SİDDİQEYİ-KUBRA
Yaradılışın məqsədi Allah-Taalanı tanımaq və Ona ibadət etməkdir. Allahı isə vəhy yolundan başqa heç bir vasitə ilə tanımaq mümkün deyil. Allahın əzəmətinin müqabilində parlaq zəkalar baş əyir. Onun zatı, sifətləri, işləri barədə insanın fikir və xəyalına gələn bütün təsəvvürlər bir-birinin üzərinə qalanmış qaranlıq və zülmətlərdən başqa bir şey deyildir. «Xəyallarınıza gələn ən dəqiq şeylər belə sizin kimi məxluq və yaranmışdır, sizə də qaytarılır» («Biharul-ənvar», cild 44, səh 293). İti düşüncələrin Onun əzəmətinin dalğalarında dalğalandığı, zəkaların Onun əzəliyyətini xatırladıqda məəttəl qaldığı, ağılların Onun yaratdıqlarından heyrətə düşdüyü Allah – necə də əzəmətli və nöqsanlardan uzaqdır! «Göylərin və yerin nuru»na («Nur» surəsi, ayə 35) yetişmək üçün yalnız bir çıraq var. Bu, vəhy çırağının işıqlandırdığı qəlb çıraqqabısıdır: «Bu elə bir kitabdır ki, onu sənə insanları zülmətlərdən çıxardıb nura qovuşdurmaq üçün nazil etmişik» («İbrahim» surəsi, ayə 1). İbadət yalnız pak və müqəddəs varlıq olan Allaha layiqdir. O Allaha ki, insanı yoxdan yaratdı. Onu eşidən yaratdı ki, öz Yaradanının şəriətini eşitsin, onu görən xəlq etdi ki, Onun hikmət nümunələrini görsün. Uca Allah murdar sudan (nütfədən) elə bir varlıq yaratdı ki, ağıl yəqinin qüvvəsilə (elmul-yəqin, eynul-yəqin, həqqul-yəqinə) mərtəbələrinə yetişə bilər: «Yaradanların ən gözəli olan Allah nə qədər uca, nə qədərə uludur!» («Muminun» surəsi, ayə 14) Amma, tayı-bərabəri olmayan Allaha ibadət etməyə nail olmaq, elə onu tanımaq kimi, yalnız o «böyük və əzəmətlinin» qoyduğu və böyük peyğəmbərləri vasitəsilə bizə yetirdiyi şəriət vasitəsilə mümkündür. Yalnız bu surətdə «cəlal və kəramət sahibi» olan Allah, özünün irfan cəvahiratının xəzinələri olan camal və kamal adlarla çağırılacaqdır. «Ən gözəl adlar Allahındır. Onu bu adlarla çağırıb dua edin» («Əraf» surəsi, ayə 180). İnsanın və digər məxluqların yaradılışının məqsədi, sonuncu peyğəmbərin peyğəmbərliyə yetişməsilə son mərhələsinə, kamal həddinə yetişdi. Rəbbin Öz hikmət gözü və qüdrət əliylə bəşəriyyət fitrətinin torpağında – «(Ya Məhəmməd! Ümmətinlə birlikdə) batildən haqqa tapınaraq üzünü Allahın fitri olaraq insanlara verdiyi dinə (İslama) tərəf tut!» («Rum» surəsi, ayə 30), – əkdiyi həmin o pak ağac böyüdü, inkişaf etdi və Peyğəmbərin (ə) iştirakıyla günlərin birində (Qədir-Xumda) öz meyvəsini insanlara təqdim etdi: «Bu gün dininizi tamamlayıb mükəmməl etdim, sizə olan nemətimi başa çatdırdım və bir din kimi sizin üçün İslamı bəyənib seçdim» («Maidə» surəsi, ayə 3). Əziz Allah mümkün olan bütün hidayət nümunələrini həmin elm və hikmət şəhərində cəmləşdirib, Özünün sonsuz hikmətiylə həmin şəhərin qıraqlarına heç bir xəta, səhv və nəfsi istək keçirməyən möhkəm bir divar çəkdi (onu məsum etdi) ki, naqis ağıllar və «xəstə» ürəklər Rəbbani elm və ilahi hikmət cövhərlərinə xətər yetirməsinlər. Həmin şəhər üçün yalnız bir giriş qoydu: böyük vilayətin düz yolu! Və həmçinin, məxluqat üçün yalnız bir qapı açdı: heç bir xəta, səhv, nəfsi istək və unutqanlığın yol tapmadığı böyük İmamət qapısı. «Mən elmin şəhəri, Əli isə onun qapısıdır!» («Uyunu əxbari Rza (ə)», cild 2, səh 66, hissə 298; «Tohid», səh 308; «Əl-müstədrək ələs-səhiheyn», cild 3, səh 126; «Məcməüz-zəvaid», cild 9, səh 111 və şiələrin və sünnilərin digər mənbələri) Hamı bilməlidir ki, qiyamətə qədər ümmətin ipini uca risalət və böyük İmamətə bağlayan halqa yalnız və yalnız «Həvraul-İnsiyyə» – Fatimeyi-Zəhradır (ə.s.)! Sonuncu Peyğəmbərin (s) müqəddəs vücudu yalnız o xanımın vasitəsiylə davam edir. Çünki o xanımın (s.ə) nəslindən olanlar (seyyidlər) Peyğəmbərin (s) maddi varlığının təmsilçiləridirlər, necə ki, o Həzrətin dini, xanım Fatimeyi-Zəhranın (ə.s) nəslindən olan İmamların (ə) vasitəsiylə davam edir. İmamət səmasının ulduzlarının (on iki imam) parlamasına da vasitə məhz o xanımdır. Çünki o xanımın vücudunun üfüqünün məzhəri – İmam Həsən (ə) helminin, Hüseyn (ə) şücaətinin, Səccad (ə) ibadətinin, Baqir (ə) xoş əməllərinin, Cəfər (ə) nişanələrinin, Kazım (ə) elmlərinin, Rza (ə) dəlillərinin, Təqi (ə) səxavətinin, Nəqi (ə) paklığının, Əskəri (ə) heybətinin günçıxanıdır. Hidayət çırağı və nicat gəmisi olan Hüseyndən (ə) tutmuş peyğəmbərlərin son mirası olan vədə verilmiş Məhdi – «onun bərəkəti ilə yer və göy aram tutur» – həmin o pak ağacın meyvələridirlər ki, «onun kökü yerdə möhkəm olub budaqları səmaya ucalan gözəl bir ağac kimidir. O ağac Rəbbinin izni ilə bəhrəsini hər vaxt (ilin bütün fəsillərində) verir» («İbrahim» surəsi, ayə 24-25). Nəticə: İlahi xəzinələrin bütün cövhərləri yalnız o xanımın ismət (məsumluq) sədəfindəndir. Həmçinin, Adəmdən Xatəmə qədər peyğəmbərlərin nübuvvətinin işıqlı çırağı və hidayət imamlarının imamətinin şölə saçan məşəli o xanımın vücudunun nurundan qidalanır. Bu sədəfin son giləsi və bu fələyin son parlaq ulduzu o şəxsdir ki: «yeri ədalətlə dolduracaq, necə ki, zülm ilə dolmuşdu» (Səduq «Əmali», səh 78, hissə 3; Əhməd «Müsnəd», cild 3, səh 37 və başqa mənbələr). Və məhz onun vücudu ilə Allah-Taalanın aşağıdakı ayəsi öz təsdiqini tapar. «Müşriklərin xoşuna gəlməsə də, (İslamı) bütün dinlərin fövqündə göstərmək üçün peyğəmbərlərini doğru yolla və haqq dinlə göndərən Odur!» («Tovbə» surəsi, ayə 33) Onun zühuru ilə Allahın sözünün təfsiri bilinər: «Yer, öz Rəbbinin nuru ilə işıqlandı» («Zumər» surəsi, ayə 69). Aydın məsələdir ki, «əzəmətli Allahın kitabının nazil olduğu» Qədr gecəsinin qiyməti məlum deyil. Həmçinin, böyük ərşin Rəbbinin kəramətli peyğəmbərə (s) hədiyyəsi olan o Kövsəri hədiyyənin (Fatimənin) məqamını dərk etmək də bizim ağıllarımızın dairəsindən kənardır. Sünni və şiələr, həmçinin, Əhli-beytin (ə) fəzilətləri barəsində nəql olunmuş hədislərin sənədlərini zəif kimi qələmə verməkdə heç bir fürsəti qaçırmayan hədis tənqidçiləri, «heç vaxt nəfsi istəkdən danışmayan» («Nəcm» surəsi, ayə 3), Allahın Rəsulundan (s) Fatimə (s) haqqında aşağıda nəql olunmuş hədisin səhihliyini etiraf etmişlər. Onlar həmin hədisin sənədini zəif hesab etməyə aciz qalmış və Peyğəmbərin (s) həmin sözünə şeyxlərin (Əbu Bəkr, Ömər və Osman) də şahid olduqlarını iqrar etmişlər. «O (Fatimə), mənim bir parçamdır. Onu narahat edən şey məni narahat edir, ona əziyyət verən mənə əziyyət verir» (Buxari «Səhih», cild 4, səh 210; az fərqlə «İzah», səh 541 və başqa mənbələr). «Fatimə bədənimin bir parçasıdır. Hər kəs onu qəzəbləndirsə, məni qəzəbləndirmiş olar» (Buxari «Səhih», cild 4, səh 210; «Təraif», səh 262; sünni və şiələrin digər mənbələri). Deməli, Həzrət (s), Fatiməni öz vücudunun və mahiyyətinin bir parçası sayır. «İlk yaranmış» («Kafi», cild 1, səh 442), danışanların ən fəsahətlisi, gözəl adlar içində Allahın ən əzəmətli adı, ali nümunələr içində Allahın ən ali nümunəsi... Allahın Rəsulu (s) Fatiməni öz vücudunun bir parçası sayır və onun qəzəbini öz qəzəbi bilir, Peyğəmbərin (s) qəzəbi isə Allahın qəzəbidir. Bu onu göstərir ki, Fatimə, Allahın nurunun nümunəsidir və Allah və onun elçisinin razılıq və qəzəbi Siddiqeyi-Kubranın razılıq və qəzəbində öz əksini tapır. Həm sünni, həm də şiə mənbələri nəql edirlər ki, Allahın Rəsulu (s) Fatiməyə (ə.s) dedi: «Allah sənin qəzəblənməyinə görə qəzəblənər, sənin razılığına görə razı qalar» (Şeyx Tusi «Əmali», səh 427; «Əl-müstədrək ələs-səhiheyn», cild 3, səh 154). Əgər məsum olmaq dedikdə – kamil insanın Allahın razı qaldığı şeylərə razı qalması, Allahın qəzəblənməsinə görə qəzəblənməsi mərtəbəsinə yetişməsi – nəzərdə tutulursa, Fatimeyi-Zəhra (ə.s) elə bir mərtəbəyə yetişmişdi ki, mütləq mənada Allah onun razı qalmasına görə razı qalır, onun qəzəblənməsinə görə qəzəblənirdi. Bu elə bir məqamdır ki, ən kamil olanları belə heyrətləndirmişdir. Xanım Zəhra (ə.s) vilayət səmasının parıldayan ulduzlarının məşriqi, hidayət kitabı olan Quranın sirlərinin xəzinəsidir. O, İslam övladlarından olan on iki ağanın birinin (Əlinin) xanımı, digər on birinin isə anasıdır. Tövratın on yeddinci «Sifri-təkvin»ində onlar haqqında söhbət açılmış, Allah-Taala İbrahim-Xəlil (ə) peyğəmbərə onlar haqqında məlumat vermişdir. Yuhənna İncilində Xanım Zəhra (ə) haqqında belə deyilmişdir: «Bir qadın ki, günəş və ay onun qədəmlərinin altındadır və onun başının üstündə on iki ulduzdan ibarət tac vardır» («Mükaşifatı Yuhənna», 12-ci bab). «Əd-Duxan» surəsindəki «Mübarək gecə»nin – «hər bir hikmətli iş o gecə hökm olunur» («Duxan» surəsi, ayə 4; «Kafi» cild 1, səh 479) – təfsiri xanım Zəhradır. Qurani-Məciddəki («Ali-İmran» surəsi, ayə 61) «Qadınlarımız» kəlməsində məqsəd də xanım Zəhradır. Həmin kəlmə cəm formasında olsa da, bir nəfərlə həyata keçirildi (Peyğəmbər (s) yalnız Zəhranı (ə.s) özü ilə birgə nifrinləşməyə apardı). O və əri həmin nübuvvət və elm dənizidirlər ki, Allah-Taalanın aşağıdakı ayəsi onlara şamil olmuşdur: «İki dənizi o qovuşdurdu» («Ər-Rəhman» surəsi, ayə 19; «Xisal» səh 165). Fatimeyi-Zəhra (ə.s) yeganə qadındır ki, Allah-Taala mübahilə günü onun duasını peyğəmbərlərin sonuncusu (Muhəmməd (s) və vəsilərin ağasının (Əli (ə)-ın) duası ilə eyni tutmuşdur. Xanım Zəhra (ə.s) yaşadığı əsrin yeganə qadınıdır ki, Allaha xatir iş görməyi özünün başının tacı etmişdi: «Biz sizi ancaq Allahın rizasından ötrü yedirtdik. Biz sizdən nə bir mükafat, nə də bir təşəkkür istəyirik» («İnsan» surəsi, ayə 9, «İrşad» cild 1, səh 178). Xanım Zəhra (ə.s) o şəxsdir ki, Allahın Rəsulu (s) meraca gedərkən cənnətin qapısında onun barəsində bu cür yazıldığını görüb: «Fatimə Allahın seçdiyidir» («Bağdadın tarixi», cild 1, səh 274). Bəli, seçilmiş Əhmədə Allahın seçdiyi yaraşır! Xanım Zəhra (ə.s) o şəxsdir ki, Allahın Rəsulu (s) buyurub: «Mən Buraqın (Peyğəmbərin meraca getdiyi atın adıdır) üstündə, cənnətə ən yaxın yerdə dayanacağam. Fatimə isə məndən də qabaqda dayanacaq» («Əl-müstədrək ələs-səhiheyn», cild 3, səh 153). Xanım Zəhra (ə.s) o şəxsdir ki, qiyamət günü «əvvəlkilərin və sonrakıların imamı»nın qar-şısında dayanacaq ki – «O gün (qiyamət günü) onların nurunun onların önlərindən və sağ tərəflərindən axıb şölə saçdığını görəcəksən» («Hədid» surəsi, ayə 12) – ayəsinin mənası aşkar olsun. Həmin nur ki, cəza günü öz sahibinin qabağını işıqlandıracaq. Allah-Taala da onu Qurani-Məciddə «nur saçan işıq» kimi qələmə verir və «Nur» surəsində onu öz nurunun nümunəsi kimi təqdim edir. O Həzrətin (ə.s) şəxsiyyətini bəyan edərkən fəqət bu yetər ki, yaxşılıq büsatına – «haqq məclisində, qadir hökmdar Allahın hüzuruna» («Qəmər» surəsi, ayə 55)– yetişən ilk şəxs məhz o olacaqdır. «Cənnətə ilk daxil olacaq şəxs Fatimədir» («Mizanul-etidal», cild 2, səh 131). Xanım Allahın rəhmətində tam qərar tutandan sonra bütün peyğəmbərlər onun ziyarətinə gələcəklər: «Adəm və ondan sonrakı bütün peyğəmbərlər sənin ziyarətinə gələcəklər» («Təfsiri Furatil-kufi», səh 446). Xanım Zəhra (ə.s) həmin tək və yeganə cövhərdir ki, atasının risalətinin şüalarının davam etməsinə səbəb oldu və Allah-Taala da xanımı onun atasına – sonuncu peyğəmbərə lütf göstərdi: «Biz sənə Kövsəri (Fatiməni) əta etdik. Elə isə, Rəbbin üçün namaz qıl və qurban kəs. Sənə istehza edənlər özləri sonsuzdurlar!» Allah-Taala bütün möminlərə lütf göstərib sonuncu peyğəmbərləri onlara göndərdi: «Allah möminlərə lütf göstərdi. Çünki onların öz içərisindən özlərinə bir peyğəmbər göndərdi» («Ali-İmran» surəsi, ayə 164). Bütün məsum imamların elmlərinin mənbəyi Qurandan sonra onların yanındakı üç səhifələrdir: Cəfr, Camiə və Fatimənin (ə.s) səhifələri. Allahın Rəsulu (s) bu fani dünyadan köçəndən sonra Siddiqeyi-Kubra (ə.s) atasından ayrı düşdüyünə görə böyük kədərə mübtəla olur. Altıncı imam Cəfər ibn Muhəmməd Sadiqdən (ə) nəql olunmuş səhih hədisdə deyildiyi kimi – «...Cəbrail (ə) Fatimənin (ə) yanına gələrək atası üçün saxladığı əzanı bəyənir, ona təskinlik verir, atasının halı və yeri, həmçinin ondan sonra övladlarının başına gələcək hadisələr barədə ona məlumat verir və Əli (ə) da onu yazırdı» («Kafi», cild 1, səh 241). Fatimənin səhifəsi budur: gələcəkdə olanları özündə ehtiva edən səhifə! Diqqəti cəlb edən məsələ budur ki, həmin müqəddəs vücudda necə bir qüvvə və həmin Muhəmməd həqiqətində (Fatimədə) necə bir cazibə var ki, uca aləmlərdən, Sidrətul-müntəhadan güclü olan Ruhul-əmini (Cəbraili) yerə cəzb edib endirir. Səhih hədisdə Musa ibn Qasimdən nəql olunur: «İmam Muhəmməd Təqiyə (ə) dedim: «Həm sənin, həm də sənin atanın tərəfindən təvaf yerinə yetirmək istədim, amma mənə dedilər ki, övsiyaların tərəfindən təvaf etmək olmaz?!» Həzrət dedi: «Xeyr, nə qədər istəyirsən yerinə yetir, icazə verilir!» Üç il keçəndən sonra Həzrətə dedim: – Mən sizdən atanızın və sizin tərəfinizdən təvaf yerinə yetirməyim üçün icazə istəmişdim. Siz də mənə icazə verdiniz və mən də, maşallah, xeyli təvaf etdim. Amma sonra qəlbimə bir şey gəldi və mən onu da yerinə yetirdim. Həzrət soruşdu: – Nədir o? – Bir gün Allahın Rəsulunun (s) əvəzinə də təvaf yerinə yetirdim. Həzrət üç dəfə təkrarladı: «Allahın salamı olsun özünün elçisinə!» Sonra dedim: – İkinci gün Əmirəl-mömininin (ə) tərəfindən, üçüncü gün İmam Həsənin (ə), dördüncü gün İmam Hüseynin (ə), beşinci gün Əli ibn Hüseynin (ə), altıncı gün Muhəmməd ibn Əlinin (ə), yeddinci gün Cəfər ibn Muhəmmədin (ə), səkkizinci gün baban Musa ibn Cəfərin (ə), doqquzuncu gün atan Əli ibn Musa Rzanın (ə), onuncu gün, ağam, sizin tərəfinizdən təvaf yerinə yetirdim. Mən bu ağaların vilayətiylə Allaha dindaram! Həzrət dedi: – Sən Allaha elə bir dindarlıq edirsən ki, O, bəndələrindən bu dindarlıqdan başqa heç bir dindarlığı qəbul etməyəcək. Mən dedim: – Bəzən sənin anan Fatimə (ə) tərəfindən də təvaf yerinə yetirir, bəzən isə yerinə yetirmirdim... – Onun tərəfindən çox təvaf elə. İnşallah sənin işlərinin ən əfzəli məhz Onun tərəfindən yerinə yetirdiyin təvaf olacaq! («Kafi», cild 4, səh 314, hissə 2, «Vəsailuş-şiə», cild 11, səh 200; «Təhzib», cild 5, səh 450, hissə 1572) Bir xanım ki, onun tərəfindən Allahın Beytül-haramını təvaf etmək əməllərin ən üstünü hesab edilir, həmin xanımın bütün üstünlüklərini, dəyərlərini necə yazmaq olar?! İsmət səmasında işıq saçan o günəşin kamal nurlarını və cəlal işartılarını bizim bu kiçik ağıllarımız tam əhatə edə bilməz... Bizim məqsədimiz ağıl sahiblərinə bəzi işarələr vermək və bəzi şeyləri xatırlatmaqdır. Görəsən, Allahın Rəsulu (s) uca aləmə köçəndən sonra hansı hadisələr baş verdi ki, ürəyini qəm-kədər bürümüş müqəddəs vücud öz qəlbini Həsən və Hüseyn kimi övladlardan ayırıb, kiçik qızlarını nəzərə almayaraq atasının qəbrinin yanında bu cür ağlayıb: «İlahi! Mənə tezliklə ölüm ver!» («Biharul-ənvar», cild 43, səh 177) Və deyib: Mənə elə müsibətlər düçar oldu ki, gündüzlərə düçar olsaydılar, gecəyə çevrilərdilər («Dəaimul-islam», cild 1, səh 232). Elə buna görə də torpağa tapşırılanda o xanımın pak bədənindən, yalnız kölgəsi qalmışdı, sanki, xəyal idi. Və məhz elə buna görə də, özünün qüdrət və iradəsiylə dünya və axirətə hakim olan kişini (Əlini (ə)) Fatimənin müsibəti əydi və o, Allahın Rəsuluna (s) belə xitab etdi: «Fatiməni sənə təhvil versəm də mənim kədərim əbədi, gecəm isə oyaqlıqla keçəcək» («Nəhcül-bəlağə» 133-cü xütbə). Bəs bu dahi qadının və onun böyük müsibətinin müqabilində biz nə etməliyik? Allahın Rəsulu (s) o şəxsdir ki, biz ona xatir yaranmışıq. Onun təbliğ etdiyi bütün kamilliklər isə varlıq mənbəyi olan Allahın tərəfindəndir. Deməli, bizim həm maddi varlığımıza, həm də mənəvi kamilliklər qazanmağımıza vasitə o Həzrətdir. Allahı və axirətini tanıyan, Allahın göndərdiyi elçi və Allahın nazil etdiyi şəriətlə hidayət olunan hər bir müsəlman o Həzrəti özlərinin fikir və əməllərində əbədi yaşatmalıdırlar. «Ey iman gətirənlər! Peyğəmbər sizi, sizləri dirildəcək şeyə tərəf (imana, haqqa) dəvət etdiyi zaman Allahın və Onun Peyğəmbərinin dəvətini qəbul edin» («Ənfal» surəsi, ayə 24). Ağıl nemət verənə təşəkkür etmənin lazımlığını və şəriət də Peyğəmbərin (s) yaxın adamlarına məhəbbət göstərməyin lazımlığını hökm edirsə: – «Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində qohumlarıma məhəbbətdən başqa bir şey istəmirəm» («Şura» surəsi, ayə 23), – və Fatimə (ə.s) də Allahın Rəsuluna (s) ən yaxın və ən sevimli şəxsdirsə, deməli, bizim vəzifəmiz (imkanımız daxilində) o xanımın şəhadət günündə onu yad etmək və yaşatmaqdır. Çünki həmin gündə ilahi namus, ən şərəfli peyğəmbərin bir parçası, vəsilər ağasının xanımı və nəhayət, pak imamların anası dəfn edilib. Onu gecə yarısı, gizlin dəfn etdilər. Onun İlahi sirlərlə dolu olan qəbri aşkar olmalı idi, amma məxfi qaldı. Deməli, o xanımın şəhadəti aləmin birinci məzlumunun (haqqı əlindən alınan Əlinin (ə)) haqqını isbat etmək üçün ən tutarlı sənəddir. Mən, Əli (ə) kimi haqqı əlindən alınmış ikinci şəxs tanımıram! O pak vücudun şəhadət gününü Fatimiyyə şüarları ilə yaşatmaq əslində Əmirəl-mömininin həqiqətlərini yaşatmaqdır. Allahın Rəsulunun (s) özü olan Əlinin (ə) işini yaşatmaq isə Xatəmul-Ənbiyanın ideyalarını yaşatmaq deməkdir. Peyğəmbərlərin ağasının işini yaşatmaq təbii ki, bütün peyğəmbər və mürsəllərin işini yaşatmaq və əbədiləşdirməkdir, Aləmlərin Rəbbinə olan mərifət və ibadəti yaşatmaqdır («Kənzül-fəvaid», səh 154). Qiyamət günü o Həzrətin atasının (Muhəmməd (s)) şəfaətinə nail olmağı arzulayan, ruh çıxan zaman onun ərinin öz başının üstündə hazır olmasını, Siddiqeyi-Kubranın (ə.s) duasıyla qəbr evinin vəhşəti və dəfn gecəsinin təkliyindən xilas olmasını təmənna edən şəxs, gərək o əzəmətli xanıma layiq əza məclisinin qurulması üçün ciddi şəkildə çalışsın, dini mərkəzlərdə pak imamlar anasının müsibətində əzadarlıq rəmzləri qaldırılsın və onun böyük oğlu İmam Həsənə (ə) və Seyyidüş-şühəda Hüseynə (ə) əza saxlasın. Bu ümidlə ki, bəlkə bu əzadarlıq mümkünat aləminin birincisi və ikincisi olan atası və əri üçün bu ümmətin əzadarlığı hesab olundu…; bəlkə insan və cinlərərin imamları olan onun məsum balalarının yaralı qəlblərinə məlhəm oldu…; bəlkə, hal-hazırda yaşayan və bərəkəti ilə məxluqatı dolandıran, vücudu ilə yer və göy aram tapan əsrin imamı və zəmanənin sahibinə (ruhumuz onun qədəminin torpağına qurban) bir səmimiyyət jesti oldu. Bütün möminlərə lazım və vacibdir ki, təəssüb və inada deyil, dəlilə əsaslanaraq aşağıdakı nöqtəyə diqqət yetirsinlər: «Allahın yanında həqiqi din İslamdır» («Ali-İmran» surəsi, ayə 19). Bu İslam özünün bütün əsasları və şəriət hökmləriylə məsum imamlarla bərqərardır: «Allah-Taala bizim vasitəmizlə tanındı, bizim vasitəmizlə ibadət olundu. Əgər biz olmasaydıq, Allaha ibadət olmazdı» (Şeyx Səduq «Tohid», səh 152). Allahın Rəsulu (s) buyurmuşdur: «Mən sizin aranızda iki ağır şey qoyuram: Allahın kitabı və mənim Əhli-beytim. Onlar (cənnətdəki) hovuzun başında mənə qovuşana qədər bir-birindən ayrılmazlar» («Əl-müstədrək», cild 3, səh 110, 148; «Uyunu əxbari Rza (ə)», cild 1, səh 68, sünni və şiələrin bəzi mənbələri). Bəzi gizli əllər var ki, ümmətlə, ümmətin hidayət çırağı və nicat gəmiləri olan, imamlar arasındakı möhkəm rabitəni zəiflətmək istəyirlər. Onların məqsədi, məsum imamların həyatının səmərəsi, ilahiyyatçı və rəşadətli fəqihlərin elmi və əməli mübarizəsinin nəticəsi olan, həmin düz yola (məsumların yoluna) hidayət olunmağı, açıq-aydın azğınlığa – aləmlərin Rəbbinin övliyalarının (məsumların) vilayətindən üz çevirib, azğın Allah düşmənlərindən üz çevirməməyə döndərməkdir. Deməli, dinimizin maddi və mənəvi abidələrini qorumaq bizim həm əqli, həm də şəriət nöqteyi-nəzərdən vəzifəmizdir. Biz həmin abidələrin ən kamili Siddiqeyi-Kubraya olan məhəbbətimizi, Allahın ipi olan Quran və Əhli-beytə bağlılığımızı izhar etməklə və uca Allahın haqq yolu olan şəriətini qorumaqla onu haqq yolunun yol kəsənlərindən hifz etməliyik. Xoş o insanların halına ki, axirət gününün şəfaətçi xanımının uca məqamını qoruyub-yaşatmaq üçün xidmət göstərir və onun razılığını qazanmağa çalışırlar. Çünki xanımın razılığı Rəbbin razılığıdır. Allahın razılığı bütün peyğəmbər və övliyaların son arzusudur: «Bu, Allahın lütfüdür və onu istədiyi şəxsə göstərər» («Maidə» surəsi, ayə 54). Sözümüzü, o xanımın vəsiyyətiylə bitiririk: «Rəhman və Rəhim olan Allahın adı ilə! Bu, Allah elçisinin (s) qızı Fatimənin vəsiyyətidir. Vəsiyyət edir və şəhadət verir ki, Allahdan başqa tanrı yoxdur; Muhəmməd onun bəndəsi və elçisidir; cənnət və cəhənnəm haqdır; şəkk-şübhə olmayan qiyamət günü hökmən olacaq və Allah-Taala qəbirlərdə yatanları qaldıracaq (və mühakiməyə çəkəcək). Ey Əli! Mən Muhəmmədin qızı Fatiməyəm. Allah məni sənə nigah elədi ki, dünya və axirətdə sənin olum. Mənə hamıdan layiq sənsən… Səni Allaha tapşırıram. Qiyamət gününə qədər övladlarıma salamımı yetir!» («Biharul-ənvar», cild 43, səh 214) Bu vəsiyyət, Allahı, axirəti, cənnəti, cəhənnəmi, risaləti və peyğəmbəri bəsirət gözü ilə müşahidə edib yəqin tapan bir halda xanım Fatimeyi-Zəhra (ə.s) tərəfindən söylənmişdir. İndiyə qədər heç bir şəhadət verən belə şəhadət verməmişdi və «Allah özündən başqa heç bir tanrının olmamağına şahiddir. Mələklər və elm sahibləri də haqqa – ədalətə əsaslanaraq, O qüvvət və hikmət sahibindən başqa, ibadətə layiq heç bir varlıq olmadığına şəhadət verdilər» («Ali-İmran» surəsi, ayə 18) ayəsi nazil olandan məşhuda (Allaha) qovuşana qədər heç kəs belə şəhadət verməyəcək. Xanımın bu şəhadəti iki sadiq şahidin hüzurunda söylənmişdir. Onların birincisi izzət Rəbbi, ikincisi isə Allahın vəlisi həzrət Əli (ə): «Mənimlə sizin aranızda (doğruluğuma) Allahın və kitabı bilənlərin şahid olması yetər!» («Rəd» surəsi, ayə 43) Bu şəhadətin özünü, şəhadət verəni və şəhadət veriləni tanımaq elm sahiblərinə aiddir. O elm sahibləri ki, təkallahlığın, peyğəmbərliyin mərtəbələrinə, cənnət və cəhənnəmin, qəbirlərdən qalxmağın sirlərinə və qiyamət gününün vəziyyətinə dərindən bələddirlər. Bizim məqsədimiz vəsiyyətin axırıncı cümləsinə işarə etməkdir. Xanım deyir: «Qiyamət gününə qədər övladlarıma salamımı yetir!» Xanım qeyb aləmindən xəbərdar olduğu üçün bilir ki, qiyamət gününə qədər onun övlad silsiləsi – nəsli davam edəcək. Elə ona görə də Əmirəl-möminindən (ə) istəyir ki, qiyamət gününə qədər övladlarına salamını yetirsin! Fatimənin (ə.s) bütün oğlan və qız övladları bilməlidirlər ki, hansı fəxr tacı onların başının üstündədir və Fatimənin (ə.s) onların boynunda necə böyük məsuliyyəti var! Hardadır dünya padşahlarının baş tacı? Hardadır Zəhra övladlarının Allah namusunun fəxr salamı? Siddiqeyi-Kubranın (ə.s) salamı Quranın qəlbi olan «Yasin» surəsindəki: «Rəhimli Allahdan (onlara) «salam» deyiləcəkdir» («Yasin» surəsi, ayə 58) ayəsindən qaynaqlanır. Həmin ayə isə «Yasin»in qəlbi hesab olunur. Allahın – «O özündən başqa heç bir tanrı olmayan, (bütün məxluqatın) sahibi, müqəddəs və pak olan, bəndələrinə əmin-amanlıq, salamatlıq bəxş edən Allahdır!» («Həşr» surəsi, ayə 23) – salamının qaytarılmasına hansı şəkildə məsuliyyətliyiksə, o müqəddəs qadının salamının cavablandırılmasında da o qədər məsuliyyətliyik. O salamın cavabı budur ki, Həzrətin (ə.s) övladları gərək qiyamətə qədər özlərinin bütün imkanlarıyla analarının haqqını müdafiə etsinlər. Hər bir seyyid öz məqamına layiq şəkildə həmin salamı cavablandırmalıdır. Onun hər hansı seyyid övladı müəyyən məqam və mənsəbə yetişəndən sonra o xanımın haqqını əda və ya bərpa etməkdə səhlənkarlıq etməməlidir. «Bizə tabe olmaq – millətin nizamı, bizim imamlığımız cəmiyyətin bölünməsinin qarşısını alandır!» («İhticac», cild 1, səh 175) Xanım bu sözü özünün haqqını qorumaq və hidayət imamlarının imamətini yaşatmaq üçün söyləmişdir, baxmayaraq ki, böyük müsibətlə üzləşdi, qüvvəsi getdi, bədəni zəiflədi və atasına belə xitab etdi: «Qüvvəm getdi!» («Biharul-ənvar», cild 42, səh 175) O, mərhəmətli atasından ayrı düşdüyünə görə qəbrinin yanına gəlib həzin qəlblə bu şeri oxumuşdu: Hər kəs Əhmədin torpağını iyləmişsə, ömrü boyu bəla iyi duymasın («Mənaqibu Ali Əbi Talib», cild 1, səh 208). Allah bizə onun haqqı tapdalanmış şiələrini unutmağı və onlardan qafil olmağı nəsib etməsin. Çünki o xanımın qəlbi – onun sevinci ilə fərəhlənən, kədəri ilə kədərlənən – şiələrinin qəlblərinə bağlıdır. Müəyyən elmi nəaliyyətə yiyələnən seyyidlərin həmin salama cavabları bu olar ki, Muhəmməd Əhli-beytinin (ə.s) başsız qalan ümmətinə hikmət, gözəl nəsihət və möhkəm dəlillərlə mübarizə aparmağı öyrətsinlər. Qoymasınlar ki, ümmətin sahibsiz qəlbləri müxaliflərin şübhələrinə tuş gəlsin və o qəlblər cin və insani şeytanlar tərəfindən ovlansın. Varlı seyyidlərin xanımın salamına cavabları bu olardı ki, öz mallarından müəyyən miqdar ayırıb məzhəbimizin dirəklərinin bərkidilməsi üçün xərcləsinlər. Çünki xanım Zəhra (ə.s) məhz məzhəbin yolunda qurban getdi. Onlar şəhid olmuş Siddiqənin (ə.s) Həzrət Əliyə (ə) vəsiyyət etdiyi ürəkağrıdıcı kəlmələrə diqqət yetirsinlər: «Mənə hənut sürt, qüsl ver, gecə kəfənlə, mənə namaz qıl, gecə dəfn et və heç kəsə xəbər vermə!…» Xanımın bu halının əvəzini onsuz da ödəyə bilmərik, amma heç olmasa – cənazəsinin (yetimlərin əhatəyə aldığı cənazə halbuki əvvəllər xanımın sinəsindən ayrılmazdılar) qəribliyini bir qədər azaltmaq üçün – gərək dəfn gecəsi bütün şəhər və kəndlərdə matəm bayraqları qaldırılsın, əza paltarları geyinib küçə və xiyabanlarda yürüyərək nənələrinə desinlər: «Biz heç vaxt səni unutmarıq. Sənə edilmiş zülmlər də yaddaşımızda qalacaq… Biz unutqan olsaq, həmin o kədər dolu qəlbi, əziyyət görmüş bədəni və gizli qəbri unutmarıq!!! «Sənə vəhy olunana tabe ol və Allah hökm çıxarana kimi səbr et. O, hökm çıxaranların ən yaxşısıdır!» («Yunis» surəsi, ayə 109) Allahım! Fatimənin, onun atasının, ərinin, övladlarının və onda qərar verdiyin sirrin xatirinə, Fatiməyə, onun atasına, ərinə və övladlarına sənin elmində olan ədədlərin sayı qədər salamlar göndər. Həmin salamlar sənin padşahlığının daimliyi qədər daimi olsun! Öz vəlinin (İmamın) zühurunu tezləşdir. Müsəlmanların fasid işlərini islah et. Həm bizi, həm də bizdən qabaq iman gətirmişləri bağışla. Axırıncı duamız budur ki, bütün təriflər yalnız aləmlərin Rəbbinə layiqdir!
|