İslamdan öncə qadın və onun acınacaqlı həyat tərzi
İslamdan öncə qadının vəziyyəti və cəmiyyətdəki rolu haqqında aydın təsəvvürə malik olmaq üçün yaxşı olardı ki, o dövrün pozitiv (insanlar tərəfindən qoyulmuş) qanunlarına nəzər salaq. Belə ki, Yunan qanunlarına əsasən, qadın ərə getməzdən öncə atasının və ya qardaşının, ərə getdikdən sonra isə ərinin mülkü sayılırdı. Təbii ki, qadın ona sahib olanın mülkü hesab edildiyindən özünün müstəqil hüquqları yox idi. Lakin Roma qanunlarına görə qadının vəziyyəti daha acınacaqlı idi. Onunla uşaq və ya dəli kimi rəftar edirdilər. Qadının heç bir səlahiyyəti olmadığından o, ömrünün sonunadək öz sahibinin ixtiyarında qalırdı. Sahibi onu alıb-sata, əziyyət verə, hətta öldürə də bilərdi. Yəhudilərin bəzi firqələrində isə qadın xidmətçi hesab edilirdi. İstər ana olsun, istərsə də arvad ona miras payı düşmürdü. O dövrün İsrail vətəndaş hüquqlarına nəzər salsaq, görərik ki, oğlu olmayan kişi öldükdə onun həyat yoldaşı yalnız ölmüş ərinin qardaşına ərə getməli və yalnız ərinin qardaşı onunla evlənmək istəmədiyi halda, başqası ilə ailə qura bilərdi. Çin qanunlarına əsasən, qadının heç bir dəyəri yox idi. Bu səbəbdən ona ən mənfur işləri görmək əmr edilirdi. Hind qanunlarına görə də qadının vəziyyəti ürəkaçan deyildi. Belə ki, uşaqlığında atasına, ailə qurduqda ərinə, əri öldükdə isə uşaqlarına tabe olan hind qadınının öz istəyinə uyğun hər hansı bir işi görməyə heç zaman haqqı yox idi. Göründüyü kimi, İslam dininin yenicə yayıldığı vaxt Avropada qadının vəziyyəti olduqca pis idi: qadın alınıb-satılır, əzaba məruz qalır, ən ucuz muzdla ən çətin işləri görməyə məcbur edilirdi. İngilis filosofu Herbert Spenser «Sosiologiya elmi» adlı kitabında «V-XI əsrlərarası İngiltərədə kişilər qadınları satırdılar» ifadələri ilə o dövrün çirkin mənzərəsini daha dolğun canlandırıb. Sonralar xristian məhkəmələri belə bir qanun çıxartdılar: kişi öz qadınını başqası ilə (istər pulla, istərsə də pulsuz) müəyyən müddətə evləndirə bilər. Bu qanun ləğv edilənə qədər qüvvədə qaldı. Bundan əlavə, Avropada qadının məhkəmədə iştirak etmək, əqd bağlamaq, alış-veriş etmək səlahiyyətləri də yox idi. 1942-ci ilə qədər qadının öz mülkündəki səlahiyyəti onun ərinə məxsus idi. Sonralar bu qanunda da dəyişiklik baş verdi. Əslində, bu faktlar baş verənlərin kiçik bir hissəsidir. Hər halda unutmaq olmaz ki, Avropa və Amerika qadın haqlarını yenicə tanıdığı halda, İslam dini qadına 14 əsr bundan qabaq, özü də qadına layiq olan, onun şərəfini qoruyan, məqamını ucaldan hüquqlar vermişdir. İslam dininə görə, qadın ərə getməkdə azaddır və onun razılığı olmadan zorla ərə verilməsi doğru sayılmır. Müqəddəs İslam dini təkidlə bəyan edir ki, qadın öz hüquqlarını bilməli və müdafiə etməlidir. Hətta qadının öz malında alış-veriş etmək səlahiyyəti də vardır. Həzrət Peyğəmbərin (s) həyat yoldaşı Xədicə xanımın ticarətlə məşğul olması buna ən gözəl nümunədir. Bu danılmaz bir həqiqətdir ki, İslamın gəlişiylə qadın layiq olduğu məqama ucalmış və həqiqi şəxsiyyətini qazanmışdır. Məhəmməd Mitvəlla Şəravinin «Quranda qadın» kitabından istifadə olunmuşdur.
|