaycanda mutəyə yaxun duran qadın yoxdur ki..
Niyə bəs qəbul olunmur:??

Only registered users can add comments.
[ Registration | Login ]