Main » Files » Islamda qadinlar » Xanimlar ucun ( |
2012-11-03, 6:06 AM | |
İslamda qadının işləməsi Artıq qadın kişi ilə bərabər işləməyə başlamış, üstəlik ərləri də buna imkan yaratmışlar. Cəmiyyətdə nizam-intizam o qədər sürətlə dəyişib ki, artıq qadınların işləməsi zərurət halını alıb. Ailənin xoşbəxtliyini təmin etmək üçün qadınlar da kişilər kimi fəaliyyət göstərirlər. Həqiqət budur ki, qadın və kişiləri həmahəng olub, birgə fəaliyyət göstərən ailələr digər ailələrə nisbətən daha artıq rifahdadırlar. Belə ki, ər nə qədər çalışırsa da, heç vaxt nəzərə çarpacaq müvəffəqiyyət hasil olmur. Belə ailələrin bədbəxtlik və yoxsulluq içərisində yaşamaları, hər bir xırda narazılığın ixtilaf və dava-dalaşa, ər-arvad arasındakı münasibətlərin soyumasına səbəb olması da qaçılmaz faktdır. Digər tərəfdən, əgər biz qadının həyatına nəzər salsaq, üzərinə düşən vəzifələri müşahidə etsək, ona ürəyimiz yanar. Onun işi kişinin işindən də ağırdır. İşi çöldə olan kişi, gündüz ruzi qazanır, axşam isə evə gəlib dincəlir. Amma çöldə işləyən qadın, evə qayıdanda istirahət edə bilmir, çünki evə gələn kimi əri və uşaqları ondan yemək-içmək istəyir. Hərəsi bir şey tələb edir, hamı onu gözləyir. Qadın nə vaxt işləyə bilər? İslamda qadının işləməsi məsələsini Qurani-Kərimdə Şueyb və Musa peyğəmbərin qissəsindən başa düşə bilərik. Gəlin birlikdə bu qissəni oxuyaq və düşünək! Allah-Taala buyurur: "Musa Mədyən kənarındakı bir quyuya çatanda onun başında heyvanlarını sulayan bir dəstə adam və onlardan başqa (qoyunlarını su içməyə və başqalarının heyvanlarına qarışmağa qoymayan) iki qadın görüb dedi: "Sizə nə olub, dərdiniz nədir?” Onlar: "Çobanlar (heyvanlarını) sulayıb getməmiş biz (qoyunlarımıza) su vermirik. Atamız da ixtiyar bir qocadır (buna görə qoyunları sulamağa biz gətiririk)” – deyə cavab verdilər. ("Qəsəs” surəsi, ayə 23) Musa peyğəmbər Misirdən çıxıb Mədyənə gəlir. Misirdə Fironun adamları ona sui-qəsd hazırlayırlar. Musa peyğəmbər Misirdə olarkən bir qibtini bilmədən öldürür. Allah-Taala Qurani-Kərimdə buyurur: "Şəhərin kənarından bir nəfər çaparaq gəlib dedi: "Ya Musa! Əyan-əşrəf səni öldürmək barəsində məsləhət-məşvərət edirlər. Elə bu saat şəhərdən çıx get. Mən, həqiqətən, sənin xeyirxahlarındanam!” Musa qorxu və intizar içində şəhərdən çıxıb: "Pərvərdigara! Məni bu zalım tayfanın əlindən qurtar!” – dedi”. ("Qəsəs” surəsi, ayə 20-21) Musa (ə) Misirdən Fələstinə getdi. Sinay səhrasını ötəndən sonra Mədyən kənarındakı bir quyuya gəlib çatdı. Bir dəstə adamın öz heyvanlarına su verdiyini gördü. Hər kəs öz heyvanını sulamaq üçün tələsirdi. Bu vaxt Musa peyğəmbər iki qadının bir dəstə adamdan uzaqda durduğunu görür. Lakin o iki qadın öz qoyunlarını su içməyə qoymur və istəmirlər ki, onların hevanları başqalarının heyvanlarına qarışsın. Bu hadisə Musanın diqqətini cəlb edir. Fikirləşir ki, necə ola bilər ki, qoyunlara su vermək üçün məhz qadınlar gəlib və nə üçün öz qoyunlarını su içməyə qoymurlar... Musa o iki qadına yaxınlaşıb soruşur: "Sizə nə olub? Dərdiniz nədir?” Onların cavabını eşidəndən sonra başa düşür ki, ataları qoca olduğuna görə onlar zərurət üzündən evdən çıxıblar ki, qoyunlarına su versinlər. Bu hadisəyə diqqət yetirək. Deməli, qadının evdən çölə çıxması üçün zəruri amillər mövcud olmalıdır. Birincisi: Onlar iki qadın idi. Bu işi görmək üçün isə tək yox, iki nəfər birlikdə evdən çıxmışdır. Ataları da qoca idi. Əgər mövzuya məntiqlə yanaşsaq, belə nəticəyə gələ bilərik ki, gərək qadınlardan biri evdən çıxanda digəri yaşlı atasının yanında qalıb ona xidmət edəydi. Lakin onlar ikisi birlikdə çıxıblar ki, bir-birilərinə həyan olsunlar. Baxmayaraq ki, bu iki qız peyğəmbər qızı idi. Amma peyğəmbər qızı olmaq onlardan birinin tək çıxmasına imkan vermir. Hər zaman şeytanın azdırmasından, hiyləsindən ehtiyatlı olmaq lazımdır. İkincisi: O iki qadın evdən çıxmağa məcbur olsalar da, heyvanları sulamaq üçün kişilərə qarışmırlar, əksinə onlardan kənarda durub onların işlərini qurtarmasını gözləyirlər. Bu qissə bizə öyrədir ki, əgər qadın işləmək məcburiyyətində qalsa belə, yenə də kişilərə qarışmamalıdır. Sonra nə baş verir? Musa onlar üçün yaxınlıqdakı başqa bir quyudan su çəkib qoyunlarını sulayır, sonra da kölgəyə çəkilib deyir: "Ey Rəbbim! Mən Sənin mənə nazil edəcəyin xeyrə möhtacam!” Musa peyğəmbər əlindən gələn imkanları onlara sərf edir. Bu, İslam cəmiyyətinin qadınlara göstərə biləcək borcudur. Necə ki, Musa peyğəmbər bunu etdi. İslam dini kişi və qadın arasında heç bir fərq qoymadan onların hər birinin şəxsiyyət və iradəsini tanıyır, qadın və kişi olmasından asılı olmayaraq, hər növ ağlasığan qərarları möhtərəm sayır. Bəzən kişilər kimi lazımi qədər fəaliyyət göstərib ruzi əldə etmək qadınlara da vacib olur. Peyğəmbərimiz (s) bu barədə buyurub: "Halal ruzi qazanmaq, kişi və qadınlığından asılı olmayaraq, bütün müsəlmanlara vacibdir”. Unutmayaq ki, yalnız ictimai zərurət yarandıqda qadınların işləməsi artıq İslami vəzifə hesab olunur. Belə ki, qadınlar müəyyən səbəblərə görə məcbur qaldıqda, öz ictimai ehtiyaclarını təmin etmək məqsədilə səy göstərib, halal ruzi qazanmaq üçün müəyyən addımlar atmaq onlara vacib olar. Cəmiyyətin orta hesabla götürsək yarısı kişi, yarısı da qadındır. Onlar bir-birinə dəstək olmalı, kömək göstərməli, təminatlarını imkan daxilində ödəməlidirlər ki, qadınlarımız öz vəzifələrini layiqincə yerinə yetirə bilsinlər. Yoxsa onlar da kişilər kimi bütün günü çöldə olsa, üzərinə düşən vəzifələri kim yerinə yetirəcək?! Bəziləri cəhalət üzündən deyir: "Əgər cəmiyyətin yarısını qadınlar təşkil edirsə, onlar işləməsə, deməli, cəmiyyətin yarısı işsizdir”. Amma onlar məsələyə birtərəfli baxırlar. Hazırkı vaxtda qadınlarımız üçün çoxlu iş yerlərinin açılması, eyni zamanda bir çox gənclərimizin özlərinə iş axtarıb tapmaması təəccüb doğurur. Əgər cəmiyyətdə işçi qüvvəsini təşkil edən qadınlar evdarlıq etsəydilər, analıqla məşğul olsaydılar, hansı kişi evdə oturaq həyat sürərdi. İndiki dövrümüzdə bunu yaxından analiz etsək, görərik ki, evdə oturan kişilərin sayı qadınların sayından heç də azlıq təşkil etmir. Faciəmi...yoxsa...Fəlakət! Qadınlara hansı işlər qadağandır? Qadınların təbiəti, əxlaqi səciyyələri bəzi hallarda kişilərlə heç də bərabər deyil və müxtəlif məsələlərdə onların hər biri digərinə nisbətən daha üstün imtiyaza malikdir. Kişidə rasionallıq (əqlaniyyət) emosionallıqdan daha çox və daha möhkəmdir. Qadın isə analıq hissinə malik olduğundan kişilərə nisbətən övladın qorunub-saxlanılması, eləcə də təlim-tərbiyə işlərində ön cərgədədirlər. Qadın həssas və şəfqətlidir, onun bütövlüyü, kamilliyi məhz bu cür xəlq olunmasındadır. Kişilər müxtəlif ekstremal şəraitlərdə daha məntiqli rəftar etdiklərinə və hər cür emosionallıqdan uzaq olduqlarına görə bir sıra ictimai işlər yalnız kişilərin öhdəsindədir. O cümlədən: 1) Hökmranlıq (hakimiyyət), cəmiyyətə və ya müəyyən qruplara rəhbərlik etmək kişilərə məxsusdur və qadınlar bu cür məsuliyyəti öhdələrinə ala bilməzlər. Tarix göstərir ki, qadınlar siyasi işlərdə o qədər də məharətli olmamış və uğur qazanmamışlar. Məsələn, müsəlmanların əksəriyyəti tərəfindən ehtirama layiq görülən Aişə və Ümmü Sələmə Peyğəmbərin (s) zövcələri idi. Aişə siyasət səhnəsində hakimiyyət bayrağını ələ keçirmək üçün Həzrət Əli (ə) ilə müxalifət etdi və hətta Ümmü Sələməni də bu işə dəvət etdi. Lakin Ümmü Sələmə «möminlərin anası» ləqəbini qoruyub saxladı, Həzrət Əli (ə) və Hüseynin (ə) sirlərinə (çox vaxt vilayətin xüsusi əmanətləri onun yanında olardı...) məhrəm oldu. Aişə isə öz İmamına qarşı üsyan etdi, minlərlə günahsız müsəlmanın qanının axıdılmasına səbəb oldu, bununla da öz qadınlıq şəxsiyyətini alçaltdı... 2) Mühakimə və qəzavət işləri də atifi məsələlərə uyğun gəlmədiyindən (qadınlar daha duyğulu) və bu cür məsələlərdə camaatın canı, malı və müqəddaratı həll olunduğundan, yalnız xüsusi şərtlərə malik olan kişilərin öhdəsindədir. 3) Cihad – İslamın genişləndirilməsi və yayılması məqsədilə edilən hücum da kişilərə məxsusdur. Digər məsələlər kimi bu məsələ də qadınların incə, lətif duyğuları ilə heç cür uyğun gəlmir və bu səbəbdən qadınlara qadağandır. Lakin əqlin və şəriətin hökmünə əsasən, müdafiə cihadında düşmənin nüfuzunun qarşısını almaq bütün insanlara, qadın-uşaq, böyük-kiçik, bir sözlə, hamıya aiddir, hamı öz şəxsiyyətini, istiqlaliyyət və namusunu qorumalıdır. 4) İslam maarifi və müxtəlif elmlərə yiyələnməkdə qadınlarla kişilər arasında heç bir fərq və məhdudiyyət yoxdur. Hətta qadın ictihad məqamına çatıb, öz fətvasına əməl də edə bilər. 5) Mütəvatir və çoxlu sayda hədislərdə gəlmişdir ki, qadınlarla məşvərət etməyin, onların nəzərlərinin əksini qəbul edin, çünki məşvərət məsələləri uzaqgörənliklə əlaqədardır və atifi hisslərlə ziddiyyət təşkil edir. Lakin kifayət qədər məlumatlı olduğu məsələlərdə təcrübəli və ağıllı qadınlarla məşvərət etməyin heç bir eybi yoxdur. Müsəlman qadınlar öz təbiətlərinə uyğun gələn həssas işlərdə, o cümlədən müalicə, mamalıq, diş həkimi, tibb işçisi, xəstə qadınların müalicəsi, cərrahlıq, tibbi rentgen şəkillərin çəkilməsi, toxuculuq, dərzilik, təlim-tərbiyə və s. ictimai baxımdan atifi məsələlərə zidd olmayan sahələrdə fəaliyyət göstərə bilərlər. Deyilənlərin nəticəsi olaraq, bunu deyə bilərik ki, qadın ərinin icazəsi ilə həyatın bütün iqtisadi, ictimai sahələrində kamil hicaba, əxlaqi məsələlərə riayət edərək tam vüqar və həya ilə kişilərə qarışmadan fəaliyyət göstərə bilər. Belə ki, qadınlar təkcə iffət, həya və hicab silahı ilə qorunduqları halda, hər cür əxlaqsızlığın qarşısı alına və sağlam cəmiyyət qurula bilər. «İslamda evlənmə və ailə hüququ» və Məhəmməd Mitvəlla Şəravinin "Quranda qadın” kitablarına istinad olunmuşdur kovser.az | |
Category: Xanimlar ucun ( | Added by: IslamQadini | |
Views: 1069 | Downloads: 0 |
Total comments: 0 | |