Müşrik qadınlarla, iman gətirməyincə evlənməyin «Bəqərə» surəsinin 221-ci ayəsinin təfsiri («Təfsiri-nümunə»dən tərcümə)
Ayənin tərcüməsi: وَلا تَنْكِحُوا الْمُشْرِكَاتِ حَتَّى يُؤْمِنَّ وَلأمَةٌ مُؤْمِنَةٌ خَيْرٌ مِنْ مُشْرِكَةٍ وَلَوْ أَعْجَبَتْكُمْ وَلا تُنْكِحُوا الْمُشْرِكِينَ حَتَّى يُؤْمِنُوا وَلَعَبْدٌ مُؤْمِنٌ خَيْرٌ مِنْ مُشْرِكٍ وَلَوْ أَعْجَبَكُمْ أُولَئِكَ يَدْعُونَ إِلَى النَّارِ وَاللَّهُ يَدْعُو إِلَى الْجَنَّةِ وَالْمَغْفِرَةِ بِإِذْنِهِ وَيُبَيِّنُ آيَاتِهِ لِلنَّاسِ لَعَلَّهُمْ يَتَذَكَّرُونَ
Bəqərə surəsi, ayə 221: Müşrik qadınlarla, iman gətirməyincə evlənməyin. Əlbəttə ki, möminə bir kəniz azad və müşrik bir qadından – hətta o(nun camalı və malı) sizin xoşunuza gəlsə belə – daha yaxşıdır. Həmçinin, müşrik kişilərə iman gətirməyincə arvad verməyin. Əlbəttə ki, mömin bir qul azad və müşrik bir kişidən – hətta o(nun malı və məqamı) sizin xoşunuza gəlsə belə – daha yaxşıdır. Onlar (müşrik kişi və arvad ər-arvadlılıq müddəti boyunca küfr və mənəvi pozğunluq baxımından öz həyat yoldaşlarına təsir edir və nəticədə onları) oda tərəf dəvət edirlər. Allah Öz yardımı ilə Cənnətə və bağışlanmağa doğru dəvət edir və Öz ayələrini insanlara açıqlayır ki, bəlkə (düşünüb) anladılar. Ayənin nazil olma səbəbi: Peyğəmbər (s) Mürsəd adlı şücaətli bir şəxsə Mədinədən Məkkəyə gedib orada olan bir qrup müsəlmanı özü ilə gətirməsinə dair tapşırıq verir. O, bu tapşırığı yerinə yetirmək üçün Məkkəyə daxil olduqda, orada cahiliyyət dövründən tanıdığı Ənaq adında gözəl bir qadınla rastlaşır. Həmin qadın keçmişdə olduğu kimi yenə də onu günaha dəvət edir. Amma müsəlman olan Mürsəd, onun istəyini qəbul etmir. Bu halda, qadın onunla evlənmək istədiyini bildirir. Mürsəd ona: «Bu iş Peyğəmbərin (s) icazəsinə bağlıdır» – söyləyir. Mürsəd, onun istəyini qəbul etmir. Bu halda qadın onunla evlənmək istədiyini bildirir. O, öz məmuriyyətini yerinə yetirdikdən sonra Mədinəyə qayıdıb bu məsələni Peyğəmbərə (s) çatdırdıqda, bütpərəst və müşrik qadınların müsəlman kişilərlə ailə qurmağa layiq olmadıqlarına dair ayə nazil olur. Ayənin təfsiri: Ayənin şəni-nüzulunda deyildiyi kimi bu ayə müşrik qadınlarla izdivac haqqında digər bir suala cavab verir. Ayədə buyurulur: «Müşrik qadınlarla, iman gətirməyincə evlənməyin». Sonra başqa bir müqayisə edərək əlavə edir: «Əlbəttə ki, möminə bir kəniz azad və müşrik bir qadından – hətta o(nun camalı və malı) sizin xoşunuza gəlsə belə – daha yaxşıdır». Gözəl və zəngin müşrik qadınlarla deyil, kənizlərlə (xüsusilə gözəlliyi və mal-dövləti olmayan) izdivac etmək camaatın nəzərində bir o qədər bəyənilən iş olmasa da, iman dəyəri müqayisə tərəzisinin gözünü kənizlərin xeyrinə ağır edir. Çünki izdivac etməkdə məqsəd, yalnız cinsi hisslərin ödənilməsi (cinsi ləzzət almaq) deyil. Qadın insanın bir ömürlük şəriki və övladlarının tərbiyəçisidir. İnsanın şəxsiyyətinin yarısını təşkil edir. Bu halda zahiri gözəllik və bir miqdar mal-dövləti, şirk və bütpərəstlik kimi pis aqibətə necə dəyişmək olar?! Sonra bu hökmün başqa bir hissəsini bəyan edərək buyurur: «Həmçinin, müşrik kişilərə iman gətirməyincə arvad verməyin. Əlbəttə ki, mömin bir qul azad və müşrik bir kişidən – hətta o(nun malı və məqamı) sizin xoşunuza gəlsə belə – daha yaxşıdır». Beləliklə, mömin kişilərin müşrik və bütpərəst qadınlarla evlənməyi nəhy olunduğu kimi, müşrik kişilərin də mömin qadınlarla izdivacı qadağan olunmuşdur. Hətta imanlı qulamlar zahirdə şəxsiyyətli görünən kafirlərdən daha üstün, gözəl, zəngin və ləyaqətli bilinir. Məsələ bu hissədə daha çətindir. Çünki adətən, kişinin xanımına təsiri, xanımın ərinə təsirindən daha çoxdur. Bu İlahi hökmü düşüncələrdə bəyan etmək üçün ayənin sonunda buyurulur: «Onlar (müşrik kişi və arvad ər-arvadlılıq müddəti boyunca küfr və mənəvi pozğunluq baxımından öz həyat yoldaşlarına təsir edir və nəticədə onları) oda tərəf dəvət edirlər. Allah Öz yardımı ilə Cənnətə və bağışlanmağa doğru dəvət edir». Sonra əlavə edir: «Və Öz ayələrini insanlara açıqlayır ki, bəlkə (düşünüb) anladılar». İncəliklər: 1. Müşriklərlə evlənməyin haramlığının fəlsəfəsi İzdivac – nəsil artımının və övlad tərbiyəsinin əsasıdır. Ailə tərbiyəsinin övladların taleyində son dərəcədə böyük təsiri vardır. Çünki körpələr dünyaya gəldikdən sonra ata-ananın yanında, onların nəzarəti altında böyüyürlər. Həqiqətdə həm dünya, həm də axirətdə şirk azmağın kökü, dünya və axirətdə yandırıcı od olduğu üçün Quran müsəlmanlara özlərini, yaxud övladlarını bu oda atmağa icazə vermir. Bundan əlavə, İslama biganə olan müşriklər izdivac yolu ilə müsəlmanların evlərinə yol taparlar. Bununla da İslami cəmiyyət hərc-mərcliyə və daxili düşmənlərə giriftar olar. Bütün bunlar onların müşrik qalmaqlarında israrlı olduqları zamana qədərdir. Lakin yol onların da üzünə açıqdır. Onlar iman gətirib müsəlmanların cərgəsinə qatıla bilərlər. «Nikah» kəlməsi lüğətdə həm cinsi əlaqəyə, həm də əqdə (kəbin) deyilir. Burada məqsəd izdivac əqdidir. Rağib «Müfrədat»da deyir: «Nikah, əslində əqd mənasındadır. Sonralar məcazi olaraq cinsi əlaqə kimi də işlənib». 2. Müşrik kimə deyilir? Qurandakı, «müşrik» kəlməsi adətən bütpərəstlərə aid edilir. Amma bəzi təfsirçilər belə söyləyirlər: «müşrik» kəlməsi yəhudi, xristian, məcusi kimi s. kafirlərə də aiddir. Çünki bunların hər biri Allaha şərik qoşurlar. Xristianlar üç Allaha, məcusi «Ahurəməzd» və «Əhrimən» kimi iki Allaha qaildirlər. Yəhudilər isə Üzeyir peyğəmbəri (ə) Allahın övladı bilirlər. Lakin bu əqidələrin şirk sayılmasına baxmayaraq, ayələrə diqqət etdikdə, müşriklərin əhli kitab müqabilində zikr olduğunu görürük. Əslində yəhudi, məcusi və xristianların kökü həqiqi nübuvvətə və səmavi kitaba söykənir. Deməli, Quranda buyurulan müşrikdə məqsəd bütpərəstlərdir.
|