«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Şənbə günü, 2024-12-21, 7:17 PM
Main » Files » Islamda qadinlar » Qur'anda qadin

2009-09-15, 10:05 AM
 
Biz sənə Kövsər əta etdik
«Kövsər» surəsinin təfsiri

(«Əl-mizan fi təfsiril-Quran» kitabından tərcümə)

Surənin tərcüməsi:
    
بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ

     Bağışlayan və mehriban Allahın adı ilə.
    
إِنَّا أَعْطَيْنَاكَ الْكَوْثَرَ

     1. Həqiqətən, biz sənə Kövsər (Fatimə (s.ə)) bəxş etdik.
    
فَصَلِّ لِرَبِّكَ وَانْحَرْ

     2. Ona görə də Rəbbin üçün namaz qıl və qurban kəs!
    
إِنَّ شَانِئَكَ هُوَ الأبْتَرُ

     3. Həqiqətən, sənin düşməninin özü sonsuzdur!
     Təfsir:
     Bu surədə, Həzrət Rəsuləllahın (s) mübarək qəlbini sevindirmək üçün ona «Kövsər» əta olunduğu bəyan olunur. Burada bildirilir ki, oğlan övladı olmadığı üçün Peyğəmbərə (s) nəsli kəsilmiş deyib, dil yarası vuranın özü nəsli kəsilmişdir.
     Bu surə, Quranın ən qısa surəsidir və onun Məkkədə, yoxsa Mədinədə nazil olması barədə müxtəlif rəvayətlər var. Nəzərə elə çarpır ki, bu surə Məkkədə nazil olmuşdur. Bir sıra təfsirçilər bu barədə mövcud olan hədislər arasındakı ziddiyyəti aradan qaldırmaq üçün deyiblər: «Ola bilsin ki,bu surə iki dəfə – bir dəfə Məkkədə və bir dəfə Mədinədə – nazil olubdur».
    
إِنَّا أَعْطَيْنَاكَ الْكَوْثَرَ

     «Məcməul-bəyan» kitabında yazılıb: كَوْثَرَ sözü «فوعل» vəznində olub, şənindən çoxluq irəli gələn bir şeyə deyilir və «Kövsər» – çoxlu xeyir deməkdir («Məcməul-bəyan», c.10, səh.548).
     Lakin təfsirçilər «Kövsər» sözünün təfsiri, yəni bu sözdə nəzərdə tutulan məna barədə qəribə fikirlər yürüdüblər. Bəzilərinin fikrincə «Kövsər» – çoxlu xeyir deməkdir («Ruhul-məani», c.30, səh.245).
     Başqa fikirləri də qısa şəkildə nəzərinizə çatdırırıq:
     1. Cənnətdə bir çaydır.
     2. Cənnətdə və ya məhşərdə Həzrət Peyğəmbərə (s) xas olan hovuzdur.
     3. Peyğəmbərin (s) övladlarıdır.
     4. Peyğəmbərin (s) səhabələri və Qiyamətədək olan davamçılarıdır.
     5. Peyğəmbərin (s) ümmətinin alimləridir.
     6. Quran və onun saysız fəzilətləridir.
     7. Peyğəmbərlik məqamıdır.
     8. Quranın, şəriət və onun hökmlərinin asanlaşdırılmasıdır.
     9. İslam dinidir.
     10. Tovhiddir.
     11. Elm və hikmətdir.
     12. Allah elçisinin (s) fəzilətləridir.
     13. Bəyənilən məqamdır.
     14. Peyğəmbərin (s) mübarək qəlbinin nurudur və s.
     Belə ki, bəzi təfsirçilər «Kövsər» sözünün təfsirində iyirmi altıya yaxın fikir söyləmişlər.
     «Kövsər» sözünün təfsiri barədə yuxarıda qeyd olunan yalnız birinci və ikinci fikrin sahibləri bir sıra mövcud hədislərə əsaslanıblar, başqa fikirlər isə əsassız iddialardır.
     Əgər surənin sonuncu ayəsində «innə şaniəkə huvəl əbtər» buyurulduğunu və «əbtər» sözünün mənasının «nəsli kəsilmiş» olduğunu, bundan əlavə bu ayə ilə Peyğəmbərə (s) təskinlik verildiyini nəzərə alsaq, bu nəticəyə gəlmək olar ki, «Kövsər» sözünün burada ifadə etdiyi məna, yalnız və yalnız Allah-Taalanın Peyğəmbərə (s) bəxş etdiyi böyük nəsildir. Yaxud bu söz həm çoxlu xeyir, həm də böyük nəsil mənalarını daşıyır. Bunu da qeyd etmək lazımdır ki, nəslin böyüklüyü çoxlu xeyirlərdən biridir. Xülasə, əgər söhbət nəsil barəsində olmasaydı – istər təklikdə, istərsə də çoxlu xeyirdən biri kimi «innə şaniəkə huvəl əbtər» kəlamında «innə» sözünün işlənilməsi mənasız olardı. Çünki «innə» sözü «həqiqətən» mənasını verməklə yanaşı, səbəbiyyəti də ifadə edir (yəni «innə»-dən əvvəlki cümlə səbəb, ondan sonrakı cümlə isə nəticədir). Odur ki, «Kövsər» sözünü «çay və ya hovuz» kimi mənalandırmaq, bu iki ayə arasında məna bağlılığı yaratmır. Diqqət edin: «Biz sənə hovuz verdik, çünki sənə tənə vuran özü nəsli kəsilmiş və ya xeyirdən məhrumdur».
     Saysız hədislər mövcuddur ki, bu surə, Peyğəmbərə (s) nəsli kəsilmiş deyib, dil yarası vurana cavab olaraq nazil olubdur. Belə ki, Peyğəmbərin (s) iki – oğlu Qasim və Abdullah dünyadan köçdükdən sonra ona belə bir dil yarası vurulubdur. Beləliklə, aydın olur ki, Peyğəmbərə (s) dil yarası vurub, «əbtər» adlandıran şəxsin məqsədi barədə təfsirçilərdən birinin aşağıdakı izahı əsassızdır:
     «Peyğəmbərə (s) dil yarası vuran şəxs, ona «əbtər» dedikdə, Peyğəmbərin (s) camaatdan uzaq düşməsini və ya xeyirdən məhrum olmasını nəzərdə tutmuşdur. Allah-Taala da, ona cavab olaraq, buyurur ki, onun özü hər şeydən məhrumdur».
     «İnna ətəynakəl...» ifadəsi «biz» əvəzliyi («mutəkəllimun mə-əl ğəyri» şəxsi) ilə bəyan olunub, böyüklük və ucalığı bildirdiyi üçün əta olunan şəxsi minnətçi salır. Bundan əlavə, bu ayə Peyğəmbəri (s) sevindirmək üçün nazil olunduğuna görə, bu ayədə mülkiyyəti bildirən «əta etmək» sözü işlənilib:
     «Biz sənə çoxlu xeyir verdik».
     Bu ayə, Fatimənin (s.ə) övladlarının Peyğəmbərin (s) nəsli olduğuna da dəlalət edir və bunun özü Qurani-Kərimin qeybi xəbərlərindən biridir.
     Göründüyü kimi, Allah-Taala Peyğəmbərin (s) vəfatından sonra onun nəslinə elə bir bərəkət verdi ki, onlara qarşı edilən zülmə və onların dəstə-dəstə qətlə yetirilmələrinə baxmayaraq, indiyədək dünyada onun nəsli kimi böyük nəslə rast gəlinməyibdir.
    
فَصَلِّ لِرَبِّكَ وَانْحَرْ

     Surənin ümumi mənasından, eləcə də ayənin əvvəlində «فاء» (fə) ədatının işlənməsindən belə məlum olur ki, «Sənə çoxlu xeyir verdik» ayəsinə bağlanan namaz qılmaq və qurban kəsmək hökmü, nemətin şükrünü yerinə yetirmək məqsədi daşıyır və belə bir məna kəsb edir: «İndi ki, biz sənə minnət qoyub çoxlu xeyir verdik, bu böyük nemətin şükranəliyi olaraq, namaz qıl və qurban kəs!»
     İstər şiə, istərsə də sünni qaynaqlarında Peyğəmbərdən (s), Əlidən (ə), eləcə də imam Sadiqdən (ə) və başqa İmamlardan (ə) nəql olunan hədislərə əsasən, «نحر» (nəhr) sözü namazın təkbirini (yəni «Allahu Əkbər» sözünü) deyərkən əlləri boyuna tərəf qaldırmaq mənasındadır («Burhan təfsiri», c.4, səh.514 və «Durrul-mənsur» təfsiri, c.6, səh.403).
     Lakin bəzi təfsirçilər belə deyiblər:
     «Bu ayənin mənası belədir: Qurban bayramının namazını qıl və dəvə qurban et! (Çünki «nəhr» sözü dəvənin xüsusi bir qaydada kəsilməsi və «ذبح» (zibh) sözü isə dəvədən qeyri heyvanların kəsilməsi deməkdir)» («Durrul-mənsur» təfsiri, c.6, səh.403).
     Başqa bir dəstə təfsirçilərin nəzərincə isə ayənin mənası belədir:
     «Rəbbin üçün namaz qıl və rükudan qalxan zaman qamətini tam düzəlt» («Durrul-mənsur» təfsiri, c.6, səh.403).
     Bu ayənin mənası barədə başqa fikirlər də mövcuddur («Durrul-mənsur» təfsiri, c.6, səh.403).
    
إِنَّا أَعْطَيْنَاكَ الْكَوْثَرَ

     «شانی» (şaniə) sözünün mənası «qəzəbli düşmən», «ابتر» (əbtər) sözünün mənası «nəsli kəsilmiş» deməkdir. Bu ifadə ilə (yəni, nəsli kəsilmiş sözü ilə) Peyğəmbərə (s) dil yarası vuran şəxs – As ibn Vail olmuşdur.
     Bir sıra təfsirçilərin nəzərincə, «əbtər» sözünün mənası «xeyirdən məhrum olan» və ya «qövmündən uzaq düşən» deməkdir. Lakin nəzərinizə çatdırdıq ki, bu fikir ayənin nazil olma səbəbi ilə uyğun gəlmir.
     Hədislər əsasında araşdırma
     «Durrul-mənsur» təfsirində nəql olunur ki, ibn Cərir, Buxari və Hakim Əbu Büşrdən, o da Səid ibn Cübeyrdən və o da ibn Abbasdan rəvayət edibdir ki, o dedi (ibn Abbas): «Kövsər, Allah-Taalanın Peyğəmbərə (s) bəxş etdiyi xeyirdir».
     Əbu Büşr nəql edir ki, mən, Səid ibn Cübeyrə dedim: «Camaatın bəzisi bu əqidədədirlər ki, Kövsər, Cənnətdə bir çayın adıdır».
     Səid dedi: «Cənnətdəki çay da, Allah-Taalanın Peyğəmbərə (s) bəxş etdiyi xeyirlərdən biridir» («Durrul-mənsur» təfsiri, c.6, səh.402).
     Yenə də «Durrul-mənsur» təfsirində qeyd olunub ki, ibn Əbu Hatəm, Hakim, ibn Mərdəviyyə və Beyhəqi öz «Sünən»lərində («Sünən» – sünnə əhlinin qaynaq kitablarıdır) Əli ibn Əbu Talibdən nəql ediblər ki, o Həzrət (ə) Cəbrayıldan soruşdu: «Allah-Taala hansı «نحیره»-yə (nəhirətun) əmr edir?»
     Cəbrayıl dedi: «Burada Allah-Taala dəvə qurban kəsməyə göstəriş vermir. Allah-Taala əmr edir ki, həm namazın təkbirətul-ehramını dedikdə, həm də rükuya getdikdə və rükudan qalxdıqda, «Allahu Əkbər» dediyin vaxt əllərini yuxarıya qaldır. Bu bizim və yeddi göy qatında olan mələklərin namazının qaydasıdır. Hər bir şeyin bir zinəti olduğu kimi, namazın da zinəti hər «Allahu Əkbər» deyərkən, əlləri yuxarı qaldırmaqdadır».
     Allahın elçisi (s) buyurub: Əlləri yuxarı qaldırmaq ehtiyac və yalvarış rəmzidir və Allah-Taala (kafirləri məzəmmət edərkən) buyurub:
    
فما استکا نوا لربهم وما یتفرعون

     Yəni, nə özlərini Rəbblərinə möhtac bilirlər, nə də qarşısında yalvarırlar («Durrul-mənsur» təfsiri, c.6, səh.403).
     Müəllifin sözü: Peyğəmbərdən (s) nəql olunan bu hədisi «Məcməul-bəyan» təfsirinin müəllifi, Əsbəğ ibn Nəbatənin «Məqatil» kitabından əxz etmişdir. «Məcməul-bəyan» təfsirinin müəllifi qeyd etmişdir ki, Sələbi və Vahidi də bu hədisi öz təfsirlərində nəql ediblər. O, əlavə etmişdir ki, bütün İmamlar (ə) bu hədisi Peyğəmbərdən (s) nəql ediblər. Yəni, «nəhr» sözü namazda «Allahu Əkbər» deyərkən, hər iki əli boğazın çökəkliyi səviyyəsində yuxarı qaldırmaq mənasındadır («Məcməul-bəyan» təfsiri, c.10, səh.550).
     Həmçinin, «Durrul-mənsur» təfsirinə əsasən, ibn Cərir nəql edir ki, Əbu Cəfər «fəsəlli li-rabbikə» ifadəsi barədə: «Yəni namaz qıl!» «وَانْحَرْ» ifadəsi üçün isə deyib: «Yəni, həm namaza başlayarkən, həm də «iftitah» təkbirlərini (namaz əsnasında deyilən «Allahu Əkbər») deyərkən əlləri yuxarı qaldır» («Durrul-mənsur» təfsiri, c.6, səh.403).
     Həmçinin, «Durrul-mənsur» təfsirində ibn Mərdəviyyə nəql edir ki, ibn Abbas «fəsəlli li rabbikə vənhər» ayəsinin təfsirində deyib: «Allah-Taala əziz Peyğəmbərinə (s) vəhy nazil etdi ki, namazın təkbirətul-ehramını dedikdə, əlləri boğazın çökəkliyinə qədər yuxarı qaldırsın. «نحر» (nəhr) sözünün mənası budur» («Durrul-mənsur» təfsiri, c.6, səh.403).
     «Məcməul-bəyan» kitabının müəllifi sözü gedən ayənin təfsirində Ömər ibn Yəziddən belə nəql edir:
     «Fəsəlli li rabbikə vənhər» ayəsinin təfsiri barədə İmam Sadiqin (ə) belə buyurduğunu eşitdim. Buradakı «nəhr» sözü əlləri üz səviyyəsinə qədər qaldırmaq deməkdir («Məcməul-bəyan», c.10, səh.550).
     Müəllifin sözü: Daha sonra «Məcməul-bəyan»nın müəllifi deyir:
     Abdullah ibn Sinan da eynilə bu hədisi imam Sadiq (ə)-dan nəql etmişdir. Bu hədislə yaxın məzmunlu hədisi isə Cəmil o Həzrətdən (ə) rəvayət edib («Məcməul-bəyan», c.10, səh.550).
     «Durrul-mənsur» təfsirində qeyd olunub ki, ibn Səd və ibn Əsakir Kələbidən, o da Əbu Salehdən və o da ibn Abbasdan belə nəql ediblər:
     Peyğəmbərin (s) ən böyük övladı Qasim idi. Ondan sonra sıra ilə Zeynəb, Abdullah, Ummu-Gülsüm, Fatimə və Ruqəyya olub. Peyğəmbərin (s) övladları içərisində Məkkədə ikən birinci Qasim dünyadan getdi. Bu vaxt As ibn Vail Səhmi dedi: «Onun (Peyğəmbərin) nəsli kəsildi və o, nəsli kəsilmişdir». Allah-Taala da ona cavab olaraq, bu ayəni nazil etdu ki, As ibn Vailin özü «əbtər» və nəsli kəsilmişdir («Durrul-mənsur» təfsiri, c.6, səh.403).
     Yenə də «Durrul-mənsur»da qeyd olunub ki, Zübeyr ibn Bəkkar və ibn Əsakir Cəfər ibn Muhəmməddən və o da atasından belə nəql ediblər:
     «Allah elçisinin (s) oğlu Qasim Məkkədə dünyadan getdi. Oğlunun dəfnindən qayıdarkən Peyğəmbər (s) As ibn Vail və onun oğlu ilə rastlaşdı. As hələ uzaqdan Peyğəmbəri (s) gördükdə dedi: «İndi ona bir dil yarası vuracağam!»
     Peyğəmbər (s) yaxınlaşdıqda As ona dedi: «Əcəb nəslin kəsildi!»
     Onun bu sözünə cavab olaraq, bu ayə nazil oldu: «İnnə şəniəkə huvəl əbtər». («Durrul-mənsur» təfsiri, c.6, səh.404).
     Həmçinin, ibn Əbi Hatəm nəql edir ki, Sudey dedi: «Qureyşlilər bir nəfərin oğlan övladı öldükdə belə deyirdilər: «بترفلان». Yəni, filan kəsin nəsli kəsildi».
     Peyğəmbərin (s) də övladı dünyadan köçdükdə, As ibn Vail ona «بتر» yəni, oğlan övladı öldü və bu kişi (yəni Peyğəmbər (s)) necə də nəslikəsikdir (çünki heç bir oğlan övladı qalmadı) dedi («Durrul-mənsur» təfsiri, c.6, səh.404).
     Müəllifin sözü: Bəzi tarixi qaynaqlarda («Ruhul-məani», c.30, səh.248) qeyd olunub ki, Peyğəmbərə (s) dil yarası vuran Vəlid ibn Müğeyrə və Əbu Cəhl («Ruhul-məani», c.30, səh.248), yaxud Əqəbə ibn Əbi Muit («Ruhul-məani», c.30, səh.248) və yaxud Kəb ibn Əşrəf («Ruhul-məani», c.30, səh.248) olubdur.
     Lakin daha doğrusu budur ki, Peyğəmbərə (s) tənə vuran şəxs As ibn Vail olubdur. Bu nəzəriyyəni təsdiqləyən sənəd isə mərhum Təbərsinin «Ehticac» kitabında, Həsən ibn Əlidən (ə) nəql olunan hədisdir.
     O Həzrət (ə) üzünü Əmr ibn Asa tutub belə buyurub: «Sən müştərək yataqda doğulmusan (Yəni, anan həm As ibn Vail ilə yatıb, həm də başqaları ilə). Sən doğulanda da Qüreyşdən bir neçə kişi sənin üstündə mübahisə apardılar: Əbu Süfyan dedi ki, bu oğlan mənim nütfəmdən yaranıb. Vəlid ibn Müğeyrə dedi ki, məndəndir».
     Osman ibn Haris, Nəzr ibn Haris ibn Kəldə və As ibn Vail də hər biri bu iddianı etdilər. Beləliklə, onların içərisindən ən məlunu, zülmkarı, zinakarı və nəsli-nəcabəti bilinməyəni olan As ibn Vail başqalarını üstələyib səni özünə calaşdırdı.
     Eləcə də, sən o kəssən ki, özünü belə öyüb demisən: «Bu mənəm ki, Muhəmmədə dil yarası vurmuşam. As ibn Vail dedi ki, Muhəmməd nəsli kəsilmiş bir kişidir. Yəni, onun oğlan övladı yoxdur. Dünyadan getdikdən sonra ondan heç bir nişanə qalmayacaq».Allah-Taala isə onun cavabında buyurdu: «İnnə şəniəkə huvəl əbtər»... (Təbərsinin «Ehticac» kitabı, c.1, səh.411)
     Quminin təfsirində isə «İnnə ətəynəkəl kovsər» ayəsi barədə yazılıb: «Kövsər, cənnətdə bir çayın adıdır və Allah-Taala oğlu İbrahimin əvəzində onu Muhəmmədə (s) bəxş etmişdir» («Quminin» təfsiri, c.2, səh.445).
     Müəllifin sözü: Bu hədis (Quminin təfsirindəki hədis), «mürsəl hədis» (yəni, ravilərin adı məlum olmayan hədis) və həmçinin «müzmər hədis» (yəni, bu hədisdə «buyurdu» sözünün kimə aid olduğu və bu hədisi hansı İmamın (ə) buyurduğu aydın deyil) olmaqdan əlavə, məzmunca başqa hədislərlə ziddiyyətlidir.
     Lakin «Kövsər» sözünü «cənnətdəki çay» kimi təfsir etməyin, onun «çoxlu xeyir» mənasını ifadə etməklə ziddiyyəti yoxdur. Belə ki, ibn Cübeyrin rəvayətində rastlaşdıq ki, cənnətdəki çay da «çoxlu xeyir»dən biridir.

Category: Qur'anda qadin | Added by: IslamQadini
Views: 1414 | Downloads: 0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]