«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə axşamı, 2024-04-25, 8:09 AM
Main » Files » Aktual » Aktual

2012-12-14, 7:40 AM
Aclığa əsir düşmüş bir İslam ölkəsi




Aclıq, səfalət, son həddə yoxsulluq. Bu anlayışları eşidəndə çoxumuz orta əsrlərin qaranlıq çağlarını xatırlayırıq. Gündəlik yeməklərini bir qayda olaraq yağsız bişirməyə məhkum olan insanlar. Qida və vitamin çatışmazlığından orta yaş həddi 36-45 olan bütöv bir ölkə. Aclıqdan gözləri hədəqədən çıxmış, qarınları şişmiş uşaqların çətinliklə aldıqları nəfəslər... Bütün bu danışdıqlarım Somalinin yaxşı günləri barədə idi. "Bəs pis günü necə olar?” deyə soruşacaqsınız. Cavab verim: İnsanların kütəvi şəkildə acından öldükləri zamanlar daha ağır, daha dəhşətli olur. Həmin zaman insanlar bir tikə çörəyin, bir qurtum suyun həsrətilə acından can verirlər. Bizim üçün belə bir vəziyyəti təsəvvür etmək nə qədər çətin olsa da, Somali demək olar ki, hər 25-30 ildən bir belə bir aclıqla üzləşir. Hələ 1993-cü ildəki qıtlıq zamanı orada 250 mindən çox insan həyatını itirmişdi. Və bu gün... Bu ilin dəhşətli quraqlığı... Bu dəqiqə aclığın sancısından neçə nəfər qıvranaraq can verir... Uşaqları gözlərinin qarşısında acından ölmək üzrə olan analar, "Bəlkə də bu dəqiqə bir kömək gələr” deyə, gözlərini yollara dikir, ümidlərini üzmürlər. Amma... Bütün dünya tərəfindən əl boyda Somaliyə göstərilən yardımlar ölkə əhalisinin kiçik bir hissəsinə güclə çatır və insanlar acından ölməyə davam edir. Bu günün statistikasına görə, acından ölənlər arasında təkcə uşaqların sayı 30 mindən çoxdur...

Aclığın səbəbləri. Somali, Şərqi Afrika... Bu ölkənin ərazisi tamamilə ekvatorial bölgəyə daxildir. Lakin Yer kürəsinin quruluşu, Somali Axıntısı və Qitə tərəfdən əsən və eyni zamanda qurulaşdırıcı xüsusiyyətə malik olan Muson küləkləri səbəbilə Somalinin ərazisinə çox az miqdarda yağış düşür. Sadəcə ölkənin güneyində yaz yağışları sayəsində ildə 600 mm-lik yağış yağır. Xüsusilə ölkənin orta və qüzey hissələrində yağışların çox az, bunun müqabilində istilərin çox olması səbəbilə tez-tez quraqlıq olur. Quraqlığın şiddətli zamanlarında otlar bitmir, heyvanlar və insanlar aclıqdan ölür. Beləliklə, ölkənin tez-tez məruz qaldığı qıtlıqlar, əsasən ölkənin coğrafi vəziyyəti və iqlim şəraitindən irəli gəlir. Ölkə müstəqillik qazanandan qısa müddət sonra başlayan daxili çəkişmələr və vətəndaş müharibələri də, aclığın şiddətlənməsinə təsirsiz ötüşmədi.

Somali barədə məlumat. Somalinin rəsmi adı Somali Demokratik Respublikasıdır. Paytaxtı Moqadişodur. Rəsmi dili somali dili və ərəb dilidir. Əhalisi 9 832 017 nəfər (2009), ərazisi 637 657 km²-dir. Burada adətən kişilər 36-46, qadınlar 37-49 yaşından artıq yaşamırlar. Qida yetərsizliyi səbəbindən uşaq ölümləri 13,2 %-dir. Əhalinin 95%-i somalilərdir. Qalanları isə mühacirlər, xüsusilə Oqaden müharibəsi (1973-1983) zamanı Efiopiyadan qaçanlardır.
Somali İslamla hələ hicrətin birinci ilində tanış olub. Burada əhalinin 99,8 %-i müsəlmandır. Ölkədə 2600 nəfər katolik var ki, onlar da müstəmləkəçilik dövrünün (1884-1960) qalıqlarıdır. İxracatı banan, canlı heyvan, dəri, kürk kimi əşyalardan ibarətdir. Əkinçilik və heyvandarlıqla dolanan somali əhalisi, yağış yağmadıqda aclığa məhkumdurlar.
Son illərdə ölkədə aparılan araşdırmalar onu göstərir ki, Somali mədən yataqları (dəmir, uran, sement daşı, manqan) ilə zəngindir. Ancaq bu gün Somali hələ bu yataqlardan istifadə etmir.
1884-cü ildə İngiltərə Somalini işğal etmişdi. Somalinin dini lideri Səid Muhəmməd Abdullah Həsən (Mad Mullah) cihad elan edərək uzun müddət müstəmləkəçilərə qarşı mübarizə aparsa da, nəticədə işğalçılar tərəfindən məğlub edilmişdi. 1910-cu ildə italyanlar Somalinin bir qismini ələ keçirdilər. İkinci dünya müharibəsindən sonra Somali ingilislər və italyanlar arasında bölündü. İtaliya Somalisi ilə İngiltərə Somalisi, nəhayət 1960-cı ildə öz müstəqilliyinə qovuşdu.
70-ci illərin əvvəllərindən başlayaraq Somalidə daxili çaxnaşmalar vətəndaş müharibələri ilə müşayiət olundu. Uzun illərlə davam edən bu vəziyyət onsuz da aclıq içərisində olan ölkəni tamamilə əldən saldı. Hələ də Somalinin ayrı-ayrı hissələri müxtəlif qruplaşmaların nəzarəti altındadır.

Somalinin bu günü. Somalinin bu günü dəhşət vericidir. Hər il bu ölkədə minlərlə müsəlman qida yetərsizliyindən dünyasını dəyişir. İslam dünyası bu mənzərəyə lazımi əhəmiyyət vermədiyindən, Somali xristian dünyası üçün fürsət məkanına çevrilib. Belə ki, Somalidə fəaliyyət göstərən 135 təşkilatdan 125-i missioner təşkilatlarıdır. Ona görə də bu gün Somalinin iki böyük problemi var: biri aclıq problemidir, digəri isə missionerlik fəaliyyətləri.

Çıxış yolu nədədir? Əslində çıxış yolu sadədir. Sadəcə təşəbbüs göstərmək lazımdır. Əvvəla, onu qeyd etmək lazımdır ki, Somalidəki müsəlman qardaşlara yardım göstərmək hər bir müsəlmanın borcudur. Onlar bu ağır vəziyyətdən xilas olmayınca, hər bir müsəlmana vacibdir ki, onlara kömək etsin. Belə işlərə təşəbbüs göstərmək ilk öncə müsəlman dövlət başçılarının üzərinə düşsə də, yardım təşkilatları, vəqflər və bu kimi quruluşların məsuliyyəti də az deyil. Bəs hər bir müsəlman bu işdə iştirak etsə, vəziyyət necə olar? Hazırda dünyada 1,57 milyard müsəlman yaşayır (2010). Somalidə aclıq çəkən əhalinin sayının ümumi əhalidən bir qədər az olduğunu nəzərdə tutaq (təxminən 8800000). Hər aclıq çəkən somaliliyə gündə üç vaxt yemək verilərsə, bu o deməkdir ki, dünyadakı hər bir müsəlman 60 gündə bir dəfə Somaliyə bir yeyimlik yemək göndərsə, məsələ kökündən həll olacaq. Ancaq hələ də bunu təşkil edən yoxdur və orada acından can verən hər bir müsəlmanın günah yükünü hər birimiz çiyinlərimizdə daşıyırıq. Bu ağır günah yükündən xilas olmağın vaxtı çatmayıbmı?

kovser.az


Category: Aktual | Added by: IslamQadini
Views: 924 | Downloads: 0 | Comments: 1
Total comments: 1
+1  
1 Sebnem   (2013-01-28 6:44 PM) [Daxil ol]
ALLAH KOMEKLERI OLSUN

Only registered users can add comments.
[ Registration | Login ]