«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə günü, 2019-10-18, 11:44 PM
Main » Files » TARIXDƏ QADIN » İslamın gözəl xanımları

2009-09-12, 7:34 AM
 
Vilayət çiçəkləri

Varlıq aləmi bəşəriyyətə məna bəxş edən bir ailəyə borcludur. O ailəyə ki, bütün kainat onların qarşısında baş əyib təzim edir və mələklər onlara səcdə etməkdən çəkinmir. Belə bir ailəyə mənsub olan bu çiçəklər – Həzrət Zeynəb (ə) və Həzrət Məsumə (ə) – Allah yolunda sədaqət və vəfası, şücaət və fədakarlığı, dözüm və mübarizəsi ilə bütün Allah yolçularına, xüsusilə özünü Əhli-beyt davamçısı hesab edən qadınlara ülgü və nümunədirlər.
    
     Həzrət Zeynəbin (ə) həyatı
     Həzrət Zeynəbin (ə) hansı ildə anadan olması haqqında müxtəlif nəzərlər vardır. Sünni alimlərindən bəzilərinin fikrincə Həzrət Zeynəb (ə) hicrətin 5-ci ilində, bəzilərinin fikrincə hicrətin 6-cı ilində, bir dəstənin fikrincə isə hicrətin 7-ci ili, Cəmadiul-əvvəl ayının 5-ində dünyaya göz açmışdır. O Xanımın (ə) atası imam Əli (ə), anası isə xanım Fatimeyi-Zəhra (ə)-dır.
     Həzrət Zeynəbin (ə) ən mühüm və əzəmətli dövrü imam Hüseynin (ə) dövrünə – eşq və şəhadət karvanı ilə yoldaşlıq etdiyi zamana – təsadüf edir. Belə ki, onun həyatının son illəri, imam Hüseyn (ə) ilə apardığı birgə mübarizədən sonrakı dövr, xüsusilə əzəmət və cəlalla nəzərə çarpmışdır. Sanki imam Hüseyn (ə) qiyamını Zeynəbsiz (ə) və Zeynəbi (ə) qiyamsız təsəvvür etmək mümkün deyil. Xanım Zeynəb (ə) Seyyidüş-şühəda (ə) hərəkatının canlı tarixi və ölməz natiqidir.
     Zeynəb (ə) müsibətlərin və çətinliklərin gözəl və həqiqi üzünü görə bilir və onların qarşısında səbr edir. Zeynəb (ə) uşaqlığından bəri, böyük müsibətlərlə yoldaş olub. O, babası Peyğəmbəri (s) itirdikdən sonra anası Fatimənin (ə) müsibəti, atası Əlinin (ə) şəhadəti və Kərbəla müsibəti ilə üzləşdi. Xanım Zeynəbin (ə) əzəmətli səbrini bütün bu müsibətlərə baxmayaraq, onun ibn Ziyad qarşısında söylədiyi kəlamlarda görmək olar: «Gözəllikdən başqa bir şey görmədim».
     O Xanım (ə) böyük və təsirli hadisələrdə heç vaxt hissiyyata qapılaraq duyğularının təsiri altına düşmür və öz mühüm vəzifəsini unutmurdu. O, ən isti məhəbbət duyğularına malik olmaqla yanaşı, həm də müdrik bir insan idi. Belə ki, qadına məxsus insani hisslərə malik olmasına baxmayaraq, bütün acı və dərdli səhnələrdə aqilanə mövqe tutur və vəzifəsinin icrasını unutmurdu. Bu xüsusiyyət Zeynəbə (ə) öz yolunu sonadək davam etdirməkdə və Aşura hərəkatının əsl ideya və məqsədlərini başqalarına çatdırmaqda kömək edirdi. Bu məqamı Kərbəlada və ondan sonrakı dövrdə baş verən bütün hadisələrdə müşahidə etmək olar.
     Həzrət Zeynəb (ə) 56 il ömür sürmüşdür. O Xanım (ə) hicrətin 62-ci ilində, Rəcəb ayının 14-ündə vəfat etmişdir.
    
     Həzrət Məsumənin (ə) həyatı
     Həzrət Məsumə (ə) hicrətin 173 ili, Zilqədə ayının 1-i, Mədinədə dünyaya gəlmişdir. O Xanımın (ə) atası 7-ci imam – Museyi-Kazım (ə), anası iffət, iman və təqvası ilə tanınan və həmçinin İslam elmlərini bilən Nəcmə adlı möhtərəm bir xanımdır.
     İmam Rza (ə) o dövrün xəlifəsi olan Məmun tərəfindən Mərv şəhərinə gətirildiyindən hicrətin 201-ci ilində Həzrət Məsumə (ə) qardaşını görmək üçün Mədinədən Xorasana doğru hərəkət edir. Bu səfərdə o Xanımı (ə) 4 qardaşı – Fəzl, Cəfər, Hadi və Qasim, bir neçə əmioğlusu və bir neçə xidmətçisi müşayət edirdi.
     İranın Savə şəhərinə yetişdikdə, Əhli-beyt (ə) düşmənləri onların karvanına hücum çəkdilər və bu vuruşda Həzrət Məsumə (ə)-ın qardaş və əmioğlularından 23 nəfəri şəhid oldu.
     Qum şəhərinin əhalisi bu xəbəri duyunca yardıma gəlsələr də, artıq gec idi. Karvandakıların bəzisi şəhid olmuş, Həzrət Məsumənin (ə) özü isə bu hadisədən duyduğu hüzn və üzüntü nəticəsində şiddətli şəkildə xəstələnmişdi.
     Həzrət Məsumə (ə): «Bura ilə Qum şəhəri arasındakı məsafə nə qədərdir?» – soruşduqda, «On fərsəxdir» – deyə cavab verildi. O Həzrət (ə) buyurdu: «Məni Quma aparın! Mən ata-babamdan eşitmişəm ki, «Qum şəhəri bizim şiələrimizin (tərəfdarlarımızın) yeridir».
     Həzrət Məsumə (ə) Rəbiul-əvvəl ayının 23-ündə Qum şəhərinə yetişdi. Nəql edilən səhih hədislərə görə, Həzrət Məsuməni (ə) şəhərin böyükləri və bir qrup əhali qarşılayıb, onun Quma gəlişi münasibətilə qurban kəsdilər. Həzrət Məsumə (ə) Qumun tanınmış şəxsiyyətlərindən biri olan Musa ibn Xəzrəc ibn Əşarinin xahişi ilə onun evində məskunlaşdı. O Xanım (ə) bu evdə qaldığı müddətdə, daima qardaşı Həzrət Rza (ə)-ı xatırlayıb ağlayardı. Həzrət Məsumə (ə) bu evdə 17 gün qaldı və Rəbius-sani ayının 10-unda vəfat etdi. Bu nəqlə əsasən, o Xanım (ə) vəfat edərkən 27 yaşında olub.
     İmam Sadiq (ə) buyurmuşdur: «Allahın bir hərəmi vardır ki, o Məkkədir. Rəsuləllahın (s) bir hərəmi vardır ki, o da Mədinədədir. Əmirəl-möminin Əli (ə)-ın da bir hərəmi vardır ki, o da Küfədədir. Agah olun ki, mənim və mənim övladlarımın hərəmi Qumdadır. Mənim övladımdan (nəvələrimdən) Fatimə adlı bir xanım orada dəfn ediləcəkdir. Kim onu ziyarət edərsə, Cənnət ona vacib olar». Ravi deyir ki, İmam Sadiq (ə) bu sözü hələ imam Kazım (ə) dünyaya gəlməmişdən əvvəl buyurmuşdur. («Səfinətul-Bihar», c.2, səh.436)
    
     Xanım Zeynəb (ə) və Həzrət Məsumənin (ə) oxşar cəhətləri
     •Hər iki xanım məsum İmamın (ə) qızıdır. Xanım Zeynəb (ə) Əli (ə)-ın, Həzrət Məsumə (ə) isə imam Musa ibn Cəfərin (ə) qızıdır.
     •Hər iki xanım məsum İmamın (ə) bacısıdır. Biri Həsən (ə) və Hüseyn (ə)-ın, digəri isə imam Rza (ə)-ın bacısıdır.
     •Hər iki xanım məsum İmamın (ə) bibisidir. Biri imam Zeynəl-abidin (ə), digəri isə imam Cavad (ə)-ın bibisidir.
     •Hər iki xanım Allahın höccəti olan məsum İmamdan (ə) bəhrələnmişdir.
     •Hər iki xanım üç məsum İmam tərəfindən hörmətə layiq görülmüşdür. Həzrət Zeynəb (ə) atası Həzrət Əli (ə), qardaşı imam Hüseyn (ə) və qardaşı oğlu imam Zeynəl-abidin (ə) tərəfindən, Həzrət Məsumə (ə) isə babası imam Sadiq (ə), qardaşı imam Rza (ə) və qardaşı oğlu imam Cavad (ə) tərəfindən möhtərəm sayılmışdır.
     •Hər iki xanım öz qardaşını – Xanım Zeynəb (ə) imam Hüseyn (ə)-ı, Həzrət Məsumə (ə) isə imam Rza (ə)-ı çox sevirdi.
     •Hər iki xanım qardaşa olan məhəbbət səbəbilə öz evlərini, yaşayışlarını və vətənlərini tərk edərək, səfər əziyyətlərinə qatlaşdılar. Həzrət Zeynəb (ə) Mədinədən İraqa, sonra isə Şama getdi. Həzrət Məsumə (ə) isə Mədinədən İrana, axırda isə Quma gedərək, orada dəfn olundu.
     •Hər iki xanımın vətəni Mədinə olduğu halda, qürbətdə dəfn olunublar. Həzrət Zeynəb (ə) Şam və ya Misirdə, Həzrət Məsumə (ə) isə İranda dəfn olunub.
     •Hər iki xanımın qəbri müsəlmanların ümumi ziyarətgahına çevrilib.
     •Hər iki xanımın iki yerdə ziyarət yeri vardır. Xanım Zeynəbin (ə) həm Misirdə, həm də Şamda, Həzrət Məsumənin (ə) isə həm Sittiyə mədrəsəsində yaşadığı və ibadət etdiyi "Beytun-nur”da, həm də hərəmində (hər ikisi Qum şəhərindədir) ziyarət yeri vardır.
     Allahın salamı olsun Zeynəbi-Kubraya (ə), Həzrət Məsuməyə (ə) və Allah yolunun bütün fədakarlarına ki, bu böyük xanımlardan dərs alaraq, səbr etməyi öz həyat dəftərlərinin sərlövhəsinə yazıblar.
    

Category: İslamın gözəl xanımları | Added by: IslamQadini
Views: 713 | Downloads: 0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]