«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Bazar, 2024-12-22, 8:19 AM
Main » Files » TARIXDƏ QADIN » İslamın gözəl xanımları

2009-09-12, 7:45 AM
 
İmam Həsən (ə) və imam Huseynin (ə) anası Fatimeyi-Zəhra (ə)

Həzrət Zəhra (ə) besətin beşinci ilində, cəmadius-sani ayının iyirmisi, cümə günü dünyaya gəlib. Onun atası İslam Peyğəmbəri (s), anası isə Xədiceyi Kübra (ə) idi. Fatimənin (ə) fəzilətləri saysız-hesabsızdır. Hətta onların mündəricatını da burada göstərmək mümkün deyil. Ancaq biz burada bir neçə nümunəni qeyd etməklə kifayətlənirik:
     Fatimə atasının sağlığında onun munisi və vəfalı dostu idi. Bəzən atası onu «Ummu Əbiha» (atasının anası) adlandırırdı. Fatimə (ə) atasının yanına gələndə, Peyğəmbər (s) ona ehtiram etmək üçün ayağa qalxardı. Peyğəmbər (s) buyurardı: «Fatimə (ə) mənim bədənimin bir parçasıdır. Hər kəs onu qəzəbləndirsə, məni qəzəbləndirər və hər kəs onu sevindirsə, məni sevindirər». («Ə’yanuş-şiə», c.2, səh.271-273; «Rəyahinuş-şəriət», c.1, səh.7)
     Bu hədis əhli-sünnə kitabında, o cümlədən «Səhihi Buxari»də də qeyd olunub. «Yənabiul-məvəddət» kitabında (əhli-sünnə kitablarından biri) nəql olunur ki, Peyğəmbər (s) buyurdu: «Ey Fatimə! Allah sənin qəzəbinlə qəzəblənər, sevincinlə sevinər». («Yənabiul-məvəddət», səh.271)
     Aişə deyir: «Hələ Peyğəmbərə (s) Zəhra (ə) qədər oxşayan bir kəsi görmədim. O Peyğəmbər (s) kimi danışardı, hərəkətləri, yol getməyi, əməlləri Peyğəmbər (s) kimi idi». («Ə’yanuş-şiə», c.2, səh.272)
     İmam Sadiq (ə) buyurur: «Əgər Allah Əlini (ə) yaratmasaydı, Həzrət Adəm (ə) zamanından Qiyamətə qədər Zəhraya (ə) layiq ər tapılmazdı». («Usuli-Kafi», c.1, səh.461)
     Həzrət Zəhra (ə) ibadət zamanı başqalarını özündən qabaq dua edərdi. O Xanım (ə) pəhrizkarlıqda, təqvada və gecə oyaq qalmaqda misilsiz idi. O, bəzən orucunu açanda, özünün və uşaqlarının yeməyini imkansızlara verərdi. Onun əri, uşaqları və tərbiyə etdiyi adamlar da Həzrətin (ə) bu işindən çox sevinərdilər. Belə ki, onların bu fəziləti barədə «Dəhr» surəsi nazil oldu. («Məcməul-bəyan», c.10, səh.404) İmam Səccad (ə) Uməys qızı Əsmanın belə nəql etdiyini buyurur: "Bir gün Fatimənin (ə) hüzurunda idim. Birdən Rəsuləllah (s) daxil oldu. Həzrət Zəhranın (ə) boynunda qızıldan bir boyunbağı vardı. Əli (ə) bu boyunbağını döyüş qəniməti kimi gətirmişdi. Peyğəmbər (s) Fatiməyə (ə) buyurdu: «Elə etməyin ki, camaat desin: Fatimə (ə) özünü tağutlar (padşahlar) kimi bəzəyib».
     Fatimə (ə) Rəsuləllahın (s) məqsədini başa düşdü və dərhal gedib onu satıb, pulu ilə qul alıb azad etdi. Peyğəmbər (s) bunu eşidəndə sevindi və buyurdu: «Atası ona fəda olsun». («Bihar», c.43, səh.81)
     Fatimənin (ə) səbir və dözümü barəsində çoxlu faktlar mövcuddur. Onlardan birini qeyd edirik: Xanım Zəhra (ə) digər qadınlarla birlikdə Uhud döyüşü cəbhəsində idi. O, cənazələrin yanına gəlib (xüsusilə əmisi Həmzənin (ə) cənazəsinin) atasına təskinlik verirdi. Peyğəmbər (s) Fatimənin (ə) pərhizkarlıq və fədakarlıq edib, əlində olanını Allah yolunda sərf etdiyinə və axirəti düşündüyünə görə ona belə buyurdu: «Muhəmməd (s) Əhli-beytinin (ə) dünya ilə nə işi var? Onlar axirət üçün yaradılıblar. Əgər (maddi) dünyanın milçəyin qanadı qədər dəyəri olsaydı, Allah onu bir qurtum su içimi kimi kafirlərə verməzdi». («Bihar», c.43, səh.81)
     İndi isə Həzrət Zəhranın (ə) ailə qurmasından söz açaq. Fatimənin (ə) elçiləri çox olsa da o, dünya malından qılınc və zirehindən başqa bir şeyi olmayan imam Əlini (ə) mənəvi məqamına görə üstün bildi və onun həyat yoldaşı oldu. Xanım Fatimə (ə) ərinə munis, vəfalı və mehriban bir həyat yoldaşı idi. Özünün qısa müddətli ömründə Həzrət Əlidən (ə) dörd övladı oldu: imam Həsən (ə), imam Huseyn (ə), Zeynəb (ə), Ummu Gülsüm (ə).
     Övladlarının hər biri İslamdan bir nur idilər. Onların qəhrəmanlıqları, şücaətləri heç vaxt unudulmur. Həzrət Əli (ə) buyurur: «Mən Peyğəmbərin (s) evinə getsəydim, öz qadınlarını eşiyə çıxarardı. O mənim mənzilimə gələndə isə Fatiməni (ə) və oğlanlarından heç birisini eşiyə çıxarmazdı». («Usuli Kafi», c.1, səh.62)
     Həzrət Zəhranın (ə) mehriyyəsi və cehizi az və sadə idi. O Xanım (ə) toy gecəsi gəlinlik köynəyini yoxsul bir qadına verərək, ər evinə geyilmiş köynəklə köçdü...
     Rəsuləllahdan (s) sonra münafiqlər höküməti ələ keçirməyə cəhd edərkən Həzrət Zəhra (ə) onların əleyhinə qalxdı və məsciddə batil əqidəli insanları məhkum edib, onları çıxılmaz vəziyyətdə qoyan isbatlı bir xütbə oxudu. Fatimənin (ə) hər cümləsində sanki Peyğəmbərin (s) fəryadı dilində və Əlinin (ə) də qılıncı əlindəydi. Sonda haqq yolunda şəhid oldu. Onun şəhid olması qəlbi ağrıtsa da, hədəf və məqsəd uğurunda idi. («Ə’yanuş-şiə», c.2; «Əl-Ğədir», c.7, «Nəhcul-bəlağənin şərhi», ibn Əbil Hədid, c.4, səh.122; «Rəyahinuş-şiə», c.1-2)
     Döyüş meydanında dağ kimi möhkəm, tufan kimi coşan Əli (ə), Zəhranın vəfatında çox pərişan oldu. Onu dəfn edəndə Peyğəmbərə (s) xitab edərək: «Ya Rəsuləllah! Sevimli qızının ayrılığından səbirim tükənib, taqətim əldən gedib» – söylədi.
     Sonra buyurdu: «Salam olsun hər ikinizə, vida salamı! Yorğunluq, ya razılıq səbəbindən yox! Əgər xidmətinizdən geri dönüb evə gedirəmsə, bunun səbəbi üzüntü və yorğunluq deyil. Əgər qəbrinizin yanında otururamsa, bunun səbəbi o deyil ki, Allahın səbirlilərə verdiyi yaxşı vədə şübhəliyəm...»
     Beləliklə, görürük ki, Zəhra (ə) hicabını qorumaqla İslamın ibadi və siyasi səhnəsində və fəal şəkildə iştirak etmişdir. O, yorulmaq bilməyən və çalışqan bir xanım idi. Öz canını cavan – 18 yaşında İslam yolunda fəda etdi. Onun pak nəsli Peyğəmbər (s) sülaləsinin əbədi qalmasına səbəb oldu. Hər bir zamanda, onun nəslindən olan övladlarının çoxu dinin əbədi işıq saçan çıraqları oldular. Buna görə də Allah mübarək «Kövsər» surəsini nazil edərək Peyğəmbərə (s) buyurdu: «Biz sənə çoxlu səadət, xeyir və bərəkət səbəbi olan bir vücudu, (yəni Fatiməni (ə)) bəxş etdik. Bu nemətlərə şükr edərək, Rəbbin üçün namaz qıl və qurban kəs! Sənin yox, sənin düşməninin nəsli kəsilibdir!» («Məfhume Kovsər», («Məcməul-bəyan», c.1, Kövsər surəsinin aşağısında qeyd olunub))
     Həzrət Zəhradan (ə) soruşdular: «Qadın üçün ən yaxşı nemət nədir?»
     Həzrət (ə) buyurdu: «Qadın üçün ən yaxşı nemət odur ki, o yad kişiləri görməsin və yad kişilər də onu görməsinlər».
     Peyğəmbər (s) Zəhranın (ə) qadınlar barəsindəki dəqiq məntiqlə verdiyi cavabı bəyənərək buyurdu: «Fatimə (ə) bədənimin bir parçasıdır». («Kəşful-ğəmmə», c.2, səh.92, «Vəsailuş-şiə», c.s, səh.9)
     Bir çox İslam rəvayətlərində dörd qadın insanlıq tarixində seçilmiş və ən yaxşı behişt qadınları kimi yad olunurlar. Onlar aşağıda adları çəkilən şəxslərdir:
     1. Fironun həyat yoldaşı Asiyə;
     2. Həzrət İsanın (ə) anası Məryəm (ə);
     3. Xədicə (ə);
     4. Fatimeyi-Zəhra (ə). Bu Xanım (ə) isə onların arasında kamilliyin son həddinə çatmışdı. («Məcməul-bəyan», c.10, səh.220)
     Bu nümunəvi qadınların Allah yanında insanların seçilmişi olmalarına səbəb olan yaxşı işlərindən biri həqiqi rəhbərlik məqamını himayə etmələri idi. Asiyə öz rəhbəri Musanın (ə) yolunda işgəncələrə dözdü və şəhid oldu. Məryəm (ə) əziyyət və çətinliklə bəşəriyyətə İsa (ə) kimi bir rəhbəri təqdim etdi. Xədicə (ə) bütün var-dövlətini İslam Peyğəmbərinin (s) yolunda xərclədi. Fatimə (ə) zamanının rəhbəri olan atası və ondan sonra Əlinin (ə) yolunda şəhidliyə qədər çalışdı və 18 yaşında öz canını bu yolda fəda etdi.
    

Category: İslamın gözəl xanımları | Added by: IslamQadini
Views: 1018 | Downloads: 0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]