Övliya yoluna diqqət Əvvəlki hissədə Fatimənin (s) fəzilətləri barədə danışıldı. Onun saysız fəzilətlərindən bir hissəsi təkrarlandı. Ümid edildi ki, o xanımın fəzilətləri hamının həyatı üçün nümunə olacaq. Çünki bütün ilahi insanlar, xüsusilə Peyğəmbər (s) və Əhli-beyt günah və xətadan uzaqdır. Onlar başqaları üçün nümunədir. Onların həyatı daim diqqətdə olmalıdır. Ona görə də bu hissədə o xanımın həyatına bir nəzər salırıq ki, ilahi insanlardan nümunə götürməklə müvəffəqiyyət qazanaq. Hər bir insanın əsil sərmayəsi olan vaxtımızdan, ömrümüzdən bəhrələnək, dünya və axirətdə həmişəlik səadətimizi təmin edək.
Fatimənin (s) sadə həyatı İnsan fitrəti zatən paklığa meyilli olduğundan daim pak insanlar, onların əməl və əxlaqları sitayiş edilir. Ona görə də saleh insanların yolu nümunə götürülür. Nümunə götürmək, başqalarının dəyərli xüsusiyyətləri təsirində olmaq fitrətin əmridir. Çirkin əməllərə, əxlaqa nifrət də fitrətdəndir. İnsan paklıq, yaxşılıq, gözəl sifətlərlə nə qədər çox ziynətlənərsə, cəmiyyətə təsiri də bir o qədər çox olar, qəlbləri asanlıqla əla alar. Peyğəmbərlər və ilahi rəhbərlərin insanlara təsir etməsinin sirri də budur. Onlar bəşəriyyətin fitri istəklərini oyatmağa çalışmışlar. Digər tərəfdən özləri paklıq və yaxşılıq nümunəsi olub, məsləklərinə inanmışlar. Onların sözü və əməli arasında heç bir uyğunsuzluq olmamışdır. Vəhyə iman səbəbindən özləri dini göstərişlərə əməl etməkdə nümunə olmuşlar. Çünki sözlə əməl arasında ziddiyyət başqalarının nifrətinə səbəb olur. Hansı ki, əməl və söz bir-birlərini tamamlamalıdırlar. Buna görə də cəmiyyətin inkişafında xüsusi rolu olan ilahi rəhbərlər xalqı paklığa, dünyaya uymamağa, nəfslə vuruşmağa çağırırlar. Onlar gözəl əxlaq və təqvada, Allah qarşısından təvazö və Ona itaətdə, Allah bəndələri ilə gözəl davranışda nümunədirlər. Onların həyatı sadə və zər-zibasız olmuş, yeməkləri, geyimləri, nəqliyyatları xalqınkından fərqlənməmiş, bəlkə də aşağı səviyyədə olmuşdur. Çünki peyğəmbərlər və ilahi insanlar insanın dəyərini maddiyatda görməmiş. İnsanı əsil məqsəddən yayındıran dünya bəzəklərinə meyl ağılsızlıqdır. Peyğəmbərlər isə cəmiyyətin ağıllılarıdırlar və heç zaman dünya malına bağlanmazlar. Həqiqi rəhbərlərlə yalançı rəhbərlərin fərqi budur.
Fatimə (s) izdivacdan əvvəl Fatimə (s) elm və fəzilət məqamından əlavə, sadə həyatı müsəlmanlara nümunə olası ilahi insanlardandır. Onun bəhrəli həyatı hər növ bər-bəzəkdən, təmtəraqdan uzaq olmuşdur. İstər ata evində, müsəlmanların imkansız olduqları zamanda, istərsə də Mədinəyə hicrətdən sonra Əli (ə) ilə izdivac dövründə onun həyatı tam sadəliklə keçdi. Hansı ki, Zəhra (s) islam dünyası rəhbərinin qızı və ixtiyar sahibi idi.
Fatimə (s) izdivacdan sonra Fatimənin (s) ailə həyatı olduqca sadə, dəbdəbəsiz idi. İslamın nümunə qadınının gəlinlik cehizinə baxın: Bir ədəd köynək, iki ədəd yaylıq, bir ədəd qətifə, xurma çubuğu və lifindən bir taxt, misir kətanından iki ədəd döşək (biri yun, biri xurma lifindən), ikisi yun, ikisi xurma lifindən dörd balış, bir pərdə, bir həsir, bir əl daşı-dəyirmanı, dəri məşk, süd üçün taxta kasa, dəri su qabı, bir küp, bir neçə kuzə, iki gümüş qolbaq, bir mis qab. Onun mehriyyəsi on beş dirhəm olub və Fatimə bu mehriyyə, bu imkanlarla ailə həyatına başlayıb. Amma bütün dünya onun dəyəri səmərəsindən bəhrələnir. Müsəlmanlar, Əhli-beyt ardıcılları onların həyatını öyrənməli, evlənmə xərclərini azaltmalıdırlar ki, cəmiyyətimizin cavanları rahatlıqla ailə həyatı qursunlar. Böyük cehiz, böyük mehriyyə insan üçün heç bir dəyərə malik deyildir. Xülasə, belə bir həyat tərzinin seçilməsi əli və Fatimə (s) məktəbindən öyrəniləsi dərsdir. Bəli, üzücü çətinliklərlə, qıtlıqla üzbəüz dayanmaq, əziz övladları ac yatırtmaq əli və Fatimə (s) məktəbinin dərslərindəndir. Əli və Fatimə yaşayışı təmtəraqdan çox uzaqdır. Döyüş qənimətindən onlara düşmüş pay pərdə evin qapısından asılır. Peyğəmbər (s) otağa daxil olanda pərdəni görür. Fatimə (s) hiss edir ki, pərdə atasının ürəyincə deyil və Fatimə otağına uyğun gəlmir. Dərhal pərdəni açır və onu istifadə etmək fikrindən daşınır. ("Bihar" c. 43)
Fatimə və əlinin (ə) təmtəraqsız həyatında ev və çöl işləri hər iki məsumun iştirakı ilə yerinə yetirilir. Evin çox işlərini xidmətçiyə həvalə etmədən özü icra edirdi. Bu söz puç xəyallarından özləri üçün şən düzəldənlərə, gündəlik işləri özlərinə sığışdırmayanlara nümunə göstərir. Diqqət edin: «Evin yanacağını hazırlamaq, su gətirmək, süpürmək əlinin, dəyirmanda un çəkmək, xəmir etmək, çörək bişirmək Fatimənin öhdəsinə idi». Həzrət Peyğəmbər (s) qullarla yanaşı torpaq üstə oturar, çörək yeyər, yalın ata minər, birini də tərkinə alar, özü qoyun sağar, ən kiçik işi belə özü yerinə yetirərdi. Bu insanlar üçün nümunəvi bir üsuldur. Məhz, bu dəbdəbəsiz həyat tərzi insanları sehrləyir. Peyğəmbər (s) və Əhli-beytin (ə) kasıb daxması bir dünya mənəviyyat və əzəmətlə hər əsrdə insanları özünə cəlb edir. Bu ilahi rəhbərlərin ocaqları qırmızı və ağ evləri daim qorxudur və qorxudacaq. Əhli-beyt və Fatimənin (s) həyatını əsas götürməklə dünya və onun dəbdəbəsinə etinasız olmaq bizim öhdəmizədir. Dünya həyatı tez keçəsidir. Dünyaya bağlanmayaq. Bütün fəlakətlər dünyaya bağlanmaqdadır. ("Vəsail" c. 11) Sadəlik və dəbdəbədən uzaqlıq hər bir insan üçün müvəffəqiyyətin rəmzidir. Allah yanında ən əziz olan peyğəmbər və övliyaların həyatı dediklərimizə sübutdur. Kimsə deməsin ki, dünya malı insani kəramətdir. Əgər dünya malı kəramət olsaydı, Allahın ən yaxın bəndələri dünya malında qərq olardı. Hansı ki, ən yaxşı bəndələrin çətinlikdə, zalımları isə rifah içində görürük.
Qurani-kərim ailə bünövrəsinin möhkəmliyində iki şərt qeyd edir. Bu iki şərt ödənərsə, ailə möhkəm olar və heç bir tufan onu silkələməz. Bu iki şərt pozulanda Şeytanın ailəyə nüfuz yolu açılır. Bu əsaslardan, şərtlərdən biri ər-arvad arasındakı qarşılıqlı məhəbbətdir. Bu məhəbbət ailə mühitində xoşbəxtlik və səmimiyyət yaradır, eləcə də bütün bulanıqları aradan qaldırır. İkinci əsas qarşılıqlı şəkildə bağışlamaq, əfv etməkdir. Bu şərt ödənərsə, əlaqələr güclənər, ailə ixtilafları qabarmaz. Qurani-kərim buyurur: «Onlarla ünsiyyətiniz üçün öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda sevgi və mərhəmət yaratması da onun dəlillərindəndir». ("Rum" ayə 21) Allahın razılığı ilə, qarşıda bu barədə daha geniş danışılacaq. əli və Fatimənin (s) həyatı məhəbbət, güzəşt və isarın nümunəsidir. Bu iki məsumun günah və xətası olmasa da, onlarda mehr-məhəbbət, maddi çətinliklərə etinasızlıq özünün ən yüksək zirvəsindədir. O dövrün həyat çətinlikləri, ağır işləri şəxsən icra etmələri, üzücü sıxıntılar bu növ cavan ailənin güzəranına kölgə salmışdı. Həyatları tam kasıblıqla keçir, çox vaxt evdə bir parça çörək də olmurdu. Lakin ailədə hökm sürən səbr və mərhəmət ab-həvası bütün çətinlikləri unutdururdu. Hətta ən çətin vəziyyətdə də Fatimə (s) Əlidən (ə) nə isə tələb etmir, onu əziyyətə salmaq istəmirdi. Diqqət edin: Əli (ə) otağa daxil olur. Fatiməni (s) rəng-ruhu saralmış görür. Fatimədən (s) yemək istəyəndə «üç gündür evdə yemək yoxdur» cavabını alır. Əli (ə) buyurur: Nə üçün mənə xəbər vermədin? Həzrət Fatimə (s) buyurdu: Atam Peyğəmbər (s) mənə qadağan edib ki, səndən nə isə istəyəm. Buyurub ki, özü ilə bir şey gətirsə, gətirib, gətirməsə tələb etmə. Başqa bir rəvayətə görə yuxarıdakı hadisə zamanı Zəhranın (s) körpələri aclıqdan titrəyirdilər. Bəli, Fatimə tək mehriban bir ana «Məhəmməd gülü» olan övladları ilə bu sayaq çətinlikdə yaşayırdılar. Budur Fatimə (s) dözümü, budur Fatimənin (s) Əliyə (ə) qayğısı. Rəvayətə görə, Fatimədən (s) bu sözləri eşidən Əli (ə) yemək ardınca evdən çıxır. Bir dirhəm borc alır ki, ev üçün ruzi alsın. Yolda Miqdadla rastalaşır və bu vaxt onu evdən çıxmağa vadar edən səbəbi soruşur. Miqdad cavab verir: «Aclıq». Bunu eşidən Əli (ə) borc aldığı bir dirhəmi Miqdada verib, evə əliboş qayıdır.
Bir daha Fatimə və Əli (ə) isarının təcəllası Bəli, o Fatimə, bu isə Əli (ə) isarından bir nümunə. İndi isə vəhy ailəsinin isar dünyasına nəzər salaq. Əli (ə) evə daxil olub görür ki, həzrət Peyğəmbər (s) əyləşib, Fatimə (s) isə namaz qılır. Onun kənarında ağzı ötrülü tabaq qoyulub. Fatimə namazını tamamlayıb tabağın üstünü açır. Əli (ə) görür ki, tabaqda çörək və ət var. Bunun haradan olduğunu soruşur. Fatimə cavab verir ki, Allah tərəfindən. Allah istədiyinə hesabsız ruzi verər. ("Təfsire-əyyaşı" c. 1) Digər bir rəvayətə görə Fatimə namaz qılıb dua etdi və Allah dərgahına üz tutdu. ("Bihar" c.43) Allah onun duasını qəbul edib, qeybi ruzilərlə bəhrələndirdi. Bu Fatimə və Əli isarının, fədakarlığının təcəllası, vəhy ailəsinin həyat tərzidir. İnsan bu iki nümunənin həyatını görəndə təmtəraqla yaşayanlarla, kiçik sıxıntıya görə ailə mühitini cəhənnəmə döndərənlərlə müqayisə edir. Onda Əhli-beytin nə dərəcədə ideal olması üzə çıxır. Fatimə o qədər vəfalı və fədakar yoldaş idi ki, əli onun haqqında buyururdu: «Yoldaşım Fatimə Allaha itaətdə ən yaxşı köməkçidir». Əli (ə) də Zəhraya bu sayaq səmimi və iftixarlı bir yoldaş idi. Zəhra (s) buyururdu: «Ən yaxşı mənim yoldaşımdır». ("Bihar" c. 43)
Fatimə (s) və layiq övlad tərbiyəsi Övlad ata-ananın ixtiyarında qoyulmuş ilahi əmanətdir. Allah ata-anadan övlad tərbiyəsində çalışqanlıq istəyib. Eləcə də tərbiyə yolunu öyrədib. Doğru və düzgün tərbiyə üsuluna yiyələnib, onu həyata keçirmək ailə üçün böük müvəffəqiyyətdir. Həmçinin övlad tərbiyəsində səhlənkarlığın məsuliyyəti, acı nəticələri vardır. Əgər düzgün tərbiyə üsulunu öyrənməsək, Allah qarşısında cavabdeh olacağıq. Həsən, Hüseyn, Zeynəb və Gülsüm kimi ləyaqətli övladlar tərbiyə etmək Fatimə və Əliyə (ə) nəsib olmuş böyük müvəffəqiyyətdir. Çünki əli və Fatimə (s) onların həyatı bütün müsəlmanlara örnək olduğu kimi onların övladları da bütün cəhətlərdən nümunədirlər. Əlbəttə, Zəhra (s) övladlarının həyatını və fəzilətlərinin araşdırılması müstəqil bir işdir. Lakin bunu əhəmiyyətli bilib, Fatimənin (s) bərəkətli ağuşunda tərbiyələnmiş şəxslərin həyatından bəzi məqamları xatırlayırıq.
İki oğul övladı, risalət və imamət bağının gülləri, hər iki məsum və islami cəmiyyətin imamı, rəhbəri, müxtəlif şəraitlərdə son nəfəsədək haqqın müdafiəçiləri, nəhayət, hər ikisi bu yolda şəhid! Fatimə (s) övladlarının əzəmətini vəhy dilindən eşitmək gərəkdir. Həzrət Peyğəmbər (s) buyurub: «Həsən və Hüseyn mənim gülümün şaxələridirlər». ("Bəhar" c. 43) Yenə də onların məqamı haqqında buyurur: «Onlar behişt cavanlarının sərvəridirlər». ("Bəhar" c. 43)Peyğəmbər (s) onların haqqı olması barədə buyurur: «Onlara məhəbbət haqqa məhəbbət, Allaha yaxınlaşmaq səbəbidir. Onlarla ədavət və düşmənçilik haqla ədavətdir». ("Bəhar" c. 43) Yenə buyurur: «Onlar Allahın seçilmişləridir. Elə həmin ölçüyə görə də cəmiyyətə imam və rəhbər, peyğəmbər xəlifəsi, canişinidirlər». ("Bəhar" c. 43)
Fatimənin (s) iki qızından biri «Bəni-haşim əqiləsi» ləqəbli Zeynəbi-kübra, ikincisi Zeynəbi-suğra, yəni Ümmül-gülsümdür. Hər ikisi mömin, hər ikisi islam şünas, Qurandan xəbərdar, Quran təfsirçisi, Quran müdafiəçisi, həyat boyu haqq, ictimai və siyasi səhnələrdə daim hazır! Əhli-beytin bu iki qızının böyüklüyünü, şücaətini Kərbəla şəhidləri, imam Hüseynlə (ə) birgə yaratdıqları Kərbəla tarixindən öyrənmək olar. Məhz onlar yanıqlı Aşura inqilabını yaradıb, şəhid qanları üstə tarixə haray çəkiblər. Bu iki nurlu çöhrə Bəni-üməyyənin cəhənnəm şəraitində qardaş və dostları ilə birgə haqqa köməyə tələsdilər. Cəmiyyətdə əsil islamı diriltdilər. Qardaşları, övladları, dostlarının ürək yandıran dağına dözərək şəhid yadigarlarına qəyyumluq edib, düşmənin zəncirləri, qandalları, min cür işgəncələri altında fəryad etdilər. Kərbəladan Şama, Mədinəyə əsirlik səfərinə dözüb, tarixdə misli görünməmiş bir əzəmət yaratdılar. Bəni-üməyyə zülmü qarşısında dağ kimi dayanıb, öz işıqlı nitqləri ilə zalımların üzündən pərdəni açdılar, küfrü aşkar etdilər. Əməvi zalımlarını elə rüsvay etdilər ki, onların rəzaləti qiyamətədək bəşəriyyətin qulağında gurlayacaq. Onlar əməvi muzduru Ubeydullahın qələbə naminə şadlıq məclisini rüsvayçılığa döndərdilər. Alçaq Yezidin məclisində elə bir inqilab yaratdılar ki, Yezid və tərəflarları öz yaşıl saraylarında zillətə uğradılar. Onlar hamıya möhkəmlik, səbr, Allah yolunda müsibətə dözüm dərsi verdilər və üzücü müsibətlərə sinə gərdilər. Hər biri haq yolda çətinliyi şərəf saydığından ləyaqəti üstün tutdular. Zeynəbdən (s) soruşulanda ki, səfəriniz necə keçdi? Buyurdu ki, biz gözəllikdən başqa bir şey görmədik! Bəli, budur Fatimə övladlarının böyük və sarsılmaz ruhu. Onlardır Fatimə (s) südündən içib, onun ağuşunda tərbiyə alanlar. Bu həmin Fatimədir ki, daim zülm, namərdlik, haqsızlıq müqabilində məğrur dayandı. Bu iki xüsusiyyət – ər qayğısı və övlad tərbiyəsi Fatimə (s) həyatının özünəməxsus parlaqlığıdır. O xanımın nümunə olması baxımından ailə qurluşunda, övlad tərbiyəsində onun səliqəsinə əməl etmək cəmiyyətin inkişafına və ilahiliyinə səbəb olacaq. Bu üsul yalnız Fatimədə yox, bütün peyğəmbərlər və imamların həyatında bir ailə əsası tək diqqəti cəlb edir.
Dini göstərişlərə əməl etmək əgər Fatimə həyatında ərə qayğı, övlad tərbiyəsi nümunədirsə, bunun səbəbi dini göstərişlərə əməl olunmasıdır. Vəhy göstərişlərinə əməl etməklə ev mühiti səfa və səmimiyyətə bürünür, övladlar islama eşq ruhunda tərbiyə olunur. Fatimə (s) dini göstərişlərə o qədər əhəmiyyət verirdi ki, hətta öz övladları yetkin yaşa çatmamış onların haqqında qaydalara diqqət göstərirdi. Beləcə, övladları ilahi feyzlərdən bəhrələnirdilər.
Qədr gecəsinin əhəmiyyəti və Fatimə (s) Qədr gecəsinin əhəmiyyəti hamıya aydındır. İlin gecələri arasında onun tək şərafətlisi yoxdur. Qədr gecəsi bir il üçün talehlərin yazıldığı, ilahi bərəkətin nazil olduğu gecədir. Onun fəziləti min ayın fəzilətindən artıqdır. Bu gecədə ilahi mələklər haqqın layiq bəndəsinə nazil olar. Bu gecədə Allahın xüsusi mərhəmət qapıları hamı üçün açıqdır. Layiq insan ibadət və bu gecəni oyaq qalmaqla bəhrələnmək ümidindədir. Gərək özü «Qədr gecəsi» adlanan Fatimə (s) bu gecəni necə keçirir. Fatimə (s) bu gecəyə o qədər əhəmiyyət verir ki, gecə oyaq qalmaları üçün azyaşlı övladlarını əvvəlcədən hazırlayır. İstəyir ki, körpələr sübhədək ibadət edib, öz gələcək səadətlərinə təminat alsınlar. («Bəhar» cild 94). Fatimənin (s) qaydası bu idi ki, Qədr gecəsi ailədən kimsə yuxuya getməsin. Bir gün əvvəldən ailəni azca yedirməklə, istirahətlə gecəni oyaq qalmağa hazırlayırdı. Buyurardı ki, məhrum Qədr gecəsinin xeyr və fəzilətindən əli çıxan şəxsdir. Deyilənlər o xanımın övlad tərbiyəsində dini əmrlərə nə qədər əhəmiyyət verdiyini göstərir. Aydın və bariz nümunələrdir – hətta körpələri Qədr gecəsində oyaq qalmasına çalışır. Hansı ki, xalqın əksər hissəsi belə bir gecədə öz cavanlarını yaddan çıxarır. Demək, övlad tərbiyəsi o zaman düzgün olar ki, dini göstərişlərə əməl edilsin. Ailə məsələləri, tərbiyə üsulu bu şərtlər daxilində əhəmiyyətli olur. Əslində mövzudan çıxıb, islamda bəzi ailə və tərbiyə məsələlərinə toxunmağımız yəqin ki, faydalı olacaq.
Ailə və ər-arvad münasibətləri Daimilik, əbədilik eşqi bütün varlıq aləminin batinində gizlənmişdir. Buna görə də aləmin bütün zərrələri Allahın ifadəsi və dəlilidir (məzhər və həyat). Şəhadət aləmində bu həqiqət (əbədilik eşqi) evlənmə qanunları ilə həyata keçir. Bu qanun bütün şəhadət nizamında tətbiq edilir və cinsin davamı, həyatın gedişi, hamiləlik, doğum bu yolla mümkündür. Qurani-kərim bu sirrin üstündən pərdəni qaldırıb, insanın diqqətini bu həqiqətə yönəldir ki: «Yerin yetişdirdiklərindən, onların özlərindən və bilmədiklərindən cütlər yaradan Allah pak və müqəddsdir». ("Yasin" 36)Yenə buyurulur: «Biz hər şeydən cüt-cüt yaratdıq. Bəlkə, bir düşünüb, ibrət alasınız». ("Zariyat" 49) İnsan da bu qanunlardan kənarda qalmayıb. Nəslini davam etdirmək üçün o da bu qanunlarla yaşayır. Bu qanun da digər ilahi qanunlar kimi sabitdir. «Sən Allahın qoyduğu qanunlarda heç bir dəyişiklik görməzsən». ("Fatir" 43) Şəriət qanunları inkişaf qanunlarına uyğun olduğundan şəriət nizamında da ictimai və fərdi həyat həmin qanunlara riayətlə davam edir. Cəmiyyət o zaman həyatdan faydalanır ki, ilahi qanunlara uyğun hərəkət etsin. Çünki ilahi qanunlar inkişaf qanunları kimi cəmiyyətə həyat verir. «Ey iman gətirənlər, Peyğəmbər sizi dirildəcək haqqa dəvət edəndə Allahın və Onun peyğəmbərinin dəvətini qəbul edin». ("Ənfal" 24) əgər cəmiyyət ilahi qanunlardan kənarlaşarsa, insani həyatdan məhrum olar. Həzrət Peyğəmbər (s) buyurur: «Dini qanunlardan imtina edib, kənarlaşan şəxs vəhy göndərişindən uzaqlaşmışdır». Bu şəxs heç vaxt dini həyatdan faydalanmayacaq. Dini həyatdan məhrum olan şəxs diri olmayacaq. Çünki yalnız ilahi və dini qanunlar insani cəmiyyətə həyat verir. Bu şəriət qanunları da inkişaf qanunları tək dəyişməzdir.
İlahi qanunlardan hər birinin müəyyən faydası vardır. Bu faydanı həmin qanunun məqsədi kimi qəbul etmək olar. Evlənmə, nikah qanununun da diqqət ediləsi çox mühüm və müqəddəs məqsədləri var. Hansı ki, bəziləri evlənmənin məqsədini cinsi ehtiyacların təmini kimi başa düşürlər. Əslində isə nikahda bir çox məqsədlər vardır.
İnsanın təbii və fitri istəklərindən biri cinsi ehtiyacdır. Bu istəyin təmini üçün başqa hallarda olduğu kimi insanın öz həmnövünə ehtiyacı vardır. Bu istək ya qanuni nikah, evlənmə yolu ilə, ya da günah və azğınlıq yolu ilə ödənə bilər. Allah-təala insanın fitri ehtiyaclarının ödənməsi üçün düzgün, şəri yollar müəyyənləşdirib. Vaxtında Müqəddəs evlənmə hökmünü yerinə yetirməklə cəmiyyət müxtəlif pozğunluqlardan qorunur. Cəmiyyətin təmizliyi və paklığı üçün Quran bu hökmün yerinə yetirilməsini təkid edir: «Aranızda olan subay kişiləri və ərsiz qadınları, əməli-saleh kölə və cariyələrinizi evləndirin». ("Nur" 32) İslam Peyğəmbəri cəmiyyətin əxlaqının qorunmasında evlənmənin rolu barədə buyurur: «Evlənən şəxs dininin yarısını hifz etmiş olur, digər yarısı üçün isə təqva seçilməlidir». Başqa bir rəvayətdə isə buyurulur: «Allaha ibadətin yarısı evlənməklə təmin edilir». ("Bəhar" c. 100) Müstədərk»də deyilir: «Allaha pak ruhla ibadət etmək istəyən şəxs evlənməlidir. Evlənməklə paklıq əldə edilər». Deməli, evlənmənin mühüm məqsədi fərdin və cəmiyyətin saflığını təmin etməkdir.
İkinci:Layiqli övlad tərbiyəsi Dini mətnlərdə əsas yer tutan evlənmə məqsədlərindən biri saleh və layiqli övlad tərbiyəsidir. Bu ailənin ən böyük məsuliyyəti hesab olunur. Bu işdə müvəffəqiyyət qazanmaq üçün isə böyük ilahi nemətlərdən faydalanmaq lazımdır. Dini əsərlərdə evlənməyə rəğbətləndirilir ki, valideyn ilahi tərbiyəyə nail olsun. Evlənmədə məqsəd şəhvət alovunu söndürmək deyil və bu məqsəd heyvanlara məxsusdur. Qurani-kərim buyurur: «Qadınlar sizin tarlanızdır. İstədiyiniz vaxtda öz tarlanıza gəlin». ("Bəqərə" 223)Peyğəmbər (s) və onun Əhli-beyti də bunu təkid etmişlər. İmam Sadiqdən (ə) rəvayət olunub ki, insanın səadəti layiqli övladdadır. («Vəsail» cild 15). Həzrət (ə) buyurur ki, layiqli övlad Allahın ata-anaya hədiyyə etdiyi güldür. («Vəsail» cild 15). Yenə nəql olunur ki, mömin bəndənin yadigarı, mirası onun üçün bağışlanma istəyəcək layiqli övladdır. («Vəsail» cild 15). Buna əsasən demək olar ki, evlənmənin digər bir müqəddəs məqsədi layiqli övlad tərbiyəsidir. Bunu təkid edən ayə və rəvayətlərdən nümunələr göstərdik.
Üçüncü: Sakitliyin təmini İnsanın maddi həyatı iş, səy, qarşılıqlı əlaqələr, yorğunluq, ruhi iztirablarla müşayət edilir. Quran buyurur: «Biz insanı məşəqqətdə yaratdıq». ("Bələd" 4) Allah-təalanın insanı iztirablardan qurtarmaq yollarından biri evlənmədir. Mehriban ailə mühiti, ər-arvadın xoş ünsiyyəti yorğunluğu aradan qaldırır, sakitlik, rahatlıq yaradır. Ailə ilə ünsiyyətdən duyulan rahatlıq heç bir yolla hasil olmur. Heç bir əlaqə, heç bir məhəbbət ər-arvad əlaqəsindən üstün deyil. Məhəbbət dolu ailə mühitindən məhrum olan insanlarda bədbinlik yaranır və bu hisslər iztiraba səbəb olur. Bu səbəbdən sübhan Allahın evlənmə üçün müəyyən etdiyi mühüm bir hədəf ruhən sakitliyin təminidir. Qayda-qanunlara riayət etdikdə evlənmə rahatlığa səbəb olur. Quran buyurur: «Onlarla ünsiyyətdə olasınız deyə sizin üçün zövcələr xəlq etməsi, aranızda sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir». ("rum" 21) Qeyd etdiyimiz üç məqsəd Quran və Əhli-beytin diqqət yetirdiyi evlənmə hədəfləridir. Əlbəttə ki, bu hədəflərə hər evlənmədə müvəffəq olunmur. Evlənmənin müqəddəs amallarına çatmaq üçün Allah-təala üsul və qaydalar təyin etmiş, zəruri göstərişlər vermişdir. Yalnız bu dini göstərişlərə əməl etməklə həmin üç hədəfi təmin etmək olar. Ailə məsələləri və tərbiyə üsullarına əməl etməyən şəxs nə bu üç hədəfi, nə də layiqli övladı gözləyə bilməz. İndi isə əsas ailə məsələsi və tərbiyə üsullarını araşdıracağıq.
Ailə iki fiziki və iki mənəvi əsasa malikdir. Fiziki əsaslar bir-birinə bağlıdır. Bu iki əsası ər-arvad təşkil edir. İki mənəvi əsasdan biri məhəbbət, digəri isə bağışlamaq və güzəştə getməkdir. Birinci əsaslar ailənin qurluşunu təşkil edirsə, ikinci əsaslar ailə üçün ruh və can kimidir. Bir ailə bu iki nemətdən məhrum olarsa, heç bir əhəmiyyət daşımayan ruhsuz bədən olcaqdır. İslam iki mənəvi əsasın varlığı üçün iki fiziki əsasın seçilməsində ölçülər təyin edib. Həyat yoldaşı bu ölçülər əsasında seçilmişdir. Bu halda ailə əsasları möhkəm olar və ailənin təşkili hədəfləri üçün şərait yaranar. İslam kimsəyə gözübağlı, nəfs istəklərinə xatir ailə qurmağa icazə vermir. Çünki bu halda ailə nakam və səmərəsiz ola bilər. İnsana yol göstərilir və insan həvəsləndirilir ki, həyat yoldaşı seçilərkən dini ölçülərə lazımınca diqqət yetirilsin.
Bu ölçülərə riayət olunarsa layiqli övlad tərbiyəsi üçün şərait yaranar. İslam insanın tərbiyəsi üçün xüsusi bir yaş qeyd etmir. Həyat yoldaşı seçilərkən övlad tərbiyəsi barədə düşünülməlidir. Övlad tərbiyəsində ata və ananın təsiri nəzərə alındığından bu iki fiziki əsas üçün ölçülər müəyyənləşdirilmişdir. Belə olsa evlənmə ölçülər əsasında həyata keçər və tərbiyə üçün şərait yaranar. Demək, islam uşağın tərbiyəsinə anadan olandan sonra yox, həyat yoldaşı seçilən zaman başlayır.
Həyat yoldaşı seçimində ölçülər İndi dini əsərlərdə həyat yoldaşı seçimi üçün müəyyənləşmiş ölçülərdən danışacağıq. Onlardan bəzisi hər iki cinsə, bəzisi isə ya təkcə qıza, ya da oğlana aiddir.
Evlənmə mühüm və ömür boyu insana yoldaşlıq edən bağlılıqdır. Ər-arvad ailənin əsasıdırlar. Buna görə də həvəsbaz fərdlərlə ailə bünövrəsi qoymaq olmaz. Həyat yoldaşı seçərkən ən mühüm ölçü iman və təqvadır. Həmişəlik həyat yoldaşı iman nöqteyi-nəzərindən dəqiq qiymətləndirilməlidir. Arxayın olduqdan sonra evlənmək olar. Dinsiz adamlarla ailə qurmaqdan çəkinmək lazımdır. Rəvayətlərdə bu ölçüyə xüsusi diqqət yetirilib və günahkarlarla evlənmək qadağan olunub. Həzrət Peyğəmbərdən (s) nəql olunub: «Dindar insanlarla ailə qurun». ("Vəsail" c. 14) İmam Baqir (ə) buyurmuşdur: «Elçi gələnin dinindən razısınızsa, onunla bağlanın». Evlənmədə üstünlük və fəzilət ölçüsü iman və iffətdir. «Ən yaxşı qadınlar doğumlu, mehriban və pak qadınlardır». ("Vəsail" c.14) Digər tərəfdən dinsiz şəxslə evlənmək qadağan olunur: «Şərab içən və günahkar adamla evlənən öz qohumluq əlaqələrini kəsir». ("Kafi" c. 5) Həzrət Məhəmməddən (s) də bu səpkili hədislər nəql olunub.
Evlənmə zamanı imandan əlavə əxlaq da nəzərə alınmalıdır. Gözəl əxlaqlı insanla bağlanmaq, alçaq, mənfur xasiyətlilərdən çəkinmək lazımdır. Çünki ünsiyyət yaranmasında, ailə əsaslarının möhkəmlənməsində gözəl əxlaqın rolu böyükdür. Əksinə, alçaq sifətlər ixtilaf yaradır, layiqli övlad tərbiyəsində ilahi yardımı kəsir. Ona görə də rəvayətlərdə iman şərt qoyulanda əxlaq da ölçü kimi göstərilir. Bu iki sifət bir-birindən ayrıdır. Ola bilər ki, etiqad nöqteyi nəzərindən mömin və təqvalı olan bir şəxs gözəl əxlaqa malik olmasın. Söz yox ki, bəyənilməz əxlaq imanın zəifləməsindən doğur. Həqiqi möminin əxlaqı da gözəl olacaq. Əxlaq iman əslində ayrılır. Gözəl əxlaq barədə həzrət Peyğəmbərdən (s) nəql olunub ki, əxlaqından, dindarlığından razı olduğunuz adamlarla evlənin. ("Vəsail" c. 14)Pis əxlaqlı şəxslə evlənmənin mümkünlüyü haqqında imam Rzadan (ə) sual olundu. Rəvayətə əsasən buyurub ki, beləsi ilə evlənməyin. ("Vəsail" c. 14)
Ailədə əsil-nəsil məsələsi Həyat yoldaşı seçilərkən digər bir meyar onun əsil-nəsil məsələsidir. Təkcə bir nəfərin iman və əxlaqını öyrənməklə iş bitmir. Nəslin, alilənin övlada təsirini nəzərə almaqla bu məsələlərə də diqqət yetirilməlidir. Əsilli, təqvalı, əxlaqlı, şücaətli, səxavətli ailə ilə bağlanmaq lazımdır. Çünki yaxınların, valideynlərin xasiyyətləri genetik yolla, ünsiyyət yolu ilə övladlara keçir. Buna görə də həmin mövzu rəvayətlərdə nəzərə alınıb ki, həyat yoldaşı saf, gözəl xasiyyətli ailələrdən seçilsin. Qarşı tərəfin ailəsinin övlada təsiri barədə həzrət Peyğəmbər (s) buyurub: «Həyat yoldaşı seçərkən onun ailə əslinə diqqətli olun, çünki sizin övladlarınızın xasiyyətlərində dayıları da şərikdir». ("Vəsail" c. 14) Peyğəmbər (s) açıq-saçıq ailələrdə böyümüş gözəl qız və qadınlarla evlənməkdən çəkindirir. («Vəsail» cild 14).
Evlənərkən digər bir meyar evlənənlərin bir-birinə meyli, məhəbbətidir. Bu meyar ödəndikdə ailənin bünövrəsi möhkəm olur, ailə hadisələr qarşısında dözümlə dayanır. Əgər oğlan və ya qızda evlənməyə meyl yoxdursa, ata-ana onu məcbur etməməlidir. Məcburi evlənmə etibarsız və dözümsüzdür. Təəssüf ki, bəzi ailələrdə mövcud olan belə yanlış qayda yeni ailənin ruhsuzluğuna, bədbinliyinə səbəb olur. Nəticədə ya ömür boyu peşimanlıq hökm sürür, ya da qalmaqallar ailə ocağını dağıdır. Çünki məhəbbət olmayan yerdə ən kiçik nöqsan böyük bir ixtilafa çevrilir. Məhəbbət zor gücünə yaranmadığından kimsə ər-arvad arasında ülfəti bərpa edə bilmir. Rəvayətlərdə qeyd edilib ki, evlənmədə əsas ər-arvad arasındakı məhəbbətdir, başqalarının müdaxiləsi faydasızdır. Bir şəxs imam Sadiqdən (ə) sual edir ki, mən bir nəfərlə evlənmək istəyirəm, amma atam başqa birini nəzərdə tutub. İmam buyurur: «Meyar atanın yox, sənin istəyindir». ("Kafi" c. 5) Başqa bir rəvayətdə imam Kazimdən (ə) rəvayət olunur ki, meylin olan adamla evlən. («Vəsail» cild 14). Ailə qurmaq üçün ən yaxşı qızlar ağıllı, kamallı, ədəbli qızlardır. Eləcə də evlənərkən meylin olsun!
Həyat yoldaşı seçərkən meyarlardan biri də gözəllikdir. Necə ki, Peyğəmbər (s) buyurur: «Mənim ümmətimin ən yaxşı qadınları onların ən gözəlidir ki, mehriyyəsi az olsun». ("Vəsail" c. 14)Yenə buyurulur: «Xeyr və səadəti xeyirxahlar arasında axtarın». «Gözəl və dindar qadın insan səadətinin təminatçısıdır». ("Bihar" c. 23) «Səfinətül-bəhar» da nəql olunur ki, iti ağıllı və qara gözlü qadınlarla evlənin.
Bəli, cismani gözəllik rəvayətlərdə meyar kimi göstərilib. Lakin əsil meyar tamam başqadır. Cismani gözəlliyə görə digər keyfiyyətləri nəzərdən qaçırmaq olmaz. Çünki gözəllik ailə əsası olan məhəbbəti yaratmağa qadir deyil. İmam Sadiq (ə) buyurur: «Bir fərdin gözəlliyinə görə onunla evlənən şəxsi Allah həmin meyarın öhdəsinə buraxar [onun gözəlliyi bir vaxt gedəcək]. Amma dininə görə evlənərsə, ona gözəllik, var-dövlət əta olunacaq». ("Vəsail" c. 14)
Həyat yoldaşı seçərkən nəzərə alınası meyarlardan biri maddi təminat məsələsidir. Ər-arvadın uyğun olması haqqında imam Sadiq (ə) buyurur: «Uyğun olmaq budur ki, dindar və imanlı olsun».("Vəsail" c. 14)
Burada məqsəd o deyil ki, insana atasından və ya başqa mənbədən müftə var-dövlət çatsın. Başqalarının zəhməti ilə qazanılmış bu sayaq var-dövlətin heç bir fəziləti yoxdur. Digər tərəfdən insanda müdiriyyət, iqtisadi faydalanma ləyaqəti yoxdursa, ona Qarunun xəzinəsini də versən az müddətdə havaya sovuracaq. Maddi təminat dedikdə insanın çalışqanlığı, iqtisadi bacarığı nəzərdə tutulur. İnsan öz ləyaqəti ilə ağlını, qüvvəsini işə salıb halal ruzi üçün çalışmalıdır. Bununla o başqalarına ehtiyac olmadan alın açıqlığı ilə öz dolanışığını təmin edər. Bu meyar ailənin dolanışıq yükü çiyinlərinə düşmüş kişiyə aiddir. Kişidə bu ehtiyacları ödəmək ləyaqəti olmalıdır.
Dolanışıq məsuliyyətinin kişinin üzərinə düşməsinə qarşılıqlı olaraq bir meyar da vardır ki, qadına aiddir və bu ərə qayğı, evdarlıq, tərbiyə məsələsidir. Əlbəttə, həyat yoldaşına qayğı və tərbiyə müştərək vəzifədir. Ev işləri və ərə qayğı qadının mühüm vəzifəsidir. Övlad tərbiyəsi də ananın üzərinə düşür. Ona görə də həyat yoldaşı seçilərkən qadın üçün meyarlardan biri onun ərə qayğı, evdarlıq və övlad tərbiyəsi məsələləri ilə tanışlığıdır. Belə ki, onu nəyə isə dəvətə, nədənsə çəkindirməyə ehtiyac qalmamalıdır. Hətta qadının ərə qayğısı kişinin cihadi ilə yanaşıdır. ("Vəsail" c. 14)Bu sayaq hədislər qarşıda şərh ediləcək. Digər bir rəvayətdə buyurulur: «Evlənmək üçün qızların ən yaxşısı başqa meyarlardan əlavə onun ərə qayğı, evdarlıq və övlad tərbiyəsi məsələləri ilə tanışlığıdır». ("Vəsail" c. 14) Bunlar o qədər mühüm meyarlardır ki, onlara əməl etməklə övlad tərbiyəsi üçün şərait yaranır. Əlbəttə, dini göstərişlər bu qədər də yığcam deyil. Addım-addım, mərhələ-mərhələ göstərişlər verilir ki, cəmiyyətə sağlam, pak övladlar qədəm qoysun. Növbəti hissələrdə bu mərhələlər haqqında danışacağıq.
Müəllif: Həbibullah Əhmədi
|
|