«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Çərşənbə axşamı, 2024-04-23, 6:07 PM
Main » Files » İslamda nümunəvi qadınlar – Fatimə (ə) » FATİMƏNİN (S) BƏZİ FƏZİLƏTLƏRİ (Ardı)

2011-02-03, 7:25 AM
İman və nifaqın ölçüsü
Beləcə, imanın ölçüsü Əhli-beytə məhəbbət, nifaqın ölçüsü Əhli-beytə düşmənçilikdir. Mömin şəxs bütün hallar və şəraitlərdə Əhli-beyt aşiqidir. Nifaq əhli (münfaiq) heç zaman Əhli-beyt aşiqi ola bilməz. Allah dostuyla dostluq (təvəlla) və Allah düşməniylə düşmənliyin (təbərra) ölçüsü Əhli-beytdir. Əli (ə) buyurur: "Əgər görsən bir mömini şəmşirlə vururam ki, mənə düşmən olsun, heç zaman düşmən olmaz. Dünyanı münafiqə versəm ki, mənə dost olsun, heç zaman dost olmaz. Çünki bu həqiqət həzrət Peyğəmbərin dilindən çıxıb ki, heç bir mömin sənə düşmən, heç bir münafiq sənə dost olmaz». (Əl-Qədr" c. 3)
Bunun nümunəsinə həzrətin öz dövründə təsadüf olunur. Üsvəd adlı bir şəxsin oğurluğa görə əli kəsilir. Bundan öz pis niyyəti üçün istifadə etmək istəyən İbni Kəva əli kəsilmiş Üsvədi görüb, onu sındırmaq üçün «sənin əlini kim kəsdi» deyir. Əli (ə) aşiqlərindən olan Üsvəd onun cavabında əlini (ə) elə tərif edir ki, İbni Kəva peşiman olur. ("Bihar" 40)

Quran və Əhli-beyt dostluğu
Əhli-beyt məhəbbətinin əhəmiyyətinə diqqət edərkən Quranın bu barədə israr etməsinin sirri aydınlaşır. Nə üçün Quran həzrət Peyğəmbərin (s) risalətinin haqqını Əhli-beyti tanımaq, sevmək, onun yolunu seçməklə buyurur: «Allah iman gətirib yaxşı əməllər edən bəndələrinə bununla müjdə verir [ya Peyğəmbər!] de ki, mən sizdən bunun [peyğəmbərliyimin] müqabilində qohumluq məhəbbətindən başqa bir şey istəmirəm». ("Şura" ayə 23) Çünki Əhli-beyt haqqın məzhəri, ifadəsidir. Onlarla dostluq, onları qəbul etmək iman ölçüsü, onlarla düşmənlik doğru yoldan sapmaqdır.

Peyğəmbərin Əhli-beyti kimlərdir?
Fatimə (s) Əhli-beyt zümrəsindəndir. Ona məhəbbət bir ölçü və atasının peyğəmbərlik haqqıdır.
Həm şiə, həm də sünni rəvayətlərinə görə Əhli-beyt haqqında ayə nazil olanda həzrət Peyğəmbərdən (s) soruşdular: «Bizə sevgisi vacib buyurulmuş Əhli-beyt kimlərdir?» cavab vermişdir: «Əli, Fatimə və onların iki övladı.»

Fatimə (s) aşiqləri
Əhli-beyt məhəbbəti ölçü olandan sonra «Zəhra aşiqləri odda yanmaz» deyən rəvayətlərin qəbulu asanlaşır. Çünki Zəhra həqiqət mehvəridir və ona məhəbbət haqqa məhəbbətdir. Zəhraya məhəbbət iman deməkdir. Atəş ilahi bağça güllərindən olan mömin üçün xəlq edilməyib. Atəş odun qalamaq üçündür və bu odun həmin güllərin inkişafına, ilahiliyinə əngəl törədən ağaclar, ot-ələfdir. «Cin» surəsində buyurulur: «Haqq yolundan çıxanlar isə Cəhənnəm üçün odun olacaqlar». Atəş çır-çırpıtək alovlanacaq insanlara aiddir. «Allah murdarı pakdan ayırd etsin, sonra murdarları bir-birinin üstünə yığmaqla toplansın və Cəhənnəmə atsın». ("Ənfal" 37)
İndi isə Fatimə (s) məhəbbəti haqqında bir-neçə rəvayət:
«Qızım ona görə Fatimə adlanıb ki, Allah onu və onun aşiqlərini atəşdən uzaq saxlayıb». ("Bəhar" ayə 43)
Həzrət Peyğəmbər (s) Əliyə (ə) buyurdu: «Bilmirsənmi o niyə Fatimə adlanıb? Çünki Allah onu və onun ardıcıllarını atəşdən qoruyub. Fatiməylə dostluq, onun şiəsi olmaq Allaha itaət və Allahla dostluqdur. Necə ki, Peyğəmbərlə dostluq Allahla dostluqdur». ("Bəhar" c. 43)

Fatimə (s) razılığı, Fatimə (s) qəzəbi
Məhəbbət qarşılıqlıdır. Haqqa məhəbbət, onun ifadəsinə məhəbbət qəlbin ziynəti, insanın yaraşığı və islam etiqad üsulunun əslidir.
Bu əslin, əsasın kənarında başqa iki əsas da vardır: əvvəla, məhəbbət qarşılıqlıdır – insan Allahını sevərsə, Allah da onu sevər. «Allah onları, onlar da Allahı sevərlər.» ("Maidə" 54) Allah sevimlisi olmaq elə bir uca məqamdır ki, hər kəs ona yetişə bilməz. Yola qədəm qoymuş aşiq məşuquna çatmaq üçün cihad edib, səy göstərməlidir. «Səf» surəsində buyurulur: «Şübhəsiz ki, Allah öz yolunda möhkəm divar kimi səf çəkib döyüşənləri sevər.» Təqva və paklıq yolundan addımca uzaqlaşmaq olmaz. «Hər kəs əhdinə vəfa edib, pis əməldən çəkinsə, şübhəsiz ki, Allah belə müttəqqiləri sevər.» («Ali-imran» surəsi, ayə 76). Qısası, Allahın dostluğunu qazanmaq üçün Allah dostlarının – peyğəmbərlərin, həzrət Məhəmmədin (s) yolunu keçmək lazımdır. «Allahı sevirsinizsə mənim ardımca gəlin». ("Ali-İmran" surəsi, ayə 31) Allah dost tutduğu şəxsdə öz qüdrətini əks etdirəcək, o şəxs Allahın elm, iradə, qüdrət və izzətinin ifadəsi olacaq.

Batilə (puçluğa, əyriyə) nifrət
Mömin şəxs haqq və onun ifadələrinə məhəbbət bağladığı kimi küfr və onun ifadələrindən də bizar olmalıdır. Hər ikisinin məhəbbəti bir yerdə toplanmaz. Bir qəlbdə iki məhəbbət mümkün deyil: «Allah bir adamın köksündə iki ürək yaratmamışdır». ("Əhzab" ayə 4) Qəlbi həqiqətə məhəbbətlə dolu olan şəxs hər zaman haqsızlığa qarşı nifrətlidir. «Hücürat» surəsində buyurulur: «Allah sizə imanı sevdirmiş, onu ürəklərinizdə süsləmiş, küfrə, asi olmağa qarşı nifrət yaratmışdır.» Başqa bir ayədə: «Hər kəs Şeytanı inkar edib, Allaha iman gətirərsə, o artıq ən möhkəm ipdən yapışmış olur». ("Bəqərə" 256) Sübhan Allah həqiqət və onun ifədələrinə rəğbətləndirdiyi kimi batildən bizarlığa çağırır və batil məhəbbətin xətərələrini dəfələrlə xatırladır. Allah, onun peyğəmbər və övliyaları batildən zara gəlmişlər: «Allahdan və Onun Peyğəmbərindən saziş bağladığınız müşriklərə bir xəbərdarlıq!...» «Allahdan və Onun Peyğəmbərindən böyük həcc günü insanlara bildirmişdir. Allahın və Onun peyğəmbərinin müşriklərlə heç bir əlaqəsi yoxdur.» ("Tövbə" 1-3) İbrahim peyğəmbərin (s) dili ilə buyurulur: «Mən həqiqətən batildən haqqa tapınaraq üzümü göyləri və yeri yaradana çevirdim. Mən şərik qoşanlardan deyiləm.»  ("Ənam" 79) «Mumtəhinə» surəsində isə buyurulur: «İbrahim və onunla birlikdə olanlar sizin üçün gözəl örnəkdir. O zaman onlar öz qövmünə belə demişdilər: Şübhəsiz ki, bizim sizinlə və sizin Allahdan başqa ibadət etdiklərinizlə heç bir əlaqəmiz yoxdur. Biz sizin dinizi inkar edirik.»
«Vəsail» və «Bəhar»dan rəvayətlərə əsasən iman həqiqətən və onun ifadəsinə məhəbbət, haqsızlıq və onun ifadəsinə nifrətdən başqa bir şey deyil. Məhz bu məhəbbət və nifrətin ölçüsünə görə insanlar quruplaşdırılır. Bir qurupun əməllərindən razı olmaq elə həmin qrupdan olmaqdır. Quran Bəni-israil tayfasından danışarkən bir dəstənin öz babalarının talehi ilə rastlaşdığını bəyan edir və səbəb olaraq göstərilir ki, onlar öz babalarının əməllərindən razı qalmışdılar. «Bəqərə» surəsində buyurulur: «Cahillər dedilər: Nə olaydı ki, Allah bizimlə də danışaydı, bizə də bir ayə gələydi – onlardan əvvəl gələn cahillər də belə sözlər demişdilər. Onların qəlbləri bir-birinə bənzəyir.» Məhəbbət və nifrət xarakter və talehlərin eyni sonluğuna dəlil olacaq. Bu səbəbdən təvəlla (Allah dostuyla dost) və təbərra (Allah düşməniylə düşmənlik) islamda etiqad əsaslarındandır. Hər bir müsəlman həqiqəti sevdiyi kimi haqsızlığa da nifrət etməlidir. Hətta zülmlə razılaşan, zalımlarla razılaşan kəslərlə də əlaqə saxlamamalıdır. Mömin insanın istər sevgisi, istərsə də nifrəti Allaha görədir. Allaha görə dostluq, Allaha görə düşmənlik imanın kamillik nişanəsidir. ("Vəsail" c. 11)

Əhli-beyt və Fatimənin (s) haqqa bağlılığı
Bu səbəbdən mömin insan haqqa bağlanacaq, həqiqəti ifadə edəcək, dostluğu və düşmənliyi haqqa əsaslanacaq, nəfsani istəklər həyatına yol tapmayacaq. Allah rızılığından savay bir şey istəməyəcək. «Dəhr» surəsində buyurulur: «Allah istəməsə, siz istəyə bilməzsiniz». Peyğəmbər (s) ailəsi ismət məqamına çatdığı üçün onların razılığı və qəzəbi, tutduqları mövqe həqiqət ölçüsü, Allahın razılığı və ya qəzəbidir. Müxtəlif firqələr bu mövzuya əsaslanmışlar. Əhli-beytin mövqeyi Peyğəmbərin (s) mövqeyidir. (İbni Mace) həzrət Peyğəmbər (s) buyurmuşdur: «Fatiməyə əziyyət verən mənə əziyyət verir».("Səhəhə Buxari" c. 3) Hədis Fatimə həqiqətini təsdiqləyir, çünki Fatimə haqqın ifadəsidir. Onu qəzəbləndirənlər Allahın qəzəbinə gələrlər. Bunu inkar etmək qeyri-mümkündür. Hər kəs başqa söz desə iftiradır, özünü yorur və günahını artırır. Parlaq günəşə pərdə çəkmək olmaz.

Fatimə (s) bir əmanətdir
Bütün müsəlmanlar qəbul etmişdir ki, həzrət Peyğəmbər (s) buyurub: «Mən sizin üçün iki əmanət qoyuram – biri Quran, digəri Əhli-beytimdir. Bu iki şeylə əlaqəniz olanadək yolunuzu azmayacaqsınız. Kovsərdə mənə yetişənədək bu iki şey bir-birindən ayrılmaz».
Bəli, bu iki şey qiyamət gününədək Adəmdən Xatəmə peyğəmbərlərin irsidir. Şərif «Səqəleyn» hədisi heç bir şübhə olmayan, hətta kəlmələri həzrət Peyğəmbərin (s) dilindən çıxmış mötəbər hədislərdəndir. Rəvayət mənbələrinə müraciət etdikdə bu həqiqət günəş tək işıqlanır, hətta kor şəxslər də bu həqiqəti hiss edirlər. Bu həqiqəti inkar edənlər özlərini korluğa vurmuşlar və bu xəstəliyin müalicəsi çətindir (bəlkə də mümkün deyil).

Quran böyük əmanətdir
Qurani-kərim heç bir təhrif və dəyişikliyə uğramamış Peyğəmbər (s) möcüzəsi, böyük əmanətdir. O, qiyamətədək insanların ixtiyarındadır və heç bir nöqsan onun qüdsiyyətini ləkələyə bilməz. Çünki Quranı bütün təhriflərdən qoruyan ilahi qüdrətdir. «Hicr» surəsində buyurulur: «Şübhəsiz ki, Quranı biz nazil etdik və sözsüz ki, biz də onu qoruyub saxlayacağıq».
Qurani-kərim ilahi maarifin əhatəli nuru, geniş dəryasıdır. Düşüncə və təfəkkürlə onun dərinliyinə varmaq, qəvvaslıq etmək mümkündür. Bu yolla qiymətli qeybi gövhərlər və dürrlər əldə edilir. Qurani-kərim özünü nur kimi tanıtdırır. «O özünü Peyğəmbərə iman gətirən, yardım göstərən və onunla nazil edilmiş nurun ardınca gedənlər – məhz onlar nicat tapanlardır». ("Əraf" ayə 157)
Nurun xüsusiyyəti işıqlanmaq və işıqlandırmaqdır. Buna görə də Quran özünü təfsir edir, ayələr bir-birini aydınlaşdırır. «Allah sözün ən gözəlini bir-birinə bənzər, təkrarlanan bir kitab şəklində nazil etdi». ("Zümər" ayə 33)
Bununla belə Quranın dərin maarifi ilə tanış olmaq üçün agah təfsirçiyə ehtiyac vardır. Çünki üzməyi yaxşı bacarmayanlar üçün dənizin dərinliyinə getmək xətərdir. Quran maarifindən səmərəli bəhrələnmək üçün Quranla tamamlanacaq yolla gedilməlidir. Bu halda Quran yönəldici və işıqlandırıcı olar. Əks təqdirdə, kifayət qədər xətərlər ortaya çıxa bilər. «İsra» surəsində buyurulur: «Biz Qurandan möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil etdik. O, zalimlərin ancaq ziyanını artırır».

Əhli-beyt əmanəti
əgər Qurani-kərimin təfsirçiyə ehtiyacı vardırsa, ən üstün təfsirçi Quranın vəhy olunduğu həzrət Peyğəmbərdir. O, qeyb sirlərindən və Quran maarifindən agah olmuşdur. Bu səbəbdən də Quran Peyğəmbəri öz təfsirçisi kimi tanıtdırır. «Nəhl» surəsində buyurulur: «Sənə də Quranı nazil etdik ki, insanlara onlara göndəriləni izah edəsən ki, bəlkə düşünüb dərk edələr».
Həzrət Peyğəmbər (s) öz əməlləri, rəftarı, əxlaqı və danışığı ilə Quranı bəyan və təfsir edib, Quranla tanışlıq yolunu da göstərmişdir. Quranla məhz onun yaxını olan Əhli-beyt baxışıyla tanış olmalıyıq. Əhli-beyt Quranla qoşadır. Mələkut aləmi ilə əlaqəli olan, Quranın danışdığı Əhli-beyt eynən Peyğəmbər (s) kimi Quran təfsirçisi bilinir. Əhli-beyt Quranın dili, ona çatmağın yoludur. Çünki Quran dilsiz, Əhli-beyt isə natiq bir vəhydir. Həqiqətdə hər ikisi vəhydir. Quran və Əhli-beyt iki surətdə cilvələnmiş eyni bir həqiqətdir. Həm Əhli-beyt, həm də Quran eyni risalət və vəhydir. «Bu ancaq nazil olan bir vəhydir». ("Nəcm" ayə 4) Ayə Quran, onun məzmunu Əhli-beyt haqqındadır. Əhli-beytin sözü, sükutu, xarakteri, əməli həm vəhy, həm də xalqa gətirilən dəlilidir. Hər ikisi Allahın ipidir və ondan yapışmaq gərək! «Hamınız bir yerdə Allahın ipindən möhkəm yapışın». («Ali-imran» surəsi, ayə 103).
Bu ipin bir tərəfi Allah-təala, digər tərəfi xalqın qarşısındadır. Yalnız ona möhkəm sarınmaqla təbiətin qaranlıq quyusundan çıxmaq, azğınlıqdan qurtulmaq olar. Quran və Əhli-beyt həmin qırılmaz ipdir. ("Ürvətül-Vusqa")

Nə üçün Əhli-beyt kiçik əmanətdir?
Quran və Əhli-beyt o qədər yaxındır ki, yalnız birlikdə qırılmaz ipdirlər. Biri digərindən üstün deyildir. Birinin böyük, o birinin kiçik adlanmasının səbəbi Quranın Əhli-beytdən üstünlüyü demək deyil. Səqəleyn hədisinə görə heç bir üstünlük yoxdur. Burada fərq yalnız odur ki, Allah kəlamı olan Quranın etibarı zatıdır (yəni özündədir). Əhli-beytə isə bu etibar bağışlanmışdır. Quranda buyurulur: «Peyğəmbərlərin əmrinə itaət edin, qadağasından çəkinin».
Quranın böyük əmanət hesab edilməsi yalnız qeyd etdiyimiz səbəbdəndir. Məqam və mərtəbə nəzərindən kitab və Əhli-beyt bir-birindən ayrılmaz eyni bir həqiqətdir.

Əhli-beytsiz Quran?!
Quran və Əhli-beyt elm və fəzilət şəhərinə aparan bir yoldur. Bu fəzilət şəhərinə daxil olmaq istəyən kəs bu yolla getməlidir. ("Əl-qədir» cild 6). İnsanı fəzilətə çatdıracaq ikinci bir yol yoxdur. Beləcə, Əhli-beytsiz Qurana üz tutmaq faydasızdır. Əhli-beytsiz Quran sanki yazısız bir kitabdır. Əhli-beytdən uzaqlıq Qurandan uzaqlıqdır. Çünki müxtəlif firqələrin yekdil fikrinə görə Peyğəmbər (s) buyurmuşdur ki, Quran və Əhli-beyt birdir və bir-birindən ayrılmazdır. Quran isə peyğəmbərə itaəti əmr edir. Demək, bu həqiqətin inkarı azğınlıqdır. Ona bağlanmaq heç zaman yoldan sapmamaqdır.

Qurandan faydalanmağın şərti
Aydınlaşdırıldı ki, fəzilətlərə çatmaq yolu Quran və Əhli-beytdir. Eləcə də, Əhli-beyt Quranın təfsirçisidir. Əhli-beyt Quranla ən sıx münasibətdə olan pak insanlardır. Pak olmayanlar üçün Qurana yol yoxdur. «Vaqiə» surəsində buyurulur: «Ona yalnız pak olanlar toxunar». Quran özü Əhli-beytin paklığına şəhadət verir: «Siz ey ev əhli, Allah sizdən çirkinliyi yox etmək və sizi tərtəmiz, pak etmək istəyir». ("Əhzab" ayə 33) Əhli-beyt bu paklıq xüsusiyyətlərinə görə Quranla birdir. Başqaları da paklıqdan faydalandıqları qədər Qurandan faydalanarlar. Yəni bu Qurana çatmağın şərtidir. Daxilən paklanmadan kimsə Qurana çata bilməz. Lakin paklığın da mərtəbələri vardır. Onun əla mərtəbəsi Əhli-beytdir. Başqa mərtəbələr insanlara aiddir. Əhli-beyt həmin əla mərtəbəyə çatdığı üçün Quran həqiqətlərinə nail olmuş, Quran təfsir etmişlər. Başqaları da Əhli-beyt yolundan paklıqları ilə Qurana çatarlar. Ona görə də Quranın dərin maarifi və Əhli-beytə çatmağın şərti paklıqdır. İnsan pak qəlb, müvəhhid fitrət, puç düşüncələrdən uzaq zehnlə Quran xidmətinə gəlmişdir. Yalnız bu xüsusiyyətlər ödəndikdə Quran yol göstərən, hidayət edəndir. Quran özünü hamı üçün nur bildirir. ("Bəqərə" 185) Yalnız pak və saleh möminlər bu nurdan faydalanarlar. ("Bəqərə" 2)
Lakin bir şəxs öz səhv düşüncələri ilə Qurana yaxınlaşıb, öz «toxuduqlarını» Quran buyuruğu hesab etsə, yolunu azacaq və başqalarını da azdıracaq. «O kəslər ki, onların dünyadakı zəhməti boşa getmişdir. Halbuki onlar yaxşı iş gördüklərini zənn edirlər». ("Kəhf" ayə 104)
Səhv yolla Qurandan öz istəklərini almaq istəyənlər zülmət toruna düşəcək, öz yanlış düşüncələrinə əsir olacaqlar. Əgər müxtəlif yönümlü təfsirlərə müraciət etsək, məlum olar ki, bu sayaq adamlar heç də az deyil.

Fatimə (ə) Quranla birgə
Quranla birgə, Qurana tay olmaq həzrət Peyğəmbər (s) Əhli-beytinin özünəməxsus məqamıdır və başqaları bu məqama çatmağa qadir deyillər. Bu Əhli-beytin ən böyük fəziləti, kamilliyin quş qona bilməyəcək zirvəsidir. Fatimə (s) həmin pak Əhli-beytdəndir. Fatimə (s) Peyğəmbər yadigarı, əmanətidir. Onu qorumaq gərəkdir. Fatimə (s) vəhy evindəndir və bu evdə onları anlayın. Fatimə (s) Quranın əsil üz tutduğu kəsdir. Fatimə kiçik əmanət, Quranın bərabəri, tayıdır. Fatimə və Quran ayrılmazdır. Fatimə Quran təfsirçisi, özü, danışan Quran, on bir danışan Quran anasıdır. Fatimə ilahi maarifin sahilsiz dəryasıdır.
Fatimə kamillik zirvəsindən doğmuş qürubsuz bir günəşdir. Bu zirvədə quş da ondan irəli keçə bilməz. Fatimə rəhbər və nümunədir. Ondan irəli keçmək fəlakətdir. Elmdə tayı-bərabəri tapılmaz. Budur Fatimənin üstünlüyü, məqamı.

Əhli-beytin rəhbərlik rolu
İnsanların düz yola yönəlməsində, onların kövsərə yetirilməsində Əhli-beytin rolu budur. Vəhy və Peyğəmbərin bütün məqamalrı Əhli-beyt məqamının təsdiqi, insanların bu iki qiymətli yadigardan faydalanması üçündür. Məhz Əhli-beytin rolunun əhəmiyyətinə görə bu elm qapısını bağlamaq üçün onlarla vuruşdular. Baş tutdu! Necə böyük bir zülm oldu. Quranı Əhli-beytdən ayırmaq, xalqı hər ikisindən məhrum etmək, insanları bu nicat gəmisindən saxalamağa çalışdılar.

Dünya qadınlarının üstünü
İnsanlar arasında daim başqalarına nümunə olan layiqli kəslər vardır – haqq yolunda mübarizliyi ilə nümunə olmuş çox insanlar mövcuddur. Həyat çətinliklərinin qaranlıq girdabında nəfsinə uymamış pak və iffətli qadınlar az deyil. Onlar cəmiyyət üçün nümunədirlər.
Hidayət və tərbiyə kitabı olan Quran insanların doğru yola yönəldilməsində təkcə yolun izahı ilə kifayətlənib, bu yolu keçmiş nümunələr təqdim edir. Eləcə də, küfr və azğınlıq öncülləri tanıtdırılır, onların yolunun xətərləri qeyd edilir. Bu tarixə baxış yox, tarix fəlsəfəsinin bəyanıdır.

Quran və layiq qadınlar
Quran iman gətirmək üçün münasib şərait olanda baş qatan qadınların, məsələn, Nuh və Lutun (ə) vəhy evində yaşamış, eyni zamanda Allaha küfr etmiş qadınları tanıtdırır. «Allah kafirlərə Nuhun övrəti ilə Lutun övrətini məsəl çəkir». ("Təhrim" ayə 10) Eləcə də Fironun arvadı həssas şəraitdə, sarayda zalıma ən yaxın fərd kimi möminlik, behişt istəyən bir nümunəvi bir fərd kimi xatırladılır. «Allah iman gətirənlərə Fironun zövcəsini misal çəkir». ("Təhrim" ayə 11)
Qurani-kərim Musa peyğəmbərin ana və bacısını peyğəmbəri xətərdən qurtarmış iki iffətli qadın kimi yada salır. («Qisəs» surəsi, ayə 23).
Qucağında peyğəmbər böyütmüş Məryəm nümunəvi bir qadın kimi göstərilir. Bu qadın günah təhlükəsində təkcə özünü qorumur, qarşı tərəfi də çəkindirir. Məryəm dedi: «Mən səndən Allaha pənah aparıram. Əgər müttəqisənsə, mənə toxunma». («Məryəm» surəsi, ayə 18). Allah-təala onun paklığına imza qoyur: «Allah həmçinin namusunu möhkəm qoruyub saxlamış İmranın qızı Məryəmi məsəl çəkir». ("Təhrim" ayə 12) O, öz təqvası və əxlaqi ləyaqəti ilə Allahın seçdiyi böyük və nümunəvi bir xanımdır. «Ey Məryəm, öz Rəbbinə itaət et, səcdə qıl və rüku edənlərlə birlikdə rüku et». ("Ali-İmran" ayə 42)

Məryəm (s) Allahın seçilmişidir
Təfsirin bu barədə bəyan olmuş əhəmiyyətli nöqtəsi budur ki, Məryəmin dünya qadınlarından üstün olması dedikdə onun bütün qadınlardan fəzilətli olduğu nəzərdə tutulmayıb. Sünni təfsirçilərində bu yanlışlığa çox təsadüf olunur. Həmin mübarək ayədə Məryəmə aid edilən üstünlük iki qisimdir. Bunun biri onun təqvalı, fəzilətli olmasıdır. Burada onun dünya qadınlarından üsütünlüyü nəzərdə tutulmur. Bunun ardınca nisbi üstünlük bildirilir. İkinci üstünlük dünya qadınlarına nisbətdə verilir. Məryəm əri olmadan, möcüzəli şəkildə dünyaya övlad gətirmişdir. Bu cəhətdən Məryəm dünya qadınlarından üstündür və hətta Fatimeyi Zəhra da onun kimi deyil. Lakin bu üstünlük fəzilətə aid deyil. Məryəm öz dövrünün qadınlarından fəzilətli ola bilər. Lakin dünya qadınlarının ən pakı, fəzilətlisi, alimi Fatimeyi Zəhradır.

Quranla Əhli-beytin uyğunluğu
Qeyd olunduğu kimi böyük əmanət Quranla kiçik əmanət Fatimə (s) arasında heç bir zidiyyət yoxdur. Onun təqva və fəzilət üstünlüyü hamıya aydındır.

Fatimə (s) ən üstün qadındır
Fatimənin (s) dünya qadınlarından üstünlüyünü bəyan edən bəzi rəvayətlərə müraciət edirik.
İmam Sadiqdən (ə) Peyğəmbərin buyruğu haqqında sual edildi ki, Fatimə (s) öz əsrinin, yoxsa dünyanın ən üstün qadınıdır? Həzrət (ə) cavab verdi ki, öz əsrinin üstünü həzrət Məryəm idi. Fatimə isə əvvəldən axıra bütün behişt qadınlarının üstünüdür. ("Bəhar" c. 43)
Həzrət Peyğəmbərdən nəql olunub: «Fatimə dünya qadınlarının üstünüdür. İbadət mehrabına yetmiş min müqqərrəb mələk ona salam verib, söhbət edir». Necə ki, Məryəm danışıb, «Allah səni pak edib, dünya qadınlarından üstün buyurdu» deyə müjdə veriblər.  ("Bəhar" c. 43)
Bu Zəhranın (s) qeyb sirlərini, fəzilətlərini aşkarlayan vəhy kimidir. Əgər vəhy işartısı olmasaydı, Fatimə fəzilətini kim bəyan edə bilərdi?1

Fatimə ülul-əzm peyğəmbərlərdən üstündür
Fatiməni peyğəmbərlərlə müqayisə edək. Əvvəlki hissədə Fatimənin dünya qadınlarından üstünlüyü haqqında söhbət etdik. Lakin Fatimənin uca məqamını nəzərə alsaq, onu adi insanlarla müqayisə etmək düz olmaz. Çünki müqayisə uyğun səviyyələr arasında aparıla bilər. (Dağı dağla müqayisə etmək olar, amma dağı çökəkliklə müqayisə etmək düz deyil) Fatimə yalnız peyğəmbərlərlə və övliyalarla müqayisə ediləsi şəxsiyyətdir. Əhli-beytin başqaları ilə müqayisə edilə bilməməsi Əhli-beytin özündən nəql olunub. Əvvəlki müqayisə Fatimənin uca məqamının bəyanına görə idi. Hətta peyğəmbərlər və övliyalar cərgəsində yalnız həzrət Peyğəmbər və əlinin (ə) məqamı Fatimədən ucadır. Fatimə hətta Ulul-əzm peyğəmbərlərdən üstündür. Bunu bir neçə dəlillə sübuta yetirmək olar.

Əhli-beyt peyğəmbərlərdən üstündür
Əvvəla, müxtəlif mənbələrdə nəql olunmuş çoxlu rəvayətlərin məzmununa görə peyğəmbər Əhli-beyti bütün keçmiş peyğəmbərlərdən fəzilətlidir. Müxtəlif rəvayətlərdə Əhli-beytin başqalarından çoxcəhətli üstünlüyü nəql edilir. İmkanımıza görə yalnız bir neçə rəvayəti xatırlayırıq.
Bəzi rəvayətlərdə həzrət Peyğəmbər və onun Əhli-beyti (s) Allahın qəbulu, hətta yaranışda belə başqalarından irəli olduqları üçün sevimli tanıtdırılır. İmam Sadiqdən (ə) nəql olunub ki, Əhli-beyt Ulul-əzm peyğəmbərlərin feyz məcrasıdır. Yenə İmam (ə) buyurur ki, Musanın Allahla danışığı, İsanın möcüzələri, qısası bütün fəzilətlər Əhli-beyt bərəkətindəndir. ("Bihar" c. 43) Musanın, İsanın möcüzələri Əli (ə) müqabilində sınmağın, qısası bütün ilahi inayətlər Əhli-beyt qarşısında təvazönün bərəkətindəndir. Çünki Əhli-beyt Allahı tanımaqda, bəndəlikdə, zikr deməkdə əvvəl məqamdır.
İmam Sadiqdən (ə) nəql olunub ki, göylərin və yerin zikri (bəzi rəvayətlərdə mələklərin zikri) Əhli-beyt və Peyğəmbərin (s) zikrindəndir. ("Bihar" c. 25) Yenə də buyurur ki, bütün elm və fəzilətlər bizdəndir. ("Bihar" c. 26)
Bəzi rəvayətlərdə Əhli-beytin sair peyğəmbərlərdən üstünlüyü bəyan olur. Necə ki, imam Sadiqdən (ə) «Bəhar»da belə rəvayətlər nəql olunmuşdur.
Qısası, rəvayətlərə nəzər salmaqla bu həqiqət aydınlaşır. Əhli-beyt keçmiş peyğəmbərlərdən üstündür və Fatimə (s) Əhli-beytin əsası, onun üstününə – həzrət Əliyə (ə) taydır. Fatiməyə yoldaş olmaq ləyaqəti Əhli-beytin ən üstünü olan Əliyə (ə) məxsusdur. Fatimə (s) əlinin (ə) tayı olduğu üçün Əhli-beytin fəzilətlisidir və bütün sair peyğəmbərlərdən üstündür

İbrahim (ə) və Fatimə (s) məqamı arzusu
İkinci dəlil olaraq göstərə bilərik ki, Qurani-kərim peyğəmbərləri saleh bəndələrdən hesab etməklə buyurur: «Hamısı salehlərdəndir.» ("Ənam" 85) İbrahim (ə) kimi bəzi peyğəmbərlər haqqında xüsusi ilə söhbət gedir. «Biz İbrahimə İshaqı, üstəlik Yəqubu da ehsan buyurub, onların hamısını saleh şəxslər etdik». ("Ənbiya" 72) Bununla belə ülul-əzm olan İbrahim haqqında buyurur: «Ey Rəbbim, mənə hikmət bəxş et və məni salehlərə qovuşdur.» ("Şüəra" 83) Allah onun duasını qəbul edib, buyurur: «Həqiqətən biz onu dünyada seçdik». ("Bəqərə" ayə 130) Məlum olur ki, salehlərin məqamı bəzən peyğəmbərlərin məqamından üstündür. Ulul-əzm peyğəmbərlərdən olan İbrahim salehlərdən olmasına baxmayaraq onlarla yaxınlıq diləyir. Mərhum Ustad əllamə Təbatəbainin buyurduğuna görə həzrət İbrahim (ə) yaxın olmaq istədiyi uca məqam yalnız həzrət Məhmməddin Əhli-beytinin məqamıdır. ("Əl-Mizan" c. 1)Buna əsasən Əhli-beytin məqamı ülul-əzm peyğəmbərlərin məqamından yüksəkdir. Zəhra (s) Əhli-beyt zümrəsindən olub, bu uca məqama layiq kəsdir. Bəli, İbrahim onlarla yoldaşlıq arzulayır.

Digər sübut
Növbəti dəlil budur ki, insanın üstünlüyü onun mərifəti və imanından asılıdır. İlahi maarifdən faydalandıqca insan Allaha yaxınlaşsın. Bu cəhətdən həzrət Peyğəmbərin (s) dərəcəsi hamıdan üstündür və bir şəxsə aiddir. Çünki vəhy yolu ilə ona nazil olmuş Quran bütün əvvəlki kitablardan üstündür. «Biz Quranı sənə haqq olaraq, özündən əvvəlki kitabı təsdiq edən və onu qoruyan kimi nazil etdik». ("Maidə" ayə 48) Şəkk yoxdur ki, islam Peyğəmbəri və onun Quranı bütün peyğəmbərlər və kitablardan üstündür.
Digər tərəfdən səqəleyn hədisinə görə Əhli-beytin məqamı Quranla yanaşı tanıtdırılır. Elə bir kəramət yoxdur ki, Qurana aid ola, amma Əhli-beytə aid olmaya. Fərq olsaydı ayrılıq olardı. Hansı ki, səqəleyn hədisi ayrılığı inkar edir. Fatimənin üstün olmadığı yeganə şəxs hamıdan fəzilətli islam peyğəmbəridir. Müttəqilər ağası Əli (ə) ilə ya eyni məqamdadır, ya da Əli (ə) ondan üstündür. Qalan bütün bəşəriyyət Fatimədən (s) aşağı məqamdadır.

Müəllif: Həbibullah Əhmədi    

Category: FATİMƏNİN (S) BƏZİ FƏZİLƏTLƏRİ (Ardı) | Added by: IslamQadini
Views: 1376 | Downloads: 0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]