Main » Files » Islamda qadinlar » Xanimlar ucun ( |
2012-09-03, 10:30 PM | |
Hamiləlik dövrü Ananın hamiləlik dövrü analıq məhəbbəti, Allahın rəhmət nişanəsi olmaqla yanaşı, olduqca ağır və çətin dövrdür. Qadının əri, hər iki tərəfdən olan qohumlar onu anbaan qorumalıdırlar. Çünki azacıq uyğunsuz davranış, hər bir əziyyət həm qadına, həm də bətnində daşıdığı günahsız körpəyə gözlənilməz təsirlər bağışlayır. Əgər ər və arvad ata və ya ana evində yaşayırlarsa, valideynlərin üzərinə düşən şəri və əxlaqi vəzifə budur ki, ərini hamilə qadına qarşı çıxartmasınlar və hamilə qadını mümkün olan şəkildə qorusunlar. Oğlanın valideynləri onların aram həyatına qarışmamalı və bu iki yeniyetmənin yaşamını alt-üst etməməlidirlər. Çünki onlar hamısı bu iki gəncin, xüsusilə də ana bətnindəki uşağın qarşısında məsuldurlar. Əgər ətrafdakıların uyğunsuz hərəkətləri, valideynlərin yersiz dedi-qoduları və umacaqları ana bətnindəki uşağa hər hansı bir zərbə vurarsa, səbəbkarları mütləq İlahi ədalət məhkəməsi qarşısında cavab verməli olacaqlar. Quran hamının ən kiçik rəftarlarından ən böyük əməllərinə qədər – bütün davranışları qarşısında məsul olduğunu buyurur: فَوَرَبِّكَ لَنَسْأَلَنَّهُمْ أَجْمَعِينَ عَمَّا كَانُوا يَعْمَلُونَ «(Ya Muhəmməd!) Rəbbinə and olsun ki, biz onların hamısını (bütün məxluqatı dünyada) etdikləri əməllər barəsində sorğu-suala çəkəcəyik». («Hicr» surəsi, ayə 92-93) وَقِفُوهُمْ إِنَّهُمْ مَسْئُولُونَ «Onları yubadıb, saxlayın. Çünki sorğu-sual olunacaqlar». («Saffat» surəsi, ayə 24) وَلا تَقْفُ مَا لَيْسَ لَكَ بِهِ عِلْمٌ إِنَّ السَّمْعَ وَالْبَصَرَ وَالْفُؤَادَ كُلُّ أُولَئِكَ كَانَ عَنْهُ مَسْئُولا «...Qulaq, göz və ürək – bunların hamısı (sahibinin etdiyi əməl, dediyi söz barəsində) sorğu-sual olunacaqlar». («İsra» surəsi, ayə 36) Bir çox yeni qurulmuş ailələrdə baş vermiş ixtilaflara nəzər saldıqda, etiraf etmək lazımdır ki, çox vaxt təqsir böyüklərdədir. İxtilafın səbəbi valideynlərin yersiz umacaqları və xırdaçılıqları olur. Bəzən də imam Sadiqin (ə) buyurduğu kimi, qalmaqallara həsəd bais olur. Əlbəttə, bəzi təzə gəlinlər də bu qalmaqalların törənməsində təqsirsiz deyildirlər. Buna səbəb onların yaşlarının azlığı, təcrübəsizlikləridir. Buna göz yummaq mümkün olduğu halda, böyüklər onları bağışlamırlar. Nəticədə isə ixtilaf odu alovlanır və əxlaqi, dini çatışmazlıq bu ixtilafa daha da təkan verir. Belə ki, iki gəncin yenicə qovuşmuş ulduzu ayrılır, ümidləri doğrulmur. Bildiyiniz kimi, hər bir insan istər kişi olsun, istərsə də qadın fitri olaraq azad və azadlıqsevər yaradılmışdır. Bu azadlığın alınması kimin tərəfindən olmasından asılı olmayaraq, İslam nəzərində böyük günahdır. Burada hamilə qadına diqqət olunması, onun əmin-amanlığının qorunmasından söhbət açmağımızın mənası, hamilə olmadıqda heç də ona etinasızlıq etməyin maneəsiz olması demək deyil. Bu, yalnız hamilə qadının həssas vəziyyətini diqqətinizə çatdırmaq üçündür. Çünki hər bir halda insanların azadlığının qorunması vacibdir. Əgər ailələrin imkanı olarsa və onlar üçün problem yaranmazsa, elə ilk gündən bəylə gəlinin həyatını müstəqil etsinlər və beləliklə, onlarla İslami göstərişlər və insani keyfiyyətlər əsasında, heç bir umacaqları olmadan davransınlar. Hər iki tərəfin valideynləri onların evinə yalnız öz övladlarını görməyə, onlara baş çəkməyə getməli, öz evlərinə gəldikdə isə onları xoşüzlə qarşılamalı və onların həyatına heç bir dəxalət etməməlidirlər. Buna imkanları olmadıqda isə öz evlərinin bir hissəsini onlara verib, şirin həyatlarının zəhərə çevrilməməsinə səy göstərməlidirlər. Gəlin ər evində İlahi bir əmanətdir. O, min arzu diləklə öz keçmiş həyatından əl çəkərək, yeni bir həyata qədəm qoymuşdur. Kürəkən isə gəlinin ailəsi üçün Haqqın nemətidir. Bu nemətə öz övladları kimi yanaşmalıdırlar. Onların bu davranışı Qurana və rəvayətlərə əsasən, ibadət olaraq Haqqın rizasına və əbədi behiştə yol açır. Yeni ailə qurmuş gənclərin valideynləri ailə qurduqları ilk günləri xatırlasınlar. Onlar ya yaxınlarının mehribanlığı, səmimiliyi nəticəsində olduqca şirin bir həyat keçirmiş, ya da bunun əksinə olaraq, yaxınlarından heç bir səmimiyyət görməyərək, acı bir həyat sürmüşlər. Hər halda, indi özləri valideyn, qayınata və ya qayınana olmuşlar. Özlərini bir anlığa iki yenicə bir-birinə qovuşmuş gəncin yerinə qoysunlar. Onları anlamağa, başa düşməyə çalışsınlar. Bilsinlər ki, yersiz dəxalətlər övladlarının səmimiyyətini pozur, onların həyatlarını mənasızlaşdırır. Nəticədə, qohum ailələr düşmənə çevrilir və gənclərin ailəsi dağılır. İmam Sadiq (ə) «Kafi» kitabında qeyd olunmuş bir rəvayətdə buyurur: «Allahın Adəmə (ə) bir həyati prinsip olaraq verdiyi ilk öyüd-nəsihət bu idi: «Özün üçün bəyənmədiyini digərləri üçün də bəyənmə. Özün üçün bəyəndiyini isə digərləri üçün də bəyən». Bəli, valideynlər, gəlin və kürəkən, yaxınlar, qohumlar həyatda özləri üçün bəyənmədiklərini isə onlar üçün də bəyənməməlidirlər. Bəyəndiklərini bu iki gənc üçün də bəyənməlidirlər. Bu prinsipə hamı tərəfindən əməl olunsa, cəmiyyətdə heç bir problem qarşıya çıxmaz. Qarşıya çıxdıqda isə, asanlıqla həll olunar. İndi isə qadının hamiləlik dövrü ilə bağlı iki Quran ayəsinə nəzər salaq: وَوَصَّيْنَا الإنْسَانَ بِوَالِدَيْهِ حَمَلَتْهُ أُمُّهُ وَهْنًا عَلَى وَهْنٍ «Biz insana ata-anasına yaxşılıq etməyi (valideynə yaxşı baxmağı, onlarla gözəl davranmağı) tövsiyə etdik. Anası onu (bətnində) çox zəif bir halda daşımışdı». («Loğman» ayə 14) وَوَصَّيْنَا الإنْسَانَ بِوَالِدَيْهِ إِحْسَانًا حَمَلَتْهُ أُمُّهُ كُرْهًا وَوَضَعَتْهُ كُرْهًا «Biz insana ata-anasına yaxşılıq etməyi (valideynə yaxşı baxmağı, onlarla gözəl davranmağı) tövsiyə etdik. Çünki anası onu (doqquz ay bətnində) zəhmətlə gəzdirmiş, əziyyətlə doğmuşdur». («Əhqaf» surəsi, ayə 15) Sizin fikrinizcə, bu zəhmətli, əziyyətli zəif günlərdə hamilə qadının nazı çəkilməməlidirmi? Ona hər bir sahədə qayğı göstərilməməlidirmi? Hamilə qadına qayğı göstərmək ilk mərhələdə əxlaqi, ictimai və dini baxımdan ərinin, sonrakı mərhələdə isə yaxınlarının, qohumlarının üzərinə düşən vəzifədir. Bu, uşağın ana bətnində tam sağlam inkişafı üçün olduqca zəruridir. Hamiləlik zamanı görüləsi işlər Hamiləliyin hər bir qadın üçün zəhmət, əziyyət olduğuna heç bir şübhə yoxdur. Bunun əziyyətini dadan, zəhmətini görən anaların övladlarına məhəbbəti olmasaydı, bir də hamilə olmağa razı olmazdılar. Çünki bu vəziyyətdə qadın orqanizminin müxtəlif hissələri qəribə fəaliyyət göstərir. Onun orqanizmi daha çox şirə ifraz edərək, bədənin fəaliyyətini sürətləndirir. Amma bir çox hamilə qadınlar ürəkbulanma və iştahasızlıq üzündən yaxşı qidalanmayaraq, öz sağlamlıqlarını qoruya bilmirlər. Bir çox qadınlar da öz sağlamlıqlarını qorumaq üçün kökəlmənin, uşağın qarında böyüməsinin qarşısını almaq üçün özlərini xüsusi rejimə salır, orqanizmlərini bir çox lazımi qidalardan məhrum edirlər. Onlar çəkilərinin artmamasına, uşağın inkişaf etməməsinə çalışırlar. Qorxurlar ki, uşaq inkişaf edib böyüyərsə, dəriləri korlanar və ya doğuş zamanı daha çox əziyyət çəkərlər. Belə qadınlar bilməlidirlər ki, hamilə olduqları ilk gündən artıq bir nəfər deyil, iki nəfərdirlər. Elə buna görə də, hamiləlik dövrü boyunca özünün və övladının sağlamlığını təmin edən bir rejimə keçməli, özünün arıq olmasına və övladının zəif doğulmasına şərait yaratmamalıdırlar. Hamiləlik dövrlərinin əziyyətsiz, rahat keçməsi üçün hamilə qadın nə kökələcək qədər çox yeməli, nə də arıqlayacaq və uşağı bətnində saxlaya bilməyəcəyi qədər az yeməlidirlər. O, gündəlik yeməyini düzgün qaydada proqramlaşdırmalı və orqanizminin gündəlik ehtiyac duyduğu kalorini qəbul etməlidir. Hamilə qadınlarda orqanizm daxili şirələr ifraz etdiyi üçün bədəninin inkişafı sürətlənir. Buna görə də qida daha tez həzm olunur. Əgər uşaq olmasaydı, qadın dərhal kökələrdi. Orqanizm fəaliyyətinin artmasına səbəb bətndəki uşaqdır. Bu, onun sürətlə inkişaf etməsi üçündür. Ana az yedikdə, uşaq məcburiyyət qarşısında qalaraq, ananın sümükləri içərisində və ya digər hissələrində qalmış maddələrdən istifadə edərək bu boşluğu doldurur. Uşağın ana bətnində özünü formalaşdırması üçün dəmirə və kalsiuma ehtiyacı var. Dəmir uşağın qanı üçün çox lazımlıdır. Dəmirsiz qırmızı qan kürəciklərinin tərkibində olan hemoqlobinlər əldə olunmur və uşaq anada mövcud olan qandan özünə sərf etməyə məcbur olur. Buna görə də tədricən ananın qanı azalır və şübhəsiz ki, doğulduqdan sonra qanı az olur. Ana özünün və övladının ehtiyacı olan dəmiri təmin etmək üçün hər gün kifayət qədər lobya, paxla, mərci, qara ciyər, ət, alma, üzüm, xurma və s. kimi tərkibində dəmir olan qida maddələrindən istifadə etməlidir. Kalsium uşağın bədən quruluşunun təməlini qoyur. Çünki onun ana bətnində olduğu müddət ərzində aşağısı 40-50 qr. kalsiumlu maddəyə ehtiyacı var. Ana tədricən həmin miqdarda kalsiumu qida vasitəsi ilə uşağına ötürməli və onun sümüklərinin bərkiməsinə yardım etməlidir. Əks təqdirdə, uşaq ananın orqanizmində olan kalsium vasitəsilə öz ehtiyacını ödəməyə çalışır. Bunun nəticəsində isə ananın sümükləri yumşalır, dişləri çürüyür, başının tükü tökülür və günbəgün zəifləməyə doğru gedir. Kalsiumu qatıq, pendir və qaymaq kimi süd məhsulları, arpa, buğda, alma və armud kimi meyvələr vasitəsilə əldə etmək mümkündür. Çünki uşağın qidalanmasına və inkişafına yalnız bu yolla yardım etmək olar. Qadının hamilə olduğu zaman ananın sağlamlığını qorumaq və uşağın cisim və əql baxımından inkişafı, eləcə də uşaq dünyaya gəldikdən sonra ananın və onun necə qidalanması haqqında İslamın çox mühüm göstərişləri mövcuddur. (Bu barədə mütaliəni sizin öhdənizə qoyuruq). İslam geyimin növü, onun rəngi, ayaqqabı, ananın get-gəli, məhrəm və naməhrəmin qadın hamilə olduğu zaman evə gedib-gəlməsi və s. kimi məsələlər haqqında da lazımi tapşırıqlar vermişdir. Ana hamilə olduğu müddətdə Allahı yad etməyə, Quran oxumağa, İlahi məclislərdə iştirak etməyə, vacib əməlləri həyata keçirməyə diqqət yetirərsə, uşağın mənəviyyatına xoş təsir bağışlamış olar. Hamiləlik özü İslam dinində bir növ ibadət hesab olunaraq, böyük bir savaba yol açır. Həzrət Peyğəmbər (s) buyurur: «Bəli, qadın hamilə olduqda oruc tutan, gecəni ibadətlə keçirən, Allah yolunda canı və malı ilə cihad edən şəxsə bənzəyir». Əlbəttə, qadın və kişi bir-biri ilə razılaşaraq, uşaqları olmasının qarşısını ala bilərlər. Lakin belə olduqda, çox faydalı bir ticarəti əldən vermiş olacaqlar. Valideynlər övlad sahibi olduqda, bunun məsuliyyətini dərk etməli, öz maddi vəziyyətlərini nəzərə almalıdırlar. | |
Category: Xanimlar ucun ( | Added by: IslamQadini | |
Views: 1210 | Downloads: 0 |
Total comments: 0 | |