«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Şənbə günü, 2024-12-21, 6:49 PM
Main » Files » Islamda qadinlar » Qur'anda qadin

2009-09-15, 10:07 AM
 
Bəzi Peyğəmbər (s) qadınlarının məzəmməti
«Təhrim» surəsinin, 1-5-ci ayələrinin təfsiri
(«Təfsiri-nümunə»dən tərcümə)

Ayələrin tərcüməsi:
    
يَا أَيُّهَا النَّبِيُّ لِمَ تُحَرِّمُ مَا أَحَلَّ اللَّهُ لَكَ تَبْتَغِي مَرْضَاةَ أَزْوَاجِكَ وَاللَّهُ غَفُورٌ رَحِيمٌ

     1. Ey Peyğəmbər! Zövcələrinin (səndən) razı qalmasını diləyərək, Allahın sənə halal etdiyi şeyi (dünya ləzzətini) niyə özünə haram (qadağan) edirsən? Allah bağışlayan və rəhm edəndir!
    
قَدْ فَرَضَ اللَّهُ لَكُمْ تَحِلَّةَ أَيْمَانِكُمْ وَاللَّهُ مَوْلاكُمْ وَهُوَ الْعَلِيمُ الْحَكِيمُ

     2. Həqiqətən, Allah (halal bir şeyi özünüzə haram etmək barəsində içdiyiniz) andlarınızı (kəffarə verməklə) geri götürməyi vacib (qanuni) etmişdir. Allah sizin ixtiyar sahibinizdir. O, (hər şeyi) biləndir, hikmət sahibidir!
    
وَإِذْ أَسَرَّ النَّبِيُّ إِلَى بَعْضِ أَزْوَاجِهِ حَدِيثًا فَلَمَّا نَبَّأَتْ بِهِ وَأَظْهَرَهُ اللَّهُ عَلَيْهِ عَرَّفَ بَعْضَهُ وَأَعْرَضَ عَنْ بَعْضٍ فَلَمَّا نَبَّأَهَا بِهِ قَالَتْ مَنْ أَنْبَأَكَ هَذَا قَالَ نَبَّأَنِيَ الْعَلِيمُ الْخَبِيرُ

     3. Bir zaman Peyğəmbər öz zövcələrindən birinə (Həfsəyə) gizli bir söz (bir daha Zeynəb binti Vəhşin, yaxud Mariyeyi-Qibtiyyənin yanına getməyəcəyini) demişdi. (Həfsə) bu sözü (digər zövcələrindən biri olan Aişəyə) xəbər verdikdə və Allah bunu Peyğəmbərə əyan etdikdə Peyğəmbər bunun bir qismini (Həfsəyə) bildirmiş, (alicənablığı üzündən) bir qismini bildirməkdən isə vaz keçmişdi. Peyğəmbər əhvalatı (Həfsəyə) bildirdikdə o: «Bunu sənə kim xəbər verdi?» – deyə soruşmuş, o da: «Bunu mənə (hər şeyi) bilən və (hər şeydən) agah olan Allah xəbər verdi!» – deyə cavab vermişdi.
    
إِنْ تَتُوبَا إِلَى اللَّهِ فَقَدْ صَغَتْ قُلُوبُكُمَا وَإِنْ تَظَاهَرَا عَلَيْهِ فَإِنَّ اللَّهَ هُوَ مَوْلاهُ وَجِبْرِيلُ وَصَالِحُ الْمُؤْمِنِينَ وَالْمَلائِكَةُ بَعْدَ ذَلِكَ ظَهِيرٌ

     4. (Ey Həfsə, ey Aişə!) Əgər ikiniz də (bu hərəkətinizə görə) Allaha tövbə etsəniz (çox yaxşı olar). Çünki (Peyğəmbərə əziyyət etməklə ona xoş getməyən bir hərəkət etməklə) qəlbləriniz (onun barəsində bir qədər qeyri-səmimiliyə, günaha) meyl etdi. Əgər Peyğəmərə qarşı bir-birinizə kömək etsəniz (bilin ki) Allah onun hamisi, Cəbrail, əməlisaleh möminlər və bunlardan sonra (bütün) mələklər də onun köməkçiləridir!
    
عَسَى رَبُّهُ إِنْ طَلَّقَكُنَّ أَنْ يُبْدِلَهُ أَزْوَاجًا خَيْرًا مِنْكُنَّ مُسْلِمَاتٍ مُؤْمِنَاتٍ قَانِتَاتٍ تَائِبَاتٍ عَابِدَاتٍ سَائِحَاتٍ ثَيِّبَاتٍ وَأَبْكَارًا

     5. Əgər o sizi boşasa, ola bilsin ki, Rəbbi sizin əvəzinizə ona sizdən daha yaxşı zövcələr – müsəlman, mömin, itaətkar, tövbə edən, ibadət edən, oruc tutan dul qadınlar və bakirə qızlar versin!
     Ayələrin nazil olma səbəbi
     Yuxarıdakı ayələrin nazil olma səbəbi haqqında təfsir kitablarında, sünni və şiə tarixində bir çox rəvayətlər nəql olunmuşdur. Burada həmin rəvayətlərdən məşhurunu seçib qeyd edəcəyik:
     Peyğəmbər (s) Zeynəb binti Cəhş adlı arvadının yanına getdiyi zaman, Zeynəb baldan hazırladığı yeməyi Həzrətin (s) hüzuruna gətirərdi. Həfsə ilə Aişə (Peyğəmbərin (s) digər arvadları) belə qərara gəlirlər ki, Peyğəmbər (s) hər dəfə Zeynəbin yanından gələndə ona desinlər: Qatran yemisənmi? (Qatran Hicazın (irfət) adlı ağacından hasil edilən və təbabətdə işlənilən qara rəngli, kəskin qoxulu və yapışqanlı bir maddədir)
     Peyğəmbər (s) heç vaxt ağzından və geyimindən pis qoxunun gəlməsini istəməzdi və hər zaman gözəl ətirli olmağa çalışardı.
     Beləliklə, bir gün Peyğəmbər (s) Həfsənin yanına gəldiyi zaman, Həfsə ondan «Qatran yemisənmi?» – deyə soruşur. Peyğəmbər (s) cavabında buyurur: «Mən qatran deyil, Zeynəbin verdiyi baldan yemişəm. Bundan sonra bir daha o baldan yeməyəcəyimə and içirəm (Peyğəmbər (s), bal arısının qatran kimi münasib olmayan bitkinin üzərində oturduğuna ehtimal verərək, belə and içir), ancaq bu sözümü heç kəsə söyləmə. (Yəni, nəbadə sözüm camaatın qulağına çatdıqda desinlər ki, nə üçün Peyğəmbər halal yeməyi özünə haram etmişdir? Və ya onlar da Peyğəmbər kimi balı özlərinə haram etsinlər, yaxud bu söz Zeynəbin qulağına çatıb incisin)».
     Amma Həfsə Peyğəmbərin (s) söylədiklərini gizli saxlamayıb hamıya bildirir. Sonradan bu hadisənin hiylə olduğu məlum olduqda, Peyğəmbər (s) çox narahat olur. Bu səbəbdən də «Təhrim» surəsinin qeyd edilən yuxarıdakı ayələri nazil olur ki, bir daha Peyğəmbərin (s) evində belə hadisələr təkrarlanmasın («Səhih Buxari», c.6, səh.194).
     Başqa rəvayətlərdə nəql olunur ki, bu hadisədən sonra Peyğəmbər (s) bir aya qədər öz arvadlarından uzaq gəzir («Qirtibi» təfsiri). Hətta Peyğəmbərin (s) bu əməli arvadlarından boşanacağı şayəsinə də səbəb olur və qadınlar bu şayənin doğru olacağından qorxub öz əməllərinə peşman olurlar («Fi-zilal» təfsiri, c.8, səh.163).
     Bəzi Peyğəmbər (s) qadınlarının məzəmməti
     İslam Peyğəmbəri (s) kimi böyük şəxsiyyətlər keçirdikləri həyat tərzinə görə, yalnız özlərinə məxsus deyil, bütün İslam aləminə və bəşəriyyətə aiddirlər. Bu səbəbdən də, Həzrətin (s) evində ona qarşı olan bütün hiylələr zahirdə kiçik görünsə də, üzərindən sadəliklə keçilməməli, onun heysiyyəti kimlərəsə oyuncaq olmamalıdır. Sözü gedən ayələr həqiqətdə bu kimi hadisələrin qarşısını almaq üçün nazil olmuşdur.
     Əvvəl Peyğəmbərə (s) xitab olaraq buyurulur: «Ey Peyğəmbər! Zövcələrinin (səndən) razı qalmasını diləyərək, Allahın sənə halal etdiyi şeyi niyə özünə haram edirsən?»
     Məlumdur ki, Peyğəmbərin (s) özünə haram etdiyi bu əməl, şəri haram deyildir. Sonrakı ayədə buyurulduğu kimi, Peyğəmbərin (s) balı yeməmək üçün içdiyi anda görə edilmiş bir haramdır. Şəriətə əsasən, bəzi mübah əməllərin tərki üçün and içmək günah hesab edilmir. Bu səbəbdən də «لم تحرم» (Nə üçün özünə haram edirsən?) cümləsi Peyğəmbərə (s) məzəmmət məqsədilə deyil, ürək yanğısından söylənilib. (Misal olaraq, qazanc əldə etmək üçün özünü əziyyətə salıb, nəticədə isə heç bir fayda qazanmayan bir kəsə: «Heç bir xeyir qazanmadığın halda, nə üçün bu qədər zəhmət çəkirsən!?» deyildiyi kimi)
     Ayənin sonunda Allahın rəhim və bağışlayan olduğu əlavə olunur. Bu əfv və rəhmət, ya həyat yoldaşına qarşı hiylə işlədib həqiqi tövbə edənlərə şamildir, ya da Peyğəmbərin (s), bəzi qadınlarının cəsarətinə səbəb olan, belə bir andı içməməyinin daha yaxşı olduğuna işarədir.
     2-ci ayədə buyurulur: «Həqiqətən, Allah (halal bir şeyi özünüzə haram etmək barəsində içdiyiniz) andlarınızı (kəffarə verməklə) geri götürməyi vacib etmişdir». Beləliklə, andın kəffarəsi verildiyi zaman, artıq and içən şəxsə bu andı yerinə yetirmək vacib olmur (Rağib «Mufrədat» kitabında yazır: «فرض» kəlməsi «علی» ilə birlikdə işləndikdə «vacib» mənasını, bu kəlmə «لام» ilə birlikdə işləndikdə isə «qadağan olmaq» mənasını verir. Bu səbəbdən də ayədəki «فرض» kəlməsi vacib deyil, icazə mənasını daşıyır). «تحله» (təfil babının məsdəri) halal etmək mənasındadır. Başqa cür desək, andın düyününü açan bir iş, yəni kəffarə mənasını verir.
     Qeyd olunmalıdır ki, hər hansı bir işin tərk edilməsi bəyənilərsə, buna and içildiyi zaman mütləq əməl olunmalıdır. Bu anda əməl etməmək kəffarəli günahlardan sayılır. Amma bəhs etdiyimiz ayədəki kimi, bəzi əməllərin tərkinə and içilərsə, bu andı pozmağın heç bir eybi yoxdur və andın ehtiramını qorumaq üçün kəffarənin verilməsi də lazımdır. («And kəffarəsi» «Maidə» surəsinin 89-cu ayəsində buyurulduğu kimi, on miskinə yemək vermək və ya on fəqirə geyim vermək, yaxud bir qulu azad etməkdən ibarətdir. Bunlardan heç biri mümkün olmadıqda, üç gün oruc tutmaqla kifayətlənmək olar).
     Ayənin sonunda buyurulur: «Allah sizin ixtiyar sahibinizdir. O, (hər şeyi) bilən və hikmət sahibidir».
     Yəni Allah sizin üçün andları asanlaşdırdı, elm və hikmətilə çətinlikləri aradan qaldırdı.
     Nəql edilən rəvayətlərə görə, bu ayələr nazil olduqdan sonra Peyğəmbər (s) bir qul azad edərək, and vasitəsilə özünə haram bildiyini halal etdi.
     3-cü ayədə bu hadisə barəsində daha geniş məlumat verilmişdir: «Bir zaman Peyğəmbər (s) öz zövcələrindən birinə (Həfsəyə) gizli bir söz demişdi. (Həfsə) bu sözü (digər zövcələrdən biri olan Aişəyə) xəbər verdikdə və Allah bunu Peyğəmbərə əyan etdikdə Peyğəmbər (s) bunun bir qismini (Həfsəyə) bildirmiş, (alicənablığı üzündən) bir qismini bildirməkdən isə vaz keçmişdi».
     Bu hansı sirr idi ki, Peyğəmbər (s) öz zövcələrindən bəzilərinə bildirdikdə, bu sirri gizli saxlamayıb ifşa etdilər?
     Surənin nazil olma səbəbində qeyd olunduğu kimi, bu sirr iki hissədən ibarətdir: Biri Zeynəb binti Cəhşin yanında Peyğəmbərin (s) bal yeməsi, digəri Peyğəmbərin (s) bu balı bir daha yeməyəcəyinə and içməsidir.
     Ayədə «sirr saxlamayan qadın» dedikdə, Həfsə nəzərdə tutulur. O Peyğəmbərin (s) söylədiklərini gizli saxlamayıb Aişəyə bildirir. Peyğəmbər (s) bu sirrin açılacağını vəhy vasitəsilə bildiyi üçün sirrin bir hissəsini Həfsəyə söyləyir, bir hissəsini isə gizli saxlayır (Mümkündür ki, sirrin birinci hissəsi balı yemək haqqında, ikinci hissəsi isə Peyğəmbərin bu balı özünə haram etməsi haqqındadır).
     Bu barədə ayənin sonunda belə buyurulur: «Peyğəmbər (s) əhvalatı Həfsəyə bildirdikdə o: «Bunu sənə kim xəbər verdi?» – deyə soruşmuş, o Həzrət (s) də: «Bunu mənə (hər şeyi) bilən və (hər şeydən) agah olan Allah xəbər verdi!» – deyə cavab vermişdi».
     Ayənin ümumi mənasından belə məlum olur ki, Peyğəmbərin (s) bəzi zövcələri onu nəinki öz sözlərilə narahat edir, hətta bir həyat yoldaşına xas olan sirdaşlıq vəzifələrinə belə riayət etmirdilər. Amma bunun əksi olaraq, Peyğəmbər (s) onlarla o qədər gözəl davranırdı ki, hətta onların ifşa etdikləri sirri belə üzlərinə vurmurdu. Əli (ə) buyurub: «Kərim və alicənab insanlar öz haqlarını sonadək tələb etməzlər». Allah-Taala Peyğəmbər (s) haqqında belə buyurub: «O bir hissəni xəbər verdi, bir hissəni isə gizli saxladı» (Mizan, c.19, səh.392).
     «Təhrim» surəsinin 4-cü ayəsində Peyğəmbərə (s) hiylə işlədən iki qadına xitab olaraq buyurulur: «Əgər ikiniz də (bu hərəkətinizə görə) Allaha tövbə etsəniz (çox yaxşı olar). Çünki (Peyğəmbərə (s) əziyyət verməklə, ona xoş getməyən bir hərəkət etməklə) qəlbləriniz (onun barəsində bir qədər günaha) meyl etdi».
     Bu iki qadınlardan birinin Ömərin qızı Həfsə, digərinin isə Əbu Bəkrin qızı Aişə olduğu həm sünni, həm də şiə müfəssirlərinin müştərək nəzəridir.
     «صغت» feli «صغو» kökündə (əfv vəznində), «hər hansı şeyə meyl etmək» mənasındadır. Ayədəki «قلوبکما صغت» cümləsi, qadınların ürəklərinin günaha meyl etməsi mənasındadır.
     Sonra buyurulur: «Əgər Peyğəmbərə (s) qarşı bir-birinizə kömək etsəniz, (bilin ki) Allah onun hamisi, Cəbrail, əməlisaleh möminlər və bunlardan sonra (bütün) mələklər də onun köməkçiləridir!»
     «Səhih-Buxari» kitabında ibni Abbasdan belə nəql edilib: Ömərdən soruşdum: «Peyğəmbərə (s) qarşı əlbir olan iki qadın kimlər idi?» Ömər dedi: «Həfsə və Aişə idi». Allaha and olsun ki, qadınlar haqqında ayə nazil olub onlara hüquq təyin edilənə qədər –cahiliyyət dövründə – biz onlara heç bir hüquq vermirdik (Bu hüquqdan sonra onlar daha da cəsarətli oldular) («Səhih Buxari», c 6, səh 195).
     «Durrul-mənsur» təfsirində bu hədis daha geniş nəql olunub. Həmin hədisdə Ömər deyir: «Bu hadisədən sonra Peyğəmbərin (s) bütün arvadlarından kənarlaşdığını gördüm». O «Məşrəbihi Ummu İbrahim» adlı bir məkanda məskunlaşmışdı. Hüzuruna gedib dedim: «Ey Allahın Rəsulu! Zövcələrini boşamısanmı?» Buyurdu: «Xeyr». Dedim: «Allah kərimdir. Biz Qureyş camaatı öz qadınlarımıza hökmranlıq edirdik. Amma Mədinəyə gəldikdən sonra bəzi Mədinə qadınlarının öz ərlərinə hökmran olduğunu gördüm. Bizim zövcələrimiz də (hökmranlıq etməyi), belə qadınlardan öyrəndilər. Bir gün arvadım mənimlə mübahisə etdikdə onun bu əməlini çox pis qarşıladım. Arvadım mənə dedi: «Nə üçün təəccüb edirsən? Allaha and olsun ki, Peyğəmbərin (s) zövcələri də onunla bu cür davranırlar, hətta bəzən Peyğəmbərdən (s) küsürlər də. Mən öz qızım Həfsəyə belə işlərdən çəkinməyi tövsiyə edərək dedim: Qonşun (Aişə nəzərdə tutulur) bu cür işlər etsə də, sən belə işlərdən çəkin. Çünki onunla sənin şəraitin fərqlidir» («Durrul-mənsur», c.6, səh.243).
     5-ci ayədə Allah-Taala Peyğəmbərin (s) bütün qadınlarına xitab edərək buyurur: «Əgər o sizi boşasa, ola bilsin ki, Rəbbi sizin əvəzinizə ona sizdən daha yaxşı zövcələr – müsəlman, mömin, itaətkar, tövbəkar, ibadət edən, oruc tutan dul qadınlar və bakirə qızlar versin!»
     Bu yolla qadınlara xəbərdarlıq edilir ki, Peyğəmbərin (s) onları heç zaman boşamayacağına arxayın olmasınlar və öz hiylə və münaqişələrindən əl çəksinlər. Əgər Peyğəmbər (s) onları boşayarsa, Peyğəmbərin (s) həyat yoldaşı olmaq iftixarından məhrum olarlar və onların yerini daha fəzilətli qadınlar alar.
     Həyat yoldaşının vəsfi
     «Təhrim» surəsinin 5-ci ayəsində yaxşı həyat yoldaşı seçimi üçün bütün müsəlmanlara lazım olan altı xüsusiyyət sadalanır.
     Əvvəlcə «İslam», sonra «iman» qeyd olunur. Yəni insanın qəlbinə nüfuz edən etiqad və sonra təvazökarlıqla olan itaət, daha sonra tövbə qeyd edilir. Yəni səhv bir iş edildiyi zaman, təəssübkeşliklə öz səhvinə israr etməyib üzr istəməyi bacaran qadın. Sonra insanı saflaşdıran «ibadət», «Allah fərmanına boyun əyib günahlardan çəkinən qadın». «سائحا ت» kəlməsi «سائح» sözünün cəmidir. Bir çox müfəssirlər bu kəlməni «oruc tutan şəxs» kimi də mənalandırmışlar. Rağib «Mofrədat» kitabında yazır: «Orucun iki mənası var: yemək –içmək tərk olunan «həqiqi oruc», bədən üzvlərinin günahdan qorunması mənasında olan «hikmi oruc»». Bu ayədə işlənən «oruc» kəlməsi orucun ikinci mənasındadır. «سائح» kəlməsi «سائحا ت» kökündən, «azuqəsiz yola çıxıb başqalarının köməyilə yaşayan səyyah»lara deyilir. Oruc tutanlar səhər yeməyini yeyəndən sonra iftaradək ac qaldıqlarından onları belə səyyahlara bənzətmişlər. Bu nəzər «Rağibə» məxsusdur. Lakin bəzi müfəssirlər «سائح» kəlməsini «Allaha itaət» kimi də mənalandırmışlar.
     Ayədə zikr olunan mənəvi dəyərlər müqabilində qadının bakirə olub-olmamağına heç bir əhəmiyyət verilməmişdir.
     «Saleh möminlər» kimlərdir?
     «Saleh möminlər» ifadəsi, geniş mənalı anlayış kimi, bütün əməlisaleh, təqvalı, imanlı möminlərə şamil edilə bilər. Hərçənd burada «saleh» kəlməsi cəm deyil, təkdə işlənilib.
     Müxtəlif rəvayətlərə görə ayədəki «saleh möminlər» kəlməsində məqsəd, Həzrət Əli (ə)-dır. İmam Baqir (ə) buyurub: Allahın Rəsulu (s) iki dəfə Həzrət Əlini (ə) açıq şəkildə öz səhabələrinə tanıtdırıb: birinci dəfə (Qədr Xumda) belə buyurub: «Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır». İkinci dəfə isə «Təhrim» surəsinin 4-cü ayəsi nazil olan zaman Əlini (ə) göstərərək buyurub: «Ey camaat! Ayədəki qeyd olunan «əməlisaleh mömin» budur» («Məcməul-bəyan» təfsiri, c.10, səh.316).
     Ayədəki əməlisaleh möminin Həzrət Əli (ə) olduğunu bir çox sünni aliməri, o cümlədən Əllamə Sələbi, Əllamə Gənci «Kifayətul-talib» kitabında, Əbu Həyyan Əndulusi, Səbt ibni Cuzi və qeyriləri nəql etmişlər (Daha geniş məlumat üçün «İhqaqul-həqq» kitabının 311-ci səhifəsinə müraciət edə bilərsiniz).
     Suyuti «Durrul-mənsur» kitabında, Qirtibi öz məşhur təfsirində, Alusi «Ruhul-məani» kitabında bəhs etdiyimiz ayənin təfsiri üçün İmam Baqirin (ə) həmin hədisini nəql etmişlər. «Ruhul-bəyan» kitabının yazıçısı Mücahid, öz kitabında həmin hədisi qeyd etdikdən sonra yazır: Bu hədisi təsdiq edən hədislərdən biri də «Mənzilət» hədisidir. «Mənzilət» hədisində Peyğəmbər (s) Əliyə (ə) belə buyurub: «Sənin mənə olan nisbətin, Harunun Musaya olan nisbəti kimidir. Yalnız bir fərqlə ki, məndən sonra peyğəmbər olmayacaq». «Ənbiya» surəsinin 72-ci ayəsində «Biz İbrahimə İshaqı, üstəlik Yəqubu da ehsan buyurub onların hamısını saleh kimsələr etdik» – deyə buyurulur. «Yusuf» surəsinin 101-ci ayəsində «Məni əməlisalehlərə qovuşdur» – deyərək, dua edən Yusufun bu sözləri zikr olunur (Birinci ayədə «saleh» kəlməsi cəmdə işlənərək, bütün peyğəmbərlərə, ikinci ayədə isə Həzrət Yusufa şamil edilir). Həzrət Əli (ə) Harun peyğəmbərin məqamında olduğundan, təbii ki, «saleh mömin» dedikdə, ona da şamil edilir.
     Məşhur müfəssir və mühəddis olan Bəhrani də bu mövzu haqqında əlli iki hədis toplayaraq öz «Burhan» təfsirində qeyd etmişdir («Burhan», c.4, səh.353).
     Peyğəmbərin (s) öz zövcələrinin bəzisindən narazılığı
     Tarixdə öz səviyyələrinə uyğun olmayan qadınlarla evlənmiş bir çox böyük şəxsiyyətlər vardır. Qurani-Kərimdə nümunə kimi bir neçə belə peyğəmbər zikr olunmuşdur. Bəhs etdiyimiz ayələrdən İslam Peyğəmbərinin (s) də bu siyahıda olduğu məlum olur. Peyğəmbərin (s) zövcələri bir-birilə apardığı rəqabətə görə, bəzən Peyğəmbərin (s) pak ruhunu yaralayır, bəzən ona qarşı etirazlar edir, bəzən də onun sirlərini ifşa edirdilər. Bu səbəbdən də, Allah-Taala Peyğəmbəri (s) müdafiə edir, hətta boşanacaqları ilə də hədələyir. Peyğəmbər (s) də, onların öz əməllərinə peşman olub islah olmaları üçün, bir ay müddətində onlardan aralı gəzir. Tarix göstərir ki, Peyğəmbərin (s) bəzi qadınları Həzrətin (s) nübuvvət məqamını nəinki tanımır, hətta onu adi bir insan hesab edirdilər. Buna görə də, Peyğəmbərin (s) bütün qadınlarının dəlil-sübutsuz kamil olduğunu söyləmək düzgün olmazdı.
     Peyğəmbərdən (s) sonra da, xüsusilə «Cəməl» döyüşündən məlum oldu ki, bu qadınlar, yalnız Peyğəmbərə (s) xəyanət etmirdilər, onun təyin etdiyi canişinlərlə də belə davranırdılar.
     «Təhrim» surəsinin 5-ci ayəsindən «Əgər o sizi boşasa, ola bilsin ki, Rəbbi sizin əvəzinizə ona sizdən daha yaxşı zövcələr – müsəlman, mömin, itaətkar, tövbəkar, ibadət edən, oruc tutan dul qadınlar və bakirə qızlar versin!» belə məlum olur ki, Peyğəmbərin (s) bəzi qadınları bu xüsusiyyətlərə malik olmayıb.
     «Əhzab» surəsinin Peyğəmbər (s) qadınları haqqında nazil olan ayələri də, bu deyilənlərə sübutdur.
     Sirrin ifşası
     Sirr saxlamaq, yalnız həqiqi möminə aid olan xüsusiyyət deyil, bütün şəxsiyyətli insanlara xas olan əhəmiyyətli bir xüsusiyyətdir. Bu xüsusiyyət dost və həyat yoldaşında daha böyük əhəmiyyət kəsb edir. Zikr olunan ayələrdə sirr saxlamadıqlarına görə, Peyğəmbərin (s) qadınlarının Allah tərəfindən necə məzəmmət olunduğunun şahidi oluruq. Həzrət Əli (ə) bir hədisdə buyurur: «Dünya və axirətin bütün xeyirləri iki şeydə gizlənmişdir ki, biri sirr saxlamaq, digəri yaxşı insanlarla dostluq etməkdir. Dünya və axirətin bütün şərləri isə bu iki şeydə gizlənmişdir ki, biri sirri ifşa etmək, digəri isə şər insanlarla dostluq etməkdir» («Səfinətul-bəhar», c.2, səh.469).
     Allahın halal buyurduğunu özünüzə haram etməməlisiniz
     Bütün əməllər məsləhətə əsasən, Allah tərəfindən halal və ya haram edilmişdir. Buna görə də, insan nə halalı özünə haram, nə də haramı özünə halal etməlidir. Hətta bununla bağlı and içsə də, ayədə qeyd olunduğu kimi müəyyən şərtlərə əməl etməklə andını poza bilər.
     Əgər məkruh və ya bəyənilməyən bir işin tərki üçün and içilərsə, buna mütləq əməl olunmalıdır.

Category: Qur'anda qadin | Added by: IslamQadini
Views: 1486 | Downloads: 0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]