«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Bazar, 2024-12-22, 3:35 PM
Main » Articles » Ehli-Beyt (e) » İmam Museyi Kazim (əleyhissəlam)

IMAM MUSEYI KAZIM ӘLEYHISSALAM
 
 
DOQQUZUNCU MӘ᾽SUM
IMAM MUSEYI KAZIM ӘLEYHISSALAM
IMAMIN ŞӘXSIYYӘTI
 


Adı: Musa

Ləqəbi: Kazim

Künyəsi: Әbülhəsən

Atası: Həzrət imam Sadiq (ə)

Təvəllüdü: Hicri 128-ci il

Imamlıq müddəti: 35 il

Ömrü: 54 il

Şəhadəti: 182-ci Hicri-qəməri ilində Abbasi xəlifəsi Harunun əmri ilə zəhərlənərək şəhid edildi.

Məzarı: Iraq, Kazimeyn şəhəri.

TӘVӘLLÜDÜ

Imam Museyi Kazim əleyhissalam 128-ci Hicri-qəməri ilinin Səfər ayının yeddisi, bazar günü Məkkə ilə Mədinə arasında yerləşən Әbva adlı yerdə Həmidə adlı bir xanımdan dünyaya gəldi və 21 yaşında ikən imamlığa çatdı.

Bu barədə Әbubəsir belə demişdir: Imam Cə᾽fər Sadiq (ə) ilə birlikdə həccə gedirdik ki, Әbvaya çatdıq. Səhər yeməyimizi yedikdən sonra imama xəbər verdilər ki, Allah sizə bir oğlan uşağı əta etmişdir. Həzrət sevincək qalxıb xanımı Həmidənin yanına getdi. Bir azdan sonra gülə-gülə qayıdan imam bizə belə buyurdu: «Allah mənə ən yaxşı hədiyyəsi olan bir uşağı əta edibdir. Anası deyir ki, uşaq dünyaya gələndə başını səcdəyə qoyub Allaha şükr edibdir ki, bu da onun imamlığının nişanəsidir.

Həzrət (ə) Mədinəyə qayıtdıqdan sonra üç gün ehsan verərək bütün yoxsulları ehsan məclisinə də᾽vət etdi. Yə᾽qub Sərrac deyir: Mədinədə imam Sadiqin yanına getdim. Onu oğlu Imam Museyi Kazim əleyhissalamın beşiyinin yanında əyləşən gördüm. Həzrətə salam verdim. Gülərüzlə cavabımı verib buyurdu: «Məndən sonrakı imamın yanına gəl və ona da salam ver». Yaxınlaşıb salam verdim, uşaq səlis dillə cavabımı verib buyurdu: «Allah sənə bir qız verib, amma ona yaxşı ad qoymamısan, get onun adını dəyiş.»

O həzrət atası imam Sadiq əleyhissalamın sayəsində tərbiyə alaraq dini məsələləri o həzrətdən dərindən öyrənmişdi, belə ki, imam Sadiq (ə) qadınlara dini məsələləri ondan soruşmalarını əmr edərdi.

Imamın həyatını iki hissəyə ayırmaq olar:

1. Imamətdən qabaqkı, həzrətin Mədinədə atasının xidmətində olduğu dövr (20 il).

2. Mübarizə, zindan və sürgünlə zəngin imamlıq dövrü.

IMAMIN ӘXLAQI XÜSUSIYYӘTLӘRI

Imamın cismi cəhətdən arıq olmasına baxmayaraq, ruhi baxımdan olduqca güclü idi. Paltarının altından köhnə köynək geyər, daimə piyada gedər, həmişə xalqa salama verər, ailəcanlı və hörmətcil idi. Həzrət həmişə yoxsulların fikrini çəkər, belə ki, gecələr gizlincə ərzaqı yoxsul ailələrin evinə aparar və onlardan bə᾽zisinə aylıq maaş verərdi...

Imamın dostlarında biri o həzrətin səbr və dözümü barədə belə demişdir: Həzrət həmişə öz nümunəvi əxlaqı ilə düşməni utandırardı.

Mədinədə bir kişi var idi ki, hər vaxt imamı görəndə qabağını kəsib onu söyərdi. Bir gün imamın dostları «icazə ver onu tənbeh edək» - söylədikdə imam (ə) buyurdu: «Onunla işiniz olmasın və ona toxunmayın». Artı bu söhbətdən bir neçə gün keçmişdi, lakin həmin kişidən bir xəbər çıxmadı. Imam (ə) onun halını soruşduqda, dedilər: Mədinə çölündəki tarlasına gedib. Bunu eşitcək imam (ə) da həmin tarlaya getdi. Həmin kişi imamı görən kimi uzaqdan səslənib dedi: Mənim tarlama girmə. Mən səni və sənin ata-babanı özümə düşmən sayıram. Imam (ə) ona yaxınlaşıb salam verdi, kefini soruşduqdan sonra mehribanlıqla ona belə buyurdu: «Bu tarlaya nə qədər xərcləmisən?» Kişi dedi: Yüz dinar. Imam soruşdu: «Nə qədər gəlirin olacağına ümid edirsən?» Kişi dedi: Iki yüz dinar. Həzrət (ə) içində üç yüz dinar olan bir kisəni çıxardıb ona verdikdən sonra buyurdu: «Bu pulu al, tarlan da özünə qalsın».

Illər boyu həzrəti təhqir edən kişi belə bir şeyi gözləmirdi. Elə buna görə də utanıb imamın əlindən öpdü və ondan üzr istədi. Imam (ə) Mədinəyə qayıtdıqdan sonra «Şərri özünüzdən belə uzaqlaşdırın» - deyə buyurdu. Elə buna görə də imama Kazim - qəzəbləndiyi zaman narahatçılığını büruzə verməyən - ləqəbi verilmişdir. O həzrət (ə) bütün pislik və yamanlıqların qarşısında yaxşılıq edərək düşmənlərini utandırardı. Imam (ə) öz qohumlarına məhəbbət bəsləyər və belə buyurardı: Qohumların arasında nə qədər düşmənçilik olsa da əgər bir-birləri ilə qarşılaşdıqları zaman əl verib görüşsələr, düşmənçilikləri aradan qalxar və hamısı dinclik və şadlıq hissi keçirər.

IMAMIN SӘXAVӘTI

Imam Museyi Kazim əleyhissalam əliaçıqlıq və səxavət baxımından xalq arasında məşhur idi. Belə ki, bir dəfəyə min nəfər qulu azad etdirmiş və dar gündə onlara əl tutaraq onların borcunu ödəyirdi. Ibni Şəhraşub belə nəql edir: Bir gün Mənsur Imam Museyi Kazim əleyhissalamı saraya çağırtdırıb əmr etdi ki, Novruz günü orada oturub gətirilən hədiyyələri təhvil alsın. Imam bu işə həvəsi olmasa da çarəsiz qalıb qəbul etdi. Rəsmi salam mərasimində iştirak edən böyüklər və zadəganlar Mənsurun əmri ilə hədiyyələri o həzrətə təhvil verirdilər. Bir nəfər də Mənsurun tərəfindən orada durub gətirilən hədiyyələri siyahıya alırdı. Axırda bir qoca kişi gəlib dedi:

Ey Peyğəmbər övladı! Mənim dünya malından hədiyyə etmək üçün heç bir şeyim yoxdur. Amma baban Hüseyn əleyhissalamın müsibətinə dair bir şe᾽r yazıb sənə hədiyyə gətirmişəm. Qoca kişi yazdığı şe᾽ri oxudu, onun bu şe᾽ri imama çox tə᾽sir etdi. Həzrət (ə) Mənsurun mə᾽muruna əmr etdi ki, get Mənsurdan soruş gör bu hədiyyələrlə nə edəcək? Mə᾽mur gedib qayıtdıqda imama dedi: Әmir deyir ki, hədiyyələrin hamısını sizə bağışladım, istədiyiniz adama verə bilərsiniz. Həzrət (ə) yoxsul qoca kişiyə tərəf dönüb buyurdu: «Babam Hüseynin müsibətlərinə dair yazdığın şe᾽rə görə bu hədiyyələrin hamısını sənə bağışlayıram ki, yoxsulluqdan qurtarasan».

IMAMIN SӘ᾽YI

O həzrət (ə) həmişə öz xüsusi tarlasında məişətini tə᾽min etmək üçün çalışardı, bə᾽zən də çox işləməkdən bütün bədənini tər basırdı. Bir gün əshabından olan Әli Bəta᾽ini onu görmək üçün həzrətin tarlasına gəldi və imamın çox işləməkdən tərlədiyini və yorulduğunu gördükdə «qurbanın olum, niyə bu işi başqa adamlara gördürmürsən?» - deyə soruşdu.

Imam (ə) buyurdu: «Niyə başqalarına gördürüm. Halbuki məndən daha yaxşı adamlar həmişə belə işlərlə məşğul olublar».

Bəta᾽ini soruşdu: Kimlər?

Imam (ə) buyurdu: «Allahın Peyğəmbəri, Әmirəl-mö᾽minin və bütün ata-babalarım. Işləyib çalışmaq Allahın peyğəmbərləri ilə vəsilərinin üsuludur və Onun ləyaqətli bəndələri həmişə öz güzəranlarını tə᾽min etmək üçün işləyiblər».

IMAMIN TӘBLIĞ ÜSULU

Günlərin bir günündə imam (ə) bir küçədən keçəndə bir evdən çal-çağır səsini eşitdi. Zadəganlardan sayılan ev sahibi özü üçün kef məclisi qurub əylənməklə məşğul idi. Birdən evin qapısı açılıb zibbilləri bayıra atmaq üçün bir kəniz eşiyə çıxdı. Kənizin gözü imama sataşan kimi ona salam verdi. Imam ondan soruşdu: «Bu evin yiyəsi bəndədir ya azad» (Yə᾽ni quldur yoxsa qeyri-qul).

Kəniz dedi: Azaddır.

Imam (ə) buyurdu: «Azad olduğu bəllidir. Әgər bəndə olsaydı, Allahdan qorxub bu işləri görməzdi».

Kəniz evə qayıtdıqdan sonra ağası nə üçün gecikdiyini ondan soruşduqda kəniz əhvalatı olduğu kimi onun üçün danışdı.

O kişi bir az duruxub imamın sözləri barədə düşündü. Birdən yerindən qalxıb ayaqyalın imamın dalınca qaçdı. Özünü o həzrətə yetirib salam verdi və imamın hüzurunda öz əməlindən peşman olduğunu söyləyib tövbə etdi. O gündən sonra kef məclisini ibadətgaha çevirdi və həmin günün xatirəsini əbədi yaşatmaq üçün o gündən e᾽tibarən ayaqyalın gəzərdi. Buna görə də Büşri-hafi (ayaqyalın Büşr) ləqəbi ilə məşhur oldu.
IMAMIN IBADӘTI

Imam təqva və ibadət baxımından çox məşhur idi və hər yerdə onun haqqında danışılanda «o, ibadət və Allaha bəndəlik etməyin aşiqidir» - deyərdilər.

Şeyx Müfid onun haqqında belə yazıbdır: «O həzrət öz zəmanəsinin ən ibadətkar şəxsiyyəti idi. Gecələr Allaha ibadət edərkən Allahın qarşısında səcdəyə düşüb, səcdəsini uzadar və o qədər ağlayardı ki, hətta saqqalı islanardı.»

Sünni alimlərindən olan Şəblənci o həzrətin haqqında belə yazmışdır: «Imam Museyi Kazim əleyhissalam öz zəmanəsinin ən abid və ən arif şəxsiyyəti idi. Hamıdan daha bilikli və daha səxavətli idi. Daim yoxsulların vəziyyəti ilə maraqlanar vaxtının çoxunu ibadət və dua etməklə keçirərdi. O, belə deyərdi: «Ey Allah! Ölümü mənim üçün asanlaşdır və hesab günündə məni bağışla».

Alaha olan məhəbbəti hamını heyrətdə qoymuşdu. Zindanda Fəzl adlı keşikçini ağlatmışdı və Harunun xüsusi kənizini heyran etmişdi. Belə ki, o arvad ağlaya-ağlaya Harunun yanına qayıdaraq imamı zindana saldığına görə Haruna öz e᾽tirazını bildirmişdi.

FӘX HADISӘSI

Abbasi hökuməti tərəfindən Әli (ə) övladına olunan zülm və haqsızlıqlara görə Imam Museyi Kazim əleyhissalamın əmri ilə Mədinə şiələrindən Hüseyn ibni Әli 300 nəfərlə birlikdə Abbasi xəlifəsi Hadinin əleyhinə qiyam etmişdi. Nəhayət Hadinin əsgərləri onları Fəx adlanan bir yerdə mühasirəyə alaraq çoxunu öldürdülər. Sonra başlarını kəsib əsirlərdən bir dəstə ilə Hadinin yanına göndərdilər. Hadi isə əmr etdi ki, bütün əsirləri öldürsünlər. Bu hadisə Fəx hadisəsi, Hüseyn ibni Әli də Fəx şəhidi adı ilə məşhur oldu.

IMAMIN BAĞDADA OLAN ILK HICRӘTI

Mənsur 158-ci Hicri-qəməri ilində öldükdən sonra səltənət və xəlifəlik oğlu Mehdiyə yetişdi ki, o da öz çirkin siyasətini həyata keçirirdi. Belə ki, xalqın qarşısında özünü dindar göstərir, gizlində isə müxtəlif günahlar törədirdi.

Xilafəti ələ aldıqdan sonra imamın şiələrindən ibarət siyasi məhbusları sərbəst buraxdı və müsadirə olunmuş malları öz yiyələrinə qaytardı. Lakin bütün bunlarla yanaşı Әli (ə) xanədanına yaramaz sözlər deyən şairlərə isə çoxlu bəxşiş verirdi. Necə ki, Büşar ibni Bürdə 70 min dirhəm, Mərvana isə 100 min dirhəm vermişdi.

Müsəlmanların beytül-malını öz istədiyi kimi xərcləyirdi. Necə ki, oğlu Harunun toyuna 50 milyon dirhəm pul xərcləmişdi.

Bir gün casusları ona imamın xalq arasında sevildiyini və xalqın o həzrətə meyl etdiyini xəbər verdilər. Mehdi hirslənib əmr etdi ki, imamı Məhdidən Bağdada göndərərək zindana salsınlar.

Әbu Xalid belə demişdir: Bir gün imamla birlikdə mə᾽murlar Zübalədə mənim evimə gəldilər.

Imam (ə) qısa bir fürsətdə, — mə᾽murların gözündən iraq — mənə bir neçə gizli söz tapşırıb, bə᾽zi şeyləri də onun üçün almağımı istədi. Mən çox narahat idim və ağlayırdım. Imam (ə) mənə belə buyurdu: «Mənim barəmdə heç nigaran olma. Çünki tezliklə qayıdacağam. Filan gün, filan yerdə məni gözlə.» Imam buyurduğu kimi həmin gün oraya getdim və imamı karvanın qabağında irəliləyən gördüm. Sevinib qabağa getdim və əlini öpdüm. Həzrət (ə) buyurdu: «Ey Әbu Xalid, məni təzədən Bağdada aparacaqlar və o səfərdən daha qayıtmayacağam».

Imamın azad buraxılmasının səbəbini soruşduqda mənə dedilər ki, imamı zindana saldıqları gecə Mehdi yuxusunda Әli əleyhissalamı görüb ki, qəzəblə onu qınayırmış. Sabahısı gün isə imamı azad buraxıb ehtiramla Mədinəyə göndərib.

Imam (ə) Mədinədə mövcud olan boğucu vəziyyətə baxmayaraq xalqı hidayət etməklə məşğul idi. Çox keçmədən Mehdi dünyadan getdi və oğlu Hadi onun yerinə keçdi. Hadi atasının əksinə olaraq açıq-aşkar Әli (ə) övladları və şiələrlə mübarizə aparmağa başladı. Onun ən qəddar işi isə qeyd etdiyimiz Fəx hadisəsi idi ki, Kərbəla hadisəsindən sonra tarixin ikinci faciəvi hadisəsi sayılır.

Hadi ləyaqətsiz və murdar bir kişi idi və əylənməsi üçün çoxlu pul xərcləyirdi, onun üçün şe᾽r və mahnı oxuyanlara isə böyük bəxşişlər verərdi. Hadi 170-ci Hicri-qəməri ilində öldü və Harun onun yerinə keçdi. Bu vaxt Imam Museyi Kazim əleyhissalamın 42 yaşı var idi. Harunun xəlifəlik dövrü Abbasi hökumətinin ən qüdrətli və müvəffəqiyyətli dövrü hesab olunurdu.

Harun xalqdan bey᾽ət aldıqdan sonra iranlı Yəhya Bərməkini öz vəziri tə᾽yin elədi və ona tam səlahiyyət verdi. Özü də beytül-malı korlamağa başladı. O zamanlar beytül-malın gəliri çox idi, buna baxmayaraq Harun onun hamısını öz əyləncəsi üçün xərcləyirdi. Necə ki, bir dəfə yeyəcəyi xörək üçün dörd min dirhəm xərclənirdi.

HARUNUN ӘLI (Ә) XANӘDANINA QARŞI ETDIYI ӘZIYYӘTLӘR

Harun, Әli (ə) övladlarının Abbasilərə qarşı mübarizə aparmasından çox əziyyət çəkirdi və hər nə cür olursa-olsun, xalqı Әli (ə) xanədanından ayırmağa çalışırdı. Şairlərə Әli (ə) övladı haqqında yaramaz sözlər demək və onları istehza etmək üçün çoxlu pul verirdi.

Şiə və Әli övladı olan seyidləri Bağdaddan Mədinəyə sürgün etdi və onlardan çoxunu öldürtdü. Harunun Xorasanda nümayəndəsi olan Həmid ibni Qəhtəbə, Abdullah Bəzzaz Nişaburiyə belə nəql etmişdir: Harunun Tusda bir bağı var idi ki , hər il oraya gəlirdi. Yenə bir dəfə ora gəldikdə gecə yarısı məni çağırtdırıb belə dedi: Mənə nə qədər vəfalısan? Dedim: Canımı, malımı sizə fəda edərəm. Dedi: Daha nəyi? Dedim: Namusumu, arvad-uşağımı. Dedi: Daha nəyi? Dedim: Dinimi, məzhəbimi. Harun başını qaldırıb uca səslə gülüb dedi: Istədiyimi dedin. Onda bu qılıncı al, mənim qulumun sənə əmr etdiyinə itaət et.

Harunun qulu məni Әli (ə) övladından altmış nəfərin həbs olunaraq saxlanıldığı bir evə apardı. Sonra həbsdə olanları bir-bir çıxardıb mənə çıxartdığı adamı öldürməyimi əmr edirdi. Mən də dərhal əmri yerinə yetirirdim. Onların hamısını öldürdükdən sonra meyitləri qabaqcadan həyətdə hazırlanmış quyuya atdım. Ey dost! Hər vaxt bu hadisə yadıma düşəndə bütün bədənim titrəyir.

Harun bütün bu elədikləri azmış kimi, hətta imam Hüseyn əleyhissalamın məzarı və ətrafındakı evlərin uçurdulmasını da əmr etdi. Bununla da istəyirdi ki, xalqın oraya ziyarətə getməyinin qarşısını alsın.
IMAMIN MÜXALIFӘTI

Təbiidir ki, həzrət imam Museyi Kazim əleyhissalam belə bir qəddar və cinayətkar hökumətlə saziş edə bilməzdi və elə bunun nəticəsi idi ki, o həzrət bütün çirkin əməllərin qarşısında öz e᾽tiraz səsini yüksəldirdi. O həzrət (ə) münasib bildiyi hər yerdə Harunun çirkin əməllərini sayıb onu xalq içində rüsvay edirdi. Öz dostlarına da əmr edirdi ki, Haruna heç bir kömək etməsinlər. O cümlədən dostlarından olan Səfvana belə buyurmuşdu: «Sən hər baxımdan yaxşı adamsan, təkcə dəvələrini Haruna kirayə vermək baxımından başqa.» Səfvan «mən öz dəvələrimi yalnız həcc müsafirəti üçün kirayə verirəm ki, özüm də getmirəm» - dedikdə həzrət (ə) buyurdu: «Ey Səfvan! Dəvələrin qayıdanacan Harunun diri qalıb kirayə pulunu ondan alamağını istəmirsənmi?»

Səfvan dedi: Bəli.

Həzrət (ə) buyurdu: «Hər kəs bir zülmkarın diri qalmasını arzu etsə zalımlardan sayılar».

Səfvan həccə getmək istəyən xəlifənin yükünü dəvələri ilə daşımaq üçün Harun ilə müqavilə bağlamasına baxmayaraq, imamın sözünü eşitdikdən sonra dəvələrini satdı. Harun onu çağırtdırıb qınadı və dəvələrini nəyə görə satdığının səbəbini israrla soruşdu, lakin Səfvan səbəbini demədi. Nəhayət Harun əhvalatı öyrənib ona dedi: Әgər dost olmasaydıq, dərhal əmr edərdim ki, səni öldürsünlər. Mən yaxşı bilirəm ki, kimin əmri ilə bu işi görmüsən. Musa ibni Cə᾽fər bu əmri sənə veribdir.

Imamın (ə) Harunun qarşısında möhkəm dayandığına və heç kimə zərrə qədər Harunla əməkdaşlıq etməyə icazə verməməsinə baxmayaraq, bə᾽zi ləyaqətli və imanlı şəxslərə əmr etmişdi ki, Harunun hökumət apratına nüfuzu edib dar gündə dostlarının köməyinə gəlsinlər və alınan qərarları öz dostlarına bildirsinlər. Necə ki, Әli ibni Yəqtəynə, Harunun vəzirliyində şiələrinə və dostlarına yardım etməsi üçün icazə vermişdi. Bir gün imam (ə) ona belə bir məktub yazdı: «Tək olanda bizim kimi dəstəmaz al, başqaları ilə olanda isə onlar kimi dəstəmaz al. Harunun sənə imtahan üçün verdiyi hədiyyələri qəbul et».

HARUNUN IMAMA VERDIYI SUALLAR VӘ ALDIĞI CAVABLAR

Harun çalışırdı ki, imama elə suallar versin ki, imam cavabını bilməyib nüfuzdan düşsün. Lakin hər dəfə imamın elm dənizinə yaxınlaşanda çarəsiz qalıb rüsvay olurdu. O cümlədən də bir dəfə Harun imamı Mədinədən Bağdada gətirib onunla mübahisə etməyə başladı:

Harun: Uzun müddətdir düşünüb cavabını tapmadığım bir şeyi sizdən soruşmaq istəyirəm. Xahiş edirəm mənim cavabımı verin.

Imam: Әgər danışmaqda sərbəst olsam, cavabını verərəm.

Harun: Sərbəstsiniz, istədiyinizi buyurun:

Harun: Nəyə görə siz belə düşünürsünüz ki, bizlərdən, yə᾽ni Abbas övladından üstünsünüz? Halbuki biz eyni ağacdanıq, yə᾽ni Haşimi övladıyıq.

Imam: Biz Peyğəmbərə sizdən daha yaxınıq.

Harun: Necə?

Imam: Belə ki, bizim atamız Әbutalib ilə Peyğəmbərin atası Abdullah eyni ata-anadandırlar, lakin sizin atanız Abbas təkcə ata tərəfindən Peyğəmbərlə qohumdur.

Harun: Peyğəmbər (s) vəfat edəndə sizin atanız Әbu Talib dünyadan getmişdi, ancaq bizim atamız Abbas hələ sağ idi və mə᾽lumdur ki, əmi yaşayınca əmioğluna, yə᾽ni sizə irs çatmaz.

Imam: Övlad olunca da əmiyə irs çatmaz. Demək Fatimeyi Zəhra ola-ola sizin atanız Abbasa irs yetişə bilməzdi.

Harun: Onda nəyə görə xalqa icazə verirsiniz ki, sizi Peyğəmbərin övladı çağırsınlar. Halbuki siz Әlinin övladısınız. Çünki hər kəsi atası ilə tanıyarlar və Peyğəmbər də ana tərəfindən sizin babanızdır.

Imam: Әgər Peyğəmbər dirilib sizin qızınızın elçiliyinə gəlsə, qızınızı ona verərsiniz?

Harun: Məmnuniyyətlə.

Imam: Amma Peyğəmbər heç vaxt mənim qızımın elçiliyinə gəlməz.

Harun: Niyə?

Imam: Çünki o, ana tərəfdən olsa belə yenə mənim atamdır. Lakin sənin isə atan deyildir. Buna görə də mən özümü Peyğəmbərin övladı adlandıra bilərəm.

Imamın dişsındırıcı cavabları Harunu susdurdu və imamın ondan bir şey istəməsini xahiş etdi. Imam (ə) isə belə buyurdu: «Mən sizdən heç bir şey istəmirəm. Yalnız icazə verin sərbəst olaq və öz işimizi görək».
IMAMIN QOHUMLARINDAN BIRININ XӘYANӘTI

Imamın qardaşı Ismailin oğlu Әli, Harunun dostları tərəfindən Bağdada də᾽vət olunmuşdu ki, oraya gedib Harunu imam Musa ibni Cə᾽fərin vəziyyətindən xəbərdar etsin. Imam (ə) əhvalatı öyrənib Әlini çağırdı və ona belə buyurdu: «Hara getmək istəyirsən?» Dedi: Bağdada. Buyurdu: «Nə üçün?» Dedi: Borcluyam. Ona görə Bağdada gedirəm ki, bəlkə borclarımı ödəmək üçün pul tapım. Imam buyurdu: «Mən sənin bütün borclarını ödəyib, ailənin xərclərini öz öhdəmə götürürəm». Әli qəbul etməyib yenə də getmək istədiyini bildirdi. Nəhayət imama belə dedi: Mən getmək qərarına gəlmişəm və sizdən mənə nəsihət verməyinizi istəyirəm.

Imam (ə) belə buyurdu: «Sənə mənim qanımda şərik olmamğını vəsiyyət edirəm. Çünki sonu yaxşı deyildir». Әli ibni Ismail bir şey qanmayıb yenə nəsihət verməsini istədi. Imam yenə də o cümləni təkrar etdi. Lakin Әli bilməyirdi ki, imam (ə) nələrin baş verəcəyindən xəbərdardır?!

Әli getmək istədikdə imam ona üç yüz dinar verib «bu da balaların üçün» - dedi. Әli pulu alıb getdi.

Sonra imam (ə) orada olanlara tərəf dönüb belə buyurdu: «Allaha and olsun ki, bu qardaşoğlum mənim qanıma şərik olub mənim uşaqlarımı yetim qoyacaq». Dedilər: Ey Peyğəmbərin övladı! Sən onun xəyanət edəcəyini bilə-bilə nə üçün ona kömək etdin? Buyurdu: «Babam həzrət Peyğəmbər (s) belə buyurubdur: «Hər kim qohumlarından birinin məhəbbət və yaxşılığı qarşısında ona pislik etsə, Allah ona əzab verəcək və o, öz hədəfinə çatmayacaq». Imamın buyurduğu kimi də oldu.

Әli Bağdada gəlib Yəhya Bərməkinin evinə getdi və onunla birlikdə Harunun yanına gəlib ona dedi: Ey Harun! Musa ibni Cə᾽fər Mədinədə hökumət qurub və ətrafdan ona çoxlu pul yetişir və belə qərara gəlib ki, sizin əleyhinizə qiyam edib xilafətinizi devirsin. Bu sözləri eşidən Harun sevinib ona iki yüz dirhəm pul verdi. Әli pulları alıb sevinə-sevinə çıxdı ki, evinə qayıtsın, lakin bu zaman boğazından bir sancı tutdu ki, elə orada da həlak oldu.

Harun Mədinəyə gələrək imamı tutub zindana salmaq qərarına gəldi. Həmin ildə oyan bu yana məktub yazıb hamını bir yerə yığdı və Məkkə ilə Mədinəyə getdi. Qayıdanda isə Mədinə valisinə imamı tutub Bəsrəyə göndərmək əmrini verdi. Imam bir il Bəsrə valisi Yəhyanın zindanında qaldı. Imamın insani və ibadi əxlaqiyyatı Yəhyaya elə tə᾽sir qoymuşdu ki, o, Haruna belə yazdı: Ey Harun! Mən bu müddət ərzində həzrətdən yaxşılıq və paklıqdan başqa heç bir şey görməmişəm və bundan artıq onu zindanda saxlaya bilmərəm. Onu geri al, yoxsa azad edəcəyəm.

Harunun əmri ilə o böyük kişini Bağdada aparıb Fəzlin zindanında həbsə aldılar. O da Yəhya kimi, imamın əxlaqına heyran olub Harundan imamı ondan təhvil almağını tələb etdi. Nəhayət o həzrəti pis və napaq bir kişi olan Sindi ibni Şahkiin zindanına göndərdilər.

IAMIN ZINDANDAKI MÜQAVIMӘTI

Harun hansı yolla olursa-olsun, imamın nəzərini özünə cəlb etmək istəyirdi və bir gün Yəhya ibni Xalisi zindana Musa ibni Cə᾽fərin yanına göndərdi ki, imamı razı salıb ondan bağışlanmasını istəsin. Amma imam (ə) buna razı olmadı. Həzrət imam Museyi Kazim əleyhissalam Haruna belə yazdı: «Burada hər günüm mənə çətin keçsə də sən rifah içində olacaqsan. Cinayətkarların zərərə düşəcəyi günü gözlə ki, ikimiz də o günün şahidi olacağıq».

Imam (ə) heç bir vəchlə Haruna təslim olmadı və zindanın ən ağır şəraitində belə sarsılmadan dayanıb müqavimət göstərdi.

ZINDANLARIN ARDICIL OLARAQ DӘYIŞDIRILMӘSI

Zindanların dəyişilməsinin səbəbi bundan ibarət idi ki, Harun zindan qarovulçularından imamı öldürmələrini tələb etdikdə onların heç biri bu işi görməyə razı olmurdu. Nəhayət daşürəkli cəllad Sindi imamı zəhərlədi.

Harun yalançı şahid gətirməklə çalışdı ki, imamın zindanda öz əcəli ilə öldüyünü isbat etsin və bu hiylə ilə də həm özünə bəraət qazansın, həm də imamın tərəfdarlarının üsyanının qarşısını alsın. Lakin onun bu hiyləsi baş tutmadı və nəhayət Harunun qohumlarından olan Süleymanın cəhdləri nəticəsində Bağdadda üsyan baş verdi ki, bu da imamın meyidinin gizlincə dəfn edə bilmələrinə, eləcə də Harunun özünün də əzadarlara qoşularaq dəfn mərasimində iştirak etmək məcburiyyətində qalmasına səbəb oldu. Nəhayət imam (ə) xalqın matəm və əzası altında Kazimeyndə torpağa tapşırıldı. O həzrətin məzarı bu gün də şiələrin ziyarətgahıdır.

IMAMIN ӘSHABI

Həzrətin atası imam Sadiq (ə) vəfat edəndə onun tələbələri Imam Museyi Kazim əleyhissalama tərəf gəlib 33 il ərzində o həzrətin elm və bilik ümmanından yararlandılar. Həmin tələbələrdən bə᾽zisi bunlardır:

1. Ibni Әbi Üməyr: Bu şəxs üç imamın (Imam Museyi Kazim, imam Rza və imam Cavadın) məhzərindən yararlanıb və öz zəmanəsinin tanınmış alimlərindən hesab olunurdu. Ondan çoxlu rəvayətlər yadigar qalıbdır.

O zamanın hökumətinə xəbər vermişdilər ki, Ibni Üməyr Iraq şiələrini tanıyır. Onu tutub tanıdığı adamların adlarını deməsini tələb etdikdə qəbul etmədiyindən soyundurulub xurma axacına bağlayaraq şallaqla yüz zərbə vursalar da lakin heç bir şey demdi.

Şeyx Müfidin verdiyi mə᾽lumata görə bu böyük səhabəni 17 il zindana salıb, var-dövlətini məhv etdilər, lakin bütün əzab-əziyyətlərə dözərək heç bir söz danışmadı.

2. Әli ibni Yəqtin: Imam Sadiq əleyhissalamın dostlarından və əshabından idi. Mərvan onu tə᾽qib edərək tutdurmaq istəsə də o qaçaraq arvad-uşağını Mədinəyə göndərdi. Әməvilər devrilib yerinə Abbasilər keçdikdən sonra Kufəyə qayıdıb Abbasilərlə yaxın əlaqə qurdu və dövlət məqamlarında yüksək vəzifələrə çataraq şiələrə böyük yardımlar etdi.

Harun onu öz vəziri tə᾽yin etmişdi. Amma o, əslində imamın mə᾽muru idi və imamın əmrlərini yerinə yetirirdi.

O, dəfələrlə Abbasilərdən uzaqlaşmaq istəsə də, imam (ə) buna mane olmuşdu. O, imam (ə) zindanda ikən vəfat etdi. Ondan Әhli-beyt əsərləri olan bir çox kitablar yadigar qalmışdır.

3. Mö᾽minüt-taq: O, imam Sadiq (ə) və imam Museyi Kazimin əshabından idi. Imam Sadiq (ə) onu əshabının böyüklərindən sayaraq ona çox əhəmiyyət verirdi. Mö᾽min mübahisədə çox bacarıqlı idi belə ki, hər kimlə mübahisə etsəydi qalib gələrdi.

Imam Sadiq (ə) onun barəsində belə buyurmuşdur: «Mö᾽min, ovunun başına qonan qartal kimidir».

4. Hişam ibni Həkəm: O, mübahisədə ustad idi və hər yerdə elmi bir məsələ qabağa gəldikdə imam Sadiq (ə) onu göndərərdi ki, həmin məsələni həll etsin.

Imamlıqla əlaqədar mövzularda dərin biliyə malik idi, hazır-cavab idi, tövhid və əqaidlə əlaqədar məsələlərdə ustad sayılırdı. O, çoxlu kitablar yazıb ayrı-ayrı alimlərlə mübahisə edib hamısını məhkum etmişdi.

IMAMDAN QISA KӘLAMLAR

1. Öz zərərənizə olsa belə həmişə haqq danışın.

2. Pak bir rəhbər və hökmdar tapdıqda Allaha bu ne᾽mət üçün şükr edin.

3. Məzlumun haqqını almaq üçün zalıma qarşı çıx.

4. Әn yaxşı bəxşiş məzluma yardım etməkdir.

5. Dünya ilan kimidir: Zahirdə yumşaq və gözəldir, lakin içində isə öldürücü zəhəri vardır.
Category: İmam Museyi Kazim (əleyhissəlam) | Added by: IslamQadini (2009-10-03)
Views: 1884 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]