«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə axşamı, 2024-12-26, 10:05 PM
Main » Files » Qadın - Fatimə Fatimədir » “ATASININ ANASI”

2011-11-18, 2:58 PM
"ATASININ ANASI”
Tarix, adətən, bütün diqqəti böyüklərə yönəldib, uşaqları nəzərdən qaçırır.
Fatimənin körpəliyi tufanlar içində keçdi. Onun anadan olduğu gün haqqında müxtəlif rəylər mövcuddur. Məsələn, Təbəri, İbn İshaq bəsətdən əvvəl beşinci, Mürucüz-Zəhəb Məsudi bəsətdən sonra beşinci ili, Yəqubi isə bu iki tarixin ortasını qeyd edirlər. Ümumi fikir belədir ki, Fatimə Peyğəmbərə (s) vəhy nazil olduqdan sonra dünyaya gəlmişdir. Qoy bu məsələni tarixçilər dəqiqləşdirsinlər. Bizim işimiz isə Fatimənin şəxsiyyətini araşdırmaqdır.
Onun qardaşları kiçik yaşlarında ölmüşdülər. Ona ana əvəzi qalmış böyük bacısı Zeynəb Əbil-Asa ərə getmişdi və Fatimə bu ayrılığın acısını yaşayırdı. O biri bacıları Rüqəyyə və Ümm-Gülsüm Əbu Ləhəbin oğlanlarına ərə getmişdilər. Nə isə, Fatimə Məkkədə tənha qalmışdı. Onun körpəliyi risalət çarpışmaları dövrünə təsadüf edirdi. Xalqın oyanış yükünü çiyinlərinə almış Peyğəmbər (s) düşmənlərlə mübarizə apardığı bir zamanda Fatiməyə qəyyumluq edirdi. Fatimə körpə olduğu üçün azad şəkildə atasına yoldaşlıq edir və onun şəxsi həyat yaşamadığını görürdü. Daim düşmənlərin hədəfində olan atanı tənha buraxmaq Fatiməni razı salmırdı.
Fatimə şahid olurdu ki, atasının məhəbbətli, mehriban çağırışlarına istehza ilə yanaşılır. Amma Peyğəmbər (s) tənhalıqdan süstləşməyərək öz işini davam etdirir, cüzi istirahətdən sonra peyğəmbərlik fəaliyyətinin ardınca gedirdi.
Həzrət Peyğəmbərin (s) Məscidül-Həramda təhqir olunduğu, döyüldüyü səhnələr tarixin yaddaşına həkk olunub. Həmin vaxt atasından azca aralı durmuş kiçik yaşlı Fatimə hadisələri izləyir, ara sakitləşləndə atasına qoşulub, evə qayıdırdı.
Bir gün Məscidül-Həramda səcdə halında olan Peyğəmbərin başına qoyun içalatı atdılar. Körpə Fatimə özünü atasına çatdırıb, kiçik əlləri ilə onun üzünü təmizlədi, nəvaziş göstərib, əlindən tutdu və birlikdə evə qayıtdılar. Fatimənin öz qəhrəman, fədakar, eləcə də, tənha atasına sədaqətini görənlər ona "ümmi-əbiha”, yəni "atasının anası” ləqəbini vermişdilər.
Təqiblərdən Əbu Talib dərəsinə pənah gətirmiş ailə qara günlərini yaşayır, aclıq və susuzluq keçirirdi. Əbu Cəhl və digər Qüreyş başçıları elan yazıb Kəbədən asmışdılar: "Bəni-Haşim və Bəni-Əbdülmüttəliblə heç kəs ünsiyyətdə olmamalıdır! Onlara bir şey satmaq, onlardan bir şey almaq qadağan olunur! Onlarla izdivaca icazə verilmir!”.
Guya bu çətinliklər həzrət Məhəmməd və onun yaxınlarını bütlərə təslim etməli idi. Yalnız Məhəmmədin dinini qəbul edənlər yox, Məhəmmədi müdafiə edən hər bir şəxs ölümə məhkum edilmişdi. Amma Məhəmmədin (s) ətrafındakılar İslamı tanımasalar da, Məhəmmədin saflığına, düzlüyünə əmin idilər. Bu insanlar Əli ibn Üməyyə kimi nadan mühafizəkarlardan çox-çox üstün insanlardı. Əbu Cəhl, Əbu Ləhəbin ətrafında görünən bu qəlbi qaranlıq "ziyalılar”ın yeganə məqsədi öz ictimai mövqelərini, var-dövlətlərini qorumaq idi. Onlar, Peyğəmbərə (s) həmfikirlik ləyaqəti tapmış Bilal, Əmmar, Yasər, Suməyyə kimilərinə verilən işgəncələrdən zövq alır, bəzən isə riyakarlıq göstərərək ikili mövqe tuturdular. Əsl və ilkin müsəlmanlar isə hətta "təqiyyə” (əqidəni gizləmə dövrü) başa çatdıqdan sonra da öz əqidələrinə sadiq idilər.
Yeni iman alovu ruhlarda qalandığı zaman, cəmiyyətdə təhlükəli qiyamlar başlandığı vaxt hər bir insan özünü sınaqdan keçirmək məcburiyyətində qalır. Bu məqamlarda insanın daxilindəki riya, qorxu, eqoizm aşkarlanır. Həmin üç illik ağır sınaq meydanında olanlar müsəlman deyildilər, İslamı tanımırdılar. Sadəcə, böyük ilahi inqilabın ağırlığından pay götürmüş bu insanlar Məhəmməd, Əli, mühacir əshabla çiyin-çiyinə dayanmışdılar. Eyni vaxtda şəhərdə rahat həyatını davam etdirən riyakar müsəlmanlar qalmışdılar. Onlar bir addımlıqda müsəlmanların çəkdikləri üzüntüyə sadəcə tamaşa edirdilər. Üç illik ağır, dözülməz, ölümcül aclıqla müşayiət olunan iman imtahanı!
Özü həmin mühasirədə olmuş Səd ibn Əbu Vəqqas nəql edir: "Bir gecə aclığın təsirindən o qədər taqətsiz olmuşdum ki, gecənin qaranlığında ayağıma toxunan yumşaq şeyi götürüb uddum. Həmin hadisədən iki il ötüb, amma hələ də bilmirəm ki, udduğum nə idi!”.
Tarixdə bu barədə ətraflı yazılmasa da, uyğun mühasirə zamanı Peyğəmbər (s) ailəsinin hansı məşəqqətlər çəkdiyi aydındır. Mühasirədəki bütün ailələr Peyğəmbərə (s) görə əziyyət çəkirdi. Amma uşaqlar, xəstələr, qocalar öz aclıqlarını, çətinliklərini Peyğəmbərdən (s) gizlədirdilər. Bu, böyük bir eşqin və imanın təzahürü idi!
Gecənin qaranlığında dərəyə hər hansı yolla gətirilən azuqədən ən az pay Peyğəmbərin (s) arvadı və qızına düşürdü. Mühasirədə peyğəmbər ailəsindən olanlar Xədicə, Fatimə və bacıları idi. Peyğəmbər (s) besətə çatdıqdan sonra Əbu Ləhəb Peyğəmbərin (s) qızları olan gəlinlərini oğlanlarına boşatdırmışdı. Amma varlı-karlı Osman Əbu Ləhəbin çirkin hərəkətinə cavab olaraq Peyğəmbərin (s) boşanmış qızı Rüqəyyə ilə evlənmişdi. Rüqəyyə Osmanla birlikdə Həbəş diyarına hərəkət etdi. Amma Peyğəmbərin (s) digər boşanmış qızı Ümm-Gülsüm sonradan, ağır da olsa, Əbu Ləhəb ailəsində yaşamağa razılaşmışdı.
Mühasirə daha da ağırlaşır. Amma Peyğəmbərin (s) əqidə yoldaşları ruhdan düşmür. Peyğəmbər (s) ailəsinin vəziyyəti daha ağırdır. Azyaşlı Fatimə, təqribən 70 yaşlı Xədicə nələr çəkir?! Xədicə bu üç illik mühasirədən qabaq on il risalət əzablarına dözmüş qadındır. Lakin o səbrini itirmir, hər an sorağında olan ölümün gözünə dik baxır. Rifahlı həyat sürmüş, bütün var-dövlətini böyük amal yolunda sərf etmiş əzəmətli bir qadın səfalətin ən üzücü anlarında məğrur görünür.
Körpə Fatimə anasından, anası isə Fatimədən nigaran idi. Bu qız öz ata-anasını dəlicəsinə sevirdi.
Bir gün mühasirənin son vaxtlarında Xədicə yataqda yatmış, Fatimə və Ümm-Gülsüm isə onun yanında oturmuşdular. Peyğəmbər (s) bayırda ərzaq paylayırdı.
Ölümünün yaxınlaşdığını hiss edən Xədicə dedi:
- Kaş, əcəl möhlət verəydi, bu günlərin başa çatdığını görüb, rahat ölərdim.
Ümm-Gülsüm ağlar halda dedi:
- Bir şey qalmayıb, ana. Darıxma.
- And olsun Allaha, özümdən nigaran deyiləm. Heç bir Qüreyş qadını mənə əta olunan neməti dadmayıb. Dünyada heç bir qadın mənə verilən kəraməti almayıb. Mənə yalnız Allah Rəsulunun həyat yoldaşı olmaq iftixarı yetər.
Sonra öz-özünə pıçıldadı: - "Pərvərdigara! Sənin nemətlərini, lütflərini saya bilmərəm. Sənin görüşünə yaxınlaşdığım üçün qəmgin deyiləm. Amma Sənin nemətlərinə layiq olmaq istəyirəm”.
Artıq ölüm bu evə kölgə salmışdı. Qəfildən həzrət Peyğəmbər (s) çöhrəsində şadlıq və sevinc xeyməyə daxil oldu. Mühasirə dövrü başa çatmışdı! Xədicə bu azadlığı öz gözləri ilə gördü. Peyğəmbər Qüreyş üzərində ilk qələbənin sevincini yaşadı.
Amma tarixin çarxını döndərmək üçün göndərilmiş bir insanın çöhrəsində rahatlıq və ləzzət sezilə bilməzdi. O, ardıcıl iki zərbə alır. Əbu Talib və Xədicə mühasirədən az sonra bir-birinin ardınca dünyaya vida edirlər.
Həzrəti Məhəmmədi (s) Əbu Talib böyütmüş, onun ilkin məhəbbət ehtiyaclarını ödəmişdi. Ona arxa olmuş, Xədicə ilə ailə qurmasında iştirak etmişdi. Hətta üç il mühasirədə Peyğəmbərlə (s) çiyin-çiyinə dayanmışdı. Məhz bu səbəblərdən həzrət Məhəmməd digər peyğəmbərlərin acı aqibətindən amanda qalmışdı. Bəli, son və dəyanətli bir hami itirmişdi! İyirmi beş yaşlı gənc ağır yetimlik, çobanlıq həyatından sonra 40-45 yaşlı sərvətli, ən əsası isə eşq dolu ürəkli Xədicə ilə həyat qurmuşdu. Xədicə Məhəmmədin bütün itkilərini, hansı həddə isə, təmin edən müqəddəs qadın idi.
Besətdən, yəni peyğəmbərliyə çatdıqdan sonra məşəqqətlərlə dolu yolda ilk vəyhdən başlayaraq son nəfəsinədək addım-addım Həzrəti izləyən, ona həmdərd olan, eşqini, gücünü, sərvətini fəda edən qadın dünyasını dəyişmişdi. Peyğəmbər ilk ardıcılını, Fatimənin anasını itirmişdi!
Peyğəmbər düşmənlərin amansız hücumları qarşısında tənha qalmışdı. Şəhərdə Əbu Talib, evdə isə Xədicə yox idi. Fatimə "atasının anası” ləqəbini indi daha artıq dərk edirdi. Bacıları ərə getdikdən sonra Fatimə anasının ətəyindən yapışıb deyərdi:
- Anacan, mən nə vaxtsa bu evi tərk edib başqa evə getmək istəmirəm. Mən səndən ayrılmaq istəmirəm.
Xədicə təbəssümlə cavab verərdi:
-Bu sözləri hamı deyir, biz də vaxtı ilə demişik. Qoy, hələ vaxtı çatsın!
Fatimə isə israr edərdi:
-Yox, mən atamı heç vaxt tək qoymayacağam, heç kim məni ondan ayıra bilməz.
Xədicə sakitcə qulaq asardı.
Artıq zaman keçib. Fatimə hiss edir ki, onun qarşısında ciddi vəzifələr var. Artıq bu öhdəliklər uşaq arzusu deyil. Fatimə atasının belə bir dəvətlə çıxış etdiyini eşitdikdən sonra daha prinsipial mövqe tutdu. Həzrət belə buyurdu:
- Ey Qüreyşlilər, özünüzü ələ alın. Mən Allah qarşısında sizin ehtiyaclarınızı ödəyə bilməyəcəyəm! Ey Əbdülmənaf övladları, sizi Allah qarşısında möhtaclıqdan qurtara bilməyəcəyəm. Ey Əbbas, ey Səfiyyə!.. Ey Fatimə, sərvətimdən istədiyini götürə bilərsən, amma Allah qarşısında borclarını ödəməyə acizəm!
"Maraqlıdır!” - düşündü Fatimə. Atası gör kimlərlə bir sırada ona müraciət edir! Bu diqqət bir zaman "heç vaxt ərə getməyəcəyəm!” kimi uşaq iddialarına ciddi rəng verirdi. Artıq, Fatimə özünü məsul bilir!
Onun ömrünün ilk illəri bəsət illəri ilə üst-üstə düşür. Fatimə peyğəmbər yardımçısı olmağa daha layiqli övladdır. Fatimənin məsuliyyətini ata-ana da hiss edir. Ömrünün son günlərində Xədicə nigarançılıqla deyir:
-Qızım, məndən sonra nələr görəcəksən? Ərdə olan o biri bacılarından rahatam. Amma sən! Sən mənim əziz balam, qarşıdakı məşəqqətlərə necə dözəcəksən?!
Fatimə isə sanki risalət yükündən çiyninə pay götürmüş bir şəxs kimi deyir:
-Arxayın ol, mənim fikrimi çəkmə!
Bütpərəstlik Qüreyşin tüğyanını tarıma çəkmişdi. Müsəlmanlar vura biləcəkləri zərbəni vurdular. Amma bu işkəncələr müsəlmanlara ruh verir. Dinin acısını çəkməkdən sevinc duyanlara Fatimə də qoşulub. O, "Peyğəmbərin qızı” kimi daha fədakar, daha iftixarlıdır.
Əbu Talibin ölümündən sonra düşmən atını dördnala çapır. Peyğəmbərin ardıcıllarından bir qrupu Həbəş diyarına pənah aparır. Digər bir qrup işkəncələr altındadır. İndi yaşı əlliyə çatmış Məhəmməd öz qızı Fatimə ilə ikilikdə yaşayır.
Amma qəzavü-qədər öz işini görür. Pərdə arxasında işlər görülür. Artıq Peyğəmbərin evində bir oğlan da var. O, Əlidir!
Bəli, Əbu Talib oğlu Əli elə uşaqlıqdan Fatimənin yanında olmalı, Peyğəmbərdən (s) tərbiyə almalıdır. Bu insanların taleyi çox oxşardır.
Tarix öz işini görür. O, çox sakit məqamlarda, sakit tərzdə, düşüncələrdə bütpərəstliyin belini qıracaq tufanlar hazırlayır. Sabah isə bu tufanlar cuşa gəlib, irqçilik və millətçilik, saray ruhanilərinin yalanlarının, bir sözlə, şəhvət və qan imperatorlarının kökünə balta çalmalıdır. Bu tufan bütün qeyri-bəşəri adətləri aradan qaldırmalı, insanı kamala yüksəldəcək dəyərlər yaratmalıdır. Bu tufanın dalğaları azadlıq, bərabərlik, agahlıq, sevgi gətirəsidir. Tarix məbus olmuş son peyğəmbərin silsiləsini hər birinin çiynində şəhadət heybəsi olan varislərlə davam etdirir. Fatimə həqiqət yolunda işkəncələri nuş edəcək ilk varisdir. Tarix isə Əliyə ehtiyac duyur.
Beləcə, cahiliyyət çirkabında ləkələnməmək, ilk vəyhin nüzulunda iştirak etmək üçün Əbu Talib oğlu Əli öz əmisi oğlunun evinə daxil olur. O, peyğəmbərliyin ilk məqamlarına şahiddir. Əli ilkin dövrün əzablarında möhkəmlənir, sanki Bədr, Ühüd, Xeybər, Fəth, Hüneyn səhnələri üçün hazırlıq keçir. Nəhayət, Əli Fatimə ilə bəşəriyyət üçün nümunə olacaq bir ailə qurur və İbrahim yolunu ləyaqətlə davam etdirir.

Müəllif: Doktor Əli Şəriəti 

Category: “ATASININ ANASI” | Added by: IslamQadini
Views: 1185 | Downloads: 0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]