Ayələrin tərcüməsi:
يَا أَيُّهَا النَّبِيُّ جَاهِدِ الْكُفَّارَ وَالْمُنَافِقِينَ وَاغْلُظْ عَلَيْهِمْ وَمَأْوَاهُمْ جَهَنَّمُ وَبِئْسَ الْمَصِيرُ
9. «Ya Peyğəmbər! Kafirlərə qarşı (qılıncla), münafiqlərə qarşı (sözlə) vuruş. Onlarla sərt rəftar et. Onların məskəni cəhənnəmdir. Ora necə də pis sığınacaqdır».
ضَرَبَ اللَّهُ مَثَلا لِلَّذِينَ كَفَرُوا اِمْرَأَةَ نُوحٍ وَامْرَأَةَ لُوطٍ كَانَتَا تَحْتَ عَبْدَيْنِ مِنْ عِبَادِنَا صَالِحَيْنِ فَخَانَتَاهُمَا فَلَمْ يُغْنِيَا عَنْهُمَا مِنَ اللَّهِ شَيْئًا وَقِيلَ ادْخُلا النَّارَ مَعَ الدَّاخِلِينَ
10. «Allah kafirlərə Nuhun övrəti ilə Lutun övrətini misal çəkir. Onlar Bizim qullarımızdan iki saleh bəndənin kəbini altında idilər. Onlar ərlərinə xəyanət etdilər və (Nuhla Lut) onları Allahdan (Allahın əzabından) heç vəchlə qurtara bilmədilər. Onlara: «Başqaları ilə birlikdə siz ikiniz də Cəhənnəmə girin!» – deyildi».
وَضَرَبَ اللَّهُ مَثَلا لِلَّذِينَ آمَنُوا اِمْرَأَةَ فِرْعَوْنَ إِذْ قَالَتْ رَبِّ ابْنِ لِي عِنْدَكَ بَيْتًا فِي الْجَنَّةِ وَنَجِّنِي مِنْ فِرْعَوْنَ وَعَمَلِهِ وَنَجِّنِي مِنَ الْقَوْمِ الظَّالِمِينَ
11. «Allah iman gətirənlərə Fironun zövcəsini məsəl çəkir. O zaman o: «Ey Rəbbim! Mənim üçün öz dərgahında – Cənnətdə bir ev tik. Məni Firondan və onun əməlindən qurtar. Məni zalım qövmdən xilas et!» – demişdi».
وَمَرْيَمَ ابْنَتَ عِمْرَانَ الَّتِي أَحْصَنَتْ فَرْجَهَا فَنَفَخْنَا فِيهِ مِنْ رُوحِنَا وَصَدَّقَتْ بِكَلِمَاتِ رَبِّهَا وَكُتُبِهِ وَكَانَتْ مِنَ الْقَانِتِينَ
12. «Allah (mömin qadınlara) həmçinin namusunu, ismətini qoruyub saxlamış İmranın qızı Məryəmi də misal çəkir. Biz (Cəbrayıl vasitəsilə) libasının yaxasından ona Öz ruhumuzdan üfürdük. Məryəm Rəbbinin sözlərini, kitablarını təsdiq etdi və (Allaha) itaət edənlərdən oldu».
Peyğəmbərin (s) evindəki sirlər (zövcələrilə onun arasında yaranan ixtilaflar) ətrafdakılara yayıldıqda, münafiqlər buna çox sevinmiş və bu söz-söhbəti daha da qızışdırmışdılar. Bəlkə də elə buna görə «Təhrim» surəsinin 9-cu ayəsində onların barəsində kəskin göstərişlər verilərək buyurulub: «Ya Peyğəmbər! Kafirlərə qarşı (qılıncla), münafiqlərə qarşı (sözlə) vuruş. Onlarla sərt rəftar et. Onların məskəni cəhənnəmdir. Ora necə də pis sığınacaqdır».
Kafirlərə qarşı olan cihad həm silahlı, həm də silahsız ola bilər. Amma münafiqlərə qarşı olan cihad isə silahsız olmalıdır. Çünki İslam Peyğəmbərinin (s) münafiqlərə qarşı silahla mübarizə aparması barəsində heç bir tarixi məlumat yoxdur. İmam Sadiq (ə) buyurub: «Allahın Rəsulu (s) münafiqlərə qarşı heç vaxt müharibə etməmişdir» («Məcməul-bəyan», c.10, səh.319).
Bu səbəbdən də «münafiqlərlə cihad» dedikdə, ya onları danlamaq, məzəmmət etmək, qorxutmaq, hədələmək, rüsvay etmək və s. bu kimi şeylər, yaxud da onların qəlblərini ələ almaq nəzərdə tutulur. Beləliklə, «cihad» kəlməsi daha geniş mənalara malikdir və hər cür səy etmə, çalışmağa şamil edilə bilər.
«وَاغْلُظْ عَلَيْهِمْ» (onlarla sərt rəftar et) cümləsi «qəzəblə danışmaq və hədədləmək» mənasındadır. İslam üçün ən təhlükəli olan münafiqlər zahirdə İslamdan danışıb müsəlmanlarla oturub-durmalarına baxmayaraq, Quranda qeyd edilən «sərt rəftar» yalnız onlar üçün nəzərdə tutulub. Çünki münafiqlərlə kafirlər kimi davranmaq mümkün deyil. Təbii ki, müharibəsiz olan bu rəftar münafiqlərin əllərinə silah alacaqlarına qədərdir. Əgər onlar silahla mübarizəyə başlasalar, eyni cavabı almalıdırlar. Belə bir hadisə Peyğəmbərin (s) vaxtında olmasa da, ondan sonra, xüsusilə Əli (ə)-ın dövründə baş vermişdi. O, münafiqlərlə silahlı mübarizəyə qalxmışdı.
Bəziləri zikr olunan ayədəki «münafiqlərlə cihad» ifadəsində məqsəd, münafiqlərlə olan rəftarda şəri hədlərin icrasının nəzərdə tutulduğunu söyləmişlər. Çünki şəri həddin təyin olunduğu əksər insanlar münafiqlər idilər. Ancaq həmin dövrdə əksər şəri hədlərin münafiqlər üçün təyin olunmasına dair heç bir dəlilimiz yoxdur.
Diqqət olunmalıdır ki, eynilə bu ayə «Tövbə» surəsinin 73-cü ayəsində də nazil olmuşdur.
10-cu ayədə Peyğəmbərin (s) zövcələrinin törətdiyi hadisəyə yenidən qayıdaraq, onlara yaşanmış bir hadisə zikr olunur. Allahın iki böyük Peyğəmbərinin (ə) evində yaşayan təqvasız iki qadının macərası qeyd olunur. Sonra tarixin ən zülmkar adamının evində olan başqa bir möminə qadından söhbət açılır.
«Allah kafirlərə Nuhun övrəti ilə Lutun övrətini misal çəkir. Onlar Bizim qullarımızdan iki saleh bəndənin kəbini altında idilər».
Onlar ərlərinə xəyanət etdilər və (Nuhla Lut) onları Allahdan (Allahın əzabından) heç vəchlə qurtara bilmədilər. Onlara: «Başqaları ilə birlikdə siz ikiniz də Cəhənnəmə girin!» – deyildi».
Beləliklə, sirləri ifşa etməklə Peyğəmbəri (s) narahat edən iki qadına bu ayə vasitəsilə xəbərdarlıq olunur ki, Peyğəmbərin (s) arvadı olduqları üçün cəhənnəm əzabından xilas olunacaqlarını güman etməsinlər. Nuhun və Lutun arvadları öz ərlərinə xəyanət etdiklərinə görə nübuvvət sülaləsindən ayrılıb İlahi əzaba düçar olduqları kimi, onlar da İslam Peyğəmbərinin (s) ailəsindən ayrılaraq İlahi əzaba düçar ola bilərlər. Bununla yanaşı Allah övliyaları ilə ailə qurmuş bütün qadınlara xəbərdarlıq edilir ki, günah edərkən İlahi əzabdan amanda qalacaqlarını zənn etməsinlər.
Bəzi təfsirlərə görə, Nuh peyğəmbərin həyat yoldaşının adı «Valihə», Lut peyğəmbərin həyat yoldaşının adı isə «Valiə» olmuşdur («Qirtibi», c.10, səh. 6680). Bəziləri isə bunun əksini (yəni Nuh peyğəmbərin həyat yoldaşının adı «Valiə», Lut peyğəmbərin həyat yoldaşının adı isə «Valihə», və ya «Vahilə»-dir) söyləmişlər («Ruhul-məani», c.28, səh.142). (Bəziləri isə Nuh peyğəmbərin arvadının adının «Vağilə» yaxud, «Valiğə» olduğunu söyləmişlər).
Bu iki Peyğəmbərin (ə) zövcələri onlara xəyanət etmişdir. Əlbəttə ki, bu xəyanət iffət yolundan azmaq mənasında deyil. Çünki heç bir peyğəmbərin arvadı iffətsizliyə aludə olmamışdır. İslam Peyğəmbəri (s) bu haqda belə buyurub: «Heç vaxt heç bir peyğəmbərin arvadı iffətsizliyə aludə olmamışdır» («Durrul-mənsur», c.6, səh.245).
Həzrət Lutun (ə) arvadı ərinin düşmənləri ilə həmkarlıq etmə və evinin sirlərini düşmənlərinə çatdırma baxımından ərinə xəyanət edib. Həzrət Nuhun da arvadı ona eyni xəyanəti etmişdir. Rağib «Mufrədat» kitabında yazır: «Xəyanət» və «nifaq» bir həqiqətdir. «Xəyanət» əhd və əmanət müqabilində, «nifaq» isə dini məsələlərdə işlədilir.
İslam Peyğəmbərinin (s) ailəsində baş verənlərdən sonra bu dastanın nəql olunması da bunu göstərir ki, «xəyanət»də məqsəd, iffətsizlik deyil.
Beləliklə, bu ayə Peyğəmbər (s) kimi böyük şəxsiyyətlərlə ünsiyyət qurduqları üçün əzabdan nicat tapacaqlarını güman edən insanların ümidlərini puç edir ki, bir daha heç kəs belə ümidlə günah etməsin. Bu səbəbdən də ayənin sonunda buyurulur: «Onlara: «Başqaları ilə birlikdə siz ikiniz də Cəhənnəmə girin!» – deyildi».
Yəni siz Peyğəmbər (s) arvadı olduğunuz üçün başqalarından üstün deyilsiniz.
Sonra imanlı şəxslər üçün iki misal zikr edilərək belə buyurulur: «Allah iman gətirənlərə Fironun zövcəsini məsəl çəkir. O zaman o: «Ey Rəbbim! Mənim üçün öz dərgahında – Cənnətdə bir ev tik. Məni Firondan və onun əməlindən qurtar. Məni zalım qövmdən xilas et!» – demişdi».
Fironun zövcəsinin adı «Asiyə», atasının adı isə «Məzahim» idi. Həzrət Musanın sehrbazlar qarşısında etdiyi möcüzəni gördüyü zaman, Asiyənin qəlbində iman nuru yarandı və o, həmin anda Musaya iman gətirdi. O, öz imanını və Allaha olan sevgisini gizli saxlamaq istəsə də bacarmırdı. Firon bundan xəbər tutduqda, bu işi ona dəfələrlə qadağan etmiş və israrla Musanın dinindən əl çəkməsini ondan istəmişdi. Amma Asiyə Fironun bu istəyinə təslim olmamışdı. Nəhayət, Firon göstəriş verir ki, arvadının əl-ayağını bağlayaraq qızmar günəş altında saxlasınlar və sinəsinə böyük bir daş atsınlar. Asiyə ömrünün son anlarında Allaha belə dua edir: «Ey Rəbbim! Mənim üçün öz dərgahında – Cənnətdə bir ev tik. Məni Firondan və onun əməlindən qurtar. Məni zalım qövmdən xilas et!»
Allah bu fədakar və pak qadının duasını qəbul edərək, onu «Məryəm» kimi ən ismətli qadınlar sırasına daxil edir. İslam Peyğəmbəri (s) buyurub: «Behiştin ən üstün qadınları (dörd nəfərdir): Xuvəylidin qızı Xədicə, Muhəmmədin qızı Fatimə, İmranın qızı Məryəm və Fironun zövcəsi, Məzahimin qızı Asiyə» («Durrul-mənsur», c.6, səh.246).
Asiyə öz sözləri ilə Fironun əzəmətli sarayını təhqir edir və bu sarayı Allahın rəhmət dolu evi ilə müqayisədə dəyərsiz bilir. «Musa kimi çoban bir kişiyə iman gətirməklə, Misirin ən üstün qadını olmaq imkanını əldən vermə!» – deyərək ona nəsihət edənlərin cavabını Asiyə öz duası ilə verir. «Məni zalım qövmdən xilas et» cümləsilə, o, özünün fasiq mühitdən və onların cinayətlərindən kənar olduğunu bildirir. Bu ağıllı və fədakar qadının ömrünün sonunda söylədiyi cümlələr nə qədər dəqiq və hesablanmış ifadələrdir. Bu ifadələr bütün mömin kişi və qadınlara ilham bəxş edən bir cümlələrdir. Bu, fasiq mühit və həyat yoldaşlarını bəhanə gətirərək, Allaha itaət etməkdən boyun qaçıranların bəhanələrini əllərindən alan bir cümlələrdir.
Şübhəsiz ki, həmin dövrdə Firondan daha hiyləgər, qüdrətli, əzəmətli bir şəxs yox idi. Həmçinin, cinayətkar Fironun işgəncəsindən də daha şiddətli bir işgəncə yox idi. Ancaq bütün bunlara baxmayaraq, bu möminə qadın zalıma boyun əyməyib, tutduğu İlahi yoldan son nəfəsindək çəkinmədi.
Asiyə öz duası ilə Allah dərgahında və behiştdə bir ev tikilməsini arzu edir. Behiştdə olmaq, cismə aid bir istək, Allah dərgahında olmaq isə ruhun ehtiyacıdan doğan bir istəkdir. Asiyə öz duasında kiçik bir cümlə ilə bunların hər ikisini cəm etmişdir.
Sonra bütün imanlı şəxslər üçün nümunə hesab edilən bir qadına işarə olunaraq buyurulur: «Allah (mömin qadınlara) həmçinin namusunu, ismətini qoruyub saxlamış İmranın qızı Məryəmi də misal çəkir. Biz (Cəbrayıl vasitəsilə) libasının yaxasından ona Öz ruhumuzdan üfürdük. Məryəm Rəbbinin sözlərini, kitablarını təsdiq etdi və (Allaha) itaət edənlərdən oldu».
Məryəm iman baxımından ən ali dərəcəyə yüksəlmiş, bütün asimani kitablara, İlahi hökmlərə iman gətirmişdi. Əməl baxımından bütün İlahi əmrlərə tabe olur, hər cəhətdən Allaha itaət edirdi.
«کلمات» kəlməsi ilə «کتب» kəlməsinin fərqi bu ola bilər ki, «کتب» kəlməsi peyğəmbərlərə nazil olan bütün səmavi kitablara işarədir. «کلمات» kəlməsi isə kitab şəklində olmayan vəhylərə aiddir.
Məryəm İlahi kitablara və vəhylərə səmimi qəlbdən elə iman gətirirdi ki, «Maidə» surəsinin 75-ci ayəsində o, «Siddiqə» (çox təsdiq edən) adı ilə zikr olunmuşdur (Bir çoxları «Siddiqə» kəlməsini «düz danışan» kimi mənalandırmışlar). Belə yüksək məqama sahib olan bu imanlı qadın haqqında Quranın müxtəlif ayələrində rast gəlmək olar ki, bunlardan ən mühümü onun adıyla başlayan surədir.
Beləliklə, Qurani-Kərim bu izahları ilə cinayətkar yəhudilərin Məryəm haqqında söylədiklərinə və nalayiq sözlərlə onun paklığını şübhə altına salanlara cavab verərək, onu pak və ismətli hesab edir.
«Öz ruhumuzdan ona üfürdük» ifadəsi, ruhun ali olmasına və əzəmətinə işarədir. Başqa sözlə desək, «ruh»un «Allah»a əlavə olunması «təşrifiyyə izafəsi»dir ki, hər hansı bir şeyin əzəmətini bildirmək üçün işlədilir. («Beytullah» sözündəki «beyt» kəlməsinin «Allah» kəlməsinə artırıldığı kimi. Halbuki, Allahın nə ruhu var, nə də yaşamaq üçün evi.)
Qəribədir ki, bəzi təfsirçilər Allah dərhgahına yaxın olan qadınlar haqqında hədis nəql edərkən, bu hədislərə istinad edərək «Aişə»ni onların ən üstünü hesab etmişlər. Onların bu hədisi «Təhrim» surəsinin təfsiri üçün nəql etməmələri daha yaxşı olardı. Çünki «Təhrim» surəsində belə saxta hədislərə açıq-aydın cavab verilir. Belə ki, surənin əvvəlində Allah və Peyğəmbərin (s) qəzəbinə səbəb olaraq məzəmmət olunan iki qadının «Həfsə» və «Aişə» olduqlarını əksər sünni təfsirçilər və tarixçiləri təsdiq etmişlər. Bu faktı, sünnilərin ən mötəbər hədis kitabı olan «Səhih Buxari»də də tapmaq olar («Səhih Buxari», c.6, səh.195).
Biz bütün azad düşüncəli insanlardan xahiş edirik ki, bu surənin ayələrini bir daha gözdən keçirsinlər ki, hansı hədisin saxta və ya səhih olmasını anlaya bilsinlər.