Main » Files » Islamda qadinlar » Qur'anda qadin |
2009-09-12, 12:45 PM | |
Qadının yaradılışı
«Nisa» surəsinin 1-ci ayəsinin təfsiri («Təfsiri Nümunə»dən tərcümə) «Nisa» surəsindəki ayələrin təfsirinə başlamazdan əvvəl, bu surənin bir neçə xüsusiyyətini qeyd etmək münasib olardı. Bu surənin bütün ayələri (58-ci ayə istisna olmaqla) Mədinədə nazil olub və nazil olma ardıcılığına görə, «Mumtəhənə» surəsindən sonra yerləşir. Bunu da qeyd etməliyik ki, Quran surələrinin indiki ardıcıllığı, surələrin nazil olma ardıcıllığı ilə eyni deyil. Yəni Məkkədə nazil olan surələrin bir çoxu Quranın sonunda, Mədinədə nazil olmuş surələrin bir çoxu isə Quranın əvvəlində yerləşir. «Nisa» surəsi, kəlmələrinin və hərflərinin sayına görə, «Bəqərə» surəsindən sonra ən uzun surədir. Bu surə, qadınların hüquq və hökmlərindən daha çox bəhs etdiyi üçün, «Nisa» (qadınlar) adlandırılmışdır. «Nisa» surəsi, ayə 1: يَا أَيُّهَا النَّاسُ اتَّقُوا رَبَّكُمُ الَّذِي خَلَقَكُمْ مِنْ نَفْسٍ وَاحِدَةٍ وَخَلَقَ مِنْهَا زَوْجَهَا وَبَثَّ مِنْهُمَا رِجَالا كَثِيرًا وَنِسَاءً وَاتَّقُوا اللَّهَ الَّذِي تَسَاءَلُونَ بِهِ وَالأرْحَامَ إِنَّ اللَّهَ كَانَ عَلَيْكُمْ رَقِيبًا Ey insanlar! Sizi tək bir nəfsdən (Adəmdən) xəlq edən, ondan da (həmin yaratdığından) zövcəsini yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun! Adı ilə bir-birinizdən bir şey istədiyiniz Allahdan qorxun və qohumluq əlaqələrini kəsməkdən çəkinin! Həqiqətən, Allah daim sizə nəzarət edir. Sonra insanların bütün əməllərinə nəzarət edən Allahı tanıtdırır və Onun vəsflərindən birinə işarə edir. Bu da ictimai birliyin köküdür. Buyurur: «O Allah ki, sizi tək bir nəfsdən yaratdı». Buna əsaslanaraq, İslam cəmiyyətində bu gün minlərlə bədbəxtliklərin mənşəyi olan, qondarma irs, dil, tayfa, qəbilə üstünlüyü və s. ayrıseçkiliklər olmamalıdır, çünki hamı bir kökdən yaranıb. Bəs, «ondan» – deyəndə, kim nəzərdə tutulur? Görəsən, bu söz xüsusi bir insanı (fərdi) bildirir, yoxsa ümumiyyətlə insan cinsinə aiddir? Şübhəsiz ki, bu ifadənin zahirindən belə nəticə alınır ki, söhbət xüsusi fərddən gedir. Bu ifadədən aydın olur ki, Adəmin övladlarının və nəslinin artması, yalnız Adəm və zövcəsi tərəfindən həyata keçmiş və başqa mövcudun bu işdə müdaxiləsi olmamışdır. Buradan bu nəticə alınır ki, Adəmin oğlu və qızı bir-bir ilə evlənmişlər, çünki əgər onlar başqa tayfa ilə evlənmiş olsaydılar, ayədə «minha» – (ikisindən) sözü işlənməzdi. Bu mövzu çox hədislərdə gəlmiş və Əhli-beyt İmamlarının hədislərindəki sübutlara əsasən, bu izdivac mübah (icazə verilən) bir evlilik olmuşdu. Çünki bu iş, insan nəslinin davam etməsi üçün zəruri idi və o zaman bacı-qardaşın evlənməsini haram edən hökm də, nazil olmamışdı. Aydındır ki, bu işin haram olması, Allah tərəfindən qadağan edilməsinə bağlıdır. Odur ki, bir məsələnin (işin), müəyyən bir zamanda zərurətlə bağlı olaraq, caiz (icazəli) olub sonra haram edilməsi təbiidir. Və əlavə edir: «Qohumluq əlaqələrini kəsməkdən çəkinin». Bu mövzunun burada zikr olunması qohumluq əlaqələrinin fövqəladə əhəmiyyətinə işarədir. Bu ayədə başqa bir məsələyə də, işarə olunub. Ayənin əvvəlində zikr olunduğu kimi, bütün insanlar bir ata-anadandırlar. (Yəni bütün Adəm övladları bir-biri ilə qohumdurlar.) Bu bağlılıq tələb edir ki, sizlər müxtəlif irq, tayfadan olan insanlara öz yaxınlarınız və qohumlarınız kimi, məhəbbət göstərəsiniz. Nəzarətçi kimi tərcümə olunan «rəqib» sözü, əslində o kəsə deyilir ki, hündür bir yerdən vəziyyətə nəzarət edir. «Rəqib» sözü bir şeyi hifz edən və gözətçi mənalarında da işlənir. Çünki gözətçiliyin özü də nəzarət vasitələrindəndir. «Rəqib»in yerinin hündürlüyü həm zahiri (yüksək məkanda dayanır və nəzarət edir), həm də mənəvi baxımdan nəzərdə tutula bilər. | |
Category: Qur'anda qadin | Added by: IslamQadini | |
Views: 900 | Downloads: 0 |
Total comments: 0 | |