Namaz - öz vaxtında qılmaq - Namaz - öz vaxtında qılmaq - Destemaz-Namaz - Muxtelif meseleler - IslamQadini «Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Bazar ertəsi, 2016-12-05, 5:27 PM
Main » Articles » Destemaz-Namaz » Namaz - öz vaxtında qılmaq

Namaz - öz vaxtında qılmaq
 
Namaz - öz vaxtında qılmaq
 
Namazda diqqət edilməsi mühüm olan məsələlərdən biri də, namazın ilkin, yəni, öz vaxtında qılınmasıdır. İstər Qurani-Kərimdə, istərsə də ki, hədis və rəvayətlərdə müsəlmanların (öz) namazlarının vaxtlarına riyaət etməsi tə`kid olunmuşdur. Yəni, müsəlman şəxs, namazın vaxtı daxil oldumu, dünyəvi əməllərdən əl çəkib, həmin vaxtı (namazın daxil olduğu vaxtı) ancaq və ancaq Allaha (namaza) həsr etməlidir. Bu da, əməlin kamilliyi və dinin gözəlliyidir. Necə ki, əmirəl-mu`minin Həzrət Əli (ə) ömrünün son anlarında oğlu İmam Həsəni ((ə)) çağırıb, özünün hikmət çeşməsindən O həzrətə bir neçə vəsiyyət etmiş, həmçinin namazın vaxtında qılınmasını tövsiyə buyurmuşdur. Əks halda, yəni, namaz (öz vaxtından) təxirə salınarsa, sahibinin əzaba düçar olması ilə nəticələnər ki, Qurani-Kərimdə bu haqda buyurulur: «Vay halına o namaz qılanların ki, onlar öz namazlarından qafildirlər.» (Maun surəsi, ayə 4, 5) Bir halda ki, Allah-Təala, namazlarından qafil olan kəslər haqqında "vay halına” buyurursa, bu, həmin şəxslərin aqibətinin heç də yaxşı olmayacağı mənasındadır. Peyğəmbəri-Əkrəm sallallahu əleyhi və əlihi və səlləm buyurur: «Namazı öz vaxtından təxirə salanlar, (Qiyamət günündə) mənim şəfaətimə nail olmayacaqdır.» («Namaz hədis güzgüsündə», səh. 32) «Hər kəs namazını üzürlü səbəb olmadan qılmasa və namazın vaxtı keçsə, əməli məhv olmuşdur.» («Namaz hədis güzgüsündə», səh. 33)
 
Həzrət Əli (ə) «Nəhcul-Bəlağə»də, Muhəmməd ibn Əbubəkri (r) Misirə vali (başçı) təyin etdiyi zaman (O cənaba) yazdığı məktubunda buyurur: «Namazı vaxtında qıldır. İşin olmayanda vaxtından əvvəl qıldırmağa, işin olanda isə vaxtını keçirməyə təşəbbüs etmə. Bil ki, etdiyin və edəcəyin hər şey namaza bağlıdır.» Ümumiyyətlə, heç bir üzür olmadan namazı təxirə salaraq əvvəl vaxtında qılmamaq, (namaz) sahibinin öz namazına ciddi nəzarət etməməsi, onu yüngül sayaraq əhəmiyyət verməməsi deməkdir. Həmin şəxslər haqqında, İmam Sadiq (ə) buyurur: «Bizim şəfaətimiz namazı yüngül sayanlara çatmayacaqdır.» («Namaz hədis güzgüsündə», səh. 30) Əbu Bəsir deyir: «İmam Sadiqin (ə) vəfatı ilə əlaqədar başsağlığı vermək üçün, Humeydənin yanına getdim. Humeydə ağlayıb dedi: Ey Əbu Muhəmməd! Kaş, o Həzrət (ə) vəfat edəndə burada olaydın. Gözlərini yumub mənə buyurdu: Qohumlarımı və yaxınlarımı yanıma çağırın. Hamı o Həzrətin (ə) başına yığılanda buyurdu: Bizim şəfaətimiz heç vaxt, namazı yüngül sayana çatmaz.» («Mizanul-hikmət», səh. 522, hədis 3650) Deməli, bəndənin öz namazına diqqət edərək əvvəl vaxtında qılması mənfəətlidir və əgər namazlarını yüngül sayaraq, öz vaxtından təxirə salıb gecikdirərsə, əməlləri məhv olar, Qiyamət günü (həmin şəxs) Peyğəmbər (s) və Əhli-beytinin (ə) şəfaətinə çatmaz.
 Namazın əvvəl vaxtda qılınması haqqında nəql olunan rəvayətlərə gəldikdə isə, numunə olaraq bir neçəsini qeyd edirik ki, bunlardan biri, şəhidlər ağası İmam Hüseyn (ə)-ın Kərbəladakı (zöhr) namazı haqqındadır. Rəvayət edilir ki, Aşura günü zöhr namazının vaxtı yetişdikdə Əbu Səmamə İmamın hüzuruna gəlib, zöhr namazını O həzrətlə qılmaq istədiyini bildirir. İmam döyüşün davam etməsinə baxmayaraq, əshabından olan Züheyr ibni Qeynə və Səid ibni Abdullaha göstəriş verir ki, onun (yəni, özünün) qarşısında dayansınlar ki, İmam (zöhr) namazını qılsın. Onlar, həzrətin sözünə əməl edərək qarşısında dayandılar və həzrəti qoruduqları əsnada özlərini düşmənlərin ox və nizələrinə sipər etdilər. İmam səhabələrin yarısı ilə zöhr namazını xof namazı kimi iki rəkət qıldılar və səhabələrin digər bir hissəsi onları düşməndən qoruyurdu. Nəhayət, Səid ibni Abdullah, nizə, ox və qılınc zərbələrindən yerə yıxıldı. Hətta, deyilənə görə, onun bədənindən, qılın və nizə yarasından əlavə 13 ədəd ox tapdılar. (Bax, «Muntəhəl-amal», 5-ci hissə, səh. 189)
 
Döyüş əsnasında belə, düşmənlərin zəhərli ox və nizələri qarşısında, İmam və ordusu, düşmən tərəfindən şəhid ediləcəklərini bildikləri təqdirdə, yenə də, Allahın əmrindən çıxıb namazlarını tərk etmədilər. Bu, onu göstərir ki, təhlükəli döyüş səhnələrində belə, namaz, vaxtından təxirə salınmamalı, bəlkə (asan olsun deyə) xof namazı kimi, iki rəkətli qılınmalıdır.
  İkinci rəvayət, Həzrət İmam Əli ibni Musər-Rza (ə) haqqındadır ki, Qəzzaz adlı bir şəxs deyir: Həzrət İmam Rza (ə) bir neçə ələvini qarşılamaq üçün, evindən çıxdı və bu zaman namazın vaxtı çatdı. Həzrət (ə) yolunu yaxınlıqdakı qaladan saldı və bir qayanın kölgəsində oturub, buyurdu: Azan ver. Ərz etdim: Gözləyək, dostlarımız gəlib bizə qoşulsunlar. Həzrət (ə) buyurdu: Allah səni bağışlasın, heç vaxt bir səbəb olmadan ilk namazı təxirə salma, həmişə vaxtın əvvəlinə riyaət et. Bu vaxt mən azan verdim və biz namaz qıldıq. («Mizanul-Hikmət», səh. 522, hədis 3646) Həmçinin rəvayət olunub ki, Əli (ə) "Siffeyn” müharibəsində döyüş meydanında cihad və mübarizəyə məşğul olduğu halda, namazın vaxtının olub-olmamasını bilmək üçün göyə baxırdı. İbni Abbas (r) o həzrətin bu işindən təəccüb edərək ərz etdi: Ya Əmirəl-mu`minin! Döyüş meydanında daha namazın vaxtına riyaət etmək nəyə lazımdır? Yəni belə bir vəziyyətdə də namaz qılıb onun vaxtına riyaət etməliyikmi? Əli (ə) ona xitab edərək buyurdu: Ya ibni Abbas! Bizim bunlarla cihad etməkdə məqsədimiz nədir? Məgər bilmirsənmi ki, bizim bu müharibəni etməkdə məqsədimiz Mutəal Allaha, doğru və düzgün ibadət edib, namazı vaxtında qılmaqdır?!
  
Namazda xuşu və hüzuri-qəlb
İnsan namaza durduğu zaman, şeytan vəsvəsə edir, hər vəchlə onu namazından ayırmağa çalışır. Belə ki, insanın həyat boyu üzləşdiyi çətinliklər, ailə-məişət problemləri, həllini tapmaqda çətinlik çəkdiyi bir çox məsələlər və s. bütün bunlar məhz, namaz əsnasında yada düşür, belə olan təqdirdə, insan bədəninin (namaza) hazır olmasına baxmayaraq, qəlbi Allahdan yayınır və dağınıq (halda olan) fikirləri, namazın hüzuri-qəlb ilə qılınmasına bir növ maneə törədir. Hətta, bəzən olur ki, insan, adi şəraitdə haqqında düşünmədiyi hər hansı məsələni, namaz qılarkən xatırlayır.
 Təbii ki, bu şəraitdə xuşu və qəlb hüzuri ilə namaz qılmaq qeyri-mümkündür. Lakin, namaz, o zaman kamil və həqiqi namaz sayılar ki, sahibi onu xuşu zahir edərək qılsın. Çünki, namazda mühüm olan, təkcə Kəbə istiqamətində (yəni, üzüqibləyə) dayanmağımız, bədənimizin namaza hazır olması və ruku, səcdə məqsədilə əyilib-dikəlməyimiz deyil! Daha mühüm olan, qəlbimizin namaza hazır olmasıdır ki, Allahın bizdən tələbi də məhz budur. Allaha olan sevgi və ehtiramımızı bununla bildirir, ruku, səcdə kimi namazın zahiri görünüşü isə, Allaha olan sevginin təzahürüdür. Allah Rəsulu sallallahu əleyhi və əlihi və səlləm buyurmuşdur: «Namazda xuşu (və müt`ilik) halında olmayanın namazı, namaz deyil.» («Mizanul-Hikmət», səh. 518, hədis 3610) Bəs görəsən "xuşu” nədir? Həzrət Peyğəmbər (s) bu sualın ("xuşu nədir?” sualının) cavabında buyurur: "Bəndənin namazda bütün qəlbi ilə Allaha doğru getməsi, itaətkar və həqir olmasıdır.” («Namaz hədis güzgüsündə», səh. 25) Həmçinin buyurur: "Xuşu, namazın zinəti və bəzəyidir.” («Namaz hədis güzgüsündə», səh. 24)
 Yəni, namaz qılan şəxs, dünyəvi fikirlərini bir kənara qoyub, bütün fikrini namaza bağlamalı və namazı müt`i halında, hüzuri-qəlb ilə qılmalıdır.
Bu (hal) bəndənin, öz Pərvərdigarına olan sevgisindən, Onun (Pərvərdigarının) qarşısında kiçilməsi, zəlil və acizliyi (bacarıqsızlığı) deməkdir. Belə ki, şeytani fikirlər və nəfsani diləklər, onu namazdan uzaqlaşdırıb, bir başqa aləmə aparmasın. Namazda xuşu halında olanlar, Quran-Kərim təbiri ilə desək, "nicat tapanlar”dır ki, onlar barəsində Allah -Təala buyurur: «Həqiqətən, möminlər nicat tapdılar. O kəslər ki, namazlarında xuşu halında olarlar.» (Muminun surəsinin ilk ayələri) Çünki namaz, insanın Allahla olan rabitəsidir (əlaqə) və bəndə bütün qüvvəsi ilə səy etməlidir ki, bu rabitə qırılmasın. Əks təqdirdə, yəni, insanın Allahla olan rabitəsi qırılarsa, nəinki namaz qəlb hüzuru ilə qılınmaz, hətta, namazın rəkətlərində və yaxud, ruku, səcdə, zikrlərində səhvə yol verilər, bu da namazın batil olmasına səbəb olar. Namazda hal tapıb, feyz eldə etmək, həmçinin, namazın qəbulu yalnız, (həmin namaz) xuzu-xuşu ilə qılınarsa mümkündür. Odur ki, bəndənin bədəni kimi, qəlbi də, namaza hazır olmalıdır.
 Allah Rəsulu sallallahu əleyhi və əlihi və səlləm buyurur: «Bir bəndənin qəlbi, bədəni kimi namazda hazır olmasa (yəni, fikri Allahda olmasa) Allah-Təala onun namazını qəbul etməz» («Namaz hədis güzgüsündə», səh. 26) Əlbəttə ki, bu məqama yetişmək üçün ixlas (tam səmimiyyət), əməllərin düzlüyü (yəni, vacibata əməl edib, pis və bəyənilməyən işlərdən çəkinmək), həmçinin, namaza diqqət yetirmək (əvvəl vaxtında, həqiqətini dərk edib bütün şərtlərinə riyaət etməklə qılmaq) şərtdir. "Namazda bütün şərtlərə riyaət etmək” dedikdə, nəzərdə tutulanlardan biri də budur ki, namaz qılan şəxs, gərək qəsbi yerdə və (qəsbi) paltarda namaz qılmasın, vacib zikri, qiraəti düzgün oxusun, ruku və səcdələri düzgün yerinə yetirsin.

Rəsuli-Əkrəm sallallahu əleyhi və əlihi və səlləm buyurur: «Namazının ruku və səcdələrini düzgün (kamil) əncam verməyən, sanki namaz qılmamışdır.» («Böyük günahlar», c. 3, səh. 123) İmam Əli (ə) buyurur: «İnsan namazda xuşu halında olmalıdır. Qəlbi Allahın qarşısında xuşu halında olan şəxsin bədən üzvləri də, xuşu halında olar və buna görə, heç bir əzası ilə oynamaz.» («Mizanul-hikmət», səh. 518, hədis 3613)

Başqa hədislərində Həzrət Peyğəmbər (s) buyurur: «Allah-Təalaya elə ibadət et ki, sanki Onu görürsən, əgər sən Onu görməsən də, şübhəsiz ki, O səni görür.» («Namaz hədis güzgüsündə», səh. 24) «Elə namaz qıl ki, sanki sənin axırıncı namazındır və (ondan sonra) bir daha namaz qılmayacaqsan» («Namaz hədis güzgüsündə», səh. 25) Bəli, qeyd edildiyi kimi, namazın qəbul olunması, bəndənin onu (namazı) xuşu və qəlb hüzuru ilə qılmasına bağlıdır. Yəni, namaz nə qədər qəlb hüzuru ilə qılınarsa, bir o qədər də, məqbulə keçər. Və yaxud, namazda hansı miqdar beləcə qəlb hüzuru ilə qılınmışdırsa, həmin miqdar da qəbul olunar.

Allah Rəsulu sallallahu əleyhi və əlihi və səlləm buyurur: «Bəzən namazın yarısı qəbul olunur, bəzən üçdə biri, bəzən dörddə biri, bəzən beşdə biri, bəzən də, onda biri. Bəzi namazlar köhnəlmiş paltar kimi bükülüb sahibinin başına çırpılır. Həqiqətən sənin namazından Allaha qəlbən diqqət yetirmiş olduğun miqdarı qəbul olunur.» («Nəfsin saflaşdırılması», səh. 217) Həzrət Əli (ə) buyurur: «Mürgüləyən, halsız halda namaz qılmayın. Namaz halında özünüz barədə fikirləşməyin. Çün ki, Allahın hüzurunda dayanmısınız. Həqiqətən bəndənin namazının o miqdarı qəbul olunur ki, qəlbən Allaha diqqət yetirmiş olsun.» («Nəfsin saflaşdırılması», səh. 217)

İmam Sadiq (ə) buyurur: «Yalnız namazın qəlb hüzuru ilə qıldığın hissələri sənindir. Beləliklə, namaz qılan zamanda qəflətdə olsan və yaxud onun ədəblərini yerinə yetirməsən, namazı bükülərək onu sahibinin üzünə vurular» («Böyük günahlar», c. 3, səh. 125)
Category: Namaz - öz vaxtında qılmaq | Added by: IslamQadini (2009-09-02)
Views: 1949 | Rating: 3.0/2
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]