Main » Files » Qadın hüququ » Qanunvericilikdə |
2010-05-28, 6:40 PM | |
Uşaq hüquqları haqqında
AZƏRBAYCAN RESPUBLIKASININ QANUNU Bu Qanun Azərbaycan Respublikasının Konstitusiyasına, Uşaq Hüquqları Bəyannaməsinə, Uşaq Hüquqlarına dair Konvensiyaya və digər beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycan Respublikasında uşaqların hüquqlarını və azadlıqlarını, uşaqlar barəsində dövlət siyasətinin əsas prinsiplərini, onların müdafiəsi sahəsində dövlət orqanlarının, digər hüquqi və fiziki şəxslərin vəzifələrini müəyyən edir. I fəsil ÜMUMİ MÜDDƏALAR Maddə 1. Qanunun təsir dairəsi Uşaqların bu Qanunda nəzərdə tutulmuş hüquqları və vəzifələri 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən hər bir şəxsə aid edilir. Maddə 2. Uşaq hüquqları barəsində qanunvericilik Uşaq hüquqları barəsində qanunvericilik bu Qanundan və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir. Digər normativ hüquqi aktların normaları uşaqların bu Qanunla müəyyən edilmiş hüquq və azadlıqlarını məhdudlaşdıra bilməz. Maddə 3. Uşaqlar barəsində dövlət siyasəti Uşaqlar barəsində dövlət siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Dövlət siyasəti milli və yerli xüsusiyyətlər nəzərə alınmaqla yaradılmış məqsədli uşaq sosial proqramları əsasında həyata keçirilir. Bu proqramların yerinə yetirilməsinə dövlət orqanları ilə yanaşı digər hüquqi və fiziki şəxslər də iştirak edə bilərlər. Maddə 4. Uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatlar Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Maddə 5. Uşaq mənafelərinin üstünlüyü Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının tə min olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Maddə 6. Uşaqların hüquq bərabərliyi Bütün uşaqlar bərabər hüquqlara malikdirlər. Uşaqların, onların valideynlərinin və ya onları əvəz edən şəxslərin sosial və əmlak vəziyyətindən, sağlamlığından, irqi və milli mənsubiyyətindən, dilindən, təhsilindən, dinindən, siyasi baxışlarından, yaşayış yerindən asılı olmayaraq uşaqlar ayrı-seçkiliyə məruz qala bilməzlər. Uşaqlar valideynlərinin və ya onları əvəz edən digər şəxslərin hərəkətlərinə görə məsuliyyət daşımır və valideynləri ilə bağlı səbəblərə görə onların hüquqlarının məhdudlaşdırılmasına yol verilmir. Nikahda və ya nikahdankənar doğulmasından asılı olmayaraq uşaqların valideynləri barəsində eyni hüquqları vardır. Maddə 7. Uşağın nümayəndələri Uşağın valideynləri, eləcə də övladlığa götürənlər, qəyyumlar, himayəçilər, uşaq evlərinin müdiriyyəti uşaqların hüquq və mənafelərini müdafiə edən nümayəndələridir. Maddə 8. Uşağın yaşamaq və inkişaf etmək hüququ Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Maddə 9. Uşağın həyatı və sağlamlığının mühafizəsi hüququ Hər bir uşağın həyat və sağlamlığının mühafizə edilməsi hüquqi vardır. Dövlət uşaqların həyatının mühafizəsi və sağlam inkişafını təmin edir, ekoloji təhlükəsizliyini təmin edən şərait yaradır, onların keyfiyyətli yeməklə, içməli təmiz su ilə təchizi üçün müvafiq tədbirlər görür. Alkoqol və tütün məmulatlarının uşaqlara satılması, əmək şəraiti ağır, zərərli olan iş yerlərində, o cümlədən yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə, habelə onların əxlaqi kamilliyinə mənfi təsir göstərən gecə klublarında, barlarda, eləcə də spirtli içkilərin, tütün məmulatlarının, narkotik vasitələrin və preparatların istehsalı, daşınması, satışı və saxlanılması işlərində uşaq əməyinin tətbiq edilməsi qadağandır. Maddə 10. Uşağın ad və vətəndaşlıq almaq hüququ Hər bir uşaq doğulduqdan sonra Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq qeydiyyata alınır və vətəndaşlıq əldə edir. Uşağa ad valideynlərinin qarşılıqlı razılığı ilə, valideynləri olmadıqda isə qəyyumluq orqanlarının razılığı və ya göstərişi əsasında verilir. Maddə 11. Uşağın tərbiyə almaq hüququ Hər bir uşağın hərtərəfli inkişaf etmək, milli və ümumbəşəri dəyərlərə uyğun, humanizm və əxlaqi prinsiplər əsasında tərbiyə almaq hüququ vardır. Uşağın tərbiyəsi ailədə, məktəbdə, məktəbəqədər və məktəbdənkənar uşaq təlim-tərbiyə müəssisələrində aparılır. Dövlət uşaqların yaradıcılıq qabiliyyətinin, estetik tərbiyəsinin inkişafı üçün müxtəlif müəssisələr yaradır, habelə belə müəssisələrin yaradılmasında ictimai təşkilatlara köməklik göstərir. Zorakılıq, qəddarlıq təbliğ edən və ya erotika və pornoqrafiya mövzusunda olan, habelə uşaqların psixi və mənəvi inkişafına zərərli təsir göstərən filmlərin, ədəbiyyatların və digər vəsaitlərin uşaqlar arasında yayılması və nümayişi, habelə bunların hazırlanmasına uşaqların cəlb edilməsi qadağandır. Maddə 12. Uşağın azadlıq və şəxsi toxunulmazlıq hüququ Uşaq azadlıq və şəxsi toxunulmazlıq hüququna malikdir. Müstəsna hal kimi uşağın tutulmasına, həbs edilməsinə yalnız Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş əsaslar mövcud olduqda yol verilə bilər. Uşaq tutulduqda və ya həbs edildikdə bu barədə onun valideynlərinə və ya digər qanuni nümayəndələrinə dərhal məlumat verilməlidir. Uşaqların hüquqları və qanuni mənafeləri pozulduqda, o cümlədən valideynləri (onlardan biri) uşağın təhsili, tərbiyəsi üzrə vəzifələrini yerinə yetirmədikdə və ya valideynlik hüquqlarından sui-istifadə etdikdə uşaq öz hüquqlarını qorumaq üçün müvafiq icra hakimiyyəti orqanlarına, 14 yaşına çatdıqda isə məhkəməyə müraciət etmək hüququna malikdir. İstənilən fiziki və ya hüquqi şəxs uşaqlarla qəddar rəftar hallarını müşahidə etdikdə belə rəftarın qarşısının alınması üçün müvafiq orqanlara müraciət edə bilər. Valideynlərin və ya digər şəxslərin uşaqlarla qəddar rəftara yol verməsi, onlara qarşı psixi və fiziki zor tətbiq etməsi, uşaqların hüquqlarını pozması Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada valideynlik hüquqlarından məhrum edilməyə, habelə inzibati və ya cinayət məsuliyyətinə səbəb olur. Maddə 13. Uşağın zəruri maddi tə minat hüququ Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi tə minat almaq hüququ vardır. Maddə 14. Uşağın vicdan, fikir və söz azadlığı Hər bir uşağın vicdan, fikir və söz azadlığı vardır. Valideynlər, digər şəxslər və dövlət orqanları uşağın vicdan, fikir və söz azadlığına hörmətlə yanaşmalıdırlar. Uşağın səhhətinə zərərli təsir göstərən dini ayinlərin icrasına cəlb edilməsi qadağandır. Maddə 15. Uşağın məlumat azadlığı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq hər bir uşağın əqli və fiziki inkişafı üçün zəruri olan istənilən məlumatı axtarmaq, əldə etmək, ötürmək və yaymaq hüququ vardır. Maddə 16. Uşağın əsas vəzifələri Cəmiyyətdə davranış qaydalarına əməl etmək, Azərbaycan Respublikasının dövlət rəmzlərinə bələd olmaq, biliklərə yiyələnmək, özünü faydalı fəaliyyətə hazırlamaq, valideynlərə, digər vətəndaşların hüquq və mənafelərinə, öz xalqının və başqa xalqların ən ənələrinə və mədəni sərvətlərinə hörmətlə yanaşmaq, tarix və mədəniyyət abidələrini, ətraf mühiti qorumaq və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək uşağın borcudur. Bu vəzifələrin uşaq tərəfindən dərk edilməsinə və icrasına valideynlərin, müvafiq orqanların və təhsil müəssisələrinin uşaqlar arasında izahat və təbliğat aparmaları yolu ilə nail olunur. (ardı var) | |
Category: Qanunvericilikdə | Added by: IslamQadini | |
Views: 1301 | Downloads: 0 |
Total comments: 0 | |