Main » Files » Islamda qadinlar » Hedisde qadin |
2010-05-28, 2:54 PM | |
Qadının elm öyrənməsinin qadağan olunmasına dair bəzi hədislər
Qadının elm və yazı yazmağı öyrənməsini qadağan edən bəzi hədislər mövcuddur. O hədislərdən birini qeyd edirik: Kuleyni Əli İbrahimdən, o atasından, o Nofəlidən, o Səkunidən, o da imam Sadiqdən (ə) nəql etmişdir ki, Peyğəmbər (s) belə buyurub: «Qadınları elm ocaqlarında məskunlaşdırmayın. Onlara yazı yazmağı öyrətməyin. Onlara ip əyirməyi və «Nur» surəsini öyrədin». (Kuleyni, cild 5, səh 516) Araşdırma və tənqid Bu sahədə olan bir çox hədislər sənəd baxımından zəifdir və qəbul oluna bilməz. Çünki bu hədisin müqabilində elmin öyrənilməsini israrla təkid edən, insanı ona qarşı rəğbətləndirən və ruhlandıran hədislər mövcuddur. Həmçinin, elmin fəziləti, onu tələb etməyin əhəmiyyəti və alimlərin ibadət əhlindən üstün olmalarına dair bir çox hədislər vardır. İmam Cəfər Sadiq (ə) Peyğəmbərin (s) belə buyurduğunu nəql etmişdir: «Elm öyrənmək hər bir müsəlmana vacibdir. Bilin ki, Allah elm hərislərini sevər». («Usuli Kafi», I cild, hədis 37) İmam Baqir (ə) buyurmuşdur: «Elmindən istifadə edilən alim, yetmiş min abiddən daha üstündür». Həmçinin, Peyğəmbərlərin besətinin fəlsəfəsi, onların elm və hikmət öyrətmələri üçün olduğunu bildirən ayələr də vardır. هَلْ يَسْتَوِي الَّذِينَ يَعْلَمُونَ وَالَّذِينَ لا يَعْلَمُونَ «Bilənlər bilməyənlərlə eynidirlərmi?»(«Zumər» surəsi, ayə: 9) وَمِنَ النَّاسِ وَالدَّوَابِّ وَالأنْعَامِ مُخْتَلِفٌ أَلْوَانُهُ كَذَلِكَ إِنَّمَا يَخْشَى اللَّهَ مِنْ عِبَادِهِ الْعُلَمَاءُ إِنَّ اللَّهَ عَزِيزٌ غَفُورٌ «... Allahdan öz bəndələri içərisində yalnız alimlər qorxar».(«Fatir» surəsi, ayə: 28) Görəsən, ayə və hədislərin yalnız kişilərə aid olduğunu demək olarmı? Görəsən, elmin beşikdən qəbir evinə qədər öyrənilməsi haqqında olan və onu hər bir müsəlmana vacib olmasını tanıtdıran hədislərin yalnız kişilərə aid olduğunu demək olarmı? Rəsuləllah (s) düzgün hədis seçməyin meyarını belə tanıtdırmışdır: «Bizim hədislərimizi Quranla üzbəüz qoyun, əgər uyğun gəlməsə, onları atın». Bu hədisə diqqət yetirərək tam şəkildə deyə bilərik ki, qadının elm öyrənməsini qadağan edən hədislər Quran və sünnə ilə müxalif olduğuna görə etibarsızdırlar. Həmçinin, yazı yazmağın əhəmiyyətini bildirən ayələr də bunun yalnız kişilərə aid olduğunu söyləmir: الَّذِي عَلَّمَ بِالْقَلَمِ «O Rəbbim ki, qələmlə (yazmağı) öyrətdi». («Ələq» surəsi, ayə:4) وَالْقَلَمِ وَمَا يَسْطُرُون «And olsun qələmə və yazdıqlarına».(«Qələm» surəsi, ayə: 1) Bütün bunları nəzərə alaraq fəqihlər belə fətva veriblər: «Dini məsələləri və hökmləri öyrənmək bütün insanlara – istər kişi, istərsə də qadınlara – vacibdir. Həmçinin, Quran və hədisləri öyrənmək və onların təfsirinə diqqət yetirərək onları başa düşmək hər bir şəxsə müstəhəbdir». Digər baxımdan Peyğəmbərin (s), İmamların (ə) və İslamın böyük alimlərinin davranışına diqqət yetirsək, görərik ki, məsum İmamların (ə) qızları və həyat yoldaşlarının bir çoxu Peyğəmbərin (s) köməkçilərindən olmuşdur. Həmçinin, böyük alimlər, fəqihlər, elm və fəzilət sahibləri qadınların ictihad etmələrinə və hədis söyləmələrinə icazə vermişlər. Bu isə qadınların elm öyrənməsinin qadağan olunmadığını, əksinə bunun gözəl və bəyənilən iş olduğunu sübut edir. KOVSER.AZ | |
Category: Hedisde qadin | Added by: IslamQadini | |
Views: 983 | Downloads: 0 |
Total comments: 0 | |