«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Çərşənbə axşamı, 2024-04-23, 12:15 PM
Main » Files » TARIXDƏ QADIN » İslam Peyğəmbərinin (s) əsrində yaşamış qəhrəman qadınlar

2009-09-12, 7:19 AM
 
İslam Peyğəmbərinin (s) əsrində yaşamış qəhrəman qadınlar
 (3)
Səbr qəhrəmanı Ümmü Səlim

Ümmü Səlim, Məkkədə İslamı qəbul edən qadınlardan biri idi. Əri vəfat etdikdən sonra o xanıma, Mədinədən Əbu Təlhə Ənsari adlı cavan bir oğlan elçilik edir. Əbu Təlhə hörmətli bir ailədən olduğuna baxmayaraq, hələ də İslamı qəbul etməmişdi. Ümmü Səlim Əbu Təlhənin onun həyat yoldaşı olmasını çox istəyirdi, amma ona rədd cavabı verib deyir: «Sənin həyat yoldaşın bu şərtlə olaram ki, müsəlman olasan».
     Ümmü Səlim Əbu Təlhəyə bütpərəstliyin əsassız olmasını sübut etdikdən sonra o, İslamı qəbul etmiş və Ümmü Səlim ilə ailə qurmuşdu. Bəzi rəvayətlərə görə, Ümmü Səlim Əbu Təlhədən mehriyyə olaraq onun İslamı qəbul etməsini istəyib. Bu izdivacdan onların bir övladı olub. Bir gün, Əbu Təlhə evdə olmayanda, uşaq xəstələnərək ölür. Baş vermiş hadisədən özünü itirməyən Ümmü Səlim, onu parçaya bükərək otağın bir küncünə qoyur. Əbu Təlhə evə qayıtdıqda, Ümmü Səlim uşağın öldüyünü ona bildirmir və əri üçün hazırladığı ləziz yeməyi süfrəyə qoyur. Əbu Təlhə uşağın əhvalını soruşanda isə Ümmü Səlim ona deyir: «O yatıb, yeməyini ye».
     Ümmü Səlim gülərüz və şirin sözlərlə ərinə xoş əhval bəxş etdikdən sonra ona deyir: «Yadımda ikən, sənin yanında bir əmanət var idi ki, bu gün onu Sahibinə qaytardım. Narahat olmadın ki?»
     Əbu Təlhə deyir: «Niyə də narahat olum? Əmanət, onsuz da bir gün, sahibinə qaytarılmalı idi!»
     Ümmü Səlim sözünə belə davam edir: «Allah, bizə əmanət verdiyi övladı, bu gün bizdən aldı».
     Əbu Təlhə həyat yoldaşının səbrinə, rəftarına və Allaha təvəkkül etməsinə heyran qalaraq: «Sən nə qədər səbrli və dözümlüsən?!» – deyir və uşağa qüsl verib, kəfənləyərək onu dəfn edir. Sonra Rəsuləllahın (s) hüzuruna gedib, ona oğlunun vəfatı və həyat yoldaşının bu hadisədə göstərdiyi səbr barədə danışır. Peyğəmbər (s) dua etdikdən sonra: «Allaha şükür edirəm ki, mənim ümmətim arasında da Bəni-İsrailin dözümlü qadını kimi bir qadın vardır» – deyə buyurur.
     Orada olanlardan biri Peyğəmbərdən (s) həmin qadının başına gələn hadisə barədə soruşur.
     Peyğəmbər (s) buyurur: «Bəni-İsrail analarından birinin iki oğlu var idi. Bir gün onlar evlərinə bir neçə nəfəri qonaq dəvət edirlər. Kişi qonaqlar ilə həyətdə, qadın isə mətbəxtdə yemək bişirməklə məşğul idi. Kişi qonaqlar ilə evə daxil olduqdan sonra, həyətdə oynayan hər iki oğlu su quyusuna düşür. Ana, ərini və qonaqları xəbərdar etmədən, uşaqları ölmüş halda quyudan çıxarır, onları parçaya büküb bir kənara qoyur. Qonaqlar gedəndən sonra ana ərinin yanına gəlib xoş rəftar, şirin sözlərlə onu bu acı xəbərə hazırlaşdırır. Əri uşaqlarını soruşub, onları yanına çağırır. Bu zaman ölmüş uşaqlar Allahın əmri ilə, qadının səbrinin mükafatı olaraq, dirilib ata-anasının yanına gəlirlər».
     Ümmü Səlimin göstərdiyi digər bir fədakarlığı da sizə təqdim edirik:
     Peyğəmbər (s), Mədinəyə hicrət etdikdən sonra, bir gün Əbu Təlhənin evinə gəlir. Ümmü Səlim Peyğəmbəri (s) yaxşı qarşılamaq üçün, dünya malından heç nəyi olmadığından, (əvvəlki ərindən olan) Ənəs adlı on yaşlı oğlunu Peyğəmbərin (s) hüzuruna gətirib buyurur: «Ya Rəsuləllah! Bu oğlumı sizə xidmətçi gətirmişəm. Sizə layiq olmasa da, qəbul edin və onun üçün dua edin».
     Sevimli Peyğəmbərimiz (s) Ənəsi dua etdi, bu duanın nəticəsində o, çoxlu övlad, var-dövlət sahibi oldu və hicrətin 91-ci ilində Bəsrədə dünyasını dəyişdi.
     Ümmü Səlim Hüneyn döyüşündə də iştirak etmişdi. Döyüşə yaralılara tibbi yardım etmək üçün gedən Ümmü Səlim, döyüşün qızğın anında Peyğəmbəri təhlükədə görüb, o Həzrəti qorumaq məqsədilə əlinə xəncər almışdı. Əbu Təlhə bu hadisəni Peyğəmbərə (s) söyləyərkən, Rəsuləllah (s): «Bəli, bilirəm. Qoy olsun. Ümmü Səlim ona görə əlinə xəncər alıb ki, əgər bizə düşmən yaxınlaşarsa, onun qarnını yırtsın» – deyə buyurub.
     Əziz xanımlar, bütün bu qeyd etdiklərimizlə nəzərinizə bunu çatdırmaq istəyirik ki, sizlərdən hər biriniz Ümmü Səlim olmaq gücünə sahibsiniz. Çünki Ümmü Səlim də sadə bir ailədə dünyaya gəlmişdi və o, nə Peyğəmbər (s) xanımı, nə Peyğəmbər (s) övladı və nə də İmam (ə) övladı deyildi.
    

Category: İslam Peyğəmbərinin (s) əsrində yaşamış qəhrəman qadınlar | Added by: IslamQadini
Views: 747 | Downloads: 0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]