Main » Files » Islamda qadinlar » Qur'anda qadin |
2010-06-03, 4:05 PM | |
Kənizlərlə evlilik
«Nisə» surəsinin 25-ci ayəsinin təfsiri وَمَن لَم يَسْتَطِعْ مِنكُمْ طَوْلاً أَن يَنكِحَ الْمُحْصَنَاتِ الْمُؤْمِنَاتِ فَمِن مَا مَلَكَتْ أَيْمَانِكُم مِن فَتَيَاتِكُمُ الْمُؤْمِنَاتِ وَاللّهُ أَعْلَمُ بِايِمَانِكُمْ بَعْضُكُم مِن بَعْضٍ فَانكِحُوهُنَّ بِإِذْنِ أَهْلِهِنَّ وَآتُوهُنَّ أُجُورَهُنَّ بِالْمَعْرُوفِ مُحْصَنَاتٍ غَيْرَ مُسَافِحَاتٍ وَلاَ مُتَّخِذَاتِ أَخْدَانٍ فَإِذَا أُحْصِنَّ فَإِنْ أَتَيْنَ بِفَاحِشَةٍ فَعَلَيْهِنَّ نِصْفُ مَا عَلَى الْمُحْصَنَاتِ مِنَ الْعَذَابِ ذلِكَ لِمَنْ خَشِيَ الْعَنَتَ مِنكُمْ وَأَن تَصْبِرُوا خَيْرٌ لَكُمْ وَاللّهُ غَفُورٌ رَحِيمٌ Ayənin tərcüməsi: "Sizdən azad mömin qadınlarla evlənməyə maddi imkanı olmayanlar sahib olduqları mömin (cavan) cariyələrdən (kənizlərdən) alsınlar. Allah sizin imanınızı (əqidənizi) daha yaxşı bilir. Hamınız bir-birinizdənsiniz. (Azad kişi və qul, azad qadın və cariyə hamısı Adəm nəslindəndir. Onlar hamısı Allah bəndələri olduqları üçün yaradılış və etiqad baxımından aralarında vəhdət, birlik mövcuddur. Buna görə də cariyələrə həqarətlə baxmayın). Namusunu qoruyan, zinakarlıq etməyən və aşnası olmayan cariyələrlə sahiblərindən icazə alıb evlənin və onların mehrlərini qəbul olunmuş qaydada verin! Əgər onlar (ərə getdikdən sonra) zina edərlərsə, cəzaları azad qadına verilən əzabın yarısı qədərdir. Bu (kənizlərlə evlənmək), (ehtiras, şəhvət üzündən) zina etməkdən qorxanlarınız üçündür. Əgər səbr edərsinizsə, sizin üçün daha yaxşı olar. Həqiqətən, Allah bağışlayan və rəhm edəndir!”< Ayənin təfsiri: Evlilik mövzusunun davamında bu ayə kənizlərlə izdivacın vəziyyətini aydınlaşdırır. Əvvəlcə buyurulur: "Sizdən azad mömin qadınlarla evlənməyə maddi imkanı olmayanlar sahib olduqları mömin (cavan, iffətli) cariyələrdən (kənizlərdən) alsınlar". Çünki adətən onların mehriyyələri az və sair xərcləri daha yüngüldür. Əlbəttə, kənizlə evlilik dedikdə, heç də kəniz sahibinin onunla izdivacı nəzərdə tutulmur. Çünki sahib, fiqh kitablarında sadalanan xüsusi şərait çərçivəsində, onunla həyat yoldaşı kimi rəftar edə bilər (yəni, kəniz sahibi olanlar izdivac əqdi olmadan kənizlə yaxınlıq hüququna malikdirlər). Ayədə məqsəd kəniz sahibi olmayanlarla onların izdivacıdır. Eyni halda ayədə "möminlər" ifadəsi də işlənmişdir. Kənizlə evlənərkən o, mütləq müsəlman olmalıdır. Elə buna görə də əhli-kitab kənizləri ilə evlənmək düzgün deyil. Ayədə həmçinin "cavan" (iffətli) ifadəsi də istifadə olunub. Adətən, bu ifadə xüsusi bir ehtirama malik olan qadınlar, daha çox hallarda isə cavan qızlar barəsində danışılarkən işlədilir. Növbəti ayədə deyilir: Onların imanını müəyyənləşdirərkən zahirdə göstərdikləri ilə kifayətlənməlisiniz (yəni, onların imanlı olmasını ayırd edərkən batininə deyil,zahiri əlamətlərinə diqqət yetirməyə vəzifəlisiniz).Batini və daxili sirlərinə gəlincə, "Allah sizin imanınızı (əqidənizi) daha yaxşı bilir".Bəziləri kənizlə evlənməyə ikrah hissi ilə yanaşdığından Quran buyurur: "Hamınız bir-birinizdənsiniz". (Yəni, hamınız bir ata və anadan əmələ gəlmisiniz, bəziləriniz bəzilərinizdən). Buna görə də insanlıq baxımından sizinlə heç bir fərqi olmayan kənizlərlə evlənməyə ikrah hissi ilə yanaşmamalısınız. Başqaları kimi onların da mənəvi dəyərləri təqva və pəhrizkarlıqlarından asılıdır. Çünki hamı bir bədənin üzüvləri hesab olunur. Bundan sonra belə evlənməyin şərtlərindən birinə işarə edərək buyurur: "... sahiblərindən icazə alıb evlənin”. Onun icazəsi olmazsa, batildir. Buradan "sahib" (malik) ifadəsinin "ailə üzvü" (əhl) mənasında işləndiyi də aydınlaşır. Yəni, onlar öz kənizləri ilə mal-əmtəə, əşya kimi rəftar etməməlidirlər. Əksinə həm onlarla, həm də onların övladları ilə bir ailə başçısı kimi, humanistcəsinə davranmalıdırlar. Ayənin davamında buyurulur: "Onların mehrlərini (mehriyyələrini) qəbul olunmuş qaydada verin!" Yuxarıdakı cümlədən istifadə edərək bu nəticəni əldə etmək mümkündür. Onlar üçün layiqli və münasib mehriyyə təyin etmək lazımdır. Həmçinin, mehriyyəni onların özünə verin (yəni, mehrin sahibi kənizin özüdür). Baxmayaraq ki, bəzi təfsirçilərin iddiasına əsasən ayə ixtisar olunmuşdur. Onların fikrincə əslində ayə belə olumuşdur: "Onların mehrini sahiblərinə ödəyin". Bəzi rəvayətlərin deyilənləri təsdiq etməsinə baxmayaraq, bu təfsir ayənin zahiri ilə uyğun gəlmir. Eyni zamanda ayənin zahirindən istifadə olunur. Şübhəsiz ki, qullar da qanuni yollarla əldə etdikləri mal-dövlətin sahibi ola bilərlər. بِالْمَعْرُوفِ "Bil məəruf” ifadəsi "layiqli şəkildə (gözəl bir tərzdə)" mənasını verir. Deməli, onların mehriyyəsini müəyyənləşdirərkən zülmə yol verilməməlidir. Əksinə həqiqi (qanuni) haqları adi şəkildə ödənilməlidir. Bu evliliyin şərtlərindən biri də budur ki, evlilik zamanı iffətsizliyə (namussuzluğa) səbəb olan əməllərə düçar olmayan kənizlər seçilməlidir مُحْصَنَاتٍ ("muhsanət"), nəinki aşkar şəkildə zina edənlər غَيْرَ مُسَافِحَاتٍ ("ğəyrə musafihət"), yaxud gizli aşnası olanlarla وَلاَ مُتَّخِذَاتِ أَخْدَانٍ (və lə mittəxizati əxdan). Belə bir sual verilə bilər ki, "ğəyrə musafihət", yəni zina qadağan olunarkən "əxdan", yəni gizli aşnaya qadağa qoymağa ehtiyac yox idi. (Bunun səbəbi indi izah olunacaq.) Cahiliyyət dövründə yalnız aşkar zinanın bəyənilmədiyini, gizli aşna seçməyin eyib olmadığını fikirləşirdilər. Buna görə də Qurani-Kərim bu iki anlayışı ayrı-ayrılıqda izah etmişdir. Sonrakı cümlədə kənizlərlə evliliyə və onların hüquqlarını müdafiyəyə uyğun bir tərzdə onların cəzalandırılması haqda bəhs olunur. Kənizlər iffət yolunu azarkən belə cəzalandırılmalıdırlar: "Əgər onlar (ərə getdikdən sonra) zina edərlərsə, cəzaları azad qadınlara verilən əzabın yarısı qədərdir". Quranın buyurduğu digər nöqtə budur: إِذَا أُحْصِنَّ "iza uhsinnə", yəni "əgər onlar evli olsa, azad qadınların cəzasının yarısı icra olunar". "Evli (ərli) olmaq" deyərkən məqsəd nədir? Bu barədə də müfəssirlər müxtəlif cür ehtimallar etmişlər. Bəziləri məhşur fiqh ifadələrinə və keçmiş ayəyə əsasən bu ifadənin "ərli", bəziləri isə "musəlman" olmaq mənasını verdiyini deyirlər. Lakin احْصان "ihsan" kəlməsinin bu cümlədə iki dəfə işləndiyini nəzərə alsaq, gərək hər ikisi eyni mənanı versin. Digər tərəfdən də evli qadınların cəzası şallaqlanma deyil, məhz daşqalaq edilmək olduğu aydınlaşır. Birinci təfsir, yəni "evli olmaq" qəbul olunası deyil. Həmçinin, "müsəlman olmaq" kimi mənalanmiş ikinci təfsirə də heç bir dəlil yoxdur. Həqiqətdə isə "muhsinat" kəlməsi Qurani-Kərimdə əksər hallarda ismətli, namuslu və nəcib qadınlar mənasında işlədilmişdir. Belə təsəvvür olunur ki, yuxarıdakı ayə də həmin mənaya – yəni, ismətli mənasına işarədir. Belə ki, sahiblərinin təzyiqinə məruz qalaraq öz cisimlərini satan kənizlər cəzalandırılmaqdan azad olunurdular. Amma belə bir təzyiqə məruz qalmadan, iffətli yaşaya biləcəyi halda, namusuna xələl gətirən bir əmələ düçar olan kənizlər isə azad qadınlar kimi cəzalandırılırdılar. Lakin onların cəzası azad qadınlar üçün olan əzabın yarısı qədərdir. Sonra buyurulur: "Bu (kənizlərlə evlənmək), (ehtiras, şəhvət üzündən) zina etməkdən qorxanlarınız üçündür”. Yəni, evlilik, şiddətli şəkildə cinsi instinktlərinin təzyiqinə məruz qalmış, azad qadınlarla evlənə bilməyən şəxslər üçündür. Buna görə də bunlardan başqalarına icazə verilmir. Əslində عَنَتَ "ənət" (sənəd vəznində) "əvvəlcədən sınmış sümüyün sağaldıqdan və bitişdikdən sonra, yenidən hansısa bir hadisənin ucbatından sınması” mənasını verir. Şübhəsiz ki, bu cür sınıq daha da ağrılı olur. Elə buna görə də, belə yorucu və ağrılı işlər zamanı "ənət" kəlməsindən istifadə olunur. Mümkündür ki, bu hökmün fəlsəfəsi deyəcəklərimizdir. Xüsusilə o dövürdə kənizlər tərbiyəvi baxımdan arzu olunmaz və xoşagəlməz bir mühitdə yetişdirilirdilər. Təbiətən əxlaqi, psixoloji və məhəbbət (xeyirxahlıq, dostluq) baxımından çatışmamazlıqlarla da üzləşirdilər. Sözsüz ki, bu evliliklərin bəhrəsi olan uşaqlarda az-çox analarının əxlaqı hiss olunurdu. Buna görə də, İslam kənizlərin, qulların bu aqibətlə üzləşməməsi üçün onların tədrici azadlığı barədə daha dəqiq bir layihəni nizamlamışdır. Eyni halda qulların da bir-biri ilə evlənməsi üçün imkan yaradılırdı. Əlbəttə, bəzi kənizlər əxlaqi və tərbiyəvi baxımdan istisna xüsusiyyətlərə malik olublar. (Əgər İslam dahilərindən bəzilərinin anasının kəniz olduğunu görürüksə, istisna olunanlardandılar). Yuxarıda işarə etdiklərimiz isə onların əksəriyyətinə aiddir. Lakin kənizlər barədə buna diqqət etməliyik ki, zəruri olmadıqda mülkiyyət vasitəsi ilə cinsi əlaqə yox, məhz onlarla evlənmək qadağandır. Bunun ardınca əlavə edir: "Əgər səbir edərsinizsə, sizin üçün daha yaxşı olar”. Yəni, günaha düçar olmadan dözüb kənizlərlə evlilikdən çəkinsəniz, sizin xeyrinizədir. Ayənin sonunda buyurur: "Həqiqətən, Allah bağışlayan və rəhm edəndir!” | |
Category: Qur'anda qadin | Added by: IslamQadini | |
Views: 1234 | Downloads: 0 |
Total comments: 0 | |