«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Çərşənbə günü, 2024-04-24, 5:29 AM
Main » Files » Islamda qadinlar » Qur'anda qadin

2009-09-12, 12:40 PM
Quranda ismət və ibadət örnəyi – Həzrət Məryəm
Ali-İmran surəsinin 35-47-ci ayələrinin təfsiri
(«Təfsiri Nümunə»dən tərcümə)
Ali-İmran surəsi, ayə 35: 

    
إِذْ قَالَتِ امْرَأَةُ عِمْرَانَ رَبِّ إِنِّي نَذَرْتُ لَكَ مَا فِي بَطْنِي مُحَرَّرًا فَتَقَبَّلْ مِنِّي إِنَّكَ أَنْتَ السَّمِيعُ الْعَلِيمُ

     (Yada sal) o zamanı ki, İmranın zövcəsi dedi: «Ey Rəbbim, mən Sənə nəzir etmişəm ki, bətnimdə olan azad olsun (hər bir məşğuliyyətdən azad olaraq Beytül-Müqəddəsdə xidmət etməyə məxsus olsun). Odur ki, məndən qəbul et. Çünki Sən eşidən və bilənsən!(Beytül-Müqəddəsin xidmətçisi oğlan olmalı idi. İmranın zövcəsi də bətnindəkinin oğlan olduğunu güman edirdi.)»
     Ayə 36:
    
فَلَمَّا وَضَعَتْهَا قَالَتْ رَبِّ إِنِّي وَضَعْتُهَا أُنْثَى وَاللَّهُ أَعْلَمُ بِمَا وَضَعَتْ وَلَيْسَ الذَّكَرُ كَالأنْثَى وَإِنِّي سَمَّيْتُهَا مَرْيَمَ وَإِنِّي أُعِيذُهَا بِكَ وَذُرِّيَّتَهَا مِنَ الشَّيْطَانِ الرَّجِيمِ

     Beləliklə elə ki, onu dünyaya gətirdi, dedi: «Ey Rəbbim, mən onu qız doğdum». Allah onun nə doğduğunu yaxşı bilirdi və (onun nəzərdə tutduğu) o oğlan bu qız kimi deyil. «Və mən onun adını Məryəm qoydum. Əlbəttə, mən onu və onun övladlarını qovulmuş şeytandan (şeytanın şərindən) Sənə tapşırıram».
     Təfsir:
     Bu ayələrdə İmranın qızı «Məryəm» barədə söhbət açılır. Belə ki, bu böyük qadının təvəllüdü, boya-başa çatması və həyatında baş verən bəzi mühüm hadisələr şərh edilir.
     Tarixi sənədlər, həmçinin islami rəvayətlər və təfsirlərdən belə məlum olur ki, «Hənnə» və «Əşiya» iki bacı idilər. Hənnə, Bəni-İsrailin böyük şəxsiyyətlərindən sayılan İmran ilə ailə qurdu. Onun bacısı «Əşiya» isə Zəkəriyya peyğəmbərin zövcəsi oldu. Hənnə, uzun illər övlad sahibi olmadı. Günlərin birində o, ağacın altında oturmuşdu. Gördü ki, bir quş öz balalarını yemləyir. Analıq qayğısını müşahidə edən Hənnənin ürəyində övlad eşqi alovlandı və səmimi qəlblə Allah dərgahından övlad payı istədi. Çox keçmədi onun duası qəbul oldu və o hamilə qaldı.
     Rəvayətlərə əsasən, Allah-Taala İmrana vəyh göndərmişdi ki, ona əlacsız xəstəlikləri sağaldan və Allahın izni ilə ölüləri dirildən bir oğlan uşağı əta edəcək və o, İsrail övladlarının peyğəmbəri olacaqdır. İmran bu xəbəri zövcəsi Hənnəyə çatdırır. Odur ki, Hənnə hamilə qaldıqda elə güman edir ki, bətnindəki uşaq, Allahın vəd etdiyi həmin oğlan uşağıdır. (Daha xəbəri yox idi ki, bətnindəki uşaq (Məryəm) o oğlan uşağının anası olacaqdır. ) Məhz bu səbəbə görə də Hənnə nəzir edir ki, oğlunu Allah evinə (Beytül-Müqəddəsə) xitmətkar qoyacaq. Lakin uşaq dünyaya gəldikdə onun qız olduğunu görür və nə edəcəyini bilmir. Çünki Beytül-Müqəddəsin xidmətkarlığına həmişə oğlanlar seçilirdi. Bir qızın xidmətkar olması isə hələ görünməmişdi.
     İndi ayələrin təfsirinə qayıdaq və bu macəranın ardını ayədə oxuyaq:
     «Xatırlayın ki, İmranın zövcəsi dedi: «Ey Rəbbim, bətnimdəkini sənə xidmətkar olmaq üçün nəzir edirəm. (Bu nəziri) məndən qəbul et! Əlbəttə Sən eşidən və bilənsən!»
     Bu ayədə İmranın zövcəsinin hamilə ikən etdiyi nəzrinə işarə olunur. Çünki o, Allahın İmrana verdiyi müjdəyə əsasən elə bilirdi ki, bətnindəki uşaq oğlandır. Elə buna görə də o, nəzir etdikdə «muhərrərətən» (azadə) kəlməsini deyil, «muhərrərən» (azad) kəlməsini işlədir və Allah-Taaladan nəzrinin qəbul olunmasını istəyir.
     «Muhərrər» sözünün kökü «təhrir» olub, «azad olunmuş» deməkdir. O dövrdə məbədlərin və Allah evinin xidmətkarlarına «muhərrər» deyərdilər. Onlar, məbədlərin təmizliyi və başqa işləri ilə məşğul olur, boş vaxtlarında Allaha ibadət edirdilər. Həmçinin ata-anaya xidmət etməkdən azad olduqları üçün onları «muhərrər» adlandırırdılar.
     «Onu doğduğu zaman söylədi: «Ey Rəbbim, mən qız doğdum. Halbuki Allah onun nə doğduğunu yaxşı bilirdi».
     Bu ayədə Məryəmi dünyaya gətirdikdən sonra onun anasının nigarançılığı haqda söz açılır. O öz nigarançılığını belə izhar edir: «Mən bu uşağı qız doğdum. İlahi, sən bilirsən ki, nəzir etdiyim məqsəd üçün oğlanla qız bir-birindən fərqlənirlər. Qız oğlanın görə bildiyini yerinə yetirə bilməz».
     «. . . Oğlan, qız kimi deyildir. . . »
     Bu ayənin təfsirində istifadə olunan rəvayətlərdən məlum olur ki, Allah kəlamındakı «oğlan, qız kimi deyil» ifadəsi Məryəmin anasının dilindəndir. Əslində isə o, «qız oğlan kimi deyil» deməli idi. Çünki o, oğlan deyil, qız doğmuşdu. Bəs nə üçün «oğlan, qız kimi deyil» dedi? Bu sualın cavabında qeyd etmək lazımdır ki, ərəb dilində «təqdim və təxir» (sözü, söz birləşməsini önə və ya geriyə keçirmək) adlı qayda mövcuddur. Ola bilər ki, Məryəmin anası övladının qız olduğunu görüb, təşvişə düşdüyü üçün, fikrini belə bir şəkildə ifadə etmiş. Çünki, Məryəmin anası oğlan sahibi olub, onu «Beytül-Müqəddəsə» xidmətkar verməyi düşünürdü.
     «Və mən onun adını Məryəm qoydum. Əlbəttə, mən onu və onun nəslini qovulmuş şeytandan (şeytanin şərindən) Sənə tapşırıram».
     Ayədə göstərildiyi kimi, Məryəmi dünyaya gətirdikdən sonra anası bu adı ona qoyur. «Məryəm»in mənası «ibadətkar və xidmətkar qadın» deməkdir. Bu isə imanlı bir ananın övladını Allaha bəndəlik və ibadət etmək üçün vəqf etməyə qəlbən hazır olduğunu göstərir. Elə bu səbəbə görə Allahdan istəyir ki, yeni doğulmuş körpəsini və gələcəkdə ondan vücuda gələcək övladlarını Öz pənahında saxlasın və şeytanın vəsvəsindən uzaq etsin.
     Ayə 37:
    
فَتَقَبَّلَهَا رَبُّهَا بِقَبُولٍ حَسَنٍ وَأَنْبَتَهَا نَبَاتًا حَسَنًا وَكَفَّلَهَا زَكَرِيَّا كُلَّمَا دَخَلَ عَلَيْهَا زَكَرِيَّا الْمِحْرَابَ وَجَدَ عِنْدَهَا رِزْقًا قَالَ يَا مَرْيَمُ أَنَّى لَكِ هَذَا قَالَتْ هُوَ مِنْ عِنْدِ اللَّهِ إِنَّ اللَّهَ يَرْزُقُ مَنْ يَشَاءُ بِغَيْرِ حِسَابٍ

     «Beləliklə, Rəbbi onu gözəl (şəkildə) qəbul etdi və yaxşı tərzdə böyütdü. Onun (tərbiyəsinin) məsuliyyətini Zəkəriyyaya tapşırdı. Zəkəriyya hər dəfə mehraba onun yanına daxil olanda, onun yanında (başqa mövsümlərə aid) ruzi görürdü. (Bir gün) dedi: «Ey Məryəm, sənə bu ruzi haradandır?» Dedi: «O, Allah tərəfindəndir, çünki Allah istədiyinə hesabsız ruzi verər».
     Təfsir:
     Bu ayə də Həzrət Məryəm barəsindədir. Ayə belə başlanır: «Allah Məryəmi gözəl qəbul etdi və yaxşı bir tərzdə böyütdü».
     Əvvəldə qeyd etdiyimiz kimi, Məryəmin anası inanmırdı ki, qız uşağını Allahın evində (Beytül-Müqəddəsdə) xidmət etmək üçün qəbul etsinlər. Çünki o vaxta qədər qız uşağının Allah evində xidmətkar işləməsi görünməmişdi. Amma yuxarıdakı ayədə deyilir ki, Allah bu pak qızı, ilk dəfə olaraq bu mənəvi və ruhani vəzifə üçün seçdi.
     Deməli, Məryəm Allah tərəfindən bu iş üçün seçilmişdi. Bəzi təfsirçilərin nəzərincə bu İlahi seçimin nişanəsi budur ki, o, Beytül-Müqəddəs kimi müqəddəs və mənəvi məkandan uzaqlaşmağa məcbur olmasın deyə, heç vaxt heyz qanı görmədi.
     Bu ehtimal da mövcuddur ki, Məryəmin Allah evində xidmətkarlığa qəbul olunacağı öncədən anasına ilham olunmuşdu.
     Ayədə işlənən «Ənbətəha» sözünün kökü «inbat» olub, «böyütmək» mənasını daşıyır. Bu söz bir növ Həzrət Məryəmin mənəvi və əxlaqi kamilliyini bildirir.
     Həmçinin, bu söz, çox incə bir mətləbə işarədir. Yəni Allahın işi böyüdüb, boya-başa çatdırmaqdır. Necə ki, hər bir gülün, bitkinin toxumunda özünəməxsus istedadlar mövcuddur və onlar, bağbanın nəzarəti altında inkşaf edib, aşkara çıxır, eləcə də insanın daxilində, onun ruhunun və fitrətinin dərinliklərində ali insani dəyərlər mövcuddur ki, əgər insan, İlahi müəllimlərin təlimlərinə tabe olsa, sürətlə kamilləşər və bu ilahi istedadlar üzə çıxar.
     Ayə belə davam edir: « ... və onun (tərbiyəsinin) məsuliyyətini Zəkəriyyaya tapşırdı». Burada «kəfalət» sözü işlənibdir. «Kəfalət» sözünün mənası «bir şeyin başqa bir şeyə əlavə olunması» deməkdir. Bir uşağın məsuliyyətini öhdəsinə götürən şəxsə «kafil» və yaxud, «kəfil» deyilir, sanki o uşağı özünə aid edir. Qurani-Kərimin bu ayəsində buyurulur ki, Zəkəriyya Məryəmi öz öhdəsinə götürdü. Çünki tarixdə qeyd olunduğu kimi Həzrət Məryəmin atası Həzrət İmran qızının təvəllüdündən qabaq dünyadan köçdü. Anası onu Beytül-Müqəddəsdəki yəhudi alimlərinin yanına gətirib dedi: «Bu uşaq Beytül-Müqəddəsə nəzir olunub, sizin içərinizdən bir nəfər onu böyüdüb boya başa çatdırmağı öz öhdəsinə götürsün». Bu uşaq əsil-nəcabətli bir ailədə dünyaya göz açdığı üçün Bəni-İsrail alimləri arasında mübahisə düşdü. Hər kəs Məryəmi böyütmək iftixarına nail olmaq istəyirdi. Xülasə Zəkəriyya onun məsuliyyətini öz öhdəsinə götürdü və bu barədə 44-cü ayənin təfsirində söhbət açılacaqdır.
     «Zəkəriyya hər dəfə mehraba onun yanına daxil olanda, onun yanında (başqa mövsümlərə aid) ruzi görürdü».
     Məbədlərdə «mehrab» məbədin rəhbəri və ya yüksək rütbəyə malik olan xüsusi şəxslər üçün nəzərdə tutulmuş bir yerdir. Bu məkanın «mehrab» adlandırılmasının bir neçə səbəbi vardır ki, onlardan ikisini sizin nəzərinizə çatdırırıq:
     1. «Mehrab» sözünün kökü «hərb» olub, «muharibə, döyüş» mənasını daşıyır. Çünki möminlər burada şeytan və nəfsi istəklər ilə mübarizəyə qalxırlar.
     2. «Mehrab» məclisin yuxarı hissəsinə də deyilir. Məscidin mehrabı da deyildikdə, məscidin yuxarı hissəsində yerləşən məkan nəzərdə tutulur.
     Diqqət yetirmək lazımdır ki, deyilənə görə Bəni-İsrail məbədlərində mehrabın tikiliş forması müsəlman məscidlərindəki mehrabların tikiliş forması ilə fərqlənir. Onlar mehrabı yer səthindən bir qədər hündürdə tikir və oraya pillələrlə qalxırlar. Həmçinin mehrabın ətrafında otağın divarları kimi divar tikirlər və kənardan baxanda mehrabda olan şəxs aydın görünmür. Bizim məsçidlərdə isə mehrablar yer səthindən aşağıda tikilir.
     Bir sözlə, Məryəm Zəkəriyyanın himayəsi altında böyüyüb boya-başa çatdı. O, Allaha bəndəlik və ibadətə elə qərq olmuşdu ki, İbn Abbasın rəvayət etdiyinə görə, o, doqquz yaşında gecələri ibadət edir, gündüzləri isə oruc tuturdu. Həzrət Məryəm Allahı tanıma və Ona ibadətdə, habelə, təqvada öz dövrünün zahidlərini və alimlərini də ötüb keçmişdi. Zəkəriyya hər dəfə onu görməyə gəldikdə onun mehrabında xüsusi yeməklər görüb, təəccüblənərdi. Bir gün ondan soruşdu:
     «Ey Məryəm, sənə bu ruzi haradandır?» Dedi: «O, Allah tərəfindəndir, çünki Allah istədiyinə hesabsız ruzi verər».
     Ayədə bu yeməyin necə ruzi olduğu və Məryəm üçün haradan gəldiyi şərh edilməmişdir. Lakin Əyyaşinin təfsirindəki mötəbər rəvayətlərdən və digər şiə və sünni mənbələrində qeyd olunan hədislərdən anlaşılır ki, Məryəmin yanında olan ruzilər həmin fəsilə aid olmayan cənnət meyvələri idi və Allahın əmri ilə onun mehrabında hazır olurdu. Burada isə təəccüblü bir şey yoxdur; Allah öz təqvalı bəndələrini bu cür qarşılayır. Ayədə mövcud olan nişanələr də bu ruzinin behişt meyvələrindən olduğunu təsdiq edir. Məsələn, «rizqən» (ruzi) kəlməsinin qeyri-müəyyən şəkildə işlədilməsi bu ruzinin xas bir ruzi olub, Zəkəriyya üçün də tanış olmadığını göstərir. Həmçinin sonrakı ayədə Zəkəriyyanın həyəcanlanması və Allahdan övlad istəməsi də bu mənanı yetirən başqa bir sübutdur.
     Lakin bəzi təfsirçilərin, o cümlədən, «Əl-Mənar» təfsirinin muəllifinin əqidəsinə görə, «rizqən» sözü elə bu dünyanın adi yeməklərinə dəlalət edir. Çünki İbn Cüreyr belə nəql edir: «Bəni-İsrail qövmü bir müddət qəhətliyə düçar oldular. Bu ağır şəraitdə Zəkəriyya Məryəmin yaşayışını təmin edə bilmədi. Odur ki, Məryəmi təmin etmək üçün püşk atdılar. Püşk, Nəccari adlı bir şəxsə düşdü. Zəkəriyya da belə bir ağır şəraitdə hər dəfə Məryəmin mehrabına daxil olduğu vaxt orada xüsusi yeməklər görəndə təəccüblənirdi». Amma qeyd etdiyimiz kimi, bu təfsir, nə ayədəki nişanələrə uyğun gəlir, nə də ayənin təfsirində nəql olunan rəvayətlərə. Bu ayənin təfsirində İmam Baqirdən (ə) bu məzmunda bir rəvayət nəql olunur: «Ev işləri Əli (ə) ilə Fatimənin (s.ə) arasında bölünmüşdü; evdən xaricdə olan işlər Əlinin, evin daxilindəki işlər isə Fatimənin öhdəsində idi. Günlərin birində Əli (ə) Fatimədən (ə.s) soruşdu:
     – Evdə yeməyə bir şey var?
     – Xeyr, iki gündür ki, evdə yemək yoxdur. Evdə olan bir qədər yeməyi də səni önəmli bilib, sənin üçün gətirmişdim.
     – Nə üçün mənə heç nə deməmisən?
     – Allahın Peyğəmbəri (s.ə.s) mənə belə tapşırmışdı.
     Əli (ə) bu söhbətdən sonra evdən çıxdı. O Həzrət yemək almaq üçün bir nəfərdən borc aldı. Bu vaxt yolda Miqdad ilə rastlaşdı. Həzrət Əli (ə) ondan soruşdu:
     «Günün bu vaxtı nə üçün evdən çıxmısan?»
     O dedi: «Aclıq üzündən».
     Həzrət buyurdu: «Mən bir qədər pul borc almışam. Amma sən məndən daha önəmlisən».
     Əli (ə) evə əliboş qayıtdı. Allahın Peyğəmbəri (s.ə.s) onun evində idi. Fatimə isə namaz qılırdı. Peyğəmbərin önündə üstübağlı bir qab var idi. Qabın örtüyü açıldıqda Həzrət Əli (ə) onun içərisində çoxlu məxsusi yemək gördü və Fatimədən (s.ə) soruşdu: «Bu yemək haradandır?»
     Həzrət Fatimə (s.ə) buyurdu: «Bu, Allah tərəfindəndir. Həqiqətən, Allah-Taala istədiyinə hesabsız ruzi verər».
     Bu vaxt Peyğəmbər (s.ə.s) buyurdu: Bu əhvalat, Həzrət Zəkəriyyanın əhvalatına bənzəyir. O da Məryəmin mehrabına gəlib, orada xüsusi yeməklər gördükdə ondan soruşmuşdu: «Ey Məryəm, bu yemək haradandır?» O isə demişdi: «Allah tərəfindəndir».
     Ayə 38:
    
هُنَالِكَ دَعَا زَكَرِيَّا رَبَّهُ قَالَ رَبِّ هَبْ لِي مِنْ لَدُنْكَ ذُرِّيَّةً طَيِّبَةً إِنَّكَ سَمِيعُ الدُّعَاءِ

     «O zaman Zəkəriyya (Məryəmin yüksək məqama malik olduğunu gördükdə) Rəbbinə dua edərək dedi: Pərvərdigara! Mənə də öz tərəfindən pak bir övlad bəxş et! Sən, həqiqətən duaları eşidənsən!»
     Ayə 39:
    
فَنَادَتْهُ الْمَلائِكَةُ وَهُوَ قَائِمٌ يُصَلِّي فِي الْمِحْرَابِ أَنَّ اللَّهَ يُبَشِّرُكَ بِيَحْيَى مُصَدِّقًا بِكَلِمَةٍ مِنَ اللَّهِ وَسَيِّدًا وَحَصُورًا وَنَبِيًّا مِنَ الصَّالِحِينَ

     «Zəkəriyya mehrabda ayaq üstə durub namaz qılarkən mələklər ona müraciət edib dedilər: Allah sənə Öz tərəfindən gələn kəlməni (İsanı) təsdiq edən, rəhbər olan, nəfsinə hakim və əməlisalehlər dəstəsindən bir peyğəmbər olacaq Yəhyanın dünyaya gələcəyini müjdə verir».
     Ayə 40:
    
قَالَ رَبِّ أَنَّى يَكُونُ لِي غُلامٌ وَقَدْ بَلَغَنِيَ الْكِبَرُ وَامْرَأَتِي عَاقِرٌ قَالَ كَذَلِكَ اللَّهُ يَفْعَلُ مَا يَشَاءُ

     «Zəkəriyya: «Ey Rəbbim, üzərimə qocalıq çökdüyü və zövcəm qısır olduğu halda, mənim necə oğlum ola bilər?» - söylədi. (Allah isə:) «Bəli, (dediyin kimidir. Lakin) Allah istədiyini bu cür yerinə yetirir», - deyə buyurdu».
     Əvvəldə qeyd etdik ki, Zəkəriyyanın həyat yoldaşı ilə Məryəmin anası bacı idilər və təsadüfən ikisi də övlad sahibi olmurdular. Allah-Taalanın mərhəməti ilə Hənnənin Məryəm kimi ləyaqətli övlad sahibi olduğunu görən Zəkəriyya onun kimi pak və təqvalı bir övlad arzuladı. Bir halda ki, Zəkəriyya və onun zövcəsi artıq yaşlı idilər və təbii hesabla onların övlad sahibi olması ağıla sığmırdı. Allahın qüdrətinə olan inam Zəkəriyyanın qəlbində ümid oyatdı. Düşündü ki, qocalıqda övlad sahibi olmaq Allahın əlində asan bir işdir. Məhz buna görə ibadət zamanı dua edib, Allahdan övlad istədi. «Zəkəriyya dedi: Pərvərdigara! Mənə də Öz tərəfindən pak bir övlad bəxş et! Sən həqiqətən duaları eşidənsən».
     Beləliklə, Zəkəriyyanın duası qəbul oldu. O, mehrabda ibadətlə məşğul olduğu zaman mələklər xəbər verdilər ki, Allah ona tezliklə Yəhya adlı bir oğlan uşağı bəxş edəcəkdir. Yəhya aşağıdakı xüsusiyyətlərə malik olacaq:
     1. O, Həzrət İsaya (ə) iman gətirib, ona kömək edəcək.
     Qeyd etmək lazımdır ki, Ali-İmran surəsinin 39-cu ayəsindəki «kəlimə» sözü, bu surənin 45-ci ayəsinə və «Nisa» surəsinin 171-ci ayəsinə əsasən Həzrət İsa (ə)-ya işarədir.
     Tarixdə qeyd olunduğu kimi, Həzrət Yəhya, Həzrət İsadan altı ay böyükdür və o, Həzrət İsanın peyğəmbərliyini təsdiq edən ilk şəxs olubdur. Yəhya, camaatı İsanın gətirdiyi dinə dəvət etmişdir. O, xalq arasında zöhd və təqvada ad çıxartdığı üçün onun İsaya iman gətirməyi camaatın üzərində böyük təsir qoymuşdur.
     2. O, elm və əməl baxımından xalqa rəhbərlik edəcəkdir. Bundan əlavə, o öz nəfsinə hakim, dünyapərəstlik və nəfsi istəklərdən uzaq olacaqdır.
     Bu mənanı ayədəki «həsur» kəlməsi ifadə edir. «Həsur» kəlməsi «həsr» kökündən olub «həbs» mənasını verir. Bu ayədə isə «nəfsi istəklərdən çəkinmək» mənasını daşıyır. Bəzən «həsr» sözü «evlənməkdən çəkinən» mənasında da işlənmişdir, və bəzi təfsirçilər bu sözün yuxarıdakı ayədə məhz bu mənada işləndiyini qeyd etmişlər.
     Bir sözlə, Yəhya İlahi peyğəmbər və əməlisaleh bir şəxsiyyət olubdur.
     Evlənməmək fəzilət və üstün cəhət sayılır?
     Burada bir sual meydana çıxır: Əgər «həsur» sözü «evlənməkdən çəkinən» mənasını daşıyırsa, görəsən bu əməl insan üçün üstün bir cəhət sayılır? Həzrət Yəhya da öz növbəsində bu məziyyətə malik olubdur?
     Bu sualın cavabında bunları qeyd etmək olar:
     Birincisi, bu ayədə «həsurən» sözünün məhz «evlənməkdən çəkinən» mənasında işləndiyi barədə əlimizdə heç bir qəti sübut yoxdur. Bu barədə nəql olunan rəvayətlərin heç biri sənəd baxımından dəqiq deyildir. Çox güman ki, burada «həsurən» sözü, şəhvətlərdən, nəfsani istəklərdən, dünyapərəstlikdən çəkinmək mənasını verir.
     İkincisi: Ola bilər ki, Yəhya da İsa kimi Allahın dinini təbliğ etmək məqsədi ilə uzunmüddətli səfərlərə getdiyinə görə evlənməmişdir. Bu isə hamı üçün ümumi bir qanun ola bilməz. Əgər Allah-Taala onu bu cəhətə görə tərifləyirsə, deməli o, dini yaymaqdan ötrü öz şəxsi həyatını fəda edərək, evlənməmiş, lakin eyni zamanda günahlardan çəkinərək heç vaxt günaha aludə olmamışdır.
     Ümumiyyətlə, evlənmək, fitri bir qanundur. Heç bir dində də bu fitri qanunun əksinə hökm verilməmişdir. Beləliklə, nə İslam dinində, nə də başqa dinlərdə subay qalıb, evlənməmək bəyənilən əməl və ya məziyyət hesab olunmur.
     Yəhya və İsa
     «Yəhya» sözünün kökü «həyat» olub, «diri qalan» deməkdir və bir ad olaraq bu böyük İlahi peyğəmbərə qoyulmuşdur. Həm bu ayədə, həm də «Məryəm» surəsinin 7-ci ayəsində göstərildiyi kimi Allah-Taala Yəhya adını ona dünyaya gəlməmişdən qabaq qoymuşdur. Ayədə deyillir: Ona xitab etdik ki, «Ey Zəkəriyya! Sənə adı Yəhya olan bir oğulu müjdə veririk ki, bundan öncə (heç kəsi) ona adaş etməmişik».
     Bu ayədən aydın olur ki, o vaxta qədər Yəhya adını heç kim daşımamışdır.
     Ötən ayələrdən məlum oldu ki, Zəkəriyya Məryəmin mənəvi kamilliyini gördükdə Allahdan övlad istədi. Diqqətə layiqdir ki, Allah-Taala Zəkəriyyanın bu duasını qəbul edib, ona bir çox cəhətlərdə. Məryəmin oğlu İsaya bənzəyən bir övlad verdi. Məsələn, uşaqlıqda nübüvvət məqamına çatmaq və eyni mənalı ada sahib olmaq kimi cəhətləri göstərmək olar.
     «Zəkəriyya: Ey Rəbbim, üzərimə qocalıq çökdüyü və zövcəm qısır olduğu halda, mənim necə oğlum ola bilər? - dedi: (Allah isə) «Bəli, (dediyin kimidir. Lakin) Allah istədiyini bu cür yerinə yetirir», - deyə buyurdu».
     Bu ayədə Zəkəriyya öz qocalığını bildirərkən «üzərimə qocalıq çökmüşdür» ifadəsini işlədir. Lakin «Məryəm» surəsinin 9-cu ayəsində Zəkəriyyanın dilindən belə oxuyuruq: «. . . Mən daha qocalıb əldən düşmüşəm». . . Bu iki fərqli ifadənin işlədilməsinin səbəbi budur ki, insan qocalığa doğru irəlilədiyi kimi, sanki qarşı tərəfdən də qocalıq və ölüm ona yaxınlaşır. Necə ki, Həzrət Əmirəl-möminin Əli (ə) buyurur:
     «Sən ömrünün sonuna irəlilədiyin kimi, ölüm də sənə tərəf gəlir. Necə də tez bir-birinizə çatacaqsınız!»
     «Qulam» sözü lüğətdə «cavan oğlan» mənasındadır.
     «Aqir» sözünün kökü «uqr» kökündən olub, «kök və bünövrə» və ya «həbs» mənasını verir. Qısır qadınlara da «aqir» deyilir. Yəni, ya artıq onlar övlad sahibi olmayacaqlar, ya da sanki dünyaya uşaq gətirmək xüsusiyyəti onlarda həbs olunub.
     Burada bir sual qarşıya çıxır ki, nə üçün Zəkəriyya Allah-Taalanın sonsuz qüdrətə malik olduğunu bildiyi halda, övlad müjdəsini eşitdiyi zaman təəccübləndi?
     Qurani-Kərimin başqa ayələrinə diqqət yetirsək bu sualın cavabı aydınlaşar. Zəkəriyya bilmək istəyirdi ki, qısır və sonsuz qoca bir qadın necə dünyaya uşaq gətirəcək? Onun bədənində hansı dəyişikliklər baş verəcək? Görəsən, onun zövcəsi cavan və ya ortayaşlı qadınlar kimi heyz qanı görəcək? Yaxud başqa bir şəkildə hamilə qalacaq?
     Bundan əlavə, Allahın qüdrətinə inam, onu müşahidə etməkdən fərqlidir. Zəkəriyya həqiqətdə istəyirdi ki, Həzrət İbrahim məada inanıb, lakin onu müşahidə etməyi Allahdan dilədiyi kimi, onun da imanı «müşahidə» mərhələsinə çatsın. Təbiidir ki, hər hansı bir insan təbiət qanunlarının əksinə olan hadisə ilə üzləşdikdə, fikrə dalır və onu müşahidə etdiyi bir hadisə ilə əlaqələndirmək istəyir?
     Ayə-41:
    
قَالَ رَبِّ اجْعَلْ لِي آيَةً قَالَ آيَتُكَ أَلا تُكَلِّمَ النَّاسَ ثَلاثَةَ أَيَّامٍ إِلا رَمْزًا وَاذْكُرْ رَبَّكَ كَثِيرًا وَسَبِّحْ بِالْعَشِيِّوَالإبْكَارِ

     «(Zəkəriyya): Pərvərdigara, mənə (zövcəmin hamilə olduğu vaxtı bilmək üçün) bir nişanə göstər, - dedikdə, Allah: «Sənin nişanən üç gün ərzində insanlarla yalnız işarə ilə danışmaq olacaqdır. (Sənin dilin təbii səbəblər baş vermədən tutulacaq. ) Rəbbini çox yada sal və səhər-axşam şəninə təriflər deyib şükr et!» - buyurdu».
     Təfsir:
     Bu ayədə Zəkəriyya, verdiyi övlad müjdəsi üçün Allah-Taaladan bir nişanə istəyir. Allah-Taala Zəkəriyyanın bu istəyini qəbul edərək, onun üçün belə bir nişanə qərar verir. Belə ki, onun dili heç bir təbii amil olmadan müvəqqəti olaraq üç gün tutulur və insanlarla danışmağa qadir olmur. Lakin Allahı zikr etmək və Ona şükr etmək istədikdə açılır. Bu qəribə halət Allah-Taalanın qüdrətinin bir nişanəsi idi. Şübhəsiz ki, Allah, zikr zamanı tutulan dili açmağa və doğmayan qadından imanlı bir övlad dünyaya gətirməyə qadirdir!
     Oxucularda şübhə doğura bilər ki, Peyğəmbərin dilinin tutulması onun peyğəmbərlik və təbliğ vəzifəsi ilə necə uyğun gələ bilər? – Sözsüz ki, əgər bu hal, uzun müddət davam etsəydi, peyğəmbərlik vəzifəsi ilə uyğun gəlməzdi. Lakin bu qısa müddət üçün heç bir maneəsi yoxdur. Bundan əlavə, onun, bu qısa müddətdə də lazımi məsələləri işarə ilə xalqa çatdırmaq və yaxud Allahın zikri sayılan İlahi ayələri oxumaqla həqiqəti onlara başa salmaq imkanı var idi.
     Ayə-42:
    
وَإِذْ قَالَتِ الْمَلائِكَةُ يَا مَرْيَمُ إِنَّ اللَّهَ اصْطَفَاكِ وَطَهَّرَكِ وَاصْطَفَاكِ عَلَى نِسَاءِ الْعَالَمِينَ

     «(Ey Muhəmməd!) Xatırla ki, bir zamanlar mələklər belə demişlər: Ey Məryəm, həqiqətən Allah səni seçmiş, (günahlardan) təmizləmiş, aləmlərin qadınlarından üstün tutmuşdur».
     Ayə-43:
    
يَا مَرْيَمُ اقْنُتِي لِرَبِّكِ وَاسْجُدِي وَارْكَعِي مَعَ الرَّاكِعِينَ

     «Ey Məryəm, (bu nemətin müqabilində) Öz Rəbbinə itaət et, səcdə et və rüku edənlərlə rüku et».
     Təfsir:
     Bu ayələrdə mələklərin Məryəmlə söhbətinə işarə olunur. Belə məlum olur ki, mələklər, peyğəmbərlərdən qeyriləri ilə də söhbət edə bilərlər. Mələklərin Həzrət Məryəmlə söhbət etməsi onun ülvi məqam sahibi olduğunu göstərir. Mələklər ona müjdə verirlər ki, Allah-Taala, onun təqvası, imanı, və ibadətinə görə onu seçmiş, günahlardan təmizləmiş və pak insanlardan qərar vermişdir. O seçilmişdi ki, İsa kimi bir peyğəmbər dünyaya gətirsin!
     Daha sonra Allah-Taala buyurur: «Allah səni aləmlərin qadınlarından üstün tutmuşdur».
     Qırx ikinci ayədə Həzrət Məryəmin fəzilətləri bəyan olunur və o, nümunəvi, seçilmiş bir insan kimi təqdim olunur. «İstəfakə» (səni üstün tutdu) kəlməsi onun öz zəmanəsinin bütün qadınlarından üstün olduğunu bildirir.
     Bunun isə İslam Peyğəmbərinin qızı Həzrət Fatimeyi-Zəhra (ə)-ın bütün dünya qadınlarından üstün olduğunu bildirən hədislərlə heç bir ziddiyyəti yoxdur. Bir çox rəvayətlərdə İslam Peyğəmbərindən və İmam Sadiq (ə)-dan belə nəql olunur:
     «Ey Fatimə, Məryəm öz zəmanəsinin ən üstün qadını idi. Allah-Taala isə səni həm öz zəmanənin, həm Məryəmin zəmanəsinin, həm də əvvəldən axıradək bütün qadınlardan üstün etmişdir». («Nurus-Səqəleyn», 1-ci cild, 337-338-ci səh)
     Növbəti ayədə isə mələklər, Allahın bu nemətləri müqabilində Ona itaət, səcdə və rüku etmək göstərişini Məryəmə xəbər verirlər. Deməli bu ayədə Həzrət Məryəmə verilən üç İlahi göstəriş bunlardır:
     1. Allah-Taala qarşısında qunut et!. «Qunut» sözünün mənası «itaətkarlıq» deməkdir.
     2. Səcdə et! Səcdə itaətin ən mükəmməl şəklidir.
     3. Rüku et! Rüku da həmçinin itaətin bir şəklidir.
     Bu ayədə əvvəlcə səcdə, sonra isə rüku vurğulanır. Lakin bu o demək deyil ki, onların namazında səcdə, rükudan qabaq yerinə yetirilirdi. Yəni, ayənin məzmunu ümumiyyətlə ibadət etməyin zəruriliyini yetirir.
     Ayə-44:
    
ذَيَخْتَصِمُونَلِكَ مِنْ أَنْبَاءِ الْغَيْبِ نُوحِيهِ إِلَيْكَ وَمَا كُنْتَ لَدَيْهِمْ إِذْ يُلْقُونَ أَقْلامَهُمْ أَيُّهُمْ يَكْفُلُ مَرْيَمَ وَمَا كُنْتَ لَدَيْهِمْ إِذْ

     (Ya Muhəmməd!) Bunlar qeyb xəbərlərindəndir ki, sənə vəhy edirik. Onlar, «Məryəmi kim öz himayəsinə alacaq?» deyə, qələmlərini (suya) atdıqları və (Bəni-İsrail alimlərinin hər biri Məryəmin himayəsini öz öhdəsinə götürmək üçün) bir-biri ilə mübahisə etdikləri zaman, sən ki, onların yanında deyildin. (Bunların hamısını vəhy ilə sənə bildirdik.)»
     Təfsir:
     Ötən ayələrin təfsirindən məlum olduğu kimi, Məryəmin anası onu məbədə nəzr etmişdi. Anası Məryəmi məbədə təqdim etdikdə, hörmətli İmran ailəsindən olduğu üçün onun himayəsi məsələsində alimlər arasında mübahisə düşdü. Buna görə də püşk atmaq qərarına gəldilər. Onlar bir su arxının kənarına gəlib, püşk üçün gətirdikləri qələmləri və ya çubuqları çıxartdılar və hərəsi öz adını onun üzərinə yazdı. Qələmi suyun üzərində qalan şəxs, püşkü udacaqdı. Bu qələm isə Zəkəriyyanın qələmi oldu.
     Beləliklə, Zəkəriyya, Məryəmi öz himayəliyinə götürdü və həqiqətən, o, bu işə hamıdan layiqli idi. Çünki, Zəkəriyya, həm Allahın peyğəmbəri, həm də Məryəmin xalasının əri idi.
     Püşk atmaq - mübahisələrin aradan qaldırılmasının son yolu
     Bu ayədən, eləcə də Həzrət Yunisin əhvalatını bəyan edən «Səffat» surəsinin ayələrindən məlum olur ki, ixtilafların və mübahisələrin aradan qaldırılması üçün püşkdən istifadə etmək olar. Bu ayələrə və məsumların hədislərinə əsaslanaraq püşk, şəri bir hökm kimi dini kitablarda da bəyan olunmuşdur. Amma püşkün bir şərti var: mübahisələri və ixtilafları aradan qaldırmaq üçün başqa çıxış yolu olmadıqda, püşkdən istifadə etmək olar.
     Ayə-45:
    
إِذْ قَالَتِ الْمَلائِكَةُ يَا مَرْيَمُ إِنَّ اللَّهَ يُبَشِّرُكِ بِكَلِمَةٍ مِنْهُ اسْمُهُ الْمَسِيحُ عِيسَى ابْنُ مَرْيَمَ وَجِيهًا فِي الدُّنْيَا وَالآخِرَةِ وَمِنَ الْمُقَرَّبِينَ

     «(Xatırlayın, o zamanı ki, ) mələklər dedilər: Ey Məryəm! Həqiqətən Allah öz tərəfindən bir kəlimə ilə sənə müjdə verir. Onun adı Məryəm oğlu İsa Məsihdir ki, dünyada və axirətdə şərəfli və Allaha yaxın olanlardandır».
     Ayə-46:
    
وَيُكَلِّمُ النَّاسَ فِي الْمَهْدِ وَكَهْلا وَمِنَ الصَّالِحِينَ

     «O, (həm) beşikdə ikən, (həm də) yaşa dolduqdan sonra insanlarla danışacaq və əməlisalehlərdən olacaqdır».
     Təfsir:
     Bu ayədən etibarən Həzrət Məryəmin həyatında ən mühüm hadisə olan Həzrət İsanın təvəllüdü barədə söhbət açılır. Bu hadisə mələklərin Məryəmə müjdəsi ilə başlanır.
     Bu ayədə, həmçinin sonrakı iki ayədə Həzrət Məsih «kəlimə» adı ilə yad olunur. Bu ifadə «Əhdi-cədid» kitablarında da nəzərə çarpır.
     Həzrət İsanın «kəlimə» adlandırılması barədə təfsirçilərin arasında fikirayrılığı vardır ki, onlardan bir neçəsini sizin nəzərinizə çatdırırıq:
     Əksər təfsirçilərin nəzərincə, bu ad Həzrət İsanın qeyri-adi təvəllüdünə xatir ona verilibdir. Həzrət İsanın təvəllüdü isə Yasin surəsinin 82-ci ayəsində bəyan olunan «Allah bir şeyi iradə etdikdə, ona «Ol!» deyər, o da dərhal olar», ilahi iradənin bir nümunəsidir.
     Allah-Taala Həzrət İsanın təvəllüdünü, Məryəmə öz kəlamında müjdə vermişdir.
     «Kəlimə» sözü Quran terminində «məxluq» (yaranmış) mənasında da işlənibdir. Belə ki, «Kəhf» surəsinin 109-cu ayəsində oxuyuruq:
     «Əgər Rəbbimin sözlərini (kəlmələrini) yazmaq üçün dəryalar mürəkkəb olsaydı və bir o qədər də ona əlavə etsəydik, yenə də Rəbbimin sözləri tükənməzdən əvvəl onlar tükənərdi».
     Bu ayədə «Allahın sözləri» ifadəsində Onun yaratdığı mövcudlar nəzərdə tutulur. Şübhəsiz, Həzrət Məsih (ə), Allahın yaratdıqları içərisində ən şərəfli bir məxluqdur və «kəlimə» ifadəsi ona da şamil olur. Eyni zamanda Həzrət İsa (ə)-ın Allah olduğunu iddia edənlərə də tutarlı bir cavabdır.
     «Məsih» «məsh edən», yaxud «məsh olunan» deməkdir. Bildiyiniz kimi, İsa (ə) əlacsız xəstələrin bədəninə əl çəkməklə, Allahın izni ilə onlara şəfa verirdi. Həzrət İsanın "məsih” adlandırılmasını başqa bir səbəbi də bu ola bilər ki, sanki Allah-Taala onu məsh edib, günah və çirkinliklərdən təmizləmişdir.
     Həzrət İsanın Allah olduğunu iddia edənlərə cavab olaraq Qurani-Kərim bu və digər ayələrdə onun Həzrət Məryəmin oğlu olduğunu açıqcasına xatırladır. Çünki anadan doğulan bir şəxs, axı necə Allah ola bilər? Halbuki Allah nə doğmuş, nə də doğulmuşdur!
     Sonrakı ayədə Həzrət İsa (ə)-ın möcüzələrindən biri bəyan olunur:
     «O, (həm) beşikdə ikən, (həm də) yaşa dolduqdan sonra insanlarla danışacaq və əməli salehlərdən olacaq».
     Həzrət Məryəm, atasının kimliyi məlum olmayan bir uşaq dünyaya gətirdiyi üçün ittihama məruz qalır. O, bu ittihamların aradan qalxması üçün Allahın göstərişi ilə oğlu İsanın beşiyinə işarə edir. Həzrət İsa dil açıb, bir Allah bəndəsi olduğunu və camaata peyğəmbər göndərildiyini fəsahətlə bəyan edir. Bununla da, anasının pak bir qadın olmasını sübut edir.
     «Məhd» sözünün mənası «uşağın yatması və istirahət etməsi üçün nəzərdə tutulan yer» deməkdir. Bizim dildə təxminən «beşik» mənasını verir. Həzrət İsanın beşikdə ikən danışması onun ən böyük möcüzələrindən biridir.
     Ayə-47:
    
قَالَتْ رَبِّ أَنَّى يَكُونُ لِي وَلَدٌ وَلَمْ يَمْسَسْنِي بَشَرٌ قَالَ كَذَلِكِ اللَّهُ يَخْلُقُ مَا يَشَاءُ إِذَا قَضَى أَمْرًا فَإِنَّمَا يَقُولُ لَهُ كُنْ فَيَكُونُ

     «Məryəm: «Ey Rəbbim! Mənə bir insan əli toxunmadığı halda necə uşağım ola bilər?» - dedikdə, Allah buyurdu: «Bəli, elədir, lakin Allah istədiyini yaradır. O, bir işin əmələ gəlməsini qərara aldıqda, ona «ol!» - deyər, o da olar».
     Təfsir:
     Məlumdur ki, dünya səbəb-nəticə dünyasıdır. Allah-Taala yaradılış aləmini elə nizamlayıb ki, hər bir varlıq, müxtəlif amillər və səbəblər nəticəsində dünyaya qədəm qoyur. Məsələn, uşağın dünyaya gəlməsi üçün evlənmək və iki cinsdən olan fərdlərin cütləşməsi lazımdır. Həzrət Məryəm də (evlənmədiyi halda) tezliklə övlad sahibi olacağını eşitdikdə, təəccüb edir. Lakin Allah Məryəmin təəccübünə son qoyaraq buyurur:
     «Bəli, elədir, lakin Allah istədiyini yaradır».
     Təbiət aləminə hakim kəsilən qanunlar Allahın məxluqudur və Onun əmrinə tabedir. Allah-Taala istədiyi vaxt həmin qanunları dəyişər və qeyri-adi amillər və səbəblər vasitəsilə istədiyini yaradar.
     «Kun» (ol) ifadəsi Allahın qəti iradəsini bəyan edən bir kəlmədir. Yəni, O, bir şeyi yaratmaq istədikdə, ona «ol» əmrini verər, o da dərhal olar. Diqqəti cəlb edən cəhət odur ki, bu ayədə Həzrət İsa (ə)-ın dünyaya gəlişi barədə «yəxluqu» (yaradır), Həzrət Yəhya (ə)-ın dünyaya gəlişini bəyan edən ayədə isə «yəfəlu» (edər) ifadəsi işlədilmişdir. Çox güman bu ifadələr ona görə fərqlidir ki, Həzrət Yəhyanın dünyaya gəlişi adi təbiət qanunları üzrə, Həzrət İsanın isə xariqül adə qanunlar üzrə baş vermişdir.

Category: Qur'anda qadin | Added by: IslamQadini
Views: 1095 | Downloads: 0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]