Main » Files » Qadın - Fatimə Fatimədir » AİLƏ TƏŞKİLİ |
2011-11-18, 3:06 PM | |
AİLƏ TƏŞKİLİ Qadın öz təravətli dövrünü azad cəmiyyətin restoranlarında, parklarında, kazinolarında xərcləyir və bir də onda ayılır ki, ətrafda kimsə yoxdur. Onu yalnız keçmiş xatirələrdən ləzzət almaq üçün yada salırlar. Kişi də eyni həyat tərzini yaşayır. Hər bağçadan bir gül dərib, cinsi qüvvəsini sağa-sola xərcləyir. Bir müddət sonra "azad” kişidə ümumiyyətlə, qadın cinsinə maraq qalmır. Cinsi istəyini dünya sərvətinə maraq, əyləncələr əvəz edir. Amma bir vaxt gəlir ki, "azadlıq”dan yorulmuş kişi və qadın tənhalıq hissindən yaxa qurtarmaq üçün ailə qurmaq qərarına gəlirlər. Ailə qurulur. Amma bu ailənin əsasını nə gənclik eşqi, nə də hansısa ali məqsəd təşkil etmir. Bu ailədə hansısa müqəddəslikdən söhbət belə gedə bilməz. Onlar nə üçün həyat qurduqlarını özləri daha yaxşı bilirlər. İzdivac mərasimləri istər meriya, istərsə də kilsədə çox təmtəraqlı keçirilir. Maraqlıdır ki, 200-300 gəlindən təqribən 10 %-i gəlinlik paltarı geyir. Onlar etiraf edirlər ki, bu yaşda gəlinlik paltarı geyinmək münasib deyil. Demək olar ki, toy mərasiminin səhəri hərə öz işinin ardınca gedir. Çünki yeni ər-arvadı bir yerdə saxlayası elə bir səbəb yoxdur. "Hər şey” artıq çoxdan xərclənmişdir. Bəzən də toy mərasiminin qurulmasına yenicə doğulmuş körpə səbəb olur. Qanun izdivac tələb edir! Qətiyyətlə deyə bilərik ki, qərbdə və okeanın o tayında ailə əsasları çox kövrəkdir. Ailədə doğulan körpələr "azad” ata-ananın diqqət mərkəzində olmur. Çox vaxt qurulmuş ailə çox tez bir zamanda iki ünvanda yaşamağa başlayır, yəni ər - ayrı, arvad - ayrı! Axı min bir ağuş görmüş insanları hansı sevgi, hansı ehtiras şərqdəki kimi birləşdirə bilər?! İQTISADIYYATDA QADININ ROLU İstehsal və istehlak bünövrəsi üzərində qurulmuş cəmiyyətlərdə düşüncələr də bir növ "iqtisadi”dir, yəni iqtisadiyyatı bilənlər ağıllı hesab olunurlar. Belə bir cəmiyyətdə qadın əmtəə rolunu oynayır, çünki onun seksual manevrləri iqtisadiyyatın tempinə təsir göstərir. Kapitalizmin formalaşdırdığı qadın iki iş üçün faydalıdır. Qadın seksoloji qıcıqlandırmalara malik yeganə vasitədir. Onun bu xüsusiyyəti kimsədə "bu nə cəmiyyətdir” etirazı üçün boş vaxt, fürsət qoymur. Burjuaziya, cəmiyyəti öz istirahət vaxtını sekslə keçirməyə vadar etmişdir. Freydbazlıq, seksbazlıq bir fəlsəfi baxış kimi sırınsa da, əsl həqiqət göz qabağındadır. Baxın! Bütün rəsm sərgiləri, ədəbiyyat, kino, teatr sekslə yaşayır. İnsanların beyninə yeridilir ki, sekssiz yaradıcılıq şablondur. İkinci bir tərəfdən, cəmiyyəti əsarət altında saxlamaq üçün onların cüzi kapitallarını böyük banklarda oturtmaq, müştərilər yığmaq lazımdır. Kapitalistlər öz təbliğat kompaniyalarında qadınlardan çox geniş istifadə edirlər. Təsəvvür edin ki, bank üçün müştəri toplayan seksual görkəmli xanım 100 kişinin görə bilmədiyi işi görür. O, öz görkəmi ilə istənilən axmaq qocanın son sentinə qəbz yazır. Bəli, müqəddəs eşq taxtına seks oturub! Orta əsrlərin "sevgili əsri” müasir dövrün "azad əsri”nə çevrilib. Bütün tarixi dönəmlərdə istedadına yer verilməyən qadınlar kapitalistlərə gəlir gətirən şablon gözəllik vasitəsinə çevrilmişlər. Əlbəttə ki, onların ucuz işçi qüvvəsi kimi istifadə olunması da faktdır. BƏS ŞƏRQDƏ NECƏDIR? Qeyd edək ki, əksər qərb ölkələrində, eləcə də İsveçdə, Norveçdə, hətta Fransa və Almaniyada kişilərdə cinsi yetkinlik daha gec formalaşır. Məsələn, 17-18 yaşlı oğlanlarda demək olar ki, qadına cinsi maraq olmur. Ona görə də oğlanlara nisbətən, qızlar cinsi nöqteyi-nəzərdən daha aqressiv olurlar. Bu aqressivlik Avropa kişisini süstləşdirir. Ona görə də Avropa sosioloqları qərb kişisinin ehtiraslarını oyatmaq üçün müxtəlif proqramlar hazırlayırlar. Şərqdə belə bir problem yoxdur. Şərqli oğlan çox tez cinsi yetkinlik dövrünə çatır. Əksinə, şərqli sosioloqlar bu problemi qaydaya salmaq haqqında düşünürlər. Mübahisələr yaranır. Kimi iffətli müsəlman qadını ideal götürür, kimi qərbli qadını. Avropalılar şərq cəmiyyətini dəyişmək istəyirlər. Məqsəd, iqtisadiyyat və mənəviyyata hakim olmaqdır. Həm ağzımızın tikəsini alır, həm də insani dəyərlərimizə təcavüz edirlər. Amma mənəviyyatı puça çıxarmadan, iqtisadiyyatı ələ keçirmək olmur. Onların fikrincə, biz əvvəlcə keçmişimizdən, dinimizdən üz döndərməli, bir növ boşalmalıyıq. Dinini xurafat, adət-ənənəsini köhnəlmiş hesab edib bu dəyərlərə arxa çevirən şərqli boş tuluğu xatırladır. Bu boş tuluğ sahibi susadığı vaxt, boşluqdan darıxdığı vaxt ona yeni dəyərlər təqdim olunur. Demək, şərqi "özündən” ayırmadan ona sahib durmaq olmaz. Onlar türkü, ərəbi, farsı eyni bir qəlibə salmaq fikrindədirlər. Bu millətlər dini də, mədəniyyəti də, iqtisadiyyatı da qərbdən öyrənməlidirlər. Bir sözlə, onların düşünmək haqqı yoxdur! Amma adət-ənənələr, dinlər şərqi qorudu və qərbin qarşısında böyük maneəyə çevrildi. Əlbəttə ki, dini və milli təəssübkeşliyi əhəmiyyətsiz saymaq olmaz. Şərq öz tarixi, mədəniyyəti, alimləri və övliyaları ilə qərbdən qat-qat yuxarıda dururdu. Qərb hiyləyə əl atdı. Üzbəüz mübarizənin mümkün olmayacağını anlayan Avropa şərqi daxildən zəiflətməyə başladı. Axmaq və qürurlu şərqlilər tapıb sərmayələr tökdü, onlardan "şəxsiyyətlər” düzəltdi. Artıq, öz içimizdə özümüzə qənim kəsilmiş avropapərəstlər yetişdirilmişdir. TƏCAVÜZLƏRDƏ QADININ ROLU Müsəlman ölkələrində qadın olduqca təsirli bir nüfuza malik idi. Qadın öz zəif təbiəti ilə Avropanın "yenilik” provokasiyasına daha tez uydu. Afrikanın istismarı zamanı avropalılara bir o qədər də xərc çəkmək lazım gəlmədi. Onlar saxta bər-bəzək əşyaları ilə bədəviləri qısa bir müddətdə ovsunladılar. Təsəvvür edin ki, bədəvilər bir ovuc rəngli şüşənin əvəzində bir sürü qoyun verirdilər. Bu müamilələrdə bədəvi qadınlar aparıcı rol oynayırdılar. Etiraf edək ki, şərqdə qadınlar bir çox ictimai-siyasi hüquqlardan məhrum idilər. İslam dini qadını qul buxovundan azad etdiyi halda, eyni dinin hökmləri adı altında onların azadlıqları məhdudlaşdırılırdı. İslama qədərki şərqdə qadın insani şəxsiyyətdən məhrum idi. İslam gəldi və qadın öz varlığını hiss etdi. Qadına heç zaman, heç yerdə görünməmiş mülkiyyət hüququ verildi. Müəllif: Doktor Əli Şəriəti | |
Category: AİLƏ TƏŞKİLİ | Added by: IslamQadini | |
Views: 1145 | Downloads: 0 |
Total comments: 0 | |