Main » Files » TARIXDƏ QADIN » İslamın gözəl xanımları |
2010-05-28, 6:15 PM | |
İmam Cavadın (ə) anası Xəyzran
İmam Cavadın (ə) anasının adı Xəyzran idi. Onu Reyhanə, Səbikə və Mirrisiyyə kimi adlarla da çağırardılar. Bu qadın öz dövrünün ən yaxşı qadınlarından idi. İslam Peyğəmbəri (s) bu şücaətli və fəzilətli qadının və övladı imam Cavadın (ə) gələcəyi barəsində belə buyurmuşdu: «Atam fəda olsun Nəvbə əhlindən olan pak təbiətli, ən yaxşı kənizin oğluna!» («Rəyahinuş-şəriət», c.3, səh.22; «Bihar», c.50, səh.7) Xəyzran Nəvbə əhlindən (Misirin yaxınlığında, Afrikadakı məntəqələrdən biri) Mariyə Qibtiyyənin tayfasından idi. Mariyə Qibtiyyə Həbəşistanın padşahı Nəcaşinin İslam Peyğəmbərinə (s) hədiyyə etdiyi həmin mərifətli qadın idi. Peyğəmbərin (s) ondan İbrahim adlı övladı oldu, ancaq uşaq tezliklə dünyadan getdi. («Bihar», c.18, səh.419 və c.22, səh.152) İmam Kazımın (ə) şagirdlərindən biri Yezid ibn Suləyt Mədinə ilə Məkkə arasındakı yolda imam Kazımla (ə) görüşdü. Həzrətdən (ə) özündən sonrakı canişini barədə soruşdu. Həzrət (ə) bir az şərh verdikdən sonra buyurdu: «Məni bu il tutacaqlar. Məndən sonrakı imam oğlum Əlidir (ibn Musa ər-Rzadır (ə))». Sonra buyurdu: «Oğluma (Həzrət Rzaya) müjdə ver ki, tezliklə əmin, etimadlı və mübarək bir oğlan (yəni imam Cavad (ə)) sahibi olacaq. O, mənimlə burada görüşdüyün barədə sənə söyləyəcək. O zaman ona xəbər ver ki, oğlanın (imam Cavadın) anası, Rəsuləllahın (s) oğlu İbrahimin anası, Mariyə Qibtiyyənin tayfasından olan bir kənizdir. Əgər bacarsan, mənim salamımı o kənizə (Xəyzrana) çatdır». («Üsuli Kafi», c.1, səh.315) Beləliklə görürük ki, imam Kazım (ə) Xəyzranla görüşməzdən və o xanımın imam Rza (ə) ilə evlənməsindən əvvəl, Həzrət Peyğəmbər (s) salamını Cabir ibn Əbdullah vasitəsilə imam Baqirə (ə) çatdırdığı kimi, öz salamını ona çatdırmağı buyurur. İmam Rzanın (ə) Xəyzranın paklığı və mədhi barəsində buyurduğu sözlər Bir gün imam Rza (ə) öz səhabəsinə buyurdu: «Mən elə bir övlad (imam Cavad) sahibi olmuşam ki, dəryaları yaran Musa ibn İmrana oxşayır. Anası da paklıq və müqəddəslikdə İsa ibn Məryəmə (ə) oxşayır. Bu uşağın anası (Xəyzran) pak və pakizə yaradılmışdır». («Bihar», c.50, səh.15) İmam Rzanın (ə) bacısı Həkimə söyləyir ki, imam Cavadın (ə) təvəllüdü yaxınlaşanda, imam Rza (ə) mənə buyurdu: «Həkimlə (mama ilə) birlikdə Xəyzranın otağına get». Sonra imam Rza (ə) o otağın işığını yandıraraq oradan çıxdı və qapını bağladı. Xəyzranda doğum ağrısı başlananda çıraq söndü. Çıraq söndüyünə görə narahat olduq. Lakin Həzrət Cavad (ə) dünyaya gələndə həmin otaq onun vücudunun nuru ilə işıqlandı. Bu zaman imam Rza (ə) qapını açaraq otağa daxil oldu. Uşağı götürüb beşiyinə qoydu və mənə buyurdu: «Ey Həkimə! Beşiyin yanında qal». Üçüncü gün gördüm ki, imam Cavad (ə) gözlərini səmaya dikib. Sonra sağ və sol tərəfə baxdı və dedi: «Əşhədu ənlə iləhə illəllah və əşhədu ənnə Muhəmmədən Rəsuləllah». Həkimə deyir ki, mən qorxdum və dəhşətə gəldim. Bu halda Həzrət imam Rzanın (ə) hüzuruna getdim və ərz etdim: «Bu uşaqdan elə sözlər eşitdim ki, təəccübləndim». İmam Rza (ə) buyurdu: «Nə eşitdin?» Ərz etdim: «O Allahın birliyinə və Muhəmmədin (s) risalətinə şəhadət verdi». İmam Rza (ə) buyurdu: «Bu uşağın həyatında təəccüblü işlər sən gördüyündən də çoxdur». («Bihar», c.50, səh.10) | |
Category: İslamın gözəl xanımları | Added by: IslamQadini | |
Views: 996 | Downloads: 0 |
Total comments: 0 | |