«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə günü, 2024-12-27, 0:35 AM
Main » Files » Qadın hüququ » Digər dinlərdə

2009-09-12, 6:39 AM
 
İslam, yəhudi və xristian qanunlarında qadınların müstəqilliyi və iqtisadi mülkiyyəti

Bu məqalə, «Yəhudi və xristian qanunu ilə müqayisədə İslamda qadın – əfsanə və gerçəklik» adlı əsərin bir hissəsidir. Bu məqalədə qadınlarla bağlı məsələlər səmavi dinlər – İslam, yəhudilik və xristianlıq baxımından tədqiq obyektidir. Yazıçının əsas hədəfi, özünün qeyd etdiyinə görə, qərbdə qadınlar barəsində mövcud olan şübhələrə və məşhur misirli feminist doktor Nuval Sədavinin açıqlamalarına cavab vermək olub. Doktor Sədavi bütün dinlərin qadınlara eyni cür yanaşmaları, onların qadınlara məhdudiyyət və etinasızlığı kimi fikirlərin müəllifidir. Doktor Əbdul-Əzim Muhəmməd, İslamın doğruluğunun isbatı və Allahın bəşəriyyətə son həqiqi xitabının ehtiramı xatirinə, bir müqayisə aparmışdır. Qeyd etmək lazımdır ki, yazıçı açıqlama və müqayisələrində əldə olan orijinal mənbələrə istinad etmişdir. Amma İslam əqidəsinə əsasən, yəhudilik və xristianlığın səmavi mətnləri və əsas həqiqi mənbələri təhrif olunmuşdur.
     Qadının əmlakı
     Yəhudilik baxımından

     Bu üç din, ailə qurmağın əhəmiyyəti və ailəvi yaşayış əqidəsində şərikdirlər. Lakin qadının mülkiyyətini tanımama baxımından, yəhudi və xristian qanunları, İslam qanunlarından fərqlənir.
     Yəhudi ənənələri, ərin öz həyat yoldaşına nisbətdə mövqeyini bir qula sahib olan şəxsin mövqeyi ilə eyni bildiyindən, qadınla bir qul kimi davranılırdı. Bu cür mövqe kişinin öz həyat yoldaşına qarşı öhdəsində olan vəzifələrin ləğvinə səbəb olmuş və qadının öz əmlak və gəlirlərinin istifadə haqqının inkarına gətirib çıxarmışdır. Belə ki, yəhudi bir qadın ailə qurarsa, onun əmlak və gəlirləri tam olaraq ərinin ixtiyarına keçmiş olurdu. Yəhudi xaxamları iddia edirlər ki, ərin həyat yoldaşının əmlakına sahib olması, ərin həyat yoldaşı üzərində malikiyyətinin nəticəsidir.
     Kişinin qadına sahib olmasından əmlakına malikliyi nəticəsini almaq olarmı? Kişi qadına sahiblik etdiyinə görə onun əmlakına da sahiblik etməlidirmi? Beləliklə, evlilik – qadınların ən zəngininin əməli surətdə fəqir olmasına səbəb olurdu.
     Talmud qadınların maliyyə vəziyyətini bu cür izah edir: «Ərinə aid olan hər nə varsa ərin özünə, qadına aid olan hər nə varsa ərinə də aid olduğu təqdirdə, qadın bir şeyə necə sahib ola bilər? Ev əşyaları, stolun üstündə olan çörək qırıntıları, hətta qadının küçədən tapdığı mal belə, ərinə məxsusdur. Qadının gəliri kişiyə məxsus olduğundan, qadın evinə qonaq çağırıb ona yeməyə bir şey versə, ərindən oğurluq etmişdir...»
     Bütün bu kimi qanunlar, qadının əmlak vasitəsilə özünə elçi cəlb etməsinə səbəb oldu. Kişi üçün daha çox malı olan qadını almaq daha artıq varlanmaq vasitəsinə çevrildi. Yəhudi ailələri öz mülkiyyətlərinin bir hissəsini, ailə qurarkən cehiz adı ilə öz qızına vermə məcburiyyətində qaldı. Qızının şəxsən malik olmayacağı cehizə xərc çəkmək məcburiyyətində qalan yəhudilər üçün qız uşağının atası olmaq xoşagəlməz bir məsələyə çevrildi. Ata illərlə öz qızına qiymətli cehiz tədarük etməli idi. Gəlinin hədiyyəsi olan bu cehiz, müvəqqəti mülkiyyət şərtləri altında bəyə hədiyyə edilirdi və bəy cehizə malik olsa da, onu sata bilməzdi. Qadın ailəli olduğu zaman cehizin üzərində olan hər növ malikliyi əldən verirdi. Bundan əlavə ailə qurduqdan sonra qadından işləyib, qazanc əldə etmək, ərin öhdəsində olan xərcləri təmin etmək də gözlənilirdi. Qadın yalnız iki halda öz əmlakını qaytara bilərdi: talaq və həyat yoldaşının öldüyü təqdirdə. Əgər qadın əvvəl ölərsə, kişi onun əmlakına varis olurdu, ər öldüyü halda qadın yalnız evlilikdən öncəki əmlakını qaytara bilərdi və vəfat etmiş ərinin şəxsi əmlakından irs almaq haqqı yox idi. Bunu da qeyd etmək lazımdır ki, bəy də gəlinə toy hədiyyəsi olaraq bir şey verərdi. Lakin kişi, onların birgə yaşayışı müddətində, əməli surətdə bu hədiyyəyə də sahib olurdu. Nəticədə, yəhudi ailəsində qız uşağının dünyaya gəlməsi xoşagəlməz bir hal idi. Çünki qız sərmayə deyil, borc sayılırdı.
     Xristianlıq baxımından
     Son dövrlərə kimi xristianlar da yəhudi ənənələrinə riayət edərək öz qızlarına çoxlu cehiz verərdilər və nəticədə kişilər onlarla daha tez evlənməyə meyl göstərərdilər. Lakin xristianlar yəhudilik ənənələrinə tam tabe olmurdular. Belə ki, ailələr öz qızlarının ailə qurmasını adi qaydadan fərqli olaraq təxirə salırdılar. Digər tərəfdən kilsə qanunlarına əsasən, qadın boşandığı təqdirdə öz cehizini geri almaq hüququna da malik idi. Lakin qadın zina etmədə müqqəsir bilinsəydi, cehizini geri alma hüququnu itirirdi. Yalnız XIX əsrin sonları və XX əsrin əvvəllərində xristian ölkəsi olan Amerika və Avropada kilsə və mülki qanunlara əsasən, evli qadın öz əmlakı üzərində olan hüququnu əldə etdi və 1632-ci ildə İngiltərə qanunvericiliyinə əsasən, qadının hüquqları bərpa olundu.
     İslam baxımından
     Miladi tarixi ilə VII əsrdən etibarən, İslam dini evli qadınlara müstəqil şəxsiyyət hüququ vermişdir. Yəhudi və xristian qadınları son zamanlaradək evləndikdə mülkiyyət hüququndan məhrum edildikləri halda, İslamda qadının ailə qurduqdan sonra bəyə hədiyyə vermək kimi öhdəliyi əvvəldən yox idi, əksinə, bəy gəlinə toy hədiyyəsi verməli idi. Müsəlman ailəsində, qızların öz cehizindən məhrum olma təhlükəsi gözlənmədiyindən, qız borc sayılmırdı. Gəlin, hətta sonralar təlaq alsa belə, bu hədiyyənin malikidir. Özünün könüllü razılığı olmadan (əmlakından ona bir şey bağışlaması istisna olmaqla), ər öz həyat yoldaşının əmlakında şərik ola bilməzdi. Quran öz baxışında bu mövzunu kamil şəkildə, aydın açıqlayır: «Arvadların mehriyyələrini könüllü şəkildə verin. Əgər onlar özləri sizə bir şey bağışlasalar, onu halal olaraq nuşcanlıqla yeyin!» («Nisa» surəsi, ayə: 4)
     Qadının əmlak və gəliri bütövlükdə öz ixtiyarındadır və yalnız özü ondan istifadə edə bilər. Çünki onun və övladlarının qayğısını çəkmək və xərclərini təmin etmək ərin öhdəsindədir. Qadının zəngin olması mühüm deyildi. Qadın, ailənin xərclərində iştirak etməkdə (könüllü surət istisna olmaqla), vəzifəli deyildir.
     İslamda ər və arvad bir-birindən irs alırlar. Bundan əlavə evli qadın müstəqil hüquqi şəxsiyyətə və soyadına malikdir. (Halbuki, bu hüquqlar xristian və yəhudi qadınına verilməmişdi.)
     Qadınların irsi
     Quran və İncil arasındakı fərqlərdən biri də qadının vəfat etmiş qohumlarından irs alması ilə bağlıdır. Bu barədə İncilin baxışı qısa şəkildə belədir: İncilin nazil olduğu dövrdən indiyədək mövcud olan qanuna əsasən, ailənin qadın üzvləri əmlakın bir hissəsi hesab olunurdular və bir qul kimi qanuni irs almaq hüququndan məhrum idilər.
     Nə üçün ailənin qadın üzvləri ailənin əmlakı hesab olunurdu?
     Xaxam Ersteyn cavab verir: «Onlar ailə qurmazdan öncə atadan və ailə qurduqdan sonra ərdən asılıdırlar».
     Kişi, hətta oğlanlarından əvvəl arvadından irs apardığı halda, qadına yalnız kişi cinsindən heç bir varis olmadığı təqdirdə irs yetişərdi. Arvaddan irs apararkən ər oğullardan öndə olduğu halda, arvada yalnız kişi cinsindən heç bir varis olmadığı təqdirdə irs yetişərdi. Yəhudi cəmiyyətinin ehtiyaclı və çarəsiz təbəqəsini dul qadınlar və yetim uşaqların təşkil etməsi də, bu səbəbdəndir.
     Xristianlıq uzun müddət bu adəti davam etdirib. Həm kilsə, həm də xristsanlığın mülki qanunları qızları irs payında qardaşları ilə ortaqlıqdan məhrum etmişdir.
     Bundan əlavə qızlar hər növ irs hüququndan məhrum idilər. Bu ədalətdən kənar qanun XIX əsrin sonlarınadək mövcud olmuşdur.
     İslamdan əvvəlki dövrlərdə bütpərəst ərəblər arasında irs hüququ, yalnız kişilərə aid idi. Quran bu qeyri-adilanə adətlərin hamısını aradan götürdü və bütün qadınları irsdə şərik bildi. «Analarının və (yaxın) qohumların qoyub getdiyi maldan kişilərə pay düşər və (habelə) ata-analarının, (yaxın) qohumlarının qoyub getdiyi maldan qadınlara da pay düşər. O mal istər az, istərsə də çox olsun (vərəsəyə çatan) vacib paydır». («Nisa» surəsi, ayə: 7).
     Avropanın irs hüququnun mövcud olmasını rəsmi şəkildə tanımasından 1300 il qabaq müsəlman analar, qadınlar, qızlar və bacılar belə bir hüquq ilə tanış idilər. İrs bölgüsü geniş və çox xırdalıqlardan ibarət olan bir mövzudur.
     Şəri hökmə əsasən ata və oğula, ana və qızdan daha çox irs payı yetişir. Əgər bu ümumi qanuna, kişi və qadınla bağlı olan digər qanunlara diqqət yetirmədən baxsaq, ədalətsiz görünər. Bu qanunun məntiqini və kökünü dərk etmək üçün İslamda kişilərin maddi öhdəliklərinin qadınların öhdəliklərindən daha çox olduğu gerçəkliyini nəzərə almaq lazımdır. Bəy gəlin üçün toy hədiyyəsi (mehriyyə) hazırlamalıdır. Hətta, sonralar boşansalar belə, bu hədiyyə gəlinin əmlakına aiddir. Gəlinin bəyə hədiyyə verməkdə isə heç bir öhdəliyi yoxdur. Bundan əlavə müsəlman kişi, öz həyat yoldaşı və övladlarının xərclərini təmin etmədə, məsuldur. Digər baxımdan qadın bu işdə ona kömək etməkdə məcbur deyil. Onun əmlak və gəliri yalnız şəxsi istifadəsi üçündür. Beləliklə, şəri baxımdan irs bölgüsü, bu sadaladıqlarımızı nəzərə alaraq, ədalətsiz sayıla bilməz.
     İslam dini ailə həyatını müdafiə edir və təkidlə cavanları ailə qurmağa həvəsləndirir, talaq və ayrılmağı isə mənfi dəyər kimi qəbul edir. Buna görə də İslami cəmiyyətdə subay insanlara nadir hallarda rast gəlinir. Çünki İslam cəmiyyətində evlilik yaşına çatmış insanlar evlənməyə çox təşviq olunur.
     İslamda kişi qadından daha çox maliyyə məsuliyyətlərinə malikdir. İrs qanunları bu qeyri-bərabərliyi tarazlaşdırmaq üçün düşünülmüşdür ki, bununla cəmiyyət sinfi və cinsi ədalətsizlikdən azad şəkildə həyatını davam etdirə bilsin. Deyilənlərdən bu nəticəni almaq olar ki, İslam qadınla ədalət və səxavətlə rəftar etmişdir.

Category: Digər dinlərdə | Added by: IslamQadini
Views: 1369 | Downloads: 0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]