Main » Files » Islamda qadinlar » Nehcul-Belagede qadin |
2009-09-12, 12:12 PM | |
«Nəhcül-bəlağə»də qadın
«...Həqiqətən, qadınların iman, irs və ağıldan payları azdır...» («Nəhcül-bəlağə», 79-cu xütbə)
Qurana əsasən qadın bir insan olaraq, Allahın öz bəndələrinə verdiyi bütün insani keyfiyyətlərə malikdir və kamillik məqamına çatmaqda qadınla kişi arasında heç bir fərq qoyulmayıb. Müsəlman qadınlar öz şəxsiyyətinin belə bir təsvirini «Nəhcül-bəlağə»də aradıqda, barələrində deyilmiş «ağıldan payları az», «imanda zəif», «əqrəb», «şərr» və s. kimi ifadələrlə rastlaşır və onlarda belə bir sual yaranır – həqiqətənmi qadınlar bəndəlik, kamillik məqamına çatmaqda, ağıl və düşüncədə kişilərdən naqisdirlər?! Təəssüf ki, «Nəhcül-bəlağə»nin bu barədə olan şərhləri arasındakı ziddiyyətlər Əlinin (ə) sözlərinin həqiqətini olduğu kimi dərk etməyə imkan verməyib. Şərhçilər «Nəhcül-bəlağə»də qadınlar barəsində olan ifadələri bəzən fəlsəfi dillə, bəzən tarixi, yaxud psixoloji baxımdan əsaslandırmağa çalışsalar da, bu fikirlər arasındakı fərqlər hər dəfə «müsəlman qadın»ın fikri kimi daha artıq dolaşmışdır. Hər şeydən öncə qeyd etmək lazımdır ki, Əli (ə) ədalətin məzhəridir. Malik Əştəri Misirə vali təyin edərkən O Həzrətin (ə) yazdığı məktub bu günədək öz aktuallığını qoruyan ən kamil, misilsiz hüquqi sənəddir. Məsihi Corc Cordaq Əlinin (ə) ədalət nidası qarşısında diz çökərək «Həqiqi ədaləti ondan öyrənmək lazımdır» – deyir. Mötəzilə əqidəsində olan ibn Əbil Hədid «Nəhcül-bəlağə»yə yazdığı şərhin sonunda Əlinin (ə) nurani kəlamları qarşısında öz acizliyini etiraf edərək deyir: «Vadinin seli axdı-daşdı, amma sona çatmadı, torpağa getdi». İmam Əli (ə) həmin xəlifədir ki, öz hakimiyyəti dövründə müsəlmanların zimməsində yaşayan bir yəhudi qadının ayağında xalxalın qoparıldığını eşitdikdə: «Əgər müsəlman kişi bu hadisəni eşidib qəm-qüssədən ölərsə, bu ona ar sayılmaz. Ölüm onun üçün yaşamaqdan daha yaxşıdır» – deyir. İmam Əli (ə) elə bir qadın hüquqlarının müdafiəçisidir ki, onun yanına gəlib öz şəhərinin valisindən şikayət edən qadının şikayətini dinləyib, həmin valini işdən kənarlaşdırır. Bəs, belə bir şəxsin «qadınların məzəmməti» adlı xütbəsi nə ilə izah edilə bilər? Xütbəni araşdırmazdan əvvəl bir neçə məsələyə xüsusi diqqət yetirmək lazımdır: 1. «Nəhcül-bəlağə»nin Quranla olan sıx bağlılığı; 2. Həmin dövrdə baş vermiş tarixi hadisələr; 3. Xütbənin mətninin elmi-məntiqi təhlili; 4. Xütbədə Əlinin (ə) istifadə etdiyi üslub. 1. «Nəhcül-bəlağə»nin Quranla sıx bağlılığı «Nəhcül-bəlağə» Quranla sıx şəkildə bağlıdır. «Nəhcül-bəlağə» Quranın tərcümanıdır. Quran ən ali qanunları ümumi formada təqdim edir, «Nəhcül-bəlağə» isə bu qanunların bir cəmiyyətin, xalqın həyatında əks olunmasından bəhs edir. «Nəhcül-bəlağə» bizə, Quranın cəmiyyətin həyatında necə tətbiq olunmasını öyrədir. «Nəhcül-bəlağə»ni Quranı nəzərə almadan araşdırmaq, bədənə ruhu nəzərə almadan baxmaq kimidir. Buna görə də, «Nəhcül-bəlağə»də qadın şəxsiyyətini və simasını anlamaq üçün Qurana müraciət etmək lazımdır. Quran yaradılışın mahiyyəti baxımından qadınla kişi arasında heç bir fərq qoymur və həqiqətdə onların eyni gövhərdən yaradıldığını bəyan edir. «Nisa» surəsinin ilk ayəsində buyurulur: «Ey insanlar, sizi tək bir nəfsdən xəlq edən, ondan zövcəsini də yaradan Rəbbinizdən qorxun...» | |
Category: Nehcul-Belagede qadin | Added by: IslamQadini | |
Views: 787 | Downloads: 0 |
Total comments: 0 | |