Quranda hicab hökmləri «Nur» surəsinin 30-31-ci ayələrinin təfsiri («Təfsiri Nümunə»dən tərcümə) Nur surəsi, ayə 30-31: قُلْ لِلْمُؤْمِنِينَ يَغُضُّوا مِنْ أَبْصَارِهِمْ وَيَحْفَظُوا فُرُوجَهُمْ ذَلِكَ أَزْكَى لَهُمْ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا يَصْنَعُونَ
«(Ya Muhəmməd!) Mömin kişilərə de ki, gözlərini haram edilmiş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini qorusunlar (və ya örtülü saxlasınlar). Bu onlar üçün (ədəb-ərkan, təmizlik baxımından) daha yaxşıdır. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır!» وَقُلْ لِلْمُؤْمِنَاتِ يَغْضُضْنَ مِنْ أَبْصَارِهِنَّ وَيَحْفَظْنَ فُرُوجَهُنَّ وَلا يُبْدِينَ زِينَتَهُنَّ إِلا مَا ظَهَرَ مِنْهَا وَلْيَضْرِبْنَ بِخُمُرِهِنَّ عَلَى جُيُوبِهِنَّ وَلا يُبْدِينَ زِينَتَهُنَّ إِلا لِبُعُولَتِهِنَّ أَوْ آبَائِهِنَّ أَوْ آبَاءِ بُعُولَتِهِنَّ أَوْ أَبْنَائِهِنَّ أَوْ أَبْنَاءِ بُعُولَتِهِنَّ أَوْ إِخْوَانِهِنَّ أَوْ بَنِي إِخْوَانِهِنَّ أَوْ بَنِي أَخَوَاتِهِنَّ أَوْ نِسَائِهِنَّ أَوْ مَا مَلَكَتْ أَيْمَانُهُنَّ أَوِ التَّابِعِينَ غَيْرِ أُولِي الإرْبَةِ مِنَ الرِّجَالِ أَوِ الطِّفْلِ الَّذِينَ لَمْ يَظْهَرُوا عَلَى عَوْرَاتِ النِّسَاءِ وَلا يَضْرِبْنَ بِأَرْجُلِهِنَّ لِيُعْلَمَ مَا يُخْفِينَ مِنْ زِينَتِهِنَّ وَتُوبُوا إِلَى اللَّهِ جَمِيعًا أَيُّهَا الْمُؤْمِنُونَ لَعَلَّكُمْ تُفْلِحُونَ
«Mömin qadınlara da de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini qorusunlar (və ya örtülü saxlasınlar); öz-özlüyündə görünən (əl, üz) istisna olmaqla, zinətlərini (zinət yerləri olan boyun, boğaz, qol, ayaq və s. naməhrəmə) göstərməsinlər, baş örtüklərini yaxalarının üstünə çəksinlər (boyunları və sinələri görünməsin); zinət yerlərini ərlərindən, yaxud öz atalarından, yaxud ərlərinin atalarından (qayınatalarından), yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud öz qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz (müsəlman) qadınlarından, yaxud sahıb olduqları cariyələrdən, yaxud kişiliyi qalmamış xidmətçilərdən, yaxud qadınların məhrəm yerlərini hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri bəzək şeylərini (xalxallarını) göstərmək üçün ayaqlarını (yerə və ya bir-birinə) vurmasınlar. Ey möminlər! Hamınız Allaha tövbə edin ki, bəlkə, nicat tapasınız!» Qeyd etdiyimiz ayələrdən birincisinin nazil olma səbəbi «Kafi» kitabında, İmam Baqirdən (ə) belə nəql olunub: «Ənsar cavanlarından biri yolda bir qadınla rastlaşır. (O dövrün qadınları öz örtüklərini, boyun-boğaz açıq qalmaqla, başlarının arxasında bağlayırdılar.) Bu qadının çöhrəsi cavanın diqqətini özünə o qədər cəlb edir ki, ayaq saxlamadan gözünü qadına dikərək, yoluna davam edir. Cavan sanki baxışları ilə qadını müşayət edirdi. Nəhayət, ensiz bir küçəyə çatır. Arxaya baxmaqdan yorulmayan bu cavan, qəflətən, divardakı şüşə parçasına dəyərək, üzünü yaralayır. Qadın keçib-getdikdən sonra cavan özünə gələrək, üzündəki qanın sinə və paltarlarına axdığını görür. Öz-özünə deyir: Allaha and olsun ki, Peyğəmbərin hüzuruna gedib bu əhvalatı danışacağam. Allahın Rəsulu (ə) onu görcək, nə baş verdiyini soruşur. Cavan başına gələnləri ona nəql edir. Bu zaman, Allahın vəhy mələyi olan Cəbrail yerə enərək, yuxarıdakı ayəni oxuyur: «(Ya Muhəmməd!) Mömin kişilərə de ki, gözlərini haram edilmiş şeylərdən çevirsinlər...»» Təfsir: Hicabsızlıq və aşiqanə baxışla mübarizə Bəhs etdiyimiz surə, həqiqətdə cinsi pozğunluqdan təmizlik, nəciblik və iffət surəsidir.Onun müxtəlif mövzuları da, bu nəzərdən ittifaq təşkil edir. Sözü gedən ayələr hicabın və baxmağın hökmlərini bəyan edərək, bütövlükdə bu mövzuyla əlaqəlidir. Əvvəl buyurur: قُلْ لِلْمُؤْمِنِينَ يَغُضُّوا مِنْ أَبْصَارِهِمْ وَيَحْفَظُوا فُرُوجَهُمْ ذَلِكَ أَزْكَى لَهُمْ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا يَصْنَعُونَ
«Mömin kişilərə de ki, gözlərini haram edilmiş şeylərdən çevirsinlər, ayıb yerlərini qorusunlar (və ya örtülü saxlasınlar)». «یغضوا» (yəğuzzu) feli «غض» (ğəzzə) kökündən, «خز» (xəzzə) vəznində olub, «nöqsan» və «azaltmaq» mənasındadır. Bu kəlmə, əksər vaxtlar «səsi qısmaq» və «baxışı azaltmaq» mənasında işlənir. Bu səbəbdən də, ayədə möminlərin gözlərini tamamilə yummaları deyil, baxışlarını azaltmaları nəzərdə tutulur. Bunu zərif bir izah da, adlandırmaq olar. Çünki kişinin, hər dəfə naməhrəm qadınla üzləşərkən, gözləri tamamilə bağlanarsa, təbii ki, yoluna davam etmək və bunun kimi başqa şeylər ona çətin olacaqdır. Amma gözlər bir qədər yumulub, nəzərlər naməhrəm qadının çöhrə və əndamından götürülərsə, kişi nə qadağan olunmuş səhnəni görər, nə də olduğu ətraf mühitdən təcrid olar. Ayədə baxışların azaldılması ümumi hökm kimi verilmiş və ona heç bir qeyd-şərt qoyulmamışdır. Yəni bu ayə, haram edilmiş hər bir nəzərdən çəkinməyə işarədir. Amma ayələrin üslubuna və nazil olma səbəbinə diqqət yetirsək, burada məhz naməhrəm qadına baxmamağın nəzərdə tutulduğu anlaşılar. Bəhsimizdən belə nəticəyə gəlirik ki, zikr olunmuş ayələrdə yalnız qadın simasına göz zilləmək nəzərdə tutulmur. Belə ki, bəziləri bundan düzgün nəticə çıxarmayıb, göz zilləməkdən qeyri hər bir baxışı icazəli bilmişlər. Əslində isə ayənin mənası tamamilə fərqlidir. Əvvəla, insanın baxışı, adətən geniş bir sahəni əhatə edir. Naməhrəm qadınla qarşılaşarkən gözlər elə həddə yumulmalıdlr ki, həmin qadın görülən ətraf mühitdən xaric olsun. (Yəni ona baxılmasın.) Yalnız bu şərtlə ki, gözünü yuman şəxs, qarşıya çıxan yol və çuxuru görə bilsin. Ayədə «azaltma» mənasını verən «غض» (ğəzzə) kəlməsi də, bu anlamdadır. Qeyd olunan ikinci məsələ «فروج» (furuc)-un hifzidir. «فرخ» (fərəc) sözünün mənası «yarıq» və «iki şey arasında olan fasilə» deməkdir. Bu kəlmə, bəzi hallarda məcazi olaraq, cinsi orqan mənasını da daşıyır. Rəvayətlərə əsasən, «cinsi orqan və ayıb yerlərin hifzi»ndə məqsəd onu yad baxışlardan gizlətməkdir. İmam Sadiq (ə) buyurmuşdur: «Qurani-Kərimdə ayıb yerlərin qorunması haqqında söhbət açılan hər bir ayə, zinadan qorunmağa işarədir. Yalnız bu ayə istisna olaraq, başqalarının baxışından qorunmaq mənasındadır». («Usuli-kafi», «Əli ibni İbrahimin təfsiri», c.2, səh.101) Şəhvət və ürək istəyinə uyğun olan bir işin, İslam tərəfindən qadağan olunması insana ziyan deyil, xeyir olduğu üçün ayənin sonunda buyrulur: ذَلِكَ أَزْكَى لَهُمْ
«Bu onlar üçün (ədəb-ərkan, təmizlik baxımından) daha yaxşıdır». Naməhrəm qadınlara açıq-aydın ehtiraslarla tamaşa edib və bəzən də buna bəhanə olaraq, əməllərini qeyri-ixtiyari qələmə verənlər üçün yekun olaraq buyrulur: إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا يَصْنَعُونَ
«Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır!» Sonrakı ayədə qadınların bu sahədə olan vəzifələrindən söhbət açılır. İlk öncə qadınlarla kişilərin müştərək vəzifələrinə işarə edilir: «Mömin qadınlara de ki, gözlərini haram buyrulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini qorusunlar (və ya örtülü saxlasınlar)». Beləliklə, kişilərə haram edilən aşiqanə baxış, qadınlara da haram edilmişdir. Kişilərə ayıb yerlərin qorunması göstərişi verildiyi kimi, qadınlara da əmr edilmişdir. Daha sonra qadınlara xas olan örtük məsələsi dörd cümlədə açıqlanır: 1. Öz-özünə görünənlər istisna olmaqla, zinətlərini göstərməsinlər. وَقُلْ لِلْمُؤْمِنَاتِ يَغْضُضْنَ مِنْ أَبْصَارِهِنَّ وَيَحْفَظْنَ فُرُوجَهُنَّ وَلا يُبْدِينَ زِينَتَهُنَّ إِلا مَا ظَهَرَ مِنْهَا
«Mömin qadınlara da de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini qorusunlar (və ya örtülü saxlasınlar); öz-özlüyündə görünən (əl, üz) istisna olmaqla, zinətlərini (zinət yerləri olan boyun, boğaz, qol, ayaq və s. naməhrəmə) göstərməsinlər». Burada bir sual yaranır: Qadınlara örtünməsi lazım olan və zahir edilməsinə icazə verilən zinətlər hansılardır? Bu mövzu barəsində müfəssirlər müxtəlif fikirlər söyləyiblər. Bəziləri «gizli zinət»i, «təbii zinət» kimi (qadının gözəl vücudu kimi) mənalandırmışlar. Halbuki, «zinət» kəlməsinin bu mənaya çox az aidiyyatı vardır. Bəziləri «gizli zinət» dedikdə, zinət əşyalarının taxıldığı yerlərin nəzərdə tutulduğunu iddia etmişlər. Belə ki, zinətin özü olan sırğa, bilərzik kimi bəzək əşyalarının zahir edilməsini maneəsiz bilmiş və zinət əşyalarının taxıldığı yer kimi qulaq, boyun, əl və qolların aşkar olunmasını haram bilmişlər. Bəziləri də, «gizli zinət»i «zinət əşyaları» mənasında götürmüş və yalnız zinət əşyalarının bədən üzərində olan vaxtını nəzərdə tutmuşlar. Təbii ki, bu zinət əşyaları bədən üzərində olan zaman, onların aşkarı ilə bədən üzvləri də görünəcəkdir. Sonuncu iki nəzər, məsələyə müxtəlif yönlərdən yanaşsalar da, nəticə etibarı ilə eynidir. Həqiqət isə bundan ibarətdir ki, biz ayənin zahirinə əsasən mühakimə yürüdürük.Ayə, zahiri baxımdan yuxarıda sadalanan üçüncü nəzərə uyğundur. Bu səbəbdən də, bədən zahir olmasa belə, adətən gizli olan zinətləri aşkar etməyə qadının haqqı yoxdur. Bu tərtiblə, qadının bəzəkli libasları geyib özünü nümayiş etdirməsi də, düzgün deyil. Çünki Quran bu kimi zinətlərin aşkara çıxarılmasını qadağan etmişdir. Məsumlardan nəql olunan rəvayətlərdə də boyunbağı, bilərzik və s. kimi əşyalar, «batini zinətlər» kimi qələmə alınmışdır. Başqa müxtəlif rəvayətlərdə isə üzük, sürmə və s. «zahiri zinətlər» kimi göstərilmişdir. Buradan məlum olur ki, «batini zinət» dedikdə, örtülməsi lazım olan, «zahiri zinət» dedikdə isə zahir olunmasına icazə verilən bəzək əşyaları nəzərdə tutulub. 2. Ayədə verilən ikinci hökm bundan ibarətdir: baş örtüklərini yaxalarının (sinələrinin) üstünə çəksinlər. وَلْيَضْرِبْنَ بِخُمُرِهِنَّ عَلَى جُيُوبِهِنَّ
«Baş örtüklərini yaxalarının üstünə çəksinlər (boyunları və sinələri görünməsin)». «خمر» (xumur) «خمار»-ın (ximarın) cəmi və «حجاب» (hicab) vəznində olub, geyim, örtük mənasını daşıyır. Adətən, qadınların başlarına örtdüyü örpək kimi də işlənir. «جیوب» (cuyub) kəlməsi «جیب»in (cəybin) cəmi, «غیب» (ğəyb) vəznində olub, köynəyin yaxası mənasında işlənərək, təkcə «yaxa» mənasını da daşıyır. Ayədən belə məlum olur ki, qədimdə qadınlar öz baş örtüklərini, yaxa açıq qalmaqla, arxa tərəfdə bağlayırdılar. Qurani-Kərim, «örtüklərini yaxalarının üstünə çəksinlər» göstərişini verməklə, açıq qalan boyun və sinəsinin bağlanmasına dair hökm verir. 3. Ayənin üçüncü hissəsində zinətləri aşkar etmək (yəni hicabın açıla bilinən) və hicabın vacib olmadığı şəraitlər bir-bir sadalanır. Bu belə bir ifadə ilə şərh edilir: وَلا يُبْدِينَ زِينَتَهُنَّ
«Qadınlar öz zinətlərini aşağıdakı on iki şəraitdən qeyri hallarda, göstərməməlidirlər: إِلا لِبُعُولَتِهِنَّ
1 – ərləri üçün, أَوْ آبَائِهِنَّ
2 – yaxud ataları üçün, أَوْ آبَاءِ بُعُولَتِهِنَّ
3 – yaxud qayınataları üçün, أَوْ أَبْنَائِهِنَّ
4 – yaxud oğulları üçün, أَوْ أَبْنَاءِ بُعُولَتِهِنَّ
5 – yaxud ərlərinin oğulları üçün, أَوْ إِخْوَانِهِنَّ
6 – yaxud qardaşları üçün, أَوْ بَنِي إِخْوَانِهِنَّ
7 – yaxud qardaşlarının oğulları üçün, أَوْ بَنِي أَخَوَاتِهِنَّ
8 – yaxud bacılarının oğulları üçün, أَوْ نِسَائِهِنَّ
9 – yaxud (müsəlman) qadınlar üçün, أَوْ مَا مَلَكَتْ أَيْمَانُهُنَّ
10 – yaxud sahib olduğu cariyələr üçün, أَوِ التَّابِعِينَ غَيْرِ أُولِي الإرْبَةِ مِنَ الرِّجَالِ
11 – yaxud kişiliyi qalmamış xidmətçilər üçün (səfeh və cinsi meyli olmayan kişilər nəzərdə tutulur), أَوِ الطِّفْلِ الَّذِينَ لَمْ يَظْهَرُوا عَلَى عَوْرَاتِ النِّسَاءِ
12 – qadınların məhrəm yerlərini hələ anlamayan uşaqlar üçün». 4. Nəhayət, dördüncü bəyanda belə hökm olunur: وَلا يَضْرِبْنَ بِأَرْجُلِهِنَّ لِيُعْلَمَ مَا يُخْفِينَ مِنْ زِينَتِهِنَّ
«Gizlətdikləri bəzək şeylərini (xalxallarını) göstərmək üçün ayaqlarını (yerə və ya bir-birinə) vurmasınlar». (Xalxal – ərəb qadınlarının topuğa keçirtdikləri bəzək əşyasıdır.) Qadınlar kişilərin qəlbində şəhvət atəşi şölələndirməklə, onları iffət yolundan azdırıb, cızığından çıxara bilərlər. Bu səbəbdən də, qadınlar belə halların qarşısını almaq üçün daha dəqiq və ciddi olmalıdırlar. Hətta, ayaqlarındakı xalxalların səsinin yad kişilərin qulağına çatmasından belə, çəkinməlidirlər. Bu, İslamın belə bir həssas sahəyə nə dərəcədə incəliklə yanaşmasının göstəricisidir. Beləliklə, ayə, kişi və qadın daxil olmaqla, bütün möminlərə ümumi bir dəvət, tövbə və Allaha doğru qayıtmaq xitabı ilə yekunlaşır. وَتُوبُوا إِلَى اللَّهِ جَمِيعًا أَيُّهَا الْمُؤْمِنُونَ لَعَلَّكُمْ تُفْلِحُونَ
«Ey möminlər! Hamınız Allaha tövbə edin ki, bəlkə nicat tapasınız!» Əgər bundan öncə bu hökmlərə xilaf bir iş etmişsinizsə, İslamın həqiqi qanunları sizə aşkar olduqdan sonra, öz xəta və səhvlərinizə görə tövbə edin. Nicat və xilasınız üçün Allah dərgahına üz tutun. Qurtuluş yalnız Onun qapısını döyməklə qazanılır. Hamının həyat yolunda təhlükələr mövcuddur. Özünü Ulu Tanrıya həvalə et ki, bu təhlükələr, yalnız Onun lütfü sayəsində sovuşa bilər. Əslində bu hökmlərin nazil olmasından əvvəl, bu məsələyə dair günah və xilaf söhbəti yox idi. Ancaq bildiyimiz kimi cinsi pozğunluq əqlin normal qəbul etmədiyi bir hərəkət, termin etibarı ilə «mostəqlate əqliyyə»dir. (Yəni əqlin müstəqil surətdə mənfi, ya müsbət iş kimi seçə biləcəyi bir əməldir.) Bu səbəbdən də, əqlin çıxardığı hökm, məsuliyyət daşımaq üçün kifayətdir. Hicabın fəlsəfəsi Hazırki dövrdə bəziləri əsrimizi çılpaqlıq və cinsi azadlıq əsri adlandırmışlar. Qərbpərəst insanlar «qadın açıq-saçıqlığını» «qadın azadlığı» kimi qələmə vermişlər. Hicabdan söz açmaq belələrinə nəinki xoş gəlmir, hətta hicabı keçmişdən qalma bir əfsanə sayırlar. Amma mütləq azadlıqdan doğan ucsuz-bucaqsız fəsadlar, artmaqda olan problemlər, onları belə söhbətləri dinləməyə vadar edir. Əlbəttə ki, İslami mühitlərdə bu kimi problemlər müəyyən qədər öz həllini tapmış və bir çox suallara qane edici cavablar verilmişdir. Bütün bunlara baxmayaraq, mövzunun əhəmiyyəti, bu məsələ ətrafında daha geniş izaha ehtiyac duyulduğunu göstərir. Məsələ bundan ibarətdir ki, qadın cinsi ləzzət üçün eşitmə, görmə, toxunma baxımından, kişilərin ixtiyarındamı olmalıdır? Yaxud bu şeylər yalnız ailə çərçivəsində həyat yoldaşına məxsus olmalıdır? Qadınlar, sonu olmayan bu müsabiqədə: öz vücudlarını nümayiş etdirməkdə və kişiləri şəhvətə, çirkin meyllərə təhrik etməkdə bir-birlərilə nə vaxta qədər yarışmalıdırlar? Bu hərəkətlər ictimai mühitdən götürülərək ailə və evliliyə məxsus olmamalıdırmı?! Qərbpərəst və şəhvətpərəstlər söylədiklərimizdən birincisinin tərəfdarıdır. İslam isə söylənilənlərdən ikincisinin tərəfdarıdır. Yəni İslam, hər bir eşitmə, görmə, toxunma ləzzətləri daxil olmaqla, bütün cinsi istəklərin həyat yoldaşlarına məxsus olduqlarını deyir. Bundan qeyri vəziyyətdə olan qadın, günaha və cəmiyyətin çirkinliyinə səbəb olacaqdır. Hicab da, bu sistemin bir hissəsidir. Ayədəki «Bu onlar üçün (ədəb-ərkan, təmizlik baxımından) daha yaxşıdır» cümləsi də, məhz buna işarədir. Hicabın fəlsəfəsi məxfi bir məsələ deyil. Çünki: 1 - Bəzənmə və işvəkarlıqla eyni səviyyədə olan qadın çılpaqlığı, kişiləri – xüsusilə cavanları – daim şəhvətə təhrik edir. Elə bir təhrik ki, onların əsəb sistemlərinin korlanmasına, qeyri-normal həyəcanların artmasına, ruhi gərginliklərin təməlinin qoyulmasına səbəb olur. İnsan əsəbləri bu qədər həyəcan və iztirabları daşımağa nə qədər qadirdir? Bütün psixoloqlar xəstəliklərin əsas səbəbinin həyəcan olduğunu söyləmirlərmi? Cinsi istək insanda olan ən möhkəm və güclü meyldir. Bu meyl, tarix boyu ölümlə nəticələnən cinayətlərin qaynaq nöqtəsi olmuşdur. Mütəmadi olaraq çılpaqlıq vasitəsilə bu meyli şölələndirmək, atəşlə oynamaq deyilmi?! Bu işi ağıl müsbət qiymətləndirirmi?! İslam, müsəlman kişi və qadınların ruhi aramlığına, sağlam əsəb və pak bədən üzvlərinə sahib olmalarına çalışır. Bu da, hicab fəlsəfələrindən biridir. 2 - Statistika qəti surətdə göstərir ki, dünyada çılpaqlığın çoxalması ilə boşanma və evlilik həyatındakı soyuqluq da artmaqdadır. Çünki gözün gördüyünü, ürək də istəyər. Özbaşına buraxılmış meyl, istədiyi hər bir şeyi, nəyin bahasına olursa olsun, əldə etmək istəyir. Bu tərtiblə, göz hər gün birini görüb meyl edərsə, keçmişdəkilərlə vidalaşar. Hicaba riayət olunan mühitdə iki həyat yoldaşı, yalnız bir-birilə əlaqə saxlayır, eşq və məhəbbətlərini, yalnız bir-birilə bölüşürlər. «Azad çılpaq bazar»da isə qadınlar müştərək mala çevrilmişlər. Artıq evlilik məfhumu, öz mənasını itirir. Ailələr hörümçək toru tək sürətlə məhv olur, uşaqlar başsız qalır. 3 - Fahişəliyin və qeyri-qanuni uşaqların artması kimi mühüm bir problem də, məhz hicabsızlığın nəticəsidir. Buna dəlil olaraq, açıq-saçıq mühitdə, xüsusilə qərb cəmiyyətində gözəçarpacaq nəticələr olduğu üçün, statistikaya belə ehtiyac qalmır. Fahişəlik və ondan da daha pisi, qanunsuz uşaqların mövcudluğu cəmiyyətdəki növbənöv cinayətlərin mənşəyi olmuş və olmaqdadır. Dediklərimizə daha da, aydınlıq gətirmək üçün, bir məsələni nəzərinizə çatdırırıq: İngiltərədə aparılan sorğuya əsasən, hər il beş yüz min qeyri-qanuni körpə dünyaya göz açır. Bir dəstə ingilis tələbələri bununla əlaqədar olaraq, ölkələrində «həyəcan təbili» verirlər. Bu həyəcan, təbii ki, dini və əxlaqi məsələ olduğuna görə deyil, belə övladların gələcək cəmiyyətdəki əmin-amanlığa bir təhlükə mənbəyi olduğuna görə idi. Bütün bunları eşitdikdə hicabın nə dərəcədə mühüm bir məsələ olduğunu anlayırıq. Yekun olaraq, bunu deyə bilərik ki, fahişəliyin artması milli-mənəvi, dini-əxlaqi məsələlərə önəm verməyənlər üçün belə, böyük faciədir. Buna görə də, cəmiyyətdə cinsi fəsada səbəb olan hər bir şey, asayiş və dinc yaşayış üçün təhlükə hesab olunur və bunun bir topluma ziyandan başqa heç bir xeyri dəyməyəcəkdir. Əxlaq ustadlarının verdiyi tövsiyələrə əsasən də, oğlanlarla qızların birgə oxuduqları elmi mərkəzlərdə, kişi və qadınların birlikdə işlədikləri iş yerlərində və bunun kimi açıq-saçıqlığın hökm sürdüyü başqa yerlərdə işsizlik, gerilik, məsuliyyətsizlik açıqca müşahidə olunur. 4 - Qadının qədir-qiymətdən düşməsi, şəxsiyyətinin alçalması kimi məsələlər, bəhsimizin əhəmiyyətini daha da artırır. Malların reklamında, səyyah və turistlərin cəlbi üçün otellərin dekorunda qadın cazibəsindən istifadə olunarkən, qadın şəxsiyyəti cansız bir gəlincik, ya qiymətsiz əşya səviyyəsinə enir. Onun yüksək insanlıq dəyəri unudulur. Yeganə iftixarı fani cavanlıq və gözəlliyi olur. Nəticədə qadın, bu gedişlə müxtəlif meyl və həvəsləri doydurma vasitəsinə çevrilir. Təəssüflər olsun ki, qərb və qərbpərəst ölkələrdə ən yaxşı ad, şöhrət, gəlir, mövqe məhz açıq-saçıq qadınlara verilir və onlar daha məharətli sayılırlar. Belə təfəkkürlə yaşayan cəmiyyətdə bir qadın öz əxlaqi xüsusiyyətləri ilə, elm və agahlığı ilə necə cilvələnib yüksək məqam kəsb edə bilər? Beləliklə, qadına dəyər verən hicabın fəlsəfələrindən biri də budur. Müxaliflərin hicaba tutduğu iradlar Bəhsimizin bu məqamında hicaba qarşı tutulan iradları araşdırıb, müfəssəl şəkildə cavablandıracağıq. 1) Qadın – cəmiyyətin yarısıdır Müxaliflərin müttəfiq olduğu əsas fikir bundan ibarətdir ki, qadınlar cəmiyyətin yarısını təşkil edir. Hicab onları bu geniş toplumdan təcrid edərək, təfəkkür və mədəniyyət baxımından geri salır. Xüsusilə, iqtisadiyyatın çiçəkləndiyi, fəal insan qüvvəsinə ehtiyac duyulduğu indiki dövrdə, cəmiyyət, qadının iqtisadi bacarığından məhrum olur. İşgüzar mərkəzlərdə onların yeri boş qalır. Nəticədə isə qadın, cəmiyyət üçün məsrəf edici və əlavə yük olaraq, xeyir verməz bir mövcuda çevrilir. Amma iraddan belə məlum olur ki, onlar ya bir neçə məsələdən xəbərsizdirlər, yaxud da özlərini bilməməzliyə qoymuşlar. Çünki: Əvvəla, İslami hicabın qadını təcrid etdiyini, cəmiyyətdən uzaqlaşdırdığını kim söyləmişdir? Bundan əlavə, gələcəkdə böyük bir cəmiyyəti idarə edəcək insanlar yetişdirib bəşəriyyətə təqdim etmək, iş deyilmi? Onlar qadının bu əzəmətli işini müsbət qiymətləndirmirlər. Ailə və tərbiyənin insana qoyduğu təsiri, sağlam cəmiyyətin bünövrəsinin məhz ailədən asılı olduğunu bilmirlər. Onlar elə güman edirlər ki, kişi və qadın qərbdə olduğu kimi, səhər idarə, ya iş məqsədilə evdən çıxmalı, övladlarını ya uşaq müəssisələrinə tapşırmalı, yaxud qapısı bağlı evlərdə saxlamalı və acı zindan həyatını hələ açılmamış qönçə ikən övladlarına dadızdırmalıdırlar. Halbuki, bu əməllə onların şəxsiyyətinə necə zərbə vurduqlarından xəbərsizdirlər. Belə uşaqlar məhəbbətsiz, ruhsuz böyüdüklərindən, gələcək cəmiyyət üçün hər cür təhlükə törətməyə qadirdirlər. 1) Hicab azadlığı məhdudlaşdırandır Hicaba tutulan başqa irad bundan ibarətdir ki, hicab insanı həbsdə saxlayan bir geyimdir və ictimai fəaliyyətlə, xüsusilə müasir texnologiya ilə uyğun deyil. Hicablı bir qadın iş görərkən çadrasınımı qorusun, yoxsa gördüyü işə diqqət etsin? Bu məsələyə dair bunu deyə bilərik ki, irad tutanların nəzərindən bir şey yayınmışdır: Hicab – çadra demək deyil, qadın geyimi mənasındadır. Əgər çadraya imkan varsa, daha yaxşı. Yox əgər iş, mühit buna yaramırsa, örtülü geyim ilə də kifayətlənmək olar. Kəndlərdə yaşayıb əkinçiliklə məşğul olan hicablı qadınlarımız, öz əməlləri ilə bu iradı cavablandırmışlar. Onlar İslami örtüyə riayət etməklə, heç bir maneə olmadan, bəlkə kişilərdən də daha fəal iş nümayiş etdirmişlər. 2) Üz və əllərin istisnalığı Bəhsin bu yerində hicabla əlaqəli bir sual üzərində açıqlama verməyimiz yerinə düşərdi: Hicab hökmü üz və əllərə də şamil olurmu? Bu sual ətrafında fəqihlər arasında müxtəlif nəzərlər mövcuddur. Əksər fəqihlərin nəzərinə əsasən, üz və əllər hicab hökmündən istisnadır. (Əlbəttə ki, fəsad və inhirafa səbəb olmayacağı təqdirdə.) Fəqihlərin bir dəstəsi isə üz və əllərin örtünməsini vacib saymış və ya ən azından ehtiyat etməyi lazım bilmişlər. Yuxarıdakı ayədə birinci nəzəri təsdiq edən ifadə işlənmişdir: a) Ayədəki «zahiri zinətlər» istisna edilməklə, istər zinət olunan yer olsun, istər zinətin özü, hər iki variant üz və əllərin açıq qala biləcəyinə sübutdur. b) Ayədə baş örtüyünün yaxa üzərinə çəkilməsi hökmü, baş və boyun-bağazı örtmək mənasındadır. Deməli, üzü örtməkdən söhbət gedə bilməz. İzah: Ayənin nazil olma səbəbində deyildiyi kimi, ərəblər İslamdan öncə örpəklərini başın arxa tərəfindən bağlayırdılar. Belə ki, onların yalnız baş və boyunun arxa hissəsi örtülü olurdu, boğaz və sinələri isə açıq qalırdı. İslam öz gəlişi ilə bu adəti aradan qaldırdı və örpəklərin önə çəkilərək, yaxa və sinələrin örtünməsi əmrini verdi. Nəticədə yalnız üz açıq qalmaqla qalan yerlər örtüldü. c) İslam mənbələrində və hədis kitablarında da, bu fikri doğruldacaq bir çox hədislər nəql olunmuşdur. («Vəsailuş-şiə», c.14, səh.148, 109-cu bab). Hərçənd bunun əksi olan bir neçə hədis də, tapmaq olar. Lakin araşdırmalar bunu göstərir ki, üz və əllərin örtünməsini göstərən hədislərdə bunun vacibliyinə yox, müstəhəbliyinə işarə olunub, yaxud fəsad və inhirafa səbəb olacağı təqdirdə, üz və əllərin örtünməsi vacib bilinib. Bir daha bu məsələyə dair təkidlə təkrar edirik ki, üz və əllərin örtünməsi yalnız inhiraf və ondan sui-istifadə zamanı vacibdir. Sonda bir şeyi də nəzərinizə çatdıraq ki, üz və əllərin açıq qalmasına icazə verilməsi bu mənada deyil ki, istənilən zaman ona baxıla bilər. Əksinə bu, gadının həyatını daha da asanlaşdırmaq üçün verilmiş bir hökmdür. 4 – «نسائهن» (nisaihinnə) kəlməsində məqsəd nədir? İstisnalar siyahısında batini zinətləri aşkar etməyə icazə verilən doqquzuncu dəstə, qadınlardır. Bunu açıqlayarkən «نسائهن» (öz qadınları) ifadəsi işlənmişdir. Bu ifadə, yalnız müsəlman qadınlar müqabilində hicabın açıla biləcəyini bildirir. Ancaq qeyri-müsəlman qadınların qarşısında isə hicaba riayət edilməlidir. Rəvayətlərə əsasən, deyə bilərik ki, bunun fəlsəfəsi, qeyri-müsəlman qadınların hicablı qadınlarda gördüklərini öz ərlərinə vəsf edə bilməsidir. Bu isə müsəlman qadını üçün yol verilməzdir. İmam Sadiq (ə) buyurub: «Müsəlman bir qadının yəhudi, ya nəsrani qadınlar qarşısında soyunması düzgün deyil, çünki onlar öz gördüklərini ərləri üçün vəsf edirlər» («Mən la yəhzəruhul fəqih», c.2, səh.561). 5 – «Sahib olduqları cariyələr» cümləsinin təfsiri Bu cümlə zahirdə geniş mənaya malikdir və qadının öz nökəri qarşısında hicabsız ola biləcəyinə işarədir. Ancaq bəzi rəvayətlərdə bu ifadənin nökərə aid olmayaraq, qeyri-müsəlman kənizlərə şamil olduğu da bildirilir. İmam Əli (ə) buyurur: «Nökər öz sahibəsi olan qadının saçına belə baxmamalıdır» («Vəsailuş-şiə», bab 124, hədis 8). Ancaq rəvayətlərdə bu hökm, ümumi şəkildə işlənmişdir. Hər ehtimala qarşı, ehtiyat olunması daha məsləhətlidir. 6 – «Kişiliyi qalmamış xidmətçilər» ifadəsinin təfsiri. «اربه» (irbə) kəlməsi «ارب» (ərb) kökündən olub, «غرب» (ğərb) vəznindədir. Rağib, öz «Mufrədat» kitabında bu kəlməni incələyərkən, deyir: «Bu ehtiyacın elə şiddətli mənasındadır ki, insan onu aradan qaldırmaq üçün çarə axtarışında olsun. Bu kəlmə, bəzən «hacət» mənasında da işlənir». «Kişiliyi qalmamış xidmətçilər» ifadəsində məqsəd kimlərdir? Bu sualın cavabında müfəssirlər arasında fikir ayrılığı mövcuddur: Bəziləri bu ifadədə şəhvəti sönmüş qoca kişiləri nəzərdə tutmuşlar. (evlilik yaşından çıxmış təqaüdçü qadınlar kimi), bəziləri bunu ağsaqqal kişilərə şamil etmişlər, bəziləri isə bunu kişilik aləti heç vaxt olmayanlara aid etmişlər. Ancaq çoxsaylı nəzərlər arasında ağlabatanı İmam Baqir (ə) və İmam Sadiq (ə)-ın buyurduğu hədisdir: «Bu ifadədə məqsəd, cinsi ünsiyyətə meyli olmayan səfeh və ağılsız kişilərdir. Adətən, onlardan sadə işlər və xidmətçilik üçün istifadə olunur». «التابعین» (ət-tabiinə) kəlməsi bu mənanı daha da təsdiqləyir. Cinsi meylsizliyin yaşlı kişilərə də aid olduğunu nəzərə alsaq, bu geniş mənalı məfhumun onlara da şamil edilməsi istisna olunmur. İmam Kazım (ə)-dan nəql olunan başqa hədisdə bu məfhum, daha çox yaşlılara aid edilmişdir. Hər halda, ayə bu kişilərin məhrəmlərlə eyni tutulması mənasında deyil, sadəcə olaraq onların qarşısında bir qədər baş bə əllərin görünməsinin haram olmadığına işarədir. 7 – Bu hökmdən istisna olan uşaqlar Hicabın vacib olmadığı şəraitlərdən biri də, on ikinci bənddə qeyd etdiyimiz uşaqlardır. «لم یظهروا» feli, bəzən «لم یطلعوا» (agahlığı yoxdur), bəzən də «لم یقدروا» (qüdrəti yoxdur) mənasında təfsir edilir. Belə ki, bu fel, hər iki mənada gəlmiş, Qurani-Kərimdə bəzən birincisi, bəzən də ikincisi kimi işlənmişdir. Buna misal olaraq, «Kəhf» surəsinin 20-ci ayəsini göstərmək olar: «Şübhəsiz, əgər onlar sizin vəziyyətinizdən agah olsalar...». «Tövbə» surəsinin 8-ci ayəsində isə buyrulur: «Halbuki, əgər sizə qalib gəlsələr...». Ancaq bu kəlmələrin məna müxtəlifliyi, bəhs etdiyimiz ayədə nəticə etibarı ilə çox da fərq yaratmır.Çünki bu kəlmədə həm cinsi hisslərə qüdrəti olmayan və həm də buna agahlığı olmayan uşaqlar nəzərdə tutula bilər. Bu səbəbdən də, yaşından asılı olmayaraq, belə meyli və qüdrəti olan uşaqlar müqabilində hicaba riayət olunmalıdır. 8 – Nə üçün əmi və dayı ayədəki sadalanan məhrəmlər siyahısında deyillər? Maraqlıdır ki, əmi və dayının qəti şəkildə məhrəm olduğunu bildiyimiz halda, onlar nə üçün ayədəki bu siyahıdan kənarda qalmışlar? Bəlkə də, Quran öz sonsuz fəsahət və bəlağətini qorumaqdan ötrü əlavə bir söz söyləməmişdir. Belə ki, qardaş və bacı oğullarının məhrəmliyindən bibi və xalanın da, məhrəmliyi aydın olur. Nəticədə, qadının əmi və dayısı da onun məhrəmi sayılır. Daha açıq desək, məhrəmlik iki tərəflidir. Bir tərəfdən insanın qardaş və bacı övladları ona məhrəm olarsa, təbii ki, digər tərəfdən əmi və dayısı da, ona məhrəm olar. 9 – Təhrikə səbəb olacaq hər bir şey qadağandır! Son olaraq bunu deyə bilərik ki, İslamın iffətlə bağlı hər xırda məsələyə belə, nə qədər ciddi və həssas olduğu bəhsimizdən anlaşıldı. Əlbəttə ki, İslam cavanların şəhvətinə səbəb olacaq hər növ amillərin münasib yollarla qarşısını almağa çalışır və fəsad törədəcək şəkillərin nəşrinin, azdırıcı filmlərin yayımının qeyri-münasib hekayə və dastanların yayılmasının əleyhinə çıxır. Şübhəsız ki, İslami bir mühit, cavanları fəsada sövq edəcək belə hallardan təmizlənməlidir.
|