Main » Files » Islamda qadinlar » Qur'anda qadin |
2010-06-03, 4:00 PM | |
Müvəqqəti əqd
«Nisə» surəsinin 24-cü ayəsinin təfsiri وَالْمُحْصَنَاتُ مِنَ النِّسَاءِ إِلا مَا مَلَكَتْ أَيْمَانُكُمْ كِتَابَ اللَّهِ عَلَيْكُمْ وَأُحِلَّ لَكُمْ مَا وَرَاءَ ذَلِكُمْ أَنْ تَبْتَغُوا بِأَمْوَالِكُمْ مُحْصِنِينَ غَيْرَ مُسَافِحِينَ فَمَا اسْتَمْتَعْتُمْ بِهِ مِنْهُنَّ فَآتُوهُنَّ أُجُورَهُنَّ فَرِيضَةً وَلا جُنَاحَ عَلَيْكُمْ فِيمَا تَرَاضَيْتُمْ بِهِ مِنْ بَعْدِ الْفَرِيضَةِ إِنَّ اللَّهَ كَانَ عَلِيمًا حَكِيمًا Ayənin tərcüməsi: «(Cihad vaxtı əsir olan) sahib olduğunuz (cariyələr) müstəsna olmaqla, ərli qadınları almaq Allahın yazısı (hökmü) ilə sizə haram edildi. Bunlardan başqaları isə namusla (iffətlə), zinakarlığa yol vermədən, mallarınızı sərf edərək evlənmək üçün sizə halal edildi. İstifadə (yaxınlıq) etdiyiniz qadınların mehrlərini lazımi qaydada verin! Mehr müəyyən edildikdən sonra aranızda razılaşdığınız şeydən ötrü sizə heç bir günah yazılmaz. Həqiqətən, Allah hər şeyi biləndir və hikmət sahibidir!» Ayənin təfsiri: Bu ayə, keçmiş ayələrdə evlənməsi haram olan qadınların bəhsinin davamında gəlib. Buyurur: وَالْمُحْصَنَاتُ مِنَ النِّسَاءِ «Ərli qadınları almaq sizə haram edildi». محصنات «muhsanət» محصنه «muhsanə» kəlməsinin cəmidir ki, حصن kökündən götürülmüşdür. Bu söz «qala» mənasında olub, ərli xanımlar, həmçinin həyasını başqaları ilə cinsi yaxınlıq etməkdən qoruyub saxlayan əxlaqlı qadınlar və kişilərin başçılığı və himayəsi altında qərar tapan xanımlar barəsində də işlənmişdir. Bu kəlmə bəzən azad (yəni kəniz olmayan) xanımlar haqqında da deyilmişdir. Belə ki, bu növ qadınlar qadağan olunmuş məntəqə kimidirlər (yəni onların icazəsi olmadan bu məntəqəyə başqalarının daxil olması qadağandır). Amma aydındır ki, bu ayədə həmin kəlmədən məqsəd ərli qadınlardır. Bu hökm təkcə müsəlman qadınlara deyil, istənilən məzhəb və millətdən olan ərli qadınlara da şamildir. Bu hökmdən müstəsna edilən qadınlar yalnız, müsəlmanların müharibə zamanı geyri-müsəlmanlardan əsarətə aldıqları qadınlardır. Necə ki, ayədə buyurur: «(Cihad vaxtı əsir olaraq) sahib olduğunuz (cariyələr) müstəsna olmaqla...» الا ما ملکت ایمانکم Çünki kafir qadının əsir düşməsi talaq (ərindən boşanma) hökmündədir. İslam icazə verir ki, onların iddə müddəti tamam olduqdan sonra onlarla evlənsinlər və ya onlarla kəniz kimi rəftar olunsun. Amma bu istisna-termincə söyləsək–«münqəti» istisnadır, yəni bu cür qadınların müsəlmanların əsarəti altına keçməsi ilə öz yoldaşları ilə əlaqəsi kəsilir. Necə ki, müsəlman olmayan xanım İslamı qəbul etdikdə onun öz yoldaşı ilə əlaqəsi kəsilir və bu növ qadınlar ərsiz qadınlar sırasına daxil olur. Buradan aydın olur ki, İslam dini heç bir şəkildə müsəlman kişinin ərli xanımlarla, hətta o xanımlar başqa millətdən və məzhəbdən olsalar belə, evlənməsinə icazə vermir. Elə buna görə də həmin qadınlar üçün iddə qərar vermiş və iddədə olduğu müddətdə onlarla evlənməyi haram buyurmuşdur. Bu hökmün fəlsəfəsi budur ki, müharibədə əsir düşmüş qadınlar ya həmin küfr mühitinə qayıtmalı, ya müsəlmanların içərisində ərsiz yaşamalı, yaxud əvvəlki ərləri ilə əlaqəsi kəsilməli və yenidən ərə getməlidirlər. Birinci variant İslamın tərbiyəvi qanunları ilə ziddiyyət təşkil edir. İkinci variant isə bir növ zülmdür Sonda yalnız üçüncü variant qalır və bunu təsdiq edən bəzi hədislər də mövcuddur. Tanınmış səhabələrdən biri olan Əbu Səid Xidri bu ayə haqqında belə söyləyib: «Bu ayə Ovtas müharibəsinin əsirləri haqqında nazil olmuşdur. Rəsuləllah (s) əsirlərin hamilə olmadıqlarını bildikdən sonra onlara müsəlmanlarla evlənməyə, yaxud müsəlmanlara onlardan bir kəniz kimi istifadə etməyə icazə verdi». Bu hədis yuxarıda deyilmiş təfsiri təsdiq edir. Sonra məhrəmlər barəsində olan keçmiş bəhsləri daha da təkid etməkdən ötrü buyurur: «Bunlar o hökmlərdir ki, Allah sizin üçün qərara almış və yazmışdır». کتاب الله علیکم Beləliklə, heç bir ünvanla dəyişməz və əvəz edilməzdir. Sonra buyurur: «Bunlardan başqaları isə (deyilmiş olanlardan başqa) namusla (iffətlə), zinakarlığa yol vermədən, mallarınızı sərf edərək evlənmək üçün sizə halal edildi». وَأُحِلَّ لَكُمْ مَا وَرَاءَ ذَلِكُمْ أَنْ تَبْتَغُوا بِأَمْوَالِكُمْ مُحْصِنِينَ غَيْرَ مُسَافِحِينَ ان تبتعوا باموا لکم «Mallarınızı sərf edərək» cümləsindən aydın olur ki, evlənmək rabitəsi ya mehriyyəni verməklə, ya da kənizə malik olmaqla və onun qiymətini verməklə olmalıdır. غیر مسافحین kəlməsində başqa bir həqiqətə də işarə olunmuşdur. O da budur ki, evlilik məsələlərində hədəf yalnız şəhvəti doyuzdurmaq olmamalı, daha yüksək məqsədlərə nail olmaq – insan nəslinin davam tapması və mənəvi çirkinliklərdən uzaqlaşmaq üçün qurulmalıdır. Növbəti hissədə «müvəqqəti evlənməyə» və ya «mütə» məsələsinə işarə edir və buyurur: «Mütə etdiyiniz (müvəqqəti evlənmədə yaxınlıq etdiyiniz) qadınların mehrlərini lazımi qaydada verin!» فَمَا اسْتَمْتَعْتُمْ بِهِ مِنْهُنَّ فَآتُوهُنَّ أُجُورَهُنَّ فَرِيضَةً Bu ayədə həmçinin başqa bir incə mətləb də nəzərə çarpır. O da budur ki, müvəqqəti əqdin şəri qanun olması bu ayədən qabaq vurğulanmışdır. Bu aydə isə sadəcə olaraq mehriyyənin ödənilməsinin vacib olması söylənilir. Mehriyyənin verilməsini zikr etdikdən sonra başqa bir mətləbə işarə edir ki, iki tərəf əqd bağladıqdan sonra öz razılıqları ilə mehriyyəni azaldıb-çoxalda bilərlər. Necə ki, ayədə buyurur: «Mehr müəyyən edildikdən sonra aranızda razılaşdığınız şeydən ötrü sizə heç bir günah yazılmaz». وَلا جُنَاحَ عَلَيْكُمْ فِيمَا تَرَاضَيْتُمْ بِهِ مِنْ بَعْدِ الْفَرِيضَةِ Deməli, mehriyyə bir borc kimidir ki, iki tərəfin razılığı ilə dəyişilə bilər. Bu məsələdə müvəqqəti əqdlə daimi əqd arasında heç bir fərq yoxdur. Bu ayənin təfsirində başqa bir ehtimal da vardır. O da budur ki, müvəqqəti əqd zamanı hər iki tərəfin razılığı ilə əqdin müddətini uzadıb, mehriyyəni artırmağın heç bir eybi yoxdur. Yəni müvəqqəti əqddə müddət tamamlanmamışdan öncə əqdin müddətini uzatmaq olar. Belə ki, hər iki tərəf (qadın və kişi) bir-birilə razılaşdıqdan sonra kişi uzadılmış müddətin müqabilində mehriyyənin məbləğini artırır. Bu təfsirə Əhli-beytin söylədiyi hədislərdə də rast gəlmək olar. Bu ayədə işarə olunan əhkam bəşəriyyətin xeyir və səadəti məsələsinə aiddir. Çünki: «Həqiqətən, Allah hər şeyi biləndir və hikmət sahibidir». إِنَّ اللَّهَ كَانَ عَلِيمًا حَكِيمًا Allah-Taala öz bəndələrinə nəyin məsləhətli olduğunu çox gözəl bilir və həmçinin öz qanunvericiliyində hikmət sahibidir. İncəliklər: Müvəqqəti evlilik təfsirdə, İslam şəriətində, ictimaiyyətdə önəmli məsələlərdən biri olduğuna görə bu məsələni aşağıda qeyd olunan şəkildə araşdırırıq. 1) Ayədə qeyd olunan bəzi sözlər bu əqdin müvəqqəti əqd olmasının göstəricisidir. 2) Müvəqqəti əqd Peyğəmbərin (s) dövründə olub və sonradan da qüvvədən salınaraq nəsx olmamışdır. 3) Bu evlilik ictimaiyyətin tələb etdiyi zəruri məsələlərdən biridir. 4) Müvəqqəti evlilik haqqında olan bir sıra suallara cavab verilməlidir. 1) Ayədə qeyd olunan bəzi sözlər bu əqdin müvəqqəti əqd olmasının göstəricisidir: a) Ayədəki اسْتَمْتَعْتُمْ kəlməsi «mütə» – kəlməsindən götürülmüşdür. İslam şəriətində isə «mütə» müvəqqəti evlilik deməkdir. Termincə söyləsək, bu kəlmənin bu mənada olması «həqiqəti şəriyyə»dir. Buna sübut isə Peyğəmbərin (s) hədisləri və səhabələrin dəfələrlə dedikləri sözlərdir. b) Əgər bu kəlmənin deyilən mənada olmadığını fərz etsək, onda lüğətdə deyilən məna ilə təfsir olunmalıdır. Lüğətdə isə bunun mənası «ləzzət almaq»dır. Nəticədə ayənin mənası belə olacaqdır: «Daimi evləndiyiniz qadınlardan ləzzət aldıqdan sonra mehriyyələrini ödəyin». Amma bu da aydındır ki, mehriyyəni ödəmək üçün qadından ləzzət almaq şərt deyil. Çoxlu fəqihlərin dediyinə əsasən mehriyyə tam şəkildə, yaxud onun yarısı daimi əqd hasil olmaqla vacib olur. c) Alim və təfsirçi kimi tanınmiş ibn Abbas, Əli ibn Kəb, Cabir ibn Abdullah və s. kimi böyük səhabələr və tabeinlər, bir çox əhli-sünnə təfsirçiləri və həmçinin bütün şiə təfsirçiləri yuxarıda qeyd olunan ayənin müvəqqəti əqdə şamil olduğunu söyləyiblər. q) İmamlar (ə) vəhyin sirlərini bütün şəxslərdən daha gözəl bilirdilər. Bütün İmamlar (ə) bu ayənin müvəqqəti əqdə şamil olduğunu söyləyiblər. Bu haqda çoxlu hədislər nəql olunmuşdur. İmam Sadiq (ə) belə buyurmuşdur: «Müvəqqəti əqd hökmü Quranda və Peyğəmbərin (s) sünnəsində qeyd edilmişdir». İmam Baqir (ə) Əbu Bəhrin mütə ilə bağlı sualına belə cavab vermişdir: «Qurani-Kərimdə bu haqda ayə nazil olmuşdur–«Nisə» 24». Həmçinin, imam Baqir (ə) Abdullah ibn Əmir Lisinin mütə ilə bağlı verdiyi suala belə cavab vermişdir: «Allah-Taala müvəqqəti əqdi öz kitabında və Peyğəmbərin (s) dili ilə halal etmişdir, həmçinin bu əməl Qiyamət gününə qədər halaldır». 2) Müvəqqəti əqd Peyğəmbərin (s) dövründə olub və sonradan da nəsx olmamışdır. Görəsən, müvəqqəti əqdin hökmü nəsx olunmuşdurmu? Bütün İslam alimləri İslamın əvvəllərində mütənin şəri bir qanun olmasını təsdiq edir və heç kəs yuxarıda qeyd olunan ayənin mütə haqqında nazil olmasını inkar etmir. İslamın əvvəllərində müsəlmanlar buna əməl etmişdirlər. Ömərdən bir məşhur cümlə nəql olunmuşdur: «Peyğəmbərin (s) zamanında iki növ mütə qanuni və caiz idi, lakin mən onları qadağan edirəm: təməttö surətində olan həcc və müvəqqəti nikah». Buradan aydın olur ki, bu hökm Peyğəmbərin (s) zamanında var idi. Amma bunu inkar edənlər bu hökmün sonradan nəsx olunduğunu söyləyirlər. Maraqlı burasıdır ki, bu hökmün nəsx olunması haqqında söylənilən hədislər tam şəkildə eyni deyil. Bəziləri deyir: «Bu hökmü Peygəmbər (s) özü nəsx edib». Bəziləri deyir: «Bu hökmü nəsx edən talaq ayəsidir: «Qadınları boşadığınız zaman onları gözləmə müddətlərində boşayın». Halbuki, bu ayənin yuxarıda qeyd olunan məsələ ilə heç bir əlaqəsi yoxdur. Çünki bu ayədə talaqdan söhbət gedir və həmçinin müvəqqəti əqddə talaq yoxdur. Onların ayrılması müddətin tamamlanması ilədir. Ən azından bunu deyə bilərik ki, bu hökm Peyğəmbərin (s) yaşadığı dövrdə 100 % olmuşdur. Həmçinin, bu ayənin nəsx olunmasında heç bir inandırıcı dəlil yoxdur. Nəticədə, üsul elminin qanununa əsasən bu əməlin qalmasına hökm olunmalıdır. Ömərdən nəql olunan məşhur söz də bu həqiqətə, yəni mütənin Peyğəmbərin (s) dövründə nəsx olunmadığına aydın şəkildə işarədir. Aydındır ki, Peyğəmbərdən (s) başqa heç kəs hökmləri nəsx etməyə ixtiyarlı deyil. Allahın əmri ilə bəzi hökmləri nəsx etməyə ixtiyarı olan yalnız odur. Həmçinin, Rəsulallahın (s) vəfatından sonra nəsx qapısı tamamilə bağlı olmuşdur. Əgər belə olmasaydı, hər kəs öz ictihadı ilə bir sıra İlahi hökmləri nəsx edərdi. Belə olduğu təqdirdə isə əbədi olan şəriətdən heç bir şey qalmazdı. Əsas etibarı ilə Peyğəmbərin (s) sözləri haqqında ictihad etmək «nəssin müqabilində ictihad» deməkdir. Bu da öz növbəsində etibarsız bir sözdür. Maraqlı burasıdır ki, əhli-sünnənin məşhur və səhih kitablarından olan «Səhihi-Tirmizi»də belə bir hədis vardır: Şamdan olan bir nəfər Abdullah ibn Ömərdən həcci təməttü haqqında sual soruşdu. O, cavabında belə söylədi: «Bu iş halal və yaxşı əməldir». Şamdan olan şəxs söylədi: «Sənin atan bu işi etməyə icazə verməmişdi». Abdullah ibn Ömər qəzəblənərək dedi: «Əgər mənim atam bir əməli qadağan edibsə, eyni halda Peyğəmbər (s) o əmələ icazə vermişsə Peyğəmbərin (s) müqəddəs sünnəsini atıb atamın arxasıyca getməliyəmmi? Qalx və burdan uzaqlaş». «Səhihi-Tirmizi»də Abdullah ibn Ömərdən buna oxşar hədis müvəqqəti əqd haqqında da nəql olunmuşdur. Həmçinin, Rağibin «Muhazirat» kitabında da belə nəql olunmuşdur: Bir müsəlman şəxs müvəqqəti əqd etmək istəyirdi. Ondan bu əməlin halal olmasını kimdən öyrəndiyini soruşdular. Dedi: «Ömərdən». Təəccüblə dedilər: «Axı, Ömər bu əməli etməyi qadağan edib və hətta əks-təqdirdə cəzalandıracağı ilə hədələmişdir». Dedi: «Çox gözəl! Mən də elə buna görə deyirəm. Çünki Ömər belə deyib: «Peyğəmbər (s) onu halal edib, mən onu haram edirəm». Mən onu şəriətin bir hökmü olması kimi Peyğəmbərdən (s) qəbul edirəm. Amma haram olmasını heç kəsdən qəbul etməyəcəyəm». Burada deyilməsi lazim olan başqa bir məsələ budur ki, bu ayənin nəsx olunmasını iddia edənlər mühüm problemlərlə üzləşirlər. Əhli-sünnənin mənbələrindən olan müxtəlif hədislərdə (təxminən 24 hədisdir ki, onları əllamə Əmin «Əl-Qədir» kitabında, 6-cı cilddə söyləmişdir) açıq-aydın söylənilmişdir ki, bu hökm Peyğəmbərin (s) dövründə heç vaxt nəsx olunmayıb. Bu əməl Ömərin dövründə qadağan edilmişdir. Burada o hədislərin ikisini qeyd edirik: 1. «Səhihi Muslim»də Cabir ibn Abdullah Ənsaridən belə nəql olunmuşdur: «Biz Peyğəmbər (s) zamanında adi şəkildə müvəqqəti əqd edirdik və bu vəziyyət Ömərin Əmir ibn Həriyə bu əməli qadağan etdiyi vaxta qədər davam etdi». 2. Müvəttanın kitabında Malikdən və həmçinin «Sünəni Beyhəqi» kitabında Urvə ibn Zübeyrdən belə nəql olunmuşdur: «Binti Həkim adlı bir xanım Ömərin zamanında ona yaxınlaşıb Rəbiət ibn Uməyyə adlı bir kişinin onunla müvəqqəti əqddə olduğunu söylədi. O dedi: – Əgər əvvəllər bu işin qadağan olmasını söyləsəydim, onu daş-qalaq edərdim (Amma bu işi indidən haram edirəm.)» İbn Rüşd Əndolosinin yazdığı «Bidayətül-müctəhid» kitabında Cabir ibn Abdullah Ənsaridən belə nəql olunur: «Müvəqqəti əqd Peyğəmbərin (s) zamanında, həmçinin Əbubəkrin xilafəti dövründə və hətta Ömərin xilafətdə olduğu dövrün yarısına qədər var idi. Sonra isə Ömər bunu qadağan etdi». Müvəqqəti əqdin nəsx olunma tarixində də ixtilaf var. Bəziləri onun Xeybər müharibəsində, bəziləri Məkkənin fəthində, bəziləri Təbuk müharibəsində, bəziləri isə Ovtas müharibəsində nəsx olunduğunu söyləyirlər. Buna əsasən, bu hədislərin hamısının saxta olduğu nəticəsini alırıq. Həqiqətə uyğun söz budur: müvəqqəti əqd Peyğəmbərin (s) dövründən Ömərin zamanına qədər mövcud olmuşdur. Bunu da qeyd etmək lazımdır ki, nə Ömər nə də heç bir kəs hətta Peyğəmbərin (s) əsl canişinləri olan İmamlar da Peyğəmbər (s) vaxtında olan hökmləri nəsx edə bilməzlər. Qayda etibarı ilə nəsxin Peyğəmbərin (s) vəfatından sonra və həmçinin vəhy qapısının bağlanmasından sonra heç bir mənası yoxdur. Həmçinin, Ömərin dediyi sözləri onun ictihad etməsi kimi söyləmək çox təəccüblüdür. Çünki Allahın qəti şəkildə dediyi hökmün müqabilində ictihad etmək olmaz. Daha çox təəccüblüsü burasıdır ki, əhli-sünnənin bütün fəqihləri evliliyin hökmləri ilə bağlı ayələrin (məsələn: «Muminun» surəsi, ayə 6) müvəqqəti əqd haqqında olan ayəni nəsx etdiyini söyləyirlər. Sanki bunlar elə təsəvvür edirlər ki, müvəqqəti əqd ümumiyyətlə heç olmamışdlr. Halbuki, bu əqd evliliyin qisimlərindən biridir. Deyilənlərdən bu nəticəni alırıq ki, müvəqqəti əqdin İslam Peyğəmbərinin (s) dövründə olması qəti bir işdir. Sonradan bu hökmün aradan getməsinə heç bir dəlil yoxdur. 3) Müvəqqəti evlilik ictimaiyyətin tələb etdiyi zəruri məsələlərdən biridir. Bu ümumi bir qanundur ki, əgər insan təbiətinin xüsusiyyətlərinə doğru-düzgün cavab verilməsə, insan bu istəkləri doyuzdurmaq ücün azğın yollara əl atacaqdır. Çünki bu məsələ (yəni insanın təbii xüsusiyyətlərini aradan qaldırmağın qeyri-mümkünlüyü) çox gözəl şəkildə aydındır. Hətta tutaq ki, bunu edə bilsək də, bu əməl ağıllı addım deyil. Düzgün yol budur ki, onlardan ağıllı yolla istifadə edib və bəhrələnmək lazımdır. Bunu da qeyd etmək lazımdır ki, cinsi istək insan istəklərinin arasında ən güclüsüdür. Bu cinsi istək o qədər güclüdür ki, hətta bir qrup psixoloqlar bu istəyin əsil istək olduğunu və o biri istəklərin də ondan mənşə tapdığını söyləyirlər. İndi bir sual ortaya çıxır. Camaatın çoxu, xüsusilə cavanlar daimi əqdlə evlənə bilmirlər və yaxud elə evli şəxslər vardır ki, uzun müddət davam edən səfərlərə və ezamiyyətlərə çıxdıqları üçün bu problemlərlə üzləşirlər. Bu mövzuya bizim əsrimizdə daha çox ehtiyac vardır. Təhsil müddətinin çox olması və başqa ictimai məsələlər səbəb olur ki, insan gec evlənsin. Yəni, çox az cavan tapılır ki, cinsi meylinin tüğyan etdiyi vaxt, kiçik yaşda evlənsin. Belə olduğu təqdirdə nə etmək lazımdır? Görəsən, camaatı tərki-dünyalar kimi, bu istəyi boğub saxlamağa sövq etməliyik? Yaxud onları bu cinsi istəkləri müqabilində azad buraxaq? Ya gərək zinakarlığı qəbul edək (necə ki, bu günkü maddi dünya onu rəsmi şəkildə tanıyır və əməl edir), ya da şəri yolda müvəqqəti evlənməni qəbul etməliyik. Müvəqqəti evlənməklə və zinakarlıqla müxalifət edənlərin bu suala hansı cavabı vermələri məlum deyil. Halbuki, müvəqqəti evlənmək məsələsinin nə daimi evlənmə kimi ağır şəraiti var, bununla da təhsil alan şəxsə ağır gəlsin, nə də cəmiyyətdə cinsi faciə ziyanları törədir. 4. Müvəqqəti əqdə olan tənqidlər. Müvəqqəti əqdə bir sıra tənqidlər olmuşdur ki, biz onlara müxtəsər şəkildə cavab veririk. a) Bəzən deyirlər: – müvəqqəti əqdlə pozğunluq arasında nə fərq vardır? Bunların hər ikisi özünü müəyyən məbləğ müqabilində satmaqdan ibarət deyilmi? Bu növ evlilik həqiqətdə pərdələnmiş fahişəliyə bənzəmirmi? Bunların arasında olan fərq yalnız iki sadə cümlədən, yəni oxunan siğədən ibarətdir. Cavab: Onlar elə danışırlar sanki, müvəqqəti evlilik haqqında heç bir şey bilmirlər. Çünki müvəqqəti evlilik iki cümlə deməklə tamamlanmır. Əksinə, bunun da daimi evlilik kimi bir sıra qanunları vardır: –Müvəqqəti evlilikdə qadın yalnız bir kişinin ixtiyarında olur. – Müvəqqəti evllilikdə müddət bitdikdən sonra qadın iddə saxlamalıdır. Yəni, ən azından 45 gün başqası ilə evlənməkdən çəkinməlidir. Əgər hamilədirsə, uşaq doğulana qədər başqa bir kişi ilə əqd qura bilməz. Hətta əgər müəyyən vasitələrlə nütfənin bağlanmasının qarşısı alınarsa, yenə də müddətə riayət olunmalıdır. – Mütədən doğulan uşaq daimi kəbindən doğulan uşaq kimidir. Amma aydındır ki, qeyri-qanuni cinsi əlaqədə bu şərtlərin heç biri yoxdur. Görəsən, bunları bir-biri ilə müqayisə etmək olarmı? Bunu da qeyd etməliyik, müvəqqəti əqdin daimi əqdlə bir sıra fərqləri də vardır. Lakin bu fərqlər heç bir şəkildə müvəqqəti əqdin qeyri-qanuni yaxınlığın sırasına daxil olmağına səbəb deyil. Hər halda müvəqqəti əqd də evliliyin bir növüdür. b) Müvəqqəti evlilik bəzi şəhvətpərəst şəxslərin bu qanundan sui-istifadə etməsinə və hər növ pozğunluğu bu pərdə altında etmələrinə səbəb olur. Həmçinin, ehtiramlı adamlar heç vaxt belə bir əqd bağlamırlar və eyni zamanda hörmətli qadınlar da bu əməldən çəkinirlər. Cavab: Dünyada hansı qanundan sui-istifadə olunmamışdır? Görəsən, bir fitri qanundan və ictimaiyyətin tələb etdiyi zəruri məsələdən sui-istifadə olunmasına görə həmin qanunun qarşısını almaq lazımdır, yoxsa ondan sui-istifadə edən şəxslərin? Fərz edək ki, bəzi şəxslər Allahın evini ziyarət etməkdən sui-istifadə edirlər və məhz həmin şəhərdə narkotik satışı ilə məşğul olurlar. Görəsən, belə olduğu təqdirdə biz İslamın bu əzəmətli hökmünün qarşısını, yoxsa bu hökmdən sui-istifadə edən şəxslərin qarşısını almalıyıq? Digər tərəfdən hörmətli şəxslərin İslami qanunun sui-istifadə olunmasından acıqları gəlir. Bu isə qanunun eybi deyil. Bu qanundan sui-istifadə edənlərin eybidir.Əgər indiki dövrdə müvəqqəti əqd sağlam şəkildə cəmiyyətə təhvil verilsə və həmçinin İslam höküməti bunu xüsusi qanunlar altında doğru-dürüst həyata keçirərsə, həm sui-istifadənin qarşısı alınar, həm də bu hörmətli şəxslərin bu əqddən acıqları gəlməz. q) Müvəqqəti əqd cəmiyyətə himayəsiz və qeyri-qanuni uşaqların təhvil verilməsinə səbəb olur. Cavab: Bu sualın cavabı yuxarıda deyilənlərdən də aydındır. Çünki qeyri-qanuni uşaqlar əsas etibarı ilə nə atadan, nə də anadan asılı olurlar. Halbuki, müvəqqəti əqddən doğulan övladların hüquq, irs və bu kimi digər məsələlərdə daimi nikahdan doğulan övladlardan heç bir fərqi yoxdur. | |
Category: Qur'anda qadin | Added by: IslamQadini | |
Views: 1599 | Downloads: 0 | Comments: 1 |
Total comments: 1 | ||||||
|